MƏad (ÖLÜMDƏn sonraki həyat)




Yüklə 2.01 Mb.
səhifə8/11
tarix11.03.2016
ölçüsü2.01 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

DÖRDÜNCÜ FƏSİL:

BEHİŞT

KÖVSƏR HOVUZU


Qur᾽ani Kərim, “Kövsər” surəsi, ayə 1: “Biz sənə Kövsər əta etdik.” Qur᾽ani Məcidin, rəvayətlərin təsdiq etdiklərindən biri də “Kövsər”dir. Bu hovuzun uzunluğu, əvvəldə qeyd etdiyimiz kimi, Sən”adan Bəsrəyədəkdir. Onun ətrafında hurül-eynlərin doldurub mö᾽minlərə verəcəkləri ulduzlar sayda, bə᾽zisi gümüş, bə᾽zisi büllurdan camlar vardır.

BEHİŞT ŞƏRABI, SÜD VƏ BALDAN KÖVSƏR HOVUZU


Bə᾽zi rəvayətlərə görə bu hovuz üç hissədir-Behişt şərabı, süd və bal. Bə᾽zən də buyurulub ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) hovuzu baldan şirin, qardan sərindir. Şərabı içildikdə susuzluq qalmayan “Kövsər” necə də misilsizdir! (Şərab dedikdə, Allah eləməmiş, bə᾽zilərinin nəzərindən günümüzün bəlası sərxoş edici, murdar şərab keçməsin. Behişt şərabı pakdır və məst etmir.)

İMAM HÜSEYN (ƏLEYHİSSALAM) ƏZADARLARINA “KÖVSƏR” ŞAD OLAR


“Kövsər”ə münasibətdə hüseynilərin (İmam Hüseyn (əleyhissalam) aşiqləri, əzadarlarının) öz xüsusiyyətləri vardır. Həzrət Sadiq (əleyhissalam) buyurur: “Onlar “Kövsər” hovuzuna çatdıqda, şad olarlar.” İmam (əleyhissalam) buyurmuşdur: “Hüseyn (əleyhissalam)-a ağlayanlar hovuza çatdıqları zaman Kövsər şad olar.” (Bu barədə daha çox öyrənmək üçün mərhum Xiyabaninin “Məhərrəm vəqayiül-əyyam” kitabında müraciət edə bilərsiniz.)

BEHİŞT NƏĞMƏSİ


Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Allah-Taala bu hovuzun ətrafında min ağac xəlq edib, hər ağacda 360 budaq və yarpaq vardır. Hər bir yarpaqdan başqasından eşidilməmiş nəğmə ucalır. Şad və xoş avaz Kövsər başındadır. Eşitmək istəyirsinizsə, şərti budur ki, belə xoş və ruhani sədalar eşitmək üçün dünyanın boş səda və musiqilərinə yaxınlaşmayın.

HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) VƏ ONUN PAK AİLƏSİNİN ƏZƏMƏTİNİN ZÜHURU


Qiyamətdə Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak ailəsinin əzəmət və cəlalının zühur mərtəbəsi də vardır.

Həmd bayrağı, uzunluğu min illik yol olan, nurdan bir bayraqdır ki, şərqlə qərb arasında üç hissədən (parçadan) ibarətdir. Bir hissəyə “Bismillahir-rəhmanir-rəhim”, ikinciyə “əlhəmdülillahi Rəbbil-aləmin”, üçüncüyə isə “la ilahə illəllah, Mühəmmədun rəsulullah” nəqş edilmişdir. Bütün peyğəmbərlər, salehlər, mö᾽minlər ələmdarı (bayraqdarı) Əmirəl-mö᾽minin Əliyyibni Əbitalib (əleyhissalam) olan bu bayrağın altındadırlar.


VƏSİLƏ MİNBƏRİ


Min pilləli, hər pilləsindən digərinədək zəbərcəd, zümrüd, yaqut, qızıl (Behişt cəvahiratı) olan minbər (xətib üçün pilləli kürsü) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-indir. Ən yüksək pillə Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə, sonrakı dərəcə Əliyyibni Əbitalib (əleyhissalam)-a, daha sonrakı pillə İbrahim Xəlilullaha, sonrakı pillələr də dərəcələrinə görə peyğəmbərlər və vəsilərə məxsusdur.

MƏHMUD (TƏ᾿RİF OLUNMUŞ) MƏQAM


Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir minbərdən Allahın həmdinə (tə”rifinə) başlayar. Allahı elə mədh edər ki, əvvəllərdən axıra kimsə Yaradanı bu sayaq mədh etməmişdir. Sonra məlaikələrə, peyğəmbərlərə, salehlərə və mö᾽minlərə həmd buyurar. Xoş o şəxsin halına ki, belə bir məqamda vücud aləminin ilkin şəxsi tərəfindən yad edilə. Pərvərdigara, bizi salehlərdən qərar ver! “Aşura ziyarəti”ndə bu cümləni diqqətlə oxuyun. “Allahdan istəyirəm ki, məni Siz Ali-Mühəmmədin yetdiyi Öz yaxınlığındakı məhmud məqama çatdırsın. Bu yüksək məqam Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-in gecələr sübhədək oyaq qalmasının, on il sübhədək yatmayıb, ibadətə məşğul olmasının nəticəsidir. (Çox ibadətdən ayaqları şişmişdi.)

BEHİŞT VƏ CƏHƏNNƏMİN BÖLÜNMƏSİ ƏLİDƏNDİR


Həmin məhmud məqamda, bütün məlaikələrin ən gözəli Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salam verər, “mən Behiştin qapıçısı Rizvanam” deyib Behiştin açarlarını Həzrətə təqdim edər. Sonra qorxunc bir mələk gəlib, Cəhənnəmin açarını Həzrətə verər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hər iki açarı Əli (əleyhissalam)-a tapşırıb, Sirata (körpü) yaxınlaşar. İzn verdiyi şəxslər Behiştə gedər, qalanlarını alovun şö”ləsi aşağı endirər.

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhissalam)-a buyurub: “Ya Əli, alovun sənə itaəti qumun ayağa itaətindən artıqdır.”



SİRAT


E”tiqad vacib olan həqiqətlərdən biri də Siratdır. Sirat dinin zəruriyyətlərindəndir və bu zərurətə inanmalıyıq.

Siratın lüğət mə᾽nası yol deməkdir. Dünyada doğru yolda olub, həqiqət və din yolundan sapmayanlar axirətdə Cəhənnəmin üzərindən keçən Siratdan sağ-salamat ötəcəklər. Bə᾽ziləri ildırım sür”əti ilə, bə᾽ziləri süvari, bə᾽ziləri yıxılıb-duraraq Siratı adlayacaq, bir sözlə, dünyada din yolunu necə getmisənsə, Siratı da o cür keçəcəksən.


CƏHƏNNƏMİN MİN CİLOVU MİN MƏLƏK ƏLİNDƏ


Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) bir şərif ayənin təfsirində buyurub: Qiyamətin səhəri hər birindən min mələk tutmuş min cilovla Cəhənnəm gətirilər. Cəhənnəm nə”rə çəkər, alovun şö”ləsi göyə ucalar, alov insanları üzük qaşı tək dövrəyə alar. İztirab həlaka yaxınlaşar. O zaman Allah Siratın gətirilməsini əmr edər. Cəhənnəmin üzərindən köpü yerələşdirilər. İstisnasız olaraq hamı bu körpüdən keçməlidir. Bu yolun yeddi dolaması, hər dolamanın da dayanacaqları vardır. Hər bir dayanacaq, keçid 70 min fərsəxdir. Hər dolamada 70 min mələk mə”murdur. Hamı bu yeddi dolamadan keçməlidir.

QOHUMLUQ ƏLAQƏLƏRİ


Körpünün əvvəlində insanın qarşısını kəsərlər. Qur᾽ani Kərimin “Nisa” surəsində buyurulmuşdur: “...Qohumluq əlaqələrinizi kəsməkdən həzər edin!” Ey qardaşı, atası, anası ilə əlaqələrini kəsənlər, bu əlaqələri kəsməyin (qət”i-rəhim etməyin). Qət”i-rəhimin dünyada da pis əsərləri vardır-ömür qısalar, malın bərəkəti gedər. Eləcə də, axirətdə Siratın ilk dayanacağında sorğu edilər. Əgər qohumlarınızdan xəstəsi varsa, onun yoluxmasına gedin, əgər möhtacdırsa, əl tutun, istəyini yerinə yetirin, lazım olanda görüşünə gedin.

SÖZƏ VƏ MALA XƏYANƏT


Növbəti Sirat dayanacağı əmanətdir. Əmanət təkcə mal (pul, əşya) deyil. Əgər bir şəxs sizə bir sözü əmanət demişsə ki, başqasına deyilməsin, bu sözü birinə desəniz, əmanətə xəyanətdir. Əgər bir şəxs mal götürüb, evini girov qoyubsa, vaxtında pulunu versə, evini qaytarmasan, xəyanət etmisən. Həmçinin bir şəxsin evini, dükanını icarəyə götürüb, vaxtı tamam olanda geri qaytarmırsansa, istər söz, istərsə də əməldəki xəyanətin sorğusu olunacaq.

SİRATDAN KEÇMƏK ÜÇÜN ƏLİ (ƏLEYHİSSALAM) VİLAYƏTİNİN BƏRATI (QƏBZİ)


Sünnü və şiə hədislərində vardır ki, həmin dolamada başqa bir dayanacaq Əliyyibni Əbutalib (əleyhissalam) vilayətidir. Təfsirdə buyurulur: “Onlara xəbərdarlıq edin ki, Əli (əleyhissalam)-la dostluqları barədə soruşacaqlar.” Məşhur sünnü alimi Təbəri Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət edir ki, Həzrət buyurdu: “Ya Əli, hər kəsdə sənin vilayətinin bəratı olarsa, Siratdan keçər.”

İKİNCİ DOLAMADA NAMAZ SORĞUSU


İlk dolamada Əli (əleyhissalam) vilayəti, əmanətin qaytarılması, qohumlarla əlaqədən (sileyi-rəhim) ötüb, ikinci dolamada namaza çatırıq. Burada yövmiyyə, ayət, qəza və s. vacibi namazlardan soruşular. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Namazı puç edənlər mənim şəfaətimə (şəfaət-Qiyamət günü günahların bağışlanması üçün Allah yanında vasitəçi olmaq-red.) yetməyəcəkdir.”

İmam Sadiq (əleyhissalam)-ın son vəsiyyəti budur ki, “Namazı yüngül sayanlara bizim şəfaətimiz çatmayacaqdır.” Əgər sübh namazını günorta, günorta namazını axşama yaxın qılanlar belədirsə, namaz qılmayanların halı necə olar?! Rəvayətə görə, namazı tərk edənlər təşnə (susuz) ölər və qəbirdən təşnə baş qaldırar.


UŞAQLARI NAMAZA SÖVQ EDİN


Tə”kid etməli olduğum bu mövzunu hamı eşitsin və başqalarına da desin-övladlarımız qarşısında məs”uluq ki, onlara yetkinlikdən (həddi-büluğa çatmamışdan) qabaq namaz öyrədək. Uşaqlar elə tərbiyə olunmalıdırlar ki, namazın xeyirli gələcəyinə inansınlar. Ata-ananın çalışması sayəsində uşağın əməllərinin savabı uşaq yetkinliyə çatanadək ata-anaya verilir. Uşaq yetkinliyə çatdıqdan sonra da xeyrə səbəb olduqlarından, ata-ana ilahi lütfə nail olarlar.

UŞAĞIN “BİSMİLLAH” DEMƏSİ ATANIN ƏZABINI GÖTÜRƏR


Bir zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz səhabələri ilə qəbiristanlığın yanından keçərkən “qəbir sahibi əzabdadır, tez keçin!” deməsini eşitmisiniz. Bir il sonra həmin yerdən keçərkən əzab əsəri görməyən Həzrət “Pərvərdigara, artıq bu meyyitə əzab olunmur, niyə?” deyə soruşdu. Nida yetdi ki, bu kişinin bir oğlu vardı, ölümdən sonra o uşağı məktəbə göndərdilər, ustadı ona “bismillahir-rəhmanir-rəhim” öyrətdi, oğlu bizi Rəhman və Rəhim kimi xatırladığından atasından əzabı götürdük.

Bəli, şər᾽i vəzifələrimizdən biri də yaxşıya də᾽vət (əmr be mə᾽ruf) və pisdən çəkindirməkdir (nəhy əz münkər). Bu vəzifənin ilk mərtəbəsi qadını, uşağını, sonra başqa qohum və yaxınlarını də᾽vət etməkdir.


ÜÇÜNCÜ DOLAMA XUMS VƏ ZAKATDIR


Əgər hər kəsin boynunda bir dirhəm xums və ya zəkat olarsa, üçüncü dolamada qarşısı kəsilər. Zəkat verməyənlərə aid rəvayətlər çoxdur, o cümlədən: (Zəhəri daşmış əjdahanın tükləri pırtlaşar.) Allah belə bir əjdaha qərar verər ki, onun boynuna dolanar. Digər bir rəvayətdə buyurulur: Məhsulunun zəkatını verməmiş sahibin torpaqları yeddi qat boyunbağı tək boynuna asılar. Eləcə də, Həzrət İmam Zaman (əleyhissalam) zəkat mənimsəyənləri qətlə yetirər.

Məbada, kimsənin boynunda bir dirhəm zəkat olsun və qızıl, gümüş, sikkə toplayıb, zəkatını ödəməsin! Qiyamət günü həmin dinar və dirhəmi qızdırıb, onun kürəyinə dağ basarlar. (“Tövbə” surəsi, ayə 35).

Bilin ki, malın zəkatı ilə bədənin zəkatı arasında fərq yoxdur. Fitr bayramının axşamı (orucluğun son axşamı) bədənin zəkatı (fitrə) maldan ayrılmalıdır.

İNSANIN YARDIMÇISI, ŞƏFİSİ ONA DÜŞMƏN OLAR


Xumsa gəldikdə isə, xums sorğusunun çətinliyi barədə rəvayətlər çoxdur. “Kafi”dən bir rəvayətə istinad edirik. Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: “Qiyamətdə insanların ən çətin vaxtı o zamandır ki, xums müstəhəqləri (dünyada xums veriləsi məzlumlar) ayağa qalxıb, öz haqqlarını tələb edərlər. Çox vaxt bu günahın çətinliyində şəfaət edəsi şəxslər adama düşmən olar.

DÖRDÜNCÜ DOLAMADA ORUC SORĞUSU


Dördüncü dolamada mübarək Ramazan ayının orucundan sual verilər: “Oruc, Cəhənnəm odu qarşısında sipərdir” buyurulub. Oruc tutmuş şəxs üçün iki xoşluq vardır: birincisi iftarda, oruc açılan zaman xüsusi fərəhdə olar; ikincisi, ölüb Siratdan keçərkən Allahla görüşə çatanda xoşhal olar.

BEŞİNCİ DOLAMADA HƏCC SORĞUSU


Həyatında həccə getmək üçün şərait yaranan və həccə getməyən şəxsin qarşısı kəsilər. İki dəstəyə ölüm zamanı deyilər: “Yəhudi və nəsrani kimi ölün!” Bunlardan biri zəkat verməyənlər, digəri həcci tərk edənlərdir. Bunu demək kifayətdir ki, həccdən boyun qaçıranları Allah-Taala Qur᾽anda kafir adlandırıb. Bu barədə bəhs açmıram, çünki e᾽tiqad bəhsindən kənara çıxarıq.

ALTINCI DOLAMA TƏHARƏTDİR


İbni Abbasdan rəvayətdə nəql olunub ki, “təharət” dedikdə dəstəmaz, qüsl, təyəmmüm nəzərdə tutulur. (Dəstəmaz namazdan əvvəl, qüsl və təyəmmüm isə cinsi yaxınlıq, aybaşı və s.dən sonra xüsusi qayda ilə icra edilən vacib əməldir.) Xüsusilə, qadınların vaxtlı-vaxtında qüslə diqqətlə yanaşması zəruridir. Əgər e”tinasızlıq olarsa, Siratın altıncı dolamasında soruşulacaqlar. Əvvəlcə dediyimiz kimi, qəbir sıxıntısına düşməyin bir səbəbi də murdarlıqdan çəkinməməkdir.

YEDDİNCİ DOLAMA ZÜLMDÜR


Bə᾽zən bu dolama “ədl”, bə᾽zən də “xalqın haqqı” (həqqün-nas) adlandırılmışdır. Qur᾽anda “mirsad” kimi də tə”bir olunmuşdur (mirsad-yə”ni, pusqu). Əgər insan bir kəsə nahaq sillə vurmuşdursa, beş yüz il orada saxlanılar, sümükləri parçalanar, əzilər. Ey dükançı, şagirdini vurmağa nə haqqın var?! Ey müəllim, hansı şər”i əsasla uşaqları tənbeh edirsən, hətta bədənində yeri də qalır?! Ey kişilər, nə üçün qadınlarınızı vurursunuz?! Ərin nə haqqı var ki, qadınına əl qaldırsın?!

Əlbəttə, bə᾽zi istisnalar vardır. Amma bu hallara az təsadüf olunur və mövzumuzdan xaricdir.


QIRX İL HƏBS VƏ QIRX İL TƏ᾽NƏ


Xülasə, kim iddia edə bilər ki, Allah bəndələrinə zülm etməyib?! Buyurulub: Hər kəs başqasının haqqını verməyib, saxlayarsa (məsələn, əmanətini qaytarmazsa), bu dolamada qırx il saxlanılar və ona heç nə deyilməz. Bütün bu müddəti ağlayar. Sonra nida olunar: Bu həmin adamdır ki, xalqın malını həbs etmişdi. Qırx il tə”nə olunub, sonra Cəhənnmə düşər. Əlbəttə, bu o zaman baş verər ki, həmin adamın savabı olmasın; yox əgər savabı olarsa, haqq sahibinə ödəyər. Bə᾽zi rəvayətlərdə vardır ki, bir dirhəmə görə 700 rükət namazı alınıb, haqq sahibinə verilər.

MARAQLI HEKAYƏT


Siqətül-islam Nuri “Müstədrək” kitabında Seyyid Qiyassədin Nəcəfinin “Ənvarül-mərziyyə” kitabından bu hekayəti nəql edib:

Hilə yaxınlığındakı kəndimizin məscidinin sərpərəsti Məhəmməd ibni Əbu Əzinə adəti üzrə hər gün məscidə gələrdi. Bir gün isə adətinin xilafına olaraq, gəlməmişdi. Soruşduq, dedilər yatağa düşüb. Ötən gecə onu sağ-salamat gördüyümüz üçün bu xəbərə təəccübləndik. Yoluxmasına getdik. Başdan-ayağa yanmışdı. Huşdan gedir, ayılırdı. Özünə gələndə soruşduq ki, sənə nə olub? Dedi: Dünən gecə yuxuda mənə Siratı göstərdilər. Əmr etdilər ki, mən də keçim. Əvvəl ayağımın altı yaxşı idi, sonra nazildi, əvvəl rahat, yumşaq idisə, sonradan itiləşdi. Yavaş-yavaş gedir, özümü möhkəm tuturdum ki, yıxılmayım. Şö᾿ləsi yuxarı qalxan alov qara rəngdə idi. Adamlar o tərəf bu tərəfdən xəzan yarpağı tək Cəhənnəm dərəsinə tökülürdülər. Bir də gördüm ki, ayağımın altı tükdən qalın qalmayıb. Qəfildən alov məni çəkdi və dərəyə yuvarlandım. Əl-qol atdıqca daha da aşağı gedirdim. (Rəvayətə görə, Cəhənnəm alovu dartıcıdır və üzü aşağı 70 illik yoldur). İş-işdən keçmişdi. Yadıma düşdü ki, məgər hər yıxılanda “ya Əli!” deyə çağırmazdımmı?! Çağırdım: Ya Əmirəl-mö᾽minin! Mənə ilham oldu ki, yuxarıya baxam. Baxıb, mövlanı Siratın kənarında gördüm. Əlini uzadıb, kəmərimdən yapışdı və yuxarı çəkdi. Dedim, ağa yandım, fəryadıma yet! Həzrət mübarək əlini qoluma çəkdi. Diksinib, yuxudan ayıldım. Gördüm Həzrətin əlinin yerindən savayı bütün bədənim yanıb.

Həmin şəxs üç ay yataqdan qalxmadı, nalə çəkdi. Təbiblər gətirildi, məlhəmlər qoyuldu. Üç ay sonra halı yaxşılaşdı, əti, dərisi dəyişdi. Sonralar da bu hekayət xatırlananda qızdırıb, titrəyirdi.

Bəli, qurtuluş yolu yalnız Əhli-beyt (əleyhimussalam) vilayətinə bağlılıqdır. İmam Riza (əleyhissalam) və”də vermişdir ki, onu ziyarət edənlərə Siratda əl tutacaq. Bu keçiddə Hüseyn (əleyhissalam) aşiqləri üçün də müjdə vardır. Hətta Həzrəti Sadiq (əleyhissalam) buyurub: “Muxtara nicat verilər.”


ŞƏFAƏT


Şafelərin (şəfaət edənlərin, 14 mə”sum (əleyhimussalam)) şəfaəti Qiyamətdədir. Onlar Allah yanında möhtərəm olduqlarından, qüdrətlidirlər. Yıxılmış zəifi qaldırar, Cəhənnəm odundan çıxararlar. Bə᾽zən də Behişt əhlinin dərəcəsini qaldırar, onları Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmmədlə yaxınlıqdan bəhrələndirərlər. Bəli, hamı şəfaətə möhtacdır.

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR


“Biharül-ənvar”da nəql olunur ki, Əbu İymən Həzrət Baqir (əleyhissalam)-a ərz etdi: Yəbnə Rəsulillah, siz xalqı öz şəfaətinizlə məğrur edirsiniz. İmamın çehrəsində bir anlıq qəzəb göründü. Buyurdu: Qiyamətdə bütün əvvəlkilər və sonrakılar, hətta peyğəmbərlər də belə, Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) şəfaətinə möhtacdırlar. Yoxsa haram tikə yeməklə məğrur olmusan, elə bilirsən şəfaətə ehtiyacın yoxdur?!

BÖYÜK ŞƏFAƏT MÜHƏMMƏD VƏ ALİ-MÜHƏMMƏDİNDİR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)


Əsl şəfaət 14 mə᾽sum (əleyhimussalam)-a aiddir. Amma mərtəbəcə aşağı şəfilər də vardır. Məsələn, bə᾽ziləri həqiqi alimlərin bərəkətindən Behiştə gedər. Mö᾽minlərin şəfa verəcəyi barədə buyurulub: “Hər bir mö᾽min yüz nəfərə şəfaət edər.” Bu ləyaqəti onlar Mühəmməd və Ali-Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yolunun davamçılığından qazanmışlar. Peyğəmbər övladlarından da şəfaətçilər vardır. Eləcə də, məscid və Qur᾽an!

HƏR YERDƏ ŞƏFAƏT OLUNAR


Əlbəttə, əsas şəfaət Qiyamətdədir. Lakin dəlillər var ki, bərzəxdə, hətta bu dünyada da şəfaət olunur. Məsələn, bəla gəldikdə İmam Zaman (əleyhissalam)-ın şəfaəti ilə kənar olar. Bir şəxs bərzəxdə əzabda olduğu vaxt atası, övladı, dostu dünyada Əhli-beyt (əleyhimussalam)-la əlaqə tapıb, onları vasitə gətirərsə, Allah-Taala onların bərəkətinə o şəxsi bağışlayar. Ölüm zamanı, ölümdən əvvəl şəfaət tapılmasına aid hadisələr mə”lumdur. Seyyid Həmirinin hekayəti çox kitablarda yazılmışdır.

TƏLƏBƏ HƏKİM OLUR


Son dövrün hadisələrindən olan Hacı Mirzə Xəlilin şəfaətini yada salaq. Bu hadisəni, bəlkə də möhtərəm qocalar xatırlayır. Hacı Qumda “Darüş-şəfa” mədrəsəsində tələbə olub. Öz hücrəsində oturduğu vaxt qoca bir qarı həyacan içərisində daxil olub deyir: “Mənim qohumumun şiddətli ürək ağrısı var. Bir çarə bilmirsiniz?” Hacının tibbi təhsili olmasa da “filan dərmanı verin” deyir. Səhəri gün Hacı görür ki, təbabət əvəzi olaraq hücrəyə cürbəcür yeməklər gətirirlər. Qonşulara xəbər yayılır ki, mədrəsədə yaxşı bir həkim var, bir dərmanla şəfa verir. Yavaş-yavaş gələnlər çoxalır. Hacı görür ki, məsələ ciddiləşir. “Töhfeyi-həkimi-mö᾽min” kitabını alıb, rəsmi təbabətlə məşğul olur. İşində o qədər yüksəlir ki, onu Tehrana aparırlar. Kərbəlaya getmək fikrində olsa da, tələsmir. Bir gecə yuxuda bir şəxsi görür, ona deyilir: “Əgər Kərbəlaya yola düşmək istəyirsənsə, yola düş, iki ay sonra yollar (dövlət tərəfindən) bağlanacaq.”

HİNDLİ ŞİƏ VƏ CÜZAM XƏSTƏLİYİ


Mərhum Hacı Xəlil (rö”yasına görə) iki ay daxilində yola düşür. Sonra yollar bağlanır, Hacı öz yuxusunun hiqəqətinə inanır. Bir müddət Kərbəlada qalır, tibb ilə də məşğul olur. Bir gün ona iki qadın müraciət edir. Onlardan birinin əlində qəribə bir yara olur. Hacı müayinə edib deyir: “Bu, xora xəstəliyidir. Sümüyə çatdığından əlacı yoxdur.” Qadın qəlbi sınıq halda gedir.

Qadının yanında xidmətçisi geri qayıdıb Hacıya deyir: Bu qadını tanıdınızmı? O, Hind şahzadələrindən bir ələviyyədir (seyyidə xanım). İmam Hüseyn (əleyhissalam)-ın ziyarət eşqi onu bütün var-yoxu ilə birgə buraya gətirib. İndi əli boş qalıb, həm də bir müddətdir ki, bu xəstəliyə tutulub. Siz də onu incitdiniz. Hacı “tez onu geri qaytarın” dedi. Qadın qayıtdı. Hacı dedi: Xanım, bu xəstəlik çətin də olsa, mən sizi müalicə edəcəyəm, ümidvaram ki, Allah şəfa versin.

5 ay sonra qadın şəfa tapdı. Hacı Xəlilə elə bağlanmışdı ki, onun evindən əl çəkmir, bir ana kimi qulluğunda dayanırdı.

ON GÜN SONRA


Bir müddət sonra Hacı Xəlil bir vaxtlar Tehranda yuxuda gördüyü şəxsi yenə də yuxuda görür. Hacıya: “Xəstələnib, on gün sonra öləcəksən” deyir. Hacı vəsiyyətini edir və çox çəkmir ki, xəstələnir, ehtizar halına düşür. Axır nəfəslərində həmin ələviyyə xanım gəlib, Hacının vəziyyətini görür və sarsılır. (Hacının cəmi 30 yaşı var idi). Qadın birbaş Hüseyn (əleyhissalam)-ın şərif qəbrinə gəlir. Qəbrin zərihindən tutub deyir: “Ya cəddim, mən Hacını sizdən istəyirəm, Allahdan ona bir ömür də alın.” O qədər nalə çəkir ki, qəşş edir. Qəşş halında Həzrəti görür. “Qızım, Hacının ömrü tamamdır, əcəli çatıb”, buyurur. Qadınsa “mən bu şeyləri başa düşmürəm, Hacını sizdən istəyirəm” deyir.

HÜSEYN (ƏLEYHİSSALAM) SƏBƏBİNƏ İKİNCİ VƏ İKİQAT ÖMÜR


Həzrət buyurur: “Əgər belədirsə, mən dua edərəm. Allah istəsə, onu qaytarar.” Sonra çöhrəsində təbəssüm görünür. Buyurur: “Allah mənim duamı qəbul etdi. Onu qaytarıb, ömrünü ikiqat artırdı.” Bəli, Hacı 90 yaşında vəfat etdi. 4 oğlu oldu. Biri böyük şiə mərcəsi Mirzə Hüseyn, digəri isə böyük təbib idi.

Ələviyyə xanım geri qayıdanda, Hacı sağ-salamat oturmuşdu. Buyurdu: “Ey ələviyyə, Allah əvəzini versin.” Övladlarına vəsiyyətdə buyurub: “Seyyidələrə, xüsusən ələviyyə xanımlara hörmət edin, onlar Allah yanında möhtərəmdirlər.”


ÜMİDİMİZ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİDİR


“Biharül-ənvar”ın 3-cü cildində Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, buyurdu: “Hər bir peyğəmbərin duası müstəcabdır (qəbul olunmuşdur). Keçmişdə peyğəmbərlər dünyada Allahdan (bir şey) istəmiş və istəkləri onlara verilmişdir. Amma mən bu duanı ümmətimin günahkarları üçün Qiyamət gününə ehtiyat, zəxirə saxlamışam.” Ümidvarıq ki, bu rəhmətdən bizə də yetişsin. Fatimeyi Zəhra (əleyha salalm)-ın şəfaəti barədə də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və İmamlardan (əleyhimussalam) rəvayətlər vardır. Rəvayətdə qadının məhşərə hicabla daxil olma qaydasının zikrindən sonra nəql olunur: “Əgər bir qadın vacib namazlarını tərk etməsə, orucunu qəzaya verməsə, vacib həcc və zəkatını ödəsə, əri də ondan razı qalsa, Həzrət Zəhra (əleyha salam)-ın şəfaətinə nail olacaqdır.”

ŞƏFAƏT ÜMİD VERMƏLİDİR, QÜRUR GƏTİRMƏLİ DEYİL


Əlbəttə, şəfaət insanın qüruruna səbəb olmamalıdır. Əhli-beyt (əleyhimussalam)-ın şəfaətinə arxalanıb könlümüz istəyən hər işi görə bilmərik. Nə çox günahlar var ki, onların səbəbindən insan dünyadan imansız gedər, bu sözlərə (şəfaətə) növbə də çatmır. Bə᾽zi günahlara görə insan Cəhənnəmdə qalıb paklanmalı, şəfaətə layiq olmalıdır. İnsan həmişə qorxmalı və ümidvar olmalıdır.

Ə᾽RAF


Əhli-beyt (əleyhimussalam) rəvayətlərinə əsasən, Ə”raf Siratda yerləşmiş hündür məkandır. Allah-Taala Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmmədə orada yer vermişdir. Şiələrin alnındakı nurdan onların vilayət əhli olduqları bilinər. Əmirəl-mö᾽minin (əleyhissalam) Behiştə daxil olmağa icazə verər.

BEHİŞT ƏHLİ İLƏ CƏHƏNNƏM ƏHLİ ARASINDA SƏDD


Ə”raf haqqında digər bir təfsirə görə o, Siratda Behişt əhli ilə Cəhənnəm əhli arasındakı divardır. “Hədid” surəsində buyrulur: “O gün mö᾽min kişi və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şö”lə saçdığını görəcəksən. Bu gün sizin müjdəniz altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız. Bu ən böyük qurtuluş və uğurdur.” “O gün münafiq kişi və qadınlar iman gətirənlərə deyər: Gözləyin, nurunuzdan bir qədər işıq alaq.” Cavab veriləcəkdir: “geriyə dönüb işıq axtarın.” Bu sözlərdən sonra mö᾽minlərlə münafiqlərin arasına qapısının içəri tərəfindən mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir” (ayə 12, 13)

BİRİNİN NURUNDAN BAŞQASINA FAYDA YOXDUR


Təfsirə görə, irəlidəki nur insanın əqidəsinin və Ali-Mühəmməd (əleyhimussalam)-ın vilayətinin, sağ tərəfdəki nur ibadətin nurudur. Bə᾽zilərinin nuru göz görəcək qədərdirsə, bə᾽zilərinin də nuru elə zəifdir ki, gah yanır, gah sönür. Belələri yıxılıb-duraraq çığırarlar: “Pərvərdigara, bizim nurumuzu tamamla, mənzilimizə çata bilək.” Burada günahkarlar mö᾽minlərdən nur istəsələr də kimsənin nurundan başqasına fayda olmaz. Onların arasından ə”raf çəkilər.

HƏMİN GÜN ÜÇÜN NUR FİKRİNDƏ OLAQ


Deyərlər: Ey mö᾽minlər, məgər biz sizinlə deyildik? Cavab verərlər: Bəli. Amma sizi nəfsiniz aldatdı. Qürur sizi tutdu. Allahdan uzaq olub, bu günü düşünmədiniz. (57-ci surə, 13-ci ayə)

Bu günsə çarəniz yoxdur, yeriniz atəşdir.

Gəlin çarəsiz günə düşməmiş ikən o gün üçün nur fikrində olaq.


Ə᾽RAF BEHİŞT VƏ CƏHƏNNƏM ARASINDA

Ə᾽raf barədə 3-cü baxış, nəzər budur ki, o, Behişt və Cəhənnəm arasında bir yerdir. Orada ağılsızlar, az ağıllılar, dünyadan körpə getmiş uşaqlar yerləşər. Burada nə Behişt ne᾽məti, nə də Cəhənnəm əzabı var.


BÖYÜK VƏ HƏMİŞƏLİK NE᾽MƏTLƏR


Allah-Taala dünyadan iman və təqvayla gedənlər üçün axirətdə gözəl məkan qərar vermişdir. Allah bu mehmanxanada Özünə və həmin aləmin vüs”ətinə layiq növbənöv ne᾽mətlər tədarük etmişdir. Bu həqiqətin və onun xırdalıqlarının dərki bu dünya əhli üçün qeyri-mümkündür. (Eynən, ana bətnindəki körpənin dünyadan, onun genişliyindən xəbərsiz olduğu kimi.)

Qur᾽ani Məciddə buyurulur: “Etdikləri əməllərin mükafatı olaraq mö᾽minlər üçün göz oxşayan nə cür ne᾽mətlər gizlənib saxlandığını heç kəs biməz!” (“Səcdə” surəsi, ayə 17.)

Başqa bir ayədə: “Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur.” (50-ci surə, 35-ci ayə)

Və yenə: “Onlar ürəkləri istəyən ne᾽mətlər içində əbdi qalacaqlar.” (21-ci surə, 102-ci ayə.)


DARÜS-SALAM HƏQİQİ BİR BEHİŞTDİR


Xülasə, Behişt bir yerdir ki, orada nakamlıq və narahatlıq, qəm-qüssə və zəiflik, qocalıq və xəstəlik, yorğunluq və süstlük yoxdur. Mütləq sağlamlıq orada olduğundan “Darüs-salam” (sağlamlıq evi) adlanmışdır. Bu həqiqi səltənətdə qüdrət tamdır, yə᾽ni istənilən olur. “Dəhr” surəsində (ayə 20) buyurur:

“Hara baxsan, ne᾽mət və böyük bir mülk görəcəksən.”

Qur᾽anda zikr edilmiş Behişt ne᾽mətlərindən bir qismini nəzərdən keçirək:

BEHİŞT YEMƏKLƏRİ VƏ SULARI


Könül istəyən quşlar, seçiləcək hər növdə meyvə, Behişt əhli üçün tükənməyəcək meyvələr, xurma və nar ağacları...

Xalis sudan, dəyişməz, dadı qaçmaz süddən, saf şərabdan arxlar... Eləcə də, bütün qatqılardan pak, xalis baldan nəhrlər...


QUR᾽ANDA BEHİŞT ÇEŞMƏLƏRİNİN ADI


Behiştdəki çeşmələr öz xüsusiyyətlərinə görə adlanmışlar. Məsələn, “Kafuriyyə”, “Zəncəbiliyyə” “Səlsəbiliyyə” və ən mühümü “Kövsər”. Kövsər ilahi ərş altından axır və ən ağ süddən, ən şirin baldan, ən nərm kərədən, daşları zümrüd, yaqut, mərcandan ibarət olub, otu zə᾽fəran və torpağı müşkdən ətirlidir.

BEHİŞT GEYİMLƏRİ


“Kəhv” surəsində buyurulub: “Kim istəyir inansın, kim istəmir inanmasın. Zalımlar üçün pərdələri onları bürüyəcək od hazırlamışıq. Behişt əhli isə Behiştdə taxtlara söykənərək, qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər.”

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur: Mö᾽min öz Behişt qəsrinə gedəndə başına kəramət tacı qoyular, ona Behişt cəvahirləri ilə bəzənmiş rəngbərənk 70 libas geydirilər. O libaslardan biri dünyaya gətirilərsə, ona baxmağa dünya əhlində taqət olmaz.

Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunmuşdur: Allah-Taala hər cümə Behiştdə mö᾽minlərə kəramət göstərər, mələklə libaslar göndərər, mö᾽min onlardan birini kəmərinə bağlayıb, digərini çiyninə atar. Getdiyi yerlər libasların nurundan işıqlanar.

BEHİŞT QƏSRLƏRİ


Qur᾽anın neçə yerində və”d verilmişdir:

“Allah mö᾽min kişilərə və qadınlara altından çaylar axan cənnətlər və “Ədn” cənnətlərində gözəl məskənlər və”də buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur.” (“Tövbə” surəsi, ayə 72).

“Zümər” surəsində (ayə 20) buyurulmuşdur: “Lakin Rəbbindən qorxanları Behiştdə bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və”dəsidir. Allah və”də xilaf çıxmaz.”

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur ki, otaqlar mirvari, yaqut, zümrüddən tikilib və onların üstü qızıldandır. Hər bir otağın qızıldan min qapısı, hər qapıya müvəkkil vardır.


BEHİŞT OTAQLARINDAN NÜMUNƏ


“Gözəl məskənlər” ifadəsinin təfsirində Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: Behiştdə lö”lödən qəsr vardır. O qəsrdə qırmızı yaqutdan 40 otaq, hər otaqda yaşıl zümrüddən 70 hücrə, hər hücrədə 70 taxt, hər taxtda rəngarəng 70 xalı, hər xalıda Hurül-eyn olar. Hər hücrədə 70 süfrə, hər süfrədə 70 növ təam olar. Hər hücrəyə 70 xidmətçi qulluq edər. Allah-Taala mö᾽minə bütün təamlardan istifadə edəcək qədər qüvvə verər.

BEHİŞT TAXTLARI, XALILARI, QABLARI


“Kəhf” surəsində: “Onlar orada taxtlara söykənəcək”, “əl-Vaqiə” surəsində: “Onlar qızıl-gümüş, lə”l-cəvahiratla bəzənmiş taxtlar üstündə qərar tutacaqlar”, “Ər-Rəhman” surəsində: “Onlar orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar” buyurulub.

Bir sözlə, Qur᾽anda bir sıra libas, xalı növlərinin adları çəkilib ki, bu həqiqətləri deyib, eşitmək yox, görmək lazımdır. (“İstəbrəq” zərli parça), hərir, (ipək) və s. adlar) “Vaqiə” surəsində qablar barədə buyurulmuşdur: “Cənnət bulağından axan dolu piyalələr, kuzələr və qədəhlərlə (xidmətçilər dolanacaqdır).” Elə də, “Tur” və “Dəhr” surələrində oxşar ayələr vardır.


HURİLƏR VƏ BEHİŞT QADINLARI


Behişt maddi ne᾽mətlərinin ən ucası hurilər olduğundan, Qur᾽ani Məciddə bu barədə çox zikr olunub. “Hur” sözündə həm bədən ağlığı, həm də iri gözlülük cəmlənmişdir. Eləcə də onların gözlərinin ağı ağlığın nəhayətində, gözlərinin qaralığı isə qaralığın nəhayət dərəcəsindədir. Onların belə adlandırılmasının səbəbi bu ola bilər ki, onları görən gözlər heyran olur (ağarır). “Vaqiə” surəsində buyurulur: “O hurilər sanki sədəf içində gizlənmiş incidirlər.”

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur ki, Behiştdə bir nur parlayar və Behişt əhli “bu nə nurdur?” deyə soruşarlar. Deyərlər ki, bu yoldaşının üzünə gülümsünən hurinin dişlərinin nurudur.

Yenə “Vaqiə” surəsində: “Şübhəsiz ki, Biz cənnət qadınlarını başqa cür yaradacağıq. Onları bakirə qızlar, ərlərini sevən həmyaşıdlar edəcəyik. (Onların yaşı 16, Behiştdə kişilərin yaşı 33 deyilmişdir.)

“Ər-Rəhman” surəsinin 56-cı ayəsində buyurulur: “O cənnətlərdə gözlərini yalnız ərlərinə dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cin toxunmamış qadınlar vardır. O qadınlar sanki yaqut və mərcandırlar.”


HURİLƏR ÇİRKİNLİKLƏRDƏN UZAQDIRLAR


“Bəqərə” surəsində buyurulmuşdur: “İman və saleh əməl sahibləri üçün Behiştdə hər cür qüsurdan pak qadınlar vardır.” Onlar heyz (aybaşı) olmurlar və hər cür murdarlıqdan uzaqdırlar. Onlarda təkəbbür və özünəpərəstiş, bir-birlərinə qısqanclıq yoxdur.

XÜSUSİ HURİ KİMİN ÜÇÜNDÜR?


Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur: “Allah-Taala bir huri xəlq etdi ki, onun sağ üzündə “Muhəmmədun-rəsulullah”, Sol üzündə “Əliyyun vəliyyullah”, alnında “Həsən”, çənəsində “Hüseyn”, iki dodağında “Bismillahir-rəhmanir-rəhim” yazılmışdı.

İbni Məs”ud soruşdu: “Bu kəramət kimin üçündür? Həzrət buyurdu: “Hörmət və itaətlə “Bismillahir-rəhmanir-rəhim” deyənlər üçün.”


BEHİŞT QADINLARI DAHA GÖZƏLDİRLƏR


Onu da deyək ki, dünyadan imanla gedib, Behişt əhli olmuş qadınlar hurilərdən daha gözəldirlər. Şərif ayədəki “Behişt bağlarında gözəl qadınlar” ifadəsi Behişt sakini olmuş dünya qadınları kimi təfsir olunmuşdur.

Məclisi, İmam Sadiq (əleyhissalam)-dan rəvayət edir ki, mö᾽min şiə qadın Behiştə daxil olar və mö᾽minlə izdivac edər.


BEHİŞT QADINLARI ÖZ MEYLLƏRİ İLƏ İZDİVAC EDƏRLƏR


Rəvayət olunub ki, dünyada ərdə olmayan və ya əri Behişt əhli olmayan Behişt qadınları Behişt əhlindən istədikləri ilə izdivac edərlər. Əgər mö᾽minə qadın dünyada ayrı vaxtlarda müxtəlif şəxslərdə ərdə olmuşdursa, onların sonuncusu və ya ən əməlisalehi ilə izdivac edər.

BEHİŞT GÜLLƏRİ VƏ ƏTİRLƏRİ


“Ər-Rəhman” surəsində buyurulur: “Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət–”Ədn” və “Nəim” gözləyir. O iki cənnətin ağacları qollu-budaqlı, meyvəlidir.” Məclisi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edib ki, əgər Behişt qadınlarından biri gecə ilk səmadan yerə müşərrəf olarsa, onun xoş ətri bütün dünya əhlinin burnuna yetişər. İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Behişt ətri min illik yola çatar. Yenə nəql olunub, Behişt torpağı müşkdür. Çox rəvayətlərdən mə”lum olur ki, Behiştin qapısı, divarı, yeri, bütün olanları ətirlidir.

BEHİŞTDƏ İŞIQ


“Dəhr” surəsindən buyurulub: “Behişt əhli Behiştdə günəş və onun istisini, həmçinin soyuq görməzlər.” Onlar mülayim, normal havadadırlar. Onların gün və günəş işığına ehtiyacları yoxdur. İman, saleh əməl nuru onlara bəs edər.

Nəql olunub ki, hurilərin nuru günəş nurundan artıqdır. Eləcə də, Behiştdə olan hər şeyin hətta libasın, xalının, qabların da nuru olar.


BEHİŞT NƏĞMƏLƏRİ VƏ AVAZLARI


Dünyada olan ne᾽mətlər və ləzzətlər, əsl Behiştdə olan ne᾽mət və ləzzətlərin bir qətrəsi, nümunəsi olduğu kimi, xoş sədaların da kamili, həqiqisi Behiştdədir. Əgər bu həqiqi səda dünya əhlinin qulağına dəyərsə, taqət gətirməyib, həlak olarlar. Hələ Davud peyğəmbərin avazı dünyada olduğu halda, kimsənin bu avazı dinləməyə taqəti olmazdı. Bir-biri ilə düşmən olan heyvanlar, məsələn, qurd vd ahu bu sədaya toplanar, bir-birlərinə toxunmazdılar. Eləcə də, Davud peyğəmbər oxuyarkən bə᾽zi adamların yıxılıb, həlak olduğu mə᾽lumdur.

DAVUD VƏ BEHİŞTDƏ OXUYAN HURİLƏR


“Nəhcül-bəlağə”-də peyğəmbərlərin halının bəyanında Əmirəl-mö᾽minin (əleyhissalam) buyurur: “Davud (əleyhissalam) Behiştdə Behişt əhli üçün oxuyar.” (Əlbəttə, oxunan Behişt nəğmələri olacaq və Behişt əhlinin dinləmək taqəti olacaq). Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, ən gözəl Behişt nəğməsi hurilərin öz Behişt yoldaşlarına oxuduqları nəğmələrdir. Əlbəttə, ins və cinnin eşitmədiyi bu səda musiqi alətləri ilə yox, Allahın təsbihi, həmdi, təqdisi ilədir. Behişt quşlarının da gözəl nəğmələrindən danışılıb.

DÜNYADA QİNADAN (HARAM SƏDALARDAN) UZQLIQ ƏVƏZİNƏ


İmam Sadiq (əleyhissalam)-dan soruşdular ki, Behiştdə qina və nəğmə varmı? Buyurdu: Behiştdə bir ağac vardır, Allahın buyuruğu ilə Behişt küləkləri əsdikdə, həmin ağacdan elə bir avaz qalxar ki, xəlq olmuşlar heç zaman belə gözəl nəğmə eşitməmişlər. Bu, dünyada Allah qorxusundan qinaya qulaq asmamağın əvəzidir.

RUHANİ NE”MƏTLƏR VƏ LƏZZƏTLƏR

Behiştdə müxtəlif ruhani ne᾽mətlər də vardır. Əqlimiz onların dərkinə acizdir.

Bəsirət, idrak gözlərinin pərdəsi (Behiştdə) açılar, insan dünyada bildiklərini gözləri ilə görər. Dünyada arzuladığı həqiqət və ilahi mə”rifətə çatar. (Xüsusən, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmməd (əleyhimussalam) mə”rifətinə və onlarla yaxınlığa). “Behişt əhli ilahi maarif və Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in fəziləti barədə müzakirə edərlər.”

Hər bir Behişt əhlinin (dünyadan imanla getmiş), Behiştə daxil olma səlahiyyətli ata-ana, ailə və övladına şəfaət edib, öz arxasınca aparması da ilahi fəzldəndir. Bu iş yaxın adamları həmin məqam əhli olmayan mö᾽minə ehtiram üçündür.


MƏLAİKƏLƏRİN TƏBRİKİ VƏ ALLAHIN MÜKALİMƏSİ


Behiştdə yerləşdikdən sonra mö᾽mini təbrik etmək üçün min məlaikə mə”mur olub, onun ziyarətinə gələrlər. Mö᾽minin min qapılı qəsrinin hər qapısından bir mələk daxil olar, ona salam verər, “mübarək olsun” deyər. Amma hər şeydən yüksək Allahın mö᾽min bəndə ilə mükaliməsidir. Bu barədə çox rəvayətlər olsa da Allah-Taalanın “Yasin” surəsindəki bir buyuruğunu xatırlamaq kifayətdir: “Rəhimli Allahdan salam deyiləcək.” (ayə 58)

“Minhac“da Cabir ibni Əbdüllahdan rəvayət olunub ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Behişt əhli ne᾽mətlərə qərq olanda onlara qəfil bir nur parlayar və ondan avaz gələr ki: “salam olsun sənə, ey Behişt əhli.” Bəli, dünyada peyğəmbərlərə nəsib olmuş bu səadət axirətdə Behişt əhlinə də qismət olar.


HƏZRƏTİ MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-LƏ YAXINLIQ VƏ MÖ᾽MİNLƏRLƏ ƏLAQƏ


Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in “ya Əli, sənin şiələrin mənim ətrafımda ağ üzlə nur minbərlərdədir, onlar Behiştdə mənim qonşularımdırlar”, buyurduğu kimi bu yaxınlıq da bir ne᾽mətdir (“Nüdbə” duası).

Vəsfə gəlməyən bir ləzzətdir ki, həmişəlik Behişt ne᾽mətləri geri alınmaz, bitib tükənməz.

Ruhani ne᾽mətlərdən biri də, Qur᾽anın buyurduğu kimi, peyğəmbərlər, salehlər və mö᾽minlərin qovuşmasıdır.

HƏR GÜN BİR PEYĞƏMBƏR QONAQDIR


Rəvayət olunmuşdur ki, hər gün Behiştdə ziyarət və görüşə bir ulul-əzm peyğəmbər (ya Nuh, ya İbrahim, ya Musa, ya İsa, ya da Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) gələr və həmin gün o böyük şəxsə qonaq olarlar. Cümə axşamları Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm)-ə qonaqdırlar və cümə günləri Həzrət Həqqin yaxın məqamına də᾽vət edilərlər.

MOİZƏ (NƏSİHƏT)

NƏ ÜÇÜN BEHİŞT ÜÇÜN ÇALIŞMIRIQ?


Zikr etdiklərimiz Behişt ne᾽mətlərinin yalnız kiçik bir hissəsi idi. İndi özünüz insafla deyin, ağıllı insan özünü bu sayaq ruhani ləzzətlərdən, məqam və dərəcələrdən məhrum edərmi?! İnsan bir dünyəvi məqama çatmaqdan ötrü nə qədər əzab-əziyyət çəkir?! Hansı ki, mə᾽lum deyil, öz məqsədinə çatacaq, yoxsa yox. Hətta məqsədinə çatarsa da, ölüm hər şeyi geri alar. Amma insan ali məqam, həmişəlik səadətlərdən ötrü addım da atmır. Hansı ki, bu yolda çalışanlar hökmən məqsədə çatacaqlar.

Qur᾽ani Məciddə buyurulur: “Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir.” (“Qiyamət” surəsi, ayə 5)


ƏLİ (ƏLEYHİSSALAM)-IN DİLİ İLƏ BEHİŞTİN VƏSFİ


“Nəhcül-bəlağə”də bir xütbədə Həzrət Əmirəl-mö᾽minin (əleyhissalam) belə buyurur: “(Xudaya) Səni, əzəmətinə layiq olmayan bütün şeylərdən pak bilirəm, məxluqatın Yaradanı, gizlilərin Xaliqisən. Yaratdıqlarını imtahanın gözəlliyindən bir saray yaratdın ki, o Behiştdir. Orada qonaqlar üçün qəbul vasitələri, yemək yerləri, pakizə hurilər, xidmətçilər, zinətli otaqlar, lətafətli arxlar, son dərəcə təravətli bağlar, pak meyvələr hazırladın. Sonra Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i nümayəndə göndərdin ki, xalqı əbədi, növbənöv ne᾽mətlərlə dolu saraya çağırsın. Nə o də”vətçini eşitdilər, nə həvəsləndilər, nə də arzu ediləsi şeyləri arzuladılar. Murdar, hiyləgər dünyaya üz tutub onu yedikcə rüsvay oldular, bir-birləri ilə saziş bağladılar. Dost olanlar e”tibarsız dünyaya valeh oldular, gözləri gor edildi, öz eyb və zərərlərini görmədilər. Qəlblərini dünya bimar etdi, layiq həqiqətlərə xəstə gözlə baxdılar, onu kar qulaqla eşitdilər. Həqiqətən, dünya şəhvətləri əqllərini korladı, dünya onların qəlblərini oynatdı və özünə vurğun etdi, dünyaya və əlində dünya malı olanlara qul oldular.”

Bəli, üçüncü yol yoxdur: ya Behiştdir, ya da Cəhənnəm. İnsan Allaha doğru getmirsə, nəinki ne᾽mətlərdən məhrum olacaq, hətta Cəhənnəm əzabına qovuşacaq. Bu əzaba qismən işarə edirik.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə