Кяся сюзляр




Yüklə 347.2 Kb.
tarix23.02.2016
ölçüsü347.2 Kb.
Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

« 525 КИТАБ » серийасы


Фикрят Садыг

КЯСЯ СЮЗЛЯР


миниатцр шеирляр

Bakı – Mütərcim – 2010


Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə

«525-ъи гязет»ин «525 Китаб» серийасы

«Дцнйа ядябиййаты» дярэисинин техники иштиракы иля
Серийанын рящбяри: Ряшад Мяъид,

«525-ъи гязет»ин баш редактору,

Азярбайъан Йазычылар Бирлийинин катиби

Серийанын тяртибчиси

вя редактору: Сялим Бабуллаоьлу

«Дцнйа ядябиййаты» дярэисинин

баш редактору
Няшрин редактору: Ялиш Мирзаллы
Дизайнер: Мятанят Гараханлы

Вяфа Ящмядова

Фикрят Садыг. Кяся сюзляр (миниатцр шеирляр).


/ «525 Kитаб» серийасы. – Бакы: Мцтяръим, 2010. – 48 с.
© “525-ci qəzet”, 2010

Fikrət Sadıq (1930) - Şamaxı şəhərində anadan olub; şair, pub­lisist, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azər­bay­canın əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatıdır (1990); Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib (1946). ADU-nun filologiya fakültəsində təhsil alıb; ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı «Gənclik nəğmə­ləri» almanaxında dərc etdirdiyi «Artist» və «Ana əli» şeirləri ilə başlayıb; poetik yaradıcılığında bədii tərcüməylə də məşğul olub; «Yumaq top», «Bir parça vətən», «Oğul» pyesləri, «Xır­da­ca gəlin», «Daş balkon», «İlk məhəbbət haqqında daha bir he­ka­yə» və s. onun qələminin bəhrəsidir (1974-1983); Şama­xı­da kənd müəllimi, ra­yon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş labo­rant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına «Azər­baycan­film» kinostudiyasında elmi-kütləvi və sənədli filmlər bir­liyi ida­rəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədə­biy­­yatın təbliği bürosunun direktoru olub (1961-1975); hazır­da Azər­baycan Yazıçılar Birliyində poeziya üzrə məslə­hət­çi işləyir (1975-ci ildən); Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçi­ri­lən ədəbiyyat günlərində iştirak edib; Ma­carıstanda yaradıcılıq təş­ki­latlarının təcrübə mübadiləsi müşa­virəsinə göndərilən sovet yazı­çı­ları nümayəndə heyətinin tər­ki­bində olmuşdur (1980); onlarla şeir və tərcümə kitab­la­rının müəllifidir; Prezidentin fəxri təqaüdçüsüdür.




Müəllifdən
Hayıfım gəlir bu atmacalara – bu kəsə sözlərə. Yeri gələndə orda-burda küçədə, avto­bus­da, qatarda, evdə, işdə, iclasda… dilimdən dü­şür, itir. İstədim bunları bir yerə yığım. Üç-dörd adamın yanında dediyim bu sözləri, qoy min­lərcə adam eşitsin. Mən də bilim ki, za­ra­fat­la­rım itib-batmayıb.

Bu kitabçada toplanan «kəsə sözlər» ömrüm boyu dediklərimin mində biridir, yadımda qa­lan­lardır.

Unutduqlarım göy qübbəsinə yazılıb: ina­nıram ki, onlar da nə vaxtsa yağışlarla, qarlarla Yerə qayıdacaq. Gələcəyin adamla­rı­na bu gün­lər­­dən danışacaq.


And
Qələm olsun barmaqlarım

Qələm tutub yalan yazsa.

Səni necə doğru yazım,

Başdan-başa yalansansa.



1981
Ki…
Dedilər ki, bütləri qırın!

Demədilər ki, «lüt»ləri qırın!



1998
Lap kəsə söz
Mən – adamam,

Mən – gildənəm.

Mən də o,

Adəmgildənəm.



2005
Adamlıq
Biri paxıl,

biri simic,

biri nadan.

Biri mızı,

biri dodu,

o birisi itoynadan.

Bu – fərdlərin içində,

bu – dərdlərin içində

Adam necə olsun adam.

1975
Xaş
Divarda oxudum

«Xaş var».

Deməli divarın dalında

kəsilmiş baş var.


2005
Tələskən
Geyinə-geyinə deyindi.

Deyinə-deyinə geyindi.


2004
Qaralama-ağlama
Bir varaq götürüb

qaralayıram –

olur qaralama.

Qaralama, a qaralama!

Sən də məni qaralama.
Üzüm ağ olsun deyə,

köçürürəm ağlamaya.

Ağlama, a ağlama!

Yazıma baxıb ağlama.

Üzümə baxıb ağlama.
2005
Titul
Nə istəsən ol!

Lap qurd ol!

Tülkü ol!

İt ol!


Amma, bəri başdan

qazan titul!


1981
Sənət qurban istəyir
Kinoya çəkmək üçün

qu quşunun

kəsdilər qanadını.

Rejissoru qınamayın.

Sənət xatirinə

elədi bunu.

«Sənət qurban istəyir», -

bu bir kəsə deyil sirr.

Əvəzində kimisinə qanad verir,

kimisinin qanadını kəsir.


2006
Sıx, danış!
Övladım,

sənə sözüm budur!

Danışanda sözlərini

sıx, danış!

Sözlərin çox suludur.
2006

Adamlar
Dünya qocaldıqca, azalır yaman,

Əfəndi adamlar, paşa adamlar.

Dünya qocaldıqca, çoxalır yaman,

Araqarışdıran maşa-adamlar.



2006
Yenə söz haqqında
A sözbaz!

Sözümü söz eləmə,

sındır sözün

içinə bax!

Düz deyilsə

Söz elə!


2000
Baş dərmanı
Başın ağrıyır,

beş-altı qəpik-quruşundan keç,

baş dərmanı al, iç!

Saxta dərmanın qüdrətindən

bir də baxıb görərsən ki,

başın da yoxmuş heç!



2004
İtalyan məsəli
Çəpər ömrü – 3 il, bir ömür.

İt ömrü – üç çəpər ömrü.

At ömrü – üç it ömrü.
İnsan ömrü – üç at ömrü

Qarğa ömrü – üç insan ömrü qədərdir!

İt – 9 il, at -27 il, insan – 81 il.

qarğa 243 il yaşayır.

Atlanıb-düşmək hədərdir!
2006
Qulaq asmayacaq
Millət sözdən bezib daha,

Sözə qulaq asmayacaq.

Əyrini doğruçu bilib,

Düzə qulaq asmayacaq.


Bizə qulaq asacaqsa,

Sizə qulaq asmayacaq.

Sizə qulaq asacaqsa,

Bizə qulaq asmayacaq.


2002
Hərəmiz bir cür
Ya fəhləyik, ya şair,

Hərə bir cür yaşayır.


2000
Dil elədi
Biri fili kiçildib-kiçildib,

qarışqa elədi,

biri qarışqanı şişirdib-şişirdib,

fil elədi.


Nə bu birinin o birinə acığı tutdu,

Nə o birinin bu birinə acığı tutdu -

Nə elədisə dil elədi.
1998
Çıxdı
Günlər yaman tələsir,

Aprel girdi, May çıxdı.

Gün bu yanda batmayıb,

O yana bax, Ay çıxdı.


Qutuları oxşayır,

Kofe aldım, çay çıxdı.

Zay bildiyim saf imiş,

Saf bildiyim zay çıxdı.


2002
Uzi
Bir baxımlıq uzi,

Bir aylıq ruzi.


1999
Müşahidə
Bu qurbanı olduğum Tanrıda,

bilmirəm bu nə adətdir,

bu nə adət.

Pulu olana pul verir,

evi olana imarət.

Kasıbı da unutmur

ona da,

dərd üstündən verir dərd.


2000
Ay, ev yiyəsi!
Bu dağ hamınındısa,

Sən bu dağı neynirsən?

Özün-bir, xanımın-bir,

On otağı neynirsən?

Dörd yanın qaçqın ikən

Bu növrağı neynirsən?

Boynun dönmürsə sənin

Solu-sağı neynirsən?

Sənin ki, torpağın var

Ta torpağı neynirsən?

Yaxşı bağça-bağın var,

Qarabağı neynirsən?


May, 2001
Yelləncək
Birini qaldırır,

birini endirir –

yelləncək.

Dünya da eynən

bu işi görür,

indən belə də görəcək.


Yanvar, 2006

Adam çaşır
Yuxarıda aparıcı

yana-yana

Xocalıdan danışır.

Aşağıda «qaçan sətirlər»də

Sevinc aşıb-daşır.

Adam çaşır.


Fevral, 2006
Belə də olur
Açıb qəfəsi

azadlığa buraxdılar şiri.

Şir yerindən tərpənmədi.

Azadlıq-şirin,

can daha şirin.
2000
Türk
Babam türkdür, atam türkdür, özüm – türk!

Dil açıb, ilk söylədiyim sözüm – Türk!

Biz-birləşib, bütöv bir türk, olmarıq,

Nə qədər ki, var sizin Türk, bizim Türk.


Aprel, 2004

Fəxriyyə
Cəmi millətlər içrə

Ən çox paxılı olan,

Yeganə millət – bizik!

Bir-birindən bixəbər,

Bir-birinə soyuq, yad

Biganə millət bizik.



May, 2004
Var
Harda türk var,

Orda neft var.

Harda neft var,

Orda bəla var.

Nefti olan ölkələrin

Hamısında kərbəla var.



Sentyabr 1994

Kərkük, İraq

Bilməmişəm
Bir qismi baqqal imiş,

Bir qismi naqqal imiş.

Bir qismi çaqqal imiş.

Bir qismi də yalançı

ağsaqqal imiş.

Elə bu səbəbdəndir ki,

bu millətin işi

başdan-başa qeylü-qal imiş.



2000

Atalar demişkən
Vacib deyil ki, şair

Xalq şairi olsun gərək.

Bu vacibdir ki, amma

Haqq şairi olsun gərək.


Fevral, 2001
Qaldı
Atlardan əlimizdə

oyuncaq at başı qaldı.

Sevgilərdən yanağımızda

soyuq göz yaşı qaldı.

Yamanlıqdan iz düşdü qəlbimizə

zaman yudu yamanlığı,

Nə yaxşı ki, yaxşı qaldı.
1983
Olmasa
Bu yoldan keçmək olar,

Daş dığırladan olmasa.

Bu sudan içmək olar,

Suda acı tam olmasa.

Sözümü söz eləməzlər

Beş-üç nadan olmasa.


1998

Əyri-düz
Əyrini divara dirədilər

Güllələdilər,

güllələr əyri getdi.

Düzü divara dirədilər

Güllələdilər,

güllələr düz getdi.


1981
Sizin-bizim
Hörmət sizin – zəhmət bizim.

Şöhrət sizin – töhmət bizim.

Nemət sizin – həsrət bizim.

Dövlət sizin – millət bizim.

Bu sizin-bizim qaldıqca,

bu başı bəlalı Vətən

ola bilməz ikimizin.
1989
Səbri olanın
Millətin səbri varsa

Səbrin də milləti var.

Səbri olan millətin

Upuzun zilləti var.


1974

Tənbəllik
Gözünü qum tutmuş bulaq.

Gec yeriyən uşaq.

Məcrasını aşmayan sel.

Əsarətə öyrəşən el.

Lovğa gəlin.

İstedadın ölümü.

Fikrin xərçəngi.

Arzunun guvəsi.

Usta Zeynalın nəvəsi.
1966
Qorxaqlıq
Dərədən danışıram, qorxursan,

«Dərənin dumanı var, seli var».

Dağdan danışıram, qorxursan,

«Dağın uçurumu var, qarı var».

Dərə bir yana, dağ bir yana,

Yaşamaqdan da danışıram, qorxursan.

Özün bil, qardaş!

Amma ağır dərddir,

qorxub yaşamaq!
1966
Zəriflik
Kobudluq, böhtan atdı Zərifliyə,

Zəriflik həyadan yandı, çilik-çilik.

Yalanı da çağırdılar,

dedi: - bilirik.


Zərifliyin kobudluğunu.

Gerilik də bilir bunu.

Axırda,

Ədalətə çatdı xəbər.



Gec idi,

Zərifliyi

yerlə-yeksan eləmişdilər.
1966
Ana
Gəlin ki, ana olmur,

Ömründə məna olmur.


May, 2005
Ucalır
Kimi

əl çala-çala ucalır,

Kimi də

alçala-alçala ucalır.


1973
Qürbət – Vətən
Qürbətdə tutulmuş ayaqlar,

Vətənə dəycək – açılar.

Silinib gedər bir andaca,

Qürbətdəki acılar.


1973
Tələsmə
İlan da su içən adamı çalmır.

Sən də adamı oyat!

Suçunu bildir,

Sonra öldür!


1973
Kitabı ver oxuyana
İndi kitab oxumamaq

Olub təzə xəstəlik.

Kitabı ver oxuyana,

Birini də üstəlik!


2003
Ruzi
Ruzi verən Allahdı,

Odur, ayıran yaxşıdan pisi.

Kim nə miqdardısa,

O miqdar olur ruzisi.


2005

İstihalə
Adı Tələtdin idi,

Dəyişdi Tolik oldu.

İslamı bəyənmədi,

Çönüb katolik oldu.



2002
Qələm
Göz görür, ürək duyur,

Sonra da qələm yazır.

Hərdən lap aləm olur,

Ürək sevinc istəyir,

Qələm elə qəm yazır.

1993
Dövlət sirri
Dilim dinc durmayıb, dünən

Axmağa axmaq demişəm.

Sən demə, dövlət sirrini,

Aləmə faş eyləmişəm.


2002
Səlibçi
Bir əlində silah,

bir əlində gavahın

tutmuş, bu adam xristiandı.

Dünyanı yenidən bölmək istəyən,

xır istəyəndi.

2003
Qədirşünaslıq
Dünya sənə bir can qıyıb

O bir canın qədrini bil!

Bir canın qədrini bilməyən

Bilməz millətin qədrini.



1988

Paxıl adama
Ay məni bəyənməyən,

Şeirimə fındıq deyən!

Sənin şeirin qoz boyda

İçi də puç, nə fayda?


1988
Saqqız
Şeiri saqqız təki çeynəyən qoçaq,

Saqqızı şeirdən üstün sayacaq.


1988
Şəkil
Biz şəkilə düşsək də,

Şəkildən bizə düşməz.


1988
Köhnə
Elə bildin havayı

Gələcəkdir istiqlal.

Ətə pulun çatmırsa,

Qəndə pulun çatmırsa,

Get, bazara fıstıq al!
1993
Təzə
Təptəzə qəzetləri

Təzə sözlər bəzədi.

Oyun həmin oyundu,

Oyunçular təzədi.

Söz bizi aldatsa da,

Yenə ümid sözədi.



1993
Möhür
Bu – möhürlə tanıyacaqlar

gələcəkdə Azərbaycanı.

Bu illərdə şair olmayanın

kitabı çıxırdı,

şair olanın canı.

2000
Nəzirə
Dinc yaşayış nə Yerdə var, nə Ayda,

Yalan-palan danışmaqdan nə fayda!

Qanun-qayda var deyirlər – dünyada

Yalan sözdü, nə qanun var, nə qayda!



2001
Yazığım gəlmir
Çay tənbəl olanda, dənizə çatmır.

Ağac tənbəl olanda

yerdən su içmir, yanır.

İnsan tənbəl olanda,

dünyada yaşamır, sürünür.

Çaya da yazığım gəlir,

ağaca da,

amma insana yox!


1986
Yaşamaq
Şair var yaşayıb yazır,

Şair var yazıb, yaşayır.


1989
Vəsiyyət
Mən dünyada olmayanda

telefon pulunu gecikdirməyin.

Telefonu kəsərlər,

Orxanım zəng eləyər,

pərt olar.

Bu, mənə ölümdən betər dərd olar.


1986
Gələsilər
Həmişəgələn həmişə gələr.

Hərdəngələn hərdən gələr.

Vay o gündən

Həmişəgələn hərdən gələ,

Hərdəngələn həmişə gələ.
1984
Qızıl
Nə yaxşı ki, danışa bilmir,

dili yoxdur qızılın.

Öyünməkdən bağrı çatlardı yazığın.
1997
Bənzətmə
Sozalmış bulud kimiyəm,

Sustalmış sükut kimiyəm,

Qırılmış ümid kimiyəm,

Çırpılmış tut kimiyəm.


1990
Olmuş əhvalat
Hər yan dümağ qar idi,

Qışı salmadı saya.

O, axsaya-axsaya,

Gəlib mindi taksiyə.

Dedi ki, - sür Ağsuya!

Qolunu çölə çıxartdı,

Qolu döndü saxsıya.
P.S. Hələ də qolunun donu açılmayıb.
1978
Bəhanə sayılmasın
Şeiri sısqa eləyər,

İlhamın sısqalığı.


Bəhanə sayılmasın

Nə qayğının çoxluğu,

Nə ömrün qısalığı,

Nə ev darısqallığı.


1972
Öyüd
Könül, soyuq Ay olunca,

İldırım ol, yandırıb yax!

Bircə an yaşa!

Sakit axan çay olunca,

Bircə dəfə sel kimi ax!

Ömrü vur başa!


1960
Gözəllik
Gözəlliyi ürəklərdə,

gəzib, axtaraq.

Ürək bir ev yiyəsidir,

gözəllik – qonaq!


1962
Minlərdən ikisi
Biri polad qayanı qəlpə-qəlpə qoparıb,

yol açır öyünməyir.

Biri köhnə cığırın otunu təmizləyir,

hər gün özündən deyir.


1963


Su
Sən suya buludun göz yaşı de,

mən su deyəcəyəm,

Sən suya çörəyin qardaşı de,

mən su deyəcəyəm.


1966
Ümid
Quş qanadına inanır

Kor əl ağacına,

Mən ümidimə.

Quşun qanadı qırıla bilər,

Korun əl ağacı,

Ümidim yox!



1960
Gecə yağış yağırdı
Çox vaxt gecələr yağar

güclü-güclü yağışlar.

Görən nə hikmətdi bu?

Görən bunda nə sirr var?

Bir gilə yaş tökəndə

üzünü örtər insan.

Gündüz yağsa bu leysan

Utanmazmı buludlar,

bu qədər göz yaşından?!
1960
Şeirin dörd nalı
Köhnə fikir təzə libas geysə - cəhalət,

Köhnə fikir köhnə libas geysə - ətalət.

Təzə fikir köhnə libas geysə - əsarət.

Təzə fikir təzə libas geysə – cəsarət.


1965
Əl
Əl, daşı daş ilə yonduğu gündən

Bəşər vəhşiliyin daşını atdı.

Bu barlı-nemətli gözəl dünyanı

Əl qurdu, ucaltdı, əl də yaşatdı.


1963
Yaşamaq qorxusu
Düşünəndə üşüdür məni

torpağa qarışmaq qorxusu.

Bundan da betərmiş

ümidsiz yaşamaq qorxusu


1958
Bir-bir yandırılıb
Bir-bir yandırılıb

öz qutusuna yığılmış,

kibrit çöplərinə bənzəyir,

ömürdən keçən günlər.


Bir də yanmayacaq

ha çəkirsən, çək, qarasına.

Ta əzəldən yandırma gəl,

çöp-günlərini hədər.

Əlin bulaşacaq bir gün qarasına.


1958
Ürək
İstidə ürək narazı.

Soyuqda ürək narazı.

İsti-soyuqda da narazı.

Kim çəkəcək bu qədər nazı?

Yenə ürək özü.
1972
Təyyarəyə toxunmazmı görən?
Qüllələrin üstündə

qadağan rəngi yanar al-qırmızı –

bu xəbərdarlıqdır,

alçaqdan uçan təyyarəyə.

Qadağan rənginə,

boyaya bilmədiyim fikirlərimi

hər gün uçurduram göyə.

Təyyarəyə toxunmazmı görən?



1965
Göy-yer
Göy-yer -

dünya yaranandan

əlbir, dilbir.

Elədiklərini özləri bilir.

Qarışma gəl, Göylə-Yerin işinə!

Əbədi qardaşdı onlar.

Yoxsa bu yağışın sənə,

Bir isti-soyuğu var?!



1983
Əsl şair
Dağ demir – mən dağam.

Dəniz demir – mən dənizəm.

Günəş demir – mən Günəşəm

Şair deməz – mən şairəm.



1983
Şeir
Bəri başdan bil!

Ürəyində ya qurd ola gərək, ya şeir.

İkisi bir yerdə, yola getməz

Qurd şeiri yeyir.



1978
Acımır (Qorxaq)
Təbiət də acizə acımır.

Xəmir də qorxsa acımır.



1987


Dələduz
Düzdür, düzdə qalıb hələ düz adam,

Amma ki, ucalır dələduz adam.


2000
Fırıldaq
Fırıldaq adamın fırı dağ olub,

Fır-fır fırlanıb ki, fırıldağ olub.


2000
Yaltaq
Yaltaq alçalaraq yuxarı çıxıb,

Yuxarı çıxdıqca naxırı çıxıb.


2000
Bədnəzər
Tanrıdan xəbərsiz, iblis-bədnəzər,

Sərt baxsa quruyar bu boyda Xəzər.


2000
Nadan
Kal yemiş kimidir – kəlikdi nadan,

Yelsiz qalxıb-enən körükdür nadan.


2000

Bu zamanda
Əli Vəliyə şar atır,

Vəli Əliyə şər atır.


2001
Okey
Bu key, o keyə deyir «okey!»

O key bu keyə deyir «okey!»


2000
Əyribitənlər
Şaqulsuz hörülən daş,

Könülsüz görülən iş.


2001
Qiymət
Başı olmayanın «beş»i var

«Beş»i olmayanın başı var.


1981
Yoxdur
Pulu olanın çulu yoxdur,

Çulu olanın pulu yoxdur.


2005

Qan
Bir var – milli qan.

Bir də var lilli qan.


2003
Şirindil-acıdil
Şirindil – qılıqlı adam, dünyanı yeyər,

Acıdil – qılıqsız adam, dünyanı söyər.


2005
Yaltağın yaltağı
Mən yaltağı qınamıram o qədər də,

Bəlkə buna vadar edib onu zaman.

Mən yaltağın yaltağına mat qalmışam

Elə coşub ustadına vermir aman.


2005
Ağlayar
Məğlubiyyət günü adam sevinməz,

Adam həmin günü susar, ağlayar.

Söyüd ağacıtək qəddini əyər,

Nanə yarpağıtək əsər ağlayar.


2003


Yerdəyişmə
Ərinin papağını Vəlinin

Vəlinin papağını Əlinin

başına qoyur.

Dəlinin papağını ağıllının,

Ağıllının papağını dəlinin

başına qoyur.


1987
Sərin su
Bərk hirslənsən, qəm yemə.

Bu dərdə də var əncam.

Bir cam sərin su iç, ta

Acığın soyuyunca.


1987
Heyrət etmə
Tanrı insanları insanlığa çağırdı.

Birliyə çağırdı, düzlüyə çağırdı.

Amma, onlar baş əydilər cibə.

Tanrı peşman oldu yaratdığına,

Gördü baş tutmayıb bu boyda təcrübə.

Odur ki, heyrət etmə bu qədər heyrətə,

Mat-məəttəl qalma bu qədər təəccübə.
2000
Yoxsa nədir bu?
Tanrı cənnətdən qovanda Adəmi

İblis yolda oğurlayıb, dəyişib onu.

Dünyaya göndərib öz adamını

Elə o vaxtdan çaş-baş salıb hamını.

Odur ki, hər birimizdə bir az iblis var.

Yoxsa nədir, dünyanı bürüyən bu,

Bu şübhələr, xəyanətlər, davalar!

2000
Haqq aşığı
Aşıq olsan, ol haqq aşığı!

Yaşatsa yaşadar haqq-aşığı!

Qılınc ol, namərdi kəs,

Ox ol, nahaqqa şığı!



1988
Ələt-Elit
Əvvəllər Ələt vardı

Gedib-gələ bilirdik.

İndi Elit var

Gedib-gələ bilmirik.



2006
Sacayaq
Sacayağın üç ayağı var;

Biri olmasa əyilər.

Üçü bir yerdə iş görür, amma,

Hər biri özünü birinci bilər.


1989
Səriştə
Bir kəsin ki, yoxdur əgər səriştəsi

Oxlov qaçar, əyri düşər əriştəsi.


1989
Duel
Əvvəllər yaşasaydım,

bu sözünə görə

çağırardım səni duelə.

Otur, Allahına şükür,

vaxtına, bəxtinə dua elə!
2003
Yubiley
Srağagün - yada düşdü.

Dünən – əl-ayağa düşdülər.

Bu gün – yığışıb,

yubiley elədilər ona,

adını əziz tutdular.

Sabah – səhər tezdən unutdular.


2007
Şair doğulub
Şair doğulub anadan deyirlər ki, filankəs.

Hamı bir cür doğulur, amma, bir əmması var.

Əsl şair dünyada doğulanda, bilinməz,

Öləndə bilinər, bu, şair öləndə-ölməz.


1978
Şair Vergili
Bir alim tanıyıram

yerində deyil

cümləsinin nöqtə-vergülü.

Deyir, bizimkidir,

romalı şair Vergili,

«Allah vergisi varmış onda».



1986
Əlin duzu
Duzlu su verin

mənə bir cam.

Əlimin duzu yoxdur

əlimi duza qoyacam.



1972
Papiros kağızı
Tütünə bərk-bərk

sarıldığına görə

Alışıb külə döndü

nahaq yerə.


1967
Ömrün üç payı
Yuxudur, ömrün üçdə biri.

İşləyirik üçdə birini.

Yerdə qalır üçdə biri.

İstəyirsən yaşa, istəyirsən yat!


1979
Köv deyil
Çaxmaq qovu yandırmasa

Ya çaxmaq çaxmaq deyil,

Ya da ki, qov qov deyil.

Deməli bu da kov deyil.

Çaxmaq çəkəni demirəm hələ.
* * *

Güllə quşa dəyməsə

Ya güllə güllə deyil,

Ya da ki, ov ov deyil.

Deməli, bu da kov deyil.

Çaxmaq çəkəni demirəm hələ.


1977
İlanın ağına da lənət, qarasına da
Süründüyündən ayaq üstə gəzənləri

görmür gözü.

Amma, qıvrıla-qıvrıla qalıb,

ayağa dura bilmir özü.


1973
Alman məsəli
Yumurtlayan toyuq!

Bal arısı!

Gürəmli qoyun!

Biri yumurta verir insana,

biri bal, biri yun.

Özləri kənarda durub,

baxa-baxa qalırlar.

Elədikləri yaxşılıqdan

həzz alırlar.
2004
Olubdu
Ömründə at sürməyən,

Ata suvar olubdu.

Ömründə arx görməyən,

Kənddə cuvar olubdu.


Nadanın cahilliyi

Aləmdə car olubdu.

«Var»ı yox eləyiblər,

«Yox» gəlib, «var» olubdu.


2004
Qitə
Yaxşı demişlər bu sözü,

Bu dünya fani dünyadı.

Heç duracaq yeri deyil

Bir anlıq, ani dünyadı.


Suyu zəhər, çörəyi qəm,

Çox zalım, cani dünyadı.

Çox dünyalar gəlib-gedib

Bu dünya, yəni dünyadı?!


İyun-iyul, 2004


Qeyri-səmimi
Qoy eşitsin bilsin

uzaq yadlar, yaxın dostlar.

Nə qədər səmimi deyilsə də,

Nə qədər səmimi yazılsa da,

Qeyri-səmimi olur,

Təbriklər, avtoqraflar, tostlar.


2003
Adamo
Adam sevməz adamdı o – adamo!

Bir kimsədən salam almaz,

salam verməz,

bir kimsəyə yovuşmaz.

Yan-yana axan

qoşa arx olsa da, düzdə

qol uzadıb qonşusuna qovuşmaz.
Adam odur, adam odur, adam o!

Heç bir kəsi bəyənməz

Guya, heç kəs adam deyil,

Bu dünyada yalnız-yalnız

Adam odur, adam odur, adam o!
İyul, 2004
Oyun
Şeir nədir, söz oyunu,

Söz var, düzə qəhmər çıxır,

Əzizləyir düz oyunu.
Söz var əyrini bəzəyir

Qəsdən əyər düz oyunu.

Hər dağın öz yamacı var,

Hər yamacın öz çiçəyi,

Hər şairin öz oyunu.
2003
Tarix elmi
Keçmişin o tayını görmək üçün

tarixin o başına, gedib-qayıtmaq üçün,

Çaş-baş qalmış milləti

qəflət yuxusundan ayıltmaq üçün

Ya dərə-təpə aşmalısan,

ya səhradan keçməlisən,

ya meşədən.

Kim bunu bacarmırsa

əl çəksin bu peşədən.

Minlərcə alim azıb bu yerdə.

bizi də azdırıblar.

Ya özləri bilə-bilə yazıblar,

ya onlara bu tarixi yazdırıblar.
May, 1999
Bu küçə mənə dar gəlir
«Lenin» - küçəsini alıb,

«Azadlıq» - eləyərəm.

Azadlığı da üç yerə bölərəm.

Hər bölməyə su çəkdirərəm.

Qalan asfaltı da şumlayıb,

kartof əkdirərəm.

Nə qədər ki, halal-haram.

cibimə dollar gəlir.

Bu küçə mənə dar gəlir.
Avqust, 1999
Qorxu
Adımı çəkmir, çünki

ürəyində qorxu var.

Adımı çəksə əgər

adı kölgədə qalar.


Yanvar, 2006
İynə
Xaricdən gələn iynə

Nəyinə gərəkdir, nəyinə.

Ondansa saqqız al, çeynə,

Saqqız da xaricdən gəlib.


1999
Əbu-cəhl
Əbu-cəhl, cəhlin atası

lap cəhalətin babası.

Gördüyüm, tanıdığım

adamların ən qabası.


2004

Dünya azərbaycanlılarının qurultayına
Beş-altı yüz

Azərbaycan türkü var,

uzaq Avstraliyada.

onlardan üç adam çağırıblar.

Amma, Təbriz civarında

25 milyon türkdən

bir kimsə düşməyib yada.

Fevral, 2006
Niyyətin hara, mənzilin ora
Ağac olmaq istəsən – çinar ol!

Daşa dönmək keçirsə ürəyindən – qaya ol!

Suya çevrilməkdirsə arzun – dəniz ol!

İnsan olmaqdırsa niyyətin – insan ol!

Niyyətin hara – mənzilin ora!

1977
Məsləhət
Görsən əgər, bir meydanda

at oynadır beş-üç nadan.

Bəri başdan – sən başını

götürüb qaç o meydandan.


2007
Sual
Sən ey Məkkəyə gedib,

Mina dağında,

Şeytana daş atan kəs!
Burdakı şeytanlara

kim daş atacaq, bəs?


2006
Günümüz var
Gündə bizə can yandıran,

Göydə qızmar Günümüz var.

Yaxşı qızına bilmirik,

Dərd adında günümüz var.


2000
Yupyumru
Sən – ömür yolunda

irəlilədikcə,

yuxarı qalxsan da

aşağı enəcəksən.

Bir ordan lap o taya yuvarlanıb,

heç görünməyəcəksən də!

Çünki, Yer kürə şəklindədir.

Həyatın sirri də

elə bu yumrudadır.

Yumrunun eniş-yoxuşu yoxdur.

Elə yupyumrudur ki, yupyumru!

Yumurlayıb aparır adamı.


Dekabr, 2006

Yaxınlaşma
Yeni il axşamı –

uşaqları aldadır.

Yeni il axşamı

uşaqlara bal dadır.

Qocalar bir az da

yaxınlaşır ölümə,

zülümə, bax, zülümə!

Yığışıb, bayram edirik

Ömrə qəsd edən günü.

Yanvar, 2007
Adamaldatma
Kapitalizm –

ayrı-ayrı dövlətləri

konfet kağızlarına büküb,

sonra da qarışdırıb, satır.

Soruşanda bu nə işdir, balam?

Deyir: Demokratiyadır!

üstəlik tərəzidə də

müştərini aldadır.



Dekabr, 2006
7-ci mikrorayonun küçələri
Bizim mikrorayonun

Dörd uzun küçəsi var,

«Gənclik» tərəfdən baxsan

üst küçələr babatdı,

alt küçələr bərbaddı.

* * *


Addımbaşı çuxurlar,

Addımbaşı nohurlar.

O başa on manatdı,

Bu başa on manatdı.


* * *

Kimdir yolun yiyəsi?

Bu necə nəqliyyatdı?

Mənim bu kəsə sözüm

«Zarafat»da çıxsa da,

Sanma ki, zarafatdı!


1976
Haşa
Sevinc də daşsa dərd olar.

Yaşamağın da həddi var.

Vay o gündən ömür daşa,

Haşa, o daşqından haşa!


1996
Lal, kar, kor
«Gəl dilini açaq»

dedilər lala.

«Yox» dedi: - çaşıb

bir söz deyərəm,

açar başıma bəla.

* * *


«Gəl qulağını açaq»

dedilər kara.

«Yox» dedi: - hələ ki,

karlığım gəlir kara.


* * *

«Gəl gözünü açaq»

dedilər kora.

«Yox» dedi: - koram,

qoy, elə kor qalım,

kor da gedim gora.


* * *

Qorxuram gözüm açıla,

Gördüyümə məəttəl qalam.

Gözlərim görə-görə,

Başqa bir dünya görəm.

1996
Sən varsan, deynən
Çay axır…

Mən də baxıram.

O da baxır.

İkimiz də görürük ki,

Çay axır.

Axan çaya baxıb

mən «çay axır» deyirəm.

O da axan çaya baxıb

«çay axmır» - deyir.

Mənə deyir, sən də

axan çaya baxıb,

«çay axır» - demə.


* * *

Deməli, sən varsan, deynən

Gərək, axan çaya baxıb,

çay axmır – deyəm.

Dünya dərəbəylikdir bəyəm?
Dekabr, 2007

**************


Çapa imzalanıb: 05.05.2010.

Format: 70x100 1/32. Qarnitur: Times.

Ofset kağızı: əla növ. Həcmi: 3 s.ç.v. Tiraj: 1000.

Sifariş №52. Qiyməti müqavilə ilə.


Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi

Bakı, Rəsul Rza küç., 125

Tel./faks 596 21 44

e-mail: mutarjim@mail.ru

525 Kitab” seriyasından



2009-cu ildə əsərləri nəşr olunan müəlliflər:

Dünya ədəbiyyatından
İosif Brodski

Orxan Pamuk

Şota İataşvili

Azərbaycan ədəbiyyatından

Anar


Elçin

Ramiz Rövşən

Əjdər Ol

Ədalət Əsgəroğlu







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə