Konstitusiya Məhkəməsinin hüquqi statusu




Yüklə 28.64 Kb.
tarix10.04.2016
ölçüsü28.64 Kb.
Konstitusiya  Məhkəməsinin hüquqi statusu

              Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyəti sisteminə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.Məhkəmənin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək,hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.Konstitusiya Məhkəməsinin hüquqi statusunun əsasları və səlahiyyətləri AR Konstitusiya ilə,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərin statusu,Konstitusiya Məhkəməsində icraatın prinsipləri, icraatın  əsasları isə 2003-cü  il 23 dekabr tarixli “Konstitusiya Məhkəməsi haqqında ”AR qanunu ilə,Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə,Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsilə və digər qanunlarla tənzimlənir.

          AR Konstitusiya Məhkəməsi hər biri təkrarən bu vəzifəyə seçilməmək şərtilə 15 il müddətinə seçilmiş 9 hakimdən ibarətdir (“Konstitusiya Məhkəməsi haqqında ”AR qanunu.maddə 14).Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.Konstitusiya Məhkəməsinin hakimləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Konstitusiya Məhkəməsi hakimlərinin müstəqilliyi onların səlahiyyət müddətində dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin edilməsinin, məsuliyyətə cəlb edilməsinin, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin və vəzifədən kənarlaşdırılmasının xüsusi qaydası ilə, Konstitusiya Məhkəməsinə hörmətsizlik göstərilməsinin və ya onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi ilə təmin olunur və onlara hakimlərin yüksək statusuna uyğun maddi və sosial təminatlar verilir.Bununla yanaşı Konstitusiya Məhkəməsinin hakimlərinin cinayət məsuliyyətinə cəlb olunması proseduru da məhz bu qanunla müəyyən olunur.Konstitusiya Məhkəməsi hakiminin yalnız cinayət başında yaxalanması zamanı cinayət məsuliyyətinə cəlb  edilir.Əgər hakimin cinayət hadisəsi törətməsi sübüt olunarsa, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada vəzifədən kənarlaşdırıla bilər.AR Konstitusiyasında qeyd olunur: 

Maddə 128. Hakimlərin toxunulmazlığı



IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.
V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.”

           Konstitusiya Məhkəməsinin hüquqi statusu məsələsini aydınlaşdırarkən,Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasında konstitusiya nəzarətini həyata keçirən orqan olmasına,insan hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsinə nəzarət edən orqan olmasına,normativ-hüquqi aktların rəsmi şərh edilməsini həyata keçirən orqan olmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə diqqət yetirsək görərik ki, Konstitusiya Məhkəməsi həm də dövlət orqanları arasında arbitr rolunda çıxış edir.

           Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi konstitusiya nəzarətini həyata keçirən orqandır.Konstitusiya nəzarəti hakimiyyət bölgüsünün mövcud olduğu demokratik dövlətlərdə mümkündür.Çünki məhz bu dövlətlərdə konstitusiya məhkəmələrinin fəaliyyəti üçün sisteçli əsas olur.Konstitusiya nəzarəti institutunun əsasları orta əsrlərdən təşəkkül tapmağa başlamışdır.Lakin  müasir dövrdə qəbul olunan bu anlayış hələ XIX-XX əsarlərə söykənir.1803-cü ildə ilk dəfə Marşalın rəhbərliyi ilə Ali Məhkəmə konstitusiya nəzarətinin əsaslarını formulə edən və məhkəmələrə konstitusiya nəzarətini həyata keçirməyə imkan verən qərar çıxardı.Konstitusiya nəzarəti  Konstitusiya müddəalarının aliliyini təmin edən bir vasitə olaraq demokratik cəmiyyətin əlaməti kimi qiymətləndirilməlidir.Konstitusiya nəzarəti dedikdə,Konstitusiya Məhkəməsi konstitusion normaların düzgün tətbiq edilməsinə,Konstitusiya tələblərinə zidd olan hüquqi aktların aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlər,Konstitusiyanın mətninə ediləcək əlavə və dəyişikliklərin konstitusiyanın əsas mətninə zidd olub-olmamasını müəyyən etmək və aradan qaldırmaqla Konstitusiyanın aliliyini təmin etməkdən ibarət nəzarət başa düşülməlidir.Bu anlayışın arxasında bütün qanunvericilik sisteminə nəzarət,bu sistemi təftiş etmə,ali hakimiyyət orqanları arasında konfliktlərin həlli normalarının təfsiri vasitəsilə birbaşa praktikanı istiqamətləndirmə kimi əhəmiyyətli səlahiyyətlər vardır.Konstitusiya nəzarətini həyata keçirən orqanlar məhkəmə orqanları və kvaziməhkəmə orqanları olmaqla iki yerə təsnif olunur.Konstitusiya nəzarətinin məhkəmə orqanları məhkəmələrin iş üsullarından istifadə edirlər.Fəaliyyətləri dəqiq şəkildə tənzim olunur.Qəbul olunmuş qərarlar məcburi xarakter daşıyır.Kvaziməhkəmə orqanlarının fəaliyyəti  isə qanunvericilkdə nisbətən səthi tənzim olunur.Bu orqanlar  adətən işə məruzə əsasında baxırlar.Konstitusiya nəzarəti anlayışına həmçinin AR Konstitusiyasının 148-ci  maddəsində öz əksini tapmış qanunvericilik sisteminə iyerarxik qaydada daxil olan normativ-hüquqi aktların de-lege prinsipinə uyğunluluğunun təmin edilməsi də daxildir.Qanunların Azərbaycan Respublikasının Konstitusiyasına,qanunqüvvəli aktların qanunlara uyğun olmasına nəzarət  Konstitusiya nəzarəti anlayışı ilə ehtiva olunur.Konstitusiya Məhkəməsi konstitusiya nəzarətini ilkin və sonrakı nəzarət olmaqla da həyata keçirir.İlkin nəzarətə misal olaraq,AR Konstitusiyasının 153-cü maddəsinə əsasən referenduma çıxarılmış təkliflərin Konstitusiyaya zidd olub-olmaması məsələsinin Konstitusiya Məhkəməsi tərəfindən müəyyən olunmasını göstərmək olar.Sonrakı nəzarət dedikdə isə,normativ hüquqi aktların qəbul olunması,onların icrasının qanuna müvafiq həyata keçirilməsi və ona nəzarət başa düşülür.Sonrakı nəzarətin müsbət cəhəti  ondan ibarətdir ki, aşkara çıxarılan ziddiyyət normalar sistemində artıq fəaliyyət göstərdiyi  zaman aşkar olunur və nəyin nəyə zidd olması,ziddiyyətin səbəbləri daha dəqiq müəyyən olunur.

      Konstitusiya Məhkəməsinin qərarları qətidir və heç bir orqan tərəfindən dəyişdirilə,ləğv edilə bilməz.Konstitusiyaya uyğunluğu yoxlanılan normativ-hüquqi aktların qəbulu prosedurası deyil,ziddiyyətli olması güman olunan maddənin özünün qəbul olunma qaydaları və s.məsələlər nəzərə alınmadan yoxlanılır.Konstitusiya Məhkəməsi eyni zamanda qanunların və normaların rəsmi şərh olunmasını həyata keçirən orqandır.Hüquq normasının məzmununun müəyyən edilməsinə,məna və məqsədlərinin,qanunvericinin istifadə etdiyi istilahların aydınlaşdırılmasına onun təfsiri-şərhi deyilir.AR Konstitusiyasına görə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin,Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin,Azərbaycan Respublikası Prokurorluğunun,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir. “Azərbayacan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”(24 dekabr 2002-ci il)AR Konstitusiya Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr İnsan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.Subyektə görə şərhin rəsmi növünə aid  edilən Konstitusiya Məhkəməsinin şərhi çətin anlaşılan istilahların izahı,realizəsi çətin olan müddəaların düzgün və dəqiq şəkildə tətbiq edilməsini əhəmiyyətli dərəcədə yüngülləşdirir.“Azərbayacan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”(24 dekabr 2002-ci il)AR Konstitusiya Qanununun 5-ci maddəsinə əsasən şəxsin insan hüquqlarını və azadlıqlarını pozan qanunvericilik,icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından,bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ vardır.Bu müddəa AR Konstitusiyasının 130-cu  maddəsində də öz əksini  tapmışdır. Azərbaycan qanunvericiliyinə  yeni daxil edilmiş  İnsan  hüquqları üzrə Müvəkkil də insan hüquq və azadlıqlarının pozulması ilə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verə bilər(AR Konstitusiyası.maddə 130. VII).Konstitusiya Məhkəməsinə icraat “Konstitusiya Məhkəməsi haqqında ”AR qanunun 25-30-cu maddələrində əksini tapmış prinsiplər əsasında həyata keçirilir:

   Qərəzsizlik və ədalət prinsipi-hakimlər işə qərəzsiz,müstəqil və ədalətlə baxırlar,

   Hər kəsin qanun və Konstitusiya Məhkəməsi qarşısında bərabərliyi prinsipi-irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir,

   Açıqlıq prinsipi-İşlərin icraatı açıq aparılır.İşə qapalı iclasda baxılmasına o halda  icazə verilir ki,Konstitusiya Məhkəməsi açıq icraatın dövlət,peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir,vətəndaşların şəxsi və ya ailə  həyatının məxfiliyini qorumaq zərurətini müəyyən edir,

   Tərəflərin hüquq bərabərliyi və çəkişməsi prinsipi-məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi ilə  həyata keçirilir,

   Icraatın aparıldığı dil-İcraat Azərbaycan Respublikasının dövlət dilində aparılır.

   Kollegiallıq-Konstitusiya Məhkəməsində  işlərə kollegial qaydada  baxılır.Konstitusiya Məhkəməsi palatalarının iclasında qərardadlar, plenumun iclaslarında  isə  qərar və qərardadlar qəbul olunur.Konstitusiya Məhkəməsi Plenumunun qərarı konstitusiya işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya Məhkəməsinin gəldiyi qənaəti əks etdirən və Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında qəbul edilən yazılı sənəddir.Konstitusiya Məhkəməsi Plenumunun qərarı,Azərbaycan Respublikasının Konstitusiyası və “Konstitusiya Məhkəməsi haqqında”Qanunla başqa qayda nəzərdə tutulmayıbsa,beş hakimin səs çoxluğu ilə qəbul edilir.Plenum tərəfindən qəbul edilən qərarları plenumun iclasına sədrlik edən imzalayır və bir qayda olaraq 15 gün müddətində Konstitusiya Məhkəməsinin iclasında elan edilir.Qərar  Azərbaycan Respublikası adındam çıxarılır və qətidir,heç kəs tərəfindən ləğv edilə,dəyişdirilə,təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir.Konstitusiya Məhkəməsinin fəaliyyətinin  maliyyələşdirilməsi  üçün  ayrılan  illik vəsait ötən maliyyə ilinə nisbətən azaldıla bilməz. Konstitusiya Məhkəməsinin hakimi hərbi çağırışdan və həbi toplanışdan azad olunur.Hakimin həyatı və sağlamlığı Azərbaycan respublikasının dövlət büdcəsi hesabına onun beş illik əmək haqqı məbləğində siğorta edilir.Hakimə və ya onun ailə üzvünə məxsus əmlakın hakimlik fəaliyyətilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimə və ya onun ailə üzvünə tam həcmdə ödənilir.

         Beləliklə,Konstitusiya Məhkəməsi geniş və yüksək səlahiyyətlərə malikdir və bu səlahiyyətlər çərçivəsində Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasında mərkəzləşdirilmiş qaydada konstitusiya nəzarətini həyata keçirir.1995-ci il 12 noyabr  tarixli Azərbaycan Respublikası Konstitusiyasının keçid müddəasında-11-ci bənddə qeyd olunurdu ki,konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətinə Konstitusiya Məhkəməsi haqqında qanun qəbul olunmalıdır və Konstitusiya Məhkəməsi yaradılmalıdır.Konstitusiya Məhkəməsi yaradılana qədər onun səlahiyyətləri həyata keçirilmir.1997-ci il 21 oktyabr tarixdə qanun  qəbul edildi və 1998-ci ildə isə müvafiq qurum yaradıldı. İctimai münasibətlərin inkişafı,hüquq sahəsində aparılan islahatlar nəticəsində 23 dekabr 2003-cü ildə dövrünün realliqlarını,ictimai münasibətlərini özündə əks etdirən yeni qanun yaradıldı.Lakin bu qanuna da müəyyən əlavə və dəyişikliklərin edilməsilə Konstitusiya Məhkəməsinin hüquqi statusunu,iş prinsiplərini müəyyən edən normalar daha da təkmilləşdirildi.    



Tağıyev Zaur Nadir oğlu 

BDU\Hüquq fakültəsi 3-cü kurs


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə