Kamran Nəzirli filologiya elmləri namizədi Məsləhətçi: Zeydulla Ağayev




Yüklə 0.93 Mb.
səhifə8/12
tarix10.03.2016
ölçüsü0.93 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Qara Pİşİk

Mən nəql edəcəyim çox dəhşətli və eyni zamanda adi əhvalata kiminsə inanacağını iddia etmirəm. Buna yalnız ağıl­dan kəm adam inana bilər. Vallah, bir azdan heç mən özüm də dediklərimə inanmayacağam. Amma mənim ağlım başımdadır, danışacaqlarım da əslində yuxu deyil.

Günü sabahdan mən artıq həyatda olmayacağam... və bu gün ürəyimi boşaltmaq, peşiman olduğumu etiraf etmək istəyirəm. Məqsədim ailə-məişət zəminində baş verən hadisələri müfəssəl şəkildə dünyaya çatdırmaqdır. Həm də deyim ki, bu hadisələr mənə faciədən başqa heç nə vermədi, dəhşət və fəlakət gətirdi, nəhayət, mənim evimi yıxdı. Hər halda, mənim bunları şərh-filan eləməyə fikrim yoxdur. Məncə, bu əhvalat bəzilərinə dəhşətdən daha çox əcayib görünsə də, məni yaman sarsıtdı. Gələcəkdə ola bilsin ki, hansısa bir düşünən adam mənim başıma gələn bu uydurma əhvalata sadəcə bir bədbəxt hadisə kimi baxsın. Daha çox məntiqi, daha çox soyuqqanlığı olan və əlbəttə ki, mənim kimi tez təsir altına düşməyən adam üçün bu, sadəcə təbii səbəb və nəticənin adi qanunauyğunluğudur.

Mən uşaqlıqdan sözə baxan və dərrakəli idim, xarakte­rim­də humanistlik vardı. Ürəyimin yuxa olmasına görə bəzən yaşıd­larım da məni qınayırdı.

Heyvanları xüsusilə sevirdim; valideynlərim mənim müx­təlif ev heyvanları saxlamağıma mane olmurdular. Mən demək olar ki, bütün boş vaxtlarımı ev heyvanlarına sərf edirdim. Bu mənə ləzzət verirdi; onları oxşayıb tumarlayanda və ye­diz­dirəndə elə bil mənə dünyanı verirdilər. İllər ötdükcə mə­nim xa­rakterimdəki bu keyfiyyətlər də inkişaf etdi; böyüyəndə artıq mə­nim zövq aldığım əsas həyat mənbələrindən biri də ev hey­vanlarına qarşı olan sevgim idi. Kim ki, it saxlayıb, kimin ki, sədaqətli və ağıllı itə bağlılığı var, bilir: it bu sevgiyə qarşılıqlı cavab verir. Bu təmənnasız və fədakar heyvanın sevgisində qəl­bi riqqətə gətirə bilən nəsə var: bunu hər adam bilməz, İnsana xas olan yalançı sədaqətlə, dostluğa namərdliklə dəfələrlə qarşı­laşan adamlar daha yaxşı anlayarlar.

Mən erkən evlənmişdim; xoşbəxtlikdən arvadım da mən xasiyyətdə idi. O da mənim ev heyvanlarına olan həvəsimə məm­nuniyyətlə qoşulur, ya da buna qətiyyən mane olmurdu. Bi­zim evdə quşlar, qızıl balıqlar, cins it, dovşanlar, meymun və bir pişik vardı. Bu pişik heyrətedici dərəcədə yekə və gözəl idi; tamam qara rəngdə olan pişiyimizin dərisində bir dənə ləkə yox idi. Ağıllıydı və bu barədə söhbət düşəndə mövhumatçı arvadım tez-tez qədimdənqalma xalq əlamətlərinə işarə vurardı və inanca görə bütün qara pişiklər qulyabani hesab edilir. Əlbəttə, arvadım bunu ciddi demirdi, elə-belə, sözgəlişi deyirdi. Mən bunu nahaq yerə xatırlamıram, çünki danışacağım əhvalata onun birbaşa dəxli var.

Pluton – pişiyin adı beləydi - mənim sevimli pişiyim idi və mən onunla tez-tez oyanyırdım. Onu həmişə özüm yedizdi­rir­dim və evdə hara gedirdimsə dalıma düşürdü. Pluton hətta küçədə-bayırda da məni izləyirdi və bəzən onu evə qaytarmaq üçün əziyyət çəkməli olurdum.

Bizim dostluğumuz bir neçə il davam etdi. Bu müddət ərzində sanki Şeytani Xislətin təsirindən mənim ehtiras və xa­rak­terim kəskin şəkildə dəyişdi (bunu boynuma almaqda xəcalət çəkirəm), özü də çox pis şəkildə dəyişdi. Mən günbəgün qəm-qüs­sə içində olurdum, nədənsə qıcıqlanmağa başlayırdım, qıcıq­landırırdım, ətrafdakı adamlara qarşı laqeyd olurdum. Hətta arvadımın üstünə də qışqırırdım, ona əl qaldırırdım. Məndə baş verən bu dəyişiklikləri ev heyvanları da duymuşdular.

Mən onlara da diqqətsiz olmağa başladım və hətta hey­vanlarla rəftarım sərtləşdi. Amma Plutona hələ də hörmət edirdim, onu incitmirdim. Məsələn, qarşıma çıxan dovşanlarla, meymunla, hətta itimlə yaman pis rəftar edirdim. Mən xəstələnmişdim, pis bir vərdişə - spirtli içkiyə qurşanmışdım. Bundan böyük bəla yoxdu dünyada. Hətta get-gedə yaşlaşan Pluton da bezmişdi məndən; o, mənim sərxoşluğuma dözə bilmirdi.

Bir dəfə gecə vaxtı evə sərxoş qayıtdım; şəhər ətrafındakı həmişə getdiyim qumarxanada möhkəm içmişdim. Yolda beynimə girdi ki, deyəsən pişiyim məndən qaçır. Evə gələn kimi pişiyi tutdum və mənim ona qarşı kobudluğumdan Pluton qorxdu. Əlimi yüngülcə dişlədi, yaramdan qan axmağa başladı və mən bərk qəzəbləndim. Elə bil şeytan məni yoldan çıxartdı və hiddətimdən cibimdən qələm yonan bıçağımı çıxartdım; artıq özümü ələ ala bilmirdim, hərəkətlərimə də cavabdeh deyildim. Bıçağı pişiyin düz boğazına dürtdüm, ürəyim soyumadı, sonra amansızcasına onun bir gözünü oyub yerə tökdüm. Bu şeytani vəhşiliyi qələmə alarkən mən indi xəcalət təri tökürəm, vicdan əzabı çəkir və kədərlənirəm.

Səhəri gün içkinin təsiri gedəndən sonra ayıldım; yaman peşiman olmuşdum. Vicdanımdakı bu ləkə məni incitməyə başladı və bu hiss getdikcə məndə qorxu və təlaş qarışıq peşimançılıq yaratdı. Lakin bunlar yalnız qarışıq, ikili hisslər idi. Beləliklə, törətdiyim əməl qəlbimdə heç bir iz buraxmadı və mən yenə içməyə başladım; tezliklə elədiyim hərəkətlərin bütün xatirəsini içdiyim şərabda boğdum.

Eyni zamanda Plutonun yaraları da yavaş-yavaş sağalırdı. Doğrudur, onun gözünün biri kor idi və bu görüntü adamı dəhşətli dərəcədə vahiməyə salırdı. Pişiyin ağrıları demək olar ki, getmişdi;o, evdə gəzib dolaşırdı. Lakin daha həmişəki kimi yox, qorxa-qorxa; məni görən kimi isə qaçıb aradan çıxırdı. Mən o qədər də daşürəkli deyildim və ilk vaxtlar mənə hədsiz bağlı olan bu varlığı incitdiyimə görə peşiman da olmuşdum. Lakin indi görürdüm ki, o, mənə nifrət edir və tezliklə pişiyin nifrəti qəzəblə əvəz olundu. Bu vaxt elə bil mənim axırım çatırdı və başım tamam pozulmağa başladı. Belə bir əhval-ruhiyyə barədə filosoflar heç nə bilmir. Lakin mən qəti əmin idim ki, başıpozuqluq insan qəlbinin primitiv impulslarından biridir - İnsan təbiətini müəyyən edən əzəli və ayrılmaz əsas keyfiyyətdir. Axı hansı bir adam həyatda heç bir səbəb olmadan yüz dəfələrlə alçaq, yaxud mənasız hərəkətə yol verməyib? Biz sağlam məntiqin əleyhinə olaraq daim Qanunu pozmuruqmu? Bəli, biz qanunu ona görə pozuruq ki, bu hərəkət qadağandır. Beləcə, mənim pozulmuş ruhi vəziyyətim öz sonumu mütləqləşdirdi. Elə bil ürək özünə ağlasığmaz işgəncə veriridi – elə bil ürək öz əzəli təbiətini zorlayır, yalnız şər xətrinə şərə xidmət etmək istəyində idi. Bütün bunlar məni dilsiz bir heyvana olmazın işgəncələr verməyə vadar etdi. Və bir gün səhər, necə oldusa, çox soyuqqanlı şəkildə pişiyin boğazına ilmə keçirib onu həyətdəki ağac budağından asdım. Gözüm yaşla dolsa da, qəlbim peşimançılıq hissi ilə döyünsə də Plutonu asdım. Aman Allah, o məni bir zamanlar necə möhkəm sevirdi! Mən onunla necə də ədalətsiz rəftar etmişəm! Çox böyük günah işlətdiyimi bilə-bilə pişiyimi öldürdüm, mən bununla da özümü ölümə məhkum etdim. Mən bilirdim ki, qəlbim rahatlıq tapmayacaq, mən dəhşətli uçuruma yuvarlanacaq, lənət yiyəsi olacağam, Allah-təalanın mərhəməti də mənə yetməyəcək, amma yenə də pişiyi asdım. Bəli, mən dəhşətli günah işlətdim və elə bu cinayəti törətdiyim gecə qəflətən qışqırtı səsinə oyandım. Kimsə “Yanğın!” deyə çığırdı. Çarpayımın üstündən asılmış pərdələr od tutub yanırdı. Ev büsbütün alov içindəydi. Arvadım, qulluqçu və mən az qala diri-diri yanacaqdıq, biz çətinliklə də olsa evdən çıxa bildik. Alov mənim bütün mülkiyyətimi külə döndərdi və elə həmin gündən bəxtim bağlandı, qəm-qüssə məndən əl çəkmədi.

Mən bu bədbəxt hadisəni amansız qəddarlığımla bağlamaq istəmirəm; səbəb və nəticəni araşdırmağa da halım yoxdur. Məqsədim hadisələrin zəncirvari təfsilatını izləməkdir. Mən bu zəncirin heç bir həlqəsindən, hətta şübhəli də olsa, qorxmuram.

Yanğının ertəsi günü mən külə dönmüş evimizə baxdım. Evin demək olar ki, bütün divarlarından əsər-əlamət belə qalmamaışdı. Təkcə ortadakı arakəsmə salamat idi. Mənim çarpayımın bir ucu elə həmin arakəsməyə toxunurdu. Burda suvaq alovla əməlli-başlı əlbəyaxa olmuşdu və demək olar ki, qalib gəlmişdi. Çünki divarın malası təzəcə vurulmuşdu. Arakəsmənin yanında çoxlu adam vardı və hamı gözlərini hansısa bir nöqtəyə zilləyib təəccüblə deyirdi:”Çox qəribədir!”, “İşə bir bax, bu, nədir belə?!”. Bu heyrət dolu nidalar məni də maraqlandırdı. Həmin yerə yaxınlaşanda nə görsəm yaxşıdı?! Arakəsmənin başındakı ağ bir müstəvidə yekə bir pişiyin silueti görünürdü. Necə qəribə və ağlagəlməz bir siluet idi. Siluetdəki pişiyin boynunda ilmə təsviri də vardı.

Əvvəlcə bu kabus – onu başqa cür adlandıra bilmirəm- məni dəhşətə gətirdi, az qala ağlım başımdan çıxacaqdı. Özümə gələndən sonra yadıma düşdü ki, axı mən pişiyi bağçada, evə birləşən taxtanın tinindən asmışdım. Alov baş qaldıran zaman mərəkə qopmuş, adamlar bağçaya girmiş, kimsə ipi kəsmiş və pişiyi pəncərəsi açıq qalmış otağıma vıyıldatmışdır. Bəlkə də bu yolla məni yuxudan oyatmaq istəmişlər. Divarlar uçulanda dağıntı zərbələri pişiyin meyitini təzə suvaq çəkilmiş arakəs­məyə çırpmışdı. Od-alov pişiyin meyitini də külə döndərmiş, lakin onun əksi arakəsmənin divarına həkk olunaraq qalıb.

Mən bir qədər sakitləşdim; içim rahatlanmasa da, soyuq başla düşündüm ki, bütün bu təfərrüatlar bir kabus kimi mənim qəlbimdə dərin iz buraxıb. Pişiyin qorxunc kabusu bir neçə ay məni izlədi. Bu müddət ərzində mənim qəlbim qarışıq, dumanlı hisslərlə dolurdu. Zahirən, yenə deyirəm, bu, peşimançılıq hissi kimiydi. Hətta itkiyə görə təəssüflənirdim də. Beləliklə, gün­lərin bir günü zir-zibil yerlərində həmin cinsdən olan pişik axta­rışına başladım. Düşünürdüm ki, bəlkə ona oxşar olan tapacağım pişik onu əvəz etdi.

Günlərin bir günü, gecə yarıdan keçmiş mən tək-tənha oturub dalğın fikirlərə qərq olmuşdum. Birdən yaxındakı həyətdə yekə bir çəlləyin üstündə nəsə qara bir şey diqqətimi cəlb etdi. Gözlərimi ora zillədim, bir qədər də təəccüb etdim ki, axı necə olub, bu qəribə şeyi indiyə kimi görməmişəm. Yaxınlaşıb həmin qara şeyə toxundum, qara bir pişik idi- lap yekəsindən, Pluton kimi; elə bil almanı ikiyə bölmüşdülər. Fərq bircə ondaydı ki, Plutonun dərisi tamam qaraydı və bir dənə də ağ zolaq yox idi. Bu pişiyin isə sinəsi demək olar ki, büsbütün ağ ləkələrlə doluydu.

Mən ona toxunanda pişik bərkdən miyoldadı, sonra bir qədər mırıldadı və bədənini əlimə sürtməyə başladı; görünür, ona toxunduğuma məmnun idi. Elə mən də belə bir pişik axtarırdım. Dərhal onu almaq istədim, lakin həyətin sahibi pul götürmədi; o, bu pişiyin hardan peyda olduğunu da bilmədi, dedi ki, heç əvvəllər də onu görməyib.

Pişiyi sığallamağa başladım; evə qayıtmaq istəyəndə gördüm ki, pişik mənim dalımca düşüb. O, yolboyu məni izlədi, hərdən əyilib pişiyə sığal da çəkirdim. Pişik evə çatan kimi özünü elə apardı ki, guya elə həmişə bu evdə yaşayıb. O, dərhal arvadımın süvimlisinə çevrildi.

Lakin getdikcə məndə pişiyə qarşı ikrah hissi yaranmağa başladı; heç özüm də bilmirəm bu necə baş verdi. Pişiyin mənə qarşı aşıq-aşkar sevgi nümayiş etdirməsi, məndə qıcıq və dilxorçuluq oyadırdı. Bu qıcıqlar tədricən nifrətə çevrildi. Mən çalışırdım ki, hər vasitəylə pişikdən qaçım. Onunla da haqq-hesab aparmamağıma səbəb mənim əvvəlki pişiyə qarşı etdiyim amansız hərəkətlərimdən miras qalan dumanlı peşimançılıq hisslərim idi; qabağımı kəsən məhz bu hisslər idi. Həftələr ötdü. Bu müddət ərzində pişiyə barmağımın ucuyla da olsa, toxunmadım, ona əl qaldırmadım. Lakin içimdə ona qarşı anlaşılmaz duyğular, yəni neqativ hisslər oyanırdı; bu hisslər tədricən, yavaş-yavaş mənim bütün vücudumu izaholunmaz vahiməyə bürüdü. Mən bu mənfur heyvandan taundan qorxan adam kimi dinməzcə qaçırdım.

Mən bu pişiyi bir də ona görə sevmirdim ki, onu evə gətirən günün səhərisi gördüm ki, Pluton kimi onun da bir gözü oyulub. Bu mənzərə arvadımın pişiyə olan sevgisini azaltmadı, əksinə, bayaq dediyim kimi, arvadım mənim lap əvvəllər pişiyə qarşı olan heyrətamiz humanizmimi nümayiş etdirir, pişiyin evdə olmasından məmnunluq duyurdu.

Lakin açıq görünürdü ki, pişiyə nifrət bəslədikcə, o, mənə daha çox yaxınlaşırdı, məni daban-dabana izləyir, dalıma düşüb gəzirdi; bunu təsvir eləmək çətindi. Bir də görürdün, gəlib gi­rir­di oturduğum stulun altına, ayaqlarıma sürtünür, quyruğunu yu­xa­rı qaldırıb mırıldanır, gah da dizimin üstünə çıxır, məni üşən­di­rici nəvazişləri ilə oxşamağa çalışırdı; durub getmək istə­yəndə ayaqlarıma dolaçırdı, az qala yıxılırdım. Ya da bir də görürdüm ki, iti dırnaqları paltarıma ilişdi, ya sinəmin üstündə oturdu. Be­lə vaxtlarda özümü güclə saxlayırdım, onu yerindəcə öldürmək istəyirdim, bundan əvvəlki qəddarlığım üçün çək­di­yim peşmançılıq hissi məni növbəti bir günah işlətməyə qoy­mur­du. Gizlətmək istəmirəm, açığı mən bu məxluqdan qor­xur­dum.

Bu qorxu əslində fiziki şeytan qorxusu da deyildi - bu hissi müəyyən etməkdə çətinlik çəkirəm - indi həbsdə olduxum vaxt bunu boynuma almaqda xəcalət çəkirəm. Xəcalət çəkirəm ki, bu dəhşətli bir kabusu mənim qəlbimə o pişik saldı, canımda ağlagəlməz vahimələr oyatdı. Arvadım pişiyin boynundakı yekə ağ ləkəni bir neçə dəfə mənə göstərdi; bu ləkə yeganə əlamət idi ki, onu Plutondan fərqləndirirdi. Oxucu yəqin ki, xatırlayır: bu ləkə həddən artıq yekə idi, lakin əvvəlcə o, dalğavari idi, ötəri görünürdü, ayırd etmək olmurdu, lakin sonradan bu ləkə bir qədər də böyüdü, aydınca görünməyə başladı. Elə buna görə də mən bu varlıqdan qorxmağa başladım, ona nifrət etdim. Bu kabusdan qurtulmaq üçün özümdə təpər tapa bilmirdim, ondan, lənətəgəlmiş bu şeytani varlıqdan xilas olmaq istəyirdim. Həmin gündən bu pişik mənim gözümdə Qan Çanağına döndü, qəddar, amansız bir Dəhşət, son dərəcə qorxunc Kabus, Zillət və Ölüm mücəssəməsinə çevrildi.

İndi ölümə məhklum edilmişlər arasında demək olar ki, ən bədbəxti mən idim. Bu zəhrimar və məlun pişik mənim öldürdüyüm o biri mənfur qara pişik kimi gözlərini bir an belə məndən çəkmir, mənə, Allahın yaratdığı Bəndəyə olmazın əzab verirdi; bunlar çox dözülməz idi. Heyhat!!! Mənim nə gecəm, nə də gündüzm vardı. Bu mənfur varlıq gündüzlər bir an belə məndən aralanmır; gecələr dəhşətli, iztirabverici yuxular görürdüm, ayılanda isə sifətimdə bu varlığın isti nəfəsini duyur, onun dözülməz ağırlığını hiss edirdim. Bu çox ağır bir cəhənnəm varlığıydı;onu üstümdən atmağa qadir deyildim. Pişik ürəyimin başında elə bil ağır bir daş olub oturmuşdu.

Bu iztirablar qəlbimdə qalan sonuncu xeyirxah hissləri də yuyub apardı. Mənim beynimdə indi yalnız amansız, qara-qura fikirlər dolaşırdı. Qüssəli durumum bütün canlı varlıqlara nifrətimlə əvəz olunmağa başladı; mən hətta insan cinsindən olan bütün varlıqlara da nifrət etməyə başladım; ən başlıcası isə heç nədən əsəbləşir, hirsimi cilovlaya bilmirdim. Bir yandan da məni arvadımın sakit təbiəti və sonsuz səbri qıcıqlandırırdı.

Bir dəfə hansısa iş üçün arvadımla birlikdə köhnə evimizin zirzəmisinə düşdük; kasıb vaxtlarımızda biz bu evdə yaşayırdıq. Pişik də mənim dalımca düşdü, əyri pilləkəni endikcə o da arxadan gəlib mənim ayaqlarıma dolaşdı. Mən büdrədim və az qala yıxılıb boynumu sındıracaqdım. Hirs vurdu təpəmə və baltanı götürdüm. Bir anlıq hər şeyi unutdum, məni indiyə kimi saxlayan qorxu hissi də uçub getdi və pişiyə elə bir zərbə vurmaq istədim ki, yerindəcə qalsın. Lakin arvadım qoymadı, əlimi tutdu. Hiddətdən rəngim ağarmışdı, əlimdəki balta ilə arvadımın başına necə möhkəm zərbə vurduğumu belə bilmədim. O, heç bir səs çıxarmadan yerə yıxıldı və öldü.

Bu dəhşətli qətli törətdikdən sonra çox soyuqqanlıqla meyiti gizlətmək barədə düşündüm. Arvadımın meyitini nə gündüz, nə də gecə evdən çıxarıb apara bilməzdim; böyük risk idi, qonşular görə bilərdi. Ağlıma min cür fikir gəldi. Əvvəlcə düşündüm ki, meyiti hissə-hissə parçalara bölüm, peçdə yandırım. Gah da fikirləşdim ki, onu elə zirzəmidə basdırım, lakin gah da düşündüm ki, yaxşısı budur onu həyətdəki quyuya atım, yaxud da yeşiyə qoyub ağzını mismarlayım, bir hambal tutum, yeşiyi də verim aparıb atsın zibilliyə. Nəhayət, ən münasib yol seçdim. Mən meyiti divara hörməyi qərara aldım; orta əsr monaxları da öz qurbanlarını beləcə divara hörürdülər.

Zirzəmi bu məqsəd üçün ən münasib yer idi; divarların hörgüsü o qədər də möhkəm deyildi, həm də onları bu ya­xın­lar­da malalamışdılar. Suvağın nəmliyi hələ çəkilib getməmişdi. Bundan başqa divarlardan birində ocaq və ya divar sobası üçün dəlik yeri vardı ki, onu da kərpiclə örtüb malalamışdılar. Şübhə etmirdim ki, bu kərpicləri mən asanlıqla çıxaracağam, orada meyiti gizlədib yenidən hörəcəyəm; belədə heç kəsin ağlına belə gəlməz ki, bura meyit hörülüb.

Mən yanılmamışdım, dərhal lingi götürüb kərpicləri çıxart­dım, meyiti üzüqoylu divarın içinə söykədim, sonra da çətinlik çəkmədən kərpicləri yerinə düzdüm. Qum və sementdən palçıq düzəldib səliqəylə hörgüyə başladım; əvvəlkindən heç də fərqli olmayan mala çəkdim. İşi qurtaran kimi əmin oldum ki, hər şey yaxşıdır. Sonra döşəməni təmizlədim, zir-zibili yığışdırdım və sanki qalib kimi ətrafa göz gəzdirdim, öz-özümə dedim:”Axır ki, əziyyətim hədər getmədi, hər şey yaxşı qurtardı...”

Mənim növbəti addımım pişiyi, mənə bədbəxtlik gətirmiş o pişiyi axtarmaq idi. Mən qəti əmin idim ki, onu da öldür­mə­li­yəm, əlimə düşsəydi onu gəbərdəcəkdim. Pişik mənim qəzə­bim­dən qorxub qaçmışdı, elə bil bu bic heyvan buxarlanıb yoxa çıxmışdı; siz təsəvvür edin ki, bu pişik yoxa çıxandan sonra mən necə də yüngülləşmişdim. Pişik bütün gecəni mənim gözü­mə görünmədi, həmin gecə ilk dəfəydi ki, mən rahatca yatdım; hə, bax, beləcə yatdım, amma sinəmdən elə bil böyük cinayət daşı asılmışdı.

İk-üç gün ötdü. Mənə iztirab və bədbəxtlik gətirən pişik hələ də görünmürdü; mən azad nəfəs almağa başladım. Dəhşətli kabus evimizdən əbədi olaraq çıxıb getmişdi. Mən onu bir daha görməyəcəkdim! Necə də rahat bir həyat sürəcəkdim! Törət­di­yim cinayətə görə peşimancılıq barədə düşünmək belə istə­mir­dim. Doğrudur, arada kiçik bir istintaq da oldu, lakin mən bu işin altından asanlıqla çıxdım. Hətta evi də axtarış elədilər, əlbəttə ki, heç nə tapmadılar və mən şübhə etmirdim ki, innən belə xoşbəxt yaşayacağam.

Qətl hadisəsinin dördüncü günü evə qəflətən polislər gəldi; onlar evi yenidən ələk-vələk etdilər. Mən isə arxayın idim ki, arvadımın meyitini tapa bilməzlər. Polislər məni də axtırışa qoş­du­lar. Onlar bütün künc-bucağı axtardılar, nəhayət, üçüncü, ya­xud dördüncü dəfə zirzəmiyə düşdülər. Mənim heç vecimə də de­yildi. Ürəyim aramla döyünürdü;rahatca yatıb durmuşdum. Mən də onlarla birgə zirzəmini gəzib dolaşdım, qollarımı çar­paz­layıb gah o başa, gah da bu başa gedib-gəldim. Polislər öz işlə­rini görüb qurtardıqdan sonra getməyə hazırlaşırdılar. Ürə­yim­də sevinirdim; sevincimi gizlədə bilmirdim. Bu təntənəni bütün varlığımla duymaq üçün polislərə nəsə bir xoş söz demək istəyirdim; sonuncu dəfə öz günahsızlığım barədə nəsə söylə­mək ürəyimdən keçirdi. Nəhayət, polislər əyri pilləkənləri qal­xarkən özümü saxlaya bilmədim, dedim:

- Cənablar, sizin şübhələrinizi dağıtdığım üçün məmnu­nam. Hamınıza can-sağlığı və bir qədər də nəzakətli olmağı ar­zu­layıram. Yeri gəlmişkən, cənablar, deyim ki, gördüyünüz bu ev... hə, bu ev çox möhkəm tikilidir (dediklərimə güclə hesabat verirdim); mən deyərdim ki, tikinti sadəcə olaraq çox gözəldir. Hələ bu divarların hörgüsü... Ah, siz tələsirsiniz, cənablar? Hə, nə deyirdim... bu divarların hörgüsündə bir dənə də olsun çat, ya da yarıq yoxdur.

Birdən mən sarsaqladım və əlimdə tutduğum əl ağacını arvadımın meyitini hördüyüm divara zərbələr vurdum.

Aman Allahım, məni şeytanın caynaqlarından qoru! Zər­bə­lər hörülmüş kərpiclərə dəyən kimi ordan səs gəldi!- ordan bir çığırtı qopdu! Əvvəlcə küt bir səs çıxdı, elə bil uşaq ağla­yır­dı; birdən bu səs fasiləsiz olaraq uğuldadı, bərkdən çığırdı. Bu, vəhşi səsiydi, insan səsi deyildi. Bu səs heyvan iniltisiydi, ada­mın ürəyini parçalayan ulartıydı; bu səsdə təntənə ilə qarışıq qor­xu və vəhşət də vardı; bu səs yalnız cəhənnəmdən gələ bilər­di; o cəhənnəmdən ki, orda bütün ölməyə məhkum edilmişlər əbə­di cəhənnəm əzabı çəkir və şeytanlar təntənəylə şadyanalıq edirlər.

Bu anda beynim dumanlandı; demək olar ki, bütün his­slər­dən məhrum oldum; qəşş edib qarşıdakı divara tərəf yıxıldım. Polislər bir anlıq quruyub qaldılar; onlar dəhşət və təəccüb için­dəydilər. Polislərdən bir neçəsi dərhal kərpic divarları uçur­t­mağa başladı; uçulmuş divarın içindən arvadımın artıq dağılmış və qan içində olan meyiti göründü. Meyidin kəlləsində qırmızı qan içində durmuş pişik tək gözünü bərəldib bizə baxırdı. Bu dəhşətli kabus məni arvadımı öldürməyə vadar etmişdi, hələ üstəlik öz iniltili fəryadı ilə mənim özümü də cəlladların əlinə verdi. Mən bu müdhiş varlığı divar qəbirə hörmüşdüm...



Uilyam Somerset Moyem

(İngilis yazıçısı)

Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi Uilyam Somerset Moyem uzun­ömür­lü həyatı və yaradıcılığı boyu yazıçılıq mədəniyyətinə sadiq­lik nümayiş etdirmişdir. O, demək olar ki, bütün əsərlə­rində - hekayə, roman, pyes, esse, məqalə və məktublarında bunun sirrini özünəməxsus çəkildə anlada bilmişdir. Bəs bu sirr nədən ibarətdir? Onun hər hansı bir hazır tərifi, yaxud elmi-nəzəri sistemi varmı? Moyemin qənaəti belədir: hazır resept yox­dur!Moyemə görə, yazıçının mədəniyyəti onun sadə və anlaşıqlı dildə və yalnız oxucu üçün yazmasındadır.

Uilyam Somerset Moyem 1874-cü il yanvarın 25-də Pa­ris­də anadan olub. Bu zaman onun atası Fransada Böyük Bri­taniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də vali­deyn­ləri Uilyamın doğuş mərasimini səfirliyin ərazisində hə­yata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.

Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dün­yasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moyem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir.

Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur, bilik və həyat təcrübəsi qa­zanır.

O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” - Liza of Lambeth,), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöh­rət gətirir.

Moyem Birinci dünya müharibəsi zamanı Britaniya kəş­fiy­yat idarəsi ilə əməkdaşlıq edir və kəşfiyyatçı kimi Rusiyaya gön­dərilir. Sonralar Moyem bu barədə bir kitab da yazır (“Eşenden, yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928).

Müharibədən sonra Moyem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur.

1919-cu ildə Moyemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.

Moyemin “Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The Constant Wife, 1927), “Teatr” (The Theater), “Şeppi”(Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və Qəpik” (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.

Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhə­rin­dəki xəstəxanada sətəlcəmdən vəfat edir; lakin fransız qanun­la­rına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı vil­lasına aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini ya­yırlar. Dekabrın 22-də Moyemin nəşi İngiltərədəki Kan­ter­beriyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitab­xa­na divarına hörülür.

Luİza

Luizanın mənimlə görüşməyə nəyə görə can atmasını heç vaxt başa düşmürdüm. O, məni sevmirdi; arxamca danışanda isə ən nəzakətli tonda pis sözlər deyirdi. Luiza sərt sözləri də birbaşa, lakin həddən artıq mülayim şəkildə ifadə edirdi. Luizanın ikibaşlı sözləri, köks ötürməsi öldürücüydü; amma onun gözəl əllərinin yüngül hərəkətləri tikanlı nitqindən daha əlvan idi. Bu qadın ən zəhərli komplimentlər ustasıydı.

Biz biri-birimizi düz iyirmi beş il idi ki, yaxından tanyırdıq; amma mən heç vaxt inanmırdım ki, köhnə tanışlıq onun üçün nəsə əhəmiyyətli bir şey olsun. Luiza məni kobud, sərt, abırsız və ədəbsiz hesab edirdi. Mən qarışıq suallar içində itib-batmışdım: axı nə üçün o, məndən əl çəkmir? Çox qəribəydi: Luiza məni rahat buraxmır, elə hey səhər yeməyinə, nahara dəvət edirdi.

Luiza şənbə və bazar günləri məni şəhər ətrafındakı bağına bir-iki dəfə nahara dəvət etdi. Nəhayət, başa düşdüm ki, bu, nə məsələdir; Luizaya əzab verən şübhə vardı; o, mənim ona inanmadığımı bilirdi, elə buna görə də məni sevmirdi; bununla belə, mənimlə təmasdan qaçmırdı, çünki mən yeganə adam idim ki, onu ciddi qəbul edirdim, bu da onu qəzəbləndirirdi.

Luiza daim narahat idi; çalışırdı ki, mən ona təslim olum, səhvlərimi boynuma alım. Görünür, Luiza dumanlı da olsa, hiss etmişdi ki, mən onun iç üzünü tanımağa başlamışam. O da dəridən-qabıqdan çıxırdı ki, məni öz həqiqətinə inandırsın, lakin mən inadımdan əl çəkmirdim; amma Luizanın xalis yalançı olmasına sona qədər əmin deyildim. Ola bilsin ki, o, özünü başqalarına nisbətən daha az aldadırdı; bəlkə də qəlbində adamlara gülürdü. Əgər beləydisə, onda düşünürdüm ki, bizim hər ikimiz fırıldaqçıyıq, bizi biri-birimizə bağlayan ümumi bir sirr var, onu da heç kim bilmir və ağlına belə gətirmir.

Mən Luizanı ərə getməmişdən qabaq tanıyırdım. Luiza çəlimsiz, arıq bir qız idi; onun qəmli, iri gözləri vardı. Valideynləri onu çox sevirdi; hansısa xəstəlikdən sonra, deyəsən yoluxucu idi, onun ürəyində problemlər yarandı və elə buna görə də ata-anası qızın üstündə əsməyə başladı, ona xüsusi diqqət göstərdi.

Tom Meytlənd Luizaya evlənməyi təklif edəndə valideynləri dəhşətə gəldi; axı qızları ailə həyatının ağırlıqları üçün hələ çox zərif idi, buna tab gətirə bilməzdi. Luizanın ata-anası güclə dolanırdı, yaşamaq onlar üçün çətin idi, Tom Meytlənd isə varlı adamıydı. Tom and içdi ki, Luiza üçün hər şey etməyə hazırdır, təki ona ərə gəlsin. Nəhayət, Luizanın valideynləri Tomun qızı yaxşı himayə edəcəyi vədinə inandılar. Tom Meytlənd boy-buxunlu, sağlam bədənli, qəşəng bir oğlan idi; o, həm də gözəl idmançıydı. Tom onu canı qədər istəyirdi; o, başa düşürdü ki, Luizanın xəstə ürəyi var və qız bu ürəklə çox yaşaya bilməz. Bununla belə, Tom nə qədər ömrü qalıbsa, bu müddət ərzində Luizanı xoşbəxt etməyi qərara aldı. Tom sevimli idmanından əl çəkdi; ona görə yox ki, Luiza bunu ondan tələb edirdi (Luiza onun uğurlarına sevinirdi). Çox qəribə təsadüf idi: Tom idmana, tutaq ki, qolf oynamağa, yaxud ova getməyə hazırlaşanda, bir də görürdün ki, Luizanın ürəyi getdi; o, bayılırdı.

Lakin hər hansı bir məsələylə bağlı onların sözləri çəp gələndə Luiza dərhal güzəştə gedirdi; bu qadın yer üzündə yaşayan bütün qadınlardan bəlkə də ən üzüyolası idi; lakin Luizanın ürəyi sözünə baxmırdı. Qadın bəzən bir həftə çarpayıda, yorğan-döşəkdə qalırdı. Belə vaxtlarda quzu kimi mülayim olurdu, şikayət-filan eləmirdi. Əlbəttə, Tom onun istəklərinin əleyhinə getsəydi, bu, qəddarlıq olardı. Tom arvadının yorğan-döşəyə düşdüyünə günahkar olduğunu boynuna alır, uzun müddət Luizaya inandırmağa çalışırdı ki, o, səhv edib. Qadın yalnız uzun çək-çevirdən sonra nəhayət razılaşırdı ki, öz bildiyi kimi hərəkət etsin. Bir dəfə Luiza Tomla gəzməyə çıxanda bizdən heç səkkiz mil aralanmamışdı ki, mən Toma dedim ki, Luiza ilk baxışdan zəif olsa da, səndən daha güclüdür. Tom başını buladı və az qala uçundu. Dedi:



  • Yox, yox, nə danışırsan? Sağlamlığı yaxşı deyil. Ona dünyanın ən yaxşı həkimləri baxıb; həkimlər deyir ki, Luizanın həyatı tükdən asılıdır. Sadəcə onun qeyri-adi iradəsi var, vəssalam.

Tom mənim Luiza barədə dediklərimi ona çatdıranda əzabkeş qadın belə dedi:

  • Günü sabah mənə göz dəyəcək, baxarsız, mən ölümün bir addımlığında olacağam...

Mən isə etiraz etdim:

  • Lakin mənə elə gəlir ki, sizin kifayət qədər gücünüz var; istək də olsaydı... pis olmazdı....

Mən çoxdan müşahidə etmişdim ki, şən məclisdə, arzu olunan tay-tuşlar arasında bu qadın hətta bütün gecəni yorulmadan rəqs oynaya bilir; əgər burada ona sərf etməyən darıxdırıcı bir şey, yaxud kimsə olsa, Tom mütləq onu evə aparır.

Deyəsən mənim cavabım onun xoşuna gəlməmişdi, Luiza mənə nəzakətlə gülümsədisə də, onun iri, mavi gözlərində ciddilik vardı. Nəhayət, Luiza dedi:



  • Siz, düzü, gözləyirdiniz ki, mən yıxılıb öləcəyəm və siz də baxıb həzz alacaqsınız...

Luiza ərindən çox yaşadı. Onlar yaxtada dəniz səyahətinə çıxmışdılar; Luiza donmamaq üçün yun şala bürünmüşdü. Tom isə möhkəm soyuqladı və öldü. Tomdan Luizaya yaxşı miras və bir qız övladı qaldı. Luiza ümidsiz idi və onun belə bir zərbəyə dözməsi də təəccüblüydü. Dostları Tomun ardınca onun da o dünyaya gedəcəyini gözləyirdi. Hamı Luizanın qızına acıyırdı; yazıq qızcığaz tənha qala bilərdi. Buna görə də dostlar Luizaya diqqəti ikiqat artırdılar; əlini ağdan qaraya vurmağa qoymurdular. Luizanın qayğısız və rahat olması üçün əllərindən gələni edirdilər. Başqa cür necə ola bilərdi?! Axı Luiza üçün hər hansı bir yorucu, yaxud maraqsız bir şey baş versəydi, dərhal ürəyini tutur, bayılırdı. Belə vaxtlarda o, ölümün bir addımlığında olurdu. Luiza deyirdi ki, onun qayğısını çəkə bilən adamın sadəcə olmaması onu məhv edə bilər, bəs o, sevimli Ayrisini bu zəif bədəni ilə necə böyüdəcək?! Hərdən, dostları deyirdi ki, yenidən ərə getsin. O isə ah-vay edir, cavab verirdi ki, bu xəstə ürəklə ərə getmək olar? Əlbəttə, sevimli Tomu da bu işi bəyənərdi, yəqin ki, Ayris üçün də yaxşı olardı. Eh, axı kim bu bədbəxt əlillə ailə qurar, onunla gün keçirmək istəyər, hə?

Qəribə də olsa, belə bir missiyanı öz üzərinə götürmək istəyən “ovçular” kifayət qədər tapıldı; Tomun ölümündən bir il keçmiş Luiza Corc Hobhaus adlı bir nəfərə ərə getdi. Corc qəşəng, ümidverici cavan bir oğlan idi; kasıb deyildi. O da Luizanın qulluğunda durmaqdan, bu çəlimsiz varlığa qayğı göstərməkdən əsir-yesir olur, bunu özünə şərəf hesab edirdi. Luiza isə ona deyirdi:



  • Darıxıb-eləmə, mənim ömrümə onsuz da az qalıb...

Corc şöhrətpərəst adam idi; hərbçiydi, ehtiyata buraxılmışdı. Luizanın sağlamlığı tələb edirdi ki, o, qışı Monte Karloda keçirsin, yayı isə Dovillada. Corc öz karyerasından dərhal əl çəkmək istəmədi, Luiza isə bu barədə əvvəlcə heç eşitmək belə istəmirdi; nəhayət, Luiza həmişə olduğu kimi güzəştə getdi. Beləliklə, Corc özünü bütünlüklə ona həsr etdi ki, heç olmasa arvadı qalan qısa ömrünü mümkün qədər xoşbəxt yaşasın. Luiza isə deyirdi:

  • İndi artıq ömrümə lap az qalıb. Mən çalışıram ki, sənə yük olmayım.

Xəstə ürəyinə baxmayaraq, növbəti iki-üç ildə Luiza demək olar ki, gözəl qiyafədə bütün gecə məclislərində, ziyafətlərdə kart oynayır, şənlənir, hətta gənc, qəşəng və hündürboylu cavan oğlanları bicliklə ələ almağa çalışırdı. Lakin Corc Hophaus Luizanın birinci əri kimi o qədər də dözümlü deyildi. O, Luizanın gündəlik qayğıları ilə yaşaya bilmirdi; buna görə də o, spirtli içkiyə qurşanmışdı. Görünür, Corc buna adət etmişdi və bu da Luizanın heç xoşuna gəlmirdi; lakin xoşbəxtlikdən (Luiza üçün), müharibə başladı. Corc hərbi hissəyə qayıtdı və üç ay sonra həlak oldu. Luizaya yenə ağır zərbə dəydi, lakin qadın başa düşürdü ki, belə vaxtlarda öz kədərinə qapılıb qalmaq olmaz. Onun ürəkkeçmələri baş versə də, bu barədə heç kəs xəbər tutmurdu. Fikrini dağıtmaq üçün Luiza Monte Karloda öz villasını sanatoriya elədi; bura sağalmaqda olan zabitlər üçün istirahət mərkəzinə döndü. Dostları Luizaya deyirdilər ki, o, bu cür gərginliyə dözə bilməz... Luiza razılaşırdı, deyirdi:

  • Əlbəttə, bu, məni öldürəcək... Bilirəm. Lakin problem də deyil. Mən öz borcumu yerinə yetirirəm...

Lakin bu iş də onu öldürmədi. Luiza həyatdan heç vaxt bu qədər ləzzət almamışdı. Onun sanatoriyası bütün Fransada ad çıxarmışdı.

Mən Luizanı təsadüfən Parisdə gördüm. O, “Rits” restoranında çox yaraşıqlı, hündürboy bir fransız gənci ilə səhər yeməyi yeyirdi. Luiza mənə dedi ki, bura sanatoriyanın işindən ötrü gəlib. Zabitlər ona qarşı son dərəcə nəzakətlidirlər. Onlar bilirlər ki, o, çəlimsiz, zəif qadındır; buna görə də onu əziyyət çəkməyə qoymurlar. Zabitlər ona lap sevən ər kimi diqqət və qayğı göstərirlər... Sonra Luiza ah çəkdi və dedi:



  • Yazıq Corc, kim bilərdi ki, mən bu ürəklə ondan çox yaşayacam?

  • ...və yazıq Tom!- mən də əlavə etdim.

Bilmirəm nə üçünsə, mənim bu sonuncu sözlərim onun xoşuna gəlmədi. Luizanın üzünə adəti üzrə əzabkeş bir təbəssüm qondu və onun gözəl gözlərindən yaş axdı.

- Siz həmişə elə danışırsız ki, guya mənim günahım var... Mənə elə gəlir ki, siz məni qınayırsınız... Mənim ömrümə onsuz da az qalıb... və məncə, siz buna görə də məni günahkar hesab edirsiniz...

- Yeri gəlmişkən, sizin ürəyiniz artıq sağalıb....- dedim.

- O heç vaxt sağalmayacaq. Mən bu gün özümü bir mütəxəssisə göstərdim. Dedi ki, mən gərək hər gün, hər an hər şeyə hazır olam...

- Boş şeydi, siz artıq iyirmi ildi bu ölümə hazırlaşırsınız...

Müharibədən sonra Luiza Londona köçdü. O, hələ də arıq, çəlimsiz idi, gözləri iri, lakin solğun olmuşdu. Luizanın qırxa yaxın yaşı olsa da, heç kim ona iyirmi beşdən artıq yaş verməzdi. Ayris pansiondan çıxmış, artıq yekə qız olmuşdu; o, köçüb gəlmişdi Luizanın yanına və onunla birgə yaşayırdı.



  • Qızım mənim qayğıma qalacaq,- Luiza deyirdi.- Əlbəttə, onun üçün belə bir əlillə yaşamaq çətin olacaq; lakin Ayris şikayətlənən qız deyil... Axı mən də günlərimi sayıram, az qalıb ömrümə...

Ayris gözəl idi; ona bütün ömrü boyu demişdilər ki, anan ciddi xəstədir. Hətta uşaqlıqda səs-küy salmağa belə icazə vermirdilər. Qız həmişə başa düşürdü ki, anasına həyəcanlanmaq olmaz; hər cür rahatsızlıq ona ziyandır. Buna baxmayaraq, indi Luiza əminliklə deyirdi ki, heç vaxt razı olmaz ki, qızı özünü yaşlı, əldən düşmüş bədbəxt bir qadına həsr etsin. Ayris bunu eşitmək belə istəmirdi. Bu ki, özünü qurban vermək deyil?! Xoşbəxtlikdir! Yazıq anaya nədəsə kömək köstərə bilirsənsə, bundan böyük səadət olar?! Luiza isə dərindən ah çəkib onun xidmətini qəbul edirdi.

  • Mənə yardımçı olmaq Ayrisin ürəyincədir,-Luiza dedi.

  • Sizə elə gəlmirmi ki, Ayris daha çox adamlar arasında olmalıdır?- deyə soruşdum.

  • Mən elə bunu ona hər gün deyirəm. Onu əylənməyə məcbur edə bilmirəm... Allah görür, mən istəmirəm ki, kimsə məndən ötrü əziyyət çəksin.

Mən Ayrislə bu barədə söhbət edəndə, görün o mənə nə dedi:

  • Yazıq anam! Dostlarıma qonaq getməyimi, onlarla məclislərdə olmağımı istəyir...lakin mən harasa getmək üçün hazırlaşanda, o saat anamın ürəkkeçməsi tutur... Yaxşısı budur, elə evdə oturum...

Çox keçmədi ki, Ayris sevdi. Mənim bir tanışım vardı; çox yaraşıqlı, münasib bir gənc idi. O, sevgisini Ayrisə bildirdi və qız da ona könül verdi. Ayris mənim xoşuma gəliridi, buna görə də onun bu sevdasına sevindim. Sevinirdim ki, nəhayət, bu qızın da öz ailə həyatı olacaq. Görünür, Ayris əvvəllər heç ağlına gətirməzdi ki, belə şey ola bilər.

Günlərin bir günü Ayrisin nişanlısı məyus-məyus mənə dedi ki, toy qeyri-müəyyən müddətə təxirə salınıb. Ayris anasını tək qoymaq istəmir. Əlbəttə, bunun mənə dəxli yox idi, lakin buna baxmayaraq, Luiza ilə görüşməyi qərara aldım. Luiza adətən dostlarını çay süfrəsinə dəvət edirdi; indi bir qədər yaşlaşmış, ətrafına rəssamları və yazıçıları yığmağa başlamışdı.



  • Eşitmişəm Ayris ərə gedir,- deyə hal-əhvaldan sonra soruşdum.

  • Hələ məlum deyil. Hələ ki yox! Amma çox istərdim ki, o, ərə getsin. Mən onun ayaqlarına döşənib yalvardım ki, ərə getsin, o isə məni tərk etmək istəmədiyini bildirdi.

  • Sizə elə gəlmirmi ki, onun üçün çətindi?

  • Dəhşətli dərəcədə. Düzdür, mənim vaxtıma bir neçə ay qalıb; lakin düşünəndə ki, kimsə özünü məndən ötrü qurban verir, az qalır bağrım çatlasın...

  • Əzizim Luiza, siz artıq iki ər dəfn eləmisiniz, düzü, mən bir şeyi başa düşmürəm: axı nə üçün siz daha ikisini də basdırmayasınız?

  • Burda gülməli heç nə görmürəm,- qadın soyuqqanlıqla dilləndi.

  • Arzuladığınız niyyətlərə çatmağa sizin kifayət qədər gücünüz çatır: çox qəribədir, hansısa bir şey istədiyiniz kimi olmursa, o saat xəstə ürəyiniz sizə mane olur... Qəribə deyilmi?

  • Ah! Mən yaxşı bilirəm siz mənim barəmdə nə düşünürsüz. Siz heç vaxt mənim ciddi xəstə olduğuma inanmamısınız. Elə deyilmi?

Mən düz onun gözlərinin içinə baxdım. Dedim:

  • Heç vaxt! Hesab edirəm ki, bu iyirmi beş ildəki davranış və hərəkətləriniz başdan-ayağa saxtadır. Mən həyatımda sizin kimi özündənrazı və qəddar qadına rast gəlməmişəm... Siz iki bədbəxt adamın – sizinlə ailə quran adamların həyatını məhv etdiniz. İndi də doğma qızınızın həyatını cəhənnəmə döndərmək istəyirsiniz.

Əgər Luizanın ürəkkeçməsi tutsaydı, buna təəccüblənməzdim. Əmin idim ki, o, qəzəblənəcək, lakin Luiza sadəcə gülümsədi, sonra astaca dedi:

  • Mənim bədbəxt dostum, az qalıb o günə! Bax, bu sözləriniz üçün çox peşiman olacaqsınız...

  • Deyin görüm, Ayrisin ərə getməməsi barədə qərarınız qətidi?

  • Mən ona yalvarıram ki, oğlana ərə getsin. Əlbəttə, bilirəm ki, bu, mənim axırıma çıxacaq. Nolsun axı? Mən kiməm? Sadəcə yükəm yük... hamı üçün...

  • Və siz də ona beləcə dediniz ki, ərə getsə, siz öləcəksiniz?

  • Ayris özü məni buna məcbur etdi.

  • Guya sizi, niyyətinizə daxil olmayan bir işi görməyə məcbur etmək olar, hə?

  • Ayris istəyirsə, lap günü sabah evlənsinlər! Əgər bu, məni öldürəcəksə, qoy öldürsün, noolar!

  • Bəlkə risk edək?

  • Sizin mənə bir damcı da yazığınız gəlmir, hə?

  • Siz mənə gülünc görünürsünüz, nə yazığı gəlmək?

Luizanın bəbəkləri ağardı, orda azca ənlik göründü; bununla belə, o, hələ də gülümsəyirdi; Luizanın soyuq və kinli baxışlarını sezmək mümkün idi. Nəhayət, qadın hökmlə dilləndi:

  • Toy bir aydan tez olmayacaq! Və bir də... Əgər mənə bir şey olsa, ümidvaram ki, nə siz, nə də Ayris vicdan əzabı çəkməyəcəksiniz...

Luiza sözünün üstündə durdu. Toy günü təyin olundu, təmtəraqlı yer sifariş verildi, dəvətnamələr göndərildi. Ayris və gənc nişanlısı sevincdən işıq saçırdılar. Toy günü səhər saat on radələrində bu şeytan gəlinciyi Luizanın ürəkkeçməsi tutdu və o, dünyasını dəyişdi. Luiza öldü və onu öldürən Ayrisi alicənablıqla bağışladı...



Uilyam Folkner

(Amerika yazıçısı)
Uilyam Katbert Folkner 1897-ci il sentyabrın 25-də ABŞ-ın Missisipi ştatının Nyu Albani rayonunda anadan olmuşdur. O, Falkner və Butler ailəsinin böyük oğlu idi və sonralar böyük yazıçı öz familyasında bir hərf dəyişərək onu Folkner edəcəkdi.

Uilyamdan başqa ailədə daha üç qardaşı böyüyürdü. Uil­ya­mın altı yaşı olanda Falknerlər yaxınlıqdakı Oksford şəhə­rinə köçür və elə burada da yazıçı ömrünün bütün qalan hissə­sini başa vurur. Onun bir çox əsərlərində Oksford şəhəri “Çef­fer­son” kimi qələmə alınmışdır.

Folknerin böyük babası Şimali Missisipidə tanınmış adam olmuşdur. O, ordu polkovniki idi; regionda dəmiryo­lu­nun əsasını qoymuşdu. Baba Falkner həm də ədəbiyyat xadi­miydi, gözəl nəzm və nəsr əsərləri qoyub getmişdi. Beləliklə, nəvə Falknerə nəslin tarixi böyük təsir etdi və o, sonrakı əsər­lərində də bu barədə yazmışdır.

Folkneri boyuna görə ABŞ ordusuna götürmürlər. Buna görə də o, əvvəlcə Kanada ordusunda, sonra isə Britaniya Kral Hava Qüvvələrində xidmət edir. Uilyamın aktyorluq istedadı da olub, hələ uşaq yaşlarında gözəl şəkillər çəkib, şerlər yazıb. İlk şerlərini ingilis romantik şairləri Robert Berns, Tomson və Hausmənin təsiri altında yazıb. Bununla belə, onun həyatında və formalaşmasında iki nəfərin daha böyük rolu olmuşdur: uşaqlıq sevgilisi Estella Oldham və ədəbiyyat müəllimi Fill Stounun. Estella Oksford şəhərinin sosial həyatında fəal iştirak edir, rəqs və gecələrin təşkil edilməsində xüsusi fəallıq göstə­rirdi. O, Uilyamla romantik görüşləriylə yanaşı, digərləri ilə də gəzir. Onlardan biri Kornell Franklin qıza evlənməyi təklif edir. Estella sadəlövhcəsinə onun təklifini qəbul edir və belə­liklə, onlar 1918-ci il aprelin 18-də Oksfordda evlənirlər. Uilya­mın digər sevimli adamı onun ədəbiyyat müəllimi Stoun idi; məhz bu adam Uilyama poeziyanı sevdirir, ona qorxma­mağı öyrədir. Onun dəyərli məsləhəti ilə Folkner Nyu Hevində özünə iş tapır. Elə burada da Folknerin ilk kitabı çıxır və kita­bın üstündəki familyasında makinada buraxılmış bir hərf səhfi gedir. Winchester Repeating Arms Company şirkəti ilk dəfə olaraq onun familyasını Falkner əvəzinə Folkner kimi yazır. Yazıçıdan bu barədə soruşduqda o, deyir: “Elə bu cür də mənə sərfdir”.

Oksforda qayıtdıqdan sonra onu müharibə veteranı kimi Missisipi Universitetinə qəbul edirlər. Onun ilk şeri də 1919-cu ilin avqustunda The New Republic qəzetində çap olunur.

Sonrakı beş ildə Folkner məqalələr, pyeslər, şerlər yazır və onları The Mississippian jurnalında çap etdirir. Oksfordun tanınmış yazıçılarından biri Stark Yanqın məsləhəti ilə Folkner 1921-ci ildə Nyu York şəhərində işə düzəlir. O, Elizabet Prall adlı bir qadının kitab mağazasında köməkçi vəzifəsində işləyir və sonralar elə həmin qadınla da evlənir. Elizabet bundan əvvəl yazıçı Şervud Andersonun arvadı olmuşdu.

Folknerin tələbəlik həyatı uğursuz olub; belə ki, dərslərə davamiyyəti və intizamsızlığına görə, içki və qumar oynadığına görə onu Universitetdən qovurlar.

Folknerin ən məşhur romanları “Səs və Qəzəb” (The Sound and the Fury, 1929), “Avqustda İşıq” (Light in August, 1932), “Mən Öləndə”(As I Lay Dying, 1930) , “Rahibə üçün Rekviyem” (Requiem for a Nun, 1950) və s. hesab olunur. Onun çoxsaylı kitabları sırasında “Məğlubedilməzlər”(The Unvanquished, 1938), “Vəhşi Palmalar” (The Wild Palms, 1939), “Şəhər” (The Town, 1957), “Ev” (The Mansion, 1959) və s. adlı kitabları mükafatlara layiq görülmüşdür. Folkner ən məhsuldar hekayəçi müəlliflərdəndir. Onun “Atla gediş” (Knight's Gambit, 1949), “Ayı” (The Bear), “Böyük Meşə” (Big Woods, 1957), “Sabah”(Tomorrow", 1940), “Qar” (Snow, 1949), “Villi Dayı” (Uncle Willy,1935), “Qorxulu Adam”(A Dangerous Man, 1950), “Missisipi”(Mississippi,1954) və s. hekayələri bir sıra dillərə tərcümə olunmuşdur. O, 1949-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Folknerin bir çox əsərləri ekranlaşdırılıb, tamaşaya qoyulmuşdur. Folkner 1962-ci il iyulun 6-da Oksfordda infarktdan vəfat etmişdir.


1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə