Kamran imranoğlu z ə L i baki 2013 Kamran İmranoğlu. Zəli (povestlər)




Yüklə 0.66 Mb.
səhifə6/7
tarix22.04.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5   6   7

4

Səhnə dəmiryolunun üstündən adlayıb vağzalın qabağındakı daş döşəmənin üstünə qalxdı. Bu daş döşəməni bir vaxtlar Ağoş saldırmışdı. Deyirdilər ki, Bakıdan – Mərkəzi Komitədən kimsə rayona qonaq gələcəkmiş. Qonağın gəlişinə hazırlıq görmək üçün elə Bakıdan da vaqon-vaqon iri daşlar gətirmişdilər. O vaxt Dəllək Rəhim çox çalışmışdı ki, vağzalın işini də öz boynuna götürsün, amma Ağoş buna im­kan verməmişdi. Ağoş həmin daşları bir aya vağ­zalın qabağına döşətdirmişdi.

Səhnə birdən barmağını dişlədi. Vay, gorun çat­lasın, Ağoş, demə vağzala daş döşətdirəndən son­ra onun ağlına gəlibmiş ki, evin açarını aparıb daşın altına qoysun.

Səhnə sağa-sola baxdı, vağzalda heç kəs gö­rün­mürdü. Yavaş-yavaş ikinci mərtəbəyə qalxan pil­ləka­nın altına tərəf getdi. Pilləkanın altında divara bitişik bir dəmir şkaf var idi. Şkafın ağzı açıq olsa da, Səh­nədən başqa heç kim şkafı açmazdı. Səhnə işini qur­tarandan sonra «pol ağacını», «pol əskisini», süpür­gə­ni və vedrəni bu şkafa qoyar, səhər də gəlib götürərdi.

Səhnə şkafa yaxınlaşanda gördü ki, vağzal iti uzanıb düz şkafın qabağında. O hər gün səhər-səhər iti burda yatmış görərdi. Amma indiyə qədər heç vaxt düşünmədiyi bir şey keçdi ağlından. Bəlkə rəis özü burada yatmağı itə tapşırıb ki, şkafın içindəkiləri heç kəs götürməsin? Tez də öz-özünə güldü.

İt hənirtiyə başını qaldırdı. Ayağa qalxıb gər­nəş­di və dilini çıxarıb burnunu yaladı. Elə bil it başa düş­dü ki, durub getməsə, Səhnə onu təpikləyib qovacaq.

Səhnə dəmir şkafı açdı. Ədəb-ərkanla «pol ağa­cıyla» əskini, vedrəylə süpürgəni götürdü və şka­fın qapılarını örtdü. Pilləkənin o biri tərəfinə keçib kranı açdı, vedrəni su ilə doldurdu. Sonra rəisin kabinetinə tərəf yollandı.

Rəisin kabineti vağzalın yuxarı tərəfində idi. Qapısı da düz dəmiryoluna tərəf açılırdı. Səhnə kabi­netin qapısına çatıb pencəyin cibindən açarı çıxartdı. Qapını açıb yavaşca içəri girdi. Gözü stolun düz ortasına qoyulmuş külqabına sataşdı. Külqabı ağzına qədər siqaret kötükləri ilə dolmuşdu. Siqaret kötük­ləri az qalırdı külqabıdan daşıb yerə tökülsün.

Səhnə ikitağlı pəncərəyə tərəf getdi və pəncə­rəni açdı. Sərin bir yaz havası Səhnənin üz-gözünü yalaya-yalaya içəri doldu. Elə bil Səhnə də təzədən nəfəs aldı, dərindən köks ötürdü.

Səhnə azca aşağı əyilib rəisin oturduğu stolun yanından zibil qabını özünə tərəf çəkdi. Belini dü­zəl­dib şkafın lap yuxarısında təllənmiş köhnə qəzet­lərdən birini götürdü, qəzetin arasını açıb külqabını oraya boşaltdı və bürmələyib zibil qabına tulladı. Sonra da şkafın alt gözünün küncünə qoyduğu ağ parçanı götürüb şkafların, stol-stulun tozunu almağa başladı. Fikirləşdi ki, Ağoş sağ olanda məni bir dəfə də bu kabinetə gətirməmişdi. İndi gündə bu kabinet­dəyəm. Nə eləyim, həm işləyib beş-üç qəpik pul qa­zanıram, həm də bu kabinetə girdikcə buradan Ağo­şun iyini alıram. Sağ olsun rəis ki, burada heç bir şeyin yerini dəyişməyib, əvvəlcə necəydi, indi də elə o cürdür. Hərdən də mənə deyir ki, Ağoşun ruhuna and olsun, necə ki rəisəm, qoymaram buradakı şey­lə­rin yerini dəyişsinlər. Necə var, eləcə də qalacaqdır.

Sağ olsun, Ağoşun qırxı çıxanda gəldim onun ya­nına, dedim ki, məni vağzala süpürgəçi götür. Sə­hər o başdan gəlib işimi görüm, adamlar tökülüşüb gəlməmişdən qabaq qayıdım gedim evə. Uşaqlar da ün təpdi ki, bəs dünən atamız vağzalda rəis idi, indi sən gedib orada süpürgəçilik eləyəcəksən? Mən də dedim ki, puldan ötrü ölmürəm, hər gün atanızın iyini almaq üçün gedirəm. Daha səslərini kəsdilər.

Adamın üstündə Allah var, rəis də neçə kərə dedi ki, sənin pula ehtiyacın yoxdur, ay Səhnə! Ağo­şa kəsilən pensiya ömürlük bəsindir, buraya gəlib başımızı aşağı eyləmək istəyirsən? Biri də deməsə, o biri deyəcək ki, bəs bunlar necə iş yoldaşıdırlar, başsız bir arvadı da dolandıra bilmirlər?

Onda da Səhnə qayıdıb bircə kəlmə demişdi ki, işləmək istəyirəm. Daha bundan sonra rəis «sabah işə çıx» – deyib başını bulamışdı.

Səhnə sol divarın ortasında asılmış xəritənin qabağında dayandı. Elə bil bu xəritəni birinci dəfəy­di görürdü. Xəritənin hər tərəfini bürümüş qırmızı-qırmızı xətlərə baxıb dərindən bir ah çəkdi. Düşündü ki, Ağoş bu dəmir yollarının bu başından vurub o başından çıxardı. Həmişə də gələndə mənə şəkillər gətirərdi, gəzdiyi yerləri bir-bir şəkillərdə göstərərdi. Səhnə ağ parça ilə xəritənin üstünün tozunu alıb, zibil qabını salafan torbaya boşaldıb yerinə qoydu, salafan torbanı isə bayıra çıxarıb qapının yanında divara dayadı. Əskini vedrədəki suya salıb çalxaladı, yuxarı qaldırıb sıxdı və «pol ağacını» keçirib döşə­mə­ni sildi. Döşəməni silib qurtaran kimi bayırda qa­pının ağzına sərilmiş ayaqaltını bürmələyib vedrə­dəki suyun içinə basdı. Ayaqaltını çıxardıb sıxandan sonra yenidən əvvəlki yerinə sərdi. Vedrənin çirkli suyunu vağzalın daş döşəməsinin üstünə caladı, başına əski keçirilmiş «pol ağacını», süpürgəni, zibil boşaltdığı salafanı və vedrəni götürüb hər tərəfi şüşəbənd olan vağzalın içinə tərəf yollandı. Vağzalın o tərəf-bu tərəfinə göz gəzdirdi: Heç kəs gözə dəy­mirdi. Gəlib düz qardaşı Kərəmin çayçısının qaba­ğında dayandı.


5

Yazıq Kərəmin uşaqları institutda oxuyurlar. Bir təhər ki, ucuz kirayə ev tapmışdı. Manatı mana­tın üstünə qoyub hər ayın axırında şəhərə yollayardı. Payızın orta ayında həyətdə saxladığı «mənəm, mənəm» deyən erkəklərdən birini kəsər, arvadı Xədicə də doğranmış ətin hamısını yağda qızardıb qovurma hazırlayar və vedrəyə doldurub tanış «kan­dukturla» Bakıya uşaqlara göndərərdi. Ondan sonra Kərəm də, Xədicə də bir az rahat olardı.

Düşünərdilər ki, uşaqlar qışı yaxşı-yaman başa vuracaqlar.

Kərəm də düşünərdi ki, Zərqələm od parça­sı­dır. Qovurmanı az-az işlədib qardaşlarını ac qoymayacaq.

Xədicə də elə Kərəm kimi fikirləşib öz-özünə deyərdi ki, Zərqələm çox yığımcıldır, elə bil bibisi Səhnəyə çəkib. Bəlkə də bu qız olmasaydı, hər ay qonum-qonşudan borc eləyib onlara göndərməliydik. Onda da abrımız gedəcəkdi. Sonra da hərə bir ayama qoşacaqdı ki, nə bilim Kərəm uşaqlarını onun-bunun puluynan oxutdu.

Xədicə hərdən daldaya çəkilib öz-özünə gileylənərdi ki, elə bil Allah ağlımı aldı, bu uşaqları dalbadal doğdum. Hər il də bir uşaq olar? Bic Törənin bic qızına bax, iki il ara verib bir uşaq doğub, üç il ara verib ayrısını pırt eyləyib atıb çölə. Elə bil Allaha «zakaz» veriblər. Bəs görəsən bizim «zakazımız» niyə Allaha çatmadı? Bir də ki, biz başıbatmışlar heç zakaz elədik ki?!

Odu eey, lap elə Əngiəyri Şəmil olsun. Arvadı da halvaçı qızıdır. O günü arvadlar təndirin başında danışırdılar ki, bir gecə halvaçının qızı Şəmilə deyir ki, mən yerimə uzanmışam, sən yeri taxçadakı lampanı üfür keçsin. O da gedir, əyri əngiylə nə qədər üfürürsə, lampa keçmir ki, keçmir. Axırda da dönüb arvadına deyir ki, sən də harda çətin iş olsa, mənə tapşırarsan. Bu da bizim gicbəsərlər! İndi sən niyə onların gic tərəfinə baxırsan, o biri tərəfinə bax! Onda sənə agah olar ki, iki qızları, iki də oğlanları var. Elə bil Allah bir-bir gətirib əliynən düzüb.

Sonra da Xədicə öz əliylə öz başına bir pəm­bəçə salıb, pıçıltıyla deyindi ki, indi o biclə bu gicə bax, tab elə görüm, necə tab eləyərsən?!

Xədicədən fərqli olaraq Kərəm başqa şeylər düşünürdü. Düşünürdü ki, günləri çətin keçsə də, ata-anasının arzusunu gözündə qoymayıb. İllah da anası həmişə deyərdi ki, atan da tək oğuldur, sən də təksən. Barı Allah sənə heç olmasa, iki oğul verəydi, təkliyin çətinliyini balaların görməyəydi. Hərdən üzümə üz tutub anama söyləyərdim ki, bəs onda Tu­tu nənə məni görəndə niyə mənə deyir ki, təklikdən xiffət eləmə, Allah da təkdir! Anam da cavab verərdi ki, yox, bala, Tutu nənə təsəlli üçün deyir.

Kərəm hələ anasının qarnında olanda dədəsi anasına kəsəmət kəsmişdi ki, xəstəxana-məstəxana görməyəcəksən. O Araksi var haa, erməni törəmə­sidi. Deyirlər ki, görəndə doğulan uşaq oğlandı, uşa­ğı elə anasının qarnında boğub öldürür. Neçə illərdi ki, hamı Araksinin əlinin ağırlığından danışır. Am­ma arvadları doğanda, utanmaz-utanmaz onun ya­nına aparırlar. Deyəsən, dünyanın axırıdı. Bu adam­lar yedikləriynən içdiklərini dəyişik salıblar.

Lap elə kişilər əvvəldən biləydilər ki, Araksi doğulan oğlan uşaqlarını boğub öldürür. Guya ar­vad­larını daha onun yanına aparmayacaqdılar? Ay-hay! Vallah bu adamlara tövbə yoxdur.

Kiçik çillənin ortasında Kərəmin anasının ağrısı başladı. Böyük çillənin axırında da bir dəfə belə olmuşdu. Kərəmin atası dediyinin üstə möhkəm durub Səhnəni göndərmişdi Tutu nənənin dalısınca. Tutu nənə də bir çətinliklə gəlib çıxmışdı. Arvadı uzatmışdı evin ortasına, qarnına bir-iki yumruq vurmuşdu və demişdi ki, tələsməyin, kiçik çillənin ortasını gözləyin. Zalımın balasının elə bil ağzı fal idi. Qarnını şişirdən qarnının dərdini bilmirdi, Tutu nənə qarnı dombalanın dərmanını göydə yazırdı. Bu arvad hər şeydən xəbərdar idi, bircə Aya xəbər aparıb, Aydan xəbər gətirməkdən başqa.

Hava qaralsa da, yenə Səhnəni Tutu nənənin dalısınca göndərdilər. Kərimin anası da zırıldaya – zırıldaya evin ortasında qaldı. Bir xeyli keçəndən sonra Tutu nənə gəlib çıxdı. Yenə arvadın qarnını dürtmələdi və dedi ki, gedin Zübeydəni tapın gətirin. Bunu eşidən kimi elə bil Kərəmin dədəsinin beli sın­dı. Çünki Düyərlidə hamı yaxşı bilirdi ki, iş çə­tinə düşəndə Tutu nənə həmişə Zübeydəni çağırtdırar.

Kərəmin dədəsi naümid-naümid fikirləşməyə başladı ki, gərək arvadı Araksinin yanına aparaydı. İndi işin içindən iş çıxsa, gəl dalısında dur görüm, necə durursan. Ağzı göyçəklər danışacaqlar ki, bəs puluna qızırqalandı, arvadı xəstəxanaya aparmadı. Sonra da özünə təsəlli verib dedi ki, Tutu nənənin əli yüngüldü. İnşallah heç bir şey olmaz.

Zübeydə də gəlib çıxdı. Tutu nənə üzünü Kərə­min dədəsinə tərəf tutub dedi ki, gedin hamınız qon­şu­da rahat yatın, gecəyarıdan tez heç bir xəbər bilinməyəcək.

Kərəmin atasının qonşuya getməsindən bir az keçmişdi ki, Kərəmin anasının zarıltısı dünyanı başı­na götürdü. Tutu nənə hirsini boğa bilməyib qışqırdı:

– Bəsdi, az zarı! Qarnınıza qoyanda yaxşıdı, doğanda pis?

Elə bil bu sözlər Kərəmin anasına deyilmirdi: arvad zarıldamağında davam edirdi.

Tutu nənə Zübeydəyə üz tutub dedi ki, gedin yekə vanna tapıb gətirin! Bunun qanını-suyunu yekə vanna ancaq yığıb-yığışdırar.

Zübeydə ilə Səhnə bayıra çıxıb tez də qayıt­dılar. Yekə vannanı elə bil hazırca qapının yanındakı divara söykəmişdilər. Əslinə qalsa Səhnə hələ gün­düzdən ağrısını hiss eləyən anasının sözüylə vannanı tövlədən gətirib qapının yanındakı divara dayamışdı.

Tutu nənə bu dəfə üzünü Zübeydəyə tutub hirs­ləndi:

– Əşi, bu xarabada bir əski-üskü yoxdu?!

Səhnə tez yerindən tərpənib anasının sözü ilə gündüzdən çarpayının dalına yığdığı bir təl əskini qucaqlayıb Zübeydənin qabağına tökdü.

İşin çətinliyini indi başa düşən Zübeydə qan-tərə batmış Tutu nənəyə üz tutdu:

– Deyəsən, çətin məsələdi!

Tutu nənə də buna bənd imiş kimi qeyzlə ca­vab verdi:

– Çətin olmasaydı, səni niyə çağırırdım? Sənin qaşına-gözünə aşiq olmuşam? Görmürsən, uşaq tərs gəlir!

Zübeydənin matı-qutu qurudu. Doğan Kərəmin anasıydı, amma bu sözü eşidəndən sonra az qala Zübeydə uşaq salmışdı.

Bu dəfə Tutu nənə Zübeydəyə tərəf çığırdı:

– Çiynini bərk saxla!

Kərəmin anası huşunu itirdi. Zübeydə onun üzü­nə su çiləməyə başladı. Tutu nənə çarpayının ya­nında çöməlib qorxa-qorxa oturmuş Səhnəyə dedi ki, qardaşın oldu, get atanı çağır, muştuluğumu versin!

Səhnə ayağa qalxıb tez dedi ki, bəs dədəm bilirdi qardaşım olacaq, adını da Kərəm qoyub.

Tutu nənə bir az da qeyzlə qışqırdı:

– Kəs səsini, qodux! Anası bilmirdi, dədəsi bilir! Get, muştuluğumu al gətir!

Səhnə bunları fikirləşə-fikirləşə bir də baxıb gör­­dü ki, çayçının hər tərəfini süpürüb qurtarıb və gə­lib çatıb şəkilçəkən Qadirin butkasının düz qabağına.
6

Fotoqraf Qadir Səhnənin kürəkəni idi. Amma uşaqdan-böyüyə hamı onu şəkilçəkən Qadir kimi ça­ğırırdı. İndiyə qədər cəmisi bircə nəfər ona «foto­qraf» demişdi. Bu adam da Bakıda Universitetdə oxu­yurdu. Yay vaxtı tətildə olanda ədəb-ərkanla gir­mişdi butkanın içinə. Görmüşdü içəridə heç kəs yox­dur. Tez ağlına gəlmişdi ki, yəqin qara pərdənin da­lında şəkil çıxardır. Ona görə də uca səslə demişdi:

Yoldaş fotoqraf, qonaq istəmirsən?

Qadir də «fotoqraf» sözünü eşidən kimi fikir­ləş­mişdi ki, bu adam deyəsən qatarla indicə gəlib, buraların adamına oxşamır. Sonra da iki pərdənin arasından başını çıxarıb demişdi ki, bir az gözlə, gəlirəm! Heç üçcə dəqiqə keçməmiş Qadir əlindəki işini qurtarıb əlini göy əskiyə silə-silə keçmişdi pərdənin bu biri tərəfinə:

– Hə, eşidirəm, bacıoğlu!

– Yoldaş fotoqraf, bu il orta məktəb məzun­larının venetkasını sən düzəltmisən?

– Mən düzəltmişəm, amma iki-üç məktəbdən savayı zakaz verən olmadı.

– Sulutəpənin uşaqlarının şəklini çəkmisən?

– Çəkmişəm.

– O kənddən Kərbalayı Musanı tanıyırsan?

– Onu rayonda tanımayan yoxdu. Nə olub?

– Mənə Kərbalayı Musanın nəvəsinin şəkli lazımdır.

– Onun nəvəsi oğlandı, qızdı?

– Qızdı!


– Verə bilmərəm!

– Niyə verə bilmirsən, səni güllələyəcəklər?

– Mən başqa adamın qızının şəklini sənə verə bilmərəm?

– Yoldaş fotoqraf, mən bilən, şəklin birin iyirmi qəpiyə çəkirsən. O şəkildən ötrü sənə üç ma­nat verəcəm. Ta bundan artıq nə istəyirsən?

– Lap beş manat versən də, məndən şəkil ala bilməzsən!

– Bir qırmızı onluq verirəm!

Şəkilçəkən Qadir gördü ki, iş deyəsən tünd­ləşir, ona görə də bu dəfə başqa söz söylədi:

– Ay bacıoğlu, mən venetka şəkillərinin neqa­tivini saxlamıram! İşimi qurtaran kimi yandırıram.

Daha bu sözdən sonra höcətləşməyə yer qalmadı. Universitet tələbəsi də yavaşca sağollaşıb butkadan çıxdı.

Qadirin ən xeyir-bərəkətli günləri avqustun axırları idi. Bu vaxtlar Bakıda oxuyan tələbələr qatara minməmişdən qabaq şəkil çəkdirərdilər. Kimi ata-anasıyla, kimi bacı-qardaşıyla, kimi dost-tanı­şıyla şəkil çəkdirməkdən ləzzət alardı. Qadir də fotoaparatının qayışını boynuna keçirib vaqonların qabağında gəzər, özünə müştəri axtarardı.

Onun çəkdiyi ən maraqlı şəkillər tələbələrin Əngiəyri Şəmillə çəkdirdikləri şəkillər olardı. Qadir özü bu şəkillərə o qədər məftun olmuşdu ki, hətta Əngiəyri Şəmilin bir fotosunu da böyüdüb butkanın gözəgəlimli yerindən asmışdı.

Səhnə Qadirin butkasının şüşələrini bayırdan silə-silə fikirləşirdi ki, Ağoş uzaqgörən adam idi. Qadir vağzalda bu butkanı düzəltməsəydi, qızımın gün-güzəranı Allah bilir necə olacaqdı. İndi yenə yaman-yaxşı bir tikə çörək tapıb dolanırlar. Allah bizi o gündən saxladı ki, Qadir uşaqlara qoşulub Urusetə getmədi. Getsəydi qız qaragünlü olacaqdı.

«Ağoşla lap gec evləndik. Bir neçə il qabaq toy eləsəydik, yəqin oğlanlar da yerbəyer olmuşdu. Nə bilim, qismət Allahdandı. Bəlkə belə lazım imiş?!

Qadirin bircə işi yaxşıdır ki, arvad-uşağa baxan köpəkoğludur. Allah üzümüzə baxıb qırdı-qaçdı də­də­sinə oxşamayıb. Elə bil bu rayonda dərələrin az­ğıntıları bircə ona qalıb. Üzünün suyu o qədər tö­külüb ki, üzünü mürdəşir yumasa, canı qurtar­ma­yacaq. O boyda işin yiyəsi Ağoş haqqında indiyə qədər dodaq büzən olubmu? Hamı atasına, indi də özünə rəhmət oxuyur.

Bir dəfə kəndə yasa getmişdim, Nəcəfalının nə­vəsi suya düşüb boğulmuşdu. Oturdum Tutu nə­nənin yanında. Ordan-burdan xeyli danışdıq, Tutu nənə qəfildən dedi ki, ay Səhnə, Ağoş hər il Uru­setdədir, onu boşuna buraxma! Gedib oralarda ev­lənib-eləyər biabır olarıq. Mən də dedim ki, ay Tutu nənə, Ağoş­dan arxayınam. Hər gələndə xeyli şəkil gətirir, birində də arvad xeylağına rast gəlmirəm. Vəssalam-şütta­mam! Ağoşdan yastı-yastı deyilən söz bu olub, onu da yas yerində qatlayıb qoymuşuq yastığın altına».

Birdən vağzal rəisinin səsi gəldi və Səhnə dik­sinən kimi oldu:

– Ay Səhnə, sənin də işin-gücün qurtarıb, kürəkən butkasının qabağından əl çəkmirsən!

Səhnə hələ heç bir cavab vermədən fikirləşdi ki, rəis nə yaxşı belə tezdən işə gəlib? Olmaya məni yox­lamaq istəyir. Sonra da üzünü rəisə sarı tutub dedi:

– Sabahın xeyir, rəis!

Rəis bir də ucadan dedi ki, hər tərəfi yaxşı-yax­şı sil-süpür! Bu gün qonaq-qara çox olacaq! Ax­şam ispalkom tapşırıb ki, bütün idarələrə maaş veril­sin. Yəqin maaş alanlardan vağzala da gələn olacaq.

Səhnənin ürəyindən keçdi ki, bəlkə mənə ey­ham vurur. Mənim niyə pis işlədiyim gün olub? İki-üç saat bu vağzalın o deşiyi yoxdur ki, oranı silib sü­pürməyim. Bircə o qalıb ki, hər tərfi sabunla yuyam.

Sonra yenə rəis dedi ki, özün də ciçç eyləyib evə qaçma.

Süpürgəni şkafa qoyan kimi götürülürsən evə tərəf. Bilmirəm o evdə nə görübsən? Bu gün qal öz maaşını da al. Dünəndən kassirə demişəm, səhər tezdən banka gedib. Mahmuddan da xahiş eləmişəm ki, bangda bizim kassiri birinci yola salsın.

Sonra rəis öz kabinetinə sarı getdi.

Səhnə yenə rəisə heç nə demədi, amma ürəyin­dən keçən o oldu ki, Qəssab Əlinin oğlununku gə­tirdi. Qayıdanda ətin pulunu da verərəm, nisyə boy­numda qalmaz.

Səhnə dəfə-darağını götürüb keçdi Qəssab Əli­nin o biri oğlu Mazanın çəkməçi butkasının qaba­ğına. Başladı oranı da təmizləməyə. Butkanın şüşə­lərini təmizləyə-təmizləyə qapıya çatanda gördü ki, qapının üstündə xəmirlə yapışdırılmış yekə bir ağ ka­ğız var. Kağızın da üstündə qırmızı hərflərlə bir cümlə yazılıb: «Bu gün nağdı, sabah nisyə».

Səhnənin dodağı qaçdı. Düşündü ki, bu nisyə məsələsi, deyəsən, elə Qəssab Əlinin uşaqlarına qalıb.

Kağıza toxunmayıb keçdi butkanın o biri tərə­finə. Çəkməçi butkasıyla dəllək butkası arasında uzun­luğu iki metr, eni yarım metrlik yer var idi. Həmin yeri pol əskisiylə silməyə başladı.

Səhnə elə canı-dildən silirdi ki, elə bil öz evlə­rinin balkonuydu. Bircə fərq varıydı ki, balkonlarını nəm əskiylə silərdi, amma burada əvvəlcə yerə su çiləyər, sonra pol əskisini işə salardı. Bir azdan Səhnə iki butkanın arasında görünməz oldu. «Bir az da keç­di, yavaş-yavaş «pol əskisiylə» «pol ağacı» görün­məyə başladı. Birdən Aptek Rəsulun səsi eşidildi:

– Sabahın xeyir!

Əslinə qalsa Aptek Rəsul Səhnəni görmürdü, salamı da elə bil Səhnəyə yox, irəli-geri gedən «pol ağacına» verirdi. Səhnə bu səsi eşidəndən sonra fi­kirləşdi ki, görəsən, Aptek Rəsul belə səhər-səhər hardan peyda oldu?

Aptek Rəsul Səhnə ilə qabaq-qənşər dayanıb yenə dilləndi:

– İşin irəli, ay Səhnə xala!

– Salam, ay bala! Nə yaxşı belə səhər-səhər işə gəlmisən?

Aptek Rəsul da ürəyindəkiləri gizlədib ayrı ca­vab verdi ki, bəs özüm tezdən gəlmişəm apteki açam, içəriyə bir əl gəzdirəsən. Sonra da aptekə tərəf gedə-gedə ürəyindəkiləri öz-özünə deməyə başladı. Öz-özü­nə dedi ki, düz bir ay – qırx gündür bu ca­maatı göz­ləyirəm. Daha bu dərmanları ona-buna nisyə vermək­dən boğaza yığılmışam. Biri gəlib deyir ki, uşaq ölür, elə yarım saatlıqdır, dillənmirsən gö­türüb verirsən. O biri gəlib ağlayıb-sızlayır ki, filan iynə, filan dərman olmasa, arvadı gərək xəstaxanaya aparam, oranı da özün yaxşı bilirsən, məni qapılara salıb diləndirəcəklər. Səsini çıxartmırsan, onu da büküb kağıza verirsən. Və sair və ilaxır. İndi nisyə dərman vermə görüm necə vermirsən? Nisyə dəftəri dədəmin nisyə dəftərinə oxşayır, qapqara qaralıb, adam baxanda özü də qorxur. Deyirlər bu gün ida­rələrdə maaş paylayacaqlar, bəlkə gətirib beş-üç qəpik verən oldu! Mənim də yüküm bir az yüngül­ləşdi. İndi hamının dərdinə dərman verən Rəsul bu dərdi sənə necə desin, a Səhnə xala?!
7

Aptek Rəsul Həşimin arvadlarının kəfənini nis­yə verən dükançının oğlu idi. Rəsul elə uşaq vax­tından deyirdi ki, doxdur olacam. Hamı da ona za­rafatla «doxdur Rəsul»-deyirdi. Bu da Rəsulun ürə­yinə yağ kimi yayılırdı.

Bir dəfə fransız dili dərsində rəhmətlik Əli müəllim Rəsulu dərs danışmağa çıxartdı. Rəsul da dərsi danışıb qurtarandan sonra Əli müəllim bir ona baxdı, bir jurnala və qəfildən dedi:

– Keç əyləş! Tramvay altında qalmış üç alırsan!

Rəsul da dinməz-söyləməz keçib oturdu öz yerində. Amma iş bununla bitmədi.

Qonşu kənddəki məktəbdən çıxıb Düyərliyə gələndə yol boyu uşaqlardan hansısa başladı Rəsulla zarafat eləməyə. Zarafat da bu idi ki, o, iki-üç də­qiqədən bir Rəsula üz tutub, «tramvay altında qalmış üç» deyirdi. Uşaqların da hamısı gülüşürdü. Yarı yola çatanda Rəsul hirslənib çantanı atdı ağappaq qarın üstünə. Dalaşma başladı. İş o yerə çatdı ki, da­laşanların ikisinin do burnundan qan açıldı, ağappaq qarın üstü qıpqırmızı qan oldu. Yorulub aralaşan kimi Rəsul soyuq qarı götürüb alnına sürtməyə baş­ladı. Uşaqlardan biri soruşdu ki, ay Rəsul, niyə belə eləyirsən? Rəsul da qarı alnına sürtə-sürtə cavab ver­di ki, adamın burnundan qan açılanda gərək alnına soyuq şey qoya!

Dalaşma yaddan çıxdı, hamı başladı gülüşməyə.

Uşaqlardan biri də ucadan dedi:

– Doxdur ki, doxdur!

Bir dəfə payız idi, Rəsul doqquzda oxuyurdu. Rəsulgili də pambıq yığmaq üçün Düyərlinin lap girəcəyində olan Cahangirin yerinə aparmışdılar. Bu həmin yer idi ki, bir vaxtlar Əsgər kişi oranı başdan-ayağa bostan eləmişdi.

Axşamın sərini başlamışdı, amma böyüklü-kiçikli hərə bir tərəfdə kolların arasında pambıq yı­ğırdı. Heç kəsin heç nədən xəbəri yox idi. Qəfildən lap uzaqdan Müstəcəbin səsi qulaqlara dəydi. Düzü heç kəs heç nə başa düşməyib, başladı pambığını yığmağa. Çünki bilirdilər ki, pambığın hər kilosuna on qəpik alacaqlar. Bir az keçmiş Müstəcəbin səsi qismən eşidildi:

– Dazbaşı yıxdıq! Dazbaşı yıxdıq!

Bu sözləri eşidənlər heç nə başa düşməsələr do, işi dayandırıb qamətlərini düzəltdilər. Kilosuna elə tərəzinin başındaca təzə on qəpiklik alacaqları da yaddan çıxdı. Müstəcib bir az da yaxınlaşdı. Bu dəfə o, bürmələnmiş qəzeti başının üstündə yelləyə-yelləyə qışqırdı:

– Dazbaşı yıxdıq! Dazbaşı yıxdıq!

Hamı yavaş-yavaş Müstəcəbə tərəf yeriməyə başladı. Müstəcəb camaatın yanına çatan kimi qəzet­dəki iki böyük şəkli göstərib ucadan dedi:

– Dazbaşı yıxdıq! Xruşşov da belə getdi..

Amma Xruşşovun getməsindən daha çox, ca­maatı çaşdıran bu iki şəkil idi. Hamı təəccüblənirdi ki, gedən bir nəfərdi, gələn iki nəfər!

Nəhayət, hamı sakitləşdi. Müstəcib bu dəfə üzünü Rəsula tutub dedi:

– A doxdur, sənə yüz kərə dedim ki, bir dər­man düzəlt Xruşşova göndərim dazına sürtsün, bəlkə başına tük gələ! Gördün? Nə qədər gözlədik başı tüklənmədi, axırda da vızıldatdılar getdi.

Hamı bərkdən güldü. Müstəcib yenə dilləndi:

– Daha səndən doxdur çıxmaz, get aptekar ol!

Elə belə də oldu. Rəsul orta məktəbi qurtarıb Bakıya getdi və gedən ili də «medinstitutun» aptek­çiliyinə qəbul oldu.

İnstitutu qurtarandan sonra orda-burda işlədi, axırda da dədəsinin simsar olduğu Ağoş vağzalda ona bir aptek butkası düzəltdi. Bu butka indi Aptek Rəsulun əlindən əməlli-başlı tuturdu.

Aptek Rəsul butkanı açıb, şkaflardakı dərman­ları səliqəyə salmağa başlamışdı ki, Səhnə də vağ­zalda iki cərgə qoyulmuş stulların arasını silə-silə üz qoydu butkaya tərəf. Bu vaxt bir-iki adam dəmiryol vağzalının içinə girdi. Səhnə o dəqiqə bildi ki, bun­lar bilet almaq üçün belə tezdən gəliblər. Doğrudan da, içəri girənlər üz tutdular bilet kassasına tərəf. Kassa­nın qabağına çatanda biri – qismən cavanı ci­bindən ədəb-ərkanla ağ kağız və qələm çıxarıb, ka­ğızı kas­sanın qabağındakı kiçik çıxıntılı taxtanın üstünə qoydu və öz adlarını yazıb növbə düzəltməyə başladı. Aptek Rəsul onları gördü, birdən yadına düşdü ki, qon­şuları Kamil hələ axşamdan adını növ­bəyə yaz­dırmağı ondan xahiş etmişdi. Tez aptekin qabağına çıxıb ucadan dedi ki, üçüncü Kamilin adını yazın!

Bu vaxt Səhnə lap aptekin yanına çatmışdı. Fikirləşirdi ki, bu vağzalda işi xod gedən iki adam varsa, biri kassir Dadaşdı. Bəlkə Elə işi xod getdi­yindən rəisdən başqa heç kəs ona Dadaş demirdi. Hamının dilində Dadaş dönüb Dayday olmuşdu.
8

Bu vağzalda rəisin yanına xahişə gələn çox az adam tapılardı, gələnlər də rəisdən ancaq bilet umardılar. Daydayın isə kassasının balaca gözlüyü gün uzunu açıq olardı. Hələ deməyəsən kassanın qapısının dabanı da az qalardı çıxıb yerə düşsün.

Bilet istəyirsən Dayday, borc pul istəyirsən Dayday, bir adam axtarırsan sənə çay alsın, o da Dayday. Hələ onu demirəm ki, Daydayın sözü raykomda, ispalkomda rəisin sözündən güclü idi. Qaldı vayenkomla alış-verişə, Daydayın qurduğu işi heç kəs qura bilməzdi. Bütün rayonda hamı bilirdi ki, gündə olmasa da, iki gündən bir Dayday vayenkomla bir yerdə nahar eləyərdi.

Ələlxüsus yay aylarında Daydayla vayenkom özlərini verərdilər Söyüdlü bulağın yanındakı ye­mək­xanaya. Hər yoldan ötən bu yeməkxanaya gəl­məzdi. Çox vaxt burada rayonun sayılıb seçilən adamları nahar eləyərdilər. Onların da bir azarı var idi. Yeyib-içəndən sonra yeməkxananın yanından axan çayda çimərdilər. Sabun, dəsmal gətirməyə də ehtiyac yox idi. Çünki yeməkxananın müdiri əv­vəldən bu işlərin hamısını sahmana salmış, işçilərinə də tapşırmışdı ki, çayda çimənlərin hər birinə təzə sabun və təzə dəsmal verin. Özü də yeməkxanaya gələnlərlə hərdən zarafat eləyib deyərdi ki, siz bu­raya yemək-içməyə gəlmir­siniz. Sizin dərdiniz-sə­riniz çimməkdir. Söyüdlü ha­mamından da ki, dün­yada tapılmaz.

Daydayı tanıyanların hamısı onun xətrini istə­yərdi. Ona görə yox ki, bilet alanları Dayday hör­mətlə yola salardı. Bir də ona görə ki, Dayday ha­mının xeyir-şərində başda olardı. Başqaları əllərini böyrünə vurub gendə duranda, Dayday heç nədən ar eləməyib əlini hər işə atardı. Əslinə qalsa Dayday əliaçıq adam idi.

Bir dəfə Dayday oturmuşdu bilet kassasında. Köhnədən qalmış sınıq-salxaq radionun da səsini azca vermişdi və elə bil radionun səsindən başqa heç nəyi eşitmirdi. Əl boyda dəftərçənin qaralanmış yer­lərinə baxır, asta-asta gəlir – çıxarını hesablayırdı. Dodağının altında isə nəsə mızıldanırdı. Vağzalın içindəki əhvalatlardan isə tam xəbərsiz idi.

Daydayın xəbərsiz olduğu işlərdən biri də Əngiəyri Şəmilin butkaların qabaqlarını dolaşması idi. Əngiəyri Şəmil bir-bir butkalara baş çəkə-çəkə bilet kassasına gəlib çatdı. Amma Əngiəyri Şəmilə Çəkməçi Mazan da, Aptekar Rəsul da heç nə verməmişdi. Hətta əlini uzadıb Fotoqraf Qadirə öz şəklini neçə dəfə göstərsə də, fotoqraf Qadirin də yanında Əngiəyri Şəmilin əli boş qalmışdı. Əngiəyri Şəmil bilet kassasının pəncərəsini tıqqıldatdı. İçəri­dən Daydayın səsi eşidildi:

– Gözlə, açıram!

Əngiəyri Şəmil heç bir şey başa düşmürmüş kimi pəncərəni bir də tıqqıldatdı. Bu vaxt Daydayın səsi bir az da ucaldı:

– Ay zalım balası, gözlə açıram!

Daydayın ürəyindən keçdi ki, bu camaatın elə bil yağı daşır. Kim kassaya yanaşırsa, o dəqiqə başlayır mızıldanmağa ki, bəs yaman tələsirəm. Ay imanınıza tula bağlayım, elə tələsmək kassaya qalıb? Əvvəlcə gəlin biletinizi alın, rahatca qoyun cibinizə, sonra da özgə işlərinizin dalısınca gedin. Dayday bunları fikirləşib qurtarmışdı ki, indi də kassanın qa­pısı taqqıldamağa başladı. Dayday bu dəfə lap uca­dan və hirslə dilləndi:

– Bu zalım balalarını başa sala bilmədim.

Sonra da durub qapıya tərəf getdi. Qapını açan kimi Əngiəyri Şəmili gördü və qəzəblə qışqırdı:

– Üzünü mürdəşir yusun, görmürsən pul sa­yı­ram! Dayday bu sözlərdən sonra bir az toxdadı və gö­zünü Əngiəyri Şəmilin gözünə dikib istehza ilə dedi:

– Həə, deyəsən yaman qazanıbsan! Gətir görüm nə qədər pulun var? Kim də bir şey versə, o Fotoqraf Qadir heç nə verməz. Özü də sənin şəklini böyüdüb ədəb-ərkanla butkasında yuxarı başdan asıb və sənin şəklinlə pul qazanır. Di gəl ki, bir mana­tından da keçməz. Yenə Əngiəyri Şəmilin üstünə qışqıra-qışqıra ucadan soruşdu:

– Həə, Fotoqraf Qadir sənə bir şey verdi? O da başını bulaya-bulaya «yox» dedi. Bu dəfə Dayday astadan, sanki pıçıltıyla Əngiəyri Şəmilə dedi:

– Bax, nə qədər pul istəyirsən verəcəyəm. Am­ma gedib şəklini Fotoqraf Qadirin butkasından çıxa­rıb gətirib mənim kassama vuracaqsan! Razılaşdıq?!

Bu dəfə də Əngiəyri Şəmil başını bulaya-bula­ya «yox» dedi.

Əngiəyri Şəmilin başını bulamasını görəndə Daydayın təpəsindən tüstü çıxdı:

– Ə, köpəkoğlunun adamı, ağlınız başınıza nə vaxt gələcək? Bunu deyirəm eləmirsən, onu deyirəm başını bulayırsan! Pul lazım olanda da onlara yaxın düşə bilmirsən, itmilçəyi kimi gəlib mənə yapışır­san! Bu dəfə də sənə pul verirəm, amma bir də on­lardan qəpik-quruş almayıb kassaya yaxınlaşsan me­yidini sərəcəyəm.

Dayday bunları deyib əlindəki manatlardan birini Əngiəyri Şəmilin ovucuna basdı. Əngiəyri Şəmil də pulu görər-görməz azca qımışdı, sonra da tullana-tullana kassadan uzaqlaşdı.

Səhnə Aptek Rəsulun butkasının içinə girmək istəyirdi ki, birdən Daydayın səsini eşitdi: – Ay Səhnə xala, sabahın xeyir! – Sabahın xeyir, oğul!

– Ay Səhnə xala, Aptek Rəsuldan adama xeyir gəlməz! Gəl kassanın qapısını açım, içəridə yır-yığış elə, sonra aptekə baş çəkərsən! Aptek qaçmır ki?! Bir azdan kassanın qabağında iynə atsan, adam əlindən yerə düşməyəcək.

Səhnə də bir söz deməyib üz tutdu kassaya tərəf. Adamın üstündə Allah var, heç Aptek Rəsul da cınqırını çıxarmadı.

Sonra Dayday kassanın qabağına yığışmış adamlara üz tutdu:

– Sabahınız xeyir! Növbədənkənar heç kəsi buraxmayın! Özünüz növbəni pozursunuz, sonra da başlayırsınız deyinməyə ki, mən hamıdan qabaq gəlmişdim, amma mənə bilet çatmadı.

Səhnənin kassanın içini təmizləməyi cəmisi üç-dörd dəqiqə vaxt apardı. Əslinə qalsa kassanın içində elə bir şey yox idi. Daydayın oturduğu stul, üstündə bilet yazdığı stol, sınıq-salxaq bir divan və küncdə qoyulmuş elektrik pilətəsindən başqa gözə heç bir şey dəymirdi. Səhnə kassadan çıxandan sonra Dayday qapının cəftəsini vurdu və sonra gəlib kiçik pəncərəni açdı. İçəridən Daydayın sifətinin bir hissəsi göründü və səsi eşidildi:

– Ay camaat, hər günə cəmisi dörd reys var. Özü də deyirlər ki, bundan sonra «TU-154» olma­yacaq, «TU-134» uçacaq. Ona görə də kimin Bakıda vacib işi yoxdursa, bileti zanit eləməsin.

Kimsə camaatın arasından dilləndi:

– Elə bizim bəxtimizdəndir də! Bəs bu «TU-154» niyə yoxa çıxıb? Bəlkə göyə uçanda elə göydə ilişib qalıb?

Bu sözə hamı gülüşdü. Bilet almaq bir anlığa adamların yadından çıxdı. O sözləri eşidən Daydayın yenidən səsi gəldi:

– «TU-154» göydə-zadda ilişib qalmayıb. Odu eyy... gah Dubaya uçur, gah da Kitaya! Adamlar da qalıb çöllərin düzündə.

Sonra əlavə elədi:

Kimin növbəsidir, pasportunu versin!

Lap qabaqda duran cavanlardan biri pasportu Daydaya tərəf uzatdı. Dayday pasportu alıb ona tərəf əyri-üyrü baxdı və ucadan dilləndi:

– Ə, qırışmal, sənsən! Nə olub, Bakını su yolu eləmisən? Bir imkan ver başqaları da getsin!

«Qırışmal» dediyi adamın Daydaya cavabı bu oldu:

– Ay Dayday, mənim Bakıya getdiyim keçən ilin axırlarıydı. İndi o vaxdan üç ay keçir, hələ də mən Bakıya ayaq basmamışam.

Dayday da bilet yaza-yaza yenə dilləndi:

– Bax, tutalım ki, sən kvartalda bir Bakıya ge­dirsən. Hesabla gör, hər adam kvartalda bir Bakıya getsə, onda bu camaata bilet çatdırmaq olar, ya yox? Vallah «TU-154» nədir, heç «TU-1O54» də bu adamları yığıb-yığışdıra bilməz.

– Dayday, canım üçün mən kefdən-damaqdan Bakıya getmirəm. Qışdan qabaq atamla anamı aparıb Bakıda qardaşımın yanına qoymuşam. Özün bilirsən ki, qışda onlar burada qalsaydılar, gərək atamla anamı aparıb qəbirstanlıqda basdıraydıq.

– Vallah, sizə söz çatdırmaq olmur. Götür bi­letini, sənə yaxşı yol!

Dayday bileti verəndə gördü ki, növbədə iki qa­dın dayanıb. Xəyalından qəfil keçdi ki, onlar har­dansa tanışdırlar. Sonra da ona tərəf uzanmış iki pas­portu götürdü. Ardınca da pasport sahibi dilləndi:

– Dayday, mümkünsə birinci reysə ver! Özü də ən yaxın günlərdən birinə.

Dayday yenə ucadan dilləndi:

– Ay evi tikilmiş, səndən əvvəlki adamı gör­mə­din? Nə vaxt dedi, nə də reys. Çünki hamı bilir ki, hansı günə bilet varsa, mən də o günə bilet verirəm. Lap tutaq ki, birinci reys olmadı, onda getməyəcək­sən?

– Getməyinə gedəcəyəm, amma birinci reys rahat olur. Təyyarə də vaxtında gəlib qayıdır. Ona görə deyirəm birinci reys sərfəlidir, yoxsa neçənci reysə verirsən ver!

Qəfildən Daydayın yadına düşdü ki, növbədə da­yanan qadınlar bir dəfə də ondan bilet alıblar. De­yəsən, Türkiyəyə gedib-gəlirlər. Əlindəki pas­port­ları tez bir tərəfə qoyub üzünü növbədə duran­lara tərəf tutdu:

– Yaxşı, məmləkətdə hörmət-izzət bu qədər itib? Görmürsünüz, növbədə iki nəfər qadın daya­nıb? Heç olmazsa onları buraxın irəli gəlsin! Qorx­ma­yın, hamınıza bilet çatacaq!

Daydayın «Qırışmal» dediyi adam hələ getmə­mişdi, pasportunu kassaya uzadan kəndçisinin bilet almasını gözləyirdi. Daydayın dediyi sözlərdən sonra dillənən də elə bircə o oldu.

– Ay Dayday, sən kassanı açanda dedin ki, növbəsiz heç kəsi buraxmayın! Nə oldu, növbəni sən özün pozursan ki? Dayday onun sözlərini cavabsız buraxmadı:

– Düzdür, mən dedim ki, növbəsiz heç kimi bu­raxmayın! Ancaq bu o demək deyil ki, siz də hör­mət-izzəti salmalısınız ayağınızın altına, ayaqlamalısınız!

Dayday bu sözlərdən sonra heç kəsə fikir vermədən üzünü qadınlara tərəf tutub ucadan dedi:

– Ay xanım, irəli gəlin! Sizi yola salandan sonra bunlara bilet verəcəm.

Qadınlar da himə bənd imiş kimi irəli yeriyib pasportlarını Daydaya tərəf uzatdılar və Dayday pasportları aldı.

Dayday ədəb-ərkanla və sakitcə onlardan so­ruşdu ki, hansı reyslə getmək istəyirlər. Qadınlar da qımışa-qımışa bildirdilər ki, sən bilən məsləhətdir. Bu vaxt Dayday əvvəlkindən fərqli olaraq səsini xeyli ucaltdı ki, dediklərini hamı eşitsin:

– Ay nənənizə qurban olum, ağıllı-kamallı, ədəb-ərkanlı adam belə olar. Ta o birilər kimi ayaq­larını bir başmağa dirəyib «anam mənə kor deyib, gə­lib gedənə vur deyib» söyləməkdən heç nə çıxmaz.

Sonra da əlavə etdi ki, deyəsən yol gəlib yo­rulubsunuz, keçin içəri bir az dincəlin, mən də bi­letləri qaydaya salım. Özü də qalxıb qapını açdı, içə­ri girən qadınlara divanda oturmaq üçün çox bö­yük nəzakətlə yer göstərdi. Dayday yenə kassanın pən­cərəsinə tərəf döndü və əyri-üyrü ayaqları olan stul­da oturdu. Elə bu an qoca bir kişi pəncərəyə yaxın­laşıb ucadan dedi:

– Ay bala, mənə bir bilet yaz, uşaq xəstədir, təcili Bakıya getməliyəm.

Daydayın səsi eşidildi:

– Ay əmi, növbən varmı?

– Ay bala, mənə nə növbə? 41-45-də Mozdoka qədər qan tökə-tökə getmişəm. Orden-medallarımı yaxama taxıb gəlsəydim, parıltısından gözün qama­şardı. Arvad ölənəcən mənə dedi ki, a kişi, bu orden-medalın heç bir faydası yoxdu. Götür bunları nə­vələrinə payla, qoy iqruşka kimi oynatsınlar. İndi deyirsən, bu orden-medalın növbəyə dəxli yoxdur?

Allah eləməsin, mən elə demədim. Mənim bildiyim budur ki, gərək növbədə olanlardan icazə alasan. Mənim üçün nə fərqi var ki, sənə bilet yazdım, ya başqasına.

– Ay bala, burada dayananlar məni növbəsiz buraxmasaydılar pəncərənin qabağına nətəhər gəlib çıxardım.

Dayday gördü ki, iş dolaşığa düşür, başqa cür danışmağa başladı:

– Ay əmi, bəlkə icazə verəsən, içəridə oturan bu iki zənəni yola salım, sonra sənin biletini yazım.

Qoca kişi əyilib pəncərədən içəri baxdı və gördü ki, iki zənən sus-pus divanda oturub. Sonra Daydaya üz tutub dedi:

– Ay bala, gecə səhərə qədər uşaqdan yana elə narahat olmuşam, bir çimir də eləməmişəm. Bəlkə icazə verəsən mən də gəlib içəridə oturam.

– Ay əmi, vallah, içəridə yer yoxdur. Yaxşı, on­da gəl əvvəlcə səni yola salım, sonra zənənlərə bilet yazaram.

– Ay atan oldu rəhmət!

Elə bu vaxt qoca bir arvadın səsi eşidilməyə başladı:

– İki gündür bura ayaq döyürəm, hələ də bilet ala bilməmişəm. Dünəndən növbə tutmuşam. Əv­vəlcə mən alım, sonra siz alarsınız.

Hamı qoca arvada tərəf döndü. Amma heç kəs dillənmədi. Arvad da heç kəsi saya salmadan düz qabağa gəlib qoca kişinin yanında dayandı. Hamının əvəzinə Dayday dilləndi:

– Xala, sənə nə lazımdır?

– Qurbanın olum, ay bala, təcili mənə bir bilet.

– Yoxsa Bakıda yağın daşır, niyə belə tələsirsən?

– Başına dönüm, ay bala, nəvələrimin üçü də birdən qızılca çıxarıb. Qızım da gündə zəng eləyir ki, gəlməsən uşaqlar əldən gedəcək!

– Ay xala, soruş gör növbədə duranlar sənə icazə verirlər, ya yox?

– Niyə icazə vermirlər? Əvvələn, dünəndən növbədəyəm. İkincisi də mən əmək veteranıyam. Düz qırx il kolxozda işləmişəm. Pambıq yığanda cavan qız-gəlinlər mənimlə yarışa girə bilməzdilər. Budu eey, qinişqamı da gətirmişəm.

Arvad cavab gözləmədən əlindəki bükülü yaylığı açdı və pasportla birgə veteran qnişqasını da Daydaya tərəf uzatdı. Elə bu vaxt qoca kişi səbrini basa bilməyib hirsləndi:

– Bir səbrin olsun, ay arvad! Görmürsən mənə bilet yazır?

Arvad da nəfəsini dərməmiş cavab verdi:

– Əlini tutmuşam, yazsın da! Bir də get evdəkinin üstünə qışqır!

– Evdəki evdədi ki?! Çoxdan sümükləri çürüyüb.

Elə bu vaxt Dayday qoca kişinin içində bilet olan pasportunu ona tərəf uzatdı və əlavə etdi ki, bileti sabah axşam reysinə yazdım. Rahat uçacaqsan.

Bir az əvvəl Daydayın «Qırışmal» dediyi oğlan hə­­lə də kassanın qabağında dayanıb birlikdə gəldiyi kən­­d­çisinin bilet almasını gözləyirdi. Bu əhvalatı diq­qət­­lə izləyən həmin oğlan arvada üz tutub gülə-gülə dedi:

– Ay xala, Dayday qadınları içəri çağırır ki, bir az otursunlar, ayaq üstə durub yorulmasınlar. Sən də içə­riyə keç! Odur iki nəfər də içəridə oturub bilet gözləyir.

Arvad bu sözə bənd imiş kimi pəncərədən kas­sanın içərisinə boylandı, qadınları gördü və Qırış­mala cavab verdi:

– Xalanı o qədər də fərsiz bilmə! Əli belində forslana-forslana gedənlərə, əlini ağdan qaraya vur­mayanlara ağlın getməsin. Səhərdən axşama qədər həyətdə ayağım altıma gəlmir.

Dayday qoca arvadın biletini yazıb verəndən sonra ucadan dedi:

– Daha heç kəsə növbəsiz bilet verməyəcəyəm!

Arvad «sağ ol» deyib kassadan uzaqlaşanda gözü Aptek Rəsulun butkasından çıxan Səhnəyə sataşdı və yanında olanların heç birinin fərqinə varmadan həyəcanını gizlədə bilmədi:

– Ay Səhnə, neçə vaxtdı yağlı əppək olub yoxa çıxıbsan! Bir de görüm, haralardasan, necə dolanırsan?

Səhnə də əlindəki vedrəni və süpürgəni aptek butkasının yanında qoyub arvada tərəf goldi. Qucaq­laşıb öpüşəndən sonra Səhnə dilləndi:

– Ay Gülsənəm, birtəhər dolanıram. Hərdən qıza baş çəkirəm, babat yaşayırlar. Oğlanlar da Uru­setə gediblər, Allah eləməsin, elə bil əlli-ayaqlı yoxa çıxıblar. Bir bitik də yazıb göndərmirlər ki, öldü-qaldılarından xəbər biləm.

– Sağ-salamat olarlar, ürəyini sıxma!

– Ay Gülsənəm, sən de görüm kənddə nə var-nə yox? Səhər-səhər Qəssab Əlinin kiçik oğlunu gör­düm. Bir az hal-əhval tutdum. Dolanışığınız necədir?

– Necə olacaq? Uşaqların hamısı Bakıya kö­çüblər. Kişiynən diz-dizə oturub günlərimizi sayırıq. Hərdən də uşaq vaxtı Hacı Muradın tayalarının yanın­da gizlənpaç oynadığımızı xatırlayırıq. İndi də Bakı­dan qız xəbər göndərib ki, uşaqlar qızılca çıxarıblar. Mən də bilet almışam, təyyarə ilə Bakıya uçacağam. Bu təyyarəyə də minib-düşənə qədər elə bil o dün­ya­ya gedib gəlirəm. Nə eləyim, əlac yoxdu! Getməliyəm!

Səhnə diqqətlə baxıb gördü ki, Gülsənəm elə bil tikan üstündə oturub. Ona görə də söhbəti ya­rımçıq kəsib, bircə o sözü dedi ki, qohum-tanışa mən­dən salam söyləyərsən. Gülsənəm də sağollaşıb uzaqlaşdı.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə