Kamran imranoğlu z ə L i baki 2013 Kamran İmranoğlu. Zəli (povestlər)




Yüklə 0.66 Mb.
səhifə5/7
tarix22.04.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5   6   7

VAĞZAL
PROLOQ ƏVƏZİ
Məşədi Vəli kişi sobanın yanındakı məxmər üzlüklü döşəkçənin üstündə oturub yastığı özünə tərəf çəkdi və böyrünü ehmalca əyib yastığa dirsək­ləndi. Elə o dəm sobanın istisi kürəyinə vurdu və üşüməyi yadından çıxdı.

– Tutu, ay Tutu!

Tutu arvadın səsi gəlmədi.

Məşədi Vəli kişi bir az dikəlib oturduğu yer­dəcə Tutu arvadın toxuduğu və ayağına təzəcə geydiyi yun corabı şalvarının altından görünən ağ tumanın üstünə dartdı. Sonra yenə səsləndi:

– Tutu, ay Tutu!

Tutu arvad içəri girdi:

– Nə olub, yenə səsini nə atmısan başına, ay qurumuş? Özünü elə yırtıb-dağıdırsan ki, elə bil ala dana naxırdan qaçıb!

– Ay Tutu, görüm səni kəndin arvadları ağla­sın! Məni bəlaya saldın!

– Bu da mənim yaxşılığım! Səhər qancıq ta­yadan düşməmiş yuxuna haram qat, qazan-qazan su qızdır, bu qurumuşu çimizdir, kirini tök, əvəzində səni yamanlasınlar!

– Bu gecə sətəlcəm olmasam yaxşıdır!

– Niyə sətəlcəm olursan? Otur isti peçin başında, kəkotu çayından da iç! Sətəlcəm səndən qorxsun, sən niyə ondan qorxursan?

– O qədər kürəyimi sürtüb kirimi tökdün ki, indi elə bil əynimdə bir paltar azalıb. Nəsə birtə­hərəm. Elə bilirəm sabah Sultan kişi gəlib yasinimi oxuyacaq.

– Ölməzsən! Səni dəyirmanın boğazına ölü sal­san, diri çıxarsan! İndi harda olsa Baftalı Salahın nə­və­si də gələcək, kəfən yırtıb, gor eşməyə başla­ya­caqsan, axırda o uşağın da başını xarab eyləyib lənət qazanacaqsan. Necə ki mənim başımı xarab eləyibsən!

Elə bu vaxt qapı cırıldadı. Cırıltı ilə eyni vaxtda Baftalı Salahın nəvəsinin səsi eşidildi:

Ay Məşədi Vəli kişi, yatmısan?

– Gəl içəri, indi yatmaq vaxtı deyil, ay Baftalı Salahın nəvəsi!

Tutu nənə Məşədi Vəli kişinin eşidə biləcəyi pıçıltıyla dedi ki, adını çək, qulağını bur!

Baftalı Salahın nəvəsi içəri girib ədəb-ərkanla salam verdi və Məşədi Vəli kişinin yanında oturdu. Məşədi Vəli kişi Tutu nənənin üstünə kişiləndi ki, yeri bir stəkan çay gətir, uşaq da kəkotu çayının tamını dadsın.

Tutu nənə dinməz-söyləməz çay dalısınca getdi.

Baftalı Salahın nəvəsi dilləndi:

– Ay Məşədi Vəli kişi, gecə bir yuxu gördüm. Səhərə qədər o yuxu məni zinhar elədi. Nə qədər o tərəf-bu tərəfə vurnuxdum, bir şey anlaya bilmədim. Gördüm ki, üstündə qırmızı zolaqları olan yamyaşıl rəngli elektriçka kəndin düz ortasına gəlib çıxıb. Başında şlyapası olan bir nəfər də inəyin belinə minib elektriçkanın qabağını kəsib. Hamı maddım-maddım bun­lara tamaşa eləyir, heç kəsdən də səs-səmir çıxmır.

– İnəyin belində oturan adamı tanıdın?

– Yox, tanıya bilmədim!

– Bəs inəyi necə? Tanıya bildinmi kimindir?

– Onu da tanıya bilmədim, ay Məşədi Vəli kişi?

– Amma mən öz zənnimlə o adamı da tanıdım, hələ istəsən inəyi də, ay Baftalı Salahın nəvəsi!


1

Səhnə yuxudan qalxanda qonum-qonşudan heç kəs oyanmamışdı. O, həmişə belə bivaxt durar, axşamdan termosa tökdüyü çaydan bir stəkan süzər, çayın içinə üç-dörd dişdəm qənd atıb şirin eləyərdi. Sonra da qazıb yerə basdırdığı küpün içindəki ovma pendirdən yarım ovuc lavaşın arasına qoyub bir dür­mək düzəldər, onu iştahla yeyər və dabanqırma ev­dən çıxardı.

Bu gün də evdən çıxanda qapının üstündə sal­lana-sallana qalan paslı qıfılı açarla ehmalca kilid­lə­di. Dönüb hündürlüyü qurşağına qədər çatan məhəc­cərdən aşağıya baxdı. Həyəti başdan-ayağa diqqətlə nəzərdən keçirdi. Neçə gün bundan qabaq yağan qardan əsər-əlamət qalmamışdı. Hasarın dibində ala-tala görünən ağ-ağ qar topaları da yoxa çıxmışdı. Dünən fikrinə gəlmişdi ki, nəvələri burada olsaydı, əlləri üşüyə-üşüyə qar topalarından götürüb həvəslə yeyəcəkdilər. Anaları da üstlərinə çığıracaqdı ki, atın yerə, xəstələnərsiniz. Ancaq birdən Səhnənin gözü gecənin ayazından şümşad olmuş və düz həyətin ortasıyla uzanan cığıra sataşdı. Ürəyindən keçdi ki, bu cığırla gedəndə qəfil sürüşüb yıxılsa, ona kim həyan duracaq? İndi adamlar xorhaxor yatırlar. Sübh namazına duranlar da bir-iki nəfər olar, ya olmaz. Lap sübh namazına duran olsun, onun Ağoşgilin həyətində nə işi var? Allah eləməsin, qolum qırılsa, ayağım sınsa, demək, yaman günlərim başladı. Ya məni götürüb qızgilə aparmalıdılar, ya da qız gəlib ta mən sağalanacan yanımda qalmalıdır. Qızın da gəlib burada oturmağı müşkül məsələdir.

Səhnə düşündü ki, ayağında yaxşı-yaman qalo­şu var. Dədə-babadan da bəllidir ki, qışın oğlan ça­ğın­da da qaloş heç vaxt sürüşüb sahibini bada verməz.

Amma bu qaloş köhnə qaloş idi. Bu qaloşu nə vaxt və haradan alıb evə gətirmişdilər. – Səhnənin yadında deyildi. Üstdən bir az cırılmışdı. Səhnə hər il qış başlayanda o qaloşu əzizləyə-əzizləyə çarpayı­nın altından çıxarar, o yan-bu yanına baxar, toz-torpağını silər, təmizləyər, cırıq yerini qara sapla çi­təyər və qapının ağzına qoyardı ki, ayağına taxsın.

Səhnə düşündü ki, bu ilki qışı da köhnə qaloşla birtəhər ötüşdürdüm. Gələn ilə ya qismət!

Sonra da açara bağlanmış qırmızı zolaqlı ipi açarın üstünə doladı. O tərəf-bu tərəfə baxa-baxa aşağı əyildi, donunun ətəyini qaldırıb açarı corabının balağına qoydu.

O, açarın itməsindən yaman qorxardı. Amma özü də yaxşı bilirdi ki, qapının başqa bir açarı indi mal-qaraya həsrət qalan tövlənin pəncərəsinə qoyul­muş yekə daşın altındadır. Bu açarın yerini qızı da, oğlanları da yaxşı bilirdilər. Əslinə qalsa, açarın ora­da olması Ağoşun sağlığından bu evin qanun-qay­dasına daxil idi. Çox qabaqlar Ağoş bir dəfə demişdi ki, evin açarlarından biri həmişə tövlədəki daşın altında qal­malıdır. İşdi-şayət qapı bağlı olsa, uşaqlar açarı ora­dan götürüb qapını açsınlar və bayırda qal­ma­sınlar.

Səhnə pilləkənləri asta-asta yenib ayağını yerə təzəcə basmışdı ki, tövlədəki daşın altındakı açar ya­dı­na düşdü. Qəfil ölü görən adam kimi bədəni titrədi, dil-dodağı əsdi. Az qala ayağı da sürüşüb yerə dəyə­cək­di, amma cəld tərpənib əliylə pilləkənin dəmirin­dən tutdu. Öz-özünə dedi ki, ay Allah, bu nə işiydi mən düşdüm?! Sonra da Tanrıya alqış eylədi ki, bəs məni qurtaran da Sən özün oldun. Yoxsa yıxılıb şil-küt olacaqdım. Rəhmətliyin haradan ağlı­na gəlib ki, evin açarını apa­rıb daşın altına qoysun. Daş da, nə daş, yalan olmasın, bir putdan ağır gələr. Sənə nə deyim, ay Ağoş?

Evin açarı da daşın altında olar? Bəlkə elə başımıza ona görə daş düşüb. İl-ildən bəd gəlir, mən də quqqulu kimi qalmışam bu evdə tək-tənha. Elə bil qapısı-bacası bağlı bir türmədi. Mənə iş kəsiblər, yanıma çay-çörək gətirən də yoxdur. Evə qayıdan kimi açarı götürəcəyəm o daşın altından. Bəlkə üzü­müzə gün doğdu.

Səhnə özünə gəldi və yavaş-yavaş həyət qa­pısına doğru yollandı.

Şeytandı-nədisə özünü səhər-səhər təpmişdi Səhnənin ürəyinə. Səhnənin də bir ayağı gedirdi, o biri ayağı getmirdi. Fikirləşirdi ki, bəlkə elə indi gedib açarı daşın altından götürüm. Amma ağlına gəldi ki, rəhmətlik demişkən, uşaqlardan gələn olar, açarı tapa bilməz, bayırda qalar.

Həyət qapısına çatanda əlini qapının taxta dəs­təyinə atmaq istəyirdi ki, nıx durub səksəndi. Amma qapı da yerindəydi, dəstək də. Hələ deməyəsən axşamdan diyirlədib qapının dalına qoyduğu iri daş da. Əslində Səhnəni səksəndirən elə həmin daş idi. Daşı görən kimi xəyalından keçdi ki, bəlkə heç açar yerində yoxdur. Neçə ay olar ki, bir dəfə də töv­lədəki daşı qaldırıb altına baxmamışam. «Lənət şey­tana», – deyib aşağı əyildi və daşı bir tərəfə itələdi, qapı taybatay açıldı.

Səhnə küçəyə çıxıb qapını örtdü, əl atıb yerdən götürdüyü yumşaq simi cəftənin halqasına keçirdi və yavaşca burdu. Gözü qapının yanında divara söykən­miş daşa sataşdı və fikirləşdi ki, Ağoş hərdən gecələr bu daşın üstündə oturub papiros çəkərdi. Evə qa­yıdanda da Səhnəyə bir kəlmə söz söyləməzdi. Səhnə də Ağoşdan heç nə soruşmazdı.

Səhnə sola burulub yerişini bir az yeyinlətdi. Başına bağladığı şal yaylığın bir ucunu bərk-bərk boynuna doladı. Bu şal yaylığı da bir vaxtlar Ağoş Səhnə üçün Urusetdən alıb gətirmişdi. Özü də gəti­rəndə demişdi ki, möhkəmliyinə söz ola bilməz. Bir yerə ilişib-eləsə də cırılan deyil. Ömrünün axırına qədər bəsindi. Səhnə dodağının altında pıçıldadı ki, görəsən Ağoş hardan bilirdi ki, bu şal yaylıq ömür­lük mənimlə olacaq. Ta indi kimin yadına düşürəm ki, təzə bir yaylıq alıb mənə gətirsin?!

Sonra da gözü əynindəki pencəyin yaxasına sataşdı. Deyəsən, azca kirlənmişdi. Bu pencək də böyük oğlunun evdə qalan pencəyi idi. Amma ona yaman yaraşırdı. Elə bil pencək Səhnənin boyuna biçilmişdi. Səhnə olan bəndə heç vaxt fikirləşmə­mişdi ki, kənardan baxanda düymələr pencəyin kişi üçün olduğunu açıqca bildirir. Bircə təsəllisi vardı ki, əynimdə yaxşı durur, bəsimdi!

Səhnə əlini saldı pencəyin sol cibinə. Barmaq­la­rı­nın ucları qapı açarına dəydi. Vağzalın rəisi kabine­tin bir açarını ona vermişdi və indi Səhnənin barmaq­larının dəydiyi həmin açar idi. Səhnə də həmişə bu açardan daha çox narahat olardı. İndi də ürəyinə gəl­mişdi ki, birdən açar düşüb itər. Yenə fikirləşdi ki, açar niyə düşüb itməlidir. Evdə uşaq-muşaq da yoxdu ki, əlini atıb pencəyin cibindən onu çıxartsın. Uşaq-muşaq olsaydı, açarı heç pencəyin cibinə qoymazdım, quyruğuna bir ip bağlayıb boy­numdan asardım.

Səhnə düşündü ki, Ağoşun sağ vaxtlarında ka­bi­netin açarı bir dəfə də olsun onun əlinə dəyməyib. Ağoş heç vaxt açarı pencəyin cibindən çıxarıb ev­dəki stolun üstünə qoymazdı. Yayda pencək geyil­mə­yən vaxtları isə açarı şalvarının cibinə qoyardı və evə girən kimi açarı şalvarının cibindən çıxarıb qapının ağzında şlyapasını asdığı asılqana keçirərdi. Mən də, uşaqlar da həmin açara əl vurmazdıq. Səhnə indiyə qədər bilmirdi ki, Ağoş kabinetin açarlarından birini süpürgəçiyə vermişdi, ya yox?

Xəyalından yenə qapının dalına qoyulmuş daş gəlib keçdi. Bu da elə Ağoşdan qalma idi. Ay balam, qapının da dalına daş qoyarlar? Daşla da qapını bağlayarlar? Hüseynqulunun satdığı şappan-şappan qıfıllara nə olmuşdu ki, birini alıb həyət qapısına vurmamışıq? Bəlkə elə həyət qapımız da başı daşlı­dı, ona görə günümüz-dirriyimiz yoxdu? Evdən elə bil xeyir-bərəkət tamam çəkilib. Bəlkə fal açdırım, dua yazdırım? Mən yazıq başıma nə çarə qılım? İndi daş atıb başımı tutmayım, bəs nə eyləyim?

Səhnə yolu keçmək istəyirdi ki, tindən burulub sürətlə gələn avtobus siqnal verdi. Siqnal o qədər uzun oldu ki, dəmir yolunun üstündə mal-qaraya ve­rilən qa­tarın fit səsinə oxşadı. Səhnə diksinib fikir­dən ayrıldı və yolun kənarındakı kərpic divara tərəf çəkildi. Öz-özünə deyindi ki, zalımın balası nə həs qanır, nə də hüs. Ağzını açıb, gözünü yumub səhər-səhər o tərəf-bu tərəfə şütüyür. Evlərində bir böyüyü də yoxdu de­sin ki, bu maşını adam balası kimi sür. Qəfildən dar­vazadan yola bir uşaq çıxdı, sən də onu vurub bədbəxt elədin, camaata nə cavab verəcəksən? Məcbur olub onu-bunu iltmasa göndərəcəksən ki, tökülən qanı ortadan götürsünlər. Heç kəsin sözünə baxmayacaqlar, axırda gedib yapışacaqsınız Mirmə­həm­məd ağanın ətəyindən və yalvaracaqsınız ki, gəl bizi barışdır. O yazıq da naəlac qalıb ölü yiyəsinin qapısına gedəcək. Bu yaxşıdı, yoxsa adam balası kimi maşın sürmək?!

Ya uşaq olmadı bir it vurdun, pişik vurdun! Niyə vurasan? Axı onlar da Allahın heyvanıdı.
2

Səhnə gəlib dəmiryoluna çatmışdı. Bir də gör­dü ki, Qəssab Əlinin oğlu üstüaçıq bir maşının yanında dayanıb. Sürücü maşını yavaş-yavaş sürərək maşının arxasını dəmiryolunun dikinə dayayırdı. Onda Səhnəyə agah oldu ki, deyəsən Qəssab Əlinin oğlu Düyərlidən rayon mərkəzinə kəsmək üçün dana gətirib. Elə belə də oldu. Maşının arxası yavaşca dikə dayandı. Buruntaxlı dananı maşının üstündən ehmalca itələyib dikə çıxartdılar. Sonra da dananı aşağı yendirib boynundakı ipini az qala maşının burnuna dayanan ağaca sarıdılar.

Qəssab Əlinin oğlu kənarda dayanmış Səhnəyə tərəf yaxınlaşdı:

– Ay Səhnə xala, necəsən? Urusetdən bir xəbər varmı? Uşaqlardan gəlib– eləyən yoxdu ki?

Səhnə bir-birinin ardınca yağan suallara cavab vermədi, Qəssab Əlinin oğluna tərəf yeridi, onun boynunu qucaqlayıb üzündən öpdü. Elə bil neçə il bundan qabaq itkin düşmüş ciyərparasını təzəcə tapmışdı. Bəlkə də oğlanlarından xəbər bilməyən Səh­nə Qəssab Əlinin oğlundan öz uşaqlarının iyini alırdı. Səhnə soruşdu ki, kənddə nə var, nə yox? Camaat necə dolanır?

Qəssab Əlinin oğlu da hamının yaxşılığından danışdı, yenə Səhnənin uşaqlarını soruşdu. Səhnə də cavab verdi ki, öldü-qaldılarından xəbər yoxdu. Nə bir gələn var, nə də bir gedən! Barı bir parça kağız da yazmırlar ki, ürəyim sakitləşsin, nigaran qalmayım.

Qəssab Əlinin oğlu da bildirdi ki, inşallah sağ-salamat olarlar. Elə Urusetdə qalmaları yaxşıdı. Yə­qin indi adam kimi yaşayırlar. Buradakı əkin-tikin­dən canları qurtarıb. Biz nə gün görürük ki, onlar da gəlib nə gün görələr? Bütün ili çöldə-bayırdayıq. Ot yığ, saman gətir, bir-iki dana bəslə, onu da kəsib dəyər-dəyməzinə sat!

Səhnə soruşdu ki, dananı niyə kənddə kəsmə­misiniz? Qəssab Əlinin oğlu da cavab verdi ki, kənd­də bu boyda cöngənin ətini alan kimdi! Hamının həyətində toyuğu-cücəsi, qoyunu-keçisi. Ürəyi ət istəyəndə o dəqiqə bıçağı qoyur birinin başına. Axı, kənddə kəsib satmağın nə xeyri? Qohum-qonşu, dost-tanış gəlib deyəcək ki, nisyə ver! Sonra nisyə yığmaqdan canımız çıxacaq. Qabaqdan da Novruz bayramı gəlir. Deyirəm bu cöngəni kəsib beş-üç manat çıxarsam, bayramı bir təhər sovuşdurarıq.

Səhnə nə fikirləşdisə, dedi ki, küftəlik yerindən bir kilo da mənə saxla, vağzaldan qayıdanda götürə­rəm. Əti götürəndə söhbət eləyərik, indi vağzala gecikirəm.

Səhnə yavaş-yavaş vağzala tərəf getməyə üz qoydu, Qəssab Əlinin oğlu da ürəyində düşündü ki, mən nisyələrdən qaçırdım, bu yandan da bir nisyə çıxdı! Adamın işi gətirməyəndə min əlac eləsən də xeyiri yoxdur.

Səhnə bir az getmişdi, geriyə dönüb, soruşdu ki, bəs qardaşın bu gün işə çıxacaq, ya yox?

O da cavab verdi ki, Mazan avtobusla gələcək.

Səhnə də dinmədi, dəmir yolunun relslərinin üstünə qalxdı. Əslinə qalsa bu axırıncı sualı elə-belə vermişdi. Onsuz da Mazan işə iki-üç gündən bir gə­lir­di. Ağoş bibisi nəvəsi Mazana vağzalda çəkməçi butkası düzəldən ili Mazanın da işləri yaxşıydı. O vaxt Mazan bir-iki ay sıxıla-sıxıla işlədi. Elə ki, adamlara üz-gözü öyrəşdi, sıxılmaq da yaddan çıxdı. Hələ kənddəki cırıq-deşik başmaqları da torbaya doldurub yamamaq üçün vağzala gətirməyə başladı.

Mazanı hamı üzüyola adam kimi tanıyırdı. Danışıb-dinməyi də yox idi. Söz soruşmasan, ağzını açıb bir kəlmə danışmazdı. Elə bil Lal Bəhlul qalmışdı bir tərəfə, Mazan olmuşdu lal, qaradinməz. Anası da hərdən yandığından deyərdi ki, dilini Allah əlindon alıb, barı ağlını əlindən almayaydı.

Bu il qış girəndə Mazan özü Səhnəyə demişdi ki, qış ayaqqabılarından cırığı, söküyü varsa, gətir elə yamayım ki, birdəfəlik olsun. Ağlın başqalarının ayaqqabısına getməsin, səninkiləri təzə iynə, təzə sapla tikəcəyəm. Olacaq qət-təzə. Görənlər elə bilə­cəklər ki, dükandan indicə almısan.

Səhnə dilə gəlməmiş Mazan yenə demişdi ki, in­di burada sənin kimin var, aparıb ayaqqabılarını ya­madasan? Uşaqlar bir tikə çörəkdən ötrü düşüblər Urusetin canına. Ayaqqabılarını yamasam, uşaqlar gə­­ləndə mənə də heç olmasa ağızucu bir «sağ ol» de­­yərlər. Yoxsa gəlib görsələr ki, Səhnə cırıq ayaq­qa­bı geyir, düşəcəklər mənim üstümə. Yekə oğlun var ha, çox qırmızı adamdı. Yeriyəcək mənə tərəf, çəmki­rəcək ki, bəs anamın ayaqqabılarını görmür­dün? Gö­zün kor idi? İynən, sapın əskik gələcəkdi? Başqa­larının zir-zibilə batmış sürütdəmələrini az qalırsan dilinlə yalayasan, anamın tərtəmiz ayaqqa­bı­larına iki barmaq boyda yamaq vura bilmirdin? Düzdür, mən də məcbur olub cavab verəcəkdim ki, oradan üç-dörd cüt ayaqqabı alıb göndərə bilmirdin? Göndərsəydin pulun əskik gələcəkdi? Canın çıxa­caq­dı? Onlardan birini də heç olmazsa, anama aparardım.

Səhnə Mazanı çox danışmağa qoymamışdı. Bi­lirdi ki, danışsa uzağa gedəcək. Ürəyindəki kövrək­liyi hiss etdirmədən dedi ki, narahat olma, Mazan, ayaqqabılarımın cırığı-söküyü yoxdu. Sonra da ürə­yində fikirləşdi ki, yəqin qaloşa vurduğum tikişi görüb, yoxsa Mazanın hardan yadına düşürdü mə­nim ayaqqabılarıma yamaq vurmaq.

Mazan son vaxtlar əməlli-başlı ustalaşmışdı – ayaqqabı yamamaqla bərabər, təzə ayaqqabılar da tikirdi. Xüsusən, yay vaxtı üstü deşik-deşik ayaqqa­bıdan ötrü Mazanın növbə dəftərinə yazılardılar. Mazan da gecəni gündüzə qatıb üstü deşikli ağ ayaqqabılardan hazırlayıb müştərilərini razılıqla yola salardı. Hələ bu ayaqqabılardan birini də vağzalın rəisinə tikmişdi. Rəis bir qəpik pul verməsə də, «sağ ol» deyib Mazanın könlünü almışdı.

Bir gün çaxır zavodunun direktoru tez-tez vağ­zalda dolaşan, ondan-bundan qəpik-quruş almaqla gününü keçirən Əngiəyri Şəmilin qolundan darta-darta Mazanın yanına gətirib şəstlə demişdi ki, o modnı ayaqqabılardan birini də Şəmilə tik, pulunu mən verəcəyəm. Sonra da gülə-gülə əlavə eləmişdi ki, vağzalın rəisi ilə Şəmilin ayaqqabıları bir ol­malıdır! Şəmil də «hı, hı, hı» eləyə-eləyə barmağını zavod direktorunun ayağına uzadıb başa salmışdı ki, həmin ayaqqabıdan özünə zakaz ver! O da məsələni anlayıb Əngiəyri Şəmilin üstünə qışqırmışdı ki, ə köpəkoğlu, mənim ayaqqabılarım rəislə sənin ayaq­qabılarından fərqlənməlidi, ya yox?!

Mazanın da çarəsi qalmamışdı, Əngiəyri Şə­mi­lə bir ayaqqabı tikmişdi.


3

Səhnə dəmiryolu relslərinə çatanda birdən gö­zü dəmiryolunun üstündə qurulan körpüyə sataşdı və yadına Dəllək Rəhim düşdü. Dəllək Rəhim Ağoşdan qabaq Səhnəni istəyirdi. Amma Dəllək Rəhimin də­dəsini Səhnənin atası heç darvazadan içəri burax­mamışdı, demişdi ki, gedin başqa qapını döyün.

Dəllək Rəhim qonşu kənddə yaşayırdı. Ağ-ağ xalları olan bir eşşəyi var idi. Dəmir yolunun alt tərəfindəki kəndlərdə heç kəsin belə «sort» eşşəyi yox idi. Yüz eşşəyin içinə qatsaydın uzaqdan deyər­di ki, mən buradayam. Bu eşşəyin digər eşşəklərdən fərqi bir də ondaydı ki, o başını bir az yuxarı tutardı. Başını yuxarı tutmaqla elə bil adamlara demək istəyirdi ki, mənə eşşək deməyin. Amma dəmir yo­lunun üst tərəfindəki kəndin eşşəklərini görəndə adamı təəccüb bürüyürdü. Hamısı elə bil bir qəlib­dən çıxmışdı, başlarını yuxarı qaldırmaqla araları yox idi. Əksinə, elə həmişə başları aşağı gəzərdilər.

Dəllək Rəhim hər gün səhər-səhər eşşəyi minib kəndlərə çıxar, axşam da şər qarışmamış evə qayı­dardı. O, gündə bir kəndə gedərdi. Həftənin cümə günü isə Düyərliyə növbə çatardı.

Düyərlidə uşaqdan böyüyə hamı yaxşı bilirdi ki, həmin gün üz qırxdırmaq, baş vurdurmaq gü­nüdür. Xüsusən, üzlərini qırxmağa tənbəllik eləyən yaşlı kişilər cüməni səbirsizliklə gözləyərdilər. Həf­tədə bircə dəfə üzlərini qırxdıran bu adamlara həf­tənin ən əziz günü elə cümənin özüydü.

Dəllək Rəhim Düyərlinin bir-iki kilometrliyin­də olanda hamı uzaqdan baxıb onu tanıyardı. O dəqiqə də kəndə səs yayılardı ki, bəs hazır olun, Dəl­lək Rəhim gəlir. Kişilər onun intizarını həyətlərində çəkərdilər, uşaqlar isə yola çıxıb Dəllək Rəhimin kəndə çatmasını səbirsizliklə gözləyərdilər. Uşaqlara ləzzət verən bircə şey vardı: Dəllək Rəhimin ayaq­ları o qədər uzun idi ki, eşşəyin üstündə oturanda ayaqları az qalırdı yerə dəysin. Uşaqlar da nə eşşəyə baxardılar, – nə də Dəllək Rəhimə. Onların gözü Dəllək Rəhimin yerlə sürünən ayaqlarına dikilərdi. Son vaxtlar Dəllək Rəhim də duyuq düşmüşdü. Uşaqların onu maraqla süzmələrinin sirrini tapmışdı. Ona görə də kəndə girhagirdə Dəllək Rəhim eşşək­dən düşər, eşşəyin boynuna bağladığı kəndirdən tu­tar və kəndə piyada girərdi.

Dəllək Rəhim Düyərlinin birinci evindən baş­layıb axırıncı evinədək baş çəkər, öz müştərilərinin qulluğunda canla-başla durardı. Onun canı-dildən qoruduğu bir ülgücüydü, bir də üstü mil-mil olan aptek butulkasına doldurduğu ağ sabun ovuntusu. Amma çox adam bilməzdi ki, aptek butulkasındakı ovuntunu Dəllək Rəhim evlərində özü hazırlayardı. Kim də soruşsaydı, deyərdi ki, ötən payız qatarla Urusetə gəzməyə gedəndə oradan alıb gətirmişəm, buralarda tapılan şey deyil.

Dəllək Rəhimin ən çətin qırxdığı üz Məşədi Vəlinin üzüydü. Gərək iki-üç dəfə ağ parçanı isti suya salıb Məşədi Vəlinin üzünü həmin parçayla isladaydı. Hələ islanmış parça da onun üzündəki tükləri tam yumşaltmazdı. Bundan sonra iki-üç dəfə də hazırlanmış sabunla onun üzündəki cod tükləri sabunlamalıydı. Ülgücü də tez-tez belinə bağladığı qayışının ucuna sürtərdi ki, itilənsin. Ülgüc kort olanda Məşədi Vəli Dəllək Rəhimin üzünə o ki var söyərdi. Dəllək Rəhim də nə ağ dinərdi, nə qara.

Dəllək Rəhim günorta vaxtı hansı evə çatdı, elə oradaca günorta çörəyini yeyərdi. Amma o, bu işin də ustasıydı. Çünki işini elə qurardı, elə sahman­la­yardı ki, günorta vaxtı hərdən bir evin qonağı olardı. Bundan savayı o, ehtiyat pendir-lavaş da götürərdi. Yemək vaxtı qəzetə bükdüyü pendir-lavaşı sakitcə gətirib ev yiyəsinin süfrəsinin bir tərəfinə qoyardı.

Dəllək Rəhimin sənəti yalnız dəlləkliklə bit­mir­di. O, üz qırxmaqdan, baş düzəltməkdən savayı başqa işləri də bacarardı. Məsələn, cürbəcür diş kəl­bətinləri alıb evinə qoymuşdu, lazım gələndə onun-bunun dişini də çəkərdi. Rayon mərkəzinə əli çatma­yanların hamısı arvadlarının dişini çəkdirmək üçün Dəllək Rəhimin yanına gedərdilər. Dəllək Rəhim də tənbəllik eləmədən kəlbətinlərin birini götürüb dü­şər­di dişi ağrıyan arvadın dişlərinin üstünə. Bir də görərdin ki, ağrıyan diş yaddan çıxdı, sağlam dişi çıxardıb atdı bir tərəfə. Dəllək Rəhim ötən illərdə bu işi Səhnənin də başına gətirmişdi. Ağoş da Dəllək Rəhimin üzünə olmasa da, daldasınca o ki var söymüşdü.

Dəllək Rəhimin bir sevimli sənəti də var idi. Düyərlidə onun bu sənətinə «əhsən» deməyən az adam tapılardı. El-aləm bilirdi ki, Dəllək Rəhimin sünnət məsələsində əli yüngüldü, onun tayı-bərabəri yoxdu. Hamı bilirdi ki, kəsib atan kimi yerinə kül basar, sonra da «veş-meşokunu» yığışdırıb gedərdi. Gedəndə də deyərdi ki, qanaxma versə, kənddə ola­ca­ğam, arxamca sifariş göndərərsiniz gəlib baxaram. Amma Dəllək Rəhim özünə çox arxayın idi. Bilirdi ki, dalısınca nə sifariş gələcək, nə də adam.

İllər dolandı, Dəllək Rəhim yeni bir peşənin də sahibi oldu. Elə ki Ağoş getdi oldu dəmiryol stan­siyasının rəisi, Dəllək Rəhim də ya onun acığına, ya da öz xoşuna necə iş qurdu, necə alış-veriş elədi, bilmirəm, bütün rayonda sayılıb-seçilən prorab oldu və ən gözə dəyən tikintiləri onun ixtiyarına verdilər. Əvvəlcə Dəllək Rəhimə rayondakı mehmanxananın təmirini tapşırdılar, O da mehmanxananın birinci mərtəbəsində yerləşən dəlləkxanaya xüsusi maya qoydu. Gəlib buraya baxanlar dalda-bucaqda danı­şır­dılar ki, yəqin özü üçün qurub – yaradır, prorab­lıqdan çıxan kimi eşşəyi də satıb burada dəlləklik eyləməyə başlayacaq .

İki-üç ay sonra Dəllək Rəhim rayon mərkə­zin­də böyrü üstə yıxılan pekarnını ayaq üstə qaldır­mış­dı. Amma bircə əngəlli iş çıxmışdı: xəmir yoğrulan otağın su kranını aparıb müdirin kabinetinə qoymuş­dular və bu da camaatı xeyli çaşdırmışdı. Camaat baş aça bilməmişdi ki, bu qəsdən olub, yoxsa naşılıqdan.

Və günlərin bir günü bütün rayona səs yayıldı ki, dəmiryolunun altından, ya da üstündən keçid düzəltmək üçün ispalkomdan xeyli pul ayrılıb. Bu pulu da veriblər Dəllək Rəhimin ixtiyarına. Deyiblər ki, otur məsləhətləş, keçidi başla tikməyə. Dəllək Rəhim də məsləhətləşib-məsləhətləşməyib bilmirəm, deyib ki, keçidi dəmiryolunun üstündən tikəcəyəm. Əlavə də eləyib ki, qoy adamlar körpünün üstünə çıxanda rayonun bütöv mənzərəsinə tamaşa eləsin­lər, ürəkləri açılsın. Ağoş da elə o vaxt işə qarışıb deyib ki, ay balam, bu rayonun şikəsti var, qocası var, arvad-uşağı var, onlar bu ucalıqda körpüyə necə çıxacaqlar? Keçidi dəmiryolunun altından salın. Hamı rahatca keçib getsin. Bunları eşidən Dəllək Rəhim də üzünü Ağoşa tərəf tutaraq səsinin tonunu gücü çatana qədər qaldırıb: Sən bilə-bilə keçidi yerin altından saldırmaq istəyirsən! İstəyirsən ki, adamlar dəmiryolunun yanında ucalan Leninin heykəlini görməsinlər!

Bununla da mübahisə-filan tamam kəsilib. Hə­rə gedib öz işinin dalısınca. Dəllək Rəhim də səhə­risi gün canı-dildən işə başlayıb. Hələ bu harasıdır! Üç-dörd gündən sonra Dəllək Rəhim Ağoşun çığır­mağına məhəl qoymadan vağzalda bir Dəllək but­kası açdırıb, oğlu Məmişi do ədəb-ərkanla gətirib qoyub iş başına.

Körpünün tikilişi payızda başlayıb yayın cır­hacırında başa çatır. El-aləmə xəbər yayılır ki, bəs filan gün filan saatda körpünün açılışı olacaq. Sübh tezdən kəndlərdən rayon mərkəzinə maşın-maşın, avtobus-avtobus adam axışıb gəlir. Amma həmin gün adamların yadında nə açılış qalır, nə də çıxışlar. Çünki Dəllək Rəhim də qarışıq hamını təəccüb götürür ki, bəs körpünün lap yuxarısına iki misralıq şeiri kim çıxıb yazıb? Doğrudan da, o yazını, tex­nikanın-filanın köməyi olmadan, körpünün yuxarı hissəsinə yazmaq çox müşkül işdi. Bu, indi də el-aləmə bir sirr olaraq qalır. Adamlar açılışdan dağılıb evlərinə gedəndə özləri ilə körpünün sevincindən çox, həmin iki misranı götürüb aparıblar:

Keçmə Dəllək körpüsündən,

Qoy vursun poezd səni.

Əslinə qalsa Dəllək Rəhim heç vaxt Səhnənin ürəyindən keçməmişdi. Səhnə Ağoşla bağrıbadaş idi. Hələ lap uşaqkən Novruz bayramında Ağoş həmişə Səhnəgilin evinə şal atardı. Həmin şalı da Səhnə rəngindən və zolağından tanıyar, sonra da anasının böyrünə qısılıb yavaşca deyərdi ki, sən Allah, ana, bu şala qırmızı yumurta bağla! Anası da dinməz-söyləməz Ağoşun şalına bir qırmızı yumurta qoyar, yanına da bir ovuc qozdan-fındıqdan əlavə edərdi. Səhərisi' gün Ağoş Səhnəni görəndə deyərdi ki, çox sağ ol, göndərdiyin qırmızı yumurta gəlib çatdı. Dəmiryol vağzalının rəisi olandan sonra ildə bir dəfə pulsuz bilet alıb qatarla Urusetin şəhərlərini gəzmə­yə çıxan Ağoşun Urusetdən alıb gətirdiyi və indi Səhnənin çiyninə saldığı şal da ucuna qırmızı yu­mur­ta bağlanan həmin şala çox oxşayırdı.

Ağoşla Səhnənin gizlənpaç oynayan çağlarında uşaqlar konfet kağızı yığıb kağız-kağız oynayardılar. Bu oyun onların başını o qədər qatardı ki, bəzən günortadan sonra quzu otarmağın vaxtı da yaddan çı­xardı. Axşamüstü quzu otarmaq­dan evə dönən uşaq­lar ağlayıb-sızlayardılar ki, bəs mənə konfet ve­rin. Elə ev tapılmazdı ki, orada konfet üstündə dava-dalaş düşməsin. Əslində uşaq­ları konfetin özündən çox kağızları maraqlan­dırardı. Həmin illər sanki Ab­lonun da bəxtinə təzə ulduz doğmuşdu. Qonşu kənd­dən Düyərliyə xırdavat gətirib satan Ablonun rəng­bə­rəng şarları gözdən düşəndə, o da mallarının çeşi­dini yavaş-yavaş dəyişib konfet alverinə güc verdi.

Ablo elektriçka ilə İrəvana gedən adamlara pul verib tapşırardı ki, mənə cürbəcür konfetlər alıb gə­tirin. Sonra da evlərində həmin konfetləri kağızlarına görə beş-beş, on-on ayrıca yığdırar, ağappaq salafan kuloklara bükdürər və ayrıca qiymətlər qoyardı. Bir çətin iş var idi ki, Ablonun gözləri əməlli-başlı gör­mürdü. Amma ona «kor» deməyə də heç kəsin dili gəlmirdi. Ablonun əlindən yapışıb kəndbəkənd gəz­dirən kiçik oğlu konfetlərin rəngini, şəklini sadala­yar, o da hərəsinin əz qiymətini deyərdi.

Ablonun gözləri görməsə də, əlini qəpiyə sür­tən kimi, onun neçə qəpiklik olduğunu göydə bilərdi. Ona təsadüfən kağız pul verərdilər. Çünki seçib gətirdiyi malların əksəriyyəti qəpik-quruşluq idi. Onun Düyərliyə gəldiyi günlərin birində Səhnə də bir abbası gətirib beş-on konfet almışdı. Bu həmin gün idi ki, Ablo ömründə birinci dəfə həvəsə gəlib Dəllək Rəhimə iydə ağacının altında üzünü qırxdır­mışdı. Səhnə həmin konfetləri evə gətirib bir-bir açmış, konfetləri güllü çit parçanın içinə bükmüş, kağızlarını isə aparıb gizlicə Ağoşa vermişdi. Bu əhvalatdan xəbər tutan olmamışdı, hətta Səhnənin anası da bu barədə heç bir şey bilmirdi. İndi Ağoş haqq dünyasındaydı, bu dünyada isə ondan xəbərdar olan bir adam varıydısa, o da elə Səhnənin özüydü.

Səhnənin Ağoşla gördüyü işlərdən biri də tut yığmaq əhvalatı idi. Zübeydəgilin yan-yana ucalan tut ağacları o qədər boy vermişdi ki, onların evləri­nin damından da xeyli yuxarı qalxmışdı. Bu tutlar­dan hansının ki, budaqları damın üstünə əyilmişdi və damın üstündən ağappaq, şipşirin, barmaq boyda tutlara əl çatırdı, Zübeydə o budaqlardakı tutu vedrələrə özü yığar, sonra da elə damın üstünə sərib qurudardı. Qalan budaqların tutunu çırpmaqdan ötrü isə həmişə Ağoşla Səhnəni çağırardı.

Ağoş tut ağacının başına dırmaşardı. Dırmaşa-dırmaşa da baş barmaq boyda ağ tutlardan doyunca yeyərdi. Sonra tut dolu budaqları Zübeydəynən Səhnənin tutduğu palazın üstünə çırpardı. Xar tutlar yaz dolusu kimi palazın üstünə yağardı. Bir-ikisi də hərdən tappıldayıb düşərdi düz Səhnənin qoynuna. Səhnə də əl atıb qoynundakı tutları götürdükcə Ağoş yuxarıdan baxıb için-için ləzzət alardı.

Belə günlərin birində Barama Nəcəf Zübeydə­nin başının üstünü kəsdirmişdi. Hay vurmuşdu ki, tez olun, alt budaqlardakı tutları çırpıb qurtarın! Qurdlar acından ölürlər. Bu gecə onlara tut yarpağı çatdır­masam, hamısı tələf olacaq. Beş-altı budaq kə­sib aparsam kifayətdir. Bu gün-sabaha sarınıb qurtararlar.

Zübeydə də səsini atmışdı başına ki, bəs elə bu kənddə ancaq bizim tutları görübsən? İki-üç gündən bir dolana-dolana gəlib deyirsən ki, yarpaq olmasa, qurdlar qırılıb qurtaracaq. Cəhənnəmə qırılsınlar, gora qırılsınlar. Gedib Hacı Muradın qol yetməyən tut ağaclarının budaqlarından qırıb apara bilmirsən? Nə oldu, Hacı Muraddan üyüdürsən?

Barama Nəcəf də cavab vermişdi ki, bəs Hacı Murad sizin kimi dinsiz-imansız deyil. Doşablıq tu­tunu götürüb qurtaran axşamı özü qırdırıb göndərir. Allah məni sizin kimi korazehnlərdən saxlasın. Məgər tut yarpağını qarnıma dürtürəm? Qurdlara verirəm də, axı onlar da Allahın heyvanıdır!

Zübeydə də yenə qıy vurmuşdu ki, bu gün qurdlara allahın heyvanı deyirsən, sabah baramanı kisə-kisə doldurub tədarükə verəcəksən, sonra da pulları alıb cibişdanına dolduracaqsan.

Barama Nəcəflə Zübeydə dalaşa-dalaşa qal­mış­dılar. Ağoşla Səhnə üz qoymuşdular Hacı Mu­radın tayalarının yanına. Onlar da başqa uşaqlar kimi axşamın sərinində Hacı Muradın tayalarının yanında gizlənqaç oynamağı çox sevirdilər.

İndi görün Ağoş hara, Dəllək Rəhim hara?!

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə