Kamran imranoğlu z ə L i baki 2013 Kamran İmranoğlu. Zəli (povestlər)




Yüklə 0.66 Mb.
səhifə4/7
tarix22.04.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5   6   7

15

Günəş az qalırdı Ağrı dağının başına sancıla. Sa­la­tının cənazəsini darvazadan küçəyə çıxardılar. Get­dikcə qadınların ağlamağı kişilərdən uzaqlaşır­dı. Bir az da ötəndən sonra arvadların ağlamağı kəsildi. Cənazəni sürətlə aparırdılar. Cavanlar da tez-tez bir-birini əvəz edir, qoymurdular kimsə cə­na­zənin altında yorula. Bu dəfə hamını bir şey təəc­cübləndirirdi: Həmişə camaatın yanında at belində Hacı Murad gedərdi. İndi cavan-qoca Ağköynəkli kişini at belində görürdülər. Hacı Murad cənazənin dalınca piyada gedirdi. Hərdən də əl atıb cənazədən yapışır, çiynini cənazənin altına verirdi.

Hacı Murad da at belində olan Ağköynəklini görür, öz-özünə düşünürdü: «Qoy camaat görsün ki, Hacı Murad necə kişidi? Şərt o deyil ki, ona-buna buyruq buyurasan. Şərt odur ki, bir yazığın, binəvanın cənazəsinin altına girəsən! Ellə bir olsan, el də sənə hörmət qoyacaq. Yoox, burnunu göyə tutsan, ona-buna dirsək göstərsən, bir gün sənə də dirsək göstərəcəklər».

Camaat bir qədər gedəndən sonra Hacı Murad yorulub camaatdan bir az dala qaldı. Bir də, çox pi­ya­da getməmişdi ki, camaatla ayaqlaşa bilə. Hacı Mura­dın tuşunda, Hacı Muraddan iki-üç addım o tərəfdə Ağköynəkli kişi at belində gedirdi. Hacı Murad yenə də öz-özünə dedi: «Bir bunun tipinə-fasonuna bax? Ə, sənin dədən-baban at görüb ki, sən də indi at belinə qalxasan? Sən bu kəndin hansı xeyrinə-şərinə yarayıbsan ki, indi də özünü camaat­dan çəkib kənara qoymusan? Arx çəkdiribsən, yol saldırıbsan? Hansı əməlinlə qalxmısan o atın beli­nə? Axı bir gün bu kənddən bir namuslu-qeyrətli oğ­lan çıxıb səndən soruşacaq ki, hansı yaralı bar­mağa... Lənət şeytana!»

Az qalırdılar ki, qəbrin yanına çatalar. Hacı Muradı yenə fikir apardı: «Bu Salatın niyə bu günə qaldı? Həmişə mənə deyərdi ki, sağ ol, ay Hacı Mu­rad, sən olmasaydın, bu uşaqları necə dolandı­ra­caqdım? Axı Salatın qıs-qıvraq idi, necə oldu ki, sürüşüb Araza düşdü? Bəlkə fikirli olub? Bəlkə ye­nə o papağı boş qalmış Həşimlə dilləşib gedib Araza».

Kimsə dedi ki, çatdıq! Hacı Murad diksinən kimi oldu. Öz-özünə düşündü ki, necə yəni çatdıq? Axı, Naznazın qəbri qəbiristanlığın o başındadı?

Hacı Murad irəli yeridi. Gördü ki, Salatının qəbrini Naznazın qəbrinin ayaq tərəfində qazma­yıb­lar. Hirs vurdu təpəsinə! Bildi ki, Ağköynəklinin işidir! Bir az da yeriyib qəbrin düz içinə baxdı. Qəb­rin içindən gözlərinə yalquzağın gözləri göründü.

Bir söz deməyib, geri çəkildi, qəzəblə Ağköy­nəkli kişiyə baxdı.


16

Gecədən xeyli keçmişdi. Adamlar yavaş-ya­vaş Həşimgildən evlərinə qayıdırdılar. Hacı Murad da əvvəlcə tayalarının başına fırlandı. Sonra ata baş çəkdi. Evə girəndə gördü ki, nə Pakizə yatıb, nə də Güllü. Dinməz-söyləməz qalxdı taxta çarpayının üstünə. Salatının öz əli ilə düzəldib bayramda pay göndərdiyi yastığı çəkdi qolunun altına.

Güllü tez qalxıb, samovardan isti çay süzdü və gətirib taxta çarpayının üstündə Hacı Muradın qarşı­sına qoydu. Bir xeyli heç birisi dinib danış­madı. Elə bil Salatının ölümündən Həşimdən çox Hacı Muradla arvadları yasa batmışdı. Handan-hana Güllü dilləndi:

– Arvadlar danışırdılar ki...

Güllü dalısını gətirmədi. Hacı Murad da qı­mıl­da­nıb heç Güllüyə tərəf baxmadı. Yenə heç kəs danışmadı.

Bu dəfə Pakizə dilləndi:

– Ay Hacı, bir qulaq as gör, Güllü nə deyir?

Hacı Murad dilə gəldi:

– Güllü dediyini deyir ki, mən də eşidəm?

Güllü yenə dilləndi:

– Arvadlar danışırdılar ki, Salatın Arazın axı­rıncı pilləkəninə enəndə onun arxasında Ağköynək­linin qardaşı qızı-Səttarın bacısı dayanıbmış!

Hacı Murad dik qalxdı:

– Vay, köpək oğlu, kənddə ikitirəlik saldı!

Sonra da əlavə etdi:

– Durun yerləri düzəldin, döşəkləri açın!

Hacı Murad bayıra çıxdı. Ay hər tərəfi süd kimi işıqlandırmışdı. Bir aya baxdı, bir də uzaqda görünən atına. İrəli yeriyib həyətdə qoyulan taxta çarpayının üstündə oturdu. Başladı keçmişləri fikir­ləşməyə. Atası Məşədi Salmanın bir sözü yadına düşdü: «Bu kəndə gəlmələr var haa, həmişə o tay­fadan ehtiyatlı ol, hamısı şər– şəmatadır!»

Sonra nə qədər fikirləşdisə, atasının başqa sö­zü yadına düşmədi. Bir də ağlına gəldi ki, gedib yatsa, gəlib atının quyruğunu kəsərlər! Səhər kənd içinə çıxa bilməz!

Hacı Murad özünə gələndə, baxdı ki, gecə yarıdan keçib. Ayağa durdu, gəldi yavaş-yavaş atın yanına. At sağ ayağı ilə yeri eşdi. Hacı Murad yaxınlaşıb atın yalını sığalladı. Sonra da cilovunu açıb arabaya tərəf apardı. Hacı Murad ömründə bu atı arabaya qoşmamışdı, amma indi qoşdu.

Hacı Murad qayıdıb evə girdi. Cibindən kib­riti çıxarıb taxçaya qoyulmuş lampanı yandırdı. Son­ra da üzünü arvadlarına tutub bir az uca səslə dedi:

– Qalxın ayağa!

Arvadların da heç birisi yatmamışdı. İkisi də hövlnak qalxıb, bir səslə dilləndilər:

– Nə olub Hacı?

– Heç bir şey, qalxın geyinin!

Arvadlar tez qalxıb başladılar geyinməyə. Ha­cı Murad yenə dilləndi:

– Mənə verilən amanatları, bir də hərəniz üçün ayırdığım qızılları götürün! Qızıl kəməri də verin mənə. Bağlayacağam belimə!

Arvadlar yır-yığış eyləyir, qorxularından da dillənmirdilər. İllah da ki, Güllünün ürəyi əsirdi.

Hacı Murad «gəlin dalımca» – deyib qapının yanında asılmış tüfəngi də götürdü və qapıdan çıxdı.

Hacı Murad arvadları arabada oturdub, özü də atın cilovundan yapışıb başladı getməyə. Elə bil atı da, arabanı da, arabanın üstündəki arvadlarını da Hacı Murad çəkib aparırdı.

Kəndi çıxıb Araza tərəf yol alanda arvadlar hali oldu ki, Hacı Murad Arazı keçmək istəyir. Bu vaxt Güllü dilləndi:

– Hacı, mən getmək istəmirəm! Məni apar qoy qardaşlarımın evinə, sonra siz gedin!

Hacı Murad fikrə getmişdi. Elə bil bu sözləri eşitmirdi. «Allahın qəzəbinə düçar olmuşam. Bu qədər qur-yarat, biç-tök, onlar da qalsın it uşağına! Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Vallah, dədə-babadan bizlərdə belə söz olmayıb. Bu sözü kəndə gəlmələr özlərilə birgə gətiriblər. Deyirəm, Hacı Murad, sən saydığını say, gör fələk nə sayır? Bax, bu, bizim öz sözümüzdür!»

Ağıl üstünə çatdılar. Hacı Muradı yenə fikir gö­türdü: «Həmişə Salatınla buralarda qarşılaşardıq. Yazığın vaxt tapıb oturmağı yox idi. Görəsən, ayır­dı­ğım cöngəni sabah aparıb Salatının məclisində kə­səcəklərmi? Ağköynəkliyə qalsa, çətin! Acgözün bi­ri­di! Bu mürvətsiz oğlu mürvətsizin heç nədən gözü doyan deyil! Dədə-babadan nəyin sahibidirlər ki, in­di də gözləri doya! Gorları olub ki, kəfənləri də ola!»

Yalquzağın ulaması Hacı Muradı fikirdən ayır­dı. Hacı Murad səsə başını qaldırdı ki, tək armuda çatırlar. Ay işığında aydınca görünürdü ki, yalquzaq iki qabaq ayaqlarını qaldırıb, armud ağacını didib tök­mək istəyir. Özü də elə ulayır ki, elə bil balası ölüb.

Hacı Muradın arvadları qorxudan bir-birlərinə sığındılar. Bu günübacılar bir-birlərinə hələ belə məhəbbətlə sığınmamışdılar. At da bir az fınxırdı. Amma Hacı Muradın heç vecinə də deyildi. Cilovu çəkib Araza tərəf gedirdi.

Bu vaxt Güllü yenə dilləndi:

– Hacı, mən getmək istəmirəm! Məni at, bu yalquzaq didib yesin!

Hacı Murad fikrə getmişdi. Elə bil bu sözləri də eşitmirdi: «Gorun çatlasın, ay Məşədi Salman! Bu Ağıl üstünü torpaq həddinə gətirmək üçün sən nə qədər çalışmışdınsa, mən də bir o qədər tər tök­düm. Bizim alnımızın təriydi bu torpağı hala gəti­rən. Amma nə olsun ki, Ağıl üstü bizim alnımı­zın yazısı deyilmiş! Ağ köynəklinin təpərinə bələ­dəm. Bundan sonra Ağıl üstündə siçanlar yuva qu­ra­caq, çaqqallar oynaşacaqlar! İndiyə qədər Hacı Mu­radın qorxusundan buraya bir çaqqal üzükə bilərdi?»

Bir xeyli də gedəndən sonra Arazın dayaz ye­rinə gəlib çatdılar. Hacı Murad atı saxladı. Arvad­larına dedi ki, arabadan düşün!

Əvvəlcə Pakizə, sonra da Güllü arabadan düş­dü. Güllü düşən kimi dilləndi:

– Ay Hacı, qoy mən qalım, getməyim!

Hacı Murad yenə Güllüyə cavab verməyib, üzünü Pakizəyə tutdu:

– Salatının meyidini uşaqlar Arazın bu yerin­də tutub çıxartdılar. Qorxmayın, dayazdı! Rahat ke­çəcəyik! Gündüz diqqətlə baxmışam.

Sonra da Güllüyə tərəf üz tutdu:

– Sən harada qalmaq istəyirsən? Səni o Ağköynəklinin ümidinə qoyum?

– Hacı, mən qocalmışam, mənə kimdi tamah salan?

– O Ağköynəkli köpəkoğlu var haa, hamıya tamah salar! O da ola Hacı Muradın arvadı! Deyə­cək, qoy Hacı Muradı binamus eyləyim!

Hacı Murad əvvəlcə Pakizənin qızıl torbasını əlinə götürdü və Pakizəni yavaş-yavaş Arazın o tayına keçirtməyə başladı.

Bir azdan sonra Hacı Murad geri qayıtdı. İndi də tüfəngini götürüb atı çəkə-çəkə apardı.

Bir azdan yenə qayıtdı və ay işığında Güllüyə dedi:

– İndi də növbə sənindir. Qızıl torbanı as boynundan! Əlini də ver keçək!

Güllü torbanın ipini saldı boğazına. Əlini də könülsüz-könülsüz Hacı Murada tərəf uzatdı. Hacı Murad yavaş-yavaş Arazı keçməyə başladı. Arazın ortasında enli, hündür daşın üstündə durub nəfəs­lərini alanda Güllü yenə dilləndi:

– Hacı, qoy mən qalım, bəlkə sənin ordakı var-dövlətinə sahiblik eyləyə bildim.

Hacı Murad bu dəfə qəzəblə qışqırdı:

– Hacı Muradın yiyəlik eləyə bilmədiyi var-dövlətə sən heç vaxt yiyəlik eləyə bilməzsən. Sənə çatacaq var-dövlət o boynundakı qızıldı, indi onu da götür apar.

Hacı Muradın sözünün ağzından qurtarması ilə Güllünün Arazın ortasına gumbuldaması bir oldu.

Hacı Murad Arazın o tayına keçib geriyə dön­dü. Gözlərinə inanmadı. Yalquzaq arabanın qaba­ğında atın yerində durmuşdu. Elə bil arabaya qoşul­maq istəyirdi, gözləri də par-par yanırdı.

Hacı Muradın ürəyindən bir sızıltı keçdi: «Kənddə hamı bilirdi ki, Hacı Murad Salatını iki arvadından da çox istəyir».

Hacı Murad sonra Pakizəni oturduğu yerdən durquzub atın belinə qaldırdı və yola düzəldi.

Yalquzaq elə uladı ki, bəlkə indiyəcən belə ulamamışdı. Elə bil ətini kəsirdilər yalquzağın!
EPİLOQ ƏVƏZİ
– Ay Baftalı Salahın nəvəsi, bir yaxına gəl, gör nə tapmışam.

– Nə tapmısan, ay Məşədi Vəli kişi!

– Uşaq vaxtı Hacı Muradın tayalarının yanın­da gizlənqaç oynayardıq. Ağoşnan Səhnə gedib elə yerdə gizlənərdilər ki, hey axtarardıq onları, tapa bilməzdik. İndi tapmışam. Onlar gedib Hacı Mura­dın tayasının altında gizlənərmişlər.

– Ay Məşədi Vəli kişi, doxsan yaşında məni yaman güldürdün, səni yüz yaşayasan! Onu da tapa bilibsənmi ki, bu yalquzaq nə vaxta qədər ulaya­caq?

O mənlik deyil, o Allahın işidir, ay Baftalı Salahın nəvəsi!

Nabran,

iyul-avqust 1996.

ZƏLİ
Onlar üç uşaq idilər. Bunlardan biri Məşədi Qafarın nəvəsiydi, biri Tanrıverdinin oğluydu, biri də Həşimin Salatından olan uşağıydı. Əyinlərinə geydik­ləri şalvarlarını dizə qədər çirmələyib qamış bitən də­rəyə düşmüşdülər. Amma qamışlıqdakı su­yun içəri­sində o tərəf-bu tərəfə çox ehtiyatla gə­zirdilər. Qamış kötüklərinin ayaqlarına batacağından qorxurdular. Adətən, kəndin böyük-böyük kişiləri yayda ayaqla­rına rezin çəkmə geyib bu qamışlığa girər, saralmış qamışları bir-bir, iki-iki biçib dəstə bağlayar və ara­baya yükləyib kəndə gətirərdilər. Kənddə bu qamış­ları təzə tikilən evlərin damlarının üstünə düzərdilər. Düyərlidə kimin evinə girsəydin, evin tavanında sə­liqə ilə toxunub düzülmüş qamışlar görünərdi.

Bəzən də biçilmiş qamış artıq qalanda onları qon­şu kəndlərdə təzə evs tikənlərə satardılar. Elə bu­nun özü də bir iş idi ki, qamış biçənlər üçün qəpik-qu­ruş çıxardı, onların evinin dolanışığına kömək olardı. O da yadımdadır ki, Baftalı Salahın nəvəsi birinci sinfə oxumağa gedəndə onun kitab-dəftərini, pal-paltarını satılan qamışların puluna almışdılar. Ata­sı da hərdən zarafatla deyərdi ki, bala, səni oxu­dan bu qamış oldu. Hətta Düyərlidə biri pul tap­mayıb ehtiyac içində boğulanda ona üz tutub hirslə deyərdilər ki, bir oraq götürüb qamış biçə bilmirsən?!

Amma hər biçilən qamışı da evin ağaclarının üstünə düzməzdilər. Elə qamışlar seçilərdi ki, birin­cisi, onlara qurd düşməsin, ikincisi, uzunluğu dörd-beş ağaca yetsin, üçüncüsü də baş barmaq yoğunlu­ğunda olsun. Qeyri kənddən qamış almağa gələnlə­rin qamışa qurd düşmək məsələsindən o qədər baş­ları çıxmazdı. Qamışın uzunluğuna da çox fikir ver­məzdilər. Deyərdilər ki, dörd-beş ağaca çatmasın, üç-dördünə yetsin, nə fərqi var?! Amma bu baş bar­maq məsələsi yaman məsələydi. Qamış almağa gə­lən hər adam, salam-kəlamdan sonra, yəni heç qiy­mət xəbər almadan baş barmağını qoyardı qamışın birinin yanına. Elə ki, uyğun gəldi, alış-verişə başlayardı.

Qamışın evin ağaclarının üstünə düzülməsi də xüsusi səliqə və bacarıq tələb edirdi. Hətta cavan-cavan qızlar da qardaşlarının köhnə-möhnə şalvarla­rından geyib evin düz kəlləsinə qalxardılar. Hərəsi bir ağacın üstündə oturub ayaqlarını aşağı sallayardı. Qamışları bir-bir evin içindən qaldırıb onlara verər­dilər. Onların da hər biri həmin qamışa ip keçirib bərk-bərk sıxardı. Beləcə işi başa çatana qədər hamı eyni qaydada işləyərdi.

Düyərlidə adamların yadına gələn o idi ki, yalnız bircə dəfə qamış toxuyan qızlardan ən kiçiyi ağacın üstündən yıxılmışdı. Yıxılan qızın isə ayağı burxulub topuqdan çıxmışdı. Onu Sulutəpəyə Sınıq­çı Hacının yanına aparmağa ehtiyac olmamışdı. Çün­ki Sınıqçı Hacı o vaxt Düyərliyə yas yerinə gəl­mişdi. Qızı qucaqlarına alıb kəndin o biri başına yas düşən evə aparmışdılar. Sınıqçı Hacı da bunu bilib dinməz-söyləməz qızın ayağını yerinə salmışdı. On­dan sonra kənddə kiçik uşaqlara evin üstündə qamış toxumağa icazə verməzdilər.

Kəndin oğlan uşaqları həyətlərin kənarında üst-üstə yığılmış qamışlardan seçib ən yaxşısını oğur­layardılar. Uşaqlar həmin qamışın buğumla­rın­dan kəsib özlərinə tütək düzəldərdilər. Qamışdan dü­zələn tütək də əməlli-başlı tütək olardı. Doğrudur, uşaqlar həmin tütəklərdə mahnı çalmağı o qədər də bacarmazdılar. Qurbanın tütək çalmağından isə ol­maz­dı. Qurban hərdən axşamüstü kəndin qadınları­nın Araza su götürməyə getdikləri vaxt böyrünü ev­lərin divarına dayayıb elə tütək çalardı ki, qoca ar­vadların gözündən yaş gələrdi. Tutu nənə də deyərdi ki, bilinsinizmi Qurban camaatı niyə ağlada bilir? Onda heç kəs cavab verməzdi. Tutu nənə də sonra əlavə edərdi ki, Qurban tütəkdə öz yetimliyini çalır.

Amma Məşədi Qafarın nəvəsinin, Tanrıverdi­nin oğlunun, Həşimin Salatından olan uşağının də­rədəki bu qamışlığa düşməklərinin səbəbi nə qamış biçmək idi, nə də qamış kəsib tütək düzəltmək. On­lar Zəhra arvadın sözü ilə buraya gəlmişdilər. Gəl­mişdilər ki, zəli tapıb aparsınlar.

Uşaqların qamışlığın içinə düşdükləri xeyli vaxt olardı. Amma hələ bir dənə də zəli tapa bilmə­mişdilər. Elə bil Allahın almışlığıydı, zəli də göyə çəkilmişdi.

Bir vaxtlar qamışlığa düşüb zəli axtarmağa heç bir ehtiyac yox idi. Çünki kəndin mal-qarası keçən payıza qədər bu tərəflərdə otlayardı. Günorta olanda inəklər kolluqların yanında uzanıb yatardılar, camış­lar isə istidən özlərini qamışlıqdakı suya təpərdilər. Qamışlığa girən camışlar o tərəf-bu tərəfə fırnaxırdı, sonra qamışlıqdakı suyun içində yatardılar. Axşam­çağı kəndin naxırçısı o camışları sudan çıxarana qədər canı boğazına yığışardı. Camışlar qamışlıqdan çıxanda isə hərəsinin belində iki-üç zəli olardı. Kənddə kim zəli istəsəydi, gəlib camışların belindən qoparardı. Bəzən də naxır axşam kəndə qayıdanda zəlilər elə camışların belində kəndə gələrdi.

Ağköynəkli Düyərlidə at çapmağa başlayandan kənddə çoxlu yeni-yeni qaydalar qoymuşdu. Bunlar­dan biri də o idi ki, keçən ilin payızından Düyərlinin mal-qarası həmin dərəyə tərəf üzükə bilməzdi. Çün­ki Ağköynəkli demişdi ki, kəndin naxırı qamışlıqdan qalxan kimi kolxozun əkinini korlayır. Elə o vaxt-bu vaxt zəli tapmaq müşkül məsələyə çevrilmişdi.

Birdən Həşimin Salatından olan uşağı ilan vuran adam kimi qışqırdı. Bu qışqırtı zəli tapıb sevi­nən adamın qışqırığına oxşamırdı. Onun qorxunc səsindən Məşədi Qafarın nəvəsi də, Tanrıverdinin oğlu da diksindi. Elə bu vaxt Həşimin Salatından olan uşağının yenə səsi gəldi:

– İlan, ilan!

Məşədi Qafarın nəvəsi ilə Tanrıverdinin oğlu səs gələn tərəfə getdilər. Həşimin Salatından olan uşağı yerində donub qalmışdı. Onun lap qabağındakı qamışa yekə bir ilan dolaşmışdı. İlanın başı suyun üzündə idi. Ağzında da iri bir qurbağa vardı. Qur­bağa ilanın başından xeyli böyük görünürdü. İlan nə tərpənirdi, nə də qurbağanı udurdu. Elə maddım-maddım Həşimin Salatından olan uşağına baxırdı. Məşədi Qafarın nəvəsi Həşimin Salatından olan uşa­ğının köynəyindən yapışıb yavaş-yavaş geri çəkmə­yə başladı. O, ehtiyatla bir addım geri çəkildi. Elə bu an ilan tərpəndi. Uşaq yenidən yerində donub qaldı.

Tanrıverdinin oğlu astaca dilləndi:

– Qorxma, geri çəkil! İlan qurbağanı ötürməz!

Məşədi Qafarın nəvəsi də dilləndi:

– Qorxma, geri çəkil!

Həşimin Salatından olan uşağına elə bil təpər gəldi:

– Siz yavaş-yavaş kənara çıxın. Mən birdən qaçacağam.

Məşədi Qafarın nəvəsi tez dedi:

– Yox, yox qaçmaq olmaz! İlan dalımıza düşər.

Həşimin Salatından olan uşağı yenə əlacsız qaldı. Ürəyində bir ümid var idi, o da həmin sözdən sonra qıvrılıb yox oldu.

Bu vaxt Tanrıverdinin oğlu heç kimin ağlına gəlməyən bir söz dedi:

– Gəlin qurbağanı ilanın ağzından çıxaraq!

Məşədi Qafarın nəvəsiylə Həşimin Salatından olan uşağı səs-səsə verib bir ağızdan dedilər:

– Yox, olmaz!

Sonra hansısa əlavə etdi ki, ilan hirslənib bizi çalar.

Bir az da sakit dayandılar. Məşədi Qafarın nə­vəsi dedi ki, buraya gələndə yaman səhv eləmişik. Tutu nənəyə deyəydik, ilanın ağzını bağlayaydı. Tan­rıverdinin oğlu da tez cavab verdi ki, ay qanmaz, Tutu nənə qurdun ağzını bağlayır. Məşədi Qafarın nəvəsi də qayıdıb dedi ki, qurdun da ağzını bağlayır, lap ilanın da.

Elə bu söhbətin ortasında ilan başını tərpətdi. Amma irəliyə yox, bir azca geriyə çəkildi. Həşimin Salatından olan uşağı rahat nəfəs almağa başladı. Ürəyindən keçdi ki, deyəsən, ilan qurbağanı götürüb uzaqlaşacaq. Amma əksinə oldu. İlan geri çəkilən­dən sonra yavaş-yavaş irəliyə doğru hərəkət eləməyə başladı. Qeyri-ixtiyari Həşimin Salatından olan uşağı çığırdı:

– Tez olun, suyun altına cumun!

Uşaqların üçü də özlərini atdılar suyun altına.

Həşimin Salatından olan oğlu nə vaxtsa eşit­mişdi ki, suyun altında ilan adamı çalmır. Onlar nəfəsləri təngiyənə qədər suyun altında qaldılar. Bir xeyli keçəndən sonra qorxa-qorxa başlarını sudan çıxartdılar. O boyda ilan yoxa çıxmışdı.

Uşaqlar paltarlarından su süzülə-süzülə bir az da ayaq üstə durdular. Hər tərəfə göz gəzdirdilər. İlandan əsər-əlamət yox idi. Bir şey müəmmalı qaldı ki, ilan onların üstündən üzüb gedib, yoxsa geri qayıdıb?! Elə bu vaxt Tanrıverdinin oğlu qışqırdı ki, vay, ayağımda nəsə var! Onun dalısınca da Məşədi Qafarın nəvəsi qışqırdı!

– Tez olun, bayıra çıxaq!

Hər üçü qamışların arası ilə suyu şappıldada-şappıldada dərənin kənarına doğru qaçmağa başla­dılar. Əslində Məşədi Qafarın nəvəsi də, Həşimin Salatından olan uşağı da, düşünürdü ki, Tanrıver­dinin oğlunu ilan çalıb. Tanrıverdinin oğlunun özü də elə fikirləşirdi.

Qamışlıqdan çıxan kimi Tanrıverdinin oğlunun ayağına baxmağa başladılar. Birdən Məşədi Qafarın nəvəsini gülmək tutdu.

O, əlini Tanrıverdinin oğlunun baldırına uzadıb gülə-gülə də dedi:

– Zəli!


Sonra o birilər də gülməyə başladılar.

Tanrıverdinin oğlu ağzı üstə dərənin kənarın­dakı yaşıl otların üzərində uzandı. Məşədi Qafarın nəvəsi ağ torbanın ağzını açıb oradan bir ovuc duz götürdü və zəlinin üstünə tökdü. Heç bircə dəqiqə keçməmiş əlini atıb zəlini Tanrıverdinin oğlunun baldırından qopardı. Həşimin Salatından olan uşağı­nın əlində tutduğu bankaya saldı. Həşimin Salatın­dan olan oğlu da bankanın ağzını bağlayıb kölgə düşən bir yerə qoydu. Sonra üçü də köynəklərini çıxarıb otun üstünə sərdilər və gəlib üzləri qamışlığa tərəf göy otun üstündə yanaşı oturdular.

Günəş Ağrı dağına tərəf əyilmişdi. Onun şüa­ları qamışlığı qəribə bir rəngə boyamışdı. Bəlkə, yüz il baxsaydın, bu cür rəngi tapmaq mümkün olmaya­caqdı. Uşaqlar gah günəşə baxır, gah da qamışlığın rəngini seyr edirdilər. Onlar bir-birlərindən küsən adamlar kimi dinib danışmırdılar.

Həşimin Salatından olan uşağının yadına anası düşmüşdü. Bir zamanlar anası sağ olanda Ağıl üstünə ot biçməyə gedərdilər. Salatın orağı arabanın küncün­dən götürüb yavaşca yerə çömbələr, sol əli ilə iri ot­ların ortasından yapışar, sağ əlindəki oraqla da onları biçərdi. O isə biçilmiş otları qucaqlayıb arabaya daşı­yardı. Anası da hey deyərdi ki, otu az-az götür, qoy yerə tökülməsin. Elə o vaxt Həşimin Salatından olan uşağı başa düşürdü ki, bu ot biçmək çətin bir işdi.

Salatının ot biçən günlərinin birində Hacı Mu­rad gəlib oraya çıxmışdı. Amma insafən Hacı Murad Salatına baxıb-baxıb heç nə demədən çıxıb getmişdi. Bu baxmaq o deyən şey idi ki, buralardan ot biçmək olmaz. Amma Salatına heç kəs bir söz demədi. Salatının başqa çarəsi də yox idi. Çünki Həşim çölə ot dalısınca getməzdi, elə bir böyük uşağı da yox idi ki, gedib ot biçib gətirsin. Evin hər işi Salatının üstünə düşmüşdü. Hacı Murad da, başqaları da yaxşı bilirdi ki, Salatın ot biçib aparmasa, var-yox bir inəkləri də süddən quruyacaqdı. İndi gəl ondan sonra uşaqları dolandır görüm, necə dolandıracaqsan?

Həşimin Salatından olan uşağı atası ilə anası­nın dalaşmağını da xatırladı. Atası oturmuşdu həyət­dəki tut ağacının altında günorta çörəyini yemək istəyirdi. Həşim bıçağı almışdı əlinə Salatının təzəcə tağdan qoparıb gətirdiyi xiyarları soyurdu. Özü də asta-asta soyurdu, kənardan baxan deyərdi ki, bu kişidə əsəb deyilən heç nə yoxdu.

Həşim xiyarları soyub bir tərəfə qoydu. Sonra göy-göyərtiyə əl atdı. Yuyulmuş göyərtilərin köklə­rini və bəzi yarpaqlarını kəsib bir tərəfə qoydu. Ara­da da təmizlənmiş bir dəstə şüyüdü burnuna yaxın­laşdırıb yaxşı-yaxşı iylədi. Elə bil yazda təzəcə açılmış qızılgül iyləyirdi.

Bu baxt Salatın evdən dünən çalınmış bir qa­zan qatığı gətirib Həşimin yanına qoydu. Həşim də elə o dəqiqi qazanın qapağını götürüb qatığı qaşıqla çanağa tökməyə başladı. Bir-iki qaşıq götürüb qaza­nın bir tərəfini əydi. Gördü ki, qatıq su verir. Həşim də elə buna bənd imiş kimi əsəbiləşib Salatının üstünə qışqırdı:

– Ay ərdəmin tökülsün! Bir qatığı da çala bil­mirsən?! Salatın da cavab qaytardı ki, hava istidir, nə eləyirsən elə, qatıq yenə su verəcək.

Həşim bu dəfə daha hirslə dedi ki, dədən evindən çıxanda heç nəyi bacarmırdınsa, barı heç olmazsa, qatıq çalmağı öyrənəydin.

Salatın yenə cavab qaytardı ki, dədəm evində öyrənmədiyimi burada öyrənmişəm. Bax gör, kənd­də kimin arvadı ota gedir, ota getməyi də elə sənin evində öyrənmişəm.

Həşim elə bunu eşitmişdi ki, lap ucadan dedi:

– Sən ot biçməyə getmirsən, sülənməyə ge­dirsən!

Salatın o sözdən sonra dodağının altında «bu da mənim yaxşılığım» deyib evə tərəf getdi.

Həşimin də elə bil birdən-birə hirsi soyudu. Qa­­şıqla çanaqdakı qatığı çalıb ovduq düzəltməyə başladı.

Həşimin Salatından olan uşağının yadına o da düşdü ki, yayın bir qızmar günündə su daşı qoyul­muş dama girib su içmək istəyirdi. Bu su daşını dayısı Nəcəfalı kişi onlara gətirmişdi. Özü də gülə-gülə demişdi ki, bu su daşı Salatının ən qiymətli cehizidi. Onu yaxşı-yaxşı qoruyarsınız. Arazın suyu­nu elə-belə içmək olmaz. Bu daşdan süzülən Araz suyunun isə əvəzi yoxdu. Həşimin Salatından olan uşağı da elə əvəzi olmayan o sudan içmək üçün da­mın içinə girdi. Amma təəccüb onu götürdü. Çünki anası su daşının yanında çömbəlib bir kərpicin üs­tün­də oturmuşdu və için-için ağlayırdı. Salatın oğ­lunu görəndə də ağlamağını kəsmədi. Elə bil uşağın onun yanına gəlməyindən xəbəri yox idi. Bir azdan Salatın gözünün yaşını silib daşın yanından götür­dü­yü parçı daşdan süzülmüş su ilə doldurub ona uzatdı.

– Al, iç! Qoy ürəyin sərinləsin!

Salatın başa düşmüşdü ki, uşaq su içmək istə­yir. Amma oğlu heç vaxt bilməmişdi və indi də bil­mirdi ki, anası onda niyə ağlayırdı? Bəlkə də, Salatın gecə gördüyü yuxusunu suya danışmaq üçün o da­mın içinə girmişdi. Özü də fikirləşmişdi ki, yuxunu çaya da­nışdın, yaxud daşdan süzülən suya, nə fərqi var?

İndi Həşimin Salatından olan uşağının yadına birdən düşdü ki, anası o əhvalatdan bir neçə gün sonra Araza düşüb boğulmuşdu.

Həşimin Salatından olan uşağı xəyaldan ayrılıb gördü ki, Məşədi Qafarın nəvəsi də, Tanrıverdinin oğlu da arxaları üstə göy otun üstünə uzanmışdılar. Məşədi Qafarın nəvəsi əllərini daraqlayıb başının altına qoymuşdu. Tanrıverdinin oğlu isə başını top kimi yumruladığı köynəyinin üstünə qoyub əlləri ilə gözünü örtmüşdü. Əslində gözünü örtməyə elə bir ehtiyac yox idi. Çünki günəş görünmürdü və qamış­ların kölgəsi onun üstünə düşmüşdü.

Tanrıverdinin oğlu da əlləri gözünün üstə keç­mişləri xatırlayırdı. Onun yadına siniflərində oxuyan Tükəz düşmüşdü. Birinci sinfi qurtarmağa az qalmış Əlifba bayramı keçirməyə hazırlaşırdılar. Bayramın keçiriləcəyi gün səhər-səhər uşaqlar hamısı öz yer­lərində oturub onlara ilboyu dərs deyən müəllim­lərini gözləyirdilər. Tanrıverdinin oğlu da Tükəz ilə həmi­şə­ki kimi birinci partada yanaşı oturmuşdular. Tanrı­verdinin oğlunun yadına nə düşdüsə, dəftərini açıb onun vərəqlərindən birini cırdı. Tükəzdən gizli vərəqə aşağıdakı cümləni yazdı: «Mən səni sevi­rəm». Sonra vərəqi səliqə ilə qatlayıb partanın üstü ilə Tükəzə sarı ötürdü. Əlifba bayramına geyinib-keçinmiş, saçına qır­mızı lent vurub gəlmiş Tükəz də sevinə-sevinə və­rə­qi açıb oxumağa başladı. Sonra isə vərəqi hirslə cı­rıb sinfi ağlaya-ağlaya tərk etdi. Məktəbin həyətində duran müəllimlər Tükəzi birtə­hər ovudub güclə geri­yə qaytardılar. Tükəz öz müəl­limi ilə sinfə girəndə bu dəfə Tanrıverdinin oğlunun yanında oturmadı. Lap arxa partaya keçdi və heç kəsə də bir söz demədi.

Bütün ikinci sinif boyu Tanrıverdinin oğluyla Tükəz bir kəlmə də danışmadı. Yalnız üçüncü sinif­də onların umu-küsüsü qurtardı.

Beşinci sinifdə isə belə bir əhvalat oldu. Nov­ruz bayramı qabağı uşaqlar evdən məktəbə qoz, fın­dıq, qırmızı yumurta və başqa şirin şeylər gətirmiş­dilər. Tarix dərsi təzəcə başlamışdı. Dərsin şirin ye­rində heç kəsin gözləmədiyi halda bir qırmızı yu­murta fırlana-fırlana düz gəlib yazı taxtasının qaba­ğında durdu. Hamı təəccüblə yumurtaya baxdı. Tarix müəllimi də bu mənzərəni diqqətlə seyr edəndən sonra bir hərəkətlə ayağa qalxıb qəzəblə dedi:

– Bu yumurta kimindir?

Heç kəs dillənmədi. Müəllim yenə qışqırdı, yenə dillənən olmadı. Müəllim dedi ki, kim evdən nə gətiribsə, partaların üstünə töksün. Uşaqlar evdən gətirdiklərini partaların üstünə tökmək istəyirdilər ki, Tanrıverdinin oğlu ayağa qalxıb dedi:

– Müəllim, niyə özünüzü yorursunuz. İcazə verin mən deyim yumurta kimindir?

Müəllim soruşdu?

– De görüm, kimindir?

Tanrıverdinin oğlu əlini uzadıb Tükəzi göstərdi və dedi:

– Bu yumurta Tükəzindir!

– Hardan bilirsən?

– Çünki o yumurtanı mən özüm səhər-səhər Tükəzə bağışlamışdım.

Tarix müəllimi sorğu-sualı kəsib barmağını Tü­kəzin üstünə silkələyib uca səslə «tərbiyəsiz» de­di. Sonra da əlavə etdi ki, valideyninə deyərsən, sabah məktəbə gələr!

Tükəz heç bir söz demədən başını partanın üstünə qoyub hıçqıra-hıçqıra xeyli ağladı.

Əslində yumurta doğrudan Tanrıverdinin oğlu­nun idi və həmin yumurtanı yazı taxtasının qabağına da Tanrıverdinin oğlu diyirlətmişdi. Bunu bir Tükəz bildi, bir də Tanrıverdinin oğlu.

Ondan sonra Tanrıverdinin oğlu ilə Tükəz yenə xeyli vaxt danışmadılar. Bu il isə səkkizinci sinfə keçmiş Tanrıverdinin oğlu ilə Tükəzin bir-birinə münasibəti xeyli yaxşılaşmışdı. Çünki Tanrıverdinin oğlu bütün yay boyu Tükəzgilin quzularını otarırdı.

Tanrıverdinin oğlunun fikrindən o da keçdi ki, Tanrıverdinin atası ilə anası orta məktəbdə on il bir sinifdə oxuyublar. Sonra da Tanrıverdinin atası ana­sını götürüb qaçırıb.

Məşədi Qafarın nəvəsi isə heç nə fikirləşmirdi. Çünki əməlli-başlı yatmışdı. Amma bu dəm Məşədi Qafarın nəvəsi yuxu görürdü. Görürdü ki, babası dirilib gəlib onların həyətinə. Ona bir uzun ağac, bir də cırılmış köhnə əski uzadıb deyir ki, bu əskini ağacın başına dolayıb yandır və üzüm tənəyinin üs­tündəki arı pətəyinə od vur!

Elə bu vaxt qamışlığın o başından uşaq ağla­ma­ğına oxşar bir səs eşidildi. Məşədi Qafarın nəvəsi yuxudan dik atıldı. Tanrıverdinin oğlu da, Həşimin Salatından olan uşağı da ayağa qalxdılar. Uşaq ağlamağına oxşar həmin səs yenə eşidildi. Məşədi Qafarın nəvəsi tez dilləndi: narahat olmayın, ağlayan uşaq deyil, çaqqaldır. Sonra da dedi ki, artıq gün əyilir, tez olun, bəlkə, bir-iki zəli də tuta bildik.

Tanrıverdinin oğlu dedi ki, mən daha qamış­lığa girmək istəmirəm. Onsuz da zəli payımı tapmı­şam. Sizin hərəniz də bir zəli tapın, qayıdıb gedək.

Məşədi Qafarın nəvəsi, Həşimin Salatından olan uşağı yenidən şalvarlarının ayağını dizə qədər qatlayıb qamışlığın içinə girməyə başladılar. İndi qamışlıqdakı su əvvəlkindən xeyli istilənmişdi. Elə bircə addım atmışdılar ki, hamıdan qabaqda gedən Həşimin Salatından olan uşağı qəflətən yerində don­du. Məşədi Qafarın nəvəsi də ona baxıb tez dayandı. Ona elə gəldi ki, Həşimin Salatından olan uşağı yenə ilan görüb. Elə bu vaxt dilləndi:

– Sən Allah, bir qamışa bax!

Məşədi Qafarın nəvəsi Həşimin Salatından olan uşağının əli ilə ortasından tutduğu qamışa bax­dı. O yenə dilləndi:

– Mən hələ indiyə qədər belə qamış görmə­mişəm. Bu qamışdan əsl tütək düzəltmək olar. Evə qayıdanda bu qamışı dibindən qırıb Qurban dayıya aparacağam.

Məşədi Qafarın nəvəsi yenə qamışa baxdı, am­ma bu qamışın o biri qamışlardan nəyə görə fərq­ləndiyini ayırd edə bilmədi. Həşimin Salatından olan uşağı əlini cibinə salıb oradan qırmızı bir parça çı­xardı. Bu qırmızı parça Salatının lap köhnə donunun bir hissəsi idi. Salatın hələ Həşimə ərə gəlməmişdən qabaq həmin qırmızı donu geyib kəndin toylarına gedərdi. Sonralar Salatın bu köhnə donu evin bir küncünə atmışdı. Hərdən ondan bir azca kəsib ora­ğın dəstəyinə sarıyardı ki, əli qabar atmasın. Həşi­min Salatından olan uşağı da neçə gün qabaq həmin dondan bir tikə kəsib cibinə qoymuşdu ki, lazım olar. İndi o, qırmızı parçanın kənarından lent enində cırıb qamışın suya dəyən hissəsindən bir qarış yu­xa­rıya doladı və bərk-bərk bağladı. Həşimin Salatından olan uşağı ona görə belə edirdi ki, qamışlıqdan çı­xanda onu başqa qamışlarla dəyişik salmasın.

Artıq Məşədi Qafarın nəvəsi bir neçə addım qamışlığın içinə girmişdi. O, bu dəfə qeyri-ixtiyari olaraq ilanı gördükləri tərəfə deyil, əks tərəfə ge­dirdi. Əslində hansı tərəfə gedəcəkləri barədə heç məsləhətləşməmişdilər. Görünür, ikisi də səmti də­yişməyi ürəyində fikirləşmişdi.

Onlar qamışları aralayır və qamışların suya də­yən ayaqlarına baxa-baxa qabağa gedirdilər. Həşi­min Salatından olan uşağı öz-özünə fikirləşirdi ki, camışlar burada günortalar yatanda zəli əlindən tər­pənmək olmurdu. Zalımın balaları indi elə bil yoxa çıxıblar. Hara itdi bu zəlilər? Bəlkə, elə camışların iyinə gəlib çoxalırmışlar? Ya da ki, keçən il payızda Ağköynəkli qamışlığa od vuranda hamısı yanıb qurtarıb? Yox, bu olan iş deyil, qamışa od vurulanda zəlilər suyun altına cumurlar və salamat qalırlar.

Sonra da fikirləşdi ki, Zəhra arvad həmişə deyərdi: «Hər meyvənin öz ili olduğu kimi, zəlinin də ili var. Bir il tapılanda, o biri il göyə çəkilir». Bəlkə, bu il zəlinin ili deyil?!

Bu zaman Məşədi Qafarın nəvəsi ucadan dedi ki, bura gəl! Həşimin Salatından olan uşağı da elə bildi ki, Məşədi Qafarın nəvəsi zəli tapıb. Onun yadına heç ilan-çayan düşmədi. Məşədi Qafarın nə­vəsinə tərəf getdi. Gördü ki, Məşədi Qafarın nəvəsi bir qamışın lap yuxarısını göstərir. Qamışın lap yu­xarısında arı pətəyi vardı, üstündə də arılar qıjhaqıj qıjıldaşırdılar. Elə bu vaxt Məşədi Qafarın nəvəsi dilləndi:

– Mən bu arı pətəyini yuxuda görmüşdüm. Ancaq bir fərqi var ki, mənim gördüyüm arı pətəyi qonşunun çəpərinin üstündən bizə tərəf uzanan üzüm tənəyinin üstündəydi.

Zəli tapmaq yaddan çıxdı. Uşaqlar diqqətlə arı pətəyinə baxmağa başladılar. Arılar gah yuxarı qalxır, gah da aşağı enirdilər. Əməlli-başlı duyuq düşmüşdülər. Azca keçmişdi ki, pətəyin üstündəki arılar vızhavız uşaqlara tərəf uçmağa başladılar. Uşaqlar əlləri ilə arıları sağa-sola qovurdular. Məşə­di Qafarın nəvəsi dedi ki, gəl pətəyi vurub suya salaq, yoxsa bunlar bizi sitar qoymayacaq. Həşimin Salatından olan uşağı ona cavab verdi:

– Yox, Allahın heyvanıdı, niyə öldürək ki? Keçib başqa tərəfdən zəli axtararıq.

Bu sözdən sonra onlar səmtlərini dəyişib yenə qabağa getməyə başladılar. Azca getmişdilər ki, bir arı şığıyıb Məşədi Qafarın nəvəsinin düz boynundan sancdı. Məşədi Qafarın nəvəsi «vay» deyib əlini boynuna apardı. Qamışlığın kənarından Məşədi Qa­fa­rın nəvəsinin havarına Tanrıverdinin oğlu hay verdi:

– Nə oldu? İlan çalmadı ki?

Məşədi Qafarın nəvəsinin heyi yox idi. Əvə­zində Həşimin Salatından olan uşağı cavab verdi ki, narahat olma, ilan deyil, arı vurdu. Sonra da iki baş barmağını aparıb arının sancdığı yeri bərk sıxdı. Sı­xı­lan yerdən bir damcı su çıxdı. Aşağı əyilib qamış­ların dibindən bir azca palçıq götürdü. Onu əlində əvvəlcə yumruladı, sonra da yastılayıb arı sancan yerə qoydu. Soyuq palçıq Məşədi Qafarın nəvəsinə bir az rahatlıq gətirdi. O, azca qımışaraq dedi ki, elə mənim bayaq gördüyüm yuxu çin oldu. Yuxuda arı görmüşdüm, axırı o da gəlib məni sancdı.

Azca keçəndən sonra hər ikisi yenə qabağa doğru irəlilədilər. Məşədi Qafarın nəvəsi dedi ki, əşi, bu nə bəlaydı başımıza açdıq. Bizim də, deyəsən, ağlımız-huşumuz qaçıb. Düşmüşük qamışlığın canı­na ki, nədi-nədi zəli tapacağıq. Zəhra arvad da bizə ya bir-iki konfet verəcək, ya da kağızını. Dayımgilin üzümlüyünə oğurluğa getsəydik, bundan min qat yaxşı olardı. Həşimin Salatından olan uşağı da dedi ki, mən daha ömrüm boyu oğurluğa getmərəm. Mə­şədi Qafarın nəvəsi niyəsini soruşdu, o da cavab ver­di ki, anam ölən iliydi. Bir də eşitdik ki, qonşunun qızı həyətlərinin yanından axan çaydan iki su ördəyi tutub. Ördəklərin də ayaqlarına ip keçirib aparıb tövlələrindəki axurun yanındakı dirəyə bağlayıb. Qabaqlarına da köhnə bir çanaqda su qoyub. Mən də bilirdim ki, qonşunun uşaqları günorta istidə evə doluşub yatırlar. Eləməyib tənbəllik günorta vaxtı özümü tövləyə saldım. Gördüm ki, çox gözəl su ör­dəkləridir, baxanda adamın lap ağzının suyu axır. Ayaqlarına keçirilən ipləri yavaşca qırıb ördəkləri götürdüm. Oradan birbaşa dayımgilin üzümlüyünə gəldim. Ördəklərin ayaqlarındakı ipi üzüm tənək­lərinin birinə ilişdirdim. Sonra da öz evimizə qayıt­dım. Başımı atıb tutun kölgəsində yatdım.

Bundan bir-iki saat keçmişdi ki, qonşunun qızının səsinə oyandım. Qonşunun qızı bizim həyət­də düz atamın qabağında dayanıb ağlaya-ağlaya ona deyirdi ki, sənin oğlun mənim ördəklərimi oğurla­yıb. Atam mənə tərs-tərs baxıb yanına çağırdı və hirslə soruşdu ki, ördəkləri harda gizlətmisən? Mən də atamın düz gözlərinin içinə baxıb-baxıb birdən şəstlə cavab verdim ki, ördəkləri dayımgilin üzüm­lüyünə bağlamışam.

Atam, qonşunun qızı və mən dayımgilin üzüm­lüyünə sarı yollandıq. Həyətimizdən o qədər də uzaq olmayan üzümlüyə çatanda atam soruşdu ki, ördək­lərin yerini göstər. Mən də dinməz-söyləməz qabağa düşüb ördəklərin olduğu yerə getdim. Oraya çatanda atam ördəkləri görüb mənə dedi ki, onları aç, qıza ver. Mən də tövlədə olduğu kimi ördəklərin ayağına bağlanmış ipi qırdım və onları qonşunun qızına uzat­dım. Qonşunun qızı ördəkləri alıb onları təzəcə tut­muş kimi sevinə-sevinə qaçdı. Bu vaxt atam yerdən bir çubuq götürüb düşdü mənim üstümə. Gördüm ki, iki-üç çubuqla atamın ürəyi soyumayacaq. Qaçma­sam da, vurub məni şil-küt eyləyəcək. Ona görə də çöllüyə tərəf üz qoydum. Mən qaçdıqca gördüm ki, atam da mənim dalımca gəlir. Onda üzümü döndər­dim zəminin kənarındakı qəbiristanlığa. Özümü ye­tir­dim nənəmin qəbrinin üstə və ora-burası sınmış baş­daşından bərk-bərk yapışdım. Atam qəbrin yanı­na çatanda çubuğu əlindən yerə tulladı və mənə qə­zəb­lə dedi ki, bir də oğurluq eləsən səni öldürəcəyəm.

Məşədi Qafarın nəvəsi bu söhbətə qulaq asıb əlini yellədi və dedi ki, qorxub eləmə, atan səni öl­dürməyəcək. Bu sözdən sonra Məşədi Qafarın nəvə­si ayağını şappıldadıb dayandı. Həşimin Salatından olan uşağı gördü ki, onun gözləri az qalır hədə­qə­sindən çıxa. Məşədi Qafarın nəvəsi barmağını aya­ğına tərəf suya uzatdı və «barmaqlarımın ucu yum­şaq bir şeyə dəyir», - dedi. Onlar xeyli bir-birlərinin üzünə baxdılar. Həşimin Salatından olan uşağı so­ruşdu ki, tərpənir, ya tərpənmir. O da başını bula­yaraq «yox» işarəsi verdi.

Həşimin Salatından olan uşağı Məşədi Qafarın nəvəsinin yanına gəldi və əlini onun sağ qıçına qo­yub qıçının üstü ilə yavaş-yavaş aşağı sürüşdürdü. Suyun içində əlini onun ayaq barmaqlarına tərəf apardı və barmaqları yavaşca yumşaq bir şeyə to­xundu. Yumşaq olan bu şey ona xoş gəldi və ürə­yindən də keçdi ki, nəsə çox tanış bir şeydi. Amma əli suyun içində olanda nə qədər fikirləşdi, yadına heç nə düşmədi. Sonra Məşədi Qafarın nəvəsinə işarə elədi ki, ayağını geri çək! Məşədi Qafarın nəvəsi də ayağını yavaşca geri çəkdi.

O, barmaqlarını yumşaq şeyin altından salıb bərk-bərk tutdu və yuxarı qaldırmaq istədi. Başa düşdü ki, nədirsə palçığa batıb. Sonra o biri əlini də suyun altına salıb iki əlli tutdu və güc verdi. Onun əlləri suyun üzünə qalxanda altı palçığa batmış və içi su ilə dolu uzunboğaz rezin çəkmə göründü.

Həşimin Salatından olan uşağı uzunboğaz çəkməni ağzı üstə əyib suyunu boşaltdı. Sonra sağ ovcu ilə çəkmənin üstünə su töküb palçığını yumağa başladı. Tamam yuyub qurtarandan sonra çəkmənin o tərəf - bu tərəfinə diqqətlə baxdı. Əli ilə hər yerini yoxladı. Ağlına gəldi ki, yəqin deşilib su keçirdiyinə görə qamışlığa tullayıblar. Çəkmənin aşağısından başlayıb boğazının ağzına qədər hər yerinə barma­ğını basa-basa yoxladı. Heç bir cırıq-deşiyə rast gəlmədi. Arxayın olmaq üçün təmizlənmiş çəkmənin içinə su doldurub başı üstünə qaldırdı. Özü diqqətlə baxdı. Məşədi Qafarın nəvəsinə dedi ki, bax gör su tökülürmü? O da çəkməyə xeyli say salıb cavab verdi ki, heç yerindən su damcılamır. Onda Həşimin Salatından olan uşağını əməlli-başlı təəccüb götürdü. Anlaya bilmədi ki, bu təptəzə çəkməni qamışlığa kim və niyə atıb?

Onlar irəliyə hərəkət etdilər. Həşimin Salatın­dan olan uşağı çəkməni suya atmamışdı, sağ əlində saxlamışdı. Elə bu vaxt Məşədi Qafarın nəvəsi dilləndi ki, bəlkə yenidən arı olan tərəfə qayıdaq, deyəsən, buralarda zəli tapmaq müşkül işdi. Həşimin Salatından olan uşağı da ürəyində fikirləşdi ki, niyə ilan gördüyümüz tərəfə yox, arılar uçan tərəfə? Heç bir söz demədi. Amma ona agah oldu ki, Məşədi Qafarın nəvəsi ilandan daha çox qorxub.

Uşaqlar sağa buruldular. Qamışların arasına ya­vaş-yavaş baxa-baxa yenə zəli axtarmağa başla­dılar. Məşədi Qafarın nəvəsi ürəyində deyindi ki, bu zəli də qəhət olub yoxa çıxıb. Dil bilmirlər ki, dü­düləyib çağırasan, sənə tərəf gələ. Çörəkdən, pen­dirdən yemirlər ki, bir tikə atasan, başına yığışa. Balıq kimi soxulcana gəlmirlər ki, qazıb bir qutu qurd gətirəsən, qamışdan tilov düzəldib, ucuna bağ­layıb bu bataqlığa atasan, özün də adam balası kimi üstü-başı tər-təmiz durasan kənarda.

Həşimin Salatından olan uşağının beynindən isə uzunboğaz çəkmə çıxmırdı ki, çıxmırdı. Fikir­lə­şirdi ki, bu təptəzə çəkmə kimin olar? Axı Düyərlidə heç kəs təptəzə çəkməni suya tullamaz. Bəlkə, kimsə başqasının çəkməsini qəsdlə buraya atıb. Yox, bu da ola bilməz. Çünki Düyərlidə uzunboğaz rezin çəkməni mal-heyvandan daha çox istəyirlər. Çünki su suvarmağa, ot xorumlamağa, qamış biçməyə uzunboğaz çəkmə lazımdır. Kənddə kimin ki elə bir çəkməsi yoxdur, deməli, yarımcan olub evdə qal­malıdı. Ona görə də hansı adamın çəkməsi yoxa çıx­saydı, elə həmin gün səhər-səhər naxır çölə gedəndə kəndin ortasında vur-həşir qopardı. Amma neçə vaxtdır ki, heç kəs cınqırını çıxartmayıb.

Bəlkə, kiminsə çəkməsinin bir tayı deşilib, o bi­ri tayını da lazımsız bilib buraya gətirib tullayıb. Dü­yərlidə bu da olan iş deyil, çünki Düyərli camaa­tını o qədər korafəhm hesab etmək olmaz. Onlar həmişə çəkmənin cırılan tayını atıb, təzəsini ev damının bir küncünə qoyarlar. Bilirlər ki, nə vaxtsa lazım olacaq? Özləri də deyərlər ki, saxla samanı, gələr zamanı.

Birdən Məşədi Qafarın nəvəsi gücü gəldikcə qışqırdı. Bu qışqırıq əvvəlki qışqırıqlara qətiyyən oxşamırdı. Dərənin döşündə oturan Tanrıverdinin oğlu da bu səsə dik atılıb qamışlığa tərəf boylandı.

Həşimin Salatından olan uşağı tez Məşədi Qa­farın nəvəsinə yaxınlaşdı. Gördü ki, Məşədi Qafarın nəvəsi sol əli ilə qamışlardan yapışıb, sağ əli ilə də yuxarı qaldırdığı sağ ayağını bərk-bərk tutub. Məşə­di Qafarın nəvəsi dedi ki, ayağımın altı kəsilib. Nəy­disə ayağımı elə doğradı ki, ağlım başımdan çıxdı.

Həşimin Salatından olan uşağı gördü ki, suyun üzünü qıpqırmızı qan bürüyür. Heç bir söz demədən onun sağ qolunu boynundan aşırıb çiynini qoltuğu­nun altına dayaq elədi. Onlar yavaş-yavaş qamışlığın kənarına tərəf addımlamağa başladılar. Çətin də olsa, qamışların arasıyla birtəhər yeriyirdilər. Başa düşürdülər ki, qamışlıqdan tez çıxmaq lazımdır, yox­sa qanı saxlamaq olmayacaq.

Onlar qamışlığı çıxhaçıxda Tanrıverdinin oğlu kömək eləmək üçün əlini irəli uzatdı. O, Həşimin Salatından olan uşağı ilə köməkləşib Məşədi Qafarın nəvəsini göy otun üstündə oturtdu. Sonra sağ ayağı­nın altına baxdılar və gördülər ki, baş barmağın pən­cəyə tərəf olan hissəsi əməlli-başlı kəsilib. Əvvəlcə elə zənn etdilər ki, onun ayağını çoxdan biçilmiş qa­mışların kötüyü kəsib. Buna Düyərlidə «qələm vur­maq» deyərdilər. Amma iş orasındadır ki, çox vaxt ayaq barmaqlarının arasını vurardı. Bu kəsik isə ta­mam başqa kəsik idi. Əslində qırıq şüşənin kəsmə­yinə də heç oxşamırdı.

Həşimin Salatından olan uşağının xəyalından keçdi ki, Məşədi Qafarın nəvəsinin ayağını ya bıçaq kəsib, ya da oraq. Sonra da içində təəssüflənməyə başladı. Təəssüfləndi ki, gərək əl atıb suyun içinə baxaydım. Daha gecdir. Bundan sonra həmin yeri tapmaq zəli axtarmaq kimi çətin bir işdi.

Onlar yaranı əllə nə qədər sıxdılarsa, qan dayanmadı. Tanrıverdinin oğlu quru torpaq götürüb kəsilən yerin üstünə tökdü. Heç yarımca dəqiqi keçməmiş qan torpağı yaşardıb üstə qalxdı.

Həşimin Salatından olan uşağı soruşdu ki, kibrit varmı? Tanrıverdinin oğlu da cavab verdi ki, məndə var, səhər ocağı yandıranda yadımdan çıxıb cibimdə qalıb.

Həşimin Salatından olan uşağı köynəyini çıxarıb ətəyindən bir enli zolaq cırdı. Onun da lap kiçik hissəsini dartıb qopardı və içinə zəli saldıqları bankanın qapağının üstünə qoydu. Kibrit çöpünü çəkib onu yandırdı. Yanıb kül olmuş parçanı kəsilən yerə qoydu və qalan parça ilə Məşədi Qafarın nəvəsinin ayağının yarasını bərk-bərk sarıdı. Bir az da durub diqqətlə baxdılar. Qan tamam kəsildi. Yenə də hər üçü rahat nəfəs alıb göy otun üstündə oturdu.

Tanrıverdinin oğlu yavaşca dilləndi:

– Gərək bayaq mənim kimi siz də getməyəy­diniz. Elə bilirsiniz ilandan-çayandan qorxuram? Yox! Ürəyimə dammışdı ki, nəsə olacaq!

Məşədi Qafarın nəvəsi də cavab verdi:

– Həmişə babam deyərdi ki, olacağa çarə yoxdur. Buna da şükr eyləmək lazımdır.

Həşimin Salatından olan uşağı dillənmədi. Tan­rıverdinin oğlu dedi:

– Zəhra arvadın da elə bil kefi durub. Niyə baş­qası xəstələnəndə zəli istəmir? Zəlisi olmayanlar ölürlər?

Məşədi Qafarın nəvəsi cavab verdi:

– Nə eləmək olar? Ağbirçək arvaddır, ürəyi istəyir, gərək biz də tapıb aparaq. Həmişə babam de­yərdi ki, istəyənin bir üzü qara, verməyənin iki üzü!

Həşimin Salatından olan uşağı dillənmədi. Tanrıverdinin oğlu dedi:

– Yaxşı, indi tutduğumuz bu bir zəlini aparıb Zəhra arvada verdik. Axı bundan nə çıxar? Özü də deyəcək ki, bığ yeri tərləmiş üç adamın tutduğu zəliyə bax!

Məşədi Qafarın nəvəsi cavab verdi:

– İndi neyləyək? Özümüzü öldürməyəcəyik ki?! Babam həmişə deyərdi ki, lənət heçə!

Uşaqlar söhbətlərini kəsib yavaşca uzandılar.

Həşimin Salatından olan uşağı dillənmədi.

O da arxasını verdi yerə. Əllərini daraqlayıb başının altına qoydu, gözlərini də yumdu.

Həşimin Salatından olan uşağı əslində yatıb bir az dincəlmək istəyirdi. Amma özü də bilirdi ki, gözlərinə yuxu getməyəcək. Zəli tutmaq onun yadın­dan tamam çıxmışdı. Fikri-zikri uzunboğaz çəkmə ilə Məşədi Qafarın nəvəsinin ayağının kəsilməsinin yanında qalmışdı. Birdən atasının bir rus soldatından uzunboğaz rezin çəkmə alması onun yadına düşdü.

Bir vaxtlar dükan-bazardan uzunboğaz rezin çəkmə tapmaq yayda qar tapmaq kimi bir şey idi. Biri kənddən qırağa çıxanda üç-dörd nəfər kişi bir ağızdan ona tapşırardı ki, harda çəkmə görsən, bizə də al gətir. Kənddən qırağa çıxan adam da heç onla­rın ayağının ölçüsünü soruşmazdı. Çünki Düyərlinin bütün başı papaqlıları bir-birlərinin ayağının ölçüsü­nü əzbər bilərdilər. Hətta kəndin ortasında adamların kefi durub zarafat eyləyəndə bəzən ayaqlarının ölçü­ləri ilə zarafatlaşardılar.

Uzunboğaz rezin çəkmə tapılmayan vaxtların birində Həşim evdən iki-üç lavaş, azca pendir, göy-göyərti götürüb ədəb-ərkanla qəzetə bükür. Qadınla­rın Araza suya getməsinə xeyli qalmış tikanlı simlər çəkilən sərhədə tərəf gedir. Həmişə axşamüstü iki rus soldatı əvvəlcədən gəlib sərhəddəki bir adamın zorla keçə biləcəyi qapının yanında durardı. Həşim də həmin soldatlara yaxınlaşıb «zdrasti» deyəndən sonra lavaş-pendir, göy-göyərti bükdüyü qəzeti on­lara uzadardı. Onlar da alıb Həşimə «spasibo» de­yər­dilər. Sonra Həşim rusca yalampıştan qırıldada-qırıldada onlara birtəhər başa salardı ki, mənə uzun­boğaz rezin çəkmə lazımdır. Onlar da öz aralarında nəsə danışardılar və Həşimə bircə kəlmə deyərdilər:

– Posle zavtra.

Həşim kəndə qayıdar. İki gündən sonra yenə bir qəzet arası pendir-lavaş, göy-göyərti götürüb sərhədə gedər. Görər ki, yenə həmin əsgərlərdir. Bu dəfə də onlar Həşimə bircə kəlmə deyərlər:

– Posle zavtra.

Həşim bu dəfə kəndə dönəndə bir az naümid olur. Fikirləşir ki, deyəsən, düzələn işə oxşamır. Am­ma iki gündən sonra Həşim bir də tənbəllik elə­məyib pendir-lavaş, göy-göyərti götürüb axşamçağı sərhədə yollanır. Əsgərlər Həşimi uzaqdan görən kimi tanıyırlar və ucadan deyirlər:

– İdi syuda!

– İdi syuda!

Həşimin o dəqiqə ürəyinə damır ki, deyəsən, iş düzəlib. Doğrudan da, elə sərhədə çatan kimi əsgər­lərin biri qəzetə bərk-bərk bükülmüş uzunboğaz rezin çəkmələri ona uzadır. Neçə gün əvvəlcədən qatlayıb burun dəsmalının içinə qoyduğu kağız pulu elə həmin əsgərin cibinə basır. Evə gələndə isə Salatına da, uşaqlara da qatı açılmaz bir sirr kimi tapşırır ki, bu məsələdən heç kəs xəbər tutmamalıdır.

Həşimin Salatından olan uşağı həmin əhvalatı xatırlayıb ürəyində öz-özünə dedi ki, bəlkə, elə qamışlıqdan tapılan çəkmə atasının rus əsgərlərindən aldığı həmin uzunboğaz çəkmənin tayıdır? Dalısıca da düşündü ki, ola bilməz! Çünki həmin uzunboğaz rezin çəkmələr hələ də evdə təptəzə durur. Əgər çəkmənin bir tayı cırılsaydı, atam onu mənə verərdi ki, apar tulla. Belə bir əhvalat heç vaxt olmayıb. Yaxud, allah eləməsin çəkmənin başına xoşagəlməz bir iş gəlsəydi, atam səhərdən axşama qədər dayan­madan deyinərdi. Çəkmədən ötrü atamın hövsələdən çıxıb deyinməyi də qətiyyən yadıma düşmür.

Elə bu vaxt onun qulağına yüngül bir xışıltı gəldi. Bir az da diqqət verdi görsün ki, bəlkə elə-belə səsdir. Amma yanılmamışdı. Nə idisə, sürünə-sürünə gəlirdi. Çiynini bir az dikəltdi, düz qabağa baxdı və heç nə görmədi. Sonra yerində oturdu. Birdən gördü ki, ana tısbağa qabaqda, bala tısbağa da arxasınca az qalırlar zəli olan bankanın yanına çatalar. Yavaşca ayağa qalxıb tısbağaların yanına gəldi. Hər iki tısbağa onun gəlişini hiss edib yan-yana dayandılar. O da üzünü ana tısbağaya tutub dedi:

– Ay Allahın heyvanı, sənin burada nə işin var? Olmaya zəlidən ötrü bizlə davaya çıxacaqsan?

Sonra tənbəllik eləməyib ayağı ilə ana tısba­ğanı arxası üstə çevirdi. Bala tısbağa bunu görüb geriyə döndü və qamışlığa tərəf qaçmağa başladı. O, bala tısbağanın da qabağını kəsdi və ayağı ilə itə­ləyə-itələyə ana tısbağanın yanına gətirdi. Eyni qay­da ilə onu da çanağı üstə çevirdi. Hər ikisinə bar­mağını silkib dedi:

– O çəkmənin kimin olduğunu mənə demə­səniz ikinizi də öldürəcəyəm!

Qeyri-ixtiyari dediyi bu sözlərə özünün də gülməyi tutdu.

Elə bu vaxt Tanrıverdinin oğlu başını qaldır­ma­dan ucadan dedi:

– Durun hazırlaşın, gedəyin. Gün əməlli-başlı əyilib. Quzuların çölə çıxan vaxtıdır.

Həşimin Salatından olan uşağı tez cavab verdi ki, bir az da dincəlin, gedərik.

Həşimin Salatından olan uşağı tısbağaları eləcə qoyub qamışlığın qırağına gəldi. Yavaşca yerə otur­du. Əvvəlcə şalvarının sol qıçını dizə qədər çirmə­lədi. Sonra da şalvarının sağ qıçına əl atanda gözü yamağa sataşdı. Bu yamaq anasının vurduğu yamaq idi. Araza düşüb boğulmamışdan on-on beş gün qabaq tikmişdi. Əslində bu yamağı yaxından və çox diqqətlə baxmadan seçmək mümkün deyildi. Uşağın ağlından keçdi ki, anam çox səliqəli arvad idi. Atam hərdən anamı lağa qoyub deyərdi ki, Salatının gör­düyü işdən gül iyi gəlir. Əslində lağlağasız-filansız, doğrudan da, elə belə idi.

O, şalvarın sağ qıçının yamağına baxa-baxa onu da dizə qədər qatladı. Yamaq tamam görünməz oldu. Sonra ayağa qalxdı və ehtiyatla qamışlığın içinə düşdü. Məşədi Qafarın nəvəsi ilə Tanrıverdinin oğlu durub onu görsəydilər, yəqin, elə bilərdilər ki, Həşimin Salatından olan uşağı qamışlığın içində zəli axtarır. Əslində isə Həşimin Salatından olan uşağı zəli axtarmırdı. O, Məşədi Qafarın nəvəsinin ayağı­nın kəsildiyi yerə tərəf gedirdi. Özü də ürəyində fi­kirləşirdi ki, görəsən, həmin yeri tapa biləcəyəmmi?

Uşaq xeyli gedib bir topa qamışlığın yanında dayandı. Əvvəlcə sağa-sola baxdı ki, yadında qalan nişanə qamış varmı? Xeyli nəzər yetirdi, amma heç nəyi xatırlaya bilmədi.

O, aşağı əyilib iki əlini də suyun dibinə saldı. Əllərini suyun dibindəki palçığın üstündə gəzdir­məyə başladı. O tərəf-bu tərəfə nə qədər hərəkət elətdirdisə, əlinə heç nə dəymədi. Sonra belini dü­zəltdi. Gördü ki, ətrafdakı su əməlli-başlı bulanıb.

Həşimin Salatından olan uşağı qabağa üç-dörd addım atıb dayandı. Sağa-sola baxdı. Sonra yenə əllərini suyun altına salıb palçığın üstündə gəzdirdi. Əlinə bir-iki çör-çöpdən başqa heç nə dəymədi.

Əvvəlki kimi belini düzəltdi və gördü ki, burada da su əməlli-başlı bulanıb.

O, bir azca sola göz gəzdirdi. Orada bir neçə qamış ortadan sınmışdı. Ağlına gəldi ki, bəlkə, ba­yaq Məşədi Qafarın nəvəsi əli ilə qamışları tutanda sındırıb?

Yavaş-yavaş qırılmış qamışların yanına tərəf addımladı. Oraya çatanda əvvəlcə qırıq qamışlara baxdı. Amma ağlı bir şey kəsmədi. Naəlac qalıb yenə əllərini suyun altına salıb palçığın üstündə gəzdirdi. Heç nə tapa bilmədi və belini düzəltdi. Suyun bulanmağından çox, indi onun diqqətini çə­kən dizə qədər qatlanmış şalvarının islanması oldu və tezcə də belə qərara gəldi ki, həmin yer bura deyil. Çünki bura əvvəlki yerlərdən dərindir.

Həşimin Salatından olan uşağı qəflətən öz-özünə «cəhənnəm olsun, bir az da zəli axtarım», - dedi. Beş-on qamışın dibinə baxdı, zəli tapa bilmədi. Birdən gözləri qarşıdakı əyilmiş qamışın üstündə oturmuş yamyaşıl qurbağaya sataşdı. Fikirləşdi ki, yaşıl qurbağaya niyə «seyid qurbağası» deyirlər və heç bir cavab tapa bilmədi. Yanında dümdüz suya sancılmış çubuğu götürüb qurbağaya tərəf uzatdı. Çubuğu qurbağaya vurmadan bir-iki dəfə yellətdi. Qurbağa heç vecinə almadı. Yenə maddım-maddım ona baxdı. Qurbağanın gözlərində bir az da yazıqlıq göründü. Birdən ağlına gəldi ki, bəlkə, yaxınlıqda ilan var, ona görə qorxudan tullanıb qamışın üstə oturub. Bu fikirdən narahat olmağa başladı və ət­rafına diqqətlə nəzər saldı. Elə bu vaxt qurbağa tullanıb suya düşdü, onun da narahatlığı qurbağanın suya tullanması ilə yoxa çıxdı.

Həşimin Salatından olan uşağı qəflətən qərara gəldi ki, bayaq ilanı gördüyüm yerə gedəcəyəm. O, əlindəki çubuğu atmamışdı və bu çubuq elə bil ona güc verirdi.

Bir neçə addım o istiqamətə irəlilədi. Amma bu dəfə ciddi cəhdlə zəli axtarmağa başladı. Ona elə bir həvəs gəldi ki, özü də məəttəl qaldı. Həm də daxilən inandı ki, mütləq bir neçə zəli tapacaqdır. Gözlərinin qabağına Zəhra arvad gəldi. Xəyalından keçdi ki, zəliləri görən kimi onun boynunu qucaq­layacaq və hamının eşidə biləcəyi gur səslə «sən rəhmətlik Salatının ağıllı balasısan», - deyəcək.

Birdən gözləri qarşıdakı qamışın üstünə qon­muş çəyirtkəyə sataşdı. Çəyirtkə qamışın üstdə başı yuxarı dayanmışdı, arxası isə ona tərəf idi. Amma ən maraqlısı bu idi ki, çəyirtkənin də üstünə qırmızı, yaşıl çilləri olan bir kəpənək qonmuşdu. Ağlına haradan gəldisə, zümzümə eləməyə başladı:

– Ay dili-dili, ay dili-dili Diloşdu.

Çəyirtkə də elə bunu eşidib üzünü ona tərəf döndərmədən qəribə bir səs çıxardı. Kəpənək də bu səsdən heç qorxmayıb onun üstündən uçmadı. O, ürəyində sevindi ki, kəpənək olmasa da, deyəsən, çəyirtkə onu başa düşüb. Bu vaxt astadan bir də zümzümə eləməyə başladı:

– Ay dili-dili, ay dili-dili Diloşdu!

Sonra dayandı. Gözlədi ki, çəyirtkə ona cavab verəcək, ya yox? Elə bir az keçməmiş çəyirtkə yenə həmin səsi çıxartdı və onun başının üstündən tulla­nıb arxadakı qamışın üzərinə qondu. Kəpənək da uçub uzaqlaşdı. Bir anlığa öz-özünə sual verdi ki, bu qonşunun qızı Diloş haradan onun ağlına gəldi?

Daha çəyirtkəyə fikir vermədi. Yenə də qamış­ları aralaya-aralaya aşağılara göz gəzdirirdi, Allaha yalvarırdı ki, barı bir-iki zəli tapsın. Zəhra arvadın yanına üzüqara qayıtmasın.

Əlini atıb qamışların birindən yapışdı. Aşağı­dan yuxarıya ona göz gəzdirdi. Sonra da yuxarıdan aşağıya diqqətlə süzdü. Çəyirtkəni deyil, kəpənəyi yadına sala-sala qamışın hər tərəfini əli çatan yerə qədər yumağa başladı. Yuduqca qamış bir az da şümşadlaşır və ona ləzzət verirdi. Amma bu qamışı niyə belə əzizlədiyini heç özü də başa düşmədi.

Sonra qamışı başına buraxıb ayağını irəliyə atdı və o tərəf-bu tərəfə göz gəzdirib zəli axtarmağa da­vam etdi. Birdən ağlına gəldi ki, onun durduğu bu yer elə bil bayaq ilan olan yerdir. Amma onu da fikirləşdi ki, Məşədi Qafarın nəvəsinin ayağının kəsildiyi yeri tapa bilmirsə, ilan olan yeri necə tapa bilər?

Yenə içindən bir gizilti keçdi. Gizilti ona de­yir­di ki, sənin durduğun bu yer məhz elə ilan olan yerdir.

Həşimin Salatından olan uşağı dimdik, özü də tərpənmədən suyun içində, qamışların arasında qa­mış kimi şax dayandı. Əvvəlki halı yadına düşdü. Xatırladı ki, onda az qalırdı ürəyi dayansın. İndisə az qalır ürəyi partlasın. Burada ki, ilan-filan heç nə yoxdur! Bəs ona nə olub? Bəlkə, durduğu yerdə onu qara basır?

Necə oldusa anası yadına düşdü. Yenə tək ar­mud ağacının yanına ot biçməyə getmişdilər. Anası ot biçməyə başlayanda öz-özünə dedi ki, bu gün gərək o qədər biçəm, sabahı da görsün. Sabah təndir salıb çörək yapmalıyam. Əslində bu sözləri o da eşitdi. Bəlkə də, Salatın bunları uşağa deyirdi. De­yirdi ki, uşaq çox işləyəcəyini əvvəlcədən bilsin!

Doğrudan da, həmin gün Salatın qırğıya dön­müşdü. Nə əlini görmək olurdu, nə də orağı. Salatın uşağa dedi ki, tez-tez daşı ki, qaranlığa qalmayaq. Qaranlığa qalsaq, atan yenə gözünü yumub, ağzını açacaq. Nə qədər gülməşəkər söz var, qabırğama döşəyəcək! Elə silib suvayacaq ki, heç bir tutarlı yerim qalmayacaq.

Həşimin Salatından olan uşağının yadına gəldi ki, qaş qaralmağa başlayırdı, amma anamın biçdiyi ot hələ də arabanın bir küncündə qalmışdı. Anam da arabaya yaxınlaşıb otun az olduğunu görəndə narahatlığını gizlədə bilməyib açıqca dedi ki, iş belə getsə, sabah inək ac qalacaq, südü də quruyacaq!

Sonra Salatın o tərəf-bu tərəfə baxdı. Üzünü kəndə tərəf tutdu və gördü ki, gəlib gedən yoxdur. Heç kəsin görünmədiyinə tam əmin olandan sonra donunun ətəyini sol əlinə yığıb tək armudun yanın­dan keçən su arxının o biri tərəfinə tullandı. Su ar­xının o biri tərəfi kolxozun yoncalığıydı. Bu il yonca elə gəlmişdi ki, bir az biçsəydin, araba ağzına qədər dolardı. Salatın ürəyində fikirləşdi ki, həyətdə əkir­sən, zing qoyub becərirsən, heç belə yonca əmə­lə gəlmir. Vallah, bu kolxozun yaman bəxti var!

Həşimin Salatından olan uşağının yadına gəldi ki, onda anasının nə düşündüyünü deyə bilməsə də, özünü əməlli-başlı qara basırdı. Həmin gün yoncanı arabaya yığıb üstünü də otla örtüb evə gətirsələr də, çöldəki qarabasma uzun müddət onun ürəyindən çıxmadı.

Həşimin Salatından olan uşağı qamışlığın ara­sında dayanıb bir də fikirləşdi ki, deyəsən, bu qara­basma elə həmin qarabasmaya oxşayır. Sonra özünü toplayıb bir addım da qabağa atdı. Bu dəfə bağırtılı bir səs eşitdi. Elə bil kimsə onu adı ilə çağırdı: «Fariz!» Sonra hiss elədi ki, bu, deyəsən, onun ana­sının – Salatının səsiydi. Salatın sanki ona deyirdi: «İrəli getmə! Dayan!»

Yenə yerində dayandı. O tərəf-bu tərəfə baxdı, heç kimi görmədi. Diqqətlə qulaq asdı, daha heç nə eşitmədi. Səs-səmir yox idi. Bəs onda bu səs hardan gəldi? Bəlkə, doğrudan da, onu qara basır!?

Həşimin Salatından olan uşağı bir azca nəfəsini dərib sonra heç nəyə fikir vermədən daha inadla irəliyə getməyə başladı. Onun yadına nə zəli düşür­dü, nə qonşunun qızı, nə də anası Salatın. Elə fikri-zikri irəli getmək idi. Getdi. Bir addım, iki addım, üç addım. Birdən ayağı nəyəsə ilişdi və dayandı. Başını qaldırıb qarşıdakı qamışlara diqqətlə baxdı və tanıdı. O, qəti əmin oldu ki, ilanın durduğu yerdə dayanıb.

Bəs onda ayağına ilişən nəydi? Əvvəlcə ağlına gələn uzunboğaz rezin çəkmə oldu. Elə pıçıltıyla da dedi: «Yəqin, bayaqkı çəkmənin tayıdır». Sonra da yavaşca əlini suyun altına salıb həmin şeyə toxundu. Tez də ürəyində dedi ki, yox, rezin çəkməyə oxşa­mır!

Həşimin Salatından olan uşağı suyun altında­kını yavaşca qaldırmaq istədi. Hələ suyun üzərinə çıxarmamış hiss etdi ki, onun bir ucunu nəyəsə bağ­layıblar. Yavaş-yavaş o biri ucunu qaldırdı və suyun üzünə çıxan kimi əlindən buraxdı. Özü də səndə­ləyib böyrü üstə suya yıxıldı. Təngənəfəs adamlar kimi yavaşca qalxıb ölü kimi dayandı. Hiss etdi ki, rəngi ağappaq olub. Suyun altında olan meyitin əlini yuxarı qaldırmışdı.

Həşimin Salatından olan uşağı handan-hana özünə gəldi. Yavaşca geri çevrilib suyu şappıldada-şappıldada qamışlığın kənarına doğru addımlamağa başladı. Bu vaxt dərənin kənarından Tanrıverdinin oğlunun səsi eşidildi. O, qamışlığa üz tutub qışqırırdı ki, gəl gedək, quzuları otarmaq vaxtıdır. Həşimin Salatından olan uşağı cavab verə bilmədi, dil-dodağı qurumuşdu.

O gəlib qamışlığın kənarına çatdı. Məşədi Qa­farın nəvəsi ilə Tanrıverdinin oğlu – hər ikisi ayaq üstə durub onu gözləyirdi. Zəli qoyulmuş banka Tan­rıverdinin oğlunun, uzunboğaz rezin çəkmə isə Məşədi Qafarın nəvəsinin əlində idi. Məşədi Qafarın nəvəsi dedi:

– Hə, bir şey tapa bildin?

Həşimin Salatından olan uşağı heç bir cavab verməyib şalvarının ayağını aşağı salmağa başladı.

Tanrıverdinin oğlu da dilləndi:

– Biz getdik, sən də dalımızca gəl! Sonra da cavab gözləmədən və şalvarın, köynəyin niyə islan­dığını soruşmadan belə getməyə başladı. Həşimin Sa­latından olan uşağı da ətəyi cırılmış yaş köynə­yini, islanmış şalvarını çırpa-çırpa onların dalınca düşdü.

Heç on-on beş addım getməmişdilər ki, Həşi­min Salatından olan uşağı qışqırdı.

– Dayanın, bu dəqiqə gəlirəm!

Bu sözlərdən sonra o, geri dönüb qamışlığa tərəf qaçdı. Uşaqlar da heyrətlə onun arxasınca ba­xıb gözləməyə məcbur oldular.

Həşimin Salatından olan uşağı qaça-qaça boy­nuna qırmızı parça bağladığı qamışın yanına gəldi. Əyilib qamışı dibindən qırmaq istədi, amma birdən dayandı. Belini düzəldib üzünü uşaqlara tərəf tutdu və sevinclə onlara əl edərək «bura gəlin» qışqırdı.

Uşaqlar da bu sözdən sonra onun yanına qaçdı­lar. Gəlib çatanda Həşimin Salatından olan uşağı barmağını qamışa tərəf uzadıb dedi:

– Zəli!

Məşədi Qafarın nəvəsi ilə Tanrıverdinin oğlu gördülər ki, qamışın üstündə qırmızı parçanın lap yaxınlığında iki zəli var. Hər ikisi «Ay can, ay can!» - deyərək sevincdən hoppanıb düşməyə başladılar.



Qoltuğunda uzunboğaz rezin çəkmə olan Mə­şə­di Qafarın nəvəsi, içində üç zəlinin oynaşdığı ban­kanı əlində tutan Tanrıverdinin oğlu və tütək qayır­maq üçün şax bir qamışı çiyninə qoyan Həşi­min Salatından olan uşağı az qalırdılar kəndə girsinlər.

Məşədi Qafarın nəvəsi qamışlığın kənarında uzanıb yatan vaxtı gördüyü yuxunu xatırlayırdı: «Babası dirilib gəlib onların həyətinə. Ona bir uzun ağac, bir də cırılmış köhnə əski uzadıb deyir ki, bu əskini ağacın başına dolayıb yandır və üzüm tənə­yinin üstündəki arı pətəyinə od vur!»

Tanrıverdinin oğlu birinci sinifdə Tükəzə yaz­dığı sevgi məktubunu yadına salmışdı.

Həşimin Salatından olan uşağı isə doğulandan hələ çox-çox əvvəllər Arazın o tayına köçüb getmiş Müzəffər dayısının payızda kəndə qonaq gələn və qayıdıb gedərkən yoxa çıxan oğlu Təvəkkülün onun­la çiling-ağac oynamasını gözünün qabağına gətirmişdi.

Onlar kəndin girəcəyində evlərin birinə çatan­da ürək oxuyan adamlar kimi Qurban qabaqlarına çıxdı. Həşimin Salatından olan uşağı tez çiynindəki qamışı ona uzadıb dedi:

– Qurban dayı, sizin üçün gətirmişəm. Bu qa­mış­dan yaxşı tütək çıxar. Amma istəyirəm ki, bu qa­mışdan düzəltdiyin tütəklə mənim havamı çalasan!

Qurban qamışın o tərəf-bu tərəfinə baxıb «sağ ol!» - dedi.

Bir az da getmişdilər ki, Nəcəfalının hasarının yanına çatdılar. Həşimin Salatından olan uşağı Mə­şədi Qafarın nəvəsindən uzunboğaz rezin çəkməni alıb hasarın üstündən üzümlüyə tulladı.

Zəhra arvadın evi kəndin o başında idi.
* * *

Onlar üç uşaq idilər: Məşədi Qafarın nəvəsi, Tanrıverdinin oğlu, Həşimin Salatından olan uşağı. Zəhra arvaddan aldıqları bir ovuc tut qurusunu ciblərinə töküb geri qayıdırdılar.

Bu vaxt Düyərlinin arvadları bir-bir, iki-iki hə­yətlərdən çıxıb Araza su gətirməyə gedirdilər. Qur­ban böyrünü evlərinin divarına dayayıb Həşimin Salatından olan uşağının ona verdiyi qamışdan dü­zəltdiyi təzə tütəkdə yetimlik mahnısını çalırdı.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə