Kamran imranoğlu z ə L i baki 2013 Kamran İmranoğlu. Zəli (povestlər)




Yüklə 0.66 Mb.
səhifə2/7
tarix22.04.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5   6   7

6

Cahangirin yerində bu il bir qovun-qarpız əmə­lə gəlmişdi ki, gəl gərəsən! Qoyun-quzu döş-dö­şə yatan kimi iri-iri qarpızlar da baş-başa ver­miş­dilər. Ahıllar deyirdilər ki, hələ indiyə kimi bu kəndin bostanlarında belə nemət görünməmişdi. Kə­sib ye­mə­klə, yığıb daşımaqla qurtarmırdı ki, qurtarmırdı.

Yay girəndən Əsgər kişinin dili ağzına sığ­mırdı. Yoldan ötənlər, bostanın həndəvərinə dola­nanlar buradan əliboş getməzdilər. Əsgər kişi hə­rənin qoltuğuna qovundan, qarpızdan verib evə gön­dərərdi. Sonra da deyərdi:

– Gözünüz doyunca yeyin, goruma apar­ma­yacağam ki?! Hamınızın halal xoşu olsun!

Əsgər kişi düz bostanın ortasında böyük bir çardaq qurmuşdu. Gecələri də bu çardaqda yatardı. Yatmaq nə yatmaq? Heç gözlərinə yuxu gələrdimi?

«Yazıq Şahlar! Baş alıb bu kənddən çıxıb get­di! Allah baisin evini yıxsın! Qoydular ki, Şahlar dədə-ana üzü görsün! Hərə bir tərəfdən dedi ki, elə Şahlar yaxşı oğlandı, mənim qızımı alacaq. Başqa bir qurumsaq da səsini ucaldardı ki, qundaqda ikən Şahlarla qızımın kəbinini göbəkkəsmə eləmişik. Əttövbə, Əsgərin bu işdən xəbəri varsa! Yalandan elə şeylər toxuyurlar ki, adamın əli üzündə qalır. Bilmirsən nəyə inanasan, kimə pənah aparasan!

Odu eey, baş alıb kənddən getdi. heç bilmə­dim kimin qızını aldı. Dədəsini tanımıram, babasını tanımıram. İndi mən də qalmışam arvadla tək-tənha. Az qalır ağzımıza qurd düşə. Günümüz də həyətdəki tək tutun altında keçər! Bu tərəflərə bir dəfə də üzükmür ki, barı boyuna-buxununa baxım. Yazıq Şahlar! Yəqin o da naçar qalıb».

Əsgər kişi keçə qaranlığında hövsələsinə səbir diləyə-diləyə bilməzdi haranın daşını başına salsın. Hey əlac axtarardı, əlac da ki, qəhət olub göyə çəkilərdi.

Dünən gecə də əl-ayaq çəkiləndən sonra çardağa qalxdı. Döşəyi rahlayıb, balıncı bir neçə dəfə çırpıb yerinə qoydu. Ağlına nə gəldisə, çardaq­dan aşa­ğı endi. Əl fanarının işığında bostanı gəz­məyə baş­ladı. İri qarpızların üstünə nişana qoya-qoya arxın o tərəf-bu tərəfinə keçdi. «Oğru-moğru girməz bu bostana. Heç kimə pisliyim keçməyib, heç kimi də boş qaytarmamışam. Kimin də xeyir işi olub, kisə-kisə qovun-qarpız göndərmişəm. Hələ göndərəcəyəm də! İnşallah, bostan pozulanda da hər evin öz payını verəcəyəm. Qoy atama rəhmət oxusunlar. Bəs Şahlara xeyir-dua? Bilmirəm verə­cəklər, ya verməyəcəklər.

Bu Şahlar hardan daş olub bunların başına düşdü. Yazıq uşaq, məktəbdə elə yaxşı oxuyardı ki, müəllimlərin hamısı razılıq eləyərdi. Hesab müəlli­mi var idi eey, Novruz müəllim, məni hər görəndə «sağ ol, Əsgər əmi, Şahlar kimi oğul yoxdur», – deyərdi. Şahlar da iksi-miksi elə gözəl bilirdi ki, bir dənəsini boş buraxmazdı, hamısını eləyərdi.

Odur eey, nəvəm Şahların dəftərindən indi də istifadə edir. Nəvəmi də müəllim yaxşı tərifləyir. Deyəsən, ondan yaxşı oxuyan olacaq».

Əsgər kişi əl fanarı ilə yenə çardağın yanına döndü. Əlini atıb çardaqdan bir kağız götürdü. Ovcunda bürmələyə-bürmələyə çardaqdan beş-on addım uzaqlaşdı və çöməldi.

«Köpək uşaqlarına dedim ki, aftafanı suynan doldurun, gətirin qoyun bura! Hərəsi bir tərəfə əkildi. İndi səhər üzü olsun, hamısı bostana Cuma­caq. Ay verdim haa! Sabah heç birinə yer-yemiş verməyəcəyəm! Qoy canları çıxsın!»

Əsgər kişi yenə çardağa tərəf döndü. Başladı çar­dağın başına fırlanmağa. O ayağına baxdı – bu aya­ğına baxdı. Çardağın ağac ayaqlarından birini tə­pik­lə vurdu. «Yox, möhkəmdi! Şeh düşənə qədər dö­zər. Sonra da uçurub evə daşıtdıracağam. Beş-altı tən­dirlik odun var burda. Arvad qışda təndirə salıb yandırar».

Təzədən çardağa qalxdı. Ayaqqabılarını çıxa­rıb cütlədi və düz pilləkənin başına qoydu. Şalva­rını çıxarıb qatladı və balıncının altına itələdi. «Kə­mərin də dəridən olması bir bəladı. Gördün ki, az­mış itlərdən biri iyləyə-iyləyə gəlib kəmər qarışıq şalvarı da apardı. Onda səhər adamların üzünə çıx görüm, necə çıxırsan?»

Sonra əl atıb çardağın yuxarısında gizlətdiyi tüfəngi götürdü. Bu «dayandoldurum» tüfəng Əsgər kişiyə babasından qalmışdı. O tərəf – bu tərəfinə baxdı, sonra döşəyin yanına qoydu. Özü də uzanıb başını əllərinin arasına aldı.

«Ay Allah, Şahların bəxti niyə belə oldu? Kim idi bizi qarğıyan! Allah qarğıyanın evini yıx­sın! Ta baxıcı, falçı qalmayıb, arvad baxtırmasın. Hamı deyir ki, sağ-salamatdır, amma kəndə gəlmə­yəcək. Bəs o kəndə gəlməyəcəksə, neynirəm bu ev-eşiyi! Goruma aparacağam? Bəs o dolu sandığı neynəyəcəyəm?»

Bu zaman Ağıl üstündən yalquzağın səsi eşi­dil­məyə başladı. Elə bil acından ölürdü yalquzaq.

Yalquzaq ulaya-ulaya qaldı. Əsgər kişi onun ulamasına məhəl qoymadan mürgüləməyə başladı.

Bir çimir almamışdı ki, şaqqıltı səsi gəldi. Əsgər kişi sayıq yatırdı. Elə o dəqiqə oyandı. Əlini tez tüfəngə atdı. «Çaqqallarınan dovşanlar bostanda dirrik qoymayacaqlar». Elə çardağın üstündən tü­fəngi şaqqıltı gələn tərəfə tuşladı və tətiyi çəkdi. Tüfəngin açılması ilə adam hayqırtısı bir eşidildi.

– Vay, köpək oğlu, burda neynəyirsən gecə vaxtı? Güllə adama dəydi!

Əsgər kişi tez tələsik şalvarı əyninə çəkib səs gələn tərəfə qaçdı. Çatanda gördü ki, bir nəfər yerə uzanıb ufuldayır. Qoluna girib qaldırdı və çardağa tərəf sürüdü.

– De görüm, hansı qudurmuşun oğlusan? Niyə özün gəlib qarpız istəyə bilmirdin? Mən kimə qar­pız verməmişəm?

Adamdan səs çıxmırdı. Əl fanarını adamın üzünə saldı, gördü ki, tanımır. Əlini adamın buduna vurdu, əli qana bulaşdı. Adamı qan aparırdı. Başını qaldırıb üzünü kəndə tərəf tutdu:

– Yetiim, ay Yetiim! Tez ol bura gəl!

Sonra çevrilib yaralı adamın şalvarını aşağı çəkdi. Adam halsız idi. Əsgər kişi əynindəki alt köynəyini çıxarıb cırdı. Yenə qışqırdı:

– Yetiim, ay Yetiim!

Əyilib qan axan yeri tutdu və köynəyin cırılmış hissəsini yaraya sarımağa başladı

Bu vaxt Yetimin səsi gəldi:

– Ay Əsgər əmi, nə olub? Gəlirəm!

Əsgər kişi Yetimin səsinə əhəmiyyət vermə­yib yenə üzünü adama tutdu:

– Ə, de görüm kimin küçüyüsən?

Adamdan səs çıxmırdı. Elə bil huşunu itir­miş­di.

Tez əl atıb bardağı götürdü və adamın ağzına dayadı:

– İç görüm, binamus!

Adam suyu lokkuldatdı.

Yetim özünü yetirdi:

– Əsgər əmi, nə olub?

– Görmürsən, şərəfsiz oğlunu? Gecə oğurluğa gəlib, mən də elə bildim çaqqaldı, gülləni çaxdım. Demə bu imiş?

– Əsgər əmi, bu saldatdı!

– Saldatdı? Nə iti azıb burda! Svoluç!

...Gecə at arabasında xəstəxanaya gedənlər in­di qayıdırdılar. Kənddəki hay-həşir hamının başını elə qatmışdı ki, soldatın halını soruşan da olmadı.

Yetim arabadan düşüb tez evlərinə tərəf getdi. Belini götürüb qəbirstanlığa yollandı.
7

Tutu nənəylə Süleymanın gəlini Zübeyda xa­lagilin evinin tininə çatdılar. Bu vaxt Zübeyda xala divarın uçuq yerindən keçib onlara yaxınlaşdı. Elə yanlarına çatan kimi yavaşca pıçıldadı:

– Tutu nənə, bilirsən nə olub?

Bilirəm, ay Zübeyda! Salatını Araz aparıb! Həşimin çırağı sönüb!

– Yox eey, ayrı şey var. Qadoşu qaçırıblar!

– Aaaz kəs! Biyabır olduq. Səsini çıxartma!..

Qadoş Naftalin Kərəmin qızıydı. Amma kənd­də tayı-bərabəri yox idi. Onun bir çörək yapmağı var idi ki, gəl görəsən. Kənddə elə xeyir iş olmazdı ki, bu xeyir işin çörəyini Qadoş yapmasın. Qız olasan, belə sərələnəsən təndirin başına? Qızı ərlik olan arvadlar heç onun kimi təndirin başına sərələ­nib, rəfətəni qarsıyan təndirin badına vura bilməz­dilər. Qadoşu elə bil Allah təndirə lavaş yapmaq üçün yaratmışdı.

Bir dəfə Zübeyda xalanın oğlunun toyuydu. Qadoş da təndirin başında çörək yapmağa hazırla­şır­dı. Arvadlar hay salmışdılar ki, İsmayıl gəlsin, yoxsa təndirdən çörək çıxmır. Axır İsmayılı tapıb gətirdilər. İsmayıl da cibində nə qəpik-quruşu var­ıy­dı, çıxarıb təndirin başına tökdü və ucadan dedi: «Allah qolunuza qüvvət versin»! Qadoş da dilində «sağ ol» pıçıldayıb ürəyində başqa şey fikirləşdi: «Kül başına belə oğul! Niyə kənddə qız yox idi? Gedib Sulutəpənin gözünü çıxartdın? Niyə sənin aldığın bizimkilərdən şirin oldu? Lap elə mən. Neçə ildir gözünün qabağındayam. Çörəyinizi yapacaq­dım, inəyinizi sağacaqdım, otunuzu gətirəcəkdim. Vallah, bu İsmayılın gözü kordu».

Elə bu vaxt Zübeyda xala gəldi. Səsi təndi­rəsəri başına götürdü:

– Allah qolunuza qüvvət versin! Gün o gün olsun ki, sizin evdə xeyir işə yığışaq, mən də belimi bağlayıb səhərdən axşama çörək yapım!

– Sağ ol, ay Zübeyda xala, sağ ol! – Hamı bir ağızdan dedi.

Qadoş, Allah sənin də bəxtini açsın. Gör to­yun­da necə sındıracağam!

Qadoş dillənmədi. Ürəyində fikirləşdi: «Bəx­tim budu eey, sənin oğlun İsmayıl. Həftədə bir, on gündə bir təndirinizin başında çörək yapmışam. Gör­mürdün məni? Sulutəpənin evdə qalmışları dad­dı oldu? Yoxsa dədəm xoşuza gəlmədi? Bəlkə Naf­talin Kərəm işizə yaramayıb. Yəqin «Naftalin» adın­dan xoşunuz gəl­mir. O adı da siz qoyubsunuz. Kimin qoyunu xəs­tələnərdi səsi aləmi götürərdi ki, ay Kərəm, naftalin gətir, bu qoyunları naftalinlə! Nə oldu, balam çörəyizi yapanda yaxşıyıq, qoyun­larızı naftalinləyəndə yax­şıyıq, amma gəlin olmağa yaramırıq?»

Qadoş təndirin ilk çörəklərini çıxarıb bir tə­rəfə qoydu. Adətən, ilk çörəkləri adamlar yeməzdi, it-pişiyə verərdilər.

Qadoş yenə fikrə getdi: «Bu olmasın, Zəhra xalanın oğlu olsun. Gözləri kor idi, görmürdülər məni? Zəhra xala ün təpdi ki, oğluma bacımın qızını alacağam. Elə bil bu kənddə onlara tay adam yoxdu. Elə bil göydən gəliblər. Nə olub, balam, özün kağ kağlayansan, ərin də ot biçən. Əynindəki paltarlara baxanda adam iyrənir. Nə oldu, burada oğul evləndirməyə qız tapmadın? Bacın qızını Yel­babadan gətirdin oğluna arvad elədin. Əlindən bir şey də gəlmir. Bacın qızını gəlin eləyəndən sonra yenə sısqaya-sısqaya gəlmişdin ki, ay Qadoş, bu gəlin heç nə bacarmır, barı gəl bir təndirə çörək yap. Getdim haa! Canın çıxsın, indi özün yap».

Arvadlardan biri dilləndi:

– Qadoş, çörəyin vaxtını ötürmə, yanar!

«Elə biri də budu baax, gözümün qabağında. Səni də çörək kimi təndirə basıb, nə yaparam. Elə bilir yadımdan çıxıb. Uşaq olanda məni öpüb, ba­şımı sığallayıb, «sənə qızıl üzük alacam» deyərdi. Mən də onların həyətlərinə boylanıb, deyərdim, qoy arvad olum, bu evdə bir səliqə-səhman düzəldəcə­yəm ki, iki göz tamaşaya duracaq. Mən sənin gəlinin olsaydım, heç qoyardım gəlib burda kündə açasan. Xanım-xatın bir arvad olub, əlin belində qonşuları gəzib, qiybət eləyəcəkdin. Nə oldu, Qızıl torpağın toyda oynayanı bizdən artıq çıxdı? Nədi-nədi ki, oğlu bir dəfə Qızıl torpaqdakı dəyirmana dən üyütməyə gedib, orada gecəyə qalıbdır. Dəyir­manın yanındakı evdə də toy çalınırmış. Gediblər toya baxmağa, toyda oynayan bir qızı gözü tutub. Başladı ki, oğlum istəyib, o qızı alacağam. Nə oldu bəs mənə aldığın qızıl üzük, ay tünbətün? İndi basım təndirə alovun qalxsın?!»

– Ay Qadoş, sənə nə olub? Az fikrə get, çö­rəkləri yandırarsan, qonaq-qara yanında biabır ola­rıq. – Bu sözlər də Qadoşun əmisi arvadının sözlə­riydi.

Qadoş tez-tələsik çörəkləri çıxarıb, gözlərini əmi­si arvadından ayırmadı. «Bu da əmim arvadı. Şa­lanı şahbaz eylədi, küllüyü də meydan. Anam nə qə­dər yalvardı ki, gəl bu qızı al, göz qabağında böyü­yüb, dedi ki, yox, biz onsuz da qohumuq. Ay dolandı, il keçdi, gedib Ocaqlıdan qardaşının qızına nişan taxdı. Əmim olan bəndə bircə dəfə də dillən­mədi ki, bəs mənim qardaşımın qızını almırsan, öz qardaşının qızı mətah oldu? Lənət şeytana! Ağıl üstündəki yalquzaq bir gəlib məni yesəydi, canım qurtarardı».

Bu dəfə Qadoş səsini qaldırdı:

– Kündəni bir az nazik yayın! Qoy çörək yax­şı bişsin!

Əslində Qadoş o qədər də yamangünlü deyil­di. Onu da istəyən var idi. Dayısı oğlu Nəcəf Qa­doşdan ötrü sülü gedirdi. Amma Naftalin Kərəm daş atıb başını tuturdu. Bir dəfə arvadı Naftalin Kərəmə üz tutub demişdi:

– Ay Kərəm, bu qızın da vaxtı ötür. Nəcəf də əl-ayaqdan gedib. Bircə dəfə «hə» desən, sifariş göndərərəm gəlib nişan taxarlar. Bu tifil də gedib ev-eşik yiyəsi olar.

Naftalin Kərəm bu sözləri eşitcək güllə kimi açıldı:

– Yüz dənə lal qızım ola, evdə qala, birini də qoymaram sənin qardaşına gəlin ola. Onsuz da sü­mü­yümü it sümüyünə calamışam, hələ bir də səhv eləyim?

Bu dəfə arvad dil boğaza qoymadı. Yenə dil­lən­di:

– Ay Kərəm, sənin qardaşımla söz-sovun olub, bunun Qadoşa nə dəxli? Nəcəf də pis uşaq deyil. Axırı bir yönlük olub özlərinə ev-eşik quracaqlar.

Naftalin Kərəm lap hirsləndi:

Sənə deyirəm, bu sözü bir də ağzına alıb da­nışma. Qadoş Nəcəfin tayı deyil. Bir də bu yan­lara gə­lib eləsələr, denən ki, gedib taylarını tap­sınlar. Qa­doşu sənin qardaşının qapısına atmaqdan­sa, bir gecə əli-qolu bağlı aparıb Ağıl üstündəki yalquzağın qaba­ğına ataram yeyər, barı yalquzağın da səsi kəsilər.

Bununla da söz-söhbət bitdi.

Həmin söz-söhbəti Qadoş yaxşı bilirdi. Arazın Salatını aparmasını eşidəndə Qadoş tut ağacının altında oturmuşdu. İstədi ki, o da durub qaçsın, amma anası qoymadı:

– Ay Qadoş, həyət-bacanı başsız qoyma! Sən qal evdə, mən gedirəm.

Bir az keçmişdi ki, küçə tərəfdən at üzən­gisinin səsi eşidildi. Qadoş evin dalanına buruldu. Gördü ki, dayısı oğlu Nəcəfdi gələn.

Ay Nəcəf, xeyir ola?

– Xeyirdir, Qadoş!

Nəcəf atdan düşdü. Atın cilovunu tut ağacının budağına bağladı. Sonra keçib kəsilmiş kötüyün üstündə oturdu.

Qadoş yenə dilləndi:

– Ay Nəcəf, xeyir ola? Ölüm-itim yoxdu ki?

– Yox, hər şey öz qaydasındadı. Ay Qadoş, kənddə nə hay-həşirdi?

– Salatın xalanı Araz aparıb. Bilirsən necə yaxşı arvad idi? Bizim kənddəkilərin mininə dəyər­di. Allah həmişə yaxşıları aparır. Mən də istədim gedəm, anam qoymadı ki, qapı-baca boş qalmasın.

Nəcəf ayağa qalxdı. Atın cilovunu açdı.

– Nəcəf, hara gedirsən?

– Gedirəm Araz tərəfə. Yaxşı deyil, eşidib qınayarlar.

– Bəlkə, mən də səninlə gedim.

– Onda tez ol, gəl atın tərkinə qalx!

Qadoşun elə bil ağlını əlindən almışdılar. Ya­xınlaşıb sol ayağını üzəngiyə qoydu. Nəcəf onun qolundan yapışıb atın belinə qaldırdı. Sonra da özü yəhərə qalxdı. Yorğun at təzədən fınxırmağa başladı.

Nəcəf atı həyətin ortasıyla çöllüyə tərəf sürdü. İki qolu ilə Nəcəfə sarmaşan Qadoş dilləndi:

– Hansı tərəfə gedirsən, Nəcəf?

– Ağıl üstündən keçmək olmaz, orada yalquzaq var, Qadoş! Atı kəsə yolla sürəcəyəm.

– Qurbanın olum, Nəcəf, kəsə yolla sür, qoy tez çataq!

Kəsə yol Nəcəfgilin kəndinə gedirdi...

...Tutu nənə Zibeydə xalaya üz tutdu:

– Aaaz kim qaçırıb?

– Dayısı oğlu Nəcəf qaçırıb, Salatını Araz aparandan bir az sonra.

Kəəs! Biyabır olduq! Cınqırını çıxarma!

Sonra Tutu nənə ürəyində danışdı: «Biri öl­mə­­sə, biri dirilməz».
8

Nəcəfalı kişinin səsi zorla gəlirdi:

– Ay uşaq, nə olub?

Səs verən yox idi. Sükutdan Nəcəfalı kişinin az qala qulağı batırdı. Tarma üzümün kölgəsində taxta çarpayısında Nəcəfalı kişi tək-tənha qalmışdı. Bir neçə il bundan qabaq onu iflic vurmuşdu. Uşaqları onu əl ilə götürüb qoyurdular. Nə bir əlini tərpədə bilirdi, nə də bir ayağını. Azar-bezar tut­muşdu Nəcəfalı kişini.

«Gör axırım hara yetdi. O kaftarın bəxtinə bax! Yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Bircə adamın yanında hörməti qalmamışdı. Qızları, oğlanları da son günlər üzünə tüpürürdülər. Elə bil o kaftarın belindən gəlməmişdilər. Axırı nə oldu? Kef çəkdi. Xoşhalına, günlərin birində yatdığı yerdən durmadı. Hanı o xoşbəxt ölüm? Bəs mənim üçün niyə gəlmir? Nə qədər bu taxta çarpayıda beli üstə yatacağam?»

– Ay uşaq, nə olub?

Yenə səs verən yox idi.

«Bu köpək uşağının hamısı birdən yoxa çıxıb. Elə bil kəndə sel gəlib, adamları da alıb ağzına, töküb Araza. Özgə vaxtı yanımdan əl çəkməzdi bu qor-qoduq. Biri qolumu dartardı, biri də ayağımı qıdıq­layardı. O biri də gəlib deyərdi ki, sən yaxşı nağıl bilirsən, danış görək. Dinc qoymazdılar məni. İndi elə bil göyə çəkiliblər. Bəlkə bir qurtum çay içmək istə­dim, kim verəcək? Onlarda günah yoxdu. Görünür, mən nanəcib adam olmuşam. İndi də bu nanəciblik oğul-uşaqdan, nəvə-nəticədən öz qaba­ğıma çıxır».

– Ay uşaq, nə olub?

Cavab gəlmədi.

– Elə bil hamının qulağı kar olub. Sizin ha­mınızı kar qulaq görüm. Heç ömrünüzün axırına kimi qulağınız səs eşitməsin.

«Bu Salatın harda itib-batıb? Neçə gündü ki, o da gəlib mənə baş çəkmir. Gələn kimi də ufuldayır ki, bacın ölsün, niyə bu günə düşdün?

Bəs Salatının küçükləri haradadı? Yenə bu tərəflərə gələndə ürəyim sakit olur. Binəva Salatın o qor-qoduğun əlində qalıb! Yazıq bir gün görmədi. Bəxti açılmadı ki, açılmadı. Axırda da başı batmış Həşimə arvad oldu. Uşaq doğmamış yetim saxla­mağa başladı.

Həşim də ki, yenə bir Həşim ola. Ağzından vaxt-bivaxt horra tökülür. Oturduğu yerdən də tərpənməklə arası yoxdu. Əlindən də bir qəpiklik iş gəlmir. Yazıq Salatın qalıb çölnən evin arasında. Abrından səsini də çıxarmır. İçindəkiləri mənə də demir ki, bir az rahat ola. Təkcə mən bilirəm ki, Salatın Həşimin əlindən nələr çəkir».

Nəcəfalı kişi gözlərini qaldırıb talvara baxdı. Üzüm yarpaqlarının arasından işıq süzülürdü. Gözüylə bir xeyli işıqları seyr etdi. İstədi uşaq kimi əl atıb işıqları tutsun. Gördü ki, o halda deyil.

Sonra da gözünü üzüm gilələrinə dikdi. Orda-burda görünən salxımlar taxta çarpayının üstünə sal­lanırdı. Gilələrin bəziləri dəymişdi. Tam yetiş­mə­yə az qalırdı. Salxımlarında təzə-təzə arılar gə­zirdi. Am­ma o arıların heç birinin Nəcəfalı kişiylə işi ol­mazdı. Bir dəfə də olsun, qoluna-qıçına qon­ma­mış­dılar. Deyəsən, arıların da sancmaqla arası yox idi.

Nəcəfalı kişi üzüm tənəyinin gövdəsinə baxdı. Əməlli-başlı yoğunlamışdı. Kəssəydin bir-iki tən­dirlik odun çıxardı. Yadına düşdü ki, on-on beş il əvvəl bu tənəyi özü yerə basdırmışdı. Onda heç ağlına da gəlməzdi ki, bir zamanlar onun kölgəsi özünə qismət olacaq.

– Ay uşaq, nə olub?

«Hey» deyən olmadı.

Kərbəlayinin qızından olmazdı. Arvad ölən­dən sonra elə bil yetim qalmışam. Bəlkə də onun ölümü saldı məni. Oğlanlarıma him-cim elədim ki, məni evləndirin. Səsləri çıxmadı. Qızlarıma başa sal­dım ki, arvadsız mənə çətindi. Dedilər ki, sa­çımızı yolub yelə verərik.

Qorxdular ki, evlənərəm, zürriyyətim-zadım olar, köhnə həyət də, dam-daş da onlara qalar. İnsanın gözü torpaqdan-daşdan doymur ki, doymur.

İndi də qalmışam belə. Səsimə hay verən yox­dur. Bəs hardasınız, niyə gəlmirsiniz? Bəlkə qəfil öldüm, çənəmi kim çəkəcək, üzümü qibləyə kim tutacaq? Ölməzsən, Nəcəfalı, ölməzsən hələ. Hələ sən çox əzab-əziyyətləri görməlisən».

– Ay uşaq, nə olub?

Səs-səmir gəlmədi.

«Bu kəndin əsl ağsaqqalı Hacı Muraddır. Hacı Murad camaata ağalıq eləməyib, el-obaya ağsaqqal olub. Çox kəndləri gəzib görmüşük. Hacı Muradın tayları zülmdən ləzzət alır. Onların səsindən itlər də qorxub yuvalarına girirlər. Qarağatdıda görmüşəm ki, Hacı Muradın tayı xış sürən ahıla nə zülm eylədi. Anaların gözü çıxsın, o zülmü görməsin.

Yazıq Hacı Murad, elə bil bu kəndin ağası o deyil. Bir başı papaqlını, bir başı yaylıqlını onu söyən görməmişəm. Elə Hacı Murad olmasaydı, Həşimlə Salatının da evi yıxılacaqdı. Arada-bərədə əlinə keçəndən Həşimgilə göndərib, arxasınca da deyinər: «Görüm Nəcəfalının azar-bezarı bunlara gəlsin».

Amma deyəsən Hacı Muradı da Allah bu kəndə çox görməyə başlayıb. Var-yox əlindən alı­nandan son­ra o, at belində gəzən Ağgöynəkli daha da qudu­rub. Qudurasan qurbağa, gör kimin törə­məsi at belinə qalxıb. Dədəsi bilinməyən qurumsaq indi atını Hacı Muradın atının yanına çəkmək istəyir. Bir yalquzaq bu kəndə bəs deyildi, indi biri də peyda olur».

– Ay baba, ağ köynək kişi qəbiristanlıqda dava salıb. Deyir ki, Salatının qəbrini Naznazın ayaq ucunda qazmaq olmaz. Qəbirlər sırayla qazılmalıdı.

– Ay bala, nə olub? Nə qəbir, nə Salatın?

– Həə, bilmirsən? Salatın bibimi Araz aparıb!

– Kəs səsini, nə yalan danışırsan?

– Yox, baba, Hacı Murad əmim adamları çəkib apardı Salatın bibimi Arazdan çıxarmağa.

Nəcəfalı kişinin matı-qutu qurudu.
9

Yetim qəbiristanlığa çatan kimi Əlirza onu qəzəblə qarşıladı:

– Burda adam çoxdu. Beli at yerə, get Həsən­qulunu axtar. Bir qamış tapıb rəhmətliyin boyunu ölçün, sonra da qamışı götürüb gəlin.

Yetim səssiz-səmirsiz beli yerə atdı və dönüb getdi...

Həsənqulunun yaxşı kərənti dəyməyi var idi. Kənddə bir tut ağacı kəsiləndə Qəssab Əli ilə dava­ya çıxardılar. Qəssab Əli dayanardı tutun bir tərə­fin­də, Həsənqulu da o biri tərəfində. Qəssab Əli deyərdi:

– Gövdəsinin təmiz yerindən kötük çıxardın ki, ət baltasının altında dözsün.

Həsənqulu da ona aman verməzdi:

– Elə edin bir düz-əməlli kötük olsun ki, çəkiclə zindana tab gətirsin.

Qəssab Əli Həsənqulunun üstünə çəmkirərdi:

– Ə, bəsdi də! Yaydan-yaya iki dənə kərənti döyəcəksən, camaat da il boyu ətinə ağac ovuntusu qatışdırıb yeyəcək?

Amma sakitləşdirərdilər onları. Hərəsinə bir şümşad kötük verib yola salardılar.

Həsənqulu da evə gələn kimi bir yaş əski götü­rüb tut kötüyünün o tərəf-bu tərəfini yaxşı-yaxşı si­lər­di. Xeyli yuxarısına-aşağısına baxıb, həyətlərindəki tut ağacının altında onun üçün yer salardı. Qonşu kənd­dəki dükançı Hüseynquludan alıb gətirdiyi təzə zin­danlardan birini çalardı düz kötüyün ortasına. Son­ra da çəkici qoyardı zindanın yanına və üstünü örtürdi.

Bir dəfə axşamçağı Salatın xala bir əlində iri bir qarpız, bir əlində kərənti gəldi Həsənqulunun yanına. Həsənqulu da qarpıza gözucu baxmayıb, kərəntini aldı əlinə, sağını çevirdi, solunu çevirdi, baş barmağını sürtdü ağzına:

– Ay Kərbəlayinin qızı, bu kərəntiylə ot-yonca biçirsiniz, yoxsa daş-kəsək? Kim işlədibsə bilmirəm, amma düşmən malı kimi baxıb kərəntiyə.

– Ay Həsənqulu, kərəntini özüm çəkəndə bircə dəfə daşı ağzına sürtürəm, həmən itilənir. Elə ki, Həşim əlinə alır, kərəntinin ağzı düyün-düyün olur.

– Əşi, mənə tanıdacaqsan Həşimi? Gönünə dabbaqda bələdəm. Yeri get, bacılığınla bir az söhbət elə, sonra gəlib apararsan.

Həsənqulu sol dizini qatlayıb yerə qoydu, sağ ayağını da qabağa uzatdı. Kərəntinin ağzını qoydu zindanın üstünə, sapını da sağ ayağının üstünə ya­pışdırdı. İki ovcunu ağzına yaxınlaşdırıb tüpürdü və çəkici aldı əlinə:

– Ya Allah!

Çəkicin səsinə tut ağacının başındakı sığır­çınlar qıy vurub göyə çəkildilər.

«Dünən qurd düşmüş bir qovun gətirdilər, bu gün də gün vurmuş qarpız. Deyəsən, bu çəkic-zin­da­nın da zibili çıxıb. İndi hərə həyətindən bir qoz­bel kötük götürüb uzadır evinin qabağına, üstünə də bir zindan vurur, başlayırlar kərənti döyməyə. Hamı olub usta. Qanan da kərənti döyür, qanmayan da. Deyəsən, şornan yağın bilinməyən vaxtı gəlib».

– Ay qız, sərin su gətir!

«Biri budu, qonşumuzun uşağı. Yaz çağı yon­canın birinci biçiminə az qalanda, götürdü kərən­tini, başladı döyməyə. Çəkici vurdu baş barmağına, o də­qiqə də sədəfi oldu qapqara. Ufuldusu göyə çəkildi. Heç bir həftə keçməmiş, sədəfi düşdü. Ay şor sa­ta­nın balası şor satan, sən kərənti döyənsən? Get şo­ru­nu sat, çörəyini qazan. Dədəsinə də deyi­rəm ki, axı bu, uşaq işi deyil! Nə desə yaxşıdı: «Heç kəs ana­sı­nın qarnında öyrənməyib». Anasının qarnına şiş bat­sın, anası şorsatan doğub da, kərənti döyən yox ki!»

– Ay sağ ol, indi bu sərin su ürəyimi şaxla­da­caq.

«O günü getmişəm bazara, görürəm ki, Məşə­di Qafarın nəvəsi durub Kor Mustafanın zindan­larının yanında, zindan almaq istəyir. Birini götü­rüb, birini qoyur. Mən də kənardan tamaşa elə­yi­rəm. Ay başı­nıza dönüm, Məşədi Qafar hara, zin­dan hara, nəvəsi də bilə ki, zindan nədir? Axırı da səbrim tükəndi, dedim: «ay Məşədi Qafarın nəvəsi, baban zindan gö­rüb ki, sən də biləsən zindan nədi? Niyə gedib südü­nüzü satmırsınız, ay bala?» Mənə qayıdıb nə desə yaxşıdı: «Özüm bilərəm, Həsənqu­lu əmi!» İndi gəl bu camaatnan dolan görüm, necə dolanırsan?»

Qəflətən çəkic Həsənqulunun barmağına dəy­di. «Yaxşı qurtardıq. Yüngüldü, əzilib-eləməyib. Ağır olsaydı, kəndin içinə çıxa bilməyəcəkdim. Hə­rə bir tərəfdən qəmiş uzadacağıdı. İllah da Həşim!»

– Ay Salatın, gəl apar!

Elə bil Salatın Həsənqulunun yanında hazır idi:

– Sağ ol, Həsənqulu! Allah balalarını saxlasın!

Salatın bunları deyib, həyətdən dabanqırma çıx­dı. Həsənqulu evə keçdi. Evdə heç kəs yox idi. Ar­vad-uşaq qapı-bacaya dağılmışdı. Hərə bir iş gö­rürdü. Həsənqulu sandığın qapağını qaldırdı. Oradan bir boxça götürüb yastığın üstündə oturdu. Boğçanın ağzını açdı. Yavaşca yerə sərdi. Dolu gilizləri bir-bir yoxladı. Beş-altısını kənara çəkdi. Sonra boğçanı bağlayıb sandığa qoydu və qapağını örtdü.

Divardakı kilimin üstündən asılmış qoşalüləyə əl atdı. Yavaşca onu yendirdi və çiyninə asdı. Gi­lizləri bir-bir götürüb yoxladı. Gilizləri də gödəkçə­sinin cibinə qoyub bayıra çıxdı. Elə qapıda arva­dıyla qarşılaşdı:

– Ay Qulu, belə axşam-axşam hara gedirsən?

– Gedib o yalquzağı qanına qəltan eyləyə­cə­yəm! Bu kəndin canını boğazına yığıb.

Daha arvadı heç bir söz demədi. Salatının gətirib quyunun başına qoyduğu qarpızı götürməyə getdi, Həsənqulu da darvazadan çıxdı.

Həsənqulu bir xeyli gedib Hacı Muradın taya­larının yanından keçəndə, gördü ki, uşaqlar gizlən­qaç oynayırlar. Uşaqlar da Həsənqulunu qoşalüləy­nən görəndə qorxub dayandılar. Biri soruşdu:

– Ay Həsənqulu əmi, hara gedirsən?

– Gedirəm yalquzağı öldürməyə!

Uşaqlar:

– Ay can, ay can, Həsənqulu əmi yalquzağı öldürəcək, – deyə qışqırıb oynamağa başladılar.

Amma Həsənqulu Ağıl üstünə tərəf getmirdi, Qazlı gölə tərəf üz tutmuşdu.

Elə o vaxtdan Həsənqulu ya hər gün, ya da gü­naşırı Qazlı gölün yan-yörəsinə yollanıb, ov ov­la­yardı. Qışda qar yağanda işi yaxşı gətirərdi. hər gün olmasaydı da, iki-üç gündən bir dovşan vurar­dı. Dovşanın da ayaqlarından ip bağlayıb ipi iki çiyninə keçirər, dovşan da kürəyində sallanıb qalar və beləcə kəndə gətirərdi. Dovşandan pay vermək qalardı Həsənqulunun öz insafına.

Yayda isə Qazlı gölün qırağından əl çəkməz­di. Gölün yanındakı arxlarda çoxlu su ördəyi olardı. Hər­dən də kəklik tuş gələrdi Həsənqulunun gülləsinə.

...Yetim yaxşı bilirdi ki, Həsənqulu indi Qazlı gölün həndəvərindədir. Heç kəsdən bir şey soruş­madan oraya üz tutdu. Elə «motor arxı»nın üstün­dən keçib təpəni aşmışdı ki, Həsənqulu ilə üz-üzə gəldi. Həsənqulunun torbasından iki-üç su ördəyi­nin başı görünürdü. Əvvəl Həsənqulu dilləndi:

– Nə olub, ay Yetim, könlünə ördək düşüb?

– Yox ey, Həsənqulu əmi, Salatın xalanı Araz aparıb. Qəbir qazırlar.

– Vaay, gorun çatlasın, Kərbəlayi! Boyuna qamış ölçülməli Həşim idi, Salatın yox!..

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə