Kamran İmranoğlu yalquzaq (povest) baki – Yurd – 1998




Yüklə 305.12 Kb.
səhifə1/4
tarix26.04.2016
ölçüsü305.12 Kb.
  1   2   3   4
Kamran İmranoğlu

YALQUZAQ

(POVEST)

BAKI – Yurd – 1998

Redaktoru və ön sözün müəllifi:



MUXTAR KAZIMOĞLU

Kamran İmranoğlu. Yalqusaq. Bakı, Yurd, 1998, 109 səh.

İ 4702060101 Qrifli nəşr

081-98

Kamran İmranoğlu, 1998

HƏR KƏSİN ÖZ İŞİ...
Kamran İmranoğlunun ara-sıra yazıb «sandığa» yığdığı və heç vaxt çap elətdirmədiyi bədii yazılarından az-çox xəbərim olub. Təzəcə tamamladığı «Yalquzaq» povesti, mən bilən, Kamranın ilk iri nəsr əsəridir. İndiyəqədərki şer və hekayələrindən fərqli olaraq bu povestini o, «sandığa» qoymaq yox, işıq üzünə çıxarmaq qərarına gəlib və povestin nəşrə hazırlanmış bir nüsxəsini də oxumaq üçün mənə verib. Povestdə Kamran bizim yaşımızdan iyirmi-otuz il qabaqkı dövrün əhvalatlarını qələmə alır. O dövrün balaca bir kəndinə Kamranın gözü ilə baxa-baxa, istər-istəməz Yasamal yoxuşundakı tələbə yataqxanasını xatırlayıram. 70-ci illərdə Universitetin (o vaxt Azərbaycanda bircə Universitet vardı) filologiya fakültəsində oxuyarkən hər ikimiz həmin yataqxanada yaşamışıq və Kamranla, onun yazıları ilə mənim ilk tanışlığım məhz orada olub.

Mən birinci kursda oxuyanda Kamran dördüncü kursa keçmişdi. Yataqxananın eyni mərtəbəsində, ayrı-ayrı otaqlarda yaşayırdıq – o, öz yoldaşları ilə, mən öz yoldaşlarımla. Kamrangildə daxili vəziyyət necəydi, bilmirəm, amma mənim otaq yoldaşı sarıdan bəxtim gətirmişdi. (Otaq yoldaşlarım da, Kamran kimi, mənim ömürlük sirdaşım olaraq qaldılar.) Di gəl ki, bu, hələ hər şeyi həll eləmirdi. Yataqxanada yaşamaq istəyirdinsə, buradakı ümumi səs-küyə, çal-çağıra, qonşu otaqların «zülmünə» mətanətlə dözməyi bacarmalıydın. «Zülmün» ən sadə növü çağrılmamış qonaqların təşrif buyurmasından ibarət idi. Günlərlə kitab-dəftər üzü açmayan və vaxt keçirməyə münasib bir yer və üzüyumuşaq adam axtaran qonşular sənin otağında lövbər salıb, gecəyarısınacan getmək bilməyəndə səbrini basmalıydın, özünü ələ almalıydın. Adına əz aramızda «obşitel» dediyimiz bu qəribə insan məskənində «obşilikdən» qaçıb, öz aləminə qapılmaq çox çətin məsələ idi. Bir tərəfə çəkilib dərs oxumaq istəyirdin, «gəl güləşək» deyirdilər; kitabı bir qırağa atıb fikrə gedirdin, «kişi şair olub» deyirdilər; yorğanı başına çəkib, yatmaq istəyirdin, «kişi tənbəl olmaz» deyirdilər... Orda-burda gecələməyin dadını görüb, uça-uça gəldiyim və bir müddətdən sonra darıxmağa başladığım bu yataqxana görəsən Kamrana necə təsir eləyirdi? Gərəsən bu səs-küy içində və əhli-kef adamlar arasında o da darıxırdımı? Kamranla o vaxt bu barədə söhbət eləyib-eləməməyim yadımda deyil. Amma orası yaxşı yadımdadır ki, axşam düşənəcən Kamranı yataqxanada gərməzdik. Çoxumuzdan fərqli olaraq o, dərsdən çıxan kimi özünü kitabxanaya verərdi. Yazı-pozu işini kitabxanada görüb, sabahkı dərslərdən arxayın olan Kamran yataqxanaya, təbii ki, kefikök qayıdardı və buradakı səs-küy və çal-çağır onu qətiyyən hövsələdən çıxarmazdı. İşini düzgün qurduğuna görə Kamran, məndən fərqli olaraq, yataqxanaya əcaib-qəraib yaşayış yeri kimi baxmazdı. Ayrı-ayrı bölgələrdən gələn müxtəlif ləhcəli və müxtəlif xasiyyətli adamların bir dam altında deyə– gülə yaşamasında, bir qab yeməyi (ən çox da kartof qızartmasını) dərd-beş nəfərin ortaya qoyub iştahla yeməsində Kamran nəsə bir gözəllik tapardı və bu gözəlliklə qaynayıb-qarışmağı bacarardı. Kamranın öz tay-tuşları ilə duzlu zarafatlarını, tələbə cərgəsinə yenicə qoşulanlarla (və şəxsən mənim özümlə) yanımcıl qardaş kimi rəftar eləməsini son dərəcə xoş bir təəssüratla xatırlayıram...

Amma bütün bunların «Yalquzaq» povestinə bir dəxli varmı? Məncə, var. Məsələ burasındadır ki, povestdə Kamranın qələmə aldığı o kəndin bəzi əhvalatları bizim yataqxananın məzəli əhvalatlarına çox bənzəyir; bizim yataqxananın əhli-kef sakinləri öz qiyafələrini azacıq dəyişib, o kəndin şeytana papış tikən bəzi sakinləri arasında peyda olurlar; bizim yataqxana kimi, o kəndin də cazibədarlığını Kamran, bəlkə hər şeydən qabaq, güclünün gücsüzlə, qoçağın tənbəllə, ağıllının dəli ilə qonşuluğunda görür.

Yeri-yurdu, əsli-kökü bilinməyən Ağköynəkli kişinin səpdiyi şər toxumu gəyərsə, kəndin köhnə qayda-qanunu dəyişməlidir: Hacı Muradın malı-mülkü əlindən alınıb kolxoza verilməli və bu el ağ-saqqalının hökmünə son qoyulmalıdır. Əlbəttə, «Hacı Murad» adını görcək əvvəlcə adamı dahi Tolstoyun xofu basır. Xofdan birtəhər can qurtarıb, çağdaş nəsrimizi götür-qoy eləyəndə isə Kamranın «dağdan ağır» Hacı Muradının məşhur sələfləri (Cahandar ağa, Kərbəlayı İsmayıl...) yada düşür. Amma «Yalquzaq» povesti təkcə Hacı Muraddan ibarət deyil. Povestdə Kamranın öz müşahidələrindən doğulan və buna görə də Hacı Muraddan daha maraqlı görünən neçə-neçə obraz var, özü də bu obrazlara sinfi mübarizənin sən deyən elə bir isti-soyuğu yoxdur: onun-bunun qapısında çörək yapa-yapa özünə ər axtaran Qadoş, camaata nə qədər yaxşılıq eləsə də, ayaması üstündən götürülməyən Naftalin Kərəm, özgəsinin dediklərini ancaq öz arvadının süzgəcindən keçirəndən sonra eşidən Kar Abbasəli, xəstəni camışa mindirib müalicə eləyən Sınıqçı Hacı... Ədəbi-ideoloji sxemlərin cansıxıcı qəfəsindən çıxıb, «əz dilində» danışarkən bu obrazlar canlı insana çevrilə bilir. Əkin-biçin, arvad-uşaq, ölüm-itim barədə canlı insan kimi düşünüb-daşınarkən bu obrazlar bir-birindən seçilməyə başlayır. Bir-birindən seçilən, eləcə də eyni ailənin üzvü kimi bir-birinə bağlı olan bu adamlar Araz qırağındakı yalquzağın ulartısını eşidib qorxurlar. Çünki bu ulartı hansısa bədbəxtlikdən xəbər verir. Bəs Salatının Arazda boğulması gözlənilən bədbəxtliyin başlanması deyilmi? Yox, hələ ki, camaat xeyirlə şərin qardaş olmağına möhkəm inanır və ölüm-itimi özünə o qədər də dərd eləmək istəmir. Povestin lap əvvəlində qələmə alınan ölüm hadisəsi (Salatının suda boğulması) sonrakı əhvalatlara da güzgü tutur, ayrı-ayrı adamlar əsər boyu, əgər belə demək mümkünsə o, qara xəbərin işığında canlanmağa başlayır. Qara xəbəri eşidib, Salatının taleyinə yana-yana: kimi beynində ağı quraşdırır, kimi kəfən pulunun davasını döyür, kimi itmiş keçisini axtarır, kimi də fürsəti əldən verməyib qız qaçırır... Və bu yerdə nə yalquzaq yada düşür, nə kənddə şər toxumu səpən Ağköynəkli kişi, nə də onun sinfi düşməni Hacı Murad.

Bəs Hacı Muradın cavan arvadı Güllünün ölümü necə? Əvvəlki kimi yaşamağın qeyri-mümkünlüyünü başa düşən Hacı Muradın kənddən çıxıb getməsi necə? Əsərin lap sonunda tanış olduğumuz bu əhvalatlar camaatı sarsıtmayacaq. Kamran İmranoğlu bu suala cavab axtarmağı biz oxucuların öhdəsinə buraxır. Mən də, bir oxucu kimi, qoyulan suala cavab axtara-axtara bu fikrə gəlirəm ki, Güllünün ölməyini də, Arazın o tayına adlayan Hacı Muradın aqibətini də camaat Gözəgərünməz kişinin öz ixtiyarına buraxacaq və hərə başını aşağı salıb, öz iş-gücü ilə məşğul olacaq. Biri işləyəcək, biri də nağıl-nuğul danışıb işləyənin başını qatacaq. Biri ipin ucunu itirib hövsələdən çıxacaq, biri də hövsələdən çıxanın könlünü alacaq. Lap o yataqxanadakı tələbələr kimi...
MUXTAR KAZIMOĞLU

PROLOQ ƏVƏZI
-Ay Məşədi Vəli kişi, bu nədi eey? Gecə səhərə qədər yata bilməmişəm.

-Nə olub, ay Baftalı Salahın nəvəsi?

-Gecə heç nə eşitmədiniz? Ağıl üstündəki yalquzaq bütün gecəni ulayıb! Səsi indi də qulaqlarımdan getmir.

Məşədi Vəli kişi gözünü Baftalı Salahın nəvəsinin gözünə dikib dilləndi:

-Deyirlər, bir zamanlar səhər – səhər əli kərənti tutan Ağıl üstünə ot çalmağa gedirmiş. Bir də görürlər ki, Ağıl üstündəki iri bir çala doludu ilanla. İlanlar gecənin bir vaxtına qədər iki dəstə olub bir-birləri ilə o qədər vuruşublar ki, halsız-halsız hamısı böyrü üstü düşüb çalaya. Bir nataraz oğlu nataraz da tənbəllik eləməyib nəfit gətirib onların üstünə töküb, od vurub! İlanların naləsi göyə qalxıb! Sonra da hamısını çalaya doldurub üstünü basdırıblar.

-Axı nə olsun ki, ay Məşədi Vəli kişi?

-O olsun ki, həmin əhvalatdan sonra yalquzağın babası da, dədəsi də Ağıl üstündə ulayarmış! Bu yalquzaq da hələ çox ulayacaq! Bildin, ay Baftalı Salahın nəvəsi?!

Baftalı Salahın nəvəsi gözünü Məşədi Vəli kişinin gözünə dikib dillənmədi.


1.

Hacı Muradın Düyərli kəndinin ortasında yan-yana düzülən ot tayalarının başı köy üzünə dəyirdi. Bütün yayı araba-araba daşınıb gətirilən ot-ələfin hamısı Ənnağı kişinin yabasının ucundan keçib taya olmuşdu. İndi bu ot tayalarına baxdıqca, Ənnağı kişinin səliqəsinə adam mat qalırdı.

Tək söyüdün kölgəsində kövşək vura-vura dincələn öküzlər də hərdən gözlərini ot tayasına dikir, hərdən fınxırır, hərdən də özlərindən razı-razı mürgüləyirdilər. Bu qədər otu Ağıl üstündən elə bil onlar arabada çəkib buraya gətirməmişdilər. Ya da öküzlər Ənnağı kişinin işinə heyran qalmışdılar.

Hacı Murad da çox insaflı adamıydı. Öküzləri yeri gəldi-gəlmədi hər ağır işə qoşmazdı. Kotana, xışa ayrı öküzləri qoşdurardı, samana, ota başqa öküzləri yollayardı. Yalnız möhrəlik palçıq qarışdırılanda öküzlər hamısı bir yerdə işləyərdi. Özü də elə canla-başla işləyərdilər ki, sanki Hacı Muradın öküzləri adam kimi dil qanırdılar.

Axşamın sərini kəndin hər tərəfini bürüyürdü. Kişilər həyətlərindəki ağacların altından küçəyə açılan darvazalarının qabağına çıxırdılar. Onlar darvazalarının yanında iki daşın üstünə taxta uzatmışdılar ki, axşamüstü orada oturub dincəlsinlər.

Yavaş-yavaş həmin oturacaqların üstündə adamlar bitərdi. Kiminin əlində ağac, kiminin əlində çomaq, kiminin əlində çəlik, kiminin əlində təsbeh. Kənddə kişilərin axşamı belə başlayardı.

Bu vaxtlar kəndin arvadları əllərində vedrə, səhəng Araza tərəf yollanardılar. Qadınlar gündə Arazdan bircə dəfə su gətirmək üçün Ağıl üstünə gedər və təpədən suya əl çatana qədər enən pillələri aşağı düşər, qab-qacaqları su ilə doldurub geri qayıdardılar. Qadınların da axşamı belə başlayardı.

Söyüdlərin kölgəsi bir az da uzandı. Salatın çiynində yekə səhəng darvazadan küçəyə çıxdı. Darvazanın yanındakı oturacaqda bitən əri Həşimə üzünü tutub deyinməyə başladı:

Səninki elə budu, baax! Çomağı qıçlarına dayayasan, papirosu da əlindən ötürməyəsən! Daha nə iş görəcəksən? Qıç da məşğul, əl də məşğul!

Həşim də gözünü Salatının üzündən ayırmadan əlini kəndin lap yaxınlığından axan Araza tərəf uzadıb guya hirslənirmiş kimi ucadan dedi:

– Beş addımlıqdan bir ovuc su gətirəcəksən, onu da bu axşam-axşam başıma qaxmasan olmaz? Arvadın ulğumu var ki, dili də dinc dursun! Yeri! Yeri! Boyuna qamış ölçüm!

Həşimin bu sözlərindən sonra Salatın dinməz-söyləməz Araza tərəf yola düzəldi.

Həşim peşmanladı ki, nə yaman pis dedim. Hardan dilimə gəldi: «Boyuna qamış ölçüm!» Yazıq Salatının bir əməlli-başlı günü-dirriyi də yoxdu. Səhərdən axşama qədər işləməkdən gözü açılmır. Hələ bunlar bir tərəfə qalsın, onsuz da iş-güc qurtaran deyil! Yazıq Salatın qalıb o iki yetimlə bu iki uşağın arasında. O yetimlərlə bu uşaqlar da bir-birləri ilə yola gedən zibil deyillər.

Mən Salatını alanda uşaq-zad istəmirdim. Güman eyləyirdim ki, Naznazın yetimlərinin əlindən tutub böyüdər, mənə də qulaq yoldaşı olar. Nə eləməli? Vurdu Salatın da bu tərəfdən iki uşaq doğdu. Bu da Allahın işidi. Qurbanı olduğumun yazısına pozu yoxdu!

Yaxşı, Salatının nə günahı var idi ki, boyuna qamış ölçdüm?! Bu qədər Salatının üstünə qışqırmışam, onu söymüşəm, döymüşəm, amma belə ağır söz deməmişəm. Deyəsən, dəli şeytan ağlımı da yavaş-yavaş əlimdən alır.

Həşim yenə Salatının dalısınca baxdı. Salatın uzaqdakı dənkəni burulub görünməz oldu.

Həşim fikirləşdi ki, bu Salatın da onun bəxtiydi. Bir-iki adam istəmişdi, Salatın da heç birini yaxın buraxmamışdı. Sonra da daha istəyən olmamışdı. Yaşının ötməsinə baxmayaraq, vallah, Salatın mənə qır verməyəcəkdi.

Hələ Naznaz sağ olanda, eşitmişdim ki, Naznazı qınayırmış ki, o təpərsiz kişini hardan tapmısan? Bunu da Naznaz ağzında saxlaya bilməyib mənə demişdi. Ona görə düzdü ki, arvadın ulğumu olmaz, o da ağlına gələni yox, ağzına gələni danışar. Mən də indiyə qədər bu sözü Salatının üzünə vurmamışam. Nə olar? Deyib, deməmiş olsun!

Həşim beynində çox şeyi fırlatmaq istəyirdi ki, yenə qamış gəldi girdi beyninə. Düşündü ki, vallah, bu Salatın boyuna qamış ölçüləsi arvad deyil!

Həşim şapqasını başından götürüb dizinə keçirdi. Yenə fikrə getdi. Həşimi fikirdən uşaqların səs-küyü ayırdı.

Elə bil bu işlərə bənd olan uşaqlar azadlığa çıxdılar. Beş-altısı bir yerə yığılıb Hacı Muradın tayalarının yanında hər gün olduğu kimi indi də gizlənqaç oynamağa başladılar.

Kənddəki axşamçağının sakitliyini təkcə uşaqların hay-küyü pozurdu.

Qəflətən Araz tərəfdən vay-şivən qopdu. Ağız deyəni qulaq eşitmədi. Uşaqlı-böyüklü hamı Araza tərəf qaçmağa başladı. Hay-küyə itlərin də səsi qarışdı. Handan-hana bir uşağın bağırtısı aydın eşidildi:

-Salatın xalanı Araz apardı!

Kəndin adamları bir-birinə dəydi. Həşim arvadların Araza düşüb su götürdükləri yerə çatanda Salatının suyun üzündə qalan çılpaq qarnını gördü. Şapqasını başından götürüb yerə çırpdı:

-Camaat içində biyabır olduq!


2

Salatın Həşimin ikinci arvadıydı. Birinci arvadı Naznaz uşaq üstündə ölmüşdü. Cənazəni xəstəxanadan gətirəndə qonşu kənddə at arabasının qabağını qardaşları kəsib saxlamışdılar. Demişdilər ki, bacımızı öz kəndimizdə basdıracağıq. Orada çayçının qabağında iki kəndin adamları üz-üzə dayanmışdılar. Bu vaxt haradansa Hacı Murad peyda olmuşdu:

-Ay bala, çəkilin görüm! Heç nə elədiyinizi bilirsiniz?

Hamı susmuşdu. Arabanın qabağından geri çəkilmişdilər. Hacı Murad yenə səsini qaldırmışdı:

-Ay camaat, ölüyə əziyyət verməzlər. Belə iş heç Allaha da xoş getməz.

Sonra da üzünü Qəhrəman kişiyə tutmuşdu:

-Ay ağsaqqal, sizin kəndin camaatı qamışlıqdan-zaddan çıxıb? Gəlin aparırsan, qabağını kəsirlər. Ot daşıyırsan, arabanı saxlayırlar. Ölü gətirirsən, onun da qibləsinə daş diyirlədirlər.

Təzəcə hər şey yat-yüt olmuşdu ki, iki qadın tindən çıxıb, əllərində yaylıqları, üzlərini cıra-cıra at arabasına tərəf cumdular:

-Verin ölümüzü! Ölümüzü heç kəsə verməyəcəyik!

Camaatın halı bir az da qarışdı. Qardaşlar təzədən qabağa yeridilər. Hacı Murad gördü ki, Qəhrəman kişidən bir səs çıxmır. Üzünü cavanlara tutub qışqırdı:

-O arvadları da basın arabaya, arabanı da sürün kəndə! Deyəsən, bu köpək uşağı ölüynən-dirinin nə olduğunu hələ bilmir.

Arvadlar özlərini ölünün üstünə saldılar, araba da kəndə yol aldı.

Bu əhvalat bir anda Həşimin xəyalından keçdi və gözləri Hacı Muradı axtardı. Axtaran kimi də Hacı Muradı gözünün qabağında at belində gördü. Hacı Muradın birinci sözü bu oldu:

-Papağın boş qalsın, ay Həşim!

Həşim oradaca yerə çöməldi. Taqətsiz-taqətsiz bir ah çəkdi. «İndi mən dörd uşağnan nə təhər dolanacağam. Haranın külünü başıma ələyim ki, Allaha xoş getsin!»

Həşim camaata üz tutanda gözü qaraldı: «Nə yaxşı ki, Hacı Murad vaxtında çatdı. Salatının meyidini Hacı Muraddan başqa heç kəs o Arazdan çıxara bilməz! Təvəkkül Allaha!»

Bu vaxt Hacı Muradın səsi ucaldı:

-Ay cavanlar, özünüzü Ağıl üstünün aşağısına yetirin! Orada Arazın dayaz yeri var. Çıxın daşların üstünə gözləyin!

On-on beş cavan oğlan kəsə yolla qaçmağa başladı.

Hacı Murad üzünü kişilərə tutub dedi:

-Siz niyə dayanmısınız! Axşama hələ çox var, yeriyin qəbri qazın! Meyidi saxlamaq olmaz! Gün uzundu, dəfn edəcəyik! Özü də qəbri Naznazın ayaqlarının altına salın!

Bir də geriyə dönüb Hətəmi çağırdı:

-Ay Hətəm, sən də tez ol, öküzləri qoş arabaya. Ağıl üstünə gətir.

Sonra özü də atı dəhmərləyib xırmana tərəf üz tutdu.


3.

Bu gün səhər-səhər Hacı Murad xırmana gələn kimi səsini başına atmışdı. Hacı Muradı indiyə qədər belə qəzəbli görməmişdilər:

-Ə şil oğlu şil, gecə səhərə qədər xorhaxor yatırsan! Gecələr bir-iki dəfə durub xırmanın həndəvərinə fırlana bilmirsən? Sən də arvadsan, qorxursan yalquzaq gəlib səni yeyər?

Hacı Murad bu sözləri Nəcəfalının böyük oğlu Sadığa dedi.

Sadıq da dinməz-söyləməz gəldi Hacı Muradın yanına:

-Nə olub, Hacı Murad əmi?

-Canına dərd olub, bir də azzar! Xırman sovulandan sonra taxılı tay-tay götürüb aparacaqsan, yığacaqsan evin bir küncünə. Qışda da arvadınla ayaqlarını sallayacaqsan kürsünün altına, aşağıdan isti vuracaq, siz də mazaqlaşacaqsınız. Ununuz bol, odununuz bol, sizə nə lazımdır daha?! Nəcəfalının hesabına kef çəkirsiniz, o başını yerə qoyandan sonra nə eyləyəcəksiniz?

-Nə olub, ay Hacı Murad əmi?

-Sizi yüz kərə başa salmışam ki, kişi səhərə kimi yatmaz! Yatacaqsınız da! Torpağın altında o qədər yatacaqsınız ki, çabalasanız da çıxa bilməyəcəksiniz! Odu eey, Əlirzanın da bir gözü həmişə sizə baxır! Gözləyir ki, birinizin canı çıxa, o dəqiqə basa qəbrə, üstünüzü də torpaqlaya. Eşitməmisiniz, özü də oturub-durub deyir ki, insan belədi ki, canını tapşırdı, o saat gərək qoyasan qəbrə, yoxsa bir az qaldı, üfunəti hər yeri bürüyəcək.

Sadıq bu dəfə heç nə demədi. Çənəsini dayadı əlindəki yabaya, başladı maddım-maddım Hacı Murada baxmağa. Hacı Murad yumşaldı:

-Bala, əmanətə xəyanət olmaz! Kişi olan bəndənin malına kəm baxmazlar. Odu eey, məndə neçəsinin əmanəti var, nə vaxt gəldilər götürüb aparacaqlar. Bir də sizin nəyiniz var axı?! Quru çöpunüz də yoxdur ki, biləsiniz mal nədi, əmanət nədi?

Bu dəfə Sadıq da yavaşca dilləndi:

-Nə günahım var, Hacı Murad əmi?

-Gözün kordu, taxılı yarılayıblar!

Sadıq diksinən kimi oldu, tez yeridi taxıla tərəf. Doğrudan da, taxıldan beş-on kisə götürülmüşdü. Sadıq ayaq üstə dura bilməyib yerə çöməldi. Gözləri bir addımlıqdakı taxılı seçə bilmirdi.

-Qalx ayağa, qalx! Ağzınızdan hələ süd iyi gəlir!

Sadıq ac adamlar kimi Hacı Muradın gözlərinin içinə baxdı. Sadığa qəfil elə gəldi ki, Hacı Muradın gözləri yalquzağın gözləridi. Yavaşca dilləndi:

-Hacı Murad əmi, bu, Ağköynəklinin işidi. Axşam xırmanın başına fırlanırdı. Vallah, gecə yarısına qədər kiçik qardaşım da mənim yanımda olub. Durub evə gedəndə taxıla özüm baxmışam. Vallah-billah Ağköynəklinin işidi!

-Ağköynəklidi, qaraköynəklidi bilmirəm. Kişinin malını kişi kimi qoruyarlar! Amma bu barədə heç kəsə bir söz demə! Bir daş altda, bir daş üstdə!

Hacı Murad atını dəhmərləyib Ağıl üstünə tərəf yol aldı.

Sadıq özü də bilmədi ki, nə eləsin, başına nə çarə qılsın.

Sadıq neçə illər idi ki, Hacı Muradın xırmanının keşiyini çəkərdi. Taxıl biçimi başlayanda, Sadıq da dinməz-söyləməz yabasını, belini, bir də kərəntisini götürüb xırmana yollanardı. Əvvəlcə kərəntiylə süpürgə kollarına toxunmadan otları, tikanları biçərdi, yabayla daşıyıb onları xırmanın qurtaracağında üst-üstə yığardı. Sonra da bellə çala-çuxurları düzəldərdi. Mal təzəklərini götürüb bir tərəfə atardı. Xırmanı əl içi kimi təmizləyərdi.

Sadığın gördüyü bu iş iki günə başa çatardı. Üçüncü günü Sadıq oraq, balta və mıxça gətirərdi. Başlayardı oraqla süpürgə kollarını bir-bir dibindən biçməyə. Sadıq ehmalca və elə səliqə ilə biçərdi ki, süpürgə kollarının ruhu da inciməzdi. Sonra süpürgələri dəstələyib ayrı-ayrı yığardı. Sadıq yaxşı bilirdi ki, bu süpürgələr ilboyu onları görəcək. Hələ qonum-qonşuya da hərdən pay göndərəcək. Düzü, Sadığın süpürgəsinin həsrətini çəkənlər az deyildi.

Sadıq bu il süpürgələri bağlayanda Hacı Murad gəlib xırmana çıxmışdı. Atla xırmanın o tərəf-bu tərəfini gəzmiş, sonra da atını sürüb xırmandan uzaqlaşmışdı. Bu məqamda Sadıq da öz-özünə fikirləşmişdi ki, Hacı Murad olasan, bir kəlmə söz deməyib gedəsən, görünməmiş işdi.

Hacı Murad hər il bu vaxt xırmana gələndə hər şeyi yerli-yerində görmək istəyər və yüz cürə tapşırıq verərdi. İndi Hacı Murad heç bir söz demədən səssiz-ünsüz Ağıl üstünə tərəf yollanırdı. Elə Sadıq bunları fikirləşirdi ki, Hacı Murad atını geri döndərib təzədən Sadığın yanına qayıtdı:

-Bu xırmanda o qədər süpürgə bağladın ki, indi də Hacı Muradın dalınca süpürgə bağlayırlar!

Hacı Murad bu sözlərdən başqa heç nə deməyib, yenidən yoluna düzəldi.

Sadığı təzədən fikir götürdü. Nə qədər fikirləşdi, tapa bilmədi ki, Hacı Muradın əhvalı niyə pozulub?

-Görəsən, Hacı Muradın qanını kim qaraldıb?

Bu sözləri də Sadıq səsini içəri çəkərək öz-özünə ucadan dedi.

Sonra da Sadıq başladı işinə davam eləməyə. Baltanı və mıxçaları götürüb çardağa tərəf getdi. Əvvəlcə əliylə çardağın ayaqlarını yoxladı. Möhkəm idilər. Taxtalara bir-bir əl atıb silkələdi. Sonra hərəsinə köhnə, paslı mıxçaların yanından par-par parıldayan təzə bir mıxça çalmağa başladı.

«Sabah gedib qamış biçib gətirmək lazımdır. Qar, külək çardaqdakı qamışları tamam korlayıb. Daldalanmağa yaramaz. Gün adamın başına elə vurar ki, xırmandan meyidi çıxar».

Sadıq əzilmiş, qırılmış qamışları yerə tulladı. Çardağın üstü və yanları açıq qaldı. Çardaq lüt-üryan olandan sonra bir də ona tamaşa elədi. «Bu çardaq hara, Əsgər kişininki hara? Əsgər kişinin çardağı amanata bənddi. Amma bu çardaq neçə illərdi ki, qışı-yayı burada dözür. Əsgər kişi elə doğru deyir ki, onun çardağı təndirlikdi».

İndi bütün bunlar Sadığın xəyalından keçdi və Hacı Muradın o vaxtkı sözü bir də yadına düşdü: «Bu xırmanda o qədər süpürgə bağladın ki, indi də Hacı Muradın dalınca süpürgə bağlayırlar!»

Bu süpürgə məsələsi axşamüstünə qədər Sadığın yadından çıxmadı və Sadıq yaxşı bilirdi ki, bu taxılın oğurlanmasının ona heç bir dəxli yoxdu.

Axşamüstü birdən Sadığı fikir götürdü: «Bu necə olan işdi, kəndin o başındakı bostanda qurulan çardağın yanında adam vurulur, bu başındakı xırmanda qurulan çardağın yanında taxıl oğurlanır?»

Sadıq ha eşələndi, bu sualın cavabını tapa bilmədi. Amma sual onu yaman tutmuşdu.

Birdən Hacı Muradın atının səsi eşidildi. Sadıq tez-tələsik çardaqdan yerə düşdü. «Yəqin oğrunu tapıb! Yoxsa Hacı Murad bir gündə iki dəfə xırmana gəlməz!»

Hacı Murad atının cilovunu çəkib ucadan dedi:

-O südəmər qardaşını tap, gəlsin xırmandan muğayat olsun! Özün də tərpən Sulutəpəyə! Mollanı götür gəl! Mollaya deynən sidr-kafir yaddan çıxmasın. Özü də Sultan kişini gətir, deynən Hacı Murad tapşırıb. O mirzəliyi atıb mollalıq eyləyən zatı qırıq oğlu zatı qırıqdan bir kar aşmaz. Keçən dəfə görmədin, ölü qaldı bir tərəfdə, elə bütün yasda ikiarvadlılıqdan danışdı.

-Kim ölüb, ay Hacı Murad əmi?

-Tifağı dağılmış bibini, Salatını Araz aparıb!

Bundan sonra Hacı Murad Sadığın üzünə baxmadan atını Ağıl üstünə tərəf dəhmərlədi.
4.

Sadıq heç nəyə əl vurmadı. Tez-tələsik çardağın kölgə tərəfinə qoyduğu bardağı götürdü. Bürmələyib bardağın ağzına basdığı tut yarpaqlarını çıxartdı və bardağı başına qaldırdı. Bardaqda bir içimlik su qalmışdı, onun da hamısını içdi. Sol əlində bürmələnmiş tut yarpaqlarını yerə atdı, bardağı da götürdü və kəndə tərəf yola düzəldi ki, gedib paltarını dəyişsin.

Yolda onu fikir götürmüşdü ki, bibisinin ölümünü atasına necə deyəcək? Kişi də yaman əziyyət çəkir, nə sağalandan sağalır, nə də... Sadıq «ölüm» sözünü dilinə gətirmədi. Bir də fikirləşdi ki, atam kiminsə qarğışına tuş gəlib. Yoxsa bu kənddə bir kişi, bir arvad indiyə qədər şil olub, yorğan-döşəkdə yatmayıb, cümə axşamı, orucluq bayramı, nə bilim hansısa xoş gündə canlarını tapşırıblar, mənim atama isə zillət qismət olub.

Sadıq bir az da getmişdi ki, qəfil ilan vurmuş adam kimi diksindi. Uşaqlığını xatırladı və atası ilə anasının dalaşması yadına düşdü. O vaxt nə üstündə dalaşdıqlarını Sadıq sonralar nə atasından, nə də anasından soruşmuşdu.

Sadıq gözlərini yolun ortasına dikib yeriyə-yeriyə həmən dalaşmanı xatırladı. O vaxt anası oturduğu döşəkçənin üstündən qalxıb qəzəblə atasına «səni görüm şil olub yerdə qalasan» dedi və orağını götürməyə getdi. Atası da onun arxasınca qışqırdı: «Arxayın ol, səni öldürüb basdırmayınca, ölməyəcəyəm».

Sadığa əyan oldu ki, atası dediyi kimi anasını çərlədib öldürdü, anasının da qarğışı atasını tutdu.

Sadıq yolunun səmtini dəyişib kənddəki kiçik arxlara suyun bölündüyü yerə – Suvata tərəf üz qoydu. Suvat kəndin lap girəcəyindəydi, kiçik qardaşının da evi oradaydı. Fikirləşdi ki, kiçik qardaşıgildən bir paltar tapıb əyninə geyər, həm də Suvatdan Sulutəpəyə yaxındır. Elə ordan da birbaşa Sultan kişinin dalısınca gedər, atasına da yalan deməz.

Sadıq kiçik qardaşıgilə çatanda gördü ki, qapı-baca bağlıdır, həyətdə də heç kəs yoxdur. Bildi ki, hamı Həşimgilə gedib. Bardağı qapının yanına qoydu. Qonşu Mustafanın həyətinə keçdi.

Mustafa it damının yanında öz-özünə danışır, nəsə qurdalanırdı. Sadıq Mustafanın başının qarışdığını görüb ona yaxınlaşdı. Mustafanın atı da çayın başındaydı. Sadıq fikirləşdi ki, Mustafa nə əcəb atı həyətdə saxlayıb, aparıb çöldə hörükləməyib?

Sadıq it damının yanına çatdı, «salaməleyk»dən sonra Mustafa da ayağa qalxdı və Sadıqdan qabaq dilləndi:

-Bilirəm, ay Sadıq! Allah rəhmət eləsin! Nəcəfalıya nə təhər dediniz?

Sadıq cavab verdi ki, atama deyən olmayıb, xəbəri yoxdur. Mən də ürək eləmədim evə gedəm. Elə xırmandan birbaşa buraya gəlmişəm ki, Sulutəpəyə Sultan kişinin dalısınca gedəm. Sadıq sonra da it damının içindən mırıltını eşitdi və damın qabağındakı küçüklərə baxdı:

-Bu qancıq nə vaxt küçükləyib?

Salatının ölümü elə bil tamam yaddan çıxmışdı. Mustafa başladı şirin-şirin danışmağa:

-Ay Sadıq, axırıncı dəfə nə vaxt yuxu görmüşəmsə, tamam yadımdan çıxıb. Mən lap gec-gec yuxu görürəm. Amma gecə yuxumu əməlli-başlı qarışdırmışam. Görürəm ki, atı bağlamışam Hacı Muradın tayalarının yanına. At da elə bil aclıqdan çıxıbmış kimi tayaları söküb dağıdır. Mən də on-on beş metr kənarda oturmuşam tut kötüyünün üstündə. Birdən yalquzaq çiynimin üstündən şığıdı ata tərəf. Başladı atı daldan parçalamağa. Qışqırdım, qışqırığıma da özüm oyandım. Tez-tələsik geyinib bayıra çıxdım. Gördüm ki, at yerindədir. Bir az toxdadım. Sonra qancığın zingiltisi qulağıma dəydi. Elə zarıyırdı – elə zarıyırdı ki, hələ bu itin belə zarıldadığını eşitməmişdim. Tez gəldim itin yanına. Ay işığıydı. Damın qabağında üç dənə küçük gördüm. Bir az da yaxınlaşıb baxdım ki, üçü də ağappaq, anası kimidi. İtin zarıltısından bildim ki, qarnında yenə küçük var. Zəncirindən yapışıb onu bayıra çəkdim. Dördüncü küçüyü də mən zorla itin qarnından dartıb çıxardım. İnan ki, yuxudan durmasaydım, bu küçük elə qarnındaykən anasını çatdadacaqdı. Özü də bax, axırıncı o qara küçükdür!

Sonra əlavə etdi:

-Atı da elə yuxuma görə aparıb çölə hörükləməmişəm. Demə bu da sənin bəxtin imiş! Yeri yəhərlə, min get! Sulutəpəyə piyada getməyəcəksən ki?! Mən də gedirəm qəbir qazmağa.

Sadıq dinməz-söyləməz ata tərəf getdi, Mustafa da təzədən əyilib küçüklərə yal verməyə başladı.

Sadıq çoxdan kənddən uzaqlaşmışdı. Küçüklər də yalı yeyib qurtarırdılar. Suvat tərəfdən səs gəldi:

-Ay Mustafa! Ay Mustafa!

-Həyətə gəl, buradayam!

Mustafa yenə başını aşağı saldı. Bir də başını qaldıranda gördü ki, ağ köynəkli kişi at belində yanında durub, gözü də qara küçükdədir. Ağköynəkli kişi Mustafaya aman vermədi:

-Ə, Misto, bəs sənə deməmişəm ki, qancıq küçükləyəndə mənə de, küçüklərin birini seçib mən götürəcəyəm?

-Vallah, gecə küçükləyib, səhər də kimdən soruşdum, dedilər vayenkomata getmisən!

-Bax, o qara küçük var haa, mənimdi! Bir-iki həftədən sonra gətirərsən bizə! Qulaqlarını da özüm kəsəcəyəm ki, əlimin dadını indidən bilsin, özü də qırımından görünür ki, qancıq deyil, köpəkdi.

-Hə, köpəkdi!

Ağköynəkli kişi bir də qara küçüyə göz yetirdi, sonra yenə üzünü Mustafaya tutdu:

-Kənddə kim ölübdü? Deyəsən, qəbir qazmağa gedirlər!

-Nəcəfalının bacısı Salatını Araz aparıb!

-Onlar da bir nəsil deyil! Hamısı giriblər Hacı Muradın qoltuğunun altına. Hacı Muradın qoltuğunun altından çıxmaq da hər kişinin işi deyil! Nəcəfalının da nəslini yaxşı tanıyırıq. Onların arasında bircə qeyrətlisi varsa, o da kiçik oğludur. O kiçik oğlu hələ bu küçük boyda olandan demişdim ki, bundan bir şey çıxacaq!

Mustafa dillənmədi. Ağköynəkli kişi yenə soruşdu:

-Sənin atını minib Sulutəpəyə gedən kim idi? Uzaqdan görüb tanımadım.

-Nəcəfalının böyük oğlu Sultan kişinin dalısıca getdi.

-Yenə bu Hacı Murad ikiarvadlının işidi, bax! Keçən dəfəki yasda hamıya demişəm ki, daha bu kəndə ölü götürməyə Sultan kişi gəlməyəcək! Nə olubdu təzə mollaya? Dünənə qədər mirzəlik eyləyirdi, hamınız da məktubunuzu aparıb ona oxutdururdunuz! İndi də mirzəliyi yerə qoyub mollalıq eyləyir. Nə olub balam, məktubunuzu oxuyanda əl çəkmirdiniz, ölülərinizə Quran oxumağa başlayandan bəyənmirsiniz? Yaxşı, Hacı Murad, Sultan kişiylə görüşün axırıncı olar! Mən getdim qəbiristanlığa, sən də belini götür, gəl ora!

Ağköynəkli kişi qəzəblə atına bir qamçı çəkdi. Atı sürə-sürə bir də Mustafaya tərəf dönüb ucadan dedi:

-Ay Misto, yadında yaxşı saxla, o yalquzaq var haa, onun qənimi bu qara köpək olacaq!..

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə