Jan Eşnoz və onun «Royal Arxasında» romanı




Yüklə 449.13 Kb.
səhifə1/8
tarix22.02.2016
ölçüsü449.13 Kb.
  1   2   3   4   5   6   7   8

Lit.az-Azərbaycanın ədəbiyyat portalı

Jan Eşnoz və onun «Royal Arxasında» romanı

Jan Eşnoz müasir fransız yazıçısıdır, romanları ilə məşhurdur. 1999-cu ildə Qonkur mükafatını qazanıb. Avropada onun hər bir yeni romanı tənqidin və publikanın diqqət mərkəzində olur, hər bir romanı parlaq ədəbi qələbəyə çevrilir. «Royal arxasında» romanı onun prozasının şah əsəridir. Tənqid və nəzəri fikir uzun muddət (2003-cü ildən bəri – roman həmin il «Minui» nəşriyyatında çap edilmişdi) bu romanla məşğul oldu. Romanın baş qəhrəmanı adından da göründüyü kimi, istedadlı bir pianoçudur, hər gün şöhrətinin üstünə şöhrət gəlir və beləcə.. üst-üstə qalanan şöhrətin altında qalıb təntiyir, bu şöhrətin, bu alqışların əsirinə çevrilir. Yeganə bir yol var – ölüm.

Əcəliylə ölmür – öldürürlər. Bütün ömrü boyu, hətta real dünyadakı həyatı tükənəndən sonra da bir qüssənin içində qalır – vaxtilə, Tuluz konsevatoriyasında təhsil aldığı illərdə Roza adlı qıza vurulmuşud, violençel sinfində son kursda oxuyarmış. Məhəbbətə gələndə hər ikisinin dili tutulur. Qızın onu sevdiyini, ancaq bunu bildirə bilmədiyini eşidəndə dəli olur, bütün ömrü, çaldığı əsərlər, bu əsərlərin içinə özündən asılı olmadan qatdığı qammalar ürəiyndə dustaq etdiyi sözlərin pardaqlanmasına oxşayır. Həyatda günbəgün artan şöhrətin əsirinə çevrilib heç nəyi dəyişə bilməyən adamı o biri dünyada dəyişirlər, sifətinin cizgilərini elə dəyişirlər ki, heç kəs onu tanımasın. Adını belə dəyişirlər və qadağa qoyulur: həyatdakı sənətinlə bir daha məşğul ola bilməzsən, əvvəlki dost-tanışlarına yaxınlaşa bilməzsən. Maksı geriyə – Parisə göndərirlər, məlum olur ki, cəhənnəm bu dünyada – Parisdəymiş.

Nəhayət, dözə bilmir, qadağaları bir-bir pozur. Kimsə onu tanıyır, qanındakı əvvəlki «səslər» qışqırıb yuxudan ayılır.

Jan Eşnozun əsəri problematikası və poetikası etibarilə müasir farnsız romanıdır. Romanda insan həyatının «davamı» fəlsəfi, psixoloji çalarla... və daha çox mistika planında göstərilmişdir.

Əsərin bütün digər məziyyətləri haqqında romanı tam şəkildə mütaliə etdikdən sonra müzakirə aparmaq olar və bizə elə gəlir ki, hələlik bu kimi təfərrüatlaara varılması tezdir.

Jan EŞNOZ

Royal Arxasında


(roman)

Fransız dilindən tərcümə: Cavanşir YUSİFLİ

Birinci Hissə


1____________________________


Kursel bulvarında Roma küçəsi tərəfdən iki kişi gəlirdi. Onlardan biri, orta boydan bir az hündür olanı ağzına su alıb dururdu. Böyük, axıra qədər düymələnmiş plaşın altından «kəpənək» qalstuklu qara kostyum geyinmişdi. Qar kimi dümağ manjetdə taxma damarlı əqiqdən hazırlanmış dördkünc düymələr qızarırdı. Qısaca deməli olsaq, gözəl geyinmişdi, ancaq bütün bunların fonunda ağarmış bənizi və boş, yayğın baxışları nədənsə son dərəcə qayğılandığını göstərirdi. Arxaya daranmış saçlarının ortasından ağ xət keçirdi. İyirmi iki gündən sonra ömrü dəhşətli, tükürpədici ölümlə başa çatacaqdı, ancaq hələ bundan xəbərsiz idi, üzündəki qorxunun səbəbi başqaydı.

Yanaşı addımlayan ikinci kişi birincinin tam əksiydi – nisbətən cavan, onunla müqayisədə daha gödək, arıq, ağzına gələni danışan, sözlə bərabər dodaqlarından təbəssüm çıxan, - əynində solğun rəngli şalvar, xaral enliliyində sviter var idi. Sviterin altından heç nə geyinməmişdi. Başında narıncı-bej damalı qırmızı şlyapa, ayaqlarında mokasin var idi.

- Şlyapana söz olmaz, - nəhayət plaşlı kişi onlar Monso parkının qapısı ağzına çatanda dilləndi. Bir saatın içində bu, onun dilinə gələn yeganə söz idi.

- Doğrudan? – ikinci kişi könülsüz dilləndi. – Hər halda fakt budur ki, şlyapan əla görünür. Estetik bıxımdan isə, belə də, keçinmək olar. Təsadüfən əlimə keçib, özüm almamışam.

- Yox, yox, həqiqətən əladır, yaxşı geyinmiş kişi bir daha təsdiqlədi.

- Oğulluğum onu qatarda tapmışdı, - ikinci kişi dəqiqləşdirdi, - görünür kimsə yadından çıxarıb. Öz başına gəlmədi, potabaşdır. Elə bil tikiləndə başımın ölçüsünü götürüblər. Səfeh deyiləm ki, başqaları necə, mən də elə, bir halda ki, ölçü mənim ölçümdür, haqqım var qoymağa. Bir az parkda gəzişəkmi?

Parkın gözətçilərinin dayandığı rotondanın hər iki tərəfində enli, qızılı rəngdə qurşaq çəkilmiş darvaza taybatay açıq idi. İki kişi girdi, nisbətən cavan olanı bir anlığa duruxdu, bilmədi ayağını hansı tərəfə qoysun. Həyəcanlı olduğunu gizlətməyə çalışırdı, buna görə də dayanmadan ağzına gələni çeynəyib tökürdü, üyüdürdü, elə bil buraya dostunu əyləndirməyə gəlmişdi, işi-gücü ona qorxunu unutdurmaqdan ibarət idi. Əslində onun rolu elə bu idi, adamın allahı var, bu rolu pis oynamırdı, dəridən-qabıqdan çıxırdı, ancaq nə edəsən ki, alınmırdı. Parka gəlməzdən qabaq söhbəti fırladıb mədəniyyət, siyasət və seksin üstünə gətirmişdi, ancaq dedikləri cavabsız qalırdı, söhbətə çevrilmirdi. Qapıdan içəri girən kimi şübhəli nəzərlərlə ətrafı dinşədi, virgin tülpanlarına, yapon muşmulalarına, şəlaləyə, süni qayalara və çəmənliyə baxdı. O biri kişi nəzərlərini içindən çəkmirdi və gördükləriylə birincini qorxudurdu.

Zövqlə geyinmiş kişinin adı Maks Delmar idi, baxmaqla əlli yaş verərdin. Milyonlarla insanın içində tanındığına, gəlirinin yaxşı olmasına və son iyirmi ildə bircə dəfə də olsun psixatriya kursu qəbul etməməsinə, dərman atmamasına baxmayaraq bu gün o, qorxudan çərləmək həddinə gəlmişdi, bu hiss bütün canını tutanda, sözləri də bastalayırdı, dillənə bilmirdi. Nəhayət dilləndi.

- Berni, içmək istyəirəm, - Maks dedi.

- İçmək istəyirəm. Bəlkə sizə gedək?

Berni mənalı baxışlarla baxdı.

- Məncə, dəyməz, cənab Maks, - dedi, - cənab Parizinin xoşuna gəlməz. Axırıncı dəfə bunun nə ilə nəticələndiyini unutmamısınız ki.

- Yaxşı görək, - Maks təkid etdi, - ancaq bircə stəkan.

- Yox, - Berni dedi. Belə çox istəyirsənsə, qoy cənab Pariziyə zəng edim, soruşum.

- Yaxşı, - Maks razılaşdı, - lazım deyil.

Ancaq vafli, sərin içkilər və ip satılan pavilyonu görəndə dönüb düz ora getdi. Onun dalınca addımlamağa məcbur olan Berni qabağa keçdi, özünü kassanın üstünə atdı, cəld divardan asılmış menyunu əzbərlədi: hər şey yerindədir – spirtli içki satılmır.

- Kofe içirsənmi, cənab Maks?

- Yox, - Maks qüssəylə cavab verdi, gözlərini menyudan çəkib, - istəmirəm dedi.

Yola düzəldilər. Altında qadın fiquru olan Gi dö Mopassanın büstünün yanından keçdilər, sonra çəmənliyin o biri başında yenə də altında qız fiquru olan Ambruaz Toma qoyulmuş abidəni keçdilər, daha sonra şərqə tərəf üz tutdular, burada huşunu itirmiş halda ayaqlarına sərilmiş daş qızla bərabər təsvir edilmiş Eduard Payron durmuşdu. Görünür, bu parkda görkəmli adamlara qoyulan heykəllər tənhalıqdan qorxur deyə onların hər birinin ayağının altına bir quzu balası-bakirə qız sərilib. Bu abidələr getdikcə sıxlaşırdı: orda, şəlaləni keçdinmi, Şarl Quqo ilə rastlaşacaqsan, onun böyür-başına nə az-nə çox, düz üç «mühafizəçi» qoyulub, doğrudur, onlardan biri qolsuz idi. Ancaq Berni bu heykəlləşmiş bədənlərə yaxınlaşmaqdan vaz keçdi. Uzaqdan uşaqlara ayrılan meydanın ətrafında daha bir abidəni – Friderik Şopeni də gördü. «Aman Allah, - Berni düşündü, - Şopen! Gözlərimə inanmıram». Cəld, bütün gövdəsini götürüb əks tərəfə doğru az qala qaça-qaça getdi, Maksı da addımlarını sürətləndirməyə məcbur elədi və bu zaman onun diqqətini yayındırmaq üçün böyür-başlarındakı çəmənliyi, yaşıllığı təriflədi, çinarların yaşı haqqında söz açdı.

- Bax, bax gör necə gözəldir! Dünya necə də gözəldir! – həyəcanla, riqqətlə qışqırdı. – Elə deyilmi?!

Maks bir an belə dayanmadan hürkmüş halda o tərəf-bu tərəfə baxdı və hiss edilməyən tərzdə çiyinlərini çəkdi. – Razılaşın ki, Berni elə-belə dedi, - burda bir dünya işıq var.

Şopenin durduğu yeri saymasaq, parkın hər künc-bucağını gəzib-dolaşdıqdan sonra və Berinin Maksın diqqətini ətrafdakı piramidalara yönəltmək üçün canfəşanlıq göstərdiyi zaman o, gizlincə saata baxdı, Maksı Kontess-dö-Seqür xiyabanı ilə parkın çıxışına tərəf çəkdi; xiyabanda Alfred dö Müssinin abidəsi ucalırdı. Başı üstünə əyilən cavan xanımın bir qolunun olmamasını nəzərə almasaq Müsse narahatlıq doğurmurdu; hələ üstəlik xanım sol əlini Alfredin çiyninə qoymuşdu.

On doqquz otuz: yaz günü sona çatırdı, günəş isə hələ niqabını üzünə çəkməmişdi. Düz qürub düşhadüşdə iki kişi Van Deyk xiyabanı ilə addımlayaraq nəhayət parkı tərk etdilər. Maks nəsə içmək üçün baş tutmayan cəhdindən sonra bir kəlmə belə danışmamışdısa da, Berni əksinə, bir ucdan üyüdürdü, elə bil kiminlə addımladığının da fərqində deyildi. Bu təsadüflərin birində Maks iki-üç dəqiqəliyə ondan ayrılıb palıd ağacının arxasına keçdi, nə qədər gücəndisə, qusa bilmədi, ödü ağzına gəlirdi.

Sonra darvazanın yanından keçib böyür xiyabanla Oş prospektinə tərəf qalxdılar və buradan birinci döngədən sağa döndülər, küncdə bar var idi. Maks yenə də Bernə girişdi, qılıqla dedi ki, gəl bara girək, Bernisə bir kəlmə də demədən başını buladı: yox. Bir neçə addım da gedəndən sonra 252 saylı evə çatdılar.

İçəridə nərdivanlar, dəhlizlər, keçidlər, onların kanatlar, bloklar, böyük, ağzı açıq yeşiklərin qalandığı, mebellərin necə gəldi düzüldüyü geniş və qaranlıq otaqlara girən və ya çıxan kimi bağladıqları qapılar görünürdü. Qulaqlarına gah sahilə çırpılan dalğaların səsi, gah da kütlənin hay-küyü gəlirdi. Saat düz səkkiz otuz idi. Maks plaşını çıxartdı və qəfildən heç gözləmədiyi halda Berni var gücü ilə onu pərdənin altından çəkilib itələdi.

Ucu-bucağı görünməyən klaviaturalı, səni udmağa müntəzir, fil sümüyündən qayrılma dişləriylə səni toza çevirməyə yerikləyən nəhəng qara «Steynvey» orada dayanmışdı; onu gözləyir ki, bircə əlinə keçəsən, tutub səni tikə-parça eləsin. Berni itələdikdən sonra yerindən tərpənməyə heyi qalmayan Maks ağzına qədər dolu zalın şəninə qopan sürəkli alqış qasırğası içində bataraq güclə özünə gəldi, ayaqları bir-birinə dolaşdı, nəfəsi tıncıxdı, əlli iki ağaran dişə doğru yeridi. Royalın arxasına keçdi, dirijor çubuğunu yellədi və ani olaraq sükut müsiqiyə bələndi. Bəsdir, daha dözə bilmirəm... Bundan da pis ola bilərdi.... Manilada da doğula bilərdim, səyyar siqaret satışı ilə məşğul olardım, yaxud Boqotada ayaqqabı silən olardım, bu da olmasa, dalğıc kimi ömrümü başa vurardım... Nəhayət, Friderik Şopen, 2-ci konsertin birinci hissəsi, fa minor, opus 21, maestro, di başlayaq.

2________________________
Zalda heç kəs yoxdu, birinci sırada oturanlar belə bu təəssürata kölgə salmır. Hər şey öz-özünə alınır.

Doğrudan da hər şey yağ kimi alındı. Orkestr uzun-uzadı girişi səsləndirəndə Maks bir balaca sakitləşdi. Sonra, onun növbəsi çatanda və o, nəhayət çıxış edəndə özünü daha da yaxşı hiss elədi. Bir neçə taktdan sonra canındakı qorxu elə bil bir balaca yatdı və ilk yalançı notlar səslənən kimi tam sakitləşdi – səs burulğanında batdıqca batan sürəkli pasajda məftunedici yalançı notlar səslənirdi. Bu baş verən kimi Maksın darıxmaqlığı uçub getdi. İndi vəziyyətə özü nəzarət edə bilirdi və özünü sərbəst, ağa kimi hiss edirdi. Hər bir yarım ton sanki ürəyinə dəyib əks-səda verirdi, hər bir pauza öz yerində idi, akkordlar ardıcıllıqla bir-birinin dalısınca gəlirdi, səslər qanad gətirən quşlar kimi uçmağa bənddi. Birinci hissəinin sonu çatsa da, ondan olsaydı dayanmazdı. Pauza. Konsertin davamını gözləyə-gözləyə hamı ehmalca öskürür, boğazını təmizləyir, bu yolla qurum bağlamış bronxlarını selikdən təmizləyirdilər. İkinci hissə, larghetto: ləngərli, fikirli və şəffaf. Burada heç nəyi qəlpləşdirmək olmaz. Maks hələ bir dəfə də səhv etməmişdi, hər şey gözəl alınmışdı. Yenə zalda öskürək eşidilir, indi artıq üçüncü hissə səslənir, parlaq allegro vivace. İndi görərsiniz, öhdəsindən necə gəldiyimi. Ay, iki yüzüncü taktda daha bir yalançı not, ancaq bu da burulğanda it-bata düşdü, həmişə finalda başıma bü iş gəlir, yeri gəlmişkən bunu deyəsən heç kim sezmədi, bir az da səbr etsək, məqsədimizə nail olarıq, sonra xromatik qammayla bir az yuxarı, dörd orkestr replikası, iki final akkordu və gözəl, nə gözəl, bis, bis, iş təmam. Pərdə, bravo!

Yorğunluqdan ağırlaşsa da, Maks qorxu-hürküsüz buketlərin başına aldığı aktyor otağına daxil oldu.

- Bu nədir belə! – dərindən nəfəs dərdi. – Bilirsən ki, çiçəklərdən boğuluram, tez onları burdan yığışdır.

- Bu saat, darıxma – Berni dedi, tez-tələsik buketləri yığışdırdı və qucağından daşdanan güllə özünü bayıra atdı.

Maks güzgülü stolun qabağındakı stula tərəf əyildi, burada da dərəbəylik hökm sürürdü. Güzgünün dərinliyində boynuna yaş salfet dolamış Parizi görsənirdi.

- Siz burdasınız, - Maks çevrilmədən söylədi və köynəniyinin düymələrini açmağa başladı.

- Çox füsunkar bir konsert oldu, impressario gülümsədi.

- Bilirəm, - Maks dedi, - bilirəm. Ancaq nəyə görəsə bu konsertdə daha çalmaq istəmirəm, o məni yorub, axırıma çıxıb. Üçtəlik burada orkestr partiyası çox zəifdir, o saat görünür ki, Şopen orkestr üçün yaxşı yazmağı sadəcə bacarmayıb. Qısası, elə mən də orkestrdən cana doymuşam. - Yuxarı düyməsini açdı, düymə açılmadı, qopub yerə düşdü, sonra bu necə gəldi səpələnən şeylər içində itib-batdı.

- İstənilən halda, Parizi onunla razılaşdı, - yaya qədər siz ancaq solo konsertləri verəcəksiniz, unutmamısınızsa Berlində.

Əvvəlki kimi çevrilmədən və əlindən qaçan düyməni axtara-axtara Maks gözünün ucuyla güzgüyə baxanda arxasında, əynində enli kənarları olan pencək geyinmiş bir şəxsi gördü: Pariziydi, həmişə alnından-üzündən tər süzülən Parizi, böyük, iri şüşəli eynək taxırdı, sifəti ətli, səsi nüfuzedici və incəydi.

- Proqramı yadıma salarsan, Maks dilləndi.

- Həftənin sonunda Nantda konsertiniz var, - Parizi sırıldandı, ayın on doqquzunda, Qavo zalında solo konserti və.. televizora çıxana qədər heç nə. Biri də var: yaponlar yenə zəng etmişdilər. Onlar Şossonun əsərlərinin tam külliyatının yeni yazılışı barədə soruşurdular. Dəqiq tarixi soruşurdular, Serusen studiyasını kirayələmək istəyirlər.

- Fikirləşməliyəm, - Maks dedi, - hələ buna tam hazır deyiləm.

- Ancaq onlar tələsirlər, - Parizi təkid etdi, onların da öz planları var.

- Mən düşünməli, götür-qoy etməliyəm, - maks təkrar etdi, - içmək istəyirəm. Balaca hara getdi?

Balaca çiçəksiz qayıtmışqdı, girişdə dayanmışdı, əmrə müntəzir idi.

- Berni, mənə bir stəkəan ver, içim, - Maks həmişəki kimi başını döndərmədən dedi və budur nəhayət itirdiyi düyməni tapdı.

Berni divar şkafını açdı, ordan stəkan və şüşə çıxardı, onları Maksın qabağına qoydu.

- Qulaq as, Parizi, başımın üstünü kəsdirmə, axı səninlə razılaşmışıq, konsertdən sonra içə bilərəm, özü də istədiyim kimi. Konserdən əvvəl, sən deyəndir.

- Bunu demirəm, - Parizi dəqiqləşdirdi. – Buz qoymağa yerimiz yoxdu.

- Doğrudan? – Maks dilləndi, sən haqlısan və sətkanın içindəki mayenin tən yarısını başına çəkdi. – İndi yer var ki.

Parizi başını buladı, əlini cibinə salıb yeni salfet axtardı və cibindəkinin sonuncu olduğunu biləndə kağızı bürmələdi və zibil qabına tulladı, bu an Berni əlində buz teromosuyla geri qayıtdı.

- Sağ ol, Berni. Yox, yox, maşa lazım deyil. – Maks iki kubik götürüb stəkanına atdı, üçüncüsünü götürüb boynunu, boğazını islatdı, - Bernisiz neylərdim.

- Əlbəttə, əlbəttə, Parizi donquldandı.

- Yeri gəlmişkən, - Berni qətiyyətsiz halda söhbətə qarışdı.

- Nədir, nə olub? – Parizi soruşdu.

- Görürsünüz, məcburam sizdən soruşum ki, əlbəttə əgər mümkündürsə, mənim məvacibimi bir az artırasınız.

- Bu barədə söhbət ola bilməz, - Parizi qəti hökm verdi.

- Axı mənim xərclərim çoxdu, - Berni təkid elədi, - yeri gəlmişkən, ogey oğlum var, çox bacarıqlıdır. Onun təhsil haqqını da ödəməliyəm, dərin zəkası var, onu əməlli məktəbə qoymalıyam. Bilirsiniz ki, özəl məktəblərdə təhsil çox bahalıdır.

- Boş-boş danışırsan, - Parizi ucadan və qətiyyətlə dilləndi.

- Bundan başqa, görürsünüz, Berni sözünə davam etdi, - mənim vəzifəm adi deyil, görün neçə yerə qaçmalı oluram. Mən bütün işlərində cənab Maksa kömək etməliyəm, onun necə qidalanmasına nəzarət etməli (bunu deyəndə Maks gülümsədi), nə zaman ki, ovqatı dəlxdir, mən, bəli mən onun həvəsləndirməliyəm, bu isə cənablar heç də balaca iş deyil. Bundan başqa, - Berni əlavə etdi, - hər gecə onu çəkib səhnəyə çıxarmağın özü də az iş deyil, bəzən lap ölümünə içir. Cənab Maks artistdir, başdan-ayağa tamaşaçılarındır, başa düşün, bütün bunların öhdəsindən heç kim yox, mən gəlməli oluram.

- Yox, mənə elə gəlir, yuxu görürüəm, - Parizi dedi.

- Bağışlayın, - Maks söhbətə qarışdı, mən Balacanın tələbini tam dəstəkləyirəm. Bu oğlan mənə hava-su kimi lazımdı, mənimlə bir dəqiqə olmasa, bilmirəm nə olar.

Başdan-ayğa tər içində olan Parizi qeyri-ixtiyari əlini cibinə saldı, ancaq axırıncısını bayaq götürdüyünü yadına salıb əlini geri qaytardı.

- Fikirləşərəm, - dedi, biz bu barədə hələ danışacağıq.

- Niyə indi müzakirə etməyək? – Berni soruşdu.

- Tam doğrudur, - Maks dilləndi, - nəyə görə təxirə salmalıyıq?

- Gəlin oturaq, - Parizi cibindən balaca bir əşyanı – ya mobil telefonu, ya da elektrik üzqırxanını çıxartdı.

- Məmnuniyyətlə, - deyə Berni razılaşdı, bu zaman Maks ayağa qalxdı.

- Yaxşı, - o dedi, - sizi tərk edirəm, şahid olmadan danışın, üzbəüz.

Aktyor otağından çıxanda, Parizi əlindəki cihazın düyməsini basdı, bu elementlə işləyən portativ ventilyator idi.


3 __________________________
Maks konsertdən sonra evə qayıdanda Alis yatmışdı, elə bil heç nə olmamışdı. On yeddinci rayonda, Şato-Rujun qonşuluğunda onların ikimərtəbəli mənzilləri vardı, onların ikisi üçün, bir-birlərinə mane olmadan yaşamaq üçün kifayət qədər böyük idi. Biri yuxarıda, o biri aşağı mərtəbədə yatırdı. İstəsəydilər bütün gün ərzində rastlaşmazdılar.

Maks sakitcə giriş qapısını itələdi və studiyaya daxil oldu: böyük royal, balaca yazı stolu, mehmanxana otağında olduğu kimi bapbalaca soyuducu, not stellajları və divan. Vaxtının əsas hissəsini burada, küçədəki səs-küyü içəri buraxmayan ikiqat pəncərələrin olduğu otaqda keçirirdi, yuxarı mərtəbə ilə daxili telefon vasitəsiylə əlaqə saxlayırdı. Maks Alisi oyatmaqdan qorxub-eləmədən nə qədər istəsəydi atılıb-düşə, hətta qışqıra bilərdi. Soyuducudan içki götürdü və royalın qapağını qaldırdı. Stəkanı alətin üstünə qoyaraq barmaqlarını dillərin üstündə gəzdirdi. Konsert zamanı yol verdiyi ik səhvin üstündə işləmək olardı, idi istəsəydi bu passajları ayara, nəzərdən keçirə, onları qol saatın içindəki kiçik mexanizm hissələri kimi ayıra və yenidən yığa bilər və bəlkə bundan sonra zədələnmsiş «hissələri» tapardı. Ancaq, ay qardaş bu konsertlər mənim axırıma çıxdı axı. Bir də ki, yorulmuşam.

Ən yaxşısı duş qəbul eləməkdir, sonra studiyaya gedib stəkan götürər, yataq otağına keçərəm. Yerinə uzanandan sonra da Maks həmin iki yalançı not haqqında düşünürdü – birinə birinci hissənin əvvəlində, ikincisinə isə axırıncı hissənin təxminən ortalarında yol vermişdi. Ciddi heç nə yoxdu, onların elə böyük əhəmiyəti yox idi, səs dalğası içində səslənəndə hər şey öz qaydasıyla gedir və məndən başqa bir kimsə bunun fərqində olmur. İkinci hissədəki nisəbətən az koloritli və daha kövrək passajı pis oynasaydı, şübhəsiz ki, bunu hamı duyacaqdı. Yaxşı, bəsdir. Gəl Roza haqqında düşünək, yadına sal hər axşam onunla necə rastlaşırdın, bir bax, az içməmisən ha, daha bəsdir, stəkandan əl çək. Daha gecdir, işığı söndür. İndi isə yat. Yuxun gəlmir? Yaxşı, onda tableti götür, iç. Su ilə. Bax, belə. Stəkanı qoy yerə.

Dərman iyirmi dəqiqədən sonra təsirini göstərdi və düz yarım saatdan sonra yuxu paradoksal mərhələyə daxil oldu: bir-biri ilə əlaqəsi olmayan hallar, hadisələr süzüb keçirdi. Həmişə olduğundan tez oyandı. İstədi bir də yuxulasın, gözlərini yummağa cəhd elədi, alınmadı: yarıyuxulu uzanmışdı, beynindən absurd ideyalar keçirdi.

Yaxşı, dur görək, yəqin saat artıq ondur. Bir az da uzan, on birin yarısında qalxarsan. Uzan hələ, Rozanı düşünək, əlinə bir şey gəlməsə də gəlməsin, nə fərqi…
4_________________________

Roza təqribən otuz il bundan qabaq Tuluzda konservatoriyada oxuduğu illərin xatirəsiydi. Qız violençel sinfində axırıncı kursda təhsil alırdı, qeyri-adi dərəcədə gözəl idi, ağ «fiat»da gəzirdi, hər gün maşını günün eyni saatında, eyni barın arxasında, eyni bir terrasda, eyni bir dayağın yanında saxlayardı və həmişə də vəhşi görünüşlü, saqqallı bir tiplə söhbətləşərdi, - yox, diqqətlə baxanda əmin olurdun ki, bu tip qızın adamı deyildi. Qız Maksın gözündə günbəgün gözəlləşirdi, - üzündəki bir elementi çıxmaq şərti ilə, - burnu ola bilsin ki, bir balaca etiraz oyada bilərdi, - çünki lazım olduğundan bir balaca çox əyilmişdi, ancaq diqqətlə baxanda sifəti bundan itirmirdi, əksinə qazanırdı: onun burnu misir şahzədələrinin, ispan aristokratlarının və vəhşi quşların burnuna bənzəyirdi, bir sözlə, çox ciddi məsələ hesab edilirdi. Maks işlərini elə qurdu ki, onun kimi bütün il ərzində hər gün, günün eyni saatında eyni bir bara gəlir və həmişə eyni stolun arxasına keçərdi, məsafəni nə o qədər çox, nə də o qədər az saxlayardı, elə mövqe seçərdi ki, qızı yaxşı izləyə bilsin, danışmağa cürəti çatmazdı – çox, lap çox gözəldir, yaxınlaşıb nə deyəsən?

Yalnız bir dəfə, Maks onunla qonşu stolda oturmağa cürət edəndə qadın ondan siqarertini yandırmağı xahiş etdi, aha, fürsətdən istifadə edib bir az da yaxınlaşa bilər, hətta hərəkətə keçə bilər, ancaq bu kimi düşük hərəkətlər ilahi gözəlliyi olan xanıma yaraşmaz, ay axmaq, gör nə fikrə düşmüsən, unut, geri çəkil, allahdan qorx. Bununla da hər şey qurtardı. Qadın üzünü başqa tərəfə çevirən kimi, fürsəti əldən buraxmır, elə baxırdı ki, qadın duyuq düşməsin. Sonra yay gəldi, Roza violençelini də götürüb harasa getdi, daha bu tərəflərə gəlmədi. Sükutun içində, düz dibinə quylanmış Maks həmin o artıq boşalmış terrasa üz tutar, nəsə içib başını qatar, heç kəs yox idi, adamların, müştərilərin sırası seyrəlmişdi və budur sürpriz – həmin o vəhşi görünüşlü saqqallı tip peyda oldu. Maks bu adamla tanış oldu, söhbətləşdi.

Tezliklə söhbətlərin bir ucu gəlib Rozaya dirəndi və bu zaman Maks öyrəndi ki, həmin qadın bu tiplə məhz onun – Maksın haqqında danışırmış. Həmişə, hər zaman, ara vermədən onun haqqında danışarmışlar, Maks saqqallını görən kimi üstunə atılar, dərhal ağızları qızışardı, hərdən saqqallı bezər, söhbətin mövzusunu dəyişməyi xahiş edərdi, - valı dəyiş qardış, iynə ilişdi, cırıldıyır e. məlum oldu ki, Roza da onunla söhbətə cürət eləməzmiş, cəmi bircə dəfə alışqan soruşmuşdu. Ancaq bu hələ hamısı deyildi: bu gözlənilməz məlumat mənbəyinin dediyinə görə, qadın məhz Maksı görmək ümidiylə hər gün bu terrasa gələrmiş. Bunu eşidəndə Maks birtəhər oldu, ürəyi dayandı, dili tutuldu, bilmədi nə desin, nəfəsini alıb dayanmışdı, hər şeyi unutduğundan boğulacaqdı. Və yalnız bir neçə andan sora anladı ki, nəfəsini buraxmalıdır, dərindən nəfəs almalıdır, üzünü-gözünü tutub ağlamaq, hönkurmək istəyirdi. Görəsən haralardadı? Necə tapmaq olar onu, ünvanı-filanı varmı?

- Yoxdu, - saqqallı cavab verdi, - çıxıb gedib, təhsilini başa vurdu artıq.

Bundan sonra Maks ömrünün yarıdan çoxunu onunla təsadüfən görüşə həsr etdi, ümid eləyirdi, dözürdü, bezə-bezə gözləyirdi. Elə gün olmurdu ki, onun haqqında düşünməsin, hər günü belə keçirdi. İndi, üstündən otuz il keçəndən sonra, olsun ki, Roza dünyanın başqa bir tərəfində yaşayır – bu saqqallı adama inansaq, o həmişə baş alıb uzaqqlara getmək arzusundaymış, bəlkə də ölüb.



5__________________________
Maks saat on birin yarısında yerindən qalxan kimi gözü çarpayının yanında yarımçıq içilmiş stəkana sataşdı, onu əl-üz yuyana tökdu, sonra paltarını geyinmədən mətbəxə kofe dəmləməyə getdi.

Maks üstü-başı ilə həmişə günün sonunda, küçəyə çıxmazdan qabaq, oynamağa və ya kiminləsə görüşməyə getməzdən qabaq məşğul olardı. Evdə o, əyin-başına nə geyirdisə, gen-bol olanını seçirdi, məsələn, köhnə, əldən düşmüş, haçansa ağ zolaqları olan şalvar və köynəyi. Məsələn, indi əyninə geydiyi köynəyin düymələri sallanmışdı, bu düymələr bir azdan bir-birinin dalınca düşəcəkdi. Köynəyin bu halı məhz onun evdə geyinmək üçün nəzərdə tutulduğuna görə baş vermişdi, əslində onu yuyub ütüləsəydi, abırlı bir geyim-keçim gününə düşərdi, hal-hazırda isə köynəyin bir-birinin dalınca boynunu bükərək düzülmüş düymələri payız yarpağına və ya yetişmiş meyvəyə, yaxud quruyub qaxac olmuş meyvəyə bənzəyirdi, bu meyvələr tağından üzülüb talvar boyu hara gəldi səpələnmişdi.

Sonra – hər gün eyni şey baş verir: kofe içdikdən sonra royalın arxasına keçir. Gör neçə müddətdir ki, Maks işə girişməzdən qabaq tapşırıq həll etmir. Qammalar və arpeciolar barmaqların açılması və konsert qabağı əllərin qızınması üçün gimnastika kimi bir şeydi. İndi tezliklə ifa edəcəyi məsələlərlə məşğul olmalıydı. Üç, yaxud dörd saat dalbadal, fasiləsiz olaraq özünün fikirləşib tapdığı fəndlərlə, biclik və ya texniki tryuklarla məşğul oldu, bütün bu işlər ifa zamanı qarşısına çıxacaq maneələri dəf etmək üçün nəzərdə tutulmuşdu. Hələ ki, klaviatura arxasında oturmuşdu, canında həyəcanın yaratdığı qızdırma vardı, vaxtaşırı olaraq yaddaşının oyanması ilə bir meydana gələn sıxıntı da bu həyəcanı üşütməyə əlavə edilirdi. Bir müddət keçəndən sonra həyəcan yerdə qalan iki hissə hakim kəsildi. Əvvəlcə hansısa günəş kələfi içində batdığı halda həmin kələfin təsir dairəsi yavaş-yavaş ürəyinin ərazisini, daha çox mədəsini zəbt edirdi, bir az keçdikdən sonra hirsi-hikkəsi bir az da artırdı, ağrılar baş verirdi, düz saat ikinin yarısına qədər mədəsinin içində ilan kimi qıvrılırdı, psixikasına nüfuz edir, onu başdan-ayağa zəbt etdiyindən aclıq hiss etmirdi.

Maks mətbəxdə soyuducunun içindəki şeyləri bir-bir götürüb baxdı, ancaq Alis hələ bazarlığa getmədiyi üçün getdikcə qılıncını itiləyib parıldadan aclığı boğmaq üçün heç nə tapmadı. Yeri gəlmişkən, bu elə yaxşılıq əlamətidir – evdə təkbaşına nahar eləmək ovqatını qaldırmır və həyəcan da iştahını həmin parıldayan qılıncın bir zərbəsi ilə kəsib-doğraya bilər, bəlkə də dalından bir təpik vurub onu hara gəldi qovlaya bilər, ona görə də yemək yeyə bilməsən də, aclıq özünü getdikcə daha böyük inadla büruzə verəcək, bu isə sözün əsl mənasında dəhşətdir. Bütün bunları nəzərə alan Maks daha çox yaşadığı məhəllədə, etnik qarışıqlığın çeşidli restoran növlərini meydana gətirən bir yerdə nahar edirdi: bu məhəllədə Afrika, Tunis, Laos, Livan, Hind, Portuqal, Balkan və ya Kitay mətbəxlərini görə bilərdin. Bunların arasında Maksın evindən iki küçə o yana yerləşən lap yaxınlarda açılmış Yapon restoranını da görə bilərdin. Bu lap əla oldu, gedək Yapon restoranına. Maks gödəkçəsini geydi, evdən çıxdı, küçə ilə üzü yuxarı addımlamağa başladı və orada döngənin ağzında qızı gördü. Rozanı yox, başqasını.

Tam əminliklə deyə bilərik ki, bu başqa qadındır, onun özü də Roza kimi olmasa da, fövqəladə gözəlliyə malik bir qadın idi, yeri gəlmişkən, nə qədər fərqli olsalar da, onların arasında ümumi bir oxşarlıq da var idi. Maks onu çoxdan görsə də, adını bilmirdi, ömründə bircə dəfə də bu qadınla kəlmə kəsə bilməmişdi, hətta üzünə baxıb gülümsəməyə imkan olmamışdı. Ancaq aydın idi ki, qadın çox da uzaqda yaşamır, ola bilər ki, evləri elə Maksgilin küçəsindədir, bəlkə də onun bir neçə addımlığında yaşayır, qadını tez-tez görmürdü, hətta 8, 10, 12, bəlkə də 15 il idi ki, bu qadını ilk dəfə görmüşdü.

Maks həmişə onu tək, bəlkə də həftədə iki dəfə görərdi, bəzən də aylarla rastlaşmazdı. Uzun boylu, üzündə zərif, faciəvi və insanı düşünməyə sövq edən ifadələr həmişə Maksı həyəcanlandırardı; yeri gəlmişkən, günün istənilən məqamında bu qadını xatırlayarkən fikrində onun rəsmini cızır və həmişə də dodaqlarının yan-yörəsindən təbəssüm əskik olmazdı. Bir-biri ilə sıx şəkildə əlaqədar olan bu təbəssüm və baxış Maksı qüssələndirirdi, ona görə ki, onlar Maks üçün nəzərdə tutulmamışdı, həmişə başqa adamlara zillənirdi və bu zaman Maks qonşularının sifətində mülayim bir təbəssüm ifadəsini görürdü və həmin adamların sayı çox idi, əksəriyyəti də Maksa tanış deyildi. Bu qadının aurasında fövqəladə bir zəriflik var idi ki, onun yerişində, duruşunda, davranış manerasında, bu məhəllə ilə heç cürə uyuşmayan paltar seçimində ifadə olunurdu, ona görə uyuşmayan deyirik ki, Maksın yaşadığı məhəllə darısqal, səs-küylü, demokratik və bir az da qüssə gətirən idi; özü də bilirdi ki, onun yeri zənginlərin sakit malikanələrindədir. Bu qadını və bu məhəlləni müqayisə etdikcə müxtəlif sözlər, məsələn, anaxronik, anatopik kimi sözlər tapırdısa da tezliklə bu sözün, onu tam şəkildə təsvir edən sözün hələ Maksın sözlüyündə olmadığına inanırdı; onun üçün belə bir əlçatmaz obraz Roza mövzusunda variantlardan, təkrarlanan motivlərdən biri idi. Qadınla yol ayrıcında rastlaşan Maks heç olmasa bir saniyə ərzində onun baxışlarını tutmaq istədi və bu çox qısa anın içində qadının gözlərində maraqdan əsər-əlamət olmadığını da sezə bildi. Yapon restoranına qədər cəmi-cümlətanı iki yüz addım qalmışdı.

Sonra evə qayıtdı, yenidən royal arxasında oturdu, indi bir daha evdən çıxmaq üçün heç bir səbəb yox idi. İki-üç dəfə zəngi adətən tez-tez səslənən, son zamanlar isə Maksın özünün heç kəsə telefon açmadığına görə azalan telefona yaxınlaşmaq istədi. Təqribən saat altı radələrində Alisin qayıtdığını eşitsə də, əlini işdən ayırmadı, «1.X.1905 sonatası»ndakı nüansları təkrar edərək günün sonuna qədər işlədi, Ynaçekin sonatasının iki hissəsi üzərində işləyirdi, bunlardan birinin adı «Öncədən hiss etmə», digərinin adı isə «Ölüm» idi. İşi qurtardıqdan sonra mətbəxə qalxdı, burada Alisin gəzişdiyini gördü.

- Balığımız da var, – deyə soruşdu.

- Əlbəttə – Alis cavab verdi, – nə olub ki?

- Heç nə, elə-belə soruşuram, – Maks cavab verdi, – balığı çox sevirəm. Balıq çəngəllərini hara qoymusan?

Onlar birlikdə şam etdilər, bir-birlərinə günü necə keçirdiklərini danışdılar, bundan sonra isə birlikdə oturub televizora baxdılar, bu axşam «Rəssamlar və modellər» filmini göstərirdilər; Maks bu filmi artıq görmüşdü, buna görə də canında yorğunluq hiss edərək Din Martinin Doroti Melounun kürəyini və çiyinlərini gündə yanmaq üçün kremləyəndə, ona «Aşiq olmuş qız» mahnısını oxuyanda televizoru söndürdü. Sonra hərə öz yatağına yollandı.

  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə