İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ




Yüklə 0.76 Mb.
səhifə2/7
tarix24.04.2016
ölçüsü0.76 Mb.
1   2   3   4   5   6   7

Fiziki şəxslərdən əmlak vergisi üzrə ödəmələr çox aşağı səviyyədədir. Statistik məlumatlar göstərir ki, 2010-cu ildə ölkə üzrə əmlak vergisinin proqnozunun icrası 68% təşkil edib. Bələdiyyələr planlaşdırdıqları 3,9 milyon manat əvəzinə 2,7 milyon manat yığa biliblər. 2009-cu ildə yığım səviyyəsi 48%, 2008-ci ildə isə 92% təşkil edib. Rayonlar üzrə yığım səviyyəsi fərqli olub. Yevlax və Beyləqan bələdiyyələri plana artıqlaması ilə əməl ediblər. Bu rayonları təmsil edən bələdiyyələrdə əmlak vergisi yığımı uyğun olaraq 135,3% və 121,4% təşkil edib. Xaçmaz, Quba, Lənkəran rayonlarında proqnoza əməletmə səviyyəsi 90%-dən çox olub. Ən aşağı yığım Astara, Qobustan, Saatlı və Gədəbəy rayonlarında qeydə alınıb. Bu rayonlar müvafiq olaraq proqnoza 1,6%, 2,2%, 3% və 3,3% əməl edə bilib. (Bu barədə ətraflı məlumat ƏLAVƏ 1-də)

Bir sıra bələdiyyələrdə ümumiyyətlə əmlak vergisini yığmaq təcrübəsi yoxdur. Bəzi hallarda bələdiyyələr əmlak vergisini tətbiqinə və əhalidən həmin verginin yığılmasına qanunvericilikdə onlar üzərinə qoyulmuş öhdəlik kimi yox, onlara verilmiş hüquq kimi baxırlar. Bələdiyyə sədrləri gələcək seçkilərdə səslərini itirməkdən qorxurlar, yerli camaat qarşısında özlərinin nüfuzunu artırmaq üçün vergidən imtinaya üstünlük verirlər. Hətta təcrübədə seçki platformasında vergidən imtina kimi fikirlərə yer ayıran namizədlərə rast gəlmək olur. Aparılmış sorğuların və statistik məlumatların analizi göstərir ki, bir sıra bələdiyyələr öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Qanunla onlara məxsus əmlak vergisini müxtəlif səbəblərdən yığmırlar. 2010-cu ildə ölkə üzrə 6 rayonda (Naftalan, Daşkəsən, İmişli, Mingəçevir, Ağdam və Füzuli) əmlak vergisi yığılmayıb. Bu rayonlarda cəmi 126 bələdiyyə fəaliyyət göstərir. Bu onu göstərir ki, ölkə üzrə bələdiyyələrin ən azı 7,3%-i fiziki şəxslərdən əmlak vergisi tutmur. (bax: ƏLAVƏ 1)

Apardığımız sorğunun nəticəsi də eyni mənzərəni ortaya qoyur. Mərkəzi Aran regionunda 4 rayonun (Bərdə, Tərtər, Agcabədi, Yevlax) 40-a qədər bələdiyyəsi arasında aparılmış sorğunun nəticəsi göstərir ki, bələdiyyələrin 77,5%-i bu vergini ümumiyyətlə tutmur. (sorğunun nəticələri ilə ətraflı şəkildə ƏLAVƏ 2-də tanış ola bilərsiniz)



Evlərin inventar dəyərinin olmaması onların vergiyə cəlb edilməsini mümkünsüz edir. Vergi Məcəlləsinin 198-ci maddəsinə görə, fiziki şəxslərdən əmlak vergisi onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Yəni evin vergiyə cəlb edilməsi üçün onun inventar dəyərinin olması vacibdir. Əks halda həmin evin vergitutma bazası olmayacaq. Ancaq araşdırmalar göstərir ki, fiziki şəxslərdən əmlak vergisinin vergitutma obyekti olan yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu problem özünü kənd yerlərində qabarıq şəkildə büruzə verir. Kənd yerlərində evlərin 90%-nin inventar dəyəri olmadığından onların vergiyə cəlb edilməsi problem yaradır. Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 80%-dən çoxunun kənd yerlərinə aid olduğunu nəzərə alsaq, deməli, vergi yığımında olan problemin əksər bələdiyyələri əhatə etdiyini müşahidə edə bilərik. Bələdiyyələr arasında aparılmış sorğunun nəticələri də bu qənaəti möhkəmləndirir. Məlum olur ki, sorğuya cəlb edilmiş bələdiyyələrin 25%-də ümumiyyətlə inventar dəyəri olan evlər yoxdur. Bələdiyyələrin ərazilərində yerləşən evlərin orta hesabla 4%-i inventarlaşıb. (bax: ƏLAVƏ 2)

Qanunvericilikdəki ziddiyyətlər bələdiyyələrin qiymətləndirmə barədə qərarlarının hüquqiliyini şübhə altına qoyur. Vergi Məcəlləsinin 200.1.-ci maddəsinə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Yəni bələdiyyə evin inventar dəyəri əsasında verginin illik məb­ləğini hesablayır və vergi ödəyicisinə verginin məbləği barədə bildiriş göndərir. Ancaq əmlakın inventar dəyəri olmadıqda onun vergiyə cəlb edilməsi problem yaradır. Problemin həlli məqsədilə yerli özünüidarə qurumları bir çox hallarda inventar dəyəri olmayan evlərin qiy­mətləndirilməsi barədə qərar qəbul edirlər. Bələdiyyələr buna əsas kimi qanunvericilik, o cümlədən, Yerli vergilər və ödənişlər haqqında Qanunu8 göstərirlər. Bu qanunun 5.3.-cü mad­dəsində qeyd edilir ki, bələdiyyələr tikililər və onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə 3-5 ildə bir dəfədən çox olmamaq şərtilə, ərazilərində yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərar qəbul edirlər. Bu qanuna istinad edən bələdiyyələrin özləri və ya müstəqil qiymətləndiricilər tərəfindən evlərə inventar dəyəri hesablanır. Bu isə qanunvericiliklə ziddiyyət təşkil edir. Belə ki, evlərin inventar dəyəri Nazirlər Kabinetinin 110 saylı, 28 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası” əsasında müəyyənləşdirilir. Həmin Qaydanın 1.1-ci maddəsinə görə, fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri onların texniki inventarlaşdırılması əsasında müəyyənləşdirilir. İnventarlaşma isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən müəyyən olunaraq rəsmiləşdirilir və bələdiyyənin sifarişi ilə onun vergi orqanına təqdim edilir. Xidmətin Əsasnaməsinin9 9.24-cü maddəsinə görə, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək bu qurumun bilavasitə vəzifəsidir. Əsasnamənin növbəti maddəsinə (Maddə 9.25) görə, qurum həmçinin inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin edir. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydasının “Qiymətləndirmənin nəticələrinin rəsmiləşdirilməsi” bölməsində əmlakın inventar dəyərinin icraçısı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti göstərilir.

Bütün bunlar göstərir ki, Azərbaycanda daşınmaz əmlakın inventarlaşmasının aparılması hüququ yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilib. Digər qurumlar tərəfindən, o cümlədən müstəqil qiymətləndiricilər tərəfindən inventar dəyərinin müəyyən edilməsinin heç bir hüquqi əsası yoxdur.

Bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təx­mini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq edilir. Halbuki bələdiyyənin bu təşəbbüs Vergi Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edir. Bəzi ərazilərdə bələdiyyələr qanunvericilikdəki boşluqlardan istifadə edərək daha da irəli getməyə müvəffəq olublar. Onlar vergi yığımına başqa qurumu cəlb ediblər. Xüsusilə də şəhər bələdiyyələri mənzil istismar sahələri (MİS) ilə vergilərin yığılması məqsədilə müqavilə bağlayırlar10. Bu hal əsasən Bakı şəhərinin bələdiyyələrinin iş təcrübəsində rast gəlinir. Vergi Məcəlləsinə görə, MİS-lərin və bu tipli qurumların vergi yığımı fəaliyyətini həyata keçirməsi tam qanunsuzdur.

Bələdiyyələrin vergini yığmaq üçün zəruri təsir mexanizmləri yoxdur. Dövlət vergilərindən fərqli olaraq vergiödəyiciləri yerli vergiləri ödəməkdə maraqlı görünmürlər. Çünki bir tərəfdən səlahiyyətsiz bələdiyyələr yerli problemlərin həlli ilə məşğul ola bilmirlər və buna görə də əhalinin etimadını tam qazana bilməyiblər. Digər tərəfdən hesablanmış vergilərin və ya onlara hesablanmış cərimələrin yığılması üçün bələdiyyələrin əhaliyə hər hansı təsir rıçaqları yoxdur. İşıq, qaz, su və s. kommunal xidmətlərdən fərqli olaraq verginin ödənilməməsinə görə bələdiyyələr yalnız məhkəmə yolu ilə təsir edə bilər. Bu proses isə həm uzun zaman tələb edir, həm də bu prosesə çəkilən xərcin həcmi vergi ödəyicisindən tutulan vəsaitin həcmindən çox olduğundan bələdiyyələr bu addıma səy göstərmirlər. Əgər şəhər yerlərində mənzil istismar sahələri mənzillərin saxlanma xərclərini ödəməyən vətəndaşlara yaşayış yerindən arayış verməkdən imtina etmək kimi rıçaqlardan istifadə edə bilirlərsə, bələdiyyələrdə bu tipli təsir mexanizmləri yoxdur.

Qeyri-vergi gəlirləri yüksək olan bələdiyyələrdə əmlak vergisi yığımı zəif olur. Araşdırmalar və statistik təhlillər göstərir ki, büdcə daxilolmalarında qeyri-vergi gəlirlərinin payı yüksək olan bələdiyyələr vergi yığmağa maraq göstərmirlər. Xüsusilə də bələdiyyə mülkiyyətində olan torpaqların satışından əldə olunan vəsaitlər büdcə gəlirlərinin əhəmiyyətli hissəsinə malik olduqda bələdiyyələr digər mənbələrə müaricət etmirlər. Məsələn, 2010-cu ilin statistik məlumatına görə, torpaq satışından daxilolmalar büdcə gəlirlərinin 67%-ini təşkil edən Abşeron rayonu bələdiyyələrində əmlak vergisinin payı 2,3% təşkil edib. Ağstafa bələdiyyələrində əmlak vergisinin büdcə gəlirlərində payı 1,7%, Göygöldə 1,5%, Masallıda 0,3%, Şabranda 0,1%, Şirvanda 1% təşkil edib. Bu bələdiyyələrdə qeyri-vergi gəlirlərinin payı uyğun olaraq 73,2%, 77,2%, 85,7%, 95,3%, və 91,1%-ə bərabər olub. Vergi gəlirlərinin payı 86,6% olan Füzuli rayonunda, 88,6% olan Mingəçevirdə, 86,3% olan Daşkəsəndə isə ümumiyyətlə əmlak vergisi tutulmur11.

2007-ci ildə bələdiyyə büdcələrinin 70%-dən çox hissəsi torpaq satışı hesabına formalaşırdı. Həmin il ölkə üzrə yerli özünüidarə qurumlarının illik büdcələri tarixində ən yüksək həddə - 50 milyon manat həcmində olub. Məhz həmin il əmlak vergisi üzrə daxilolmaların büdcə gəlirlərində payı ən aşağı - 2%-dən aşağı həddə olub. (Cədvəl 1)

Əhalinin məlumatlılığının kifayət qədər olmaması da vergi yığımına mənfi təsir göstərir. Bələdiyyələr arasında aparılmış sorğuda respondentlərin 18%-ə qədəri vergi yığımında əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu bildiriblər. Bəzi bələdiyyələrin əhalisi verginin tətbiqinin bələdiyyədən asılı olduğu qənaətindədirlər. Onların fikrincə, bələdiyyə əhalinin xahişi nəzərə alaraq vergi yığımından imtina edə bilər.

Vergi daxilolmalarının azalmasına səbəb olan amillərdən biri də güzəşt hüququna malik vətəndaşların vergi ödənişindən azad olmasıdır. Vergi Məcəlləsinin 199.3.-cü maddəsinə görə, pensiyaçıların, müharibə əlillərinin və veterenlarının və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır. Bu isə o deməkdir ki, bu güzəşt qrupuna daxil olan insanların evlərinin inventar dəyəri 35 min manatdan azdırsa, deməli, onlar ümumiyyətlə vergi vermirlər. Çünki bu məbləğdə inventar dəyəri olan evlərin əmlak vergisi 30 manat edir. Həmin məbləğdən azaldılmış 30 manatı çıxdıqda yerdə heç nə qalmır. Kənd yerlərində inventarlaşdırılmış evlərin böyük əksəriyyətinin inventar dəyəri 30 min manatdan çox aşağıdır.

Əmlak vergisi dünyanın 130-a qədər ölkəsində tətbiq edilir. Bu ölkələrin əksəriyyətində əmlak vergisi üzrə daxilolmaların büdcə gəlirlərində payı 1-3% civarındadır. ABŞ-da bu göstərici hətta 9%-ə yaxınlaşır. Əmlak vergisi üzrə daxilolmaların ÜDM-də payı hər bir ölkədə müxtəlifdir. Kanada, Böyük Britaniya, ABŞ, Yaponiya və Fransa kimi inkişaf etmiş ölkələrdə bu göstərici 1-4% civarında dəyişir. Azərbaycanda fiziki və hüquqi şəxslərdən əmlak vergisi üzrə daxilolmaların ÜDM-də payı Avstraliya və Avstriya ilə eyni səviyyədədir və təxminən 0,3%-ə bərabərdir. (Qrafik 3)



Qrafik 3. Ayrı-ayrı ölkələrdə əmlak vergisi üzrə daxilolmaların ÜDM-də payı12

Əmlak vergisi beynəlxalq təcrübədə istisnasız olaraq yerli vergiyə daxildir. Bir qayda olaraq hüquqi şəxslərdən əmlak vergisi də yerli büdcəyə şamil edilir. Hətta bəzi ölkələrdə torpaqlar vergiyə ayrıca yox daşınmaz əmlakla birgə vahid vergiyə - əmlak vergisinə cəlb edilir.



ALTERNATİVLƏR
Sənədin hazırlanması çərçivəsində aparılmış təqdiqatın, sorğuların, ekspert müzakirələrinin nəticəsi olaraq fiziki şəxslərdən əmlak vergisi sahəsində yığım səviyyəsininin artırılması məqsədilə 3 çözüm variantı müəyyənləşdirilib. Bu variantlar aşağıdakılardır:

  1. Fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın (evlərin) kütləvi inventarlaşdırılmasının təşkili;

  2. Fiziki şəxslərin əmlakının bazar dəyəri əsasında vergiyə cəlb olunması;

  3. Əmlakın sahəsinin ölçüsünə görə fiziki şəxslərin əmlakının vergiyə cəlb olunması.

İndi isə həmin alternativ variantların hər birini ayrı-ayrılıqda təhlil edək.
Alternativ 1: Fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın (evlərin) kütləvi inventarlaşdırılmasının təşkili
Vergi Məcəlləsinin 198-ci maddəsinə görə, fiziki şəxslərdən əmlak vergisi onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri onların texniki inventarlaşdırılması əsasında müəyyənləşdirilir. Binaların inventar dəyəri qiymətləndirmə anında mövcud olan fiziki köhnəlmə dəyəri çıxılmaqla, həqiqi dəyəri üzrə müəyyən edilir.

Bələdiyyə qanunvericiliyinə13 görə, evlərin inventar dəyəri Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması Qaydası” əsasında müəyyənləşdirilir. Bu Qaydaya görə, fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri əmsallar və qüvvədə olan indeks (inflyasiya dərəcəsi) nəzərə alınmaqla müəyyən edilir. Bu dəyər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən müəyyən olunaraq rəsmiləşdirilir və bələdiyyənin sifarişi ilə onun vergi orqanına təqdim edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bu vergi Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 46 saylı qərarı ilə təsdiq edilmiş Binalar14 üzrə əmlak vergisinin hesablanması Qaydası” əsasında hesablanır. Verginin bələdiyyə tərəfindən hesablanması üçün vergiyə cəlb edilən evin inventar dəyərinin olması vacibdir. Əks halda həmin evin vergitutma bazası olmayacaq. Çünki Vergi Məcəlləsində birbaşa göstərilir ki, fiziki şəxslərdən əmlak vergisi ancaq inventarlaşdırılmış dəyərindən tutulur. Ancaq araşdırmalar göstərir ki, fiziki şəxslərdən əmlak vergisinin vergitutma obyekti olan yaşayış evlərinin bir çoxunun inventar dəyəri yoxdur. Bu problem özünü kənd yerlərində qabarıq şəkildə büruzə verir. Kənd yerlərində evlərin əksəriyyətinin inventar dəyəri olmadığından onların vergiyə cəlb edilməsi problem yaradır. Mərkəzi Aran rayonunda fəaliyyət göstərən bələdiyyələr arasında aparılmış sorğunun nəticələrinin təhlili göstərir ki, həmin bələdiyyələrin ərazilərində yerləşən evlərin orta hesabla yalnız 4%-nin inventar dəyəri var. Sorğunun təhlili göstərir ki, kənd yerlərində inventar dəyəri olmayan evlərin böyük əksəriyyəti (85%) vergiyə cəlb edilmir. Tərtər, Ağcabədi və Yevlax rayonlarında bu göstərici 100% təşkil edir. Bələdiyyələrin 97,5%-i əmlak vergisinin yığılmasında yaranmış problemlərin əsas səbəbkarı kimi evlərin inventar dəyərinin olmamasını göstərirlər. (ƏLAVƏ 2)

Ekspertlər arasında aparılmış müsahibələrdə də evlərin inventar dəyərinin olmamasının vergi yığımına mənfi təsir göstərdiyi bildirilir. (ƏLAVƏ 3)



Evlərin inventarlaşdırılması probleminin həlli əmlak vergisi sahəsində icra vəziyyətinin düzələcəyinə tam əsas vermir. Çünki bələdiyyələr hətta inventar dəyərinə malik evlərdən vergi tuta bilmirlər. Bu problem daha çox kənd evlərində özünü qabarıq göstərir. Şəhər yerlərində paytaxt bələdiyyələrində vəziyyət nisbətən normal olsa da, Mingəçevir və Naftalan bələdiyyələrində ümumiyyətlə belə vergi yığılmır15.

Sorğu cavablarının təhlili göstərir ki, bələdiyyələrin 61,3%-i inventarlaşdırılmış evlərdən də əmlak vergisi yığa bilmirlər. Vergi yığan bələdiyyələr də yığım səviyyəsi 100% deyil. Məsələn, II Hacallı, Qaravəlli bələdiyyələri inventarladırılmış evlərin 80%-ni vergiyə cəlb edə bilir. Körpüqıran (63%), I Qaradəmirçi (54%), Seydimli (70%), Aşağı Qarxun (75%) bələdiyyələrində evlərin yarıdan çoxundan vergi tutulur. Alaçadırlı və Hacıqərvənd bələdiyyələrində vəziyyət bir qədər aşağıdır. Bu bələdiyyələrdə inventarlaşmış evlərin uyğun olaraq 30% və 40%-i vergiyə cəlb edilir. (ƏLAVƏ 2)

Bələdiyyələr vergi yığımında problem yaradan səbəblər qismində qanunvericilikdə boşluqların olmasını (82,5%), əhalinin maddi imkanlarının zəifliyini (77,5%), və maarifləndirmə işinin zəif olmasını (17,5%) göstərirlər. (ƏLAVƏ 2)
Qanunvericilikdə bələdiyyələrə inventar dəyəri olmayan evlərin qiymətləndirilməsi barədə qərar qəbul etmək hüququnu verən müddəa nəzərdə tutulsa da, bu hüquq digər qanunlarla ziddiyyət təşkil edir. Əvvəla, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 5.3.-cü maddəsində nəzərdə tutulduğu kimi, ərazidə yerləşən müvafiq əmlakın vergiqoyma məqsədləri üçün 3-5 ildə bir dəfədən çox olmamaq şərtilə qiymətləndirilməsi daha çox əmlakın bazar dəyərinin hesablanması mexanizminə əsaslanır. İkincisi, müstəqil qiymətləndirici tərəfindən vergitutma bazası üçün əmlakın inventar dəyərinin müəyyən edilməsinin hüquqi əsası yoxdur. Çünki qanunvericilik əmlakın inventar dəyərinin yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutur.

Evlərin inventar dəyərinin olmaması və qanunvericilikdəki boşluqlar bir tərəfdən bələdiyyələrin vergi yığmasını məhdudlaşdırır, digər tərəfdən bu qurumları qanunları pozmağa sövq edir. Bələdiyyələrin qanunsuz fəaliyyətinə aşağıdakıları aid etmək olar:



  • İnventar dəyəri olmayan evlər əmlak vergisinə cəlb edilir;

  • İnventar dəyəri olmayan evlər bələdiyyə qurumları tərəfindən qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq edilir.

  • Əmlak vergisi bələdiyyələrin özləri tərəfindən yox, müqavilə əsasında mənzil istismar sahələri tərəfindən yığılır

Qanunvericiliyinin təhlili, aparılmış sorğular, ictimai müzakirələr göstərir ki, fiziki şəxslərdən əmlak vergisinin yığılmasının mövcud mexanizmində xeyli çatışmazlıqlar var və bu mexanizmi təkmilləşdirmək üçün bir sıra addımlar həyata keçirilməlidir.
Alternativin mahiyyəti ondan ibarətdir ki, hökumət təcili olaraq dövlət büdcəsinin vəsaitləri hesabına fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın (evlərin) kütləvi inventarlaşmasını həyata keçirir.
Alternativin izahı:
Mövcud alternativin reallaşdırılması üçün hökumət tərəfindən aşağıdakı addımların atılması tələb olunur:

Evlərin kütləvi inventarlaşdırılmasına başlanır. Hökumət fiziki şəxslərin mülkiyyətində olan yaşayış evlərinin kütləvi inventarlaşdırılması barədə qərar qəbul edir və təcili olaraq bu prosesə başlayır. Evlərin inventarlaşdırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirilir. Bu prosesin əlavə xərc apardığını nəzərə alaraq dövlət büdcəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə zəruri həcmdə vəsait ayrılır.

Evlərin inventar dəyəri müəyyənləşdirildikdən sonra məlumat bazası müvafiq bələdiyyələrə təqdim edilir. Bələdiyyələr həmin məlumatlar əsasında konkret ev üzrə əmlak vergisinin məbləğini hesablayır və vətəndaşlara vergi bildirişi göndərir.

Mərkəzi Aran regionunun bələdiyyələri arasında aparılmış sorğunun nəticələri göstərir ki, bələdiyyə ərazisində bütün evlər inventarlaşacağı təqdirdə əmlak vergisinin mümkün həcmi xeyli arta bilər. Bələdiyyələrin cavablarında aydın olur ki, əgər inventarlaşma prosesi həyata keçirilərsə, bu halda sorğu aparılmış ərazidə əmlak vergisi üzrə daxilolmaların həcmi 23 dəfəyədək arta bilər. (ƏLAVƏ 2)



Alternativin tətbiqinin üstünlükləri və çatışmazlıqları
Bu alternativin tətbiqi aşağıdakı üstünlüklərə malikdir:


  • Daşınmaz Əmlakının Dövlət Reyestrində qeydiyyata düşən evlərin eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən inventar dəyəri müəyyən olunur. Bu halda bələdiyyələri əlavə xərclərdən azad edəcək.

  • Yerli büdcələrin vergi gəlirləri, o cümlədən fiziki şəxslərdən əmlak vergisi üzrə daxilolmaları əhəmiyyətli dərəcədə artır və bu da yerli özünüidarə qurumlarının maliyyə potensialını gücləndirir.

  • İnventar dəyəri fiziki şəxslərdən əmlak vergisi üzrə hesablanmış vergi məbləğinin aşağı olmasını təmin edir. Bu isə vergiödəyicilərinin, xüsusilə də kənd yerlərində yaşayan və maddi imkanları zəif olan əhalinin vergi yükünü azaldır.

Bu alternativin tətbiqi aşağıdakı çatışmazlıqlara malikdir:


  • Əmlak vergisinin vergi bazasının əmlakın inventar dəyəri əsasında hesablanması mexanizmi vergilərin ədalətli olması prinsipini pozur. Paytaxtın mərkəzində yerləşən evlə ucqar kənddə yerləşən oxşar evin eyni həcmdə vergi verməsi sosial ədalətlilik baxımından vergiödəyiciləri arasında ayrıseçkilik salır.

  • Evlərin inventar dəyəri aşağı olduğundan yığılan vergi ödənişinin həcmi həddindən azdır.

  • İnflyasiya səviyyəsi ilə inventar dəyəri arasında asılılıq yoxdur. Tikinti materiallarının bahalaşması, milli valyutanın dəyərsizləşməsi evin inventar dəyərində əksini tapmır.

Alternativ 2. Fiziki şəxslərin əmlakının bazar dəyəri əsasında vergiyə cəlb olunması
Azərbaycanda fiziki şəxslərin daşınmaz əmlakının vergiyə cəlb olunmasının ən ciddi problemi odur ki, vergitutma bazası ilə əmlakın bazar dəyəri arasında hər hansı formada əlaqə yoxdur. Odur ki, təklif olunan alternativ fiziki şəxslərin mülkiyyətində olan bina və tikili qismində əmlakın bazar dəyəri əsasında qiymətləndirilməsini və vergiyə cəlb olunmasını nəzərdə tutur. Vergitutma məqsədilə müəyyən olunan bazar dəyəri rəqabətli və açıq bazarda ədalətli satışın bütün şərtlərinin təmin olunduğu şəraitdə vergi tutulan obyektin ehtimal olunan ən real qiymətidir. Burada «ədalətli satış şərtləri» dedikdə, satışın dəyərinə qeyri-bazar faktorlarının təsirinin istisna edildiyi, həmçinin alıcı və satıcının əmlakın bazar dəyərilə bağlı eyni dərəcədə məlumatlı olduğu şərait nəzərdə tutulur. Məsələn, Litvada «əmlakın vergi dəyəri» anlayışından istifadə olunur. «Əmlak vergisi haqqında» 7 iyun 2005-ci ildə qəbul olunmuş qanuna görə, daşınmaz əmlakın orta bazar dəyəri onun vergi tutulan dəyəri (vergitutma bazası) hesab edilir. Qanunun 6-cı maddəsinə əsasən, əmlak vergisinin dərəcəsi vergi tutulan dəyərin 1%-i həcmində müəyyən olunub. Adıçəkilən qanunun 9-cu maddəsinə görə, fiziki şəxslərin əmlakı 2 qrup üzrə təsnifləşdirilərək vergiyə cəlb edilir: kommersiya məqsədli əmlak və yaşayış fondu16.

Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, fiziki şəxslərin daşınmaz əmlakının bazar dəyərinə uyğun vergiyə cəlbi, ilk növbədə, aşağıdakı mexanizmlərin formalaşdırılmasını tələb edir:


1) Fiskal kadastr (buna əmlak reyestri də deyilir) yaradılmalıdır. Bu, vergitutma məqsədləri ilə mülkiyyət obyektlərinin reyestrinin yaradılmasını nəzərdə tutur. Əmlak reyestri mülkiyyətin texniki, iqtisadi və hüquqi xarakteristikasına dair məlumatlar toplusudur və bir qayda olaraq reyestrdə aşağıdakı məlumatlar əks etdirilir:


  • Mülkiyyət obyektlərinin növləri;

  • Mülkiyyət obyektlərinin fiziki xarakteristikası;

  • Mülkiyyət obyektlərinin faktiki istifadə vəziyyəti;

  • Mülkiyyət obyektlərinin dəyəri haqda informasiyalar.

Bu məlumatları yerləşdirmək üçün hər bir mülkiyyət obyekti üçün kadastr nömrəsi açılmalı və həmin informasiyalar kadastr nömrəsinə daxil edilməlidir.

1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə