İnvestisiya, onun mahiyyəti, fəaliyyət mərhələləri və layihələrin əhatə dairəsi




Yüklə 1.1 Mb.
səhifə1/11
tarix09.03.2016
ölçüsü1.1 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


Mövzu 1.

İnvestisiya, onun mahiyyəti, fəaliyyət mərhələləri və layihələrin əhatə dairəsi ” .

Suallar:

GİRİŞ

1. İnvestisiya anlayışı , mahiyyəti və məqsədi.

2. İnvestisiya qoyuluşu layihələrinin mahiyyəti və onun reallaşdırılması mərhələləri.

3.İqtisadıyyatın investisiya təminatının nəzəri aspektləri.

4. Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının qanunu.

5.İqtisadiyyatın investisiya təminatının nəzəri aspektləri.


Ölkə iqtisadi cəhətdən nə qədər güclü və nə qədər geniş maliyyə imkanına malik olursa olsun, dövlət öz iqtisadiyyatına investisiya qoyuluşu layihələrinin hamısını eyni vaxxtda maliyyələşdirmək və onu reallaşdırmaq imkanına malik deyil. Buna görə də ölkədə olan hər bir infrastruktur sahələri mövcud maliyyə mənbələrindən istifadə edərək, təklif edilmiş layihələr arasından birini seçməyə, onları əhəmiyyətlilik dərəcəsinə görə sıraya qoymağa və bəzi layihələrdən bir müddət də olsa əl çəkməyə və ya onu dayandırmağa məcburdur.

Belə ki, ölkənin infrastruktur sahələri üzrə layihələrin tətbiqi prosesində dövlət və ya sahibkar müxtəlif üsul və kriteriyalardan istifadə edərək investisiya layihələrinin qiymətləndirilməsini aparmalıdır.

Bu səbəbdən iqtisadiyyatın ayrı – ayrı sahələrinə istiqamətləndirilmiş layihələrdən optimal olanını seçmək zəruriyyəti investisiya lahihələrinin idarə edilməsi probleminin həllini aktual etmişdir.

Əgər bu mülahizələri büdcə yönümlü respublika iqtisadiyyatı üzərində aparsaq, bu problemin əhəmiyyəti daha çox diqqət mərkəzində durar.

Digər tərəfdən isə, investisiya layihələrinin balanslı idarə edilməsi mexanizmlərindən inkişaf etmiş ölkələr (İEÖ) istifadə etmiş və müsbət nəticələr əldə etmişdir.

Lakin bazar münasibətlərinin yenicə formalaşdığı respublikamızda investisiya layihələrinin idarə edilməsi problemləri lazımi səviyyədə öyrənilməyib. Bunun əsas səbəbi isə investisiya qoyuluşu layihələrinin həyata keçirilməsində iqtisadi metodlardan daha çox, inzibati metodlardan istifadə edilmişdir.

Buna görə də, respublikamızda investisiya qoyuluşu layihələrinin idarə edilməsi mərhələlərinin müəyyənləşdirilməsi, bütövlükdə isə onun idarə edilməsi modelinin müəyyənləşdirilməsi aktual problem kimi qarşıya qoyulmuşdur.

Məhz bunun nəticəsidir ki, respublikamızda ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən radikal iqtisadi islahatlar həyata keçirilmişdir. Belə ki, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” və bir sıra digər qanun və qanunvericilik aktlarının qəbul edilməsi, nəticədə respublikada investisiya fəaliyyətinin geniş vüsət almasına şərait yaratmışdır.

Bütün bunların nəticəsidir ki, 2007–ci ildə dövlət büdcəsinin vəsaiti hesabına dövlət 1mlrd. 904min manat məbləğində kapital qoyuluşları həyata keçirib ki, bu da 2006–cı ildəki göstəricidən 2,16 dəfə çoxdur. 2007 – ci ildə dövlət kapital qoyuluşları çərçivəsində infrastruktur layihələrin reallaşmasına 863,4min.manat yönəldib. Bu vəsaitlər Bakı Beynəlxalq Hava Limanına qədər olan avtomobil yolunun yenidən qurulmasına (19mln.manat), Hacıqabul – Kürdəmir avtomobil yolunun yenidən qurulmasına (26min.manat), Bakıda avtomobil yollarının yenidən qurulmasına (26min.manat), Muğanlı – İsmayıllı – Qəbələ avtomobil yollarının yenidən qurulmasına (16min.manat), qalanları isə digər layihələrə istifadə olunub. 2006–cı ildə sosial sahələrə yönəldilmiş dövlət qoyuluşlarının həcmi 382min.manat olmuşdur ki, bunun 93min.manatı təhsil obyektlərinin inkişafına, 59,4min.manatı səhiyyə obyektlərinin tikinti və təmirinə, 26,1min.manatı Bakı qəsəbələrinin sosial – iqtisadi inkişafının təminatına, 67,5min.manatı mədəniyyət obyektlərinin inşası və təmirinə, 57,3min.manatı isə idman obyektlərinin inkişafına yönəldilib.

2007–ci ildə meliorasiya və irriqasiya sahəsində inkişaf strukturun yaxşılaşdırılmasına dövlət büdcəsindən 134,6min.manat, elektrik təchizatının yaxşılaşdırılmasına 111min.manat vəsait yönəldilib. Digər kapital qoyuluşları isə fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılmasına, azad edilmiş ərazilərin bərpasına və digər sahələrə yönəldilib.

Bununla yanaşı respublikamızın geostrateji mövqeyinin əlverişliliyi, onun təbii sərvətlərlə zənginliyi 1995 – 2006-cı illər ərzində ölkə üzrə qoyulan investisiyaların ümumi həcminin artımına səbəb olmuşdur.

Belə ki, 1995 – ci illə müqayisədə, 2006 – cı ildə respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 27,4 dəfə artaraq, 6234,5minyon manata çatmışdır. Bunun nəticəsidir ki, 2006 – cı il üzrə qoyulmuş investisiyalar ölkədə yaradılmış ÜDM – in 34,6%-ni təşkil edir.

Lakin, bu illərdə xarici investisiyaların artım tempi daxili investisiyaların artım tempini geridə qoymuşdur. Yəni, xarici investisiyalar 42 dəfə, daxili investisiyalar isə 19dəfə artmışdır. Adambaşına investisiya qoyuluşunun həcmi 1995 – ci ildə 30manat olduğu halda, 2006 – cı ildə bu rəqəm 24,4 dəfə artaraq 731manata çatmışdır ki, Azərbaycan Respublikası bütün MDB məkanında xarici investisiyaların artım tempinə, həmçinin adambaşına düşən investisiyaların həcminə görə qabaqcıl yerdə durur. Bununla yanaşı investisiyaların sahə quruluşuna diqqət yetirsək, respublika üzrə ümumi investisiya qoyuluşlarında disprorarsiyalıq olduğunu görərik. Belə ki, 2006 – cı ildə sənaye sahəsinə investisiya qoyuluşları 1995 – ci illə müqayisədə 41 dəfə artaraq, 4294,5 mln.manata çatmışdır. 2006 – cı ildə sənaye sektoruna qoyulan investisiyaların ümumi investisiyaların tərkibində xüsusi çəkisi 69% təşkil etmişdir. Sənaye sahəsinə qoyulmuş investisiyaların 79%-i hasilat sənayesinin payına düşmüşdür.

Aqrar sektor üzrə investisiya qoyuluşunun həcmi təqribən 13 dəfə artaraq 2006 – cı ildə 58,3mln.manata çatmışdır. Bu işlər istər ölkə, istərsə də sənaye üzrə müvafiq göstəricilərdən dəfələrlə azdır. Ölkənin sosial – iqtisadi inkişafında mühüm rola malik olan səhiyyə, təhsil, digər sosial və fərdi xidmətlər sektoruna yönəldilmiş investisiyaların xüsusi çəkisi isə 4,3% olmuşdur. Göründüyü kimi iqtisadiyyata yönəldilmiş xarici investisiyaların təxminən 76%-i neft sektoruna, 24%-i isə digər sahələrə yönəldilmişdir. Xarici kapitalın neft sektoruna axını özlüyündə mənfi bir hal kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının formalaşması və onun, böhran vəziyyətindən çıxarmanın ilkin mərhələlərində neft sektoruna üstünlük verilməsi respublikanın milli iqtisadi – siyasi maraqlarına cavab verirdisə, bu siyasətin uzun müddət üçün davam etdirilməsi məqsədəuyğun sayıla bilməz. Gələcəkdə belə bir siyasətin aparılması ölkənin iqtisadi tərəqqisinin sənaye və maliyyə potensialının yalnız bir sahədən – neft sektorunun inkişafından asılı vəziyyətə salmış olar ki, bu da məqbul hesab edilə bilməz. Buna görə də, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi əvvəlcədən işlənib hazırlanmış xüsusi proqramın əsasında həyata keçirilmişdir. Bu proqramda daxili maliyyə hesabına mümkün olmayan sahələrə xarici kapitalın cəlb edilməsi ilə yanaşı, xarici bazarın qorunmasına yönəldilmiş məhdudlaşdırıcı mexanizmlər də nəzərdə tutulmalıdır.

Deməli, respublika iqtisadiyyatının büdcə və qeyri büdcə xarakterli infrastruktur sahələrinə xarici və daxili kapitalın cəlb olunması və onların hesabına struktur dəyişikliklərin həyata keçirilməsi, iqtisadiyyatın inkişaf edilməsində xarici investisiyalı birgə müəssisələrin yaradılması və inkişaf edilməsi ölkədə investisiya layihələrinin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini aktual problem kimi qarşıya qoyur.

Ölkə iqtisadiyyatında investisiya layihələrinin idarı edilməsi mexanizmlərinin təkmilləşdirilməsi onun kompleks və sistemli inkişafına gətirib çıxarar. Bu isə ölkə iqtisadiyyatında aparılan balanslaşdırma siyasətinin həyata keçirilməsini, iqtisadi inkişaf strategiyasını və sellektiv struktur – sənaye siyasətinin həyata keçirilməsini sürətləndirər və makrosəviyyədə prioritet sahələrə yönəldilən investisiya qoyuluşu problemlərini həll etmiş olar.

Buna görə də, investisiya layihələrinin idarə edilməsinin nəzəri – metodiki əsaslarının araşdırılması, onun idarə edilməsi prinsiplərinin, funksiyalarının, kriteriyalarının, metodlarının, strateji istiqamətlərinin elmi cəhətdən əsaslandırılması əsas ana xətti təşkil edir.

Bütün bunlar sahələrində innovasiya – yeniliketmə və ya yenilik tətbiqi üzrə tədbirlər istehsal amillərindən biri olan əsas istehsal fondları vasitəsilə, daha doğrusu, onun texniki parametrlərinin təkmilləşdirilməsi vasitəsilə reallaşdırılır. Bu təkmilləşdirmələr müasir dövrdə iki istiqamətdə həyata keçirilir:



  • Texnoloji təkmilləşdirmələr istiqamətində yeniliketmə. Bu istiqamət istehsalın texnologiyasında onun tərkibini təşkil edən texnikanı yeni texnoloji istehsal üsulunun qoyduğu tələblərə uyğunlaşdırmaq, təkmilləşdirmək və tətbiq etmək tədbirləri, investisiyanın yeniliketmə məsələlərini əhatə edir

  • Yeni məhsulun istehsalı istiqamətində yeniliketmə. Yeniliketmələr elm və texnikanın nailiyyətlərinə söykənməklə bazar münasibətləri şəraitində istehlakçıların tələbatını ödəmək məqsədilə yeni əmək məhsullarını təklif etmək üzrə tədbirlərdir.

Yuxarıda göstərilən istiqamətlər sənaye müəssisələrində innovasiya tədbirlərinin həyata keçirilməsini və onun idarə edilməsini zəruri edir.

Son dövrdə respublikamızın bazar iqtisadiyyatı inkişaf yolunu seçməsi ilə əlaqədar tez – tez investisiya, investisiya fəaliyyəti, investisiya obyekti kimi sözlər işlənməyə başlanmışdır. Bunların geniş şərhi “İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nda öz əksini tapmışdır.

Əsas fondların istehsal qoyuluşları və bununla əlaqədar dövriyyə kapitalının dəyişilməsi kapital qoyuluşudur və öz növbəsində bu yeni tikinti ilə əlaqədar yenidənqurma,genişləndirmə, fəaliyyətdə olan sənaye sahəsinin, kənd təsərrüfatının, nəqliyyat, ticarət və başqa müəssisələrin yenidən silahlandırılması, yaşayış və mədəni – məişət tikintilərinə çəkilən xərcləri nəzərdə tutur.

Yeni tikinti dedikdə yeni müəssisələrin, bina və qurğuların xüsusi layihə üzrə yeni inşaat meydançalarında tikilməsi nəzərdə tutulur.

Yenidənqurma dedikdə fəaliyyət göstərən müəssisədə mənəvi və fiziki köhnəlmiş avadanlıqların yeniləşdirilməsi, istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması və qismən də köhnə sex əvəzinə yenisinin tikilməsi nəzərdə tutulur.

Genişləndirmə dedikdə fəaliyyətdə olan müəssisənin tamkompleks hala düşməsi üçün növbəti istehsal sahələrinin tikintisi və ya köməkçi, xidmətedici istehsalın və əsas sexlərin genişləndirilməsi nəzərdə tutulur.

Yenidən silahlanma dedikdə ayrı – ayrı istehsal sahələrinin texniki səviyyəsini qaldırmaq üçün kompleks tədbirlər – yeni texnika və texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirmə və avtomatlaşdırması, istehsalın təşkilinin və quruluşunun, məhsulun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəzərdə tutulur.

Kapital qoyuluşuna bütün növlərdən olan tikinti işlərinə avadanlıqların alınmasına, onların daşınmasına, quraşdırılmasına, alət və təsərrüfat əşyalarına, maşınların alınmasına və sair əsaslı işlərə çəkilən xərclər aiddir.

Kapital qoyuluşu investisiyanın bir hissəsi kimi iqtisadi mənada investisiya adlana bilər. İnvestisiyanın reallaşdırılması istiqamətində atılan praktik addımlara investisiya fəaliyyəti, onunla məşğul olan şəxsi isə investor adlandırmaq qəbul olunmuşdur.

İnvestisiya fəaliyyəti investorun şəxsi maliyyə resursları, istiqraz vərəqləri, cəlb olunmuş maliyyə vəsaitləri və büdcədən ayırmalar hesabına həyata keçə bilər.

Beynəlxalq təcrübədə müəssisənin inkişaf planı biznes – plan formasında tərtib olunur. Bu planı həm də müəssisənin inkişafının layihəsi kimi başa düşmək lazımdır. Əgər layihə investisiya qoyuluşu tələb edirsə buna investisiya layihəsi deyilir. Layihələrin əksəriyyəti investisiya qoyuluşu tələb edir. Layihənin özü fəaliyyət haqqında xüsusi formada işlənmiş təklif və ya ideyadır.

Layihələr taktiki və strateji olurlar. Taktiki layihələr məhsulun həcminin artırılmasını, keyfiyyətinin yüksəldilməsini, avadanlıqların modernləşdirilməsini nəzərdə tutur. Strateji layihələrə mülkiyyət formasının, istehsalın köklü dəyişilməsi və s. aiddir.



Hər hansı layihə ilə əlaqədar olan investisiya fəaliyyətini aşağıdakı mərhələlərə bölmək olar.

  • İdeyanın formalaşdırılması. Bu mərhələdə müəssisə rəhbərliyi mövcud vəziyyəti təhlil edərək müəssisənin prioritet inkişaf istiqamətlərini təyin edir. Təhlilin nəticəsi biznes – ideya şəklində yazılır və müəssisənin mühüm məsələlər sırasına daxil edir.

  • Layihənin işlənməsi. Biznes – ideya ilk yoxlama mərhələsini keçdikdən sonra onun qəbul olunub olunmaması haqqında qəti qərar verməkdən ötrü bütün detallar, informasiyalar dəqiqləşdirilir və layihə işlənir.

  • Layihənin ekspertizası. Layihə həyata keçirilməzdən qabaq ekspertiza edilir. Bu mərhələ daha da məsuliyyətli olub bəzən çoxlu miqdarda pul tələb edir. Sonradan külli miqdarda pul vəsaiti itirməkdənsə bu mərhələdə ekspertizaya nisbətən az pul sərf etmək daha məqsədəuyğun sayılır. Əgər layihə strateji investor tərəfindən maliyyələşdiriləcəksə ekspertizanı investor özü (qlobal layihələrdə çox vaxt məsləhətçi firmalar və ya sərbəst ekspertlər cəlb edirlər) həyata keçirir.

  • Layihənin həyata keçirilməsi. Bu mərhələ biznes – ideyanın tam surətdə həyata keçirilməsini əhatə edir. Mərhələnin əsasını investor tərəfindən əməli işlərin layihədə yazıldığı kimi yerinə yetirilməsinə, layihədən əldə olunan pul daxilolmalarının ilkin investisiya qoyuluşunu ödəyə bilməsinə nəzarət təşkil edir.

  • Nəticələrin qiymətləndirilməsi. Bu mərhələ həmişə, istər layihə həyata keçirildiyi müddətdə, istərsə də o qurtardıqdan sonra nəzərdə tutulan nəzərdə tutulan göstəricilərlə faktiki göstəriciləri müqayisə etməklə həyata keçirilir. Belə bir müqayisə qiymətsiz informasiya olub böyük təcrübə toplamaq üçün vacibdir.

İndiyə qədər işlənmiş layihələrin təhlili göstərir ki, investisiya layihələri əsasən 6 istiqaməti əhatə edir:

  • Köhnə avadanlıqların növbəti dəyişdirilməsi. Bu növ layihələr dərin təhlil tələb etməyib məhsuldarlıq və qiymət baximindan bir neçə variantı müqayisə edib onlardan birinin üstünlüyünü əsaslandırır.

  • Köhnə avadanlıqların cari xərcləri azaltmaq məqsədilə dəyişdirilməsi. Bu növ layihələr bir qədər dərin texniki – iqtisadi və maliyyə təhlili tələb edir.

  • Məhsul satışının çoxaldılması və ya satış bazarının genişləndirilməsi.

  • Ekoloji durumu nəzərə almağı tələb edən layihələr. Layihənin həyata keçirilməsi ərazidə ekoloji mühitə təsirlə bağlıdırsa onda mütləq ekoloji təhlil tələb olunur. Belə layihələrin iqtisadi əsaslandırılmasından əlavə ekoloji əsaslandırılması da işlənir. Bəzən layihənin ekoloji əsaslandırılması onun qiymətini bir neçə dəfə artırır ki, bu da əlavə tədbirlərin görülməsi, modernləşdirilmiş bahalı avadanlıqların əldə edilməsi ilə əlaqədar olur.

  • Digər layihələr. Belə layihələr cari xarakter daşıyıb müəssisənin əsas fəaliyyətinə bir o qədər də təsir etmir. Ofis binasının icarəsi, təmiri, genişləndirilməsi, xidməti avtomobil alınması və s. belə layihələrdəndir.

İnvestisiyanın təhlili çoxtərəflidir. Onların bəzi istiqamətləri aşağıdakılardır:

  • Firmanın fəallığını xarakterizə etmək üçün inflyasiyadan təmizlənmiş investisiyanın dinamikası;

  • İnvestisiyanın quruluşunun təhlili. Buraya investisiyanın hansı sənaye sahələrinə cəlb olunmasının, onların coğrafiyasının, yeni tikililərin, sənayenin yenidən silahlanmasının, rekonstruksiyasının, bitməmiş tikintinin xüsusi çəkisinin, passiv və aktiv investisiyaların nisbətinin təhlili aiddir.

Xarici investorlar dedikdə xarici hüquqi və fiziki şəxslər – yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydəalınmış xarici, Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayanlar, xarici dövlətlər və beynəlxalq təşkilatlar nəzərdə tutulur. Xarici investorlara Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yaratdıqları müəssisə və təşkilatlarda payçı, özlərinə məxsus müəssisə yaratmaq, əmlak, torpaq və başqa təbii ehtiyatlardan istifadə etmək kimi hüquqlar verilir.

15 yanvar 1992 – ci ildə qəbul edilmiş, 57 saylı bu qanun sonralar – 7 aprel 1992 – ci il və 5 noyabr 1996 – cı illərdə ona əlavə və dəyişikliklər edilmişdir. Qanun Azərbaycan Respublikasının ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini müəyyən edir, xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəldilmişdir və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir.

Bu qanun Azərbaycan Respublikasının başqa qanunvericilik aktları və beynəlxalq müqavilələrlə nizamlanır.

Dövlətsizləşdirmədə və özəlləşdirmədə xarici investorların iştirakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş şərtlər və qaydalar əsasında mümkündür. Qanunda xarici investisiyalı müəssisələrin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmamış, lakin bəzi hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun icazə (lisenziya) ilə istənilən fəaliyyət növü ilə ölkənin müdafiəsi və milli təhlükəsizliyi baxımından ərazi məhdudiyyətləri çərçivəsində məşğul ola bilmələri xüsusi qeyd olunur. Bu işdə investisiya fəaliyyətinin əlaqələndirilməsi funksiyasını Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir.

Xarici investisiyanın hüquqi müdafiəsi funksiyasını isə Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələr yerinə yetirir.

İdarəçilik elmində isə kapital (investisiya) qoyuluşu, fondların qoyulduğu və istifadə olunduğu vasitələr olaraq ifadə edilir. Digər tərəfdən isə bəzi müəssisə idarəçiləri kapital qoyuluşunu müəssisə balansının aktivində yer alan vəsaitlərin cəmi kimi göstərsələr də, bunun yanında pulun başqa bir istehsal faktoruna çevrilməsi kimi qəbul edənlər də mövcuddur. Digər istifadəçilər isə bu təriflərdən başqa bütün investisiya qərarlarını kapital olaraq görürlər. Fərdlər üçün isə investisiya qoyuluşu gəlir əldə etmək və ya məhsuldarlıq əldə etmək məqsədilə qənaətlərin istifadə olunması mənasını daşıyır.

İnvestisiya qoyuluşu layihəsinin reallaşdırılması aşağıdakı mərhələlərdən ibarətdir:


  1. Bu mərhələdə investisiya qoyuluşu fikri meydana çıxır. Bu fikir hər hansı investorun (sahibkarın) zehnində istər mövcud bir müəssisədə, istərsə də dövlət təşkilatlarında meydana gələ bilər.

  2. Bu mərhələ müxtəlif investisiya qoyuluşu sahələrinin araşdırılması nəticəsində ən uyğun olanının və ya müəssisə növünün seçilməsi mərhələsidir. Bu mərhələdə istehsal sahəsinin hansı formada inşa ediləcəyinə və ya kapital qoyuluşunun hansı məhsulların istehsalı ilə bağlı olacağına qərar verilir.

İnvestisiya qoyuluşu qərarları müxtəlif növ məhsulları və fəaliyyətləri əhatə edir. Misal olaraq, ayaqqabı fabriki, ipək fabriki, avtomobil zavodu, elektrik qurğuları, suvarma sistemləri layihələri göstərilə bilər.

  1. Bu mərhələ ikinci mərhələyə görə seçilən layihənin hazırlanması və ya “meydana gətirmə çalışmalarının” hazırlanmasıdır. Meydana gətirilmə çalışmaları son (dəqiq) layihənin hazırlanmasına başlamadan əvvəl aparılan iqtisadi, texniki və maliyyə tədqiqatlarıdır. Bu tədqiqatları araşdıraq.


İqtisadi araşdırma aşağıdakıları nəzərdə tutur:

  1. Tələbin təxmini və bazar araşdırması;

  2. Müəssisənin inşa yerinin təyin olunması;

  3. Müəssisənin imkanlarının və ölçüsünün təyini;

  4. Layihənin iqtisadi səmərəliliyinin təyin edilməsi və meydana gələcək müəssisənin gəlir və məsrəf və ya maya dəyərinin hesablanması.

Texniki araşdırma isə fəaliyyət sahələrinin və fiziki yerləşmə planlarının hazırlanması, hansı texnoloji layihənin istifadə olunacağı, neçə və nə qədər maşın və avadanlıq alınacağı və bunların maya dəyəri, fabrik binaları, köməkçi binalar və bazis sistemlərinin inşası üçün görüləcək işlər texniki mütəxəssislər vasitəsilə aparılır. Bu funksiyalar daha çox texniki mütəxəssis və mühəndisləri maraqlandırır.

Maliyyə araşdırması ilə layihə üçün lazımi daxili və xarici mənbə fondlarının neçə və hansı şəkildə təmin ediləcəyi, müəssisənin istehsal maya dəyərinin nə qədər (optimal) fayda (gəlir) əldə etmək məqsədi ilə hazırlanan bir plan olaraq səciyyələndirilir. Bu tərifdən aydın olur ki, iqtisadi məqsəd daşıyan hər növ fəaliyyətə layihə mənası verilə bilər. Ona görə də bu tərifə mütləq məhdudiyyətlik şərtləri aşağıdakılardır:

  1. İnvestisiya qoyuluşu layihə ilə müəyyən və uzun ömürlü bir imkan yaratmalıdır.

  2. İqtisadiyyatdan fiziki, vasitələr xammal, işçi qüvvəsi, sərmayə kimi vasitələr almalıdır.

  3. Daxili və xarici iqtisadi sahələrə əmtəə və xidmət təklif etməlidir.

Yuxarıda göstərilən məhdudiyyətin şərtlərini yerinə yetirən yeni bir firma və ya müəssisənin inşa edilməsi, mövcud olan bir müəssisənin imkanlarının artırılması ilə əlaqəli bütün fəaliyyətlər investisiya (kapital) qoyuluşu tərifinin əhatə dairəsidir.

Bazar sisteminin inkişafının müxtəlif sahələrində müxtəlif ölkələrdə meydana çıxan iqtisadi nəzəriyyələrdə ölkənin investisiya təminatına və onu tənzimləyən vasitələrə həmin ölkələrin iqtisadi durumundan asılı olaraq baxılır. Monoqrafiyada iqtisadi nəzəriyyənin klassik, neoklassik, instituonalizm, keynsçilik, monetarizm, neoliberalizm və təklifin iqtisadiyyat adlı istiqamətləri iqtisadiyyatın investisiya təminatı baxımından tədqiq edilir. Bu araşdırmalarda əsas məqsəd keçid iqtisadiyyatlı Azərbaycanın XXI əsrin əvvəlinə formalaşmış iqtisadi durumunun bazasında sonrakı illərdə iqtisadi artımı və onun investisiya təminatını tənzimləyə bilən iqtisadi nəzəriyyələrdən hansının əsas götürülməsi və ya müddəalarından istifadə edilməsinin zəruriliyini əsaslandırmaqdır.

İqtisadi nəzəriyyə elmi biliklərin xüsusi sahəsi kimi feodalizmin dağılması və kapitalizmin inkişaf etdiyi dövrdə meydana çıxmışdır. Bazar münasibətlərinin klassik iqtisadi nəzəriyyəsinin nümayəndələrindən olan inglis Uilyam Pettinin, fransız Fransua Kenenin, şotlandiyalı Adam Smitin, inglis sahibkarı David Rikardonun fikrincə, bazar iqtisadi sistemində məcmu tələbi doğuran məcmu təklifdir, məcmu tələbin dəyişməsi istehsalın həcminə və əhalinin məşğulluğuna təsir etmir. Məcmu tələb ancaq qiymətlər vasitəsi ilə işçilərin əmək haqqına təsir edir. Bu alimlər təsərrüfat subyektlərinin fəaliyyətinə dövlətin müdaxiləsini istisna edirlər. Neoklassiklərdən Alfred Marşalın, Artur Piqunun və başqalarının diqqət mərkəzində insan tələbatının təmin edilməsi durur. Onlar maddi nemətlərin (mal və xidmətlər) istehlak dəyərini (yararlılığını) və istehlakçıların tələbatını ön plana çəkirlər. Neoklassiklərin fikrincə, iqtisadi inkişaf xaricdən gələn kömək üzərində gələn, daxili resurslar üzərində qurulmalıdır və iş adamlarının roluna yüksək qiymət verilməlidir. Alfred Marşalın əsas ideyası tələb və təklifi bazarda baş verən proseslərin aparıcı qüvvəsi hesab etməkdən və onların qarşılıqlı təsiri probleminin öyrənilməsindən ibarət olmuşdur. Neoklassik nəzəriyyəyə daxil olan Kobba – Duqlas modeli də (model onun yaradıcılarının adı ilə adlanır) istehsal faktorlarından əməyin və kapitalın qarşılıqlı təsirini və qarşılıqlı əvəz etməsini əks etdirir. Bu modelin əsasında minimum xərclə maksimum məhsul istehsal etmək üçün əməyin və kapitalın hansı kombinasiyada götürülməsi durur. Məhsul istehsalı əsas kapitalın və istifadə olunmuş əməyin artımı ilə düz mütənasib şəkildə qəbul edilir. Neoklassik R.Solounun verdiyi modellərdən biri qənaətin, kapital yığımının və iqtisadi artımın qarşılıqlı əlaqəsini əks etdirir. Bu modelə görə milli gəlirin eyni artımı ya kapital qoyuluşunun, ya da əməkdən istifadənin genişləndirilməsi hesabına əldə edilə bilər. R.Solounun modelində istehsalın həcmi (Q) investisiyalarla (L) və istehlakla (C) müəyyən edilir. Ancaq onun modeli iqtisadiyyatın qapalı xarakter daşımasına və dünya bazarından təcrid olunmasına əsaslanır. Milli investisiyaların ümumi milli qənaətə və ya ümumi yığımın həcminə (S) vərabər olması (r) şərti qəbul edilir. Modeldə istehsalın həcminin fondla silahlanma göstəricisindən, fondla silahlanmanın investisiyalardan, investisiyaların isə ümumi yığım normasından asılılığı qeyd edilir. Ümumi yığım norması ümumi yığımın yaranmış məhsula, yəni ümumi daxili məhsula nisbəti əsasında hesablanır. Ümumi yğım norması, onun fikrincə, öz növbəsində məhsulun qənaətlərə və istehlaka bölgüsünü müəyyən edir. Yığım normasının artması ilə investisiyalar artır və əsas kapitalın silinməsindən çox olur, istehsal fondları artır. Bununla da iqtisadi artımın sürətləndirilməsi yığım normasından asılı olur.

Təsərrüfat fəaliyyətinə təsir edən bütün şərtlərin və amillərin (hüquqi, sosial, psixoloji, siyasi) kompleks halında nəzərə alınmasının vacib olduğunu əsas tutan institualistlər hesab edirlər ki, dövlət idarə etmə qaydaları bazar qiymətləri mexanizmlərindən daha çox üstünlüyə malikdirlər. Onlar sosial problemlərin daha dolğun həll edilməsini təklif edirlər. Məşğulluğun təminatı məsələsini əmək haqqının səviyyəsi məsələsindən üstün tuturlar. İşsizlik problemini struktur disbalansın nəticəsi kimi qiymətləndirirlər. D.Kelbreytin fikrincə, resursların bölüşdürülməsində bazar heç də universal deyil. İnstitusional nəzəriyyənin yaradıcılarından biri Nobel mükafatı laureatı K.Murdal planlaşdırma ideyasına çox diqqətlə yanaşmışdır. Planlaşdırma inkişaf edən ölkələrdə ictimai inkişafın həlledici amili kimi qiymətləndirilmişdir. Bu ölkələrdə, xüsusilə Asiya ölkələrində iqtisadiyyatda əldə olunan nailiyyətlərə məhz dövlət tərəfindən uğurlu planlaşdırmanın nəticəsi kimi qiymət verilmişdir. K.Murdalın fikricə, əhalinin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşması ilə səciyyələnməyən artıma böyük hərflə inkişaf demək olmaz. K.Murdala görə inkişaf cəmiyyətin bütün üzvlərinin əsas tələbatlarının ödənilməsi səviyyəsinin artması kimi başa düşülür. “İqtisadi, sosial və struktur halların qarşılıqlı əlaqələrinin təhlili” kitabına görə K.Murdal 1974 – cü ildə Nobel mükafatı almışdır.



Tanınmış iqtisadi nəzəriyyə məktəblərindən biri olan Keynsçilik (inglis iqtisadçısı C.M.Keyns) təkcə İngiltərədə və ABŞ – da yox, Qərbdə də iqtisadiyyatı tənzimləmək məqsədilə iqtisadi proqramlarda, praktiki tədbirlərdə və iqtisadi siyasətdə istifadə olunmuşdur. O dövrdə ABŞ – da elə metodların tapılması tələb olunurdu ki, onların köməyi ilə məcmu tələbin artımı və kütləvi işsizliyin aradan qaldırılması üçün zəruri şərait yaradılsın. C.Keyns klassiklərin əksinə olaraq məcmu tələbin məcmu təklifi doğurduğunu qəbul edir və deyirdi ki, istehsalın həcmini onun potensialından aşağı səviyyədə olması kütləvi işsizliyin yaranmasına səbəb olur. Qiymətlər və əmək haqqları qısa bir zamanda dəyişə bilmədiyinə görə bazar mexanizmi iqtisadiyyatı bu vəziyyətdən çıxara bilmir. Ona görə də dövlət özünün vergi – büdcə və pul – kredit siyasəti vasitəsilə məcmu tələbi artırmalıdır. Keynsçilərə görə ictimai istehsalın və məşğulluğun səviyyəsi və həcmi məcmu təkliflə deyil, məcmu tələblə müəyyən edilir. C.Keynsin konsepsiyasını səmərəli tələb nəzəriyyəsi adlandırırlar. O dövrdə ABŞ – da yaranmış iqtisadi vəziyyətin tələbi əsasında yaranmış bu nəzəriyyənin ideyası alıcılıq qabiliyyətli məcmu tələbi artırmaq və stimullaşdırmaq yolu ilə mal və xidmətlərin istehsalının və təklifinin genişləndirilməsinə təsir etməkdən ibarətdir. Bu nəzəriyyə investisiyalar həlledici əhəmiyyət verən nəzəriyyədir. C.Keyns nəzəriyyəsinə görə makroiqtisadiyyatın mərkəzi problemi milli gəlirin bölüşdürülməsidir. C.Keyns öz diqqətini tələbin tərkib hissələrinin, yəni istehlak və yığımın öyrənilməsi, habelə bu tərkib hissələrin və bütünlükdə tələbin hərəkətinin asılı olduğu amillərin üzərində cəmləmişdir. Milli gəlirin həcmini və dinamikasını C.Keyns məhz istehlak və yığımın hərəkəti ilə əlaqələndirmişdir. Onun fikrincə, investisiya çox olduqca bu gün istehlakın həcmi bir o qədər az olar və gələcəkdə onun artımı üçün şərait və ilkin baza bir o qədər əhəmiyyətli olar. Yığım və istehlak arasında ağılabatan nisbətin olmasına milli gəlirin artırılmasını şərtləndirən amil kimi baxan C.Keynsin investisiya nəzəriyyəsi nəzərdə tutur ki, investisiyaların həcminin dəyişməsi iqtisadi inkişafın hərəkət verici qüvvəsidir. Keynsin fikrincə, investisiyanın səviyyəsi ən çox qənaətə meylliliyə əsaslanır. Lakin Azərbaycanın və bəzi digər ölkələrin təcrübəsi göstərir ki, qənaətə meylliliyin yüksək olması heç də qənaətin əsas kapitala investisiyası kimi istifadəsinə gətirib çıxarmır. Azərbaycanda qənaət çox hallarda maliyyə kapitalına, bank əmanətlərinə, nağd xarici valyutalar çevrilir. Qənaətin artması hesabına yaranan pul vəsaitləri bütünlükdə investisiya mallarının alınmasına yönəldilmir. İqtisadi nəzəriyyəyə görə qənaətin vəinvestisiyaların bərabərliyi davamlı iqtisadi artımın ayrılmaz şərtlərindən biridir. 2003 – cü ildə Azərbaycanda ümumi milli qənaət 2380,2mln.manat olduğu halda, əsas kapitala daxili investisiyalar isə 938,3mln.manat, 2005 – ci ildə müvafiq olaraq bu göstəricilər 5536mln.manat və 2105mln.manat təşkil etmişdir. Daxili investisiyaların milli qənaətdən az olması təbii ehtiyatlardan, istehsal güclərindən və avadanlıqlardan tam istifadə olunmamasına və işsizliyə səbəb olur.

Beynəlxalq təcrübə göstərir ki, öz ümidinə buraxılan, “görünməz əllər” prinsipi ilə fəaliyyət göstərən iqtisadiyyat ya inflyasiya, ya da işsizlik vəziyyətinə düşə bilir. Belə vəziyyətə düşən iqtisadiyyat C.Keyns nəzəriyyəsinə görə öz gücü ilə bu vəziyyətdən çıxa bilmir. C.Keynsin fikrincə, tam məşğulluq halında məcmu tələbi və məcmu təklifi bərabərləşdirmək üçün bazarın daxili mexanizmi yoxdur. Ancaq dövlət iqtisadiyyatı belə vəziyyətdən çıxara bilər. İstehlak xərclərinin aşağı olması və özəl firmaların investisiyalara stimulu olmaması hallarında məcmu tələbi kompensasiya etmək və tam məşğulluq şəraitində iqtisadi tarazlığı təmin etmək, C.Keynsin fikrincə, ancaq dövlət xərclərinin artırılması yolu ilə mümkündür. Özəl investisiyanın çox “şıltaq” olduğunu qeyd edən C.Keyns özünün məcmu tələb nəzəriyyəsində tam məşğulluğu təmin etmək üçün dövlət xərclərinə xüsusi əhəmiyyət vermiş və böyük rol ayırmışdır. C.Keyns həmçinin iqtisadi səmərəlilik probleminə də baxmışdır. Keynsin iqtsadi səmərəlilik əmsalı investisiya qoyuluşunun (dövlət və özəl) gəlirlərin artımına təsirini göstərir. Bəzi rus alimləri bu göstəricilər arasındakı asılılığı aşağıdakı düsturla ifadə edirlər:

��G = K x ��I

Burada ��G – gəlirin artımı;

��I – investisiyaların artımı;

K – iqtisadi səmərəlilik əmsalı.



Bu düsturdan belə çıxır ki, gəlirlərin artımını iqtisadiyyata qoyulan investisiyaların artımı təmin edir. Əslində isə gəlirin artımını investisiyaların təkcə artımı yox, hamısı şərtləndirir. Hesabat ilində qoyulan investisiya əsas kapitala çevrilir və həmin ildə keçmiş ildəkiəsas kapitalla birlikdə məhsul buraxılışında iştirak edərək, gəlirlərin artımını təmin edir. Həmçinin bu proses cari ildə də təkrar olunur. Ona görə də bu düsturda söhbət inestisiyaların artımından yox, bütünlükdə investisiyalardan getməlidir. “İnvestisiyaların artımı” ifadəsi bu düsturda düzgün istifadə olunmamışdır. C.Keyns hesab edirdi ki, investisiya mallarının alışının artımı onları istehsal edən agentlərin gəlirlərinin, artımı isə onların istehlakının artmasına səbəb olur. İşçilərin gəlirlərinin artımı isə onların istehlakının artmasına səbəb olur. İstehlakın artımı öz növbəsində məcmu tələbin və milli gəlirin artımına kömək edir. C.Keyns müəyyən etmişdir ki, bazar iqtisadiyyatında gəlirlərin və qənaətin artımı heç də onun ardınca həmin proporsiyalarda investisiyaların artacağını deməyə imkan vermir. Bu, onunla izah edilir ki, qənaət və investisiya haqqında qərarlar müxtəlif iqtisadi subyektlər tərəfindən qəbul edilir (ev təsərrüfatı və firmalar). Onların da motivləri müxtəlif olur. Əgər əhali daha çox qənaət əldə edəcəkdirsə, heç də zəmanət yoxdur ki, firmalar da daha çox investisiya edəcəklər. Bundan başqa qənaətin artımı adekvat qaydada istehlakın azaldılmasına səbəb olmur. Bu da gələcəkdə investisiyalara mənfi təsir göstərəcək. Realizasiya olunmamış mal ehtiyatlarının artımı şəraitində sahibkarlar istehsalı genişləndirə bilmirlər. Həmçinin heç bir zəmanət yoxdur ki, əhali bütün qənaəti banklara qoyacaqdır. Əksinə, məlumdur ki, qənaətin əhəmiyyətli hissəsi ev təsərrüfatlarının özündə nağd qaydada qalır. Nəhayət, qənaətin səviyyəsindən asılı olmayaraq investisiyanın səviyyəsinə bank kreditləri də təsir edə bilirlər. İnvestisiyanın həcmi ssuda faizinin normasından, konyukturanın vəziyyətindən, əsas kapitala qoyulan investisiyaların gözlənilən mənfəət normasından, vergitutmanın ölçüsündən asılıdır. Əgər klassiklər ev təsərrüfatının qənaətinin faiz dərəcəsindən asılı olmasını iddia edirlərsə, keynsçilər qənaətin dəyişilməsini gəlirlərin həcmi və dəyişilməsi ilə əlaqələndirirlər. Son nəticədə iqtisadiyyata kapitalın həcmi faiz dərəcəsinin və kapital qoyuluşunun nəzərdə tutulan səmərəliliyinin bərabər olması ilə müəyyən edilir. İqtisadi artım şəraitində faiz dərəcəsinin yüksəlməsi kapital qoyuluşunun artırılmasına nail olur. Biz, bu qanunauyğunluğu neft ölkənin aqrar sektorunda və istehlak malları istehsal edən sənaye sahələrində müşahidə edirik. C.Keyns göstərirdi ki, mükəmməl rəqabətli olmayan bazar iqtisadiyyatlı ölkələrdə tələbin azalması qiymətlərin aşağı düşməsinə yox, istehsalın və məşğulluğun ixtisarına səbəb olur. Aşağı əmək haqqı əhalinin alıcılıq imkanlarının aşağı düşməsindən və dövlət büdcəsinə vergi daxil olmasının azaldılmasından xəbər verir. Beləliklə, istehsal və məşğulluq azalır. C.Keyns klassiklərdən fərqli olaraq, qənaətə gəlmişdir ki, ictimai istehsalın həcmi və məşğulluq istehsal faktorları ilə yox, ödəmə qabiliyyətli tələblə müəyyən edilir.

XX əsrin 70 – ci illərinin 2 – ci yarısından 80 – ci illərin əvvəlinə qədər iqtisadi tənzimləmənin yeni yanaşmalarının intensiv axtarışları aparılmışdır. Əgər C.Keynsin nəzəriyyəsi formalaşan dövrdə əsas problem işsizlikdən ibarət idisə, sonrakı dövrdə yüksək inflyasiya və istehsalın aşağı düşməsi eyni vaxtda problemə çevrildi. Bu şəraitdə C.Keynsin nəzəriyyəsindən (dövlət xərclərinin artırılması) istifadə etmək mümükün deyildi. Büdcədən xərclərin artırılması inflyasiyanın daha da yüksəlməsinə səbəb ola bilərdi. Belə bir iqtisadi şəraitdə monetarizm nəzəriyyəsi yarandı. Monetaristlər istehsalın həcminin və qiymətlərin dəyişməsinin pul təklifindən asılıolduğunu iddia edirdilər. Onlar pulun dövriyyə sürətini sabit qəbul edərək nominal ümumi daxili məhsulun dəyişməsini tələb olunan pul kütləsinin artım tempi ilə əlaqələndirirlər. Monetaristlər pul nəzəriyyəsini zənginləşdirdilər, pul dünyasını mal dünyasına, bütünlükdə iqtisadiyyatın inkişafına təsiri ətraflı tədqiq etdilər və monetar siyasəti formalaşdırdılar. Monetaristlər belə nəticəyə gəlmişdilər ki, pul kütləsinin həcmini tənzimləmək yolu ilə cəmiyyətdə məcmu tələbə və qiymətlərin səviyyəsinə nəzarət etmək olar. Pul – kredit vasitəsi ilə iqtisadiyyatın tənzimlənməsi haqqında bütöv bir nəzəriyyə olmaqla, monetarizm mahiyyət etibarı ilə keynsianlığa alternativdir. Monetaristlər məşğulluğun və iqtisadi sabitliyin təminatını pul – kredit metodunda görürlər. Bazar sisteminə özünü tənzimləmə sistemi kimi baxaraq, dövlətin rolunun maksimum məhdudlaşdırması ideyasını təbliğ edirlər. Monetaristlərin lideri Amerika iqtisadçısı, nobel mükafatı lauriatı Milton Fridman (vaxtilə ABŞ prezidenti R.Niksonun iqtisadi məsələlər üzrə müşaviri) hesab edirdi ki, pul kütləsinin davamlı artımı təmin edilməlidir.

İqtisadi nəzəriyyənin neoliberalist məktəbi iqtisadi həyatda dövlətin iştirakının məhdudlaşdırılması, rəqabətin inkişafı üçün maksimum əlverişli şəraitin yaradılması ideyasını əsas tutur. Neoliberalizmin əsasını qoyanlardan biri inglis F.Xayyekin fikrincə, dövlət nə sosial sığorta ilə, nə təhsilin təşkili ilə, nə də mənzil haqqının dərəcəsi ilə məşğul olmamalıdır. Pul siyasəti və valyuta buraxılışı üzərində nəzarətdən dövlət imtina etməlidir. Pul emissiyadı ilə bir – biri ilə rəqabət edən özəl banklar məşğul olmalıdırlar. Azərbaycanda da neoliberalizmin müasir tərəfdarları mövcuddur və onlar “dövlət iqtisadiyyatadan getməlidir” ideyasını təbliğ edirdilər. Lakin Qərbi Almaniyanın ikinci dünya müharibəsindən sonra dağılmış iqtisadiyyatının bərpası üçün L.Erxard dövlət idarə etmə vasitələrindən geniş istifadə etmişdir. İslahatların uğuru eyni zamanda güclü və hörmətli dövlət hakimiyyətinin olması ilə təmin edilmişdir.

Təklifin iqtisadiyyatı məktəbinin vergi güzəştləri vasitəsi ilə istehsalın inkişafını təmin etmək barədə ideyası indiki dövrdə Azərbaycan üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycanda vergilərin sayının və dərəcələrinin azaldılması və vergi güzəştləri siyasəti həyata keçirilir. Lakin müvafiq qanunvericilik aktlarında belə vergi güzəştlərinin edilməsi güzəştdən əldə edilən qənaətin investisiyaya çevrilməsi şərti ilə verilməsi nəzərdə tutulmur. Ona görə də vergi güzəştləri hesabına əldə edilən qənaətlərin hüquqi və fiziki şəxslər tərəfindən iqtisadiartımın və texniki tərəqqinin əsas amillərindən olan investisiyaya yönəldilməsi heç də hər yerdə hər zaman təmin edilmir. Bu məsələ daha ətraflı monoqrafiyanın investisiyaların stimullaşdırılması və vergi siyasəti paraqrafında Azərbaycanın misalında işıqlandırılır.

XX əsrin 80 – ci illərində ABŞ – da elan edilən yeni iqtisadi siyasətin mahiyyəti məcmu tələbin stimullaşdırılmasından investisiyaların maşınlara, avadanlıqlara və perspektiv texnologiyalara qoyulmasının stimullaşdırılması əsasında təklifin iqtisadiyyatına keçiddən ibarət olmuşdur. Təklifin iqtisadiyyatının tərəfdarları iqtisadi sistemin istehsal potensialını artıran amillərə üz çevirdilər və dövlətin iqtisadiyyata təsirinin üç istiqamətini müəyyən etdilər: elmi – texniki tərəqqinin və elmi tədqiqatların stimullaşdırılması; təhsilə, ixtisaslı kadrların hazırlanmasına və yenidən hazırlanmasına dövlət xərclərinin artırılması; vergi sisteminin əsaslı surətdə yenidən qurulması. Bu siyasətin əsas məqsədi ABŞ – da istehsalın yüksək inkişaf tempini təmin etməklə yanaşı, sosial problemlərin – məşğulluğun, işsizliyin, yoxsulluğun, gəlirlərin səviyyəsinin yüksəldilməsinin – həllindən ibarət idi.

XX əsrin 90 – cı illərindən inkişaf etmiş ölkələrdə sosial təminata, səhiyyəyə və təhsilə dövlət xərclərinin əhəmiyyətli dərəcədə artımı müşahidə olunmuşdur. Bu meyl təkcə inkişaf etmiş ölkələr üçün yox, hal – hazırda inkişaf etməkdə olan ölkələr üçün də xarakterikdir. Həmin ölkələrdə iqtisadi artımı stimullaşdıran dövlət siyasətinin ikinci istiqaməti qanunvericiliklə vergi və digər güzəştlərin tənzimlənməsi, ayrı – ayrı sahələrin və regionların bir başa və ya dolayısı ilə dövlət büdcəsindən subsidiyalaşdırılması yolu ilə istehsalın rəqabət qabiliyyətini və optimal strukturunu dəstəkləməkdən ibarət olmuşdur. Azərbaycanda işçi qüvvəsi kifayət qədər olduğuna görə burada istehsalın artımının investisiyaların stimullaşdırılması əsasında həyata keçirilməsi məqsədəuyğundur. İqtisadi artımın “maksimum istehsal, maksimum məşğulluq və maksimum alıcılıq qabiliyyəti” konsepsiyası əsasında təmin edilməsi həm tələbin, həm də təklifin stimullaşdırılması siyasətin eyni zamanda paralel həyata keçirilməsini zəruri edir. Bu yolla iqtisadi tarazlıq, iqtisadi artım və səmərəli məşğulluq təmin edilə bilər.

Müxtəlif mərhələlərdə inkişaf etmiş ölkələrdə iqtisadi artımın stimullaşdırılmasının dövlət strategiyasının spesifik xüsusiyyətləri olmuşdur. Bu strategiyada müxtəlif konsepsiyalar əsas götürülmüş, müxtəlif nəzəriyyələrin tövsiyyələri bacarıqla əlaqələndirə bilmişlər. Məsələn, ABŞ – da 1929 – 1933-cü illərin “böyük depressiyalarından” sonra dövlətin iqtisadi tənzimləmə sistemi məcmu tələbin pul – kredit vasitələrinin köməyi ilə idarə olunmasına əsaslanmışdır. Burada kapital qoyuluşunun stimullaşdırılması aşağı faiz dərəcəsi, onun məhdudlaşdırılması isə yüksək faiz dərəcəsi ilə həyata keçirilirdi.

Keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi nəzəriyyələrin müddəaları ilə yanaşı “Vaşinqton konsensusu” adı altında formalaşmış konsepsiyadan da istifadə olunur. Vaşinqton konsepsusu Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq İnkişaf və Rekonstruksiya Bankının proqramıdır. Bu maliyyə qurumlarının kreditlərindən istifadə edən ölkələr proqramın aşağıdakı tələblərinə əməl etməlidirlər:



  • Qiymətlərin liberallaşdırılması;

  • Makroiqtisadi sabitlik (illik inflyasiyanın 40%-dən az olması);

  • Dövlət xərclərinin məhdudlaşdırılması (xüsusilə iqtisadiyyatın dövlət tərəfindən kreditləşdirilməsi və ixracın subsidiyalaşdırılması);

  • Dövlət mülkiyyətinin özəlləşdirilməsi;

  • Açıq iqtisadiyyat (valyutanın dönərliyi, məhsulların idxalına və xammalın ixracına ticarət manelərinin azaldılması);

  • Dövlət büdcəsinin, ticarət vətədiyyə balanslarının defisitinin istənilən sərt üsullarla azaldılması;

  • Ölkədə rəqabətin fəal müdafiə olunması və inhisarla mübarizə (özəlləşdirmədən vacib iş hesab edirlər) aparılması;

  • İnflyasiya ilə ağılabatan hədd daxilində mübarizə aparılması;

  • İqtisadi artıma kömək edilməsi və dünya institutlarının işlərinin səmərəliliyinin yüksəldilməsi.

Bu tələblər ümumi və könüllü xarakter daşıyır. Onların arasında Azərbaycanın indiki dövrdə milli maraqlarına uyğun olanlar və olmayanlar da var. Məsələn, illik inflyasiyanın 40%-ə qədər təmin olunması, özəlləşdirmə, milli maliyyə bazarının və dövlət institutlarının səmərəliliyinin yüksəldilməsi, rəqabətin özəlləşdirmədən vacib iş hesab edilməsi və fəal müdafiəsi. O da təqdirə layiqdir ki, inflyasiya ilə ağılabatan hədd daxilində mübarizə aparılması tövsiyyə olunur. Lakin burada ölkənin müasir iqtisadi durumuna uyğun olmayan tövsiyyələr də mövcuddur. Bizim fikrimizcə, iqtisadiyyatın dövlət tərəfindən kreditləşdirilməsinin və ixracın subsidiyalaşdırılmasının məhdudlaşdırılması, məhsulların idxalına və xammalın ixracına ticarət manelərinin azaldılması, habelə dövlət büdcəsinin kəsrinin istənilən sərt üsullarla azaldılması keçid iqtisadiyyatlı ölkələri inkişaf etmiş ölkələrin xammal bazasına və hazır məhsulların satış bazarına çevirmək məqsədlərinə xidmət edir. Bu prinsiplərin qəbul edilməsi keçid dövründə iqtisadiyyatda mövcud olan ciddi disbalansların aradan qaldırılmasına imkan vermir. Bu təkliflərin özləri də iqtisadi nəzəriyyənin tələblərinə ziddir. Ona görə də “Vaşinqton Konsensusu”nun tələbləri Azərbaycanda selektiv qaydada tətbiq oluna bilər. Bu fikri beynəlxalq təcrübə də sübut edir. 2002 – ci ildə Argentinanın prezidenti bəyan etmişdir ki, Argentina iqtisadiyyatı ölkə tarixi boyunca ən acınacaqlı vəziyyətdədir. “Onların təklif etdiyi iqtisadi reseptlər özünü doğrultmadı, “ölkə cəhənnəmdə yaşayır” fikirlərini söyləyən prezident ölkə iqtisadiyyatının bərbad hala düşməsində beynəlxalq maliyyə qurumlarını və höküməti günahlandırır. Odur ki, ölkə iqtisadiyyatı dirçələnədək bu qurumların tövsiyyələrinə baxılmayacaq” fikrini də prezident söyləmişdir. İqtisadi inkişafın Malaziya modeli də Azərbaycan üçün örnək ola bilər. Malaziya iqtisadiyyat üçün xarakter olan dinamizm aqrar sektorun stabil inkişafına və ixracyönümlü sənayenin prioritet artımına uzunmüddətli köməyin dövlət siyasətinə əsaslanır. Bu ölkədə dövlət siyasətinin əsasını daxili maliyyə mənbələrinin səfərbərliyə alınması təşkil edir. Nəticədə, XX əsrin 60 – cı illəri ilə müqayisədə 90 – cı illərin ortalarında qənaət norması 28%-dən 37%-ə qədər, kapital qoyuluşu norması 14%-dən 39%-ə qədər artmışdır. Aqrar sektor kənd təsərrüfatı məhsullarının tədarükünün subsidiyalaşdırılması, qiymətlərin mərkəzləşdirilmiş tənzimlənməsi, maşın və gübrələrin alınmasına subsidiyaların verilməsi vasitəsi ilə dövlət köməyi alır. Malaziyanın müasir sənaye siyasəti də həmçinin dövlətin tənzimləyici rolu ilə fərqlənir. Hökümət sənayenin prioritet sektorunu (ilk növbədə elektroenergetikanı) güzəştli kreditlərin verilməsi və infrastrukturun birbaşa büdcədən maliyyələşdirilməsi qaydasında müdafiə etməkdə davam edir. Emal sənayesi üstün templə inkişaf etdirilir. 1970 – 1996-cı illərdə ümumi daxili məhsulda maşınqayırmanın xüsusi çəkisi 6%-dən 36%-ə qədər yüksəlmişdir. İdxalı tənziməklə dövlət daxili bazarda sağlam rəqabət yaratmağa nail olmuşdur. Keçən əsrin 80 – 90-cı illərində Malaziyada dünya bazarına oriyentiri olan sənaye – aqrar iqtisadiyyat formalaşmışdır. İxrac kvotasının ümumi daxili məhsula nisbəti artaraq 80%-ə çatmışdır. Vaxtı ilə dünya bazarına kauçuku, palma yağını, qurğuşunu ixrac edən ən iri ölkələrdən biri olan Malaziya kakao – bobo, tropik taxta materialı, neft və qaz ixrac edən aparıcı ölkələrin sırasına daxil olmuşdur. 90 – cı illərdən ABŞ, Yaponiya, C.Koreya və Tayvanla bərabər Malaziya yarımkeçiricilər istehsal edən ən iri ölkədir. Ölkə dünya bazarında avtomobillər, məişət eletronikası, toxuculuq və paltar məmulatları ilə möhkəmlənməyə cəhd edir. Beynəlxalq Valyuta Fondunun tövsiyyələrindən imtina edən Malaziya iqtisadi problemləri mütəqil həll etmişdir, büdcə kəsrini 6%-ə qədər artırmaqla (1999-cu il) prioritet sahələri (elektronika kimi) inkişaf etdirmişdir.

Apardığımız araşdırmalar göstərir ki, iqtisadi nəzəriyyələrdən heç birinin xalis şəkildə Azərbaycanda tətbiq olunması mümkün deyil. Çünki bu iqtisadi nəzəriyyələr, təbii ki, Azərbaycanda formalaşmış sosial – iqtisadi vəziyyəti özündə əks etdirə bilməzdi. Bu nəzəriyyələr bazar iqtisadiyyatı çoxdan formalaşmış ölkələrdə onların tələbatlarına uyğun zaman və məkan daxilində yaranmışdır. Azərbaycan isə keçid iqtisadiyyatlı ölkədir və hələ uzun müddət belə ölkə olaraq qalacaqdır. Yuxarıda deyilənlərdən qənaətimiz ondan ibarətdir ki, neoklassiklərin “iqtisadi inkişaf xaricdən gələn kömək üzərində deyil, daxili resurslar üzərində qurulması”, instituonalistlərin “dəyişikliklərin əsasında texnoloji irəliləyişlərin durması” və “planlaşdırmanın ictimai inkişafın həlledici amili” kimi dəyərləndirilməsi, keynsçilərin “alıcılıq qabiliyyətli məcmu tələbin artırılması” və “iqtisadiyyatın dövlət tənzimləmə sisteminin gücləndirilməsi”, monetaristlərin “pul kütləsinin davamlı artımının təmin edilməsi”, təklifin iqtisadiyyatı məktəbinin nümayəndələrinin “vergi güzəştləri vasitəsilə kapitalın stimullaşdırılması” ideyaları Azərbaycanda investisiya siyasətinin və tarazlı iqtisadi artımının investisiya təminatının nəzəri bazası olması zəruridir. Keçid dövrünün xüsusiyyətlərinin iqtisadiyyatın bütün sektorlarında fəaliyyətin təşkilinə həlledici təsir etdiyini nəzərə alaraq bu məsələ müəllifin əvvəllər nəşr edilmiş əsərlərində ətraflı şərh edilmişdir.



  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə