İnsani tanimaq olmur şAİr ləyaqəTİ




Yüklə 1.24 Mb.
səhifə1/9
tarix22.02.2016
ölçüsü1.24 Mb.
  1   2   3   4   5   6   7   8   9

İNSANI TANIMAQ OLMUR

ŞAİR LƏYAQƏTİ

Zamanla insan arasında bənzər cəhətlər çoxdur. İnsan kimi zaman da bəzən əsəbi, hay-küylü, çılğın olur. İnsan kimi zaman da bəzən mülayim, sakit, qara-qışqırıqsız olur. Sakit, süst, bir qədər mürgülü dövrlərdə yaşayan insanlar da, gərgin, əsəbi, qaynayıb-çalxalanan günlərdə, aylarda, illərdə ömür sürənlərdə zamanın müxtəlif sınaqlarına çəkilir, imtahanlarıyla qarşılaşırlar.

Cabir Novruzu 40 ildən artıq bir müddətdə tanıyır, ictimai və ədəbi davranışını, rəftarını izləyir, müşahidə edirəm. Bu qırx ildə sakit, təlatümsüz vaxtlarda da, sürətlə dəyişən, püskürən çalxalanan dövrlərdə də Cabir həm şair, həm insan kimi bütün sınaqlardan ləyaqətlə, dəyanətlə, həmişə abrını, vüqarını saxlayaraq çıxdığının şahidiyəm.

Bəzən zahirən ötkəm, zahirən guya ki, mübariz, hətta davakar adamların sınaq günlərində asta-asta aradan çıxdığını də az görməmişəm. Sabir demişkən «gərəkli gündə onların qıçındakı fərari gör». Cabir Novruz zahirən həlim, çox təmkinli, sakit adam təsiri bağışlasa da «Ulduz»un, «Azərbaycan»ın baş redaktoru işlədiyi zamanlarda o dövrün ən cəsarətli əsərlərini çap etməkdə, hər növ təzyiqlərə sinə gərməkdə tərəddüd göstərmişdi. «Hər aşiqin bir dövranı var» fikrinə uyğun olmayaraq Cabir müxtəlif dövranlarda məhz Cabir Novruz kimi yaşayıb və Cabir Novruz kimi qalıb, qorumaq kəlməsi də bura təsadüfən düşmədi. Cabirin ictimai siqləti etibarilə ən önəmli şerlərindən biri «Özünü qoru xalqım» çağrışı üstündə köklənib.

«Cabirlə yaxın dostam» deyə bilmirəm. Dost olmağına dostuq. Ancaq uzun illər bir-birimizi tanısaq da, neçə il qonşu olsaq da, bir müddət Yazıçılar təşkilatında bərabər salışsaq da və indi Milli Məclisdə ən azı həftədə iki dəfə görüşsək də adi dostluğun yaxın dostluğa keçən mərhələsini adlamamışıq. Lakin tez-tez, ya gec-gec görüşməyimizdən asılı olmayaraq, məhrəm söhbətlərimizi az, ya çox sayından asılı olmayaraq Cabir həmişə mənəvi cəhətdən doğma adam kimi, bütün varlığıyla ədəbiyyata bağlı ziyalı kimi qəbul etmişəm. Aramızda həmişə qarşılıqlı hörmət, mehribançılıq olub, var və əminəm ki, həmişə də olacaq.

Onu da gizlətmirəm ki, son vaxtlar Cabirin ovqatında müəyyən küskünlük, bidbinlik çalanları məni narahat edir. Bu küskünlük, şairin poeziyasına sızanda kədərli lirikanın təsirli örnəkləri meydana çıxır. Bu da şair taleyinin, şair xislətinin təbii və səmərəli şərtləridir. Amma mənim arzu və istəyim odur ki, Cabir Novruz şerlərində qəm-qüssəni nə qədər gözəl ifadə etsədə, real həyatda dərdi-qəmi az olsun, şəxsi ovqatında nikbinlik, gənclik sövqü, həyat eşqi həmişə üstün gəlsin. Dillər əzbəri olmuş bir çox şerlərin də, nəğmələrin də olduğu kimi. Doğrudan da axı, özü demişkən «Ey həyat, sən nə qəribəsən». Bu gün şair dostum altmış beş yaşını üzü ağ, alnı açıq, hamının gözünün içinə dik baxa bilərək qarşılayır. Şərəfdən dəm vuran bəzi şərəfsizlərdən fərqli olaraq Cabir Novruz həqiqətən şərəfli insan ömrü sürür, əsl şair ləyaqəti ilə, şair dözümü ilə yaşayır. Cabir Novruza bu qəribəliklərlə dolu həyatda yeni-yeni yaradıcılıq sevincləri, xoş fərəhli günlər, aylar, neçə-neçə illər diləyirəm.


ANAR

Xalq yazıçısı



Mənimçin bu dünyada

bütöv Azərbaycan var…

Altmış illiyimə rekviyem


I
Kaş bu yaşa girməyəydim,

Qanlı yanvar vəhşətini

görməyəydim.

Çəkməyəydim o dözülməz

əzabları,

ağrıları,

Görməyəydim gözlərimlə

Onlar ilə, yüzlər ilə,

Şəhid olan oğulları.

Ölümə qardaş olaydım.

Qəfil, sərsəm bir gülləyə

tuş olaydım.

Görməyəydim o qırğını

o vəhşəti,

O gecədə ölmək asan,

o gecəni görmək çətin…

Mən o gecə hər bir şeyə

razı idim.

Mərmilərin yeri sökən,

göyü deşən

o çağında.

Ən birinci öz-özümdən

asi idim.

Nərimanın heykəlinin

qabağında

Heykəl olub dayanmışdım.

Bütün şəhər oyanmışdı.

Küçələr səfərbər idi,

Uşaq, böyük əsgər idi.

Hamı da silahlı idi

silahlar

ayağda idi.

Silahlar nə idi ki,

ət bıçağı,

ət baltası,

dəmir-dümür,

taxta idi.

Uşaqların silahı

«raqatka idi».

Mən də xeyli daş yığmışdım

ətəyimə.

Düşündüm onlar gələr

köməyimə…

düşündükcə üşünürdüm,

heç daşla da düşmn qırmaq

kişilikdir?

Düşünürdüm günahkar bir

adam kimi,

Neçin belə ümüdsüzəm,

pəhansızam?!

Yağı biçir millətimi,

Mənsə, əli silahsızam…

Həyatımda ilk dəfəydi

güllə atmaq

istəyirdim.

Qana düşmən ola-ola

qana batmaq

istəyirdi

II

Kaş bu yaşa girməyəydim.



Xalqımı o cürə məğmun,

o cürə tutqun,

pərişan görməyəydim…

anaları saçını yolub

ağlaşan,

Bacıları üzünü cırıb

ağlaşan,

Sevənləri şəhid olmuş

əzizinin

meyidiylə

qucaqlaşan

görməyəydim…

Hədəqədən çıxmış qanlı

bəbəkləri.

Küçələrə sübh tezdən

Səpələnmiş

Üstlərinə qar ələnmiş,

qan ələnmiş.

O gülləri, çiçəkləri,

Milyonların

fəryadına

qoşulan


o gəmiləri.

Güllələnən evləri,

zirzəmiləri.

Xəzərin qəlbləri yaxan

harayını,

naləsini,

Gözlərdən süzülüb axan

qəm, kədər

şəlaləsini,

başını aşağı əyən

bayraqların

düzümünü,

Elin o boyda yaşını,

matəmini,

hüzürünü…

Bizi ölümə çağırıb

aradan

sürüşənləri.



Xaricə satqınlıq edən

o daxili


düşmənləri…

Nə sayım daha nələri,

görməyəydim.

O cürə qorxunc gecəni

o cürə müdhiş

səhəri görməyəydim.


III
Görəməyəydim bir quş kimi

əlimizdən

uçub gedən

Qarabağı…

Sinəmizi birdən

necə parçaladı

Şuşa dağı?!

Şuşa eşqi, Şuşa dərdi

Bütün dərdlərdən betərdi,

Bütün dərdlərdən əvvəldi.

Bütün dərdlərdən öndərdi

Məni Məcnuna döndərdi…

Şuşa dərdi ağır dərddi,

yaman dərddi.

Heç dərdə sığmayan

dərddən…


O qalasız yaşamağa

haqqım yoxdur.

O qalasız özüm heçəm,

xalqım yoxdur.

Haqqım yoxdur nə qalmağa,

nə ölməyə…

Nə zamandır hayqırıram,

Şuşa, Şuşa,

deyə-deyə

İnciməyin bu haq sözdən,

Şuşa getdi qeyrət umma

daha bizdən.

Şuşa getdi köksumuzə

bir sancılmış

xəncər qaldı…

Şuşa getdi ta nə qaldı,

Bakı qaldı,

Gəncə qaldı.

Şuşa getdi hamımız

yarıcan qaldıq…

Para-para paralanmış

vətən qaldı…

Şuşa getdi ta nə qaldı,

bir mən qaldım,

bir sən qaldın.
IV
Kaş bu yaşa girməyəydim…

Mən Laçını yad ellərdə

görməyəydim

Gözlərimiz baxa-baxa,

O qalam da süqut etdi…

Bakı, Təbriz baxa-baxa,

O qalam da süqut etdi.

Göylər, yerlər baxa-baxa

O qalam da süqut etdi.

Allah aman, allah aman,

Həm o taydan, həm bu taydan.

Koroğlular, Cavanşirlər

baxa-baxa.

O qalam da süqut etdi.

Qaldıq ümidsiz, inamsız,

Düşdük fitnəyə, kələyə…

Bu düyünü açın hələ

Axı niyə, axı niyə

Laçın da Şuşatək elə

Tamam davasız, filansız

Məğlub oldu, süqut etdi.
V
Kaş bu yaşa girməyəydim…

Xocalının ölümünü

görməyəydim

Kaş gözlərim kor olaydı,

Yerim, yuvam kor olaydı,

Allah aman, allah aman,

Görməyəydim heç bir zaman,

Ağdam kimi bir diyarım

necə çıxdı

əlimizdən.

Ağdam getdi ta nə qaldı

elimizdən?!

Gərək onda çoxumuzu

asaydılar,

Odlu şişlər basaydılar,

Yalan-başdan vətən deyən

dilimizdən,

Ağdam getdi, qarı düşmən.

Qisas aldı ölümüzdən,

dirimizdən.

Ağdam getdi ta nə qaldı,

söylə bizdən?!

Ağdam getdi özü boyda

dərdi qaldı.

Ağdam getdi Bərdə qaldı.

Qazax getdi, Göyçay qaldı,

Şəki qaldı,

Şirvan qaldı…

Zaman-zaman yaralanmış

Para-para paralanmış

Öz-özündən aralanmış,

Adı, soyu neçə yerdən

qaralanmış,

Bir kiçilmiş məkan qaldı.

Zamanın təzə əsrində,

Dünyanın xəritəsində,

Nöqtə Azərbaycan qaldı,

Daha onda n ruh qaldı,

nə can qaldı.
VI
Kaş bu yaşa girməyəydim,

Gəncədəki o qırğını görməyəydim,

Özüm əsir olmayaydım

öz əlimdə,

Allah aman, allah aman,

Görməyəydim heç bir zaman,

Qardaş neçə qardaşını

hədəf seçir

Qardaş necə tankla keçir

Qardaşının cəsədinin

üzərindən.

O cür azğın rəqibimiz

ola-ola,

Yerevan tək qurd yuvası

dura-dura,

Bizim soydan olan kəsin.

Birdən-birə səsi gəlsin,

əmr versin:

Bombalayın Gəncəbasar

torpağını,

Böyük, ulu Nizaminin

ocağını.


Nə deyəsən beləsinə,

O alçağın, o mürüzün,

Tutub gərək diri-diri,

Boğazından çıxarasan,

dərisini,

Dilini də dağlayasan,

dondurasan,

Özünü də tonqallarda

yandırasan…

Qoymayasan elə adda

isan qala,

Nə ismindən nişan qala,

Nə külündən əsər qala,

Nə cismindən məzar qala.


VII
Kaş bu yaşa girməyəydim.

İçimizdə necə iyrənc

satqınlar var

görməyəydim.

Ulu xalqım qala idi

xəyalımda

müqəddəslik

rəmzi kimi…

Ərənlərin ərəni kimi,

əzizlərin

əzizi kimi.

Həyata da göz yumaydım

bu inamla,

Əbədilik ehtiramla,

Görməyəydim vətən satan,

torpaq satan,

cəsəd satan, şəhid satan,

silah satan, ordu satan,

vəzifəyə məmləkəti,

yurdu satan.

Ana torpaq od tutanda,

alışanda,

O sathasat yarışında,

Cismimizi yandırmaqçın,

Belimizi sındırmaqçın,

Cəlladlara benzin satan,

mərmi satan,

Arvadını erməniyə

girov qoyub

qaçanları,

El malına hərisləri,

acanları,

Geyib zənən paltarını

yad ellərə

qaçanları,

Öz evində qəhvəxana,

qəhbəxana

açanları.

Çox ləkəli amalları,

vicdanları…

Ana torpaq od tutanda,

alışanda,

Bu çaphaçap, bu sökhasök

yarışında,

Şəhidlərin məzarına

qoyulan gülləri

satan,

Məkkədən yığıb gətirib



oğurluq mirvari

satan


Balkon satan, qarac satan,

Kitab satan, tirac satan,

Şəkər satan, zəhər satan,

Yüz cürə lov xəbər satan,

Budka satan, səki satan,

Spiçka, tənbəki satan,

Duxu satan, güzgü satan,

daraq satan,

Lifçik, tursik, kəm-köhnə

darbalaq satan,

Ən dəhşətli məslək satan,

aman satan,

Hər cür mənəvi mal satan.

Qeyrət, namus, camal satan,

Belə-belə murdarları

görməyəydim,

Qəlbimdəki ən müqəddəs

inamlarım

ölməyəydi.

Kaş bu yaşa girməyəydim,

ona ayaq

basmayaydım.

Qələmim də sınaydı kaş

bu ağrılı,

bu acılı,

rekviyemi

yazmayaydım .

Söz yolumdan çıxmayaydım,

azmayaydım.

1993
Yarış var ha, yarış var…


Çimir məmləkətimiz,

Bir amansız yarışda…

Yarışdır gecə-gündüz,

Xalq adından danışmaq…

Qalxıb bütün pərdələr,

Ayılıbdı «yatanlar»…

Ən birinci yerdədir,

Vicdan, məslək satanlar…

Şuşa, bizi bağışla,

Qiymətin nə ucuzmuş…

Səni qanlı yarışda,

Necə asan uduzduq?!…

Nə bir güllə atıldı,

Getdin dava-şavasız…

Beş qəpiyə satıldı,

Qəhrəmanlar yuvası…

Laçın, qanlı düşmənə,

Bağışlandı heç nədən…

Gəlginən, ay müştəri,

Vətən satmaq müftədir…

Tez gəl, o da tükənir,

Ta onda can qalmayıb…

O, əvvəlki Vətənim,

Azərbaycan qalmayıb…

Hamı yeyib, sökəndi,

Hamı dəllal, müştəri…

Zirzəmilər dükandır,

Gəlginən, ay müştəri…

Lifçik satır «oğullar»,

Yolda, küçədə, tində…

At oynadır yağılar,

Evimizin içində…

Yetən döyür döşünə,

Hamı mələk donunda…

Can qoyurlar «kişilər»,

«Mənsəb», «şöhrət» yolunda…

Millət deyib özünə,

Xidmət edir yekələr…

Millət, qulluq, vəzifə,

Millət dərdi çəkənlər…

Tapmayır paltar, çörək,

Yurdunda əsir, yesir…

Millət yolunda ölmək,

Kasıbın vəzifəsi…

Millətin əri, mərdi,

Torpaqlara qarışıb,

Şəhidlər gündə artır,

Qəbristanlar yarışır…

Evimizə girdilər,

Top-tüfəngsiz, a kişi,

Başlandı öz yurdunu,

Qoyub qaçmaq yürüşü…

Qızını, arvadını,

Yada qoydu kişilər…

Namusunu, adını,

Karta qoydu kişilər…

Namərd durub acığa,

Namərd ilə yarışır…

Yarışır anaların,

Naləsi gecə-gündüz.

Ölüm-ölüm sözüdür,

Sualların ön başı.

Sualların özü də,

Bir-birilə yarışır.

Doğacaq üzümüzə,

Günəş haçan görəsən?!

Allah, sabah bizimlə,

Nə olacaq görəsən?!

İanə gəlir bizə,

Dünyanın çox yerindən.

Millətin fikri, gözü,

Onun-bunun əlində…

Təyyarələr, maşınlar,

Ərzaq, dərman gətirir.

Əl açmaq yarışında,

Ön sırada gedirik…

Dağda-daşda qalanlar,

Məhv olacaq, qoymayın?

Yaşayırlar ilanla,

Əqrəb ilə qol-boyun.

Azar-bezar qurudub,

Xilas yalnız ölümdə.

Kim tez getsə qurtulur,

İşgəncədən, zülmdən.

Yayda su, qışda şaxta,

Çivin, milçək, qarışqa…

Nəyin ki, yaşamaqda,

Ölməkdə də yarış var…

Həyat qalıb kölgədə,

Yaxşı-yaman bilinmir.

Yarış gedir ölkədə,

Hələ sonu görünmür.


1993

Qan içində


Azərbaycan qan içində üzür bu gün,

Mən özüm də boğuluram qan içində…

Mürəkkəblə yazmayıram sözü bu gün,

Hər kəlməni qoruy uram qan içində…


Xəyallarım qan içində uçur mənim,

Şəhidlərim qan içində qucur məni,

Səhərlərim qan içində açır mənim,

Röyalarım, yuxularım qan içində…


Qan içində anaların göz yaşları,

Kirpiklərin bəbəkləri qan içində…

Ay mənim qan bacılarım, qardaşlarım,

Göyün, yerin bəbəkləri qan içində…


Qan tökülür neçə yazdı, neçə qışdı,

Sarıyırıq yaramızı durmur yenə…

Düşmən çoxdan qanımızı susamışdı,

Kasa-kasa içir ondan doymur yenə…


Bu qan çalın-çarpaq sinə dağı,

Dağım, düzüm, göyüm, yerim qan içində…

Qan içində verdik yada Qarabağı,

Gərək onu alaq geri qan içində…


2000

Bizdədir, sizdədir…
Hökmranlıq sizdədir,

Sizdədir hər ixtiyar…

Qəhrəmanlıq bizdədir,

Bizdədir ər oğullar…

Milyarderlər sizdədir,

Sizdədir var, xəzinə…

Xalqın gücü bizdədir,

Güc çatmaz el gücünə…

Bütün top-topxanalar,

Təyyarələr sizdədir,

Bütün şəhid analar,

Biçarələr bizdədir…

Nadanlar, naxələflər,

Haramilər sizdədir,

Füzuli tək sələflər,

Nizamilər bizdədir…

Bu yurdu soyub-sökən,

Satqın kəslər sizdədir,

El yolunda qan tökən,

Müqəddəslər bizdədir.

Millətin taleyinə,

Biganəlik sizdədir…

Millətin taleyinə,

Divanəlik bizdədir…

Haqqı nahaqqa satan,

Şarlatanlar sizdədir…

Əli qanımıza batan,

Qansız canlar sizdədir…

Bizdədir həqiqətin,

Yolunda can verənlər…

Düzlüyə, ədalətə,

Qanından qan verənlər…

Riyakarlar sizdədir,

Rüşvətxorlar sizdədir…

Doğru nə var bizdədir,

Riya nə var sizdədir…

Əlinizdə hökm, fərman,

Talan əlinizdədir…

Bizləri də qoruyan

Quran əlimizdədir…

Bu millətin ən safı,

Ən təmizi bizdədir…

Amma ən biinsafi,

Ən nacinsi sizdədir…

Siz hansı qandansınız,

Siz hansı bicdənsiniz?

Heyif, Azərbaycandansınız,

Heyif ki, bizdənsiniz…


Heç biri olmayaydı…
Öz içindən yeyib qurd zaman-zaman bu xalqı,

Öz əlimizlə düşmən nəyimiz var apardı,

Bizi qılınc kəsərdi, bizə güllə batardı,

Bizi öz gülləmizə tutanlar olmasaydı,

Kəsənlər olmasaydı, udanlar olmasaydı?!
Dünyalar yerisəydi üstümüzə dözərdik;

Tarixlərə bəyandır bizlə olan bu mərdlik,

Bi tikanlar bizim öz bağımızda göyərdi,

Dərd nə idi bu qara tikanlar olmasaydı,

Daxilimizdən bizi sökənlər olmasaydı…
Bu qədər itki, ağrı, talan acı bilməzdik,

Dərbənd qapılarını divlər keçə bilməzdi,

Qapımızın qıfılın kimsə aça bilməzdi,

Özümüzdən onları açanlar olmasaydı;

Sonra aradan çıxıb qaçanlar olmasaydı…
Özümüz quzğunlara eylədik ov bu yurdu,

Etdik öz nəfsimizə qurban, girov bu yurdu,

Allah bölə bilməzdi belə bütöv bir yurdu,

Onu öz soyumuzdan bölənlər olmasaydı,

Sonra da millət deyib «hürənlər» olmasaydı…
Özümüz əta etdik düşmənə Qarabağı,

Sonra haray qopardıq bu millət hara baxır?!

Quş qorxurdu Şuşanın göylərində uçmağı,

O yad ələ göçərdi əlimiz olmasaydı,

Rəyimiz olmasaydı, hərimiz olmasaydı?!
Nə ömrümüzün belə ağır vaxtı olardı,

Nə yollarımız belə boran, şaxta olardı,

Bəlkə ərzin ən zəngin, xoşbəxt xalqı olardıq,

Qapımızda belə yad toxumlar olmasaydı,

Belə düşmən «doğmalar», «yaxınlar» olmasaydı?!
Həqiqətdir dediyim asın, kəsin qəti edin,

Bu əbədi faciəm, əbədi fəlakətim,

Satqını olur mütləq hər xalqın, hər millətin,

Qoy bizdə də olaydı bir sürü olmayaydı,

Dilim ağzım qurusun heç biri olmayaydı…
2000
Ömrümə yaz, ömrümdən poz
Viran olmuş kəndimizi

dolaşıram…

kövrəlirəm, tutuluram

alışıram…

Evimizdən külə dönmüş

ocaq qalıb…

Bacamızın üç-dörd daşı

ancaq qalıb…

Ulu Tanrı, nə çox, nə az,

Bu xərabə evimizi ömrümə yaz…

Bu nənəmin məzarıdır.

Bu da onun sel aparmış

hasarıdır…

Bu da Oğuz babamızın

sərdabasıdı,

bu da onun baş daşında

qədim yazı,

bu da kəndin gora qalmış

«Ağ bulaq»,

Durub küskün nəzərlərlə

mənə baxır…

Ulu Tanrı nə çox, nə az,

İtib batmış o bulağı,

Külə dönmüş o ocağı

bəxtimə yaz…

O müqəddəs məzarları,

Bax o dağı, baş aşağı,

baş yuxarı,

Nəslimizin yadigarı,

O ot basmış cığırları

gözümə yaz…

bu qurumuş nohurumuz,

quyumuzdur,

bu sal qaya pirə dönmüş

soyumuzdur,

Ayağı göy, başı duman,

Əcdadlarım ona iman gətiriblər

zaman-zaman…

Ulu Tanrı nə çox, nə az,

Bu daşlaşmış müqəddəsi

ömrümə yaz…

Gözlərimi açan gündən

bu torpaqda

nələr gördüm,

Neçə qərib axşam gördüm,

neçə nurlu səhər

gördüm,

Kəklik gördüm, turac gördüm,



sürü gördüm,

ilxı gördüm,

Qışda buzdan meşələrin qulağında

sırğa gördüm…

Kişiləri müdrik, bütöv,

qadınları

nurlu gördüm…

İnəklərin əmcəyini nemət ilə

dolu gördüm…

Quzuları anasının dalınca

mələşən gördüm…

Xoruzları bir-birinin

üstünə dilləşən

gördüm…


Uşaqları ayaqyalın qar üstə

oynaşan gördüm…

Çobanları sürüləri

otlağa haylayan

gördüm…

Tülküləri toyuqları hindən



oğurlayan gördüm…

O anasız cücələri yetim tək

ağlayan gördüm…

Ulu Tanrı nə çox, nə az,

Sən o yetim cücələrin naləsini

ömrümə yaz…

Nə eşitdim bir gün Tanrım,

Canavara yem olubdur

quzularım,

Mən doldum, anam ağladı,

Pəyədəki qoyunlar da qan ağladı…

Ulu Tanrı nə çox, nə az,

Canavara yem olan o quzuları

ömrümə yaz…

Bu aləmdə mən hər şeyi təmiz

gördüm,


Hətta vəhşi canavarda

şələ quyruq

tülkülərdə bir

üz gördüm…

Onlar heç vaxt sifətini

dəyişmədi…

Biri rəyənin düşməni

o biri hinin düşməni…

Amma ki, insanlar gördüm

yüz sifətdə, yüz çeşiddə,

Evdə bir cürə adamdır,

ayrı cürədir eşikdə…

Nə xarici, nə daxili

bütöv, tamdır,

Vəzifədə bir adamdır,

Vəzifəsiz bir adamdır…

Sir-sifəti neçə cürə qalaylıdır,

Tamah dişi bir ayrıdır,

Zəhər dişi bir ayrıdır…

Ulu Tanrı nə çox, nə az,

Belələri lap gözümün nuru olsa

ömrümdən poz…

Yalvarıram poz onları,

Lap ömrümə yaz tülkünü,

canavarı,

Lap ömrümə əqrəbi yaz,

şahmarı yaz,

Lap çəkdiyim ən dözülməz

ahları yaz,

Ən amansız bir günü yaz,

Lap şeytanı, lap cini yaz…

Yalvarıram sən ömrümdən

poz onları,

İnsan cildli tülküləri,

İlanları…

Bu həyatda gördüyüm ən günah

işdi,

bir gün bizim o dağlardan



uzaq düşdüm…

Atıb gəldim o yamyaşıl

yaylaqları

Durna gözlü bulaqları…

Lap az qala iki bütöv qərinədir,

o kimsəsiz

qəbirlərə…

Öyrəşdim bu laqeyd qansız

şəhərlərə,

Mən özüm öz həyatımı

zəhərlədim…

Yarəb, sənə yalvarıram

gecə-gündüz,

O dağları tərk etdiyim

illərimi

ömrümdən poz…

Hərçəndir ki, şəhərlərdə

şöhrət tapdı

sözüm, adım,

Amma ki, mən əvvəlki

Cabir olmadım…

2000
Elə hey yanıram


Anam şair doğdu məni anadan,

Xeyir-dua verdi mənə yaradan,

Qələmimdən iti oldu binadan,

Mən söz hamarlayan bülöv şairəm…


Mənim qabağımı saxlamaq olmaz,

Dilimi qandalla bağlamaq olmaz…

Məni şaqqalayıb doğramaq olmaz,

Təpədən dırnağa bütöv şairəm…


Eyni amaldayam, eyni dindəyəm,

Misram diridirsə mən də zildəyəm…

Gözümü açandan od içindəyəm,

Elə hey yanıram alov şairəm…


Oyun oynamasın kimsə mənimlə,

Sözə söykənmişəm kök təməlimlə,

Məzardan qalxaram öz kəfənimlə,

Çox kəfən yırtmışam fələk şairəm…


Astar şöhrətləri geyinmədim mən,

Adım ucaldıqca öyünmədim mən,

Ha məni əydilər əyilmədim mən,

Fəqərə sütünü, bütöv şairəm…


Amalı, məsləki xəstə olmadım,

Gündə bir sifətdə, üzdə olmadım,

Bir şaha xaqana təslim olmadım,

Yalnız vicdanıma girov şairəm…


Üstümə qara xətt çəkmək çətindir,

Mənim söz mülkümü sökmək çətindir,

Məni arxivlərə vermək çətindir,

Millətin köksündə vuran şairəm,

Xalq siyahısında duran şairəm…
1998

Gözlərimi açan gündən…

Gözlərimi açan gündən, ağlım bir şey kəsən gündən,

Mən də gördüm iki yerə şaqqalanmış vətən gördüm…

Bu ikili vətən dərdi qövr elədi ürəyimdə

Bu aziman ayrılığı hey daşıdım kürəyimdə…

Bu dünyanı kəşf elədim ölkələri bütöv gördüm,

Təkcə odlar diyarının yad ellərdə girov gördüm…

Haray saldım mənim yurdum bəs nə zaman bir olacaq?

Neçə yerə parçalanmış Azərbaycan bir olacaq?

Ölümüzdən səs çıxmadı, dirimizdən səs çıxmadı…


Gözlərimi açan gündən, ağlım bir şey kəsən gündən,

Mən nə gördüm: sərvəti bol; özü yoxsul, rəzil vətən…

Bu cür zəngin bir ölknin yalavaclı balaları,

Bu nisgil də varlığımı yaraladı, paraladı…

Gördüm min-min sərvətimi yadlar çapıb aparıblar,

Məni məndən ayırıblar, məni məndən qoparıblar…

Dedim axı haçanacan qanımızı soracaqlar.

Yaddan olan bu zəlilər, bizdən olan bu alçaqlar?!

Nə yerlərdən soraq oldu, nə göylərdən nida gəldi,

Nə Bakıdan bir səs çıxdı, nə Təbrizdən səda gəldi…

Yenə özüm öz dərdimlə tək-tənha, baş-başa qaldım,

Vuruşa-vuruşa qaldım, savaşa-savaşa qaldım…


Gözlərimi açan gündən, ağlım bir şey kəsən gündən,

Kərbəlada Füzulini görmək keçdi ürəyimdən…

Getdimmi ulu sənətkarın ruhu gəzən o yerlərə,

Allah, gözüm kor olaydı görməyəydim bunu gərək:

Mən nə gördüm, dağıdıblar o dühanın məzarını…

Harayladım bu millətin yazarını, pozarını,

Dedim millət qulaq assın bu haraya, bu fəryada,

Ərəblər gorbagor edib Füzulini Kərbəlada,

Heç olmasa vətəninə çatdırağın türbəsini,

Heç olmasa sümükləri görsün doğma ölkəsini…

Lallar, karlar səda verdi, manqutlar vecə almadı…

Dilində millət bitənlər heç səsini çıxarmadı…

Qoyduq qalda yad ellərdə sümüklərin o dahinin,

Ruhumuzun tanrısını, şerimizin allahını…


Eşitdiyim ər adları Babək idi, Nəbi idi,

Koroğlular mənim üçün igidlik məktəbi idi

Gəzdim daim xəyalımda onların sevgisi adı,

Haradadır təzə babəklər, nə axtardım, nə aradım

Birisini tapammadım birisini görəmmədim…

Ölüsünü gördüm, ancaq dirisini görəmmədim,

Amma ki, saysız-qədərsiz nakami təhərsiz gördüm,

Ar-namusdan, kişilikdən büsbütün xəbərsiz gördüm

Amma ki, nə qədər düşük nanəcib, şarlatan gördüm,

Həm bu tayda, həm o tayda məmləkəti satan gördüm…

Gözlərimi açan gündən, ağlım bir şey kəsən gündən,

Ölüm-dirim arasında boğuluram illərlə mən…

Nəsimimi öldürüblər, Müşviqimi öldürüblər,

Neçə-neçə yazarımı Sibirlərə sürdürüblər…

Torpağımı yandırıblar, vətənimi öldürüblər,

Bu millətin imdadına çatanımı öldürüblər,

Dərbənddə qəbirim qalıb, Göyçədə qəbirim qalıb,

Daha da dözümüm qalıb, daha nə səbirim qalıb…

O tayda otuzbeş milyon mənim can sirdaşım qalıb,

Bu tayda qarı düşmənlə ən böyük savaşım qalıb…

Bu nisgillə yaşayıram gözlərimi açan gündən,

Barı vətən bir olaydı gözlərimi yumanda mən…

2000

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə