İlham quliyev kənd Təsərrüfatı Nazirinin Müavini




Yüklə 50.1 Kb.
tarix20.04.2016
ölçüsü50.1 Kb.
İLHAM QULİYEV
Kənd Təsərrüfatı Nazirinin Müavini

Kənd İnvestisiya Layihəsi (AzKİL) 2004-cü il Sentyabrın 23-də möhtərəm Prezidentimizin imzaladığı çox önəmli bir layihədir ki, bu günə qədər kənd ərazilərinin inkişafında bu layihənin böyük xidmətləri özünü nümayiş etdirməkdədir. Respublika Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi Kənd Təsərrüfatının İnkişafı üçün Kredit Proqramı, Dağ və Yüksək Ərazilərin İnkişaf Etdirilməsi Proqramı, və s. kimi çoxsaylı proqramların hər biri birbaşa və ya dolayısı yolla kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və bu vasitə ilə ölkədə yoxsulluğu yaradan səbəblərin aradan qaldırılmasından ibarətdir.


Nazirliyin digər layihələrindən fərqli olaraq Kənd İnvestisiya Layihəsi çərçivəsində görülən işlər desentralizasiya prinsipi əsasında həyata keçirilir. Layihənin əhatə etdiyi Muğan Salyan, Düzən Şirvan və Naxçıvan iqtisadi zonalarında məhz hansı rayonun hansı kəndində həyata keçiriləcək mikro layihələr aşağıdan yuxarıya, yəni həmin rayonun həmin kəndinin əhalisi tərəfindən seçilir, layihələndirilir və Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu, yoxsulluğun aradan qaldırılmasında ictimai iştirakın təzahürüdür və inkişafın dayanıqlılıq amilini şərtləndirir.
Bu layihə Azərbaycan Dövləti üçün əhəmiyyətli layihədir ona görə ki, xalqın ehtiyacları ödənilir, xalqın inkişaf təşəbbüsləri maliyyələşdirilir. Bu layihə kənd əhalisi üçün əhəmiyyətli layihədir ona görə ki, mikrolayihələrin təşəbbüskarı da, icraçısı da, idarə edəni də kənd əhalisi özüdür. Layihənin rəhbərliyi dövlər qarşısında məhz əhalidə bu növ bacarıqların yaradılması və artırılması üçün cavabdehdir.
Bu konfransın iştirakçıları kənd icmalarının, bələdiyyələrin, yerli hökumət orqanlarının və Qeyri Hökumət Təşkilatlarının nümayəndələridir. Lakin konfrans dövlət strukturu tərəfindən təşkil olunub. Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi bu konfransın təşkilatçısı olmaqla ilk dəfə dövlət səviyyəsində icma inkişafı tədbiri həyata keçirir. Bu konfrans icmaları, İcma İnkişafı Tərəfdaşlarını, potensial donorları və dövlət strukturlarını bir araya gətirmək üçün göstərilən təşəbbüsdür.

Konfrans iştirakçılarını bir daha salamlayır və konfransın işinə uğur arzulayıram.


RAZİM VƏLİYEV
Direktor

Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyi yanında

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

Azərbaycan Kənd İnvestisiya Layihəsi Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə hazırlayıb həyata keçirdiyi bir inkişaf layihəsidir. Layihənin əsas məqsədi kənd icmalarının bacarıqlarının artırılması vasitəsi ilə onların infrastruktur xidmətlərə çıxışını yaxşılaşdırmaqdan ibarətdir.


Layihə 2005-ci il Yanvar ayının 18-də qüvvəyə minmiş və öz fəaliyyətini respublikanın 3 iqtisadi zonasında reallaşdırmışdır. Layihənin 3 əsas komponenti var: İnfrastruktur, Bacarıqların Artırılması və Layihə İdarəetməsi. Layihə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunur. Fəaliyyətdə olduğu 2 il ərzində layihənin hər bir komponenti üzrə nəzərdə tutulmuş fəaliyyətlər Layihə İdarəetmə Qrupu və Agentliyin Rəhbərliyi tərəfindən yerinə yetirilmişdir.
Layihənin İnfrastruktur komponenti icmalar tərəfindən təklif olunmuş mikrolayihələrin maliyyələşməsi və icra olunmasını nəzətdə tutur. 2005 - 2006 –cı il ərzində bu komponent çərçivəsində fəaliyyətlər Yevlax, Ağdaş, Göyçay, Saatlı, Sabirabad, İmişli, Culfa, Ordubad, Babək, Şərur, Şahbuz və Kəngərli rayonlarında həyata keçirilmişdir. Komponent üzrə 35 kənddə layihələr tamamlanmış, 49 kənddə isə layihələr tədarük və icra mərhələsindədir.
Layihənin ikinci komponenti Bacarıqların Artırılmasıdır ki, bu komponent çərçivəsində ümumilikdə 196 icmada səfərbərlik təlimləri keçirilmişidir. Bu təlimlərdə icma sakinləri kəndin prioritet ehtiyaclarını müəyyənləşdirmiş və bu ehtiyaclar içərisindən həyata keçirəcəkləri infrastruktur layihəsini seçmişlər. Bu təlimlərdə 45 594 icma sakini (o cümlədən bələdiyyə üzvləri, icra nümayəndələri) iştirak etmişdir. 183 icmada icma layihəsinin hazırlanması və həyata keçirilməsi və üzrə bacarıqları artırmaq məqsədilə icmalara təşkilati idarəetmə, icma layihə təklifinin yazılması, prokurement (satınalmalar) və icma müqavilələri, ətraf mühit mövzuları üzrə təlimlər verilmişdir. Bu təlimlərdə 2377 icma sakini (o cümlədən bələdiyyə üzvləri və icra nümayəndələri) iştirak etmişdir.

İcmalar arasında inteqrasiyanı gücləndirmək və təcrübə mübadiləsi məqsədilə “İcma şəbəkələşməsi” proqramı çərçivəsində zonalarda 36 icmalararası mübadilə səfərləri də təşkil edilmişdir. Bu görüşlərdə 115 icma və 521 icma sakini iştirak etmişdir. Bununla yanaşı proqram daxilində 45 icmanın iştirakı ilə AzKİL –in hər 3 zonasını əhatə edən 1 Zonlalrarası Mübadilə Görüşləri Sessiyası, Muğan – Salyan, Düzən Şirvan və Naxçıvan zonalarında müvafiq olaraq 30 , 16 və 26 icma təmsilçilərinin iştirakı ilə Bacarıqların Artırılması Konfransı da keçirilmişdir.


Bunlardan əlavə layihə çərçivəsində 6 İnformasiya seminarı, Layihənin Start Seminarı, 3 “Öyrənilmiş dərslər” seminarı, Xidmət Təchizatçıları və Layihə Köməkçi Heyəti üçün AzKİL təlimləri, Regional Əməliyyatları Ofislərinin işçi heyəti üçün 3 İdarəetmə və Planlaşdırma təlimi, Layihə İdarəetmə Qrupunun və RƏO –nin heyəti üçün Maliyyə idarəetməsi təlimi, Regional Qrant Təsdiqi Komissiyalarının üzvləri üçün 3 təlim, Layihə Köməkçi Heyəti üçün təlimçilər üçün təlim keçirilmişdir. AzKİL – nin rüblük “İcma şəbəkəsi” bülleteni də buraxılmışdır. Artıq jurnalın 4 nömrəsi çap olunmuşdur. Bundan əlavə 3 televiziya reklam çarxı hazırlanmış və nümayiş üçün televiziya kanallarına təqdim olunmuşdur.
Ümumilikdə Bacarıqların Artırılması komponenti üzrə faydalananların sayı 45550 nəfər olmuşdur.

Kənd İnvestisiya Layihəsinin 3-cü komponenti Layihə İdarəetməsidir ki, bu komponent çərçivəsində Layihə İdarəetmə Qrupunun, hər üç layihə zonasında Regional Əməliyyatlar Ofislərinin işçi heyəti, Regional Qrant Təsdiqi Komissiyaları formalaşdırılmış və Layihənin ümumi koordinasiyası üçün İşçi Qrupu yaradılmışdır.


Saatlı, Yevlax və Naxçıvan şəhərlərində Regional Əməliyyatlar Ofisləri, Göyçay şəhərində Layihə Köməkçi Heyətinin Ofisi açılmışdır. Bundan əlavə layihənin fəaliyyətində beynəlxalq və yerli məsləhətçilərin də xidmətlərindən istifadə olunur.
Naxçıvan və Muğan - Salyan zonalarında səfərbərlik və təlim xidmətlərini həyata keçirmək üçün layihəyə Xidmət Təchizatçıları cəlb olunmuşdur. Düzən – Şirvan zonasında isə bu xidmətləri yerli fərdi məsləhətçilərdən ibarət olan Layihə Köməkçi Heyəti həyata keçirir.
Bugünkü konfrans indiyə qədər layihə çərçivəsində görülmüş işlərin nəticələri və Kənd İnvestisiya Layihəsi qrantlarının icmalarda bacarıqların artırılması və infrastruktur xidmətlərə çıxışına təsirinin əyani nümayişidir. Konfransın işinə uğurlar arzulayıram.


SÜBHAN ƏSGƏROV
Direktor

Azərbaycan Kənd İnvestisiya Layihəsi

Hörmətli konfrans iştirakçıları,

Hörmətli qonaqlar,
Mən sizin hamınıza işçi qrupu adından öz minnətdarlığımı bildirirəm, təşəkkür edirəm ki, bizim bu tədbirimizə qoşulmusunuz və bizim bu konfransın işində iştirak etməyə razılıq verimisiniz. Azərbaycan Kənd İnvestisiya Layihəsinin bu gün çox əlamətdar günüdür. Bildiyiniz kimi bizim layihəmiz 2005-ci il yanvar ayının 18-də qüvvəyə minib, yəni sabah bizim layihənin ad günüdür. Bu əlamətdar bir gündür və mən çox qürur hissi ilə deyə bilərəm ki, bu iki ildə gördüyümüz işlər barədə deməyə sözümüz çoxdur. Həqiqətən də çoxdur. Konfransın iki günlük işində bunlar hamısı əyani sürətdə göstəriləcək. Azərbaycan Kənd İnvestisiya Layihəsi unikal bir layihədir. Bunun unikallığı nədən ibarətdir? Bunun unikallığı inkişafa və insanlarda özünəinama söykənən bir layihə olmasındadır.
Azərbaycanda son illər gedən dinamik iqtisadi və sosial inkişaf Azərbaycan Kənd İnvestisiya Layihəsində elə bir kiçik model şəklində görsənməkdədir. Bizim layihəmizin bir şüarı var, biz investisiyanı inkişafa yönəldirik, biz investisiyanı yerlərdə, icmalarda özünə inama yönəldirik. Bu bizim layihəmizin əsas prioritetidir və bu gün də iki illik işimizin nəticəsində biz artıq bu sözü, bu formulanı qürurla deyə bilərik ki, biz doğrudan da investisiyanı inkişafa yönəltmişik.
Bu konfrans bizim layihəmizin çərçivəsində olan icma şəbəkələşməsi proqramının bir hissəsidir. İcma şəbəkələşməsi bir proses, bir proqramdır ki, AZKİL tərkibində artıq işə başlamışdır. Bu müxtəlif zonalarda fəaliyyət göstərən, bizim investisiyalardan bəhrələnən icmaları bir araya gətirmək məqsədi daşıyır və onların əldə etdikləri təcrübələrlə bölüşmək imkanı verir və bu gün də siz görürsünüz ki, müxtəlif zonalarda müxtəlif icmalarda kənd nümayəndələri. icma nümayəndələri burda toplaşmışdır və icma şəbəkələşməsi proqramı çərçivəsində onlar biri-biri ilə təmasda olacaqlar və onlar bir–biriləri ilə bölüşəcəklər, gördükləri iş haqqında məlumat verəcəklər və öyrənilmiş dərslər bu vasitə ilə insanlar və icma nümayəndələri arasında bölünəcəkdir. Bu çox əhəmiyyətli bir məsələdir.
Bu gün mən qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi nəzərdə tutulmuş işi quran gündən geri qalmır. Mən fəaliyyət göstərdiyimiz Agentlikdə çoxdan işləyirəm və bu günə qədər 7 layihə Dünya Bankı və müxtəlif beynəlxalq donorların ötürdüyü vəsaitlər hesabına bir necə layihə həyata keçirmişik. Onların içində demək olar ki Azərbaycan Kənd İnvestisiya Layihəsi yenə də təkrar edirəm ki unikal bir layihədir və bu gün də mən qürurla qeyd edirəm ki, biz nəzərdə tutduğumuz bütün məsələlərə iki illik fəaliyyətimizdə artıq çatmışıq. Mən sizin vaxtınızı çox almaq istəmirəm yenə də bütün iştirakçılara öz təşəkkürümü bildirirəm və iki günlük konfransın işində fəal iştirakınıza görə bəri başdan öz təşəkkürümüzü bildirirəm.
Çox saq olun.

VAQIF HÜSEYNOV
İcra Başçısı

Saatlı Rayon İcra Hakimiyyəti

Hörmətli konfrans iştirakçıları,

Hörmətli qonaqlar,
Bugünkü konfrans Saatlı torpağı üçün çox əlamətdardır. Respublikanın müxtəlif ərazilərini təmsil edən çoxsaylı iştirakçıları qəbul etmək, milli konfransa ev sahibi olmaq Saatlı üçün əhəmiyyətli bir haldır. Muğan Salyan zonası Kənd İnvestisiya Layihəsinin ən böyük zonasıdır. Layihənin əhatə etdiyi 3 iqtisadi zonada layihədən faydalana biləcək əhalinin 50% - i Muğan Salyan zonasının payına düşür və bu səbəbdən də bu zonada həyata keçirilən layihələrin sayı digər zonalara nisbətən çoxdur.
Layihənin Regional Əməliyyatlar Ofisi Saatlı şəhərində yerləşdiyi üçün Saatlı bu zonanın mərkəzi hesab olunur. Bundan başqa Muğan Salyan zonası layihədə birinci zona olduğu üçün Kənd İnvestisiya Layihəsi öz fəaliyyətinə məhz bu zonadan başlayıb. Layihənin ilkin mərhələsində Saatlı Naxçıvan və Düzən Şirvan zonalarının Regional Əməliyyatlar Ofisi əməkdaşları və eləcə də hər iki digər zonanın Xidmət Təchizatçıları üçün Təlim Mərkəzi rolunu oynayıb.
Kənd İnvestisiya Layihəsinin prosedurları ilk dəfə Saatlı icmalarına tətbiq olunmaqla sınaqdan keçirilib. Bunun bir səbəbi də ondan ibarətdir ki, Saatlı icmaları səfərbərlik, təlim, mikrolayihələrin hazırlanması, donorlarla əməkdaşlıq, layihələrin texniki icrası və s. sahəsində digər əməliyyat zonalarına nisbətən daha təcrübəlidir. Bu zonada vaxtilə Beynəlxalq Xilasetmə Təşkilatı, Amerikanın Kooperativ Evtikmə Fondu, Uşaqların Xilası Təşkilatı, Dünyaya Baxış və s. kimi Beynəlxalq Təşkilatlar fəaliyyət göstərmiş və ictimai inkişafa öz dəyərli töhfələrini vermişlər. Bu təşkilatlarla əməkdaşlıq təcrübəsi qazanmış icmalar Kənd İnvestisiya Layihəsi ilə heç bir çətinlik çəkmədən, müvəffəqiyyətlə əməkdaşlıq edirlər.
Kənd İnvestisiya Layihəsi qüvvəyə mindiyi gündən keçən iki il ərzində Muğan Salyan zonasının yalnız Saatlı rayonunda 9 icma layihəsi tamamlanmış, 8 icma layihəsi isə hal-hazırda icra mərhələsindədir. Kənd İnvestisiya Layihəsinin iki il ərzində Saatlı icmalarına ayırdığı investisiyanın ümumi həcmi 676, 271 ABŞ Dollarıdır.
Saatlı Rayon İcra Hakimiyyəti layihənin uğurla həyata keçirilməsi üçün Muğan Salyan Regional Əməliyyatlar Ofisi ilə əməkdaşlıq edir, icmalarda səfərbərlik seminarlarının təşkil edilməsində, rayon ərazisindəki kəndlərin infrastruktur indekslərinin toplanmasında və ən əhəmiyyətlisi isə icma layihələrinin birgə maliyyələşməsində Regional Ofislə fəal əməkdaşlıq edir.
İndiyə qədər həyata keçirilmış layihələrdən Varxankənd icmasının “Məktəb təmiri”, Qıraqlı icmasının “Məktəbin dam örtüyünün dəyişdirilməsi” və Smadakənd icmasının “Məktəb təmiri” layihəsinə Saatlı Rayon İcra Hakimiyyəti icazə sənədləri və avadanlıqların təmin edilməsi ilə dəstək göstərmişdir.
Ümidvaram ki, Kənd İnvestisiya Layihəsinin fəaliyyəti bundan sonra da yeni nailiyyətlərlə zənginləşəcək və Azərbaycan icmaları bu layihənin investisiyalarından maksimum faydalanacaqlar.

GÜLHÜSEYIN ƏHMƏDOV
Milli Məclisin üzvü
Hörmətli qonaqlar,

Hörmətli dostlar,

Hamınızı bir daha salamlayıram.
Əlbəttə mən da şadam ki, belə bir tədbirə dəvət almışam öz minnətdarlığımı bildirirəm bu tədbiri keçirənlər üçün. Əlbəttə mənim üçün də bir əlamətdar hadisədir ki, Kənd İnvestisiya Layihəsinin bu günləri belə bir hesabatı keçirilir, gördüyü işlərə nəzər salınır. Çox maraqlıdır ki, Kənd İnvestisiyaları Layihələri qəbul olunanda yoldaşlar da qeyd etdilər bir iki il bundan əvvəl mən Saatlının icra başçısı idim Vaqif Hüseynov da Agentliyin rəhbəri idi və həyat elə gətirdi ki, Vaqif Hüseynov bu gün Saatlının başçısı, Razim müəllim Agentliyin rəhbəri mən də Milli Məclisin deputatlıyam. Bu layihənin bura gəlib çıxmasında və bu regionda Saatlıya düşməsində Vaqif müəllimin də Razim müəllimin də və eləcə də mənim də rolum var. Bütün bu işlərin arxasında duran bizim Ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Razim müəllim burda çox düzgün qeyd elədi ki, bu və ya digər işlərin həyata keçirilməsi ilə Azərbaycanda siyasi stabillik yarandı və nəticədə Azərbaycana Beynəlxalq maliyyə təşkilatlarının, maliyyə qurumlarının böyük inamı oldu. Heydər Əliyevin gərgin əməyi və səyi nəticəsində Azərbaycana böyük maliyyə axın başlandı. Bu günləri sevindirici haldır ki, həmin layihələrin inkişafına Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də böyük dəstək verir, daim regionlara gedəndə bu işlərlə maraqlanır. Bu günki iqtisadiyyat o qədər inkişaf edib ki, bu inkişaf Azərbaycanı yaxın illər ərzində dünyanın ən çox inkişaf etmiş dövlətlər səviyyəsinə çatdıracaqdır və bu çox böyük nailiyyətdir. Kənd İnvestisiya Layihəsinin həyata keçirilməsi-icmaların inkişaf etdirilməsi, icmaların daha tez bunları qəbul etməsi bu gün bizim cəmiyyətimiz və Azərbaycan üçün çox vacibdir. Mənim yadımdadır mən burda işləyəndə Varxankənddə orta məktəbi həmin bu layihə təmir elədi və biz onun açılışında iştirak etdik.
Yadımdadır ki, Sabirabad rayonunda, Türkədidə yüksək səviyyədə asfalt yol çəkildi və mən ona baxıb bəyənmişdim. Nə qədər yaxşı işlər görülsə, nə qədər regionlar inkişaf etdirilsə nə qədər regionlarda abadlıq, quruculuq işləri həyata keçirilsə bu bizim xalqımız üçündür və ölkə Prezidentinin məqsədi də budur ki, regionların inkişafı ilbəil artsın və kəndlə şəhər arasında heç bir fərq qalmasın və icmaların da məqsədi bu olmalıdır. Mənim sizlərdən bir tövsiyəm və bir xahişim var: çalışmaq lazımdır ki, bu işlər çox dəqiqliklə vaxtlı-vaxtında həyata keçirilsin, icmalarda layihələr gecikməsin və kəndlərin hamısı layihələrə qoşulsunlar.
Bu gün mən çox şad oldum ki, sizinlə görüşdüm. İstəmirəm çox vaxtınızı alam sizlərə hər üç regionun icmalarına AzKİL-lə əməkdaşlıqda və görəcəyiniz xeyirxah işlərdə, böyük uğurla diləyirəm və sizin iki günlük səmərəli tədbirin müvəffəqiyyətlə keçməsini arzulayıram. Sağ olun.

XƏLİL ƏLİYEV

Direktor

Naxçıvan Aqrobiznes

Məhdud Məsuliyyətli Cəmiyyət

Hörmətli konfrans iştirakçıları,

Azərbaycanın ayrılmaz bir parçası, qədim nuh yurdu olan Naxçıvan Muxtar Respublikasından konfransa gələn nümayəndələr adından iclas iştirakçılarını təbrik edir, onların işlərində uğurlar arzulayıram. Kənd İnvestisiya Layihəsinin əhatə etdiyi zonalardan biri də Naxçıvan iqtisadi zonasıdır. Bu zonada Kənd İnvestisiya Layihəsi 2005-ci il fevral ayında fəaliyyətə başlamışdır. Layihə çərçivəsində kənd icmaları, indiyə qədər həll olunmamış və vacib olan problemləri icmalar vasitəsilə müəyyənləşdirilmiş, seçilmiş, Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə həyata keçirilməyə başlamışdır. Qısa bir zaman ərzində kəndlərimizdə tikilən məktəblər, tibb məntəqələri, körpülər, çəkilən yollar, yeni quraşdırılmış transformatorlar, Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi, icmaların fəallığı, Naxçıvan Muxtar Respublikası Hökumətinin maliyyə köməkliyi ilə böyük uğurla, yüksək keyfiyyətlə və zövqlə həyata keçirilməyə başlamışdır. Naxçıvan Muxtar Respublikası rəhbərliyi Kənd İnvestisiya Layihəsinə çox yüksək səviyyədə dəstək vermiş həmişə layihənin işi ilə maraqlanmış və öz köməyini əsirgəməmişdir.


Son 2 ildə Dünya Bankının AzKİL üzrə Tapşırıq Qrupunun rəhbəri 3 dəfə dəyişdirilmişdir. Hər dəfə yeni missiya respublikaya gələndə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən həmişə yüksək səviyyədə qəbul olunmuş layihə ilə əlaqədar missiya ilə fikir mübadiləsi aparmış, layihələrin Muxtar Respublikada həyata keçirilməsi, onun gələcəkdə dayanıqlığının təmin olunması və hökumət tərəfindən onlara qayğı və dəstək göstərilməsini həmişə onlara bəyan etmişdir. Elə bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 19 layihə icradadır. Onun üçündə icra başa çatmış, dördü icra mərhələsindədir. Bu günə qədər Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həmin layihələrə 422 min dollar vəsait ayrılmışdır, bu layihələrdə icmaların payı 42 min dollardır. Naxçıvan Muxtar Respublikası Hökuməti isə 627 min dollar həmin layihələrə əlavə vəsaitlə köməklik etmişdir və mən bir iki icmaların misallarını konfrans iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm.
Heydərabad icmasında tibb məntəqəsinin bərpası layihəsinə Kənd İnvestisiya Layihəsi 26278 ABŞ dolları pul ayırmışdırsa Naxçıvan Muxtar Respublikası Hökuməti 34801 ABŞ dolları məbləğində köməklik göstərmişdir. Yaycı icmasında yolun bərpası layihəsində layihə tərəfindən 27777 ABŞ dolları vəsait ayrılmışdırsa Naxçıvan 70103 ABŞ dolları məbləğində həmin layihəyə köməklik göstərmişdir. Saltax kəndində məktəb təmiri layihəsi Kənd İnvestisiya Layihəsi tərəfindən 37204 ABŞ dolları vəsait ayrılmışdırsa Naxçıvan Muxtar Respublikası tərəfindən 277260 ABŞ dolları ayrılmışdır. Bu onu göstərir ki, həyata keçirilən layihələr həmişə hökumətin diqqət mərkəzindədir və hökumət layihələrə mütəmadi olaraq köməklik, dəstək və qayğı göstərir. 67 icma ilə əməkdaşlıq davam edir və mən bu gün bu konfransda icmaların müxtəlif zonalardan iştirak etməsində, qısa bir zamanda onların gördüyü işlərə nəzər salınmasında və bunu gələcək fəaliyyətlərində əminəm ki, bu konfransın çox böyük əhəmiyyəti olacaqdır və bu icmalar bundan çox bəhrələnəcəklər. Hörmətli konfrans iştirakçıları sizə bir daha uğurlar arzulayıram. Sağ olun.
İSRAIL İSGƏNDƏROV
İcraçı Direktor

ÜMİD Humanitar Sosial Dayaq Mərkəzi
Hörmətli konfrans iştirakçıları,

Hörmətli xanımlar və cənablar,


Mən bu konfransda iştirakınızla sizi təbrik edirəm. Mən çox qısa çıxış edəcəm. Məndən qabaq hörmətli çıxışçılar layihənin müvəffəqiyyətləri barədə qeyd etdilər, bu hamımızın gözümüzün qarşısında baş verib.
Bu uğurlar layihənin həyata keçirildiyi hər bir kəndə, hər bir rayonda və layihənin sənədlərində öz əksini tapmışdır. Layihənin imkanları barədə Sübhan müəllim müəyyən qədər dedi, ancaq mən də bir balaca onu genişləndirmək istəyirəm. Bu layihə başlayanda çox tərəddüdlər var idi və bu tərəddüdlər ətrafında çoxlu müzakirələr gedirdi yəni, Dünya Bankı, Azərbaycan Hökuməti və icmaların birgə işi necə alınacaq. Bu yanaşmada təzadlar çox ola bilərdi və bu müzakirələrin nəticəsində dəstənin, kollektivin işə necə yanaşmasının böyük əhəmiyyəti var idi. Layihənin ilk anındakı tərəddüdlər kollektivin böyük zəhməti və ardıcıl işi ilə aradan qaldırılmışdır. Layihənin mənə elə gəlir ki, sınaq dövrünü Dünya Bankı qiymətləndirən zaman yenə də inam o qədər yox idi, ancaq bu gün hamı fəxrlə deyə bilər ki, doğurdan da böyük müvəffəqiyyətlər qazanılmışdır. Bu müvəffəqiyyətlər təkcə hər hansı bir infrastrukturda, məktəb layihəsində, yaxud içməli su ilə təminat və ya başqa layihələrdə yox, həmçinin insanların özündə inamın yaranmasındadır. Bu, bizim kəndlərdə, insanların bu son dövrdə, keçid dövrində yaranmış inamsızlığın aradan qaldırılmasıdır ki, bu sahədə sahə işçilərinin çox böyük rolu var.
Razim müəllim və eləcə də sizin kollektivi bu müvəffəqiyyətlə təbrik edirəm və əminəm ki, layihə müvəffəqiyyətlə davam etdiriləcək. Bu layihədən və indiyə qədər Azərbaycanda həyata keçirilən layihələrdən, Beynəlxalq Təşkilatlardan biz çox şeylər öyrənmişdik. Ancaq mənə elə gəlir ki, bu layihənin həm işə yanaşmasından, həm də strukturundan öyrənməli və tətbiq etməli şeylər çoxdur. Mən bir daha bütün iştirakçıları, layihədən faydalananları, həmçinin layihənin kollektivini və layihə rəhbərliyini təbrik edirəm.
Sağ olun.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə