Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında




Yüklə 80.4 Kb.
tarix29.02.2016
ölçüsü80.4 Kb.
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir.



Maddə 1.     Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. [1]

Maddə 2.     sığorta olunanlar

Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər vətoplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. [2]

Maddə 3.     Sığortaçı

Hərbi qulluqçuların sığortaçısı  dövlət sığorta orqanıdır.

Maddə 4.     Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı

Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.[3]

Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. [4]

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər.

Maddə 5.     Sığorta hadisələri və ödənişləri

Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir:

a)   sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) — 100 faiz;[5]

b)  sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;[6]

c)   sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;[7]

ç)   xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda:

I qrup — 80 faiz;

II qrup — 60 faiz;

III qrup — 40 faiz;

d)  sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman:

ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə — 25 faiz;[8]

yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə — 5 faiz.[9]

Maddə 6.     Sığortanın aparılması qaydası

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuşvəsait hesabına aparılır.

Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. [10]

Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir.

Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.

Maddə 7.     Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər

Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinəmüəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:

a)   həlak olması (ölüm) halında;

sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti;

vərəsəlik hüququnu təsdiq edən sənəd;

sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;[11]

b)  əlillik halında:

əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;

hərbi bilet (yaxud onu əvəz edən sənəd);

c)   ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:[12]

xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı;[13]

ç)   hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında:

xəstəlik vərəqəsindən çıxarış;

hərbi bilet (yaxud onu əvəz edən sənəd).

Müvafiq icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin hərbi hissələri, müəssisə, təşkilat və idarələri, hərbi təhsil müəssisələri sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta olunanlara, yaxud onların vərəsələrinə kömək etməlidirlər. [14]

sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır.

Maddə 8.     Sığorta ödənişinin verilməsindən imtina

sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən sərxoş vəziyyətdə hərəkət etdikdə. [15]

Maddə 9.     Nəzarət və məsuliyyət

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra hakimiyyəti orqanları və dövlət sığorta orqanı nəzarət edirlər.

Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 10.   (Çıxarılıb) [16]



Maddə 11.  Mübahisələrə baxılması qaydası

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. [17]

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 20 may 1997-ci il

               № 296-IQ

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

2.       24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692)

3.       1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 oktyabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872)

4.       20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007)

5.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

6.       2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960)

7.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

 

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960)  ilə 1-ci maddədə "Sığorta haqqında" sözləri "Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.

 

[2] 1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872) ilə 2-ci maddədən "və daxili işlər" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:



Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.

 

[3] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 4-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

Bu Qanuna uyğun olaraq hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilir.

 

2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 4-cü maddəsinin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli” sözləri “on bir min manat” sözləri ilə əvəz edilmişdir.



 

[4] 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə 4-cü maddənin ikinci hissəsində "işin aparılması üçün sığortaçının xərcləri də" sözləri "sığortaçının komisyon mükafatları da" sözləri ilə əvəz edilmişdir.

 

2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 872) ilə 4-cü maddənin ikinci hissəsindən ", sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla" sözləri çıxarılmışdır.



 

[5] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin a)” bəndində “həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilmişdir.

 

[6] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “b)” bəndində “yaralandıqda (kontuziya aldıqda)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilmişdir.



 

[7] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “c)” bəndində “ilə” sözü “olduqda” sözü ilə əvəz edilmişdir.

 

[8] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “d)” bəndinin ikinci abzasında “yaralandıqda” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsindəsözləri ilə əvəz edilmişdir, “pozulduğuna” sözündən sonra mötərizədə “xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə” sözləri əlavə edilmişdir, “xidməti vəzifəsini yerinə yetirməyə” sözləri “hərbi xidmətə” sözləri ilə əvəz edilmişdir.



 

[9] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 5-ci maddənin “d)” bəndinin üçüncü abzasında “yüngül yaralandıqda” sözləri “yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə” sözləri ilə əvəz edilmişdir.

 

[10] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960) ilə 6-cı maddənin birinci və ikinci hissələrində "sığorta etdirənlər" sözləri "sığortalılar" sözü ilə əvəz edilmişdir.



 

[11] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin “a)” bəndinin dördüncü abzasında “yaralanması (kontuziyası)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.

 

[12] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin c)” bəndinin birinci abzasında “yaralanması” sözü “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.



 

[13] 20 oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin ikinci abzasında “yaralanmanın” sözü “xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın)” sözləri ilə əvəz edilmişdir.

 

[14] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)  ilə 7-ci maddəsinin ikinci hissəsində “tədris məktəbləri” sözləri “təhsil müəssisələri”  sözləri ilə əvəz edilmişdir.

 

[15] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 960)  ilə 2-ci maddənin adında və mətnində, 5-ci maddənin birinci hissəsinin "a", "b", "c", "ç" və "d" yarımbəndlərində, 6-cı maddənin dördüncü hissəsində, 7-ci maddənin birinci hissəsinin birinci abzasında, "a" yarımbəndinin ikinci və dördüncü abzaslarında, ikinci və üçüncü hissələrində və 8-ci maddədə ismin müvafiq hallarında "sığorta edilən" sözləri ismin müvafiq hallarında "sığorta olunan" sözləri ilə əvəz edilmişdir.



 

[16] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 10-cu maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:



Maddə 10.Vergitutma

Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa) və sığorta edilənlərə verilmiş sığortaödənişlərindən vergi tutulmur.

 

[17] 24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 692) ilə11-ci maddədə "mübahisələrə məhkəmə qaydasında baxılır" sözləri "mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir" sözləri ilə əvəz edilmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə