HƏDİSLƏr hədis: Bu kəlmə [حَدِيثٌ]




Yüklə 154.79 Kb.
səhifə1/3
tarix24.04.2016
ölçüsü154.79 Kb.
  1   2   3
HƏDİSLƏR

Hədis:   Bu kəlmə [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və.s mənaları ifadə edir. İstilahi mənada isə - Peyğəmbərə (s.ə.s) istinad edilən kəlmə, ya hərəkət, ya təsdiq etmə ya da sifət hədis adlanır

İslam və ibadətlə əlaqəli seçilmiş hədislər

•  İbn Ömər rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurur: «İslam beş (dayaq) üzərində qurulmuşdur: «Allahdan başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə yetirmək, zəkat vermək, evi (Kəbəni) ziyarət etmək və Ramazan orucunu tutmaq» «Səhihul Buxari, 8» «Səhih Muslim, 16»

•  Əbu Hüreyrədən (r.a) rəvayət olunur: Rəsulullah buyurdu: “Ehsan; Allaha, onu görərcəsinə ibadət etməndir. Hər nə qədər onu görməsən də o səni mütləq görür.” (Səhihi-Buxari, Kitrabul-İman, c. İ, səh. 18; Səhihi-Müslim, Kitabul-İman, Hədis № 1, 5)

•  Abdullah ibn Məsuddan (r.a) rəvayət olunur: “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s): “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana və ataya yaxşılıq etməkdir” buyurdu. Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Müslim Kitabul-İslam, 137)

•  Ömər ibnu-l-Xattab (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür» «Buхarinin Səhih əsəri, 1» «Səhih Muslim, 4904-cü hədis»

•  Əbu Hureyrə (r.a.) rəvayət edir ki, mən Peyğəmbərin (s.ə.s) belə dediyini eşitdim: «Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqlar. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəхş etdiyi nemətlər haqqında хəbər verib deəyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək:"Sənin yolunda vuruşub şəhid olmuşam". Allah da ona deyəyəcək ki; Yalan deyirsən, sənə "qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoхlu Quran oхumuş bir şəхs Allahın hüzuruna gətiriləcək və Allah ona bəхş etdiyi nemətlər haqqında хəbər verib deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Sənin хatirinə elm öyərənib onu insanlara öyrətmişəm və Quran oхumuşam". Allah da ona deyəcək ki;"Yalan deyirsən, sənə "alimdir" deyilsin deyə elm öyrənmisən və sənə "qaridir" (gözəl Quran oхuyan) deyilsin deyə Quran oхumusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra, Allah tərəfindən çoхlu var-dövlət verilmiş bir şəхs Onun hüzuruna gətiriləcək və"Allah ona bəхş etdiyi nemətlər haqqında хəbər verib deyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Var-dövlətimi Sənin хatirinə, Sənin istədiyin yerlərə sərf etmişəm". Allah da ona deəyəcək ki;"Yalan deyirsən, sənə "necə səхavətli insandır" deyilsin deyə var-dövlətini sərf etmisən və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq» «Muslimin Səhih əsəri 4900-cu hədis»

•  Əbu Hüreyrənin (r.) belə dediyi rəvayət olunub : Allahın elçisi (s.ə.s) dedi: «Uca Allah dedi: "Mən şərikə ən ehtiyacı olmayan şərikəm. Kim bir iş görərkən o işdə Mənə bir başqasını şərik etsə, onu özünü Mənə şərik qoşduğu ilə birlikdə qoyub tərk edərəm"» «Muslim səhih, 4/2289 2985»

•  Muaz bin Cəbəl (r.a.) rəvayət edir ki, mən Peyğəmbər (s.ə.s) birgə onun uzunqulağının tərkində olarkən o mənə dedi: «Ey Muaz! Bilirsənmi Allahın bəndələr üzərində və bəndələrin də Allah üzərində olan haqqı nədir?» Mən dedim: «Allah və rəsulu daha yaxşı bilir!» O dedi: «Allahın bəndələr üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaları, bəndələrin Allah üzərində olan haqqı isə Ona şərik qoşmayana əzab verməməsidir!» Mən dedim: «Ey Allahın elçisi, insanları bu şad xəbərlə müjdələyimmi?» O dedi: «Xəbər vermə ki, arxayınlaşmasınlar!» «Səhihul Buxari, 128» «Səhih Muslim, 30»

•  Peyğəmbər (s.ə.s) Müaz ibn Cəbəli (r.a) Yəmənə göndərdikdə ona belə demişdir: «Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "Əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə хəbər ver ki, Allah onlara gün ərzində beş vaхt namaz qılmaqlarını fərz (Hər bir müsəlmana vacib olan əməl) buyurmuşdur. Buna da itaət edərlərsə, o qövmə хəbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə məzlumun duasından qorх! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yoхdur» «Buxarinin Səhih əsəri, 1395» «Muslimin Səhih əsəri, 121»

•  Əbu Hüreyrədən rəvayət edilir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizdən biriniz İslamını gözəlləşdirərsə, etdiyi hər yaxşılıq onun üçün on mislindən yeddi yüz mislinə qədər (artırılaraq) yazılır. Etdiyi hər pislik isə eyniylə yazılır.” (Səhihi-Buxari, Kitabul-İman, c.İ, səh. 16)

•  Ənəs ibn Malikdən rəvayət edilir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Ölən kimsəni üç şey təqib edər. İkisi geri dönər, birisi onunla qalacaqdır. Onu əhli, malı və əməli təqib edər. Əhli və malı geri dönər, əməli isə onunla qalacaqdır” (Səhihi-Buxari, Kitrabur-Riqaq, c. VII, səh.193; Səhihi-Müslim, Kitabuz-Zühd, Hədis №5)

•  Ayişə (r.anha)dan rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Allaha ən sevimli əməl hansıdır?” deyə soruşulanda, Allah Rəsulu (s.ə.s): “Az da olsa davamlı olanıdır” buyurdu. (Səhihi-Buxari, Kitabur-Riqaq c. VII, səh.182; Səhihi-Müslim, Kitabu Salatil-Müsafirin, Hədis № 216).

•  Əbu Malik əl-Əşəri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı doldurar. “Sübhənallahi vəl-həmdü lillah” göylərlə yer arasını doldurarlar. Namaz bir nurdur. Sədəqə bir burhandır. Səbr bir işıqdır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir.” (Səhihi-Müslim, Kitabut-Taharə, Hədis № 1)

•  Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz” (Səhihi-Müslim, Kitabut-Təharə, Hədis № 224)

 

İmanla əlaqəli seçilmiş hədislər

•  Əbu Cəmrə (r.a) rəvayət olunur: Rəsulullah (s.ə.s) belə soruşdu: “Bilirsinizmi, bir olan Allaha iman etmək nə deməkdir?” Oradakılar belə cavab verdilər: “Allah və Rəsulu daha yaxşı bilər”. Rəsulullah (s.ə.s) belə dedi: “Allahdan başqa ilah olmadığına və Mühəmmədin Rəsulullah olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və qənimətin beşdə birini vermənizdir.” (Səhihi-Buxari, Kitabul-İman, c. I, səh.19)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Üç şey (xüsusiyyət) kimdə olarsa, o, imanın şirinliyini dadmış olar: Allah və Rəsulu ona başqalarından daha çox sevimli olmaq, sevdiklərini yalnız Allah üçün sevmək, Allah onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 56.)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Heç biriniz; məni, özünə uşağından, atasından və bütün insanlardan daha sevimli qəbul etmədikcə iman etmiş sayılmaz.” (Səhihi-Buxari, Kitabul-İman, c. 1, səh.9; Səhihi-Müslim, Kitabul-İman, 70)

•  Abbas ibn Əbdülmüttəlib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Allahı Rəbb, İslamı din və Muhəmmədi rəsul qəbul edən adam, imanın dadını dadmışdır.” (Səhihi-Müslim, Kitabül-İman, Hədis №56 )

•  Əbu Hüreyrə (r.a), rəvayət edir ki, Rəsulullah (s.ə.s) belə buyurdu: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş ola bilməzsiniz.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 93)

•  Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «İman altmış və bir neçə şöbədən ibarətdir, həya da imanın şöbəsindəndir» «Səhih əl-Buxari İman kitabı, 1/9 səh.67»

 

Namazla əlaqədar seçilmiş hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Sizdən birinizin qapısının önündən bir çay axsa və o da bu çayda hər gün beş dəfə yuyunsa, üzərində kirdən bir şey qalarmı?” deyə soruşdu. Ətrafındakılar; “Xeyr, heç bir kir qalmaz” dedilər. Rəsulullah (s.ə.s) da belə buyurdu: “Elə bu, beş vaxt namaza bir misaldır. Allah (cc) bu namaz səbəbiylə xətaları yox edər” (Səhihi-Buxari, Kitabu Məvakitis-Salat, c.İ, səh.134; Səhihi-Müslim, Kitabul Məsacid № 283)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Bir kəs evində gözəlcə təmizlənir və sonra, Allahın fərzlərindən birini yerinə yetirmək məqsədilə Allahın evlərindən (məscidlərindən) birinə gedərsə, atdığı hər iki addımdan biri bir günahını silər, digəri də onu bir dərəcə (onun bir dərəcəsini) yüksəldər.” (Səhihul-Müslim, Kitabul-Məsacid, Hədis №282)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Kim, (namaz üçün) məscidə gedib gələrsə, hər gedib gəldiyində Allah Təala ona cənnətdəki qonaq yerini hazırlayar.” (Səhihi-Buxari, Kitabul-Əzan, c.İ, səh. 161)

•  Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Allah Azzə və Cəllə, beş vaxt namazı fərz qılmışdır. Kim gözəlcə abdəstini alar, namazları vaxtında qılar, rüku və səcdəsini xüşu içində tamamlayarsa, Allahın, o kəsi bağışlayacağına dair bir əhdi vardır. Bunları etməyən kəs üçün isə Allahın hər hansı bir əhdi yoxdur. İstərsə o kəsi bağışlayar, istərsə əzab verər.” (Sünəni Əbi Davud, Kitabus-Salat, Hədis № 425)

•  İbn Cüreyc (r.a) rəvayət edilir: Mənə Əbu Zübeyir xəbər verdiki, o, Cabir ibn Abdullahın, belə dediyini eşitmişdir: Mən Rəsulullahdan (s.ə.s) belə buyurduğunu eşitdim: “İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 2752, 2753)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bizim qıldığımız namazı qılar, qibləmizə yönələr, kəsdiyimizi yeyərsə, O, Allahın və Rəsulullahın əhd və əmanını haqq edən müsəlmandır. Siz, o kəsin Allaha (və Rəsulullaha) qarşı əhd və əmanına xəyanət etməyin” (Səhihi-Buxari, Kitabus-Salat, c.İ, səh. 102)

•  Muaz ibn Cəbəl (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər işin başı İslam, dirəyi namaz və zirvəsi də cihaddır.” (Sünəni-Tirmizi, Kitabul-İman, Hədis № 2749).

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qulun, qiyamət günündə hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazı tam və doğru çıxarsa qurtulmuş və qazanmışdır. Əgər xətalı çıxarsa, hüsrana uğrayacaqdır. Fərz namazlar düzgün, ancaq əksik olduğunda (qılmadıqları varsa) Əziz və Cəlil olan Allah buyurur ki: “(O qulumun) fərz namazlarını nafilələri ilə tamamlayın.” Sonra digər əməlləri də bu tərzlə hesaba çəkilir.” (Sünəni-Tirmizi, Kitabus-Salat, Hədis № 409)

•  İbn Ömərdən rəvayət olunduğuna görə: “Hz. Peyğəmbər (s.ə.s) namaza başlayarkən əllərini çiyinlərinin səviyyəsinə qaldırardı (təkbir alardı).” (Təcridi-Sarih Tərcüməsi, c. II, səh. 696)

•  Vail ibn Hucrun (r.a) rəvayət olunur: Allah Rəsulunu (s.ə.s) (namaz qıldığı vaxt) gördüm. Səcdəyə gedərkən dizlərini əllərindən əvvəl yerə qoydu. Səcdədən qalxarkən də əllərini dizlərindən əvvəl yerdən qaldırdı. (Sünnəni-Əbu Davud, Kitabus-Salat, Hədis № 57.)

 

Oruca aid seçilmiş hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə, ramazanın fəzilətinə inanaraq və mükafatını (Allahdan) umaraq oruc tutarsa, o kimsənin keçmiş günahları əfv olunur. (Səhihi-Buxari, Kitabus-Savm, c. II, səh. 288; Sünəni-Tirmizi, Oruc Babları, Hədis No: 678; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh. 157).

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki yalan söyləməyi və yalanla əməl etməyi tərk etməzsə, o kəsin yeməsindən, içməsindən uzaqlaşıb ac durmasına Allahın ehtiyacı yoxdur. “

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Oruc bir qalxandır. Oruclu, pis söz söyləməsin. Oruclu, özünə sataşmaq və özüylə dalaşmaq istəyənə iki dəfə “Mən orucluyam” desin. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allah Təala yanında müşk iyindən daha təmizdir. (Allah buyurmuşdur ki:) Oruclu kəs mənim rizam üçün yeməsindən, içməsindən, cinsi arzusundan uzaq olmuşdur. Oruc sadəcə mənim üçün (edilən bir ibadət)dir. Onun əcrini də mən verəcəyəm. Halbuki, başqa ibadətlərin hamısı on misliylə ödənməkdədir.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, səh 226; Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No 1151; Sünəni Əbi Davud, Kitabus-Savm, Hədis No: 2363)

•  Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah təala belə buyurdu: Oruc mənim (rizam) üçün (edilən bir ibadət)dir. Onun qarşılığını da mən verərəm. Oruclu üçün iki sevinc vardır: Bir iftar etdiyi vaxt, digəri də Rəbbinə qovuşduğu vaxt.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No: 1151; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh.159-160)

•  Əbu Umamədən (r.a) rəvayət edilir: Mən Rəsulullaha (s.ə.s): “Mənə bir şey əmr et ki: Allah məni onunla faydalandırsın.” dedim. Buyurdu ki: “Sənə orucu tövsiyə edirəm. Ona davam et. Çünki, o, bənzəri olmayan bir ibadətdir.” (Sünəni-Nəsai, Kitabus-Siyam, c.IV, səh.165)

 

Zəkat və həccə aid seçilmiş hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Malının zəkatını verdiyin vaxt, şübhə yox ki, üzərinə düşən vəzifəni etmiş olarsan” (Sünəni-Tirmizi, Kitabuz-Zəkat, Hədis № 614).

•  Bir nəfər Peyğəmbərimizə (s.ə.s): “Ya Rəsulullah! Zəkatdan başqa (malım haqqında) üzərimə düşən başqa bir şey varmı?” deyə soruşanda, Rəsulullah (s.ə.s), ona; “Xeyr, Ancaq könüllü olaraq verərsən o başqa” cavabını vermişdir.

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, Allah bir kəsə mal verdiyi halda o malın zəkatını verməzsə, zəkatı verilməyən mal, qiyamət günündə sahibi üçün, çox zəhərli, erkək bir ilan surətinə qoyular. Bu ilanın iki gözü üstündə iki nöqtə vardır. Bu azğın ilan qiyamət günündə mal sahibinin boynunda boyunbağı olacaq. Sonra ilan, sahibinin çənəsini iki tərəfindən tutub, “mən sənin malınam, mən sənin xəzinənəm” deyər. (Səhihi-Buxari, Babü Vücübüz-Zəkat, c.2.səh.110-111)

•  İbn Şümamə əl-Mehridən (r.a) rəvayət edilir: Əmr ibn As ölüm xəstəliyində ikən onun yanına getmişdik. Əmr ibn Asl, Rəsulullahın (s.ə.s) belə buyurduğunu söylədi: “Həqiqətən İslam (müsəlman olmaq,) özündən əvvəlki günahları yox edər... Həcc də özündən əvvəlki günahları yox edər.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis № 121.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim, Allah rizası üçün həcc edər, bu əsnada çirkin sözlər söyləməz, günah və pis bir hərəkət etməzsə, o kəs, anadan yeni doğulmuş kimi tər-təmiz, günahsız bir halda geri dönər” (Səhihul-Buxari, Kitabul-Həcc, c.2, səh. 141)

•  Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) bizə bir xütbə etdi və “Ey insanlar! Allah Təala, üzərinizə həcci fərz qıldı. Həcc edin.” buyurdu. Bundan sonra bir nəfər; “Hər ilmi, ya Rəsulallah:” deyə soruşanda, Peyğəmbərimiz (s.ə.s) sükut etdi. O nəfər də sualı üç dəfə təkrar etdi. Sonra Rəsulallah (s.ə.s) belə buyurdu: “Əgər mən (bu suala cavabən) “bəli” desəydim, hər il həcc etmək mütləq vacib olardı və sizin buna əsla gücünüz yetməzdi.” (Səhihi-Müslim, Kitabul-Həcc, Hədis № 1337)

 

Səhabələrə dair seçilmiş hədislər

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanların xeyirlisi yaşadığım dövrdə yaşayanlardır. Sonra onları təqib edən (tabiunlar), sonra da onları təqib edən (təbəut-tabiun) gəlir.” (Səhihi-Müslim, Kitabu Fədailus-Səhabə, c.VII, səh. 479-480)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əshabıma dil uzatmaqdan uzaq durun. Məndən sonra qəti onları hədəf tutmayın. Kim onları sevərsə məni sevdiyinə görə sevmiş olar. Kim də üz çevirərsə, məndən üz çevirdiyi üçün olar. Onlara əziyyət verən mənə əziyyət vermiş olar, mənə əziyyət verən isə Allaha əziyyət verir deməkdir. Allah, özünə əziyyət edəni yaxında yaxalayar. (Mişkatül-Məsabih. c.III .səh.219, Hədis №6005)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: Məni görüb iman edənlərə müjdələr olsun, məni görənləri də görənə müjdələr olsun. (İbn Həcər əl-Əsqəlani, əl-Mətalibul-Aliyyə, c. IV, səh. 156)

 

Dua və tövbə ilə əlaqədar seçilmiş hədislər

•  Şəddad ibn Əvs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İstiğfar dualarının ən üstünü, bu şəkildə dua etməndir: “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa qulluğa layiq heç bir ilah yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam və gücüm yetdiyi ölçüdə sənə verdiyim söz və vədin üzərində dururam. Etdiyim pis şeylərin şərindən sənə sığınıram. Mənə ehsan etdiyin nemətləri ikrar, günahımı etiraf edirəm. Məni bağışla. Çünki, günahları ancaq Sən bağışlayırsan”. Kim bu duanı ixlasla və fəzilətinə inanaraq gündüz oxuduqdan sonra o gün axşam olmadan ölərsə cənnətlik olar. Kim də ixlasla və fəzilətinə inanaraq gecə oxuduqdan sonra səhər olmadan ölərsə o da cənnətlikdir”. (Buxari, Kitabud-Dəavat, c. VII, səh. 145).

•  Ayişə (r.anha) gələn bir rəvayətə görə, Allah Rəsulu (s.ə.s), vəfatından öncə: “Allahım! Səni nöqsan sifətlərdən tənzih edər, Sənə həmd edirəm; Səndən əfv və məğfirət dilər, Sənə tövbə edirəm.” Duasını təkrarlamağı adət etmişdi. (Riyazus-Salihin, c. IIİ, səh. 392).

•  Peyğəmbərimiz (s.ə.s) də heç bir günahı olmadığı halda, gündə yetmiş səfər istiğfar edərdi. (ət-Tac, c. V, səh. 147).

•  Abdullah ibn Abbas (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim günahdan tövbə ilə istiğfara davam edərsə, Allah, o kimsəni hər darlıq və sıxıntıdan xilas edər, hər qəm və kədərdən azad qılar, onu heç ummadığı yerdən riziqləndirər” (Əbu Davud, Kitabus-Salat, c.II, səh. 179)

•  Əbu Musa əl-Əşaridən (r.a): Allah Rəsulu (s.ə.s): “Ey insanlar! Canınıza yazığınız gəlsin, səsinizi yüksəltməyin. Şübhəsiz siz nə bir karı çağırır, nə də olmayan bir adamı çağırırsınız. Dua etdiyiniz Allah, şübhəsiz sizinlə bərabərdir. O sizə çox yaxındır, və sizi çox yaxşı eşidir” buyurdu. (Müslim, Kitabuz-Zəkat, c. IV, səh. 2076)

•  Ənəs ibn Malikdən (r.a) gələn bir rəvayətdə, Allah Rəsulunun (s.ə.s) ən çox oxuduğu dua bu idi, deyilmişdir: “Ey Allahım! Bizə dünyada da axirətdə də gözəllik, yaxşılıq, səadət ver və bizi cəhənnəm əzabından qoru!” (Buxari, Kitabud-Daavat, c. VII, səh. 163; Müslim Ktiabuz-Zikr, c. IIİ, səh. 2069).

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: Günah işləyən heç bir kim yoxdur ki, gözəlcə abdəst alaraq iki rəkat namaz qıldıqdan sonra istiğfar etsin də Allah onu bağışlamamış olsun.

•  Abdullah bin Busurdan (r.a) belə rəvayət edir: «Bir şəxs Allahı elçisinə (s.ə.s) dedi: «Ey Peyğəmbər, islam ayinləri o qədər çoxdur ki, hamısı yadda saxlaya bilmirəm. Mənə elə bir şey öyrət ki, mən ondan bərk yapışım». Peyğəmər (s.ə.s) buyurdu: «Qoy dilin Allahı zikr etməkdən qurumasın» «ət-Tirmizi, 5/458» «İbn Macə, 2/1246» «Həmç bax: ət-Tirmizi, dəqiq. nəşr, 3/139» «İbn Macə, dəqiq. nəşri, 2/317»

•  Ən-Nümandan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Dua ibadətdir» «Səhih hədislər silsiləsi, 6/326»

•  Salman əl-Farisnin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizin Rəbbiniz Həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmasından utanır» «Əbu-Davud, 1485-ci hədis»

 

Halal və haramla əlaqədar seçilmiş hədislər

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Kim haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirərsə qiyamət günü qəsb etdiyi torpaq parçası onu yeddi qat yerin dibinə batırar. buyurduğu İbn Ömərdən (r.a) rəvayət edilmişdir. (Buxari, Məzalim 13; Budul-Xalq 2; Müslim, Müsaqqat, 30)

•  Numan ibn Bəşirdən, (r.a) rəvayət edilmişdir. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu eşitdim: Halal müəyyəndir, haram da müəyyəndir. Bu ikisinin arasında çox kəslərin bilmədikləri şübhəli şeylər vardır. Bir kəs bu şübhəli şeylərdən uzaq durarsa, dinini və namusunu qorumuş olar. Bir qoruğun ətrafında heyvanlarını otladan çobanın, hər ehtimalla qoruğa girməsi necə mümkünsə, şübhəli iş işləyənlər də bunun kimi harama düşə bilərlər. Diqqət edin! Hər hökmdarın bir qoruğu vardır. Allahın qoruğu da haram qıldığı şeylərdir” (Buxari, Kitabul-İman, c. İ, səh. 19)

•  Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan birinin yanına gəldi. Ona “bunu necə satırsan?” deyə soruşdu. Adam başa saldı. Elə bu anda əlini qida maddəsi olan bir kisənin içinə soxması vəhy edildi. Əlini qaldıranda nə görsə yaxşıdır, alt tərəfi islaqdır. Bundan sonra “Alış verişdə, hər işində hiylə edən bizdən deyildir” buyurdu. (Müslim, İman 43; Əbu Davud, Buyu, 52)

•  Abdullah ibn Əmrdən (r.a) rəvayət edildiyinə görə: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” demişdir. (Tirmizi, Əhkam, 9)

•  Əbu Hüreyrədən (r.a) rəvayət edilmişdir. Hz. Peyğəmbər: “Zəndən uzaq durun; çünki zənn, sözün, yalanı ən çox olanıdır. Bir-birinizin qüsurunu görməyin; xüsusi həyatını araşdırmayın. Almayacağınız bir malın qiymətini, sırf alıcıya zərər vermək üçün, artırmayın. Bir-birinizə həsəd etməyin; bir-birinizə üz çevirməyin. Bir-birinizə qarşı kin bəsləməyin. Ey Allahın qulları, qardaş olun!” buyurmuşdur. (Buxari, Vəsaya 8, Nikah 45; Ədəb 57,58; Müslim, Birr 9)

•  Əsma bint Yezid nəql edir ki: Hz. Peyğəmbər (s.ə.s) buyurdu ki: “Sizə xeyirlilərinizi xəbər verimmi?” Səhabələr; “Bəli ver” dedilər. “Üzlərinə baxıldığı zaman Allah xatıra gələnlərdir. Ən Pislərinizi də xəbər verimmi?” Əshab “bəli” dedilər. “Aravuranlar, sevənlərin arasını vuranlar, insanları bir-birindən ayrı düşürmək istəyənlərdir.” (Əxlaqi Hədislər, I/338).

•  Süfyan ibn Useyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qardaşın sənə inanarkən, sənin ona yalan söyləyərək danışman, ən böyük xəyanətdir. (Əbu Davud, Ədəb, 79)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir. Ağzını pozaraq dil uzadan birinə cavab ver(ib daha çox söy)mək də böyük günahlardandır. (Əbu Davud, Ədəb, 40)

 

Quran öyrətmək və öyrənməyin fəziləti haqqında seçmə hədislər

•  Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. (Sünəni-Tirmizi, Kitabüs-Səlat, 349; Sünəni-İbn Macə, Muqəddimə, 16.)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Hər kim Allah Təalanın Kitabından bir hərf oxusa bunun əvəzində ona bir savab vardır və hər savab on misliylədir. (Sünəni-Tirmizi, Babu Fəzailil-Quran, Hədis: 3076.)

•  Əbu Musa əl-Əşari (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qurani-Kərimi oxuyan və lazım olduğu kimi əməl edən mömin, dadı gözəl, iyi də sitrus meyvələr kimidir. Quranı-Kərimi oxumayan, ancaq hökmləri ilə əməl edən mömin isə, dadı gözəl olan, fəqət iyi olmayan xurma kimidir. (Səhihi-Buxari, Kitabul-Fəzailil-Quran, c. VI səh. 115.)

•  Ayişə (r.anha) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Qurani-Kərimi yaxşı bilib oxuyan, comərd, itaətkar olan mələklərlə bərabərdir. Qurani-Kərimi çətinliklə oxuyan kimsəyə də iki savab vardır.” (Səhihi-Buxari, Tövhid Kitabı, 52)

•  Uqbə ibn Amir rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizdən hər hansı biriniz məscidə girər, Əziz və Cəlil olan Allahın Kitabından iki ayə oxuyarsa və ya öyrənərsə, bunlar onun üçün iki dəvədən daha xeyirlidir. Üç ayə onun üçün üç dəvədən daha xeyirlidir. Dörd ayə onun üçün dörd dəvədən daha xeyirlidir. Bu ayələrin sayları eyni şəkildə artdıqca, o qədər dəvədən daha xeyirlidir.” (Səhihi-Müslim, Kitabu Salatul-Musafirin, Hədis: 251 (803)).

 

Elm haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər hansı bir camaat, Allah Təalanın evlərindən bir evdə toplanar, Qurani-Kərim oxuyar və onu aralarında müzakirə edərsə, şübhəsiz ki, onların üzərinə hüzur və səkinə (mənəvi rahatlıq) enər; onları rəhmət əhatə edər, mələklər onları əhatə edər və Allah Təala onları, öz dərgahındakı xeyirli topluluq arasında yad edər.” (Müslim, Zikir Kitabı, 38)

•  Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə elm öyrənmək üçün yola çıxarsa, Allah Təala da onu cənnət yollarından bir yola qoyar; mələklər də elm tələbəsinin rizası üçün qanadlarını açarlar. Göylərdə və yerdə olanlar, hətta suyun içindəki balıqlar, alim üçün Allah Təaladan əfv və məğfirət diləyirlər. Alimin abidə üstünlüyü tamamlanmış ayın digər ulduzlara üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər miras olaraq dinar və dirhəm deyil, elm buraxmışlar. Kim onu (elmi) alarsa (bu mirasdan) bol pay almış olar.” (Sünəni-Əbi Davud, Elm Kitabı, 1)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ancaq iki xüsusiyyət sahibinə qibtə edilər. Biri Allah Təalanın ona mal-mülk verdiyi kimsədir ki, bu malı Allah Təala yolunda xərcləmək üzrə qüvvətləndirilmişdir. Digəri isə Allah Təalanın ona hikmət ehsan etdiyi kimsədir. O, bu hikmətlə hökm edər və onu başqalarına da öyrədər” (Səhihi-Buxari, İman Kitabı, 15)

•  Əbu Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bir xeyirli işə dəlalət edərsə (yol göstərər və səbəb olarsa) ona o xeyir işi edən kimsəyə verilən savab qədər savab vardır” (Sünəni-Tirmizi, Elm Babı, Hədis: 2809)

•  Kəb ibn Malik(r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: (“Elm adamlarına qarşı mübarizə aparmaq (elmilə öyünmək) və ya səfeh kimsələrlə mücadilə etmək ya da xalqın diqqətini özünə cəlb etmək üçün elm öyrənən kimsəni Allah Təala cəhənnəmə atacaqdır.” (Sünəni-Tirmizi, Elm Babı, Hədis: 2792)

•  Əbu Hüreyrədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: «Adəm övladı vəfat etdikdən sonra əməl dəftəri bağlanır. Yalnız üç şeydən başqa: (Yəni vəfatından sonra da bu üç şey ona savab qazandırır) Ardı kəsilməyən sədəqə (yol çəkdirmək, su quyusu qazdırmaq, və s.) fayda verən elm və valideyn üçün dua edən əməlisaleh övlad» «Muslimin Səhih əsəri, 1631-ci hədis»

•  Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Elmə öyrənməklə, həlim olmağa isə mülayimliklə yiyələnmək olar. Xeyrə nail olmaq üçün səy göstərən onu əldə edər, şərə düşməmək üçün səy göstərən də ondan qorunar» «Silsilətu-l-əhadisi-sahihə 342» «Səhihu-l-cami, 2328» (Hədis həsəndir)

•  Hər kim elm axtarmaq məqsədiylə bir yola çıxarsa, Allah, ona cənnətə çatan yolu asanlaşdırar.” (Tirmizi, Elm Babı, HN: 2784)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Elm öyrənmək, hər müsəlmana fərzdir.” (İbn Macə (Tərcümə və Şərh, H.Xətiboğlu) 1/387)

 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə