GİRİŞ 3 Ailənin psixoloji iqlimi 5




Yüklə 94.95 Kb.
tarix24.04.2016
ölçüsü94.95 Kb.
MÜNDƏRİCAT
GİRİŞ ------------------------------------------------------------------------------------3

  1. Ailənin psixoloji iqlimi -----------------------------------------------------------5

  2. Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu ---------------------8

  3. Ailə münasibətlərinin pozulmasının uşaq psixikasına təsiri ----------------16

NƏTİCƏ -------------------------------------------------------------------------------20

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ------------------------------------------21



GİRİŞ

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmli bir ünsür, hamının rahatlıqda sığınıb isindiyi bir yuvadır. Ailə məsələsi bütün dövrlərdə bütün insanları, dövlətləri düşündürən, onlar üçün hər şeydən zəruri olan bir məsələdir. Onun necə olması, təməlinin nə üzərində qurulması, övladların tərbiyəsi mənsub olduğu millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir. Təsadüfi deyildir ki, bir millətin davamı və əbədiliyi yaxşı yetişdirilmiş nəsillərlə mümkündür. Milli varlığı və mili ruhu yüksək olan nəsillərə!.. Əgər millətlər gələcəyini əmanət etməyə layiq mükəmməl bir nəsil yetişdirməmişsə, onların istiqbalı qaranlıqdır. Şübhəsiz ki, bu işdə əsas vəzifə ata və anaların üzərinə düşür. Valideynlər öz yaşantıları ilə gənclərə yaxşı mənada nümunə olmalıdırlar. Yeni nəsillərə ötürəcəkləri davranışları öncə özləri yaşamalı, bunu vicdanlarında hiss etməli, “Alim bilən deyil, bildiyini vicdanında duyandır” düsturunu əsas götürməlidirlər.

Biz sükanı fırtınalı dənizdə gəmini batırmayan əmin əllərə vermək istəyiriksə, xudbinlikdən, eqoizmdən əl çəkməli, “mən” əvəzinə “biz” deməliyik. Özü yerdə, könlü göylərdə olan bir nəsil üçün! Bütün çətinliklərə və yeni fikirlərə açıq olan bir nəsil üçün var olmalı, bəsirətlə yaşamalı və əldə olan imkanlardan son damlasına qədər istifadə etməliyik.

Ata və analar düşünməlidirlər ki, uşaq ailənin güzgüsüdür, o, hər yerdə öz ailəsini təmsil edir. Uşağın xarakteri ata və ana arasındakı münasibətə əsasən formalaşır. Bir ailədə nələr yaşanırsa, ətrafa da o əks olunacaq. Valideynlərin bir – birinə müraciəti, qarşılıqlı münasibəti uşaqlar üçün bir ölçüdür. Bunlar hiss olunmadan uşağın xarakterini formalaşdırır. Ata – ana bir – birinə hörmət edir, müraciətlərində xoş sözlər işlədirsə, uşaq da hər birinin yerini buna görə müəyyənləşdirir və onlara qarşı münasibəti də bu ölçülər üzərində formalaşdırır.

Ata – analar davranışlarını elə nizamlamalıdırlar ki, uşaqlar onları bir dost, sirdaş və bir sevgi örnəyi kimi görsünlər, onlara mələk nəzəri ilə baxsınlar. Doğru sözün yanında doğru hərəkət çox önəmlidir. Uşaq valideynlərinin sözləri ilə əməlləri arasındakı təzadı görərsə, onlara qarşı olan inamı azalar.

Valideynlər unutmamalıdırlar ki, gözəl fidanlar gözəl torpaqlarda yetişir və hər nəsil özündən daha üstününü yetişdirməyə borcludur.




  1. Ailənin psixoloji iqlimi

Ailənin psixoloji iqlimi ərlə arvadın, valideynlərlə uşaqların, uşaqlarla uşaqların qarşılıqlı münasibətlərinin xarakteri ilə müəyyən olunur və bilavasitə onları əks etdirir. Əgər ərlə arvad bir – birinə rəğbət bəsləyirsə, hörmət edirsə, qəlbən yaxındırlarsa, ailədə psixoloji iqlim də əlverişli olur. Bu keyfiyyətlərdən hər hansı birinin olmaması və ya əks keyfiyyətə çevrilməsi, ər – arvad münasibətlərində soyuqluq yaradır. Ər –arvad arasında hətta ötəri bir narazılıq əmələ gələn kimi ailənin psixoloji iqlimi də bu və ya digər dərəcədə dəyişir.

Ailənin psixoloji iqliminə başqa amillər də təsir göstərir ki, onların təsiri altında ailədə, adətən şadlıq əmələ gəlir və yaxud qanıqaraçılıq yaranır. Bu əhval – ruhiyyə hətta günlərlə davam edir.

Lakin diqqətlə fikir versək, belə bir cəhəti asanlıqla görə bilərik ki, ailə üçün gözlənilməz olan hər hansı bir hadisə və ya şərait onun psixoloji iqliminə öz – özlüyündə deyil, məhz ər – arvad yaxud valideynlər – uşaqlar arasındakı münasibətlər vasitəsilə təsir göstərir. Ailənin psixoloji iqliminin nüvəsi məhz ailə münasibətləri ilə bağlıdır. Ərlə arvad arasındakı münasibətlər möhkəm olanda hətta təsadüfən baş verən xoşagəlməz hadisə ailəni əslində sarsıda bilmir: ata – ana dərdi birlikdə çəkir, ailə üçün ən çətin olan anda bir – birlərinə həyan olurlar. Ailə münasibətləri möhkəm olmadıqda isə heç kəsin gözləmədiyi halda bu və ya digər xoşagəlməz hadisə ər – arvadı nəinki yaxınlaşdırmır, əksinə, bir – birindən daha da uzaqlaşdırır. Onlar bir –birini günahlandırmağa, təqsiri bir – birinin üstünə atmağa başlayırlar. Söz = söhbət, qanıqaraçılıq günlərlə davam edir. Ailənin psixoloji iqlimini ən ümumi şəkildə nəzərdən keçirsək, onda bu xüsusiyyətləri qeyd edə bilərik: hər bir sosial qrupda olduğu kimi, ailədə psixoloji iqlim insanların həyat fəaliyyətinin mühüm bir sahəsini təşkil edir, ailə üzvlərinin gümrahlığı və fəallığı bilavasitə ondan asılıdır. Doğru deyirlər ki, bədbinlik – passivlik nikbinlik – iradə deməkdir.

Psixoloji iqlim ailə üzvlərinin, birinci növbədə ovqatlarına təsir göstərir. Ər və arvad bir yersiz söz dedikdə onlardan hər hansı birinin qanı qaralır. Lakin psixoloji iqlimin xüsusiyyətlərini başa düşmək üçün təkcə hər hansı bir həyati şəraitdə, situasiyada ər – arvadda yaranan ovqatı aydınlaşdırmaqla kifayətlənmək olmaz. Onun nəticələri daha genişdir. Ər və arvad həyatından razıdırmı? Onlar öz həyatlarını və qarşılıqlı münasibətlərini necə qiymətləndirirlər? Ərlə arvad bir –birinə nə üçün rəğbət bəsləmir, hörmət etmir və ya yaxınlıq göstərmir? Onlar bir – biri haqqında hansı rəydədir? Ailədə hansı əhval üstündür? Bir – birini düzgün başa düşürlərmi? Bir – birlərinə güzəştə gedə bilirlərmi? Ailə məişətində fəal iştirak edirlərmi?... Bu sualların hər biri ailənin psixoloji iqlimi ilə az və ya çox dərəcədə bağlıdır.

Psixoloji iqlim ailə üçün həyati əhəmiyyətə malikdir. Ailədə əlverişli psixoloji iqlim xoş güzəran, mənalı ömür psixi sağlamlıq deməkdir. Ər – arvadın ünsiyyəti ailədə psixoloji iqlimin əlverişli olduğunu göstərən mühüm əlamətlərdən biridir. Bunun böyük həyati mənası vardır. Mütəxəssislərin fikrincə, ər – arvad ünsiyyəti prinsip etibarilə çox mühüm psixoterapevtik vəzifəni yerinə yetirməlidir.

Ərlə arvadın ünsiyyəti onların hər ikisinin işdən sonra psixoloji cəhətdən sakitləşməsi, gərginlikdən azad olması üçün ən təsirli vasitə olmalıdır. Ərlə arvad söhbəti onlardan hər birinin işdə və evdə rastlaşdığı çətinliklərin həllinə kömək göstərməlidir. Sosioloji tədqiqatlara görə, ailədə psixoloji iqlim əlverişli olduqda arvad həmişə öz dərdini əri ilə bölüşdürür, ondan mənəvi psixoloji kömək alır. Halbuki, qarşılıqlı münasibətlərin normal inkişaf etmədiyi uğursuz ailələrdə arvadların yalnız 16,7% - i özlərinin həll olunmamış problemləri və çətinlikləri haqqında ərlərinə məlumat verirlər.

Ailənin psixoloji iqlimi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Uşaqlar ananın əhvalına qarşı çox həssasdırlar, onu asanlıqla sezirlər. Ana hətta xəlvətcə ağlasa da, uşaqlar bunu başa düşür və xiffət edirlər. Uşaqlar bilavasitə ananın həyatı ilə yaşayırlar. Ananın əhvalı bilavasitə uşaq ürəyinə yoldur, onların psixi sağlamlığına güclü təsir göstərir. Ana güləndə, şad olanda evin divarları da sanki gülür. Uşaqlar fərəhli və gümrah ömür sürür, özlərini bəxtiyar sanırlar.

Psixoloji iqlim ailə üzvlərinin bir – birinə və ailəyə münasibətində özünü büruzə versə də, bununla məhdudlaşmır. Onlar zəruri surətdə insanların bütövlükdə dünyaya münasibətlərinə, dünya duyumuna təsir göstərir; şəxsiyyətin sərvət meyllərində əks olunur, onun öz işinə və özünə münasibətlərində izsiz qalmır. Ailədə psixoloji iqlim əlverişli olduqca ər və arvad valideynlər və uşaqlar bir – birlərini və özlərini yüksək qiymətləndirirlər. Bu isə onların əmək fəaliyyətində, işə münasibətlərində müxtəlif formada əks olunur. Hər bir kişi və qadın öz ailəsinin psixoloji iqlimini işlədikləri müəssisəyə də aparırlar. Evdən işə dilxor, əsəbi gəlmiş ər yaxud arvad özündə kifayət qədər nəzarət etmədikdə zay məhsula yol verir, əməyinin səmərəsi azalır.

Bir çox hallarda onlar öz sevinc və dərdlərini iş yoldaşlarına danışır, bəzən hissə qapılır, öz giley – güzarlarına hədd qoymurlar. Belə adamlar nəticə etibarilə öz ailələrini hörmətdən salmış olurlar.

Ailədə əlverişli psixoloji iqlimi kim yaratmalıdır? Şübhəsiz, ər və arvad. Mütəxəssislərin fikrincə, ailədə psixoloji iqlimin yaradılmasında ana daha fəal rol oynamalıdır. Ailədə yaranan emosional münasibətlərin mərkəzində ana dayanır. İstər ər – arvad münasibətlərində, istərsə valideyn – övlad münasibətlərində emosional çalarlar bilavasitə ana ilə bağlıdır. O, bu mühüm vəzifəni müvəffəqiyyətlə yerinə yetirir: insan münasibətlərini daha yaxşı başa düşür, onları emosional yolla məharətlə tənzim edir. Ağlayan uşağı ovundurmaq üçün ananın onu bəlkə də bircə dəfə oxşaması, bağrına basması kifayətdir. Bəli, ana ən yaxşı psixoloq, ən mahir nevropatoloqdur. Ailə məişətinin bütün əsas məsələləri məhz onun əlində toplanmışdır. Ailənin psixoloji iqlimi ananın ailə kollektivinin əməyini, həyatını necə təşkil etməsindən əhəmiyyətli dərəcədə asılıdır.

Ümumiyyətlə ağıllı və təcrübəli ər – arvadlar təklikdə, mehriban ünsiyyət şəraitində özlərinin narazılıqlarını səmimi şəkildə bir - birinə bildirir, mübahisəli məsələləri aydınlaşdırırlar. Bu, ərlə arvadın bir – birinə əsir göstərməsi yollarından biridir. Lakin əri tənqid etmək heç də təhqir etmək deyildir. Burada söhbət məhz ərin tənqidində deyil, onu harada və necə tənqid etməkdən, məzəmmət etməkdən, daha doğrusu, ünsiyyət mədəniyyətindən gedir. Ailə etikası kənar adamların, yaxın dostların, qohumların və uşaqların yanında həyat yoldaşını danlamağa və tənqid etməyə qətiyyən haqq qazandırmır. Kənar şəxslərin yanında ərini yerli – yersiz məzəmmət edən, onun üzünə qabaran və sair hərəkətlərə yol verən qadın onun ləyaqətini alçaldır, ərini istər – istəməz təkcə öz – özündən deyil, doğma ocağından, uşaqlarından soyudur.

Ailə də qarşılıqlı hörmət və tələbkarlıq, qayğı və kömək normal olmalıdır. Bunsuz ailədə əlverişli psixoloji iqlim haqqında danışmaq mümkün deyildir. Ərlə arvad arasında münasibətlər qarşılıqlı hörmət və tələbkarlığa, qayğı və köməyə əsaslanırsa, onlar bir – birini daha yaxşı başa düşür, güzəştə getməyi, “xırda” səhvləri bağışlamağı öyrənirlər.

Psixoloqlar uğurlu və uğursuz ailələrdə ər və arvadın özünə və həyat yoldaşına münasibətini öyrənərkən çox maraqlı bir fakt müəyyən etmişlər. Uğurlu ailələrdə öz ailə həyatından razı olan ər və yaxud arvad həyat yoldaşına tənqidi yanaşmaqdan daha çox özünə tənqidi yanaşır. Uğursuz ailələrdə isə ər yaxud arva günahı özündə deyil, həyat yoldaşında axtarır, şəri həmişə onun üstünə yıxır. Bu o deməkdir ki, həyat yoldaşını sevən qadın ona daha çox diqqətli, qayğılı yanaşır, nöqsanlarına dözür və lazım gəldikdə ona kömək etmək üçün ona əlindən gələni əsirgəmir.

Ailə həyatında ər – arvadın bir – birini başa düşməsinin böyük əhəmiyyətə malik olması kimə məlum deyil? Qarşılıqlı anlaşmaya əsaslanan ailə hamıya - ər və arvada, valideynlər və uşaqlara, gəlin və qayınanaya eyni dərəcədə lazımdır. Məgər ailədə “xırda” məsələlər üstündə az söz – söhbət olur? İş işdən keçəndən sonra aydınlaşır ki, ata böyük oğlunu, arvad ərini düzgün başa düşməmişlər.

İnsan həmişə istəyib ki, ətrafdakı şeyləri, özünü, başqa adamları dərk etsin. “Qarşılıqlı anlama” ifadəsində də bu prosesin ikitərəfliliyi öz əksini tapmışdır. Ərlə arvadın bir – birini düzgün başa düşməsi, ailənin möhkəmlənməsi, kollektiv kimi inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir. Bundan ötrü ər – arvad ailənin ümumi mənafeyi ilə yaşamalı, özünə başqa adamların, birinci növbədə həyat yoldaşının, uşaqlarının gözü ilə baxmağı, onların meyarları ilə qiymətləndirməyi bacarmalıdırlar.





  1. Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərinin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən mühüm vəzifələrindəndir. Biz yaxşı və pis uşaqlar haqqında danışırıq. Onların hər ikisinin atası var, anası da. Lakin valideynlərin öz - özlüyündə xeyirxah, arzularından asılı olmayaraq, biz evdə yaxşı, digərində isə pis uşaq böyümüşdür. Bunu nə ilə izah etmək olar? Sualı bir qədər də konkretləşdirərək: ailədə hansı şəraitdə yaxşı, hansı şəraitdə pis uşaq formalaşır? Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər? Əvvəlcə, tərbiyə anlayışı ilə tanış olaq.

Tərbiyə sözü adətən iki – dar və geniş mənada işlənilir. Dar mənada tərbiyə - tərbiyə edənin tərbiyə olunana məqsədyönlü təsiri prosesidir. Tərbiyə edən həmişə müəyyən məqsəddən çıxış edir; o, tərbiyə olunan ictimai təcrübəni aşılamaq, onda yaxşı və pis haqqında təsəvvür yaradırıq, bu və ya digər hadisəyə münasibət formalaşdırmaq, davranış və rəftar norması ilə tanış etmək, mənəvi keyfiyyətlər aşılamaq və s. məqsədilə müxtəlif üsulların köməyilə təsir göstərir.

Heç bir ailədə uşaq kor – koranə, kortəbii şəkildə tərbiyə edilmir. Hansı valideyn olur – olsun, o, uşaqların tərbiyəsində mütləq müəyyən pedaqoji məqsədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və ya səhvdir? Valideyn öz məqsədini necə həyata keçirir. Bu suallar ətrafında fikirləşmək lazımdır.

Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın xarakter daşımır, dəqiq olmur. Bu, uşaqların ailə tərbiyəsi işinə böyük ziyan vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, ata – ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları pedaqoji məqsədlər dəqiqliyi ilə seçilir. Pedaqoqlar valideynlərlə anket sorğusu keçirmişlər. Sualın bir belə idi: “Siz öz uşaqlarınızda, hər şeydən əvvəl, şəxsiyyətin hansı keyfiyyətlərini tərbiyə etmək istərdiniz? Valideynlərin əksəriyyəti bu keyfiyyətləri qeyd etmişlər: düzlük, xeyirxahlıq, kollektivdə yaşamaq və işləmək bacarığı, böyüklərə hörmət, əməyə məhəbbət, vətəndaşlıq. Uşağın yaxşı adam olmasını istəmək ülvi hissdir, lakin hələ kifayət deyildir. Bu “yaxşı adam” anlayışına hansı xarakter əlamətlərinin, hansı vərdiş, bacarıq, adət, hiss və s. daxil olduğunu bu və ya digər dərəcədə dəqiq aydınlaşdırmaq, uşağı “yaxşı adam” kimi böyütməyin üsul və vasitələrini bilmək lazımdır.

Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin insana təsirini nəzərdə tuturlar. Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amillərə ailə münasibətləri – ata ilə ana valideynlərlə uşaqlar, bacı ilə qardaş, və s. arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluş ikinci tip amillər sırasına daxil edilir.

İkinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz

Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları belə, uşaqların min bir tellə bağlı olduğunu ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz.

Ailə münasibətləri hər şeydən əvvəl, uşaqların emosiya və hisslərinə təsir göstərir. Onların yaşı artdıqca həmin münasibətləri mənimsəyirlər, bu zəmində də oğlan və qızların xarakter əlamətləri və s. formalaşır.

Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyir: “Əzizim əziz, tərbiyəsi ondan əziz”. Atalar sözünün hikməti aydındır. Uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Bunu hansı valideyn bilmir?

Gəlin, əvvəlcə ata – anaların nəyi bildiyini aydınlaşdıraq. Əhalinin təhsil – mədəni səviyyəsinin köklü surətdə yüksəlməsi valideynlərin pedaqoji mədəniyyətinə də mühüm təsir göstərmişdir. İxtisasından asılı olmayaraq onların böyük əksəriyyəti ailə tərbiyəsi problemləri üzrə qəzet və jurnallarda ardıcıl surətdə dərc olunan məqalələri maraqla oxuyur, televiziya və radioda ölkəmizin, o cümlədən, Respublikamızın tanınmış psixoloq, pedaqoq və həkimlərin söhbətlərinə diqqətlə qulaq asırlar. Son zamanlar ailə tərbiyəsi problemlərinə dair kitab və kitabçalara da maraq artmışdır. Lakin bir çox ailələrdə, xüsusilə gənc ailələrdə uşaqların tərbiyəsi sahəsində biz ciddi nöqsanlara rast gəlirik. Onlar, əlbəttə, təsadüfi xarakter daşıyır və müəyyən səbəblərlə bağlıdır. Bu haqda aydın təsəvvür əldə etmək üçün bəzi məsələləri xüsusilə göstərmək gərəkdir.

Son illər valideynlərin pedaqoji mədəniyyəti məsələlərini öyrənmək məqsədilə müxtəlif tədqiqatlar aparılmışdır. Alimlər müəyyən etmişlər ki, ata – anaların bir çoxunun ailə tərbiyəsi haqqındakı bilikləri çox ümumi, hətta bəzən səthi xarakter daşıyır. Belə valideynlər ailə tərbiyəsinin ən sadə məsələlərini belə yoluna qoymaqda çətinlik çəkirlər, buna görə də uşaqla “ağlı necə kəsirsə, elə də rəftar edir”. Bu zaman o, öz “tərbiyə üsullarının” nəticələrini əslində görmür, özünün atalıq və analıq borcunu pedaqoji baxımdan düzgün qiymətləndirə bilmir. Buna isə təəccüb etməyin. Bizə ailə pedaqogikasını kim öyrədir? Demək olar ki, heç kim ailə tərbiyəsi məsələlərini biz özümüz başqalarına – uşaq vaxtı ata və anamıza, sonralar isə qonum – qonşuya baxa – baxa çox vaxt onların səhvlərini təkrar edə - edə öyrənirik.

Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yolverilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata – ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz – söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir tərzdə, ana başqa cür, nənə isə tamamilə fərqli şəkildə təsir edir. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalaşması prosesini çətinləşdirir.

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında da yanlış təsəvvürlərə də az təsadüf olunmur. Bir çox ailələrdə əmək tərbiyəsinin əhəmiyyətsiz yer tutması, oyunlardan və birgə inkişaf etdirici məşğələlərin digər formalarından az istifadə edilməsi məhz bununla bağlıdır.

Gənc nəslin yaş, fərdi və cins xüsusiyyətlərinin, tələbat və imkanlarının hesaba alınması sahəsində də ciddi nöqsanlar vardır. Məsələn, psixoloqla müəyyənləşdirmişlər ki, 5 – 6 yaşında uşaqlar dil öyrənməyə çox həssas olurlar, onlar ana dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili, tutaq ki, ingilis dilini öyrənə bilərlər. Lakin təəssüflə, bildirməliyik ki, ailələr çox zaman bu böyük imkandan səmərəli istifadə etmirlər.

Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verirlər. Onlar çox zaman uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika sahəsinə isə maraq yaratmırlar.

Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata – analar hətta uşaqlar üçün “peşə seçəndə” belə onun “maddi cəhətdən sərfəli” olmasına diqqət yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud olması, mənəvi kasadlığı istər – istəməz uşaqların dünya, ailə, insan haqqında təsəvvürlərində əks olunur. Ailə tərbiyəsinə quru nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yeksnəsək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adi güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır.

Asudə vaxtın, ailədə gün rejiminin düzgün təşkilindən çox şey asılıdır. Bu, bəzi hallarda valideynin iradəsindən asılı olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailənin köməyinə yetməyə borcludurlar.

Müşahidələr göstərir ki, uşaqlar ən çox sərbəst olduqları - məktəbdən və ailədən gəzib – dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin, küçənin yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi – buluğa çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları arasında daha nüfuzluları olur. Digər uşaqlar onun ətrafında cəmlənir, məsləhəti ilə oturub dururlar. Həmin yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir.

Yeniyetmələrin hədsiz əzizlənməsi, hər cür tələblərinə güzəştə gedilməsi bəzi hərəkətlər və davranışlarında onlara sərbəstik verilməsi də pis nəticələnir. O, məktəbdən yayınır, papiros çəkməyə, içki içməyə, yaşlılara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır.

Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti vardır: valideynlərlə uşaqlar arasında münasibətlər şəxsi – emosional xarakter daşıyır. Ana uşaqla hisslərin dili ilə danışır. Ata məhəbbəti də şirindir, övladların qəlbini riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü də, zərifliyi də məhz buradadır. Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa, hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir. Ancaq bir şərtlə: ata – ananın məhəbbəti uşağı inkişaf etdirməlidir. Onun nəinki bugünkü, həm də sabahkı xoşbəxtliyinin rəhni olmalıdır.

Müasir ailələrdə uşaqların əzizlənməsi müxtəlif formalarda özünü göstərir: uşağı əmək qayğılarından azad edirlər, hamı onun canına and içir, adi sözünə əməl edir, nə desə o da olmalıdır, bərkə - boşa salmırlar, adi çətinlikləri belə onun üçün ata və ya ana aradan qaldırır... Bir də xəbər tuturlar ki, uşağın iddiası yerə - görə sığmır. Artıq böyük oğlandır, lakin ailənin dərdi – səri ilə maraqlanmır, yalnız özü haqda fikirləşir.

Tutduğu xoşagəlməz hərəkətlərə görə evdə heç bir cəza almayan, hətta valideynlərdən biri tərəfindən müdafiə edilən övladlar da vardır. Onlarda belə bir fikir yaranır :” Madam ki, ona hər şeyə icazə verilir, mane olan, xətrinə dəyən yoxdur, o, nə istəsə edə, hətta qanunu da poza bilər”. Nəvaziş və qayğının həddi gözlənilməlidir. Çox zaman uşaq həddindən artıq əzizləndiyi zaman “çətin” olur. Uşağı tez – tez, özü də yersiz tərifləmək, onun pis əməllərini alqışlamaq lazım deyil. Təəccüblü odur ki, bəzi valideynlər bu mətləbi başa düşsələr də, yenə də uşağı həddindən artıq qayğı ilə bürüyürlər, çünki bu çox asan yoldur. Uşağı əzizləməyə nə var ki, lakin onunla hər hansı bir əsəri müzakirə etmək, ona dil öyrətmək və s. isə çox çətindir. Çünki bu valideyndən təkcə vaxt yox, həm də bilik, bacarıq, pedaqoji səriştə tələb edir. Biz hər hansı bir qayğıdan uşağı azad etməklə onu həyata hazırlamırıq, bahalı şey almaqla onun başını qatırıq, əslində isə onu başımızdan edirik, öz ümidinə buraxırıq, yəni tərbiyəsi qayğısına qalmırıq.

Bir çox ailələrdə isə uşaqlara qarşı həddindən ziyadə tələbkarlıq göstərirlər. Cəzanın ədalətli olmasına fikir vermirlər. Bir çox hallarda cəza müstəsna dərəcədə sərt xarakter daşıyır. Uşağı qorxudurlar. Onda inamsızlıq hissi yaradırlar. Bəzi ailələrdə isə uşaq nadinclik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədikdə, xoşagəlməz iş tutduqda valideyn yerli – yersiz onu döyür. Bu isə uşağın düzgün tərbiyəsinə son dərəcə mənfi təsir göstərir, eyni zamanda valideyn uşağın gözündə nüfuzdan düşür. Fiziki cəzaya əl atan valideyn uşağa təkcə fiziki zədə deyil, həm də psixi zədə yetirir. Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə uşaqların mənlik şüuru inkişaf edir, onlar özlərini bir şəxsiyyət kimi yüksək qiymətləndirir, öz ləyaqət və şərəflərini bütün aydınlığı ilə başa düşürlər. Buna görə də uşaqları qətiyyən döymək olmaz. Uşağı döymək, onu təhqir etmək, ləyaqətini alçaltmaq, şəxsiyyətini tapdalamaq deməkdir. Lakin bu o demək deyil ki, uşağı cəzalandırmaq olmaz. Cəzanın müxtəlif növləri vardır. Onların bir çoxu ailə tərbiyəsində də bu və ya digər dərəcədə istifadə olunur. Lakin cəza məqsəd deyil, vasitə olmalıdır. Həm də uşağı addımbaşı danlamaq, utandırmaq və ya hədələmək yaramaz. Cəzalandırma valideyndən xüsusi məharət tələb edir.

F. E. Dzerjinski vaxtilə yazırdı ki, çubuq onların bədənini ağrıda bilər. Əgər onların qəlbləri inciyirsə, əgər bu kötək uşaqları öz arzularına zidd olan tərzdə hərəkət etməyə vadar edirsə, o zaman müəyyən bir müddətdən sonra çubuq uşaqları öz zəifliyinin əsirinə çevirəcək, onların üzərinə əbədi əziyyət verən ağır bir daş kimi çökəcək və hər cür əzab - əziyyətə dözməyə qadir olmayan ruhsuz, satqın, “vicdanlı” adamlara çevriləcək.

Ailədə tez – tez bədən cəzasına məruz qalan uşaq özgələşir, sırtıq, kobud, qəzəbli və cinli olur. Fiziki cəza uşağın qəlbində zərifliyi və həssaslığı məhv edir. Düzgün tərbiyə isə xoş rəftar və tələbkarlıqla yanaşı gedir. Tələbkarlıq – uşağın şəxsiyyətinə və ləyaqətinə təzyiq kimi deyil, ona etibar və hörmət zəminində olmalıdır. Valideyn ilk gündən öz uşağında düzgün adət və vərdişlər formalaşdıra bilmişdirsə, uşaq bircə sərt baxışdan səhvini anlayacaq, yaxşı işi ilə “günahını” yumağa çalışacaqdır. Tutduğu əməllərə görə uşaqda elə söhbətlər aparılmalı, elə təsir göstərilməlidir ki, o həmin pis hərəkətin onun üzvü olduğu, kollektivə, valideynlərə, ailənin şərəfinə, nüfuzuna, ümumiyyətlə, cəmiyyətə nə kimi zərər vurduğunu şüurlu surətdə dərk etsin, öz hərəkət və davranışına düşüncəli nəzarət etsin, yaşlıların xeyirxah məsləhətlərinə qulaq assın. Bunun üçün isə valideynlər, ilk növbədə, tərbiyənin məqsədini aydın təsəvvür etməlidir. A.S. Makarenko göstərirdi ki, bəzi ailələrdə bu məsələyə daim etinasızlıqla yanaşırlar: valideynlər və uşaqlar sadəcə bir yerdə yaşayırlar və valideynlər ümid edirlər ki, hər şey öz – özünə qaydaya düşəcəkdir. Belə valideynlərin nə aydın məqsədi, nə də müəyyən proqramı olur. Əlbəttə, belə hallarda tərbiyənin nəticəsi də həmişə təsadüfi olur və çox vaxt valideynlər sonra təəccüb edirlər ki, nə üçün onların maraqları korlanmışdır. Nəyə nail olmaq istədiyini bilmədən heç bir işi yaxşı görə bilməzsən.

Tərbiyənin məqsədi müxtəlif formalarda – ideya – siyasi tərbiyə, əmək tərbiyəsi, əqli tərbiyə, mənəvi tərbiyə, estetik tərbiyə, ekoloji tərbiyə, hüquq tərbiyəsi, fiziki tərbiyə və s. kimi həyata keçirilir. Bu sahədə ailənin öz imkanları və xüsusiyyətləri, uşaq bağçalarının, məktəbin isə öz imkanları və xüsusiyyətləri vardır. Lakin buna baxmayaraq onlar vəhdət təşkil etməlidir.

Bir məsələ də mühümdür. Əmək tərbiyəsi, mənəvi tərbiyə və ya əqli tərbiyənin ayrı – ayrılıqda özünəməxsus məzmunu, vəzifələri və üsulları vardır. Ata və ana onları yaxşı bilməlidir. Lakin nəzərə alınmalıdır ki, şəxsiyyət hissə - hissə tərbiyə olunmur. Onun formalaşması sistemli xarakter daşıyır. Tərbiyənin yuxarıda göstərdiyimiz tərkib hissələri hamısı bir məqsədə - şəxsiyyətin formalaşdırılması məqsədinə xidmət edir. Buna görə də ailə tərbiyəsində onların qarşılıqlı əlaqəsinə diqqət yetirmək vacibdir.

Uşaqlarda ictimai mülkiyyətə, ətraf aləmə, təbiətə, insanlar qarşı münasibətdə özünü büruzə verən qəddar və rəhmsiz münasibətlər vaxtında valideyni ciddi düşündürməlidir. heyvanlarla qəddarcasına rəftar edən, yaşıllığı korlayan, gözəlliyə xor baxan, quşları güdən əli sapandlı uşaqlarla demək olar ki, hamımız qarşılaşırıq. Çox vaxt həmin sapandı, quş tutmaq üçün tələni valideynlər özləri düzəldirlər.

Evdəki mebellərə qayğı göstərən uşaq avtobusdakı oturacaqları kəsir, məktəbdə pəncərə şüşəsini sındırır, ictimai yerdə tum çırtlayıb yeri zibilləyir və s. Ana isə üstəlik, irad tutan vətəndaşların, ictimaiyyətin “acığına” oğluna tapşırır ki, onlara fikir verməsin, dediklərini qulaq ardına vursun.

Yaşlı adamın ayaq üstündə durduğu halda, uşağın avtobusda, trolleybus və tramvayda əyləşməsi, özünü görməməzliyə vurması bizi narahat edir. Lakin valideyn özü buna şərait yaratdıqda vəziyyət dözülməz olur. Valideyn, əvvəla, pedaqoji cəhətdən düzgün hərəkət etmir. İkincisi, öz övladına etinasızlıq, saymazlıq və laqeydlik kimi məni keyfiyyətlər aşılayır.

İnsan anadan olduğu gündən ömrünün sonuna kimi tərbiyəvi təsirlərin əhatəsində yaşayır. Bunun üçün valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yük çevrilməsin.

Böyüməkdə olan nəslin tələbat – motivasiya sahəsinin, əxlaqi şüurunun və s. formalaşmasına xüsusi diqqət yetirilməlidir. uşaqda özü haqqında aydın təsəvvür yaradılmalıdır. O, özünün müsbət və mənfi keyfiyyətlərini düzgün qiymətləndirməyi öyrənməli və vaxtında özünütərbiyə ilə məşğul olmalıdır. Bundan ötrü bir tərəfdən, uşağı ictimai münasibətlər sisteminə daha geniş cəlb etmək, ətrafdakı adamlarla onun ünsiyyətini dolğunlaşdırmaq, digər tərəfdən isə onun fəaliyyət sahəsini genişləndirmək zəruridir.

A.S. Makarenko deyirdi: “Tərbiyə işinin əsl mahiyyəti... heç də sizin uşaqla təklikdə söhbət etmənizdən, uşağa müstəqim təsir göstərməyinizdən ibarət deyil, ailənizin, şəxsi və ictimai həyatınızın təşkilindən, aşağın həyatını təşkil etməkdən ibarətdir”.


  1. Ailə münasibətlərinin pozulmasının uşaq psixikasına təsiri

Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bəzən isə adi küsüşmə, deyişmə, ağızlaşma və s. nəticəsində ailə ixtilafları həddini aşıb daha kəskin səciyyə daşıyır. Bunları nə ilə izah etmək mümkündür? Ailədə ixtilafların olması zəruridirmi? Görəsən elə ailə vardırmı ki, orada ixtilaf olmasın?

Ailə canlı təsisatdır. O, dialektika qanunlarına tabedir. Ailənin inkişafının hər bir mərhələsində özünəməxsus ziddiyyətlər əmələ gəlir və onların həlli müəyyən ixtilaflarla müşahidə olunur. Bu mənada el – oba içərisində deyirlər ki, söz – söhbətsiz ev olmaz.

Söhbət ailədə ixtilafın olub – olmamasından getmir və gedə də bilməz. Bu mümkün deyildir. Ən başlıca məsələ ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin özünəməxsus cəhəti kimi meydana çıxır, ərin yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi kimi nəzərə çarpır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır.

Professor Ə. Bayramovun qeyd etdiyi kimi, ailə mədəniyyəti çox geniş anlayışdır. Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir – birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışından yaranır. Ailə mədəniyyətində böyük – kiçik məsələsi yoxdur... Özlüyündə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq yaxud böyük münaqişələri səbir və təmkinlə həll etmək mümkündür. Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nikahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir.

Münaqişə ər – arvad həyatının dramasını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələblərinə əməl etmək lazımdır. Onlardan ən sadələri belədir: vuruşub barışmaqdansa, artıq - əskik danışıb bir – birini təhqir edəndən sonra mübahisəni kəsmədən “başını yarıb ətəyinə qoz tökməkdənsə”, münaqişəyə başlamamaq daha asandır.

Mübahisəyə başlamamışdan əvvəl ər – arvadın nədən narazı olduğunu, nə istədiyini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını vicdanla və ağıllı surətdə aydınlaşdırmaq, şəraiti, vəziyyəti götür – qoy etmək, həyat yoldaşının əhvalını nəzərə almaq lazımdır.

Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil – sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir.

Ailədə yaranan belə ixtilaflar boşanma ilə də nəticələnə bilər. Boşanma isə əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın nəticələrini təkcə mütəxəssislər – sosioloqlar, demoqraflar, psixoloqlar, pedaqoqlar, həkimlər və b. belə qiymətləndirmirlər. Boşananların özləri də sonralar onun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu başa düşür, övladının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə öz evlərini dağıtdıqlarını, uşaqları onun – bunun qapısına saldıqlarını çox vaxt etiraf edirlər.

Boşanma ər – arvad üçün nə deməkdir? Düşüncəsiz, yüngül adamlar üçün bu sualın bəlkə də mənası yoxdur. Onlar boşanırlar, evlənirlər. Heç kəs üçün yox, ancaq özləri üçün yaşayırlar. Uşaqlar? Uşaqlara nə var ki, böyüyəcəklər – deyirlər. Bəs həyat yoldaşı? “Dünyanın axırı deyil ki? O da birini tapıb ərə getsin! Əzab çəkmədən, sözlərinin mənasına varmadan özlərinin çürük həyat fəlsəfəsini izah edirlər. El – oba içərisində onları istehza ilə “arsız kişi” və ya “arsız arvad” adlandırırlar.

Boşanma kişi üçün də ağırdır. Lakin qətiyyətlə demək olar ki, boşanmanın nəticələri qadınlar üçün daha dəhşətli olur. Diqqəti hər şeydən əvvəl belə bir cəhət cəlb edir ki, boşanandan sonra kişi əksər hallarda evdən çıxıb gedir. Ana isə uşaqlarla qalır. Atasız bir və ya bir neçə uşaq böyütmək ana üçün asandırmı? Həyat bu suala qətiyyətlə cavab verir: yox, atasız uşaq böyütmək çətindir, çox çətin.

Uşaqlar böyüyən evdə ixtilafların kəskinləşməsi xüsusilə təhlükəlidir. belə vəziyyət onların mənəvi həyatını pozur. İki nəfərin həyat qurması yaxud ayrılması və s. onların şəxsi problemləri və ya işləridir. Lakin V.İ.Leninin göstərdiyi kimi, uşağın doğulması ilə ictimai mənafe yaranır, bu zaman cəmiyyət ata və anadan mənəvi davranışım bütün norma və qaydalarına əməl etməyi tələb edir.

Uşaqlar həssasdırlar: onlar valideynlərin hiss və münasibətlərinin özbaşınalığına qarşı dayanırlar. Bu da ədalətlidir. Onların bir valideynə deyil, hər iki valideynə - ata və anaya ehtiyacları vardır. Digərinin də onun sevməsini, əzizləməsini istəyir. Əgər ata və ana labüd mübahisədə həddi aşmamaq qərarını qəbul edirsə, nəinki uzaqgörən olur, həm də uşaqlarına həqiqi məhəbbətlərini büruzə verirlər.

Ailə dağılan zaman əzab, iztirab uşaqların qismətinə düşür. Boşanma uşaqlar üçün bütün ömür boyu faciədir. Onlar atalı – analı yetimə çevrilirlər. Faciə özləri haqqında deyil, ataları və anaları barəsində də təsəvvürləri dəyişir. Onlar atanın ananı, ananın isə atanı necə asanlıqla təhqir etdiyini, bir – birləri haqqında istədikləri sözləri necə nifrət və qəzəblə dediklərinin şahidi olurlar. Ailə çox vaxt onlar üçün öz əhəmiyyətini itirir. Uşaqlar, xüsusilə oğlanlar özlərinin ünsiyyət tələbatını küçə qruplarında təmin etməyə başlayırlar. Dəqiq müəyyən edilmişdir ki, çətin tərbiyə olunan, cinayət xarakterli əməllərə uyan uşaqların böyük əksəriyyəti məhz natamam ailələrdə böyümüşdür.

Valideynləri boşanmış uşaqların yarısı özlərinin inkişaf səviyyələrinə görə öz həmyaşıdlarının çoxundan geridə qalır. Onların bir çoxunun nitqində pozğunluqlar müşahidə edilir. Dərsdə fikirli olurlar, diqqətləri tez – tez yayınır. Onların çoxu adamlara düşmən gözü ilə baxırlar. Onlar məktəbdə də, evdə də çox vaxt asanlıqla kobudluq edir, münaqişəyə girir, dava – dalaş salırlar. Qızlar isə, əksinə, sözəbaxan olurlar, analarının yanında olmağa çalışırlar və ev işlərində ona yaxından kömək göstərirlər.

Müəyyən edilmişdir ki, boşanma uşaqların bir şəxsiyyət kimi formalaşması və inkişafı prosesinə son dərəcə mənfi təsir göstərir. Oğlan və qızların davranış və rəftarında düşmənçilik hallarının, impulsivliyin, dalğınlığın özünü aydınlığı ilə göstərməsi, psixi pozğunluqların əmələ gəlməsi ancaq bu aspektdə təhlil oluna bilər. Onlardan çoxu həyatda öz yerini tuta bilmir.

Sosioloqlar boşanmış ər – arvadların valideynlərinin ailə salnaməsi ilə maraqlanmışlar. Məlum olmuşdur ki, boşanan ər – arvadların təxminən yarısı natamam ailələrdə böyümüş oğlanlar və qızlardır. Atasız böyümüş oğlan və qızlar kişi haqqında dolğun təsəvvür formalaşmır. Bu, onların ailə həyatına həmişə öz mənfi təsirini göstərir, bəzən isə ailəsinin dağılması ilə nəticələnir.

Uşaqların həyatına, taleyinə boşanmanın təsirini həkimlər hamıdan tez hiss edirlər. Sosioloqlar, psixoloqlar, pedaqoqlar, hüquqşünaslarla yanaşı, uşaq həkimləri də boşanmanın acı nəticələrindən həyəcanla danışır. Onların fikrincə, ən yaxşı yol ailə qurmağa məsuliyyətlə yanaşmaq, uşaqların taleyini düşünməkdir. Psixoloqların müşahidələrinə görə, uşaqların üçdə biri bir hissəsi valideynlərin boşanmasından əslində əzab çəkmirlər.

Məhəbbət sönmüşdürsə, birgə yaşayış mümkün deyilsə, çalışmaq lazımdır ki, boşanma xoşluqla, ixtilafsız, dava – dalaşsız keçsin. Bir çox kişi və qadınlar boşanarkən uşaqların taleyini düşünüb ağıllı və humanist qərara gəlirlər. Sakitliklə, dava – dalaşsız və səs – küysüz boşanır, öz münasibətlərini isə uşaqlara açıq – aşkar hiss etdirmirlər. Ata və ya ana tez – tez uşaqlara baş çəkir, onlara qayğı ilə yanaşır, ailəyə maddi və mənəvi kömək göstərir.

Hazırda belə boşanma halları nə qədər az olsa da, mütəxəssislər boşanmanın bu modelinə hər halda üstünlük verirlər. Onların fikrincə, əgər boşanma zəruridirsə, başqa yol yoxdursa, uşaqların gələcək əzabını yüngülləşdirmək haqqında düşünmək lazımdır. A.S. Makarenko hər hansı səbəbdən bir – birini atan valideynlərə məsləhət görürdü ki, onlar öz çəkişmə və mübahisələrində hər şeydən əvvəl uşaqları düşünsünlər.

Uşaqlar xoşbəxtlik meyarıdır. Ailə həyatının mənası məhz onlarla – uşaqlarla ölçülməlidir.

NƏTİCƏ
Ailə həyatı şəxsiyyətin inkişafına bütövlükdə təsir göstərir. Məlumdur ki, insanın xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətinin əsasları ailədə formalaşır.

Uşağın gələcək kişi və qadın kimi formalaşmasının əsasları da ailədə qoyulur. Qızlar qadınlıq etalonlarını, hər şeydən əvvəl, ana ilə dialoq şəraitində mənimsəyirlər. Oğlan uşaqlarına isə kişiyə məxsus xarakter əlamətləri, xüsusilə iradi keyfiyyətlər aşılanır. Onlarda təmkinlilik, dözümlülük, mərdlik və s. keyfiyyətlər tərbiyə olunur. Atanın bir kişi, ananın isə qadın kimi nümunəsi uşaqların oğlan və qız kimi formalaşmasında eyni dərəcədə zəruridir. Bu baxımdan, valideynlərin uşaqlarına münasibətinin xarakteri də əhəmiyyətlidir.



Nəticə etibarilə uşaqların formalaşmasında ailənin rolunun son dərəcə misilsiz olması təsdiqlənir. Çünki ailədə uşaq sosial münasibətlərə - ailədaxili münasibətlərə qoşulur, onların vasitəsilə insan, dünya, mənəvi sərvətlər haqqında anlayışlara yiyələnir, cisim və hadisələrə qiymət verməyi, başqa adamları başa düşməyi, yaşlılara, qadın və kişilərə, kiçik uşaqlara hörmət və kömək etməyi, öz nöqsanlarını görməyi öyrənir. Ailədə ata – ana, ata – uşaqlar ana – qayınana, bacı – qardaş, bacı – bacı arasındakı paralel münasibətlər – bunların hamısı böyük tərbiyəvi əhəmiyyətə malikdir. Valideynlərin əməyə münasibəti, öz biliyini, istedadını və ilhamlı əməyini Vətənimizin çiçəklənməsinə həsr etməsi, düzgünlüyü və prinsipiallığı, səmimiliyi, təvazökarlığı uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərir. Psixoloji tədqiqatlar göstərir ki, valideynlərin heç də hamısı bu imkanlardan eyni dərəcədə istifadə edə bilmirlər. Lakin bir cəhət şübhəsizdir ki, valideynlərlə uşaqlar arasındakı münasibətlər nə qədər əlverişli olsa, onların uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına təsiri bir o qədər möhkəm və səmərəli olar.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:


  1. Ə.S. Bayramov, Ə.Ə. Əlizadə. “Psixologiya”. Bakı 2006

  2. Ə.Ə. Əlizadə. “Məhəbbət aləmi”. Bakı 1995.

  3. Ə.Ə. Əlizadə, A. Abbasov. “Ailə”. Bakı 1989.

  4. Ə.Ə. Əlizadə, A.N. Abbasov. “Ailə həyatının etika və psixologiyası”. Bakı 1988.

  5. Мария Земска «Семья и личность». Москва 1986.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə