Əsrimizin və nəsrimizin Natəvanı




Yüklə 13.34 Kb.
tarix26.04.2016
ölçüsü13.34 Kb.
Əsrimizin və nəsrimizin Natəvanı
Son dövr Azərbaycan ədəbiyyatında ciddi nərs əsərləri sarıdan əməlli-başlı qıtlıq yaranması oxucuların gözləri önündədir. Şəxsən mən özüm ədəbi prosesi ardıcıl izləyən bir qələm adamı kimi buna çox təəssüflənirəm. Avropadan ixrac olunan alababat bir hekayənin, povestin, romanın matahını ceyran belinə qaldıranlar da bu fürsətdən çox ustalıqla yararlanırlar. Kimi dindirsən dilinin altında qərb ədəbiyyatından bir sitat gizlətdiyi bəlli olur. Yeri gəldi-gəlmədi sitatları sağa-sola səpələyib özlərini “abrazavonski” göstərənlər bundansa bizim öz nəsrimizdə baş verən uğursuzluqlardan və uğurlardan söhbət açsalar dillərinə düyünmü düşər?.. Nə isə ...

Bu günlərdə özünə və sözünə azdan-çoxdan bələd olduğum, lakin əsərlərini küll halında indiyəcən oxumadığım nasir bacımız Natəvan Dəmirçioğlunun “Birinci Kitab”ı əldə eləyib, acgözlüklə oxudum. Kitabı yazılan ön sözün və son sözün müəllifləri, zövqlərinə və bilgilərinə sayğı bəslədiyim hörmətli alimlərimiz AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun və filologiya elmləri namizədi Rüstəm Kamalın yazılarını sonda-Natəvanın əsərlərini oxuyandan sonra oxumağa qərarlaşdırdım. Açığı düşündüm ki, birdən onların yazdıqlarının cazibəsinə düşüb, kitab müəllifinin qələmindən çıxanlar haqqında öz qərarımı verməkdə yanlışlıq eləyəm.

Öncə fikirləşdim ki, hekayələrdən başlayım. Sonra fikrimi dəyişib kitabı əvvəlindən oxumağa başladım. ”Səbət” povestinin elə ilk cümləsi, ilk abzası mənim həyat haqqında duyğularıma, düşüncələrimə tərcümanlıq eləməyə başladım. Elə bildim yazmaq istədiyim, lakin ilhamımın gücü yetməyən şeirləri oxuyuram sanki. Natəvan xanım mənim indiyə qədər əsərlərini oxuyub bəyəndiyim yazıçılardan ilkiydi ki, mənim aləmimdə poeziya ilə nəsrin sərhədlərini əridib yox eləyirdi. Natəvanın dilinin rəvanlığı, təhkiyyəsinin yüyrəkliyi, mətləbinin konkretliyi, məzmununun nəhəngliyi, təsvirlərinin rəngarəngliyi, təfəkkürünün qədimliyi məni öz qanadlarında bizim yaşadığımız dünyanın o üzünə, əlçatmazlıqlara, ünyetməzliklərə aparıb çıxarırdı. Natəvan xanım sanki bu dünyanın olmuşlarını, olacaqlarını-cəmi işləklərini bir səbətə yük eləmişdi. Məni heyrətləndirən bu idi ki, ildırım daşından ağır olan bu yükə tab gətirirdi Natəvan xanımın “Səbət”i.

“Yetim” povestinin ilk səhifəsi ədəbiyyatda bircə beyti ilə qaldıqca qalacaq şair BİKƏSdən: “Hər kəsin var kimsəsi, mən Bikəsin yox bir kəsi, Kimsəsiz qaldım, mədəd qıl, Kimsəsizlər Kimsəsi!”-epiqrafı ilə açılır. Və müəllifin “Bir olan Tanrım! Adı yüz bir, özü bir olan Tanrım! Özündən yetim qoyma məni!” cümlələri ilə dilə gətirib, qələmə aldığı dua ilə başlayır. Bu başlanğıc artıq əsər müəllifinin mətləbinin nəhəngliyindən, əsərinin qəhrəmanı olacaq Yetimin elə-belə yetim olmadığından xəbər verir. Povestin son cümləsini oxuyub Natəvan xanımın mətləbinin heyrətamiz təsdiqini görürsən. Bu povest haqqında bundan o yana bir söz söyləməkdə aciz olduğumu boynuma alıram. Hə, bir də onu demək istəyirəm ki, bu əsəri oxuya bilməyən adama az qala yazığım gəlir.

“Üç nöqtə” povestinə Natəvan xanım yəqin ki, başqa bir ad da seçə bilərdi. Bir az pafoslu, bir az ritorik bir ad. Amma xasiyyətindən də, yazdıqlarından da bəlli olur ki, Natəvan xanım sükutların harayına məhz sükutların harayı kimi yanaşmağa üstünlük verir. Tamamilə əminəm ki, bu əsər başqa bir yazıçının əsəri olsaydı (intəhası ola bilməzdi!) o, bu povesti başqa cür adlandırardı. Heç kimin xətrinə dəyməsin bizim yazarların böyük əksəriyyəti millətin dərdinə ürəkdən yanmaqdan, bu yolda əməl sahibi olmaqdan millətin dərdi haqqında ucadan danışmağa (sadəcə danışmağa) və özünü yanımcıl göstərməyə üstünlük verir.

Amma Natəvan xanımın kirmişcə “Üç nöqtə” adlandırdığı bu povestin mənsub olduğu millətin, vətəndaşı olduğu məmləkətin dərdlərini bütün varlığıyla yaşayan bir istedadlı türk xanımının qəlb yanğısı olduğunu duymamaq, onun “Ürəyində çatılan tonqal”ı görüb, “Yandım, ay, Tanrım!” harayını eşidib duyğulanmamaq, bu povestin vətənpərlik mövzusunda yazılmış ən güclü əsərlərdən biri olduğunu etiraf etməmək mümkünsüz idi.

Natəvan xanımın hekayələri mənim üçün ayrıca bir söhbətin mövzusudur. Onların haqqında da söhbət açsam oxuyanlar elə bilər ki, mən onu həddindən çox tərifləyirəm. İntəhası oxucu onu da bilməmiş deyil ki, hər hansı kitab haqda mənim də öz qənaətlərimi səmimiyyətlə dilə gətirmək, qələmə alma haqqım var. Və bu yazıda Natəvan xanımın ünvanına söylədiyimiz sözlər onun ədəbiyyatımızda olan halal haqqının az bir hissəsidir. Çağdaş nəsrimizdə Natəvan Dəmirçioğlunun “Birinci kitab”ı mənim üçün ədəbi hadisədir və imkanım olduqca Azərbaycan oxucusunun diqqətini bu ədəbi hadisəyə yönəltməyə çalışacam.

P.S. Mənim üçün qələmə aldığım yazıya ad seçməkdən çətin iş yoxdur. Etiraf edim ki, bu yazını hazırlayarkən “Əsrimizin və nəsrimizin Natəvanı” kəlməsinin nə vaxt ağlıma gəlməsindən xəbərim belə olmadı. Sonda, bu kitabın işıq üzü görməsi münasibətilə nəsrimizin Natəvan xanımını təbrik edirəm və Azərbaycan ədəbiyyatına “Gözün aydın olsun!” –deyirəm.


İbrahim İlyaslı

Şair,Əli Kərim adına poeziya klubunun direktoru



” Kaspi “qəzeti

28.06. 2007.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə