ƏLİxan musayev şƏRİƏt risaləSİ TƏharət və namazin xülasəSİ




Yüklə 0.84 Mb.
səhifə1/7
tarix22.04.2016
ölçüsü0.84 Mb.
  1   2   3   4   5   6   7


ƏLİXAN MUSAYEV

ŞƏRİƏT RİSALƏSİ
TƏHARƏT VƏ NAMAZIN XÜLASƏSİ

Bakı – 2002

Tərcümə və tərtib: ƏLİXAN MUSAYEV



İxtisas redaktorları: ŞABAN ULUXANOV

SƏFƏRBƏY SƏFƏRBƏYOV

texniki redaktorlar: F. ALLAHVERDİYEV

X. RƏFİYEV
ELXAN RÜSTƏMOV



Rəhmli, Mərhəmətli Allahın adı ilə!















«Ey Rəbbim! Köksümü açıb genişlət;
işimi yüngülləşdir;
dilimdəki düyünü aç ki,
sözümü yaxşı anlasınlar!»

(Ta Ha, 25-28)

MÜQƏDDİMƏ


Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.




«Ey iman gətirmiş kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!»1



«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əla­qələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!»2

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günah­larınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar»3
İslam öz gəlişi ilə insanlara hürriyət və xoşbəxtlik bəxş edən, onları kor-koranə həyat tərzindən uzaqlaşdıran, cəhalətin insan təbiəti üçün tamamilə yararsız bir hal olduğunu göstərən və bundan yaxa qurtarmağı isə Adəm oğlundan qəti şəkildə tələb edən, yaradılan canlıların ən üstünü olan şüurlu varlıq üçün ən gözəl və əvəzedilməz məişət qaydaları müəyyən edən, öz prinsipləri ilə insanda ən çıxılmaz və dözülməz şəraitdə belə düşdüyü vəziyyətdən çıxış yolu tapa biləcəyinə inam yaradan, bir dindir. İlk baxışda yuxarıda sadaladığımız və sadalamadığımız bu müsbət keyfiyyətlərin insanın qısa vaxtda özündə formalaşdıra biləcəyi ağıla sığılmaz görünsə də bu saf və hər cür təhrifdən uzaq dinin ərkan və sütunları ilə tanış olduqda bunun həqiqətən mümkünlü­yünə şübhə yeri qalmır. Bir halda ki, səadət bu qaydalara riayət etməkdirsə onda ilk öncə bu qaydaları öyrənməyimiz, bilməyimiz kimi zərurət meydana çıxır. Elə bu səbəbdən də soydaşlarımızı bu sahədə marifləndirməyi qarşımıza məqsəd qoymuşuq. Dəyərli oxucularımıza təqdim etdiyimiz bu risalə aləmlərin Rəbbi olan Uca Allahın vacib buyurduğu, dinimizin ikinci əsası haqqındadır. Bu əsasın tələblərinə riayyət etmək isə bütün sıxıntı, üzüntü, çətinlik və problemlərin mövcud olmasına baxmayaraq fərz edilmişdir. Təbii ki, söhbətimiz namaz və onunla birbaşa bağlı olan təharət (paklanmaq) haqqında olacaqdır. Namaz barəsində Uca Allah belə buyurur:

«Həqiqətən, namaz [insanı] çirkin və pis əməllərdən çəkin­dirər.»4

İnanırıq ki, bir çox soydaşlarımız bu ayə barəsində müəyyən bilgilərə malikdirlər. Lakin biz, ona da inanırıq ki, təssüflər olsun bunu unudanlarımız da çoxdur. İnsanların bu qədər unutqan olduğunu əzəli elmi ilə bilən Rəbbimiz Adəm övladlarına Öz kitabı vasitəsilə daim bildiyi məsələləri belə yenidən təkrarlamağı və xatırlamağı tövsiyyə edib buyurur:





«Sən [onlara] xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.»5

Bu kitabı yazmaqda digər bir məqsədimiz də namaz və təharətlə bağlı mövcud olan fikir müxtəlifliyi və anlaşılmazlıqlara son qoymaqdır. Çünki hamımıza məlumdur ki, dinimizdən zorla ayrı salındığımız illərdə şəriətin digər məsələlərində olduğu kimi, İslamın bu ərkanına da bəzi bidətlər (əlavələr, yeniliklər) edilmiş, bəzi hallarda isə ümumiyyətlə İslam peyğəmbərinin, bəşəriyyətin ən xeyirlisinin - səllallahu aleyhi və səlləmin - sünnəsinə (dediklərinə) aid məsələlər əskildilmişdir. Lakin çoxları bu yenilik və əskiklərin fonunda namazın və ya dəstamazın batil olacağından xəbərsiz­dilər. Ümumiyyətlə hər bir müsəlman bilməlidir ki, dinlə bağlı hər hansı bir əməl yerinə yetirildikdə bu əməlin Allah tərəfindən qəbul olunması üçün iki hal mövcud olmalıdır:

Birincisi bu əməl heç bir kənar niyyətlə deyil, sırf ixlasla Allah rizasını qazanmaq üçün olmalı, ikincisi isə bu əməl məhz Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - etdiyi kimi (sünnəsinə uyğyn olaraq) olmalıdır. Bu iki şərtdən birinin olmaması həmin ibadəti (namazı, dəstamazı, orucu, zəkatı və s.) batil edir. Elə bu səbəbdən də biz bu məsələ ətrafında mövcud fikir ayrılığına son qoymaq üçün risaləmizi yalnız və yalnız Quran ayələri və səhih istinadlı hədislər əsasında yazmışıq. Bu kitabda qeyd olunanlar fiqhi məsələlər olduğu üçün çalışmışıq ki, islam alimlərinin rəylərini də nəzərə alaraq Quran və mötəbər hədislərin dəstəklədiyi hökmləri burada əks etdirək. Ancaq adətdir ki, hər bir əsər yazılandan sonra, "bunu artırsaydı daha yaxşı olardı", "bunu yazmasaydı daha gözəl olardı" deyənlər çox olar. Şübhəsiz ki bu, insan əməyinin bəhrəsidir. Bu tərcümənin nöqsanlardan və xətalardan xali olmadığı üçün, bu barədə qeyd və mülahizələrini bildirəcək oxuculara əvvəlcədən təşəkkür edirik. Onların dəyərli məsləhətləri bu kitabın gələcək nəşrlərində nəzərə alınacaqdır. Kamillik təkcə Allaha məxsusdur, məsum olan isə insanların ən şərəflisi Məhəmməd peyğəmbər - səllallahu aleyhi və səlləm - dir.

Uca Allahdan hər bir əməlimizin ixlasla yalnız Onun üçün edilməsini və Onun Peyğəmbərinin - səllallahu aleyhi və səlləm - yolunda olmasını diləyirik! Oxucularımıza bu yolda uğurlar, xeyir və bərəkət arzulayırıq. Unutmayaq ki, biz yalnız Allah üçün yaşayırıq və sonda Ona da dönəcəyik. O, hər şeyin hesabını tez çəkəndir!



« T Ə H A R Ə T »
Təharət kəlməsi iki cür izah olunur:

Lüğəti mənası paklıq deməkdir. Dində isə (istilahi mənada) murdar şeylərdən təmiz­lənməyə deyilir.6


Murdar şeylərdən təmizlənmənin özü də iki qismə bölünür:

Birincisi mənəvi təmizlikdir. Yəni qəlbi şirkdən, küfrdən, nifaqdan və s. bu kimi Allahın və Onun elçisinin - səllallahu aleyhi və səlləm - qadağan etdiyi günahlardan təmizləmək. Günahlardan təmizlənməyən şəxs cismani təmiz olsa da belə Allah qatında murdar hesab olunur. Uca Allah buyurur:




«Ey iman gətirənlər! Müşriklər doğrudan da murdardırlar.»7
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, cənabət8 halında Mədi­nənin küçələrindən birində Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə rastlaşdım. Gizlincə ondan uzaqlaşıb gedib qüsl etdim, sonra Peyğəmbərin - səllallahu aleyhi və səlləm - yanına qayıtdım. O: «Əbu Hüreyrə, harada idin?» – deyə soruşduqda, mən dedim: «Mən cənabət halında idim. Belə natəmiz halda da sənin yanında otur­maq istəmədim». O dedi: «Subhənallah! Müsəlman9 murdar­lanmaz!» 10

İkincisi cismani təmizlikdir. Yəni bədəni, geyimi və yeri murdar şeylərdən su və s. ilə təmizləmək.



Suyun növləri

Bir çox İslam alimləri suyu iki qismə bölmüşlər.

Birincisi: Dəniz, göl, çay, bulaq, yağış, qar və s. bu kimi təbii sulardır11 ki, bunların vasitəsilə qüsl etmək, dəstəmaz almaq və murdar şeylərdən təmizlənməyə icazə verilir.

Qeyd etmək lazımdır ki, qüsl və ya dəstəmaza istifadə olunmuş su təmizdir12, lakin bu su ilə bir daha qüsl və ya dəstəmaz almaq olmaz. Yalnız qüsl və dəstəmaz aldıqda bədəndən qabın içinə sıçrayan su müstəsnadır.

Aişə (r.a) deyir ki, «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə bərabər bir qabdan su götürərək qüsl edərdik»13

İkincisi: Murdar şeylər və ya kimyəvi maddələr qatışmaqla öz xüsusiyyətlərini (iyi, dadı və ya rəngi) dəyişmiş sulardır ki, belə su ilə də paklanmaq (qüsl etmək, dəstəmaz almaq) qadağandır. Yalnız bu suların xüsusiyyətlərinin təbii şəkildə (ağac yarpağı, yosun, mamır və s. ona qatışmaqla) dəyişilməsi halı müstəs­nadır. Həmçinin murdar şeylər qatışmış lakin xüsusiyyətləri dəyişilməmiş sular da (dəniz, çay və s.) müstəsnadır. Bu cür sularla paklanmaq olar. Lakin suyun miqdarı az olarsa və nəcasətin ona qatışdığı gözlə müşahidə olunarsa (və ya yəqin bilinərsə) bu zaman onunla paklanmaq olmaz.



Murdar şeylərin (nəcasətin) növləri


1. Leş; Bura ölmüş və ya şəriət qaydası ilə kəsilməmiş heyvanlar14 daxildir.15 Həmçinin heyvan sağ ikən ondan kəsilib ayrılmış müəyyən üzvü də buna aiddir. Yalnız murdar sayılmayan heyvanın kəsilib ayrılmış buynuzu, dırnağı və tükü müstəsnadır. Heyvanın dərisi isə yalnız aşılandıqdan sonra təmiz hesab olunur.

Ölmüş heyvanlardan aşağıdakılar təmiz hesab olunur:

a) Balıq16 və çəyirtkə;

İbn Ömər (r.a) demişdir: «İki leş və İki qan bizə halal edil­mişdir. İki leş balıq və çəyirtkədir, iki qan isə ciyər və dalaqdır.»17

b) Axar qanı olmayan milçək, ağcaqanad, mətbəx böcəyi, əqrəb və digər həşəratlar.18
2. Qan19; Qan özü iki qismə bölünür:

a) Murdar: Bura ön və arxa ifrazat çıxışlarından gələn qan, axar qanı olan və ətinin yeyilməsi haram buyurulmuş heyvanın qanı, ölmüş və ya şəriət qayda-qanunu ilə kəsilməmiş heyvanın qanı daxildir.

b) Təmiz: Bura insan qanı, balıq qanı, axar qanı olmayan həşəratların qanı, şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsə­dində qalan qan daxildir.
3. İnsan və əti yeyilməyən heyvanların sidiyi və nəcisi;

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - ayaqyoluna getdikdə mən onun üçün su20 aparardım. O da su ilə təmizlənərdi»21


4. Məzi; Bu şəhvət hissi keçirdikdə cinsiyyət üzvündən təkansız, özbaşına süzülən ağ (şəffaf) rəngli mayedir.

Əli ibn Əbu Talib (r.a) deyir ki, məndən çoxlu məzi ifraz olu­nurdu. Peyğəmbərin - səllallahu aleyhi və səlləm - kürəkəni olduğum üçün bunun hökmünü ondan soruşmağa utanırdım. Ona görə də əl-Miqdad ibnu-l-Əsvədi (r.a) bu məsələnin hökmünü öyrənmək üçün onun yanına göndərdim. Rəsulullah - səllallahu aleyhi və səlləm -: «Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın» – deyə cavab verdi22.


5. Donuz23 və it;

Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm- dedi: «İt, sizdən birinizin qabından (su və s.) içərsə, o qabı yeddi dəfə yuyun!»

Müslimin əlavəsində: «Birincisini torpaqla24»25
6. Məni (sperma).

Yalnız əti yeyilməyən heyvanların mənisi murdar hesab olunur.

Aişə (r.a) rəvayət edir ki, «mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - üzərinə məni düşmüş paltarını əlimlə ovxalayardım»26

Nəticə: Məni murdar olmuş olsa idi Aişə (r.a) onu ovxalamaqla kifayətlənməzdi və onu yuyardı.



  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə