Elektron hökumət kabusu Elektronlaşmaqdan yan gəzən bəzi qurumlara vətəndaşlarla birbaşa ünsiyyət “sərf edir” Aynurə ƏHMƏdova




Yüklə 39.79 Kb.
tarix26.04.2016
ölçüsü39.79 Kb.
Elektron hökumət kabusu

Elektronlaşmaqdan yan gəzən bəzi qurumlara vətəndaşlarla birbaşa ünsiyyət “sərf edir”
Aynurə ƏHMƏDOVA
Ağdam rayonunda qeydiyyatda olan hüquqşünas Ələsgər Məmmədli Bakıda İREX şirkətində çalışır. O, elektron hökumətin üstünlüklərindən faydalanmaq arzusundadır. İstəyir ki, elektron hökumət portalından (www.e-gov.az) faydalanaraq vaxtına, puluna qənaət etsin. Amma dövlət orqanlarının elektron xidmətlər göstərməməsi və ya yarımçıq göstərməsi sayəsində vaxtaşırı Ağdamın Quzanlı kəndinə getməli olur. Məsələn, o, Vegilər Nazirliyinə elektron sənəd təqdim etmək üçün Ağdam rayon Vergi idarəsindən kod almağa məcburdur.

Dövlət Sosial Müdafiə Fondu da elektron qeydiyyatdan keçənlərə elektron hesabat vermək imkanı yaradır. Vaxtını səmərəli istifadə etməyi əsas tutan həmsöhbətim qeydiyyatdan keçib. Sonra məlum olub ki, o, Ağdam rayonunun Quzanlı kəndindən elektron kodunu götürməlidir. Kodun poçtla Bakıya göndərilməsi mümkünsüzdür. Çünki digər qaydalara əsasən, kitabda vətəndaşın imzası olmalıdır.

Ə.Məmmədli bu gün də Dövlət Sosial Müdafiə Fonduna ödənişi elektron formada ödəyə bilmir. Halbuki 3 ildir bu proses başlayıb. Məsələ ondadır ki, “Kapital Bank”ının Ağdam rayon şöbəsi bu sistemə qoşulmayıb. Odur ki, VÖEN ödənişini ödəmək üçün 3 aydan bir yenidən Quzanlı istiqamətinə üz tutur.

Ə.Məmmədli sürücülük vəsiqəsini almaq üçün isə Yevlax şəhərinə getməli olub. Çünki Ağdam rayonu üçün regional mərkəz Yevlax müəyyən edilib.

Həmsöhbətim elektron müraciət edib nə şəxsiyyət vəsiqəsini, nə pasportunu ala bilmir. Bunun əvəzində Ədliyyə Nazirliyi ona adının mənasını öyrənmək xidmətini təklif edir: “Mən boş xanaya adımı yazıram və cavab çıxır ki, Ələsgər adının mənası nədir. Bu, xidmətdirmi? Əsla! Xidmət fiziki olaraq təqdim edilən xidmətdir! Bəzi dövlət qurumlarının yarımçıq elektron xidmətlər göstərməsi və ya heç elektron xidmət göstərməməsi nəinki məni, heç bir vətəndaşı qane etmir. Əgər vətəndaş fiziki olaraq dövlət qurumuna gedəcəksə, deməli, xidmət elektron deyil”.

Onu da qeyd edək ki, qaçqınlar da Ə.Məmmədli kimi əziyyətlə sənəd almalı olurlar. Onlar Bakıda yaşasalar da, rayon mərkəzləri rayonlarda - işğal edilmiş bölgələrə yaxında yerləşir. Məsələn, Laçınınkı Ağcabədidə, Ağdamınkı Quzanlıda, Kəlbəcərinki Gəncədə yerləşir. Bu insanlar hansısa sənəd, arayış almaq üçün rayonlara getməyə hazır olmalıdırlar.

Amma Ələsgər Məmmədli Gürcüstanda yaşasaydı, o, pasportunu elektron formada ala bilərdi. Çünki Gürcustanda dövlət qurumlarının hamısı elektron qeydiyyatdan keçən vətəndaşlarını tanıyır. Vətəndaş elektron hökumət portalında müvafiq formanı doldurduqdan sonra qeydiyyatdan keçir, yeni fotosunu da bazaya yükləyir. Kartından dövlət rüsumunu və pasportun ofisə çatdırılma xərclərini ödəyir. Pasport hazır olduqdan sonra poçtla pasport ona çatdırılır. Ofsində oturaraq elektron xidmət almaq budur!

Ölkəmizdə elektron xidmətlərin həyata keçirilməsinə böyük pullar sərf edilir. Amma kommunal xidmətlərin hamısnı belə bir portaldan ödəmək mümkün deyil. Çünki dövlət qurumları bir-biri ilə informasiyanı paylaşa bilmirlər, öz məlumat bazalarını elektronlaşdırmayıblar. Ələsgər Məmmədli kimi əksər ölkə vətəndaşları da kommunal xidmətlərin hamısının ödənişini elektron formada ödəyə bilmirlər. Məsələn, xeyli vaxtdır ki, Bakıda SMART tipli qaz sayğaclarından istifadə edilir. Hər bir vətəndaş sayğaca pul yükləmək üçün əsasən metro keçidlərində qoyulmuş qurğulardan istifadə etməlidir. Əgər kimsə “mavi yanacaq kartı”na elektron pul yükləmək istəsə, “Azəriqaz”elektron hökumət portalında vətəndaşlara belə rahatlıq yaratmır. Əvəzində təklif edir ki, qiyməti 40 AZN olan qaz kartını oxuyan cihaz alın, kompüterinizə qoşun ki, elektron formada karta pul yükləyəsiniz. Yeri gəlmişkən, tezliklə su sayğacları da kartla işləyəcək. Yəqin onda da “Azərsu”dan da eyni təklif gələr. Halbuki hər bir mənzil sahibinin su, qaz, elektrik kodları mövcuddur. Əhaliyə xidmət göstərən hər qurumun borcudur ki, məlumat bazasını elektron hökumət portalına təqdim etsin. Vətəndaşlar da çox asan formada kommunal borclarını ödəsinlər, sayğac kartlarına pul yükləsinlər. Qısası, elektron xidmət insanları yormamalıdır.

Yuxarıda sadaladıqlarımız vətəndaşların dövlət orqanları ilə münasibətlərinə aid hadisələrdən bir neçəsi idi. Fikrimcə, bunların hər biri hansı növ elektron xidmətlərin lazımlılığı və göstərilən xidmətlərin keyfiyyəti haqqında fikir söyləməyə əsas verir.
Sahibkarlar da elektron hökumətdən gileylidirlər
Elektron portal həm də sahibkarlar üçün nəzərdə tutulub. Görək onlar nə istəyirlər.

Vahid Qasımov “Sahil-İT” şirkətinin rəhbəridir. Rəhbəri olduğu şirkət vergilər bəyannamələrini elektron təqdim edir. Qasımov deyir ki, sadələşdirilmiş vergi ilə işləyən müəssisə olaraq Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə, Dövlət Məşğulluq Fonduna hesabat verməyə məcburdur. Amma fiziki olaraq. Hətta bəzi idarələrə 2-3 dəfə getməli olurlar. “DSMF-nin rayon şöbələri ildə 2-3 dəfə məkanını dəyişdirir. Daima onları izləmək məcburiyyətindəyik. Hesabat verməmişdən öncə dəyişmə xüsusiyyətinə malik blankı rayon şöbəsindən götürmək lazmdır. Bu qurumlara göndərilən hesabatların elektronlaşması çox yaxşı olardı. Bundan başqa, məlumat xarakterli xidmətlərə ehtiyacımız olur. Məsələn, şirkətin adına görə VÖEN-nin tapılması və ya əksinə. Çox bəsit şeylərdir. Amma portalda bu məlumatları əldə etmək mümkün deyil”.

Başqa bir nümunə. Avqustun 23-də Nazirlər Kabinetindən İREX şirkətinə məktub göndərilib ki, şirkətə məxsus malın gömrükdən çıxışı üçün icazə verilir. Qəribədir ki, iyun ayının 4-ə kimi həmin məktub Dövlət Kömrük Komitəsinə çatmamışdı. Bakı şəhərində yerləşən 2 dövlət qurumu bir-birindən məktubu 12 gün ərzində alır. İki dövlət qurumu arasında məktub ləngidiyi üçün əlavə 12 günə görə pulu İREX şirkəti ödəməlidir. Halbuki iki dövlət qurumunun öz arasında xəbərləşməsindən asan heç nə yoxdur.

Ancaq bundan sonra dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması isə “Elektron hökumət” portalının köməyi ilə həyata keçiriləcək. Belə ki, elektron imza ilə təsdiqlənən müraciətlər adi müraciətlərdən fərqli olaraq, daha çox hüquqi qüvvəyə malik olduğundan bu, qarşı tərəfi müraciəti cavabsız qoymaq məsuliyyətindən azad edə bilməyəcək.
Elektronlaşmağa barmaqarası baxanlar...
Keçək əsas məsələyə. Dövlət qurumları portal üzərindən niyə xidmət göstərmirlər? Ümumiyyətlə, xidmət göstərməyən dövlət qurumları bunlardır: Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası. Bu dövlət qurumları, ümumiyyətlə, elektron hökumət portalını qəbul etmirlər.

1-2 elektron xidmətlə işlərini yola verənlər də az deyil. Elektron hökumət portalının 9-cu bülletenində qeyd edilib ki, Daxili İşlər Nazirliyi 2, Müdafiə Sənayesi Nazirliyi 1, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1, Fövqəladə Hallar Nazirliyi 3, Təhsil Nazirliyi 3, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1, Diasporla İş üzrə Dövlət Komitəsi 1, Dövlət Miqrasiya Xidməti 1, Dövlət Sərhəd Xidməti 2, Milli Arxiv İdarəsi 2, "Meliorasiya və su təsərrüfatı" ASC 2, Azərsu" ASC 2, "Azərenerji" ASC 2, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 adda elektron xidmət göstərir.

Təsəvvür etmək çətindir ki, böyük nazirliklərin əhaliyə göstərə biləcəyi elektron xidmət 1, 2, 3-lə məhdudlaşa bilər. Görəsən, bu nazirliklərin əməkdaşları nə işlə məşğuldurlar ki?! Vətəndaşlarla fiziki ünsiyyətə niyə belə can atırlar?!

Səbəblərə gəldikdə, demək olar ki, elektron xidmət göstərən, cəmi bir neçə adda elektron xidmət göstərən dövlət qurumlarının iki əsas səbəbi var: maliyyə və kadr qıtlığı.

Bəs görəsən, bu problemləri necə həll etmək olar və niyə həll edilmir?

Əvvəla qeyd edək ki, doğrudan da kadr problemi yaşanmaqdadır. Məsələ ondadır ki, dövlət qulluçularına dərəcələrə görə əmək haqqı verilir, ən yüksək dərəcəli əmək haqqı belə sərbəst şəkildə çalışıb çox pul qazanan İT mütəxəssislərin tələblərinə cavab vermir. Amma bu problemi həll etmək olar. Əlbəttə, İT kadrların yetişdirilməsi zaman və maliyyə tələb edir. Amma 1 kilometr yola 22 milyon xərc çəkən Azərbaycan üçün maliyyə problemi məfhumu mövcud deyil axı. Neft ölkəsi nazirliklərinin mütəxəssislərə verməyə pulu yoxdur?!

İxtisaslaşmış kadrlardan başqa, elektron xidmət təklif etmək üçün baza müvafiq qaydalara uyğun tərtib olunmalıdır. Hər bir nazirlik 30-40 əməkdaşına 1 ay təlim keçərək bu mexanizmi öyrədə bilməzmi? Axı ölkəmizdə müəllimin xidməti bahalı deyil. Müxtəlif layihələrə milyonlarla pul xərcləyən nazirliyin müəllimə 20 nəfərlik qrup üçün verməyə 200 manat pulu yoxdur?! Kadr

məsələsini problem etmək bu mənzərədə bəhanə kimi görünür. Ən azından ona görə ki, dövlət qurumlarının yanında büdcədənkənar inkişaf fondları fəaliyyət göstərir. Onların vəsaitləri işçilərin əmək haqlarına əlavələrin edilməsi, onların mükafatlandırılması və təlimlərə göndərilməsi üçün sərf oluna bilər. İqtisadçı, Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlı deyir ki, büdcədənkənar vəsaitlər büdcə təşkilatlarının yalnız ayrıca cari hesablarında yığılır. Ekspert hesab edir ki, Hesablama Palatası bu cür büdcədənkənar vəsaitlərin xərclənməsinin auditini aparmalı və ictimaiyyətə bununla bağlı məlumat verməlidir.

Əlbəttə ki, bu fondların vəsaitlərindən işçilərin biliklərinin artırılması üçün çox asanlqla istifadə etmək mümkündür. Deməli, dövlət qurumlarının maliyyə və kadr problemini həll edəcək mənbə mövcuddur. Ancaq qalır ondan səmərəli istifadə etmək və problemlərin həllinə yönəltmək. Bir də təbii ki, buna nəzarət!

Bununla yanaşı, dövlət qulluğuna qəbul zamanı əməkdaşların İKT biliklərinin yoxlanması, bu sahədə tələblərin daha da sərtləşdirilməsi yerinə düşərdi. Mövcud əməkdaşlar üçün isə təlimlər ən yaxşı çıxış yolu ola bilər.


Məmurlar gözlərdən elektron pərdə asdıqlarını düşünürlər
İndi gəlib çatdıq problemin pik nöqtəsinə. Maliyyə problemini həll etmək mümkün olduğu halda dövlət qurumları niyə elektron xidmət təklif etmirlər? Konkret olaraq 7 dövlət qurumu, ümumiyyətlə, heç bir xidmət təklif etmir. 14 nazirlik 1-3 adda elektron xidmət təklif edir. Yəni quş qoymaq xatirinə. Yəni biz də elektronlaşırıq, gücümüz buna çatıb. Belə çıxır ki, Azərbaycan dövlətinin 45 dövlət qurumundan 21-i elektronlaşmaq istəmirlər. Bir neçə adda elektron xidmət təklif edən dövlət qurumlarının yarımçıq xidmətini, Ədliyyə Nazirliyinin “Adın mənasını öyrənmək kimi” sorğu xarakterli xidmətlərinın mövcudluğunu nəzərə alsaq, mənzərəni təsəvvür etmək çətin deyil.

Bu məqamda xatırladaq ki, Koreyada bir nazirliyin təklif etdiyi xidmət 400-ə yaxındır.

Azərbaycanda isə Nazirlər Kabinetinin qərarına əsasən, bütün dövlət qurumları birlikdə 417 elektron xidmət təklif etməlidir. Amm onu da etmirlər.

Maraqlıdır, həmin qurumları idarə edən dövlət məmurları kimin gözündən pərdə asdıqlarını düşünürlər? Vətəndaşların, yoxsa özlərindən yuxarının? Hələ bu azmış kimi giley edırlər ki, mövcud elektron xidmətlərdən istifadə edənlərin sayı azdır. Əgər hər bir xidməti daha asan əldə etmək mümkün olsaydı, görəsən kim nazirliklərin, icra hakimiyyətlərinin, JEK-lərin qapısında qalardı? Kim özünə bu əziyyəti verərdi? Əlbəttə, heç kim!

Deməli, elektron hökumət portalına elə xidmətlər təqdim olunmalıdır ki, vətəndaşların ehtiyaclarına uyğun olsun. Məsələn, şəxsiyyət vəsiqəsini, xarici pasportu, sürücülük vəsiqəsini dəyişdirmək, almaq. Bir dövlət qurumundan digərinə aparılan onlarla arayış, məktub elektron formada göndərilə bilər. Sadəcə, vətəndaşın elektron hökumətdə qeydiyyatdan keçməsi buna yetərli olmalıdır. Beynəlxalq təcrübəni bizə iqtisadçı Vüqar Bayramov bölüşür: “Azərbaycanda sosial sifarişlərin elektronlaşmasında ciddi problem var. ABŞ-da və digər inkişaf etmiş ölkələrdə vətəndaşların elekron pasportu var. Bu, vətəndaşın sosial təhlükəsizlik nömrəsi də adlanır. Bu pasportda vətəndaş haqqında bütün məlumatlar əksini tapır. Kommunal borclarından tutmuş bank borclarına kimi. Vətəndaş həmin nömrəni təqdim etdikdə dövlət qurumları onun barəsində istənilən məlumatı əldə edir. Arayışlara, şəxsiyyət vəsiqəsinin surətinə, heç bir sənədə ehtiyac yoxdur”.

Müsahibim deyir ki, portalda özəlləşdirmə ilə bağlı elektron auksionlar keçirilməsinə böyük ehtiyac var. Hazırda Ukraynada, Rusiyada bu, tətbiq edilir. Gürcüstanda, Rusiyada, Ukraynada dövlət satınalmaları tamamilə elektronlaşdırılıb. Qazaxıstan və Özbəkistanda isə qismən elektronlaşdırılıb. Azərbaycanda dövlət satınalmaları üzrə elektron tenderlərin keçirilməsi isə hələ də tətbiq edilmir.

Bank sektorumuz da elektronlaşmadan uzaq qalır. Baxmayaraq ki, Rusiyada, Gürcüstanda, Ukraynada ipoteka müraciətləri artıq elektron formada edilir. Azərbaycan İpoteka Fondunun tələbinə əsasən ipoteka krediti almaq istəyən vətəndaş 18 adda arayışı müraciət etdiyi banka təqdim etməlidir. İpoteka müraciəti elektronlaşan ölkələrdə olduğu kimi vətəndaş elektron portaldan qeydiyyatdan keçdikdən sonra pasport məlumatları əsasında kredit üçün müraciət edir. Onun arayış almalı olduğu qurumlar da elektron portalda təmsil olunduqdan sonra arayış toplamağa nə ehtiyac var? Bank vətəndaşın müraciətini əsas tutaraq ona aid məlumatları elektron portaldan əldə edir. Vətəndaşın 18 dövlət qurumudan günlərlə bu arayışları toplamasına da zərurət qalmır. İpoteka müraciətlərinin elektronlaşmasının insanların işinin nə qədər rahatlaşdıra biləcəyini təsəvvür etmək çətin deyil. Amma bunun üçün gərək bütün dövlət qurumları elektron hökumətdə təmsil olunsun.

Bundan başqa, bankların təklif etdiyi elektron məhsulların həcmi azdır. Öz müştərilərinə elektron kabinetlər təklif edən bankları saymağa bir əldəki beş barmaq belə çoxdur.

Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, mənzil kommunal istismar sahələrinin də elektron hökumətə qoşulmasına çox böyük ehtiyac var. Vətəndaşlar arayışları məhz bu orqanlardan alır. Özü də digər dövlət qurumuna aparmaq üçün. Axı elektron hökumətdə buna nə ehtiyac var? Dövlət qurumlarında vətəndaşların pasport məlumatları var. Buna əsasən, ona aid məlumatlar da müxtəlif dövlət qurumlarında mövcuddur. Əgər bütün dövlət qurumları öz bazalarını elektron hökumət portalında yerləşdirərsə, lazım gəldikdə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi və yaxud hansısa JEK, bələdiyyə vətəndaşa lazım olan arayışı almaq üçün onu get-gələ sala bilməzdi. Tutaq ki, TN qərar verib ki, I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır. Yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə baxmaq olar. Bu zaman TN-ə, məktəblərə vətəndaşın yaşayış yerini təsdiqləyən sənəd lazımdır ki, buna uyğun olaraq uşağın hansı məktəbə getməli olduğu aydınlaşsın. Bu sənədi elektron hökumət portalından bir dəqiqəyə əldə etmək olardı. Vətəndaş əlavə vəsait xərcləmir, vaxt sərf etmir, iki dövlət qurumu baza məlumatlarını öz aralarında bölüşürlər. Əgər “JEK”-lər də bu portalda təmsil olunsaydı. Bu halda yalnız “JEK”-də 5 manata yaşayış yeri haqqında arayış verənin “qazanc”ına ziyan dəyəcəkdi.

Və yaxud hazırda istənilən bağcanın qapısında “Uşaq qəbulu dayandırılıb” cümləsini görmək olar. Bağcaya uşaq qəbulunun rüşvətlə olduğu heç kimə sirr deyil. Bakı şəhərində bağçaya qəbul üçün ən ucuz qiymət 200 manatdır. Hazırda bağçalara icra hakimiyyəti orqanları nəzarət edir. İcra hakimiyyəti orqanları ən azı bağçalara elektron növbə xidmətini təklif edə bilərlər. Bağcalara uşaq qəbulu adətən may ayında başlayır. Buna uyğun olaraq da ərazi üzrə uşaq qəbulunu tənzimləmək olar. Tutalım, vətəndaş yaşadığı əraziyə uyğun bağçanı seçir, müvafiq elektron formanı doldurub təsdiqləyəndən sonra növbədə neçənci olduğunu görür. Qəbul zamanı seçim edərkən ananın işləməsi üstün amil kimi nəzərə alına bilər. Bağça direktorlarının prosesə müdaxiləsini aradan qaldırmaq üçün də boşalan yerə uşağın qəbulunu təsdiqləyən məktub gələ bilər. Əlbəttə ki, məktubun ştrix kodlu olmalıdır ki, bağça onu qəbul etsin.

Vətəndaşların işini asanlaşdıracaq, rüşvətin qarşısını ala biləcək bu kimi mexanizmləri sadalamaqla bitməz.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, elektron portalda təsisçilər və onların payları haqqında məlumatların gizlədilməsi doğru deyil. Çünki vətəndaş bilməlidir ki, əməkdaşlıq etdiyi bank və ya hansısa müəssisə kimə məxsusdur. “Biz cəmiyyət olaraq bilgilənməliyik. Vətəndaş bilməlidir ki, kiminlə müqavilə imzalayır. Bəlkə həmin şəxs dələduzdur. Bundan başqa, məmurlar kommersiya fəaliyyəti ilə məşğul olduqda ictimai nəzarət mümkün olmadığında bunu görmək mümkün deyil. Baza gizlədiləndən sonra necə bilmək olar”.

Xatırladaq ki, 4 qanunda dəyişiklikdən sonra bu, gizli informasiya oldu.

Qeyd edək ki, "2013- 2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsi hazırdır. Ümid edək ki, vətəndaşların ehtiyacı olan yuxarıda sadaladığımız xidmətləri orada görə biləcəyik.
Elektronlaşaq, şəffaflaşaq!
“Elektronlaşmaq tam şəffaflıq deməkdir” prinsipini əsas tutan ekspert Vahid Qasımov hesab edir ki, dövlət qurumlarının rəhbərlərinə insan faktoru lazımdır ki, “yan gəlirlər” yaransın. Böyük pullar qazanmağa maraqlı olan məmurlar hökumətin elektronlaşmasında maraqlı deyillər.

Bu gün Azərbaycan hökumətinin elektronlaşması üçün hər şey var. Elektron xidmətlər təklif etmək üçün portal hazırdır, maliyyə var, ixtisaslaşmış kadr hazırlamaq imkanları da var.

Elektron hökumətn işini tənzəmləyən qanunlar da qəbul edilib. Düzdür, ayrıca qanun yoxdur. Hüquqşunas Ələsgər Məmmədli hesab edir ki, ayrıca bir qanunun olması mümkün deyil. Çünki xidmət bir qanunla göstərilmir. Sadəcə, dövlət qurumlarının əsasnaməsində “elektron xidmət göstərilir” sözü yazılmalıdır vəssəlam. Qısası, fiziki xidməti elektrona çevirmək lazımdır.

Zaman keçdikcə dövlət qurumları daha aktiv elektron xidmət göstərdikcə yarana biləcək boşluqları aradan qaldırmaq olar. Əsas odur ki, bu sistem işə düşsün, onda çatışmazlıqlar ortaya çıxacaq.



Portalın təbliğatı və təşviqatına gəldikdə, fikrimcə, elektron hökumətin reklamı kifayət qədər də aparılır.Elektrikşəbəkə” ASC tərəfindən hər ay mənzillərə göndərilən "Bildiriş xəbərdarlığı”nın arxa üzündə portalın reklamı gedir. Görəsən, ölkədə elektrikdən istifadə etməyən ailə varmı?! Telekanallarda da məlumat çarxları yayımlanır, media bu haqda yazır. Deməli əksər vətəndaşlar bu haqda xəbərdardırlar. Amma Malliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumları vətəndaşa lazım olan xidməti elektron formada göstərmirsə, buna portal neyləsin... 

Vətəndaşlar da sərfəli və rahat olduğu təqdirdə bu xidmətlərdən böyük məmnuniyyətlə istifadə edəcəklər. Elektron hökumətin inkişafı şəffaflığın artırılması və korrupsiyaya mübarizə baxımından əhəmiyyətlidir, cəmiyyəti, dəyərləri müasirləşdirir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə