Elçin Əlibəyli amea-nın Memarlıq və İncəsənət




Yüklə 21.73 Kb.
tarix20.04.2016
ölçüsü21.73 Kb.
Elçin Əlibəyli
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun aspirantı
Azərbaycan televiziyalarında hərbi vətənpərvərlik proqramları.
Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşımalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidi.

Azərbaycan telməkanında müharibə və sonrakı atəşkəs dönəmində vətənpərvərlik proqramlarını ərsəyə gətirmək bir mühüm vəzifə kimi ortaya çıxdı. Bu, bilavasitə özünü ölkənin ictimai-siyasi və ideoloji mühitindən irəli gəlirdi. Azərbaycan vətəndaşını, xüsusən də gənclərin hərbi biliklərlə silahlandırılması, onlarda ərazi bütövlüyünün qorunması, vətən sevgisi kimi ülvi hislərin aşılanması olduqca böyük əhəmiyyət kəsb edirdi. Hər zaman ölkənin ictimai informasiya həyatında aparıcı rolu ilə seçilən Azərbaycan televiziyası digər telekanallardan ilk olaraq hərbi vətənpərvərliyə diqqət ayıraraq müxtəlif proqram və veriliş hazırladı.

İlk olaraq belə ruhda hazırlanan veriliş «Hərb Tariximizdən» adlı həftəlik proqram oldu ki, tez bir zamanda tamaşaçılar arasında böyük rəğbət qazandı. Aparıcı-müəllif estetikasına üstünlük verən proqram yaradıcıları ənənəvi Azərbaycan Televiziyasının qaydalarına və üslub xüsusiyyətlərinə sadiq qalaraq hərb tariximizdən dolğun informasiya verir. Lakin qeyd etməliyik ki, verilişin estetik həllində bədii solğunluq, kifayət qədər qüsurlu yanaşmalar ona baxımsızlıq keyfiyyəti bəxş edir. Bu bilavasitə rejissorun ekran həllində yol verdiyi qüsuru kimi ortaya çıxır. Tamaşaçı baxdığı verilşin, bunun maarifçi və ya əyləncəli proqram olmasından asılı olmayaraq tamlıqla zövq almalıdır. Bu televiziyanın başlıca prinsipi kimi təsbit olunub. Televiziya verilişi daşıdığı birbaşa informasiyadan dolayı zövqə təsir edə biləcək bədii dəyər daşımalıdır. Əks halda onun təsir mexanizmi zəifləyə və effektsiz ola bilər.

«Hərb tariximizdən» verilişinin əvvəlində Dədə Qorqud obrazının bir uşaqla gəlməsi və onunla olan dialoqu dramaturji cəhətdən doğrulmadığından ona ağırlıq gətirir. Televiziya nəzəriyyəçisi V.Sappakın dediyi kimi «Televiziya özü istəmədən çox vaxt xalq yaradıcılığını təbliğ etməkdənsə onu biabırçı hala salır» (V.Sappaq. Televidinie i mı» Moskva 1988). Ağırlıqda yanaşı birbaşa verilişin dramaturji gedişatına dəxli olmayan bu söhbət yoruculuq və əsas məqsəddən uzaqlaşmaya səbəb olur. Dədə Qorqud xalqımızın yaddaşında qəhrəmanlıq eposunu söyləyən el ağsaqqalı-ozan kimi qalıb. Bu baxımdan hərb tarixini gənc nəsilə bu obrazın söyləməsini dastan estetikasına uyğun gəlir və özünü doğruldur. Lakin verilişin sonrakı gedişatı, istər üslubu və biçimi heç bir halda dastan estetikasına uzlaşmadığından veriliş öncəsi aparılan xətt qırılır və Dədə Qorqud obrazının əhəmiyyətliliyi, onun dastan, tarix söyləməsi doğrulmamış bir halda qalır. M.Təhmasibin təbirincə desək «Dastan həmişə olmuş əhvalat, baş vermiş hadisə, tarixi həqiqət kimi danışılır» (M.H. Təhmasib «Azərbaycan xalq dastanları» Bakı, 1972)

Televiziyaya bədii obrazın gətirilərək onu gerçəkliklə üzvi vəhdətdə verilməsi telesənətkarlıqda yeni hal deyil. Bir çox illər bu ənənələrdən istifadə olunub. Lakin yuxarıda dediyimiz kimi bütün obrazlar özünü doğruldaraq bədii həllini tapmaqla bərabər, verilişin dramaturji strukturunda iştirak etməlidir.

Qeyd etdiyimiz qüsurlarla bərabər «Hərb tarixi» verilişin müsbət cəhətləri də var. İlk növbədə böyük keçmişi olan xalqımızın qəhrəmanlıq səlnaməsini canlandıran veriliş gənc nəsildə vətənpərvərlik və qəhrəmanlıq ruhunu aşılayır. Onda özünün tarixi keçmişi barədə dolğun məlumat çatdrır. Verilişin müsbət cəhəti ondadır ki, tarixi həqiqətlər, baş verən hadisələrin bir çoxları, xüsusən də generallar, yaxın tariximizin qəhrəmanları barədə məlumatlar səhnələşdirilmiş bir tərzdə, audiovizual təqdimatda çatdırılır. Bu informasiyanın ötürülməsini təsirli etməklə bərabər, onun bədiiləşdirir. Bədiiləşmə isə özü özlüyündə informasiyanın daha yadda qalan olmasına xidmət edir. «Bədii publisistikanın təhlil prinsipində insani münasibətlər psixoloji, insanlarla cəmiyyət arasındakı əlaqələr isə sosial mövzuda həllini tapır» (A.Dadaşov «Ekran dramaturgiyası» Bakı. Maarif. 1999) Bəzi halarda verilişdə keçmiş dönəmin hərb səlnaməsindən danışarkən bədii filməlrdən istifadə olunması yuxarıda dediyimiz effektliliyi azaldır. Beləki kino estetikası ilə televiziya səhnələşdirilməsi arasında olan köklü fərq verilişi daxilində kino parçadan istifadə etmə vaxtı yamaqlılıq yaradır. Bu isə ümumi dramaturji gedişatı ağırlaşdırır, verilişin tempo-ritmini öldürür.

Azərbaycan Dövlət Televiziyasında yayımlanan Hərbi vətənpərvərlik redaksiyasının daha bir verilişi «Aypara»dır. Bu verilişdə əsasən hərbi quruculuq işlərindən təlimlərindən söhbət açılılır. Əsgərlərin gündəlik həyatları, yaşam tərzləri göstərilir. Həmçinin onların döyüş hazırlığı tərənnüm edən kadrlarda milli ordumuzun durumu barədə tamaşaçıda dolğun və gərəkli informasiya yaranır. Verilişin aparıcısının hərbi geyimdə olması ona bədii çalar verməklə bərabər, ümumi auranın yaranmasına xidmət edir. Orada əsgər həyatının dolğun çatldırılması böyük əhəmiyyət daşıyır. Haqlı olaraq veriliş müəllifləri əsgər-xalq münasibətlərinə Sovet dönəmi olan steriotiplərdən uzaqlaşaraq yeni, daha çox milli prizmadan baxmaqla əslində çoxdan bəri lazımlı olan fikirlərin tərbiyəsinə səbəb olur. Tərbiyədə televiziyanın müstəsna rolunu yetərincə dəyərləndirərək bu tip verilişlərin xalqda onun ordusuna, əsgərinə qarşı ülvi məhəbbətlə yoğrulmuş münasibəti təlqin edəcyinə inanaraq bu tendensiyanın davam etdirilməsini təqdirə layiq hal kimi dəyərləndiririk. Azərbaycan televiziyasının yayım arealının daha geniş olması, bütün bölgələri əhatə etməsi baxımından bu cür verilişlərin dövlət kanalında yayımı böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin ilk müstəqil televiziya kanalı olan ANS -də hər həftənin bazar günü saat 12.00–da efirə gedən «Marş» proqramı da xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə onu deyək ki, proqramın vaxtı olduqca düzgün müəyyənləşdirilib. İstrihatə günün günorta saatı gənclərin baxımlı dövrüdür. Həftə içi dərsdə və ya işdə olan gənclər istirahət gününün birinci yarısı evdə olmağa üstünlük verirlər. Çünki adətən əyləncələr axşam saatlarında təşkil olunur. Bu fakt istər sosioloqlar, istərsə də asudə vaxtın təşkili istiqamətində araşdırma aparan mütəxəssislər tərəfindən təsdiq olunur. Kulturoloq İlqar Hüseynovun fikrincə «Aparılan bu sosioloji tədqiqat zamanı insanların daha çox öz evlərində və ya evlərinə yaxın bölgələrdə keçirmələri aşkar edilmişdir. Lakin sərbəst vaxtın mədəni asudəvaxt mərkəzlərində keçirilməsinin dərəcəsi heç vaxt aşağı düşməmişdir» (İlqar Hüseynov. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti. Bakı,2020.) İstirahət günün birincisi yarısında əsasən yeniyetmələr və gənclər üçün nəzərdə tutulmuş verilişin başlıca məqsədi vətəndaşı əsgər kimi tərbiyə etmək üçün ibtidai hərbi biliklərə yiyələndirmək, silahlar, döyüş texnikası barədə ilkin, vacib informasiyanı vermək, dinc əhalinin özünümüdafiəsi işində lazımi bilgilərlə silahlandırmaq, həmçinin gənclərdə orduya məhəbbəti aşılamaq, onların vətənpərvərlik hissini inkişaf etdirməkdir. Sadalanan məqamların hər biri olduqca vacib və gərəklidi. Beləki, müasir insan özünə lazımı informasiyanı birbaşa vizual həllin köməkliyi ilə lokoniq, templi şəkildə almağa vərdiş edib. Artıq danılmazdır ki, geniş xalq kütlələri informativ maariflənmə üçün kitablardan daha çox indiki dönəmdə internetə, böyük əksəriyyəti isə televizora müraciət edir. Proqamın aparıcısı İlqar Mikayıloğlunun hərbi biliklərdən mükəmməl inofrmasiyalı olması verilişin effektini artırır, veriliş üçün mühüm olan aparıcıya inam, etibar hissini yaradır. Onun dinamik, verilişin tempinə uyğun nitqi döyüş kadrları və izahedici qrafika ilə üzvi vəhdətdə mükəmməllik təsiri bağışlayır. Həmçinin verilişdə hərbi təlimlərin verilməsi, əsgərlərin məişətini göstərmə gənclərdə orduya maraq hissini artırır.

Deyilənlərə yekun olaraq qeyd etməliyik ki, Azərbaycanın televiziyasında hərbi vətənpəvrəlik proqramlarının hər zaman olduğu kimi əhəmiyyətli olsa da, təəssüflə deməliyik ki, hazırda ölkə teleməkanında bu sahədə aparılan işlərin uğurudan danışmaq olmaz. Xaotik şəkildə qurulan hərbi vətənpərvəlik verilişlərinin heç biri normal televiziyaçılıq prinsiplərinə cavab vermir. Bu isə televiziyalar üçün yolverilməzdir. Mədəniyyətlərin inteqrasiyası dönəmində Vətən müqəddəsliyi hissini aşılamaq televiziyalar üçün hər zaman aktual olmalıdır bu iş keyfiyyətli və sənətkarlıqla qurulmalıdır.

Ədəbiyyat siyahısı


A.Dadaşov «Ekran daramaturgiyası» Bakı, Maarif 1999
İ. Hüseynov. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti. Bakı, 2002
M.H. Təhmasib «Azərbaycan xalq dastanları» Bakı, 1972)
«Vətəndaş həmrəyliyi» «Telereytinq: kim haradadır?» 2 mart 2002
В.Саппаг. Телевидиние и мы» Москва 1988


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə