Əhməd Ələkbər oğlu Quliyev – Lənkəran Dövlət Universitetinin baş müəllimi




Yüklə 18.11 Kb.
tarix22.04.2016
ölçüsü18.11 Kb.
Əhməd Ələkbər oğlu Quliyev – Lənkəran Dövlət Universitetinin baş müəllimi

3. Mülki müdafiənin mühafizə qurğuları, onların təsnifatı və daxili quruluşu

Əhalinin MM-in mühəndis qurğularında mühafizəsi düşmənin kütləvi qırğın silahlarından (KQS) qorunmasının ən etibarlı üsuludur. Raket-nüvə silahının və strateji aviasiyanın inkişafı düşmənin qəflətən hücum imkanını artırıb. Belə şəraitdə mühafizə tədbirlərinin görülməsi müddəti son dərəcə məhdud ola bilər. Ona görə də, müasir şəraitdə əhalinin yerləşdiyi bütün ərazilərdə mühəndis təminatı yüksək səviyyədə təşkil olunmalıdır.

Mühafizə qurğuları əhalini nüvə, kimyəvi və bakterioloji silahlardan, habelə nüvə partlayışları zamanı və adi qırğın vasitələri işlədilərkən yarana biləcək əlavə zədələyici amillərdən qorumaq üçün nəzərdə tutulan xüsusi mühəndis qurğularıdır (tikililəridir). Mühafizə qurğuları təyinatına görə belə qruplaşdırılır: yerləşdiyi yerə; tikilmə vaxtına; idarəetmə orqanları, tibb müəssisələri və əhalinin mühafizəsi məqsədinə; müdafiə xüsusiyyətinə görə.

Yerləşdiyi yerə görə mühafizə qurğuları iki cür olur: 1)binaların altında tikilən; 2)ayrıca tikilən.

Tikilmə vaxtına görə mühafizə qurğuları iki cür olur: 1)sülh dövründə tikilən; 2)fövqəladə hallarda və ya fövqəladə hadisə ehtimalı olan hallarda tikilən.

Mühafizə qurğuları müdafiə xüsusiyyətinə görə aşağıdakı növlərə ayrılır: 1)sığınacaqlar; 2)radiasiya əleyhinə daldalanacaqlar (RƏD); 3)sadə daldalanacaqlar.



Sığınacaq adamları müharibə dövründə KQS-in zədələyici amillərinin təsirindən mühafizə etmək üçün nəzərdə tutulan mühafizə qurğusudur. Sığınacaqların əksəriyyəti bina ilə birlikdə tikilir. Bu məqsədlə, adətən, istehsalat binalarının, ictimai binaların, yaşayış evlərinin zirzəmi və yarımzirzəmilərindən istifadə olunur. Sığınacağı binadan ayrı qurğu kimi də tikmək mümkündür. Belə sığınacaqlar tamamilə və ya qismən yerin altında olur, onların üstü və yanları torpaqla örtülür. Cürbəcür yeraltı keçidləri və lağımları, metro stansiyalarını, dağ-mədən yerlərini də sığınacaq kimi uyğunlaşdırmaq mümkündür.

Sığınacaqlar böyük şəhərlərdə, əsasən müharibə zamanı fəaliyyət göstərməsi nəzərdə tutulmuş təsərrüfat obyektlərində tikilir. Sığınacaqlar əsas və köməkçi otaqlara bölünür. Əsas hissədə mühafizə üçün nəzərdə tutulmuş otaqlar, idarəetmə məntəqəsi yerləşir. Böyük sığınacaqlarda isə tibb otağı da olur. Yardımçı hissədə süzücü-ventilyasiya sistemi, ehtiyat elektrik sistemi, ərzaq ehtiyatı üçün otaq, su ehtiyatı saxlamaq üçün yer, sanitar qovşağı, giriş dəhlizləri və s. olur. Giriş yollarının sayı sığınacağın tutumundan və bir giriş yoluna düşən adamların sayından asılıdır. Hər bir sığınacağın iki giriş yolu olur (kiçik sığınacaqda bir giriş də ola bilər, belə hallarda mütləq ehtiyat çıxış yolu qoyulmalıdır, buna qəza-çıxış yolu da deyilir). Bina ilə birgə tikilən sığınacaqda isə bunlardan əlavə yeraltı lağımla qəza-çıxış yolu düzəldilir.

Süzücü-ventilyasiya kamerasında süzücü-ventilyasiya aqreqatı yerləşdirilir: bu aqreqat sığınacağın otaqlarının havasını dəyişmək, çöldən içəri verilən havanı radioaktiv, kimyəvi və bakterial maddələrdən təmizləmək üçündür.



Sığınacaqda qorunanların rahatlığı üçün lazımi şərait yaradılır: uzanmaq üçün iki-üçmərtəbəli taxtlar, aşağıda isə oturacaqlar düzəldilir. Oturacaqların sayı qorunanların 80%-ni, taxtların sayı isə ikimərtəbəli variantda 20%-ni, üçmərtəbəli variantda 30%-ni əhatə etməlidir.

Adamlar “Hava həyəcanı” siqnalı veriləndə sığınacağa daxil olurlar. Bu iş son dərəcə qısa müddətdə, cəld yerinə yetirilməli, heç bir çaxnaşmaya yol verilməməlidir. Hər həs özü ilə müəyyən qədər azuqə və su ehtiyatı götürməlidir. Mühafizə qurğularında daldalananlar daxili qaydalara ciddi riayət etməli, xidmət manqası üzvlərinin tövsiyələrini danışıqsız yerinə yetirməlidirlər. Belə sığınacaqlar adamların orada müəyyən müddət qala bilmələrini təmin etməlidir. Bundan əlavə, onlar daldalanan adamları zərbə dalğasının izafi təzyiqindən də müəyyən dərəcədə mühafizə edə bilər. Hər bir insan yaşayış və iş yerinə yaxın olan sığınacağın harada yerləşdiyini bilməlidir!



RƏD - burada daldalanan adamları ərazinin radioaktiv zəhərlənməsi zamanı ionlaşdırıcı şüalanmanın zədələyici təsirindən, işıq şüalanmasından və qismən də zərbə dalğasından mühafizə etmək üçün nəzərdə tutulmuş mühafizə qurğusudur. Mühafizə əmsalına, yerinə və mqsədinə görə RƏD-ləri qruplara ayırırlar.

RƏD-in daxili avadanlığı sığınacağın adamlar yerləşən otağında olduğu kimidir. Evlərin zirzəmilərini, döşəməaltı boşluqları, ayrıca tikilmiş yeraltı anbarları, tərəvəz anbarlarını, yeraltı dağ-mədən sahələrini RƏD kimi düzəltmək mümkündür. RƏD düzəldilən bütün otaqların divarlarında, tavan və döşəməsində, qapı və pəncərələrində hava keçə biləcək bütün deşik yerlərini, bacaları, çatları müxtəlif üsullarla (suvaq çəkmək, əsgi tıxamaq, qalın kağız yapışdırmaq və s.) kipləşdirirlər. Qapı ilə çərçivə arasına keçədən, brezentdən araqat vurmaqla onun kip örtülməsinə nail olurlar. Burada adamların müəyyən müddət qala bilmələri üçün hər cür şərait yaradılır.

RƏD-in əsas otağında havanın dəyişdirilməsi üçün süzgəcli sorucu tərtibat düzəldilir. Burada da adamların oturması üçün skamya və taxtlar yerləşdirilir: bunların sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını saxlamaq üçün daldalanacağın divarlarında rəflər olur.

Mühafizə qurğusunda ona xidmət edən manqanın, yaxud MM postunun nümayəndəsi yerləşdirilir. Adamların hamısı içəri daxil olan kimi bütün qapılar kip bağlanır.

Xidmətçi heyətin icazəsi olmadan mühafizə qurğularından çıxmaq qadağandır! Ancaq “Hava həyəcanı sovuşdu!” siqnalına, yaxud komendantın sərəncamına əsasən daldalanma yerlərini tərk etmək olar. 10 nəfərlik örtülü səngəri hərəsi 3 nəfərdən ibarət iki işçi qrupu 1 gün ərzində tikə bilər.



Sadə daldalanacaqlar (SD) adamların işıq şüalanmasından mühafizəsini təmin edir, həmçinin nüvə partlayışı zamanı ionlaşdırıcı şüalanmanın və zərbə dalğasının təsirini xeyli zəiflədir. Bunlar yarğanlardan, səngərlərdən, habelə zirzəmilərdən və qazılaraq dərinləşdirilmiş digər teztikilən müvəqqəti daldalanma yerlərindən ibarətdir. Bunlar nüvə partlayışı və adi silahların təsirindən müvəqqəti qorunmaq üçün əhəmiyyətlidir. Məsələn, üstüaçıq xəndək zərbə dalğasının təsirini 1,5-2 dəfə, şüalanma dərəcəsini 2-3 dəfə zəiflədir. Üstü örtülmüş və damının torpaq qatı 60-70 sm-də xəndək isə nüfuzedici radiasiya və radioaktiv şüalanmanı 200-300 dəfə zəiflədə bilər. Yadda saxlamaq vacibdir ki, hətta örtülü səngərlərdə də, kimyəvi və bakterioloji vasitələrin təsirindən fərdi mühafizə vasitələri olmadan qorunmaq mümkün deyil.

SD-lər əsas mühafizə vasitələri deyil, yardımçı vasitələrdir və bunlar ekstremal şəraitdə, əsas mühafizə qurğuları çatışmadıqda qısa müddət üçün adamların çox cəmləşdikləri yerlərdə düzəldilir (köçürmə üzrə toplanış məntəqələri və stansiyalarında, müəssisələrin, məktəblərin həyətində və yaşayış məhəllələrində).

SD-nin tikintisinə əhalinin adətən,10-15 nəfərlik qrupları cəlb edilir (ən çoxu 50 nəfərlik). SD-nin hündürlüyü 1,8 m., eni aşağıdan 0,8 m., yuxarıdan 1,1-1,2 m. olmalıdır və oturmaq üçün hər adama 0,6 m. enində sahə düzəldilir. SD-yə bir və ya iki tərəfdən qapı qoyulur. SD-lər üçün elə yer seçilir ki, subasma təhlükəsi olmasın. SD-lər bir-birindən ən azı 10 m. aralı olmalıdır.

Xəndəyin divarlarının birinin dibində hündürlüyü təxminən 50 sm, eni 35 sm olan oturacaq yeri düzəldilir. Səngər xəndəyinin üstünü qalınlığı 10-15 sm olan taxta, tir, dəmir-beton tikinti hissələri, yaxud kənd təsərrüfatı bitkilərinin (günəbaxan, qarğıdalı, pambıq) kollarından, ağacların budaqlarından bağlanmış şax-şəvəllə örtərək torpaqlamaq mümkündür. Burada müəyyən müddət qalmaq üçün lazımi şərait də yaradıla bilər.



Zəruri hallarda belə SD-lər hər bir həyətdə, həmçinin çoxlu adam toplanan yerlərin – məktəblərin, mədəniyyət evlərinin, bazarların, avtobus dayanacaqlarının və s. yaxınlığında düzəldilməlidir.

07.02.2014


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə