Dövrə ümid eylədik, dövran da it günündə, Alim də it günündə, nadan da it günündə




Yüklə 234.51 Kb.
səhifə2/3
tarix23.02.2016
ölçüsü234.51 Kb.
1   2   3

Xırda-xırda

Çən bürüyür gülşəni xırda-xırda,


Güllə atır erməni xırda-xırda.

Şumda çürütsəydik əgər haqq-hesab


Verməz idik xırməni xırda-xırda.

Milli vəkillər o zaman gənc idi,


Pir olub, artıb sini xırda-xırda.

Ustula girdi, geri çıxmır daha,


Yana girir çün eni xırda-xırda.

Ustulu dar olsa da gendir cibi,


Genlərə keçmiş geni xırda-xırda.

Biz dəli şeytana papış tikmişik,


Fırladırıq həm çini xırda-xırda.

Kəbədə biət eləyib İslama,


Kubədə boğduq dini xırda-xırda.

«Maksi»lərin razrezi çıxmış belə,


Bellərə qalxmış «mini» xırda-xırda.

Parələnibdir Günəşi yurdumun,


Qarəlinibdir günü xırda-xırda.

Haqqı çəkib çarmıxa, öldürmüşük,


Haqqa oxu «Ya-Sini» xırda-xırda.

Borc elə, Pünhan kəfən al az qalıb,


Doğrayacaqlar səni xırda-xırda.

23 aprel 1997, Bakı.



Ölümün içində

Aylarım itdi, ilimin içində,


Bitli tikanlar dilimin içində.

Qanlı içimdən çölümə axdı qan,


Qanlı göl oldu, çölümün içində.

Xaricə köçdükcə el əskikləşir,


Əskiyi çoxmuş elimin içində.

Kimsə belin torpağa sancmır içində.


Qurd yuva salmış belimin içində.

Qara nöyüt xaricə sel tək axır,


Qara fikir var selimin içində.

Mavi Xəzər sehrdə, tilsimdədir,


«Bermud» oturmuş gölümün içində.

Vergililər baxdı mənim bəxtimə,


Xətti-cihadım əlimin içində.

Saldılar axır məni qanqallığa,


Gəzdi Amerkan gülümün içində.

Hər yeri gəzdim Babanı tapmadım,


Ömr sürürmüş ölümün içində.

25 avqust 1997. Bakı.



Milli zibildən danışım

Məni göndər ABŞ-a, dərdimi dildən danışım,


Bürüyən məmləkəti milli zibildən danışım.

Ora ixrac eləyim Azərbaycan zibilin,


Bura göndərdiyinə qoyduğu güldən danışım.

O zibillər ki, keçir bizdə nəsildən-nəsilə,


Çox üfunətli olur, mən bu nəsildən danışım.

Gələcək nəslimizə rüşvəti, korrupsiyanı,


Necə təlqin edirik, bax bunu zildən danışım.

Yeni bir əsr gəlir – əsl müsəlmana gəlir.


Bu yeni dövrə zibilnən keçən eldən danışım.

«Daleko» getmədi ölkəm «şirako» addım ilə.


«Şirako»dan çölə çıxmış «babasil»dən danışım.

Bu müqəddəslər olan torpağa NATO nə gərək?


Qarışar neftə barıt, böylə fitildən danışım.

Danışım, «vauçer»i əldə, zibillikdə gəzən,


O gözüyaşlı, başıdaşlı tifildən danışım.

Zibil üstündə yatan arxalı milçəklərdən,


Zibil altında qalan cüssəli fildən danışım.

Müstəqilik olanı fərdi zibillər çoxalıb,


Bunu hakim necə örtür? Bu qəbildən danışım.

Oxunub surə, çatınca Zamana Sur səsi,


Sənə Pünhandakı səs-küylü təbildən danışım.

13 fevral 1999. Bakı.





Güc üçümüzdən çıxar

Hər nə çıxar yaxşı pis, öz içimizdən çıxar,


Düşməni dəf etməyə, güc gücümüzdən çıxar.

Erməni öz ülgücün, boynumuza çox çəkib,


Gün gələr inşəlla ki, ülgücümüzdən çıxar,

Heyf paxıllıq kimi, heyvərə xislət bizim,


Daxilimizdən girib, xaricimizdən çıxar.

Ömrü boyu gic deyib, erməni alçaq bizə,


Bicləri ram eyləmək gicgicimizdən çıxır.

Nola «mənəm» yox, «mən» ol, mən də dönüm «sən» olum,


Bir də əgər olsa «o» güc üçümüzdən çıxar.

Umma Ərəb, Türkiyə, ya ki, İrandan kömək,


Gərçi müqəddəs bizim «İflic»imizdən çıxar.

Tikmə saraylar, daşı sovrulacaq göylərə,


Haqq olana daxmalar, kərpicimizdən çıxar.

Çox hacılar verdi söz, Pünhana imdad edə,


Axırı bildim, bu şey pak həcimizdən çıxar.

20 may 1997. Bakı.



İlandan ilana

Dağılıb ölkə tamam, düşdü talandan-talana,


Yanıb ağzımda dilim, bişdi yalandan-yalana.

Mənə «von!- von! dedi, canan parasız vaxtımda,


Mənə can-can dedi, ancaq pul olandan-olana.

Kasıb hər dövrdə, zər əhlinə eşşəklik edib,


Dövr keçdikcə olub fərq palandan-palana.

Özünü yolda, prospektdə satan bir ananın,


Qızı əlbəttə girər, gündə dalandan-dalana.

Quru əncir kimi Lenin qurudu, çəkmədik əl,


Rənglədik dahimizi, rəngi solandan-solana

İblisin qətli üçün göydə planlar cızılır,


Leyk, hər dəfə qalır məhvi plandan-plana.

Pullu iş harda olursa, çağırır əcnəbini,


Bizə təklif edir, iştatı dolandan-dolana.

Nə qədər dövlətin üstündə ki, şahmar uyuyar,


Keçər o dövlət əsrlərlə ilandan-ilana.

Bürcüm Əqrəb, dilim aqu, qələmim neştərdir,


Çalaram hər kəsi, Pünhanı çalandan-çalana.

18 yanvar 1998. Bakı.



Üzü dördkünc kimi

Sözümün əksi-sədası qopacaq sinc kimi,


O zaman səs qoparar söz ki, tutar pinc kimi.

Kiminin qəddi bu dövrana sual tək əyilib,


Kiminin qəddi nidadır, üzü dördkünc kimi.

Sexinin həcmi böyük, nəfsi sexindən də böyük,


Çörəyin həcmi kiçikdir, içi də linc kimi.

Bığının tükləri bir yorğanı rahatca görər,


Keçirib barmağına «lifçiyi» yelpinc kimi.

Bura zor ilə qovub, burda da mitinqə qovur,


Qoymayır xalq eləyə alverini dinc kimi.

İncələr inciməsin qoy bu kobud qafiyədən,


İncilər inci düzər, mən deyiləm inci kimi.

Nə gəlir ağlına Pünhan köçürür ağ varağa,


Bu qəzəl aləminə gəldi o nadinc kimi.

29 mart 1997. Bakı.



Pünhanı ustada satım

Səni ey mülki-vətən, istəyirəm yadə satım,


Neçə milyardı olan bir gözəl arvadə satım.

Ataatdır, satasatdır, batabatdır, batırıq,


Batırınca satırıq, yet bizə imdada satım.

Kazinodan çıxarım mamlı-matan Leylimizi,


Başına tac qoyum, xaricə şahzadə satım.

Ey Koroğlu, o bığından mənə bir çəngə yetir,


Onu bıqsız kişiyə, bir tükün həştadə satım.

Şirini istəsə Fərhad, ona dəllallıq edim,


Onu Xosrovdan alım, pul ilə Fərhadə satım.

Adam öldürməyə könlün var isə, alma naqan


Gəl ucuzvari sənə, zəhr ilə badə satım.

«Ay alan məmləkəti – Rey satıram» sözlərini


Mən yüz ildən sora, qoy bir də salım yadə, satım.

Deyirəm yaxşı ki, bu cism ilə can ayrı imiş,


Canı Allaha verim, cismi bu dünyadə satım.

Mənim ustadımı kim tapsa, yan alsın yanıma,


Bəlkə bir yaxşı pula, Pünhanı ustadə satım.

13 iyul 1997. Bakı.



Az.TV

Bu riya dünyasına ən yaxşı meydan Az.TB.


Ev qurub antennasında sanki şeytan Az.TB.

Bir müxalif bəndənin yox ixtiyarı, söz desin,


Haqq sözün car etməyə, heç verməz imkan Az.TB.

Kim raket yığmaqda, kim konsert oyun göstərmədə


Kefdə olduqca müsəlman, güldü Bartan Az.TB.

Kimsə yaymaz  İslamın ali, gözəl qanunların,


Yan olur neyçün müsəlmandan bu ekran Az.TV.

Bilsə Quranı gəlin, qız, bir qədər abrın güdər,


Dərdli xalqın qızları, görsənməz üryan Az.TB.

Yarımçılpaq qızların meydanıdır ekranımız,


Dəhrdə ünvanımız, amma müsəlman Az.TB.

Az TB göstərməyir heç vaxt, açıq bir məhkəmə,


Xəlq bilsin dostu kimdir, kimdi düşman Az.TB.

Yetmiş il «şalban»ı göstərdi iməclik günləri,


İndi də möhkəm durub üstündə şalban, Az.TB.

Gün gələr min-min həqiqətlər görər ekranda xalq,


Bir zaman ekranına, yol açsa Pünhan, Az.TB.

23 mart 1997. Bakı.





Evdə qalıb qızdanıb

Milli ürəklər buz olub, buzdanıb,


Dilli «mələk»lər sus olub, susdanıb.

Oğlanımız sürmə çəkəndən bəri,


Qızlarımız evdə qalıb, qızdanıb.

Abi-şorandan çoxu şəkkər tutub,


Abi-şoran əhli özü duzdanıb.

Sönsə də bəxt ulduzumuz qəm yemə,


Bayrağımız zövq ilə ulduzdanıb

Sərvətin üstündə ilanlar yatıb,


Marın əliylə neçə mur «tuz» danıb.

İçmədi səndən bu gözüm zərrə su,


İçmədiyindəndi gözüm tozdanıb.

Dağı satıb, bağı alandan sora,


Bağda qumumtək sifətin bozdanıb.

Ağ kişini arvadı «neqır» doğub.


Beynə sızıb qan, kişi nevrozdanıb.

Pünhanı dəfn eylə ayaq üstə ki,


Mülk salınıb hər yerə, yer azdanıb.

8 iyul 1997. Bakı.



Belədir ki, hələ ki...

Özünü yorma,  əzizim, belədir ki, hələ ki,


Kişilər nakişələrçün kölədir ki, hələ ki.

İlimiz tək, öxümüz də elə dovşan kimiyik,


Bizi bu gürzə ilanlar mələdir ki, hələ ki.

Teleşirkətlər içində əsas ekranımızın,


həvəsi, istəyi yaltaq dilədir ki, hələ ki.

Elin ağzında tüpürcək də acından quruyub,


Onun ağzındakı, əla lülədir ki, hələ ki.

Çağırın mollanı bu kəndlərə «Yasin» oxusun,


Dirilər icrə kəfənli Xilədir ki, hələ ki.

Çilə bizlərdə çıxar onki ilə, qırx günə yox,


Bu elin vergisi artar, çilədir ki, hələ ki.

Döşək altında qaçanlar, döşənib dağ döşünə,


Kişilik rəmzli bığlar, şələdir ki, hələ ki.

O zaman Kərbübəla idi Hüseynin səfəri,


Bu səfər Kərbübəladan kölədir ki, hələ ki.

Ümüdüm Məhşərədir, Qaimədir, leyk sənin.


Onu əfsanə sayan cahilədir ki, hələ ki.

17 aprel 1999. Bakı.



Gözündəki fənarı gör

Yıxıl acından öl, uzan, yuxunda iqtidarı gör,


Dedikləri qərara bax, yedikləri naharı gör.

Nə verdi bu qurum sənə, dedin ki, sözlə boş çənə,


Dubinkadan qalan mənə, başımda yadigarı gör.

Hüquqi dövlət olduğun, bu yurdda bilmək istəsən,


Bizim bu jurnalistlərin gözündəki fənarı gör.

Üzündə yox abır-həya, boyun yoğun, sifət qaya,


Saman çöpün basar çaya, samanı çayda sarı gör.

Gün üstünə çöküb gecə, biçin işi düşüb gicə,


Nöyütlə tank gəlir küçə, ötüb keçən qatarı gör.

Hesaba kölgələr salıb, hesabda bölmələr qalıb,


O bölgədə bazara bax, bu bölgədə azarı gör.

Düşək yola Qarabağa, ayaq açaq o torpağa,


Qayıt, desə polis qağa, ürəkdəki qərarı gör.

Mənim canımda el canı, mənim qanımda el qanı,


Mənim özümdə Pünhanı, sözümdə aşikarı gör.

10 avqust 1999. Bakı.



Hamı cığal içindədir

Əl əli, əl də üz yuyur – ölkə zaval içindədir,


İynə çuval içindədir, xəlq sual içindədir.

Qoydu firəngi kölgədə, yaydı zinanı ölkədə,


Qızları mini yubkədə, gündə sığal içindədir.

Parələri Turandadır, surələri Qurandadır,


Siqələri İrandadır, molla vüsal içindədir.

Fikrə xəyala çox dalıb, qeyl ilə qala əmr alıb,


Yurdun içində yurd salıb, özcə amal içindədir.

Salmadı qardaşın saya, qardaşı sanki bir qaya,


Uçdu Dubaya, bay-baya, bakirə hal içindədir.

Gizlicə getdi söhbətə, söhbəti döndü rüşvətə,


Axırı çatdı şöhrətə, indi medal içindədir.

Dostdu-tanışdı bilmirəm, hamı cıqal içindədir.


Yandı-yanışdı bilmirəm, hamı cığal içindədir.

Öldü bu ölkə basdırın, üstünə böylə yazdırın,


«Torpağı qal içindədir, xaini bal içindədir».

Rəngdü, rəng, rəngdü, axırı cəng cəngdü,


Ləngdü, ləng, ləngdü, ölkə topal içindədir.

Axırı kama çatdılar, Pünhanı DİN-ə satdılar,


Ağı qaraya qatdılar, saçları çal  içindədir.

7 oktyabr 1997. Bakı.



Qələm varağı yandırar

Əsilli qız gəlin gələr-gələr ocağı yandırar.


Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.

Oğul gərək çəpər ola, gəlin – ana arasına,


Əgər çəpər alov tuta, o bağ bu bağı yandırar.

Oğul verərsə arvadın ayağına, anasını,


Bu dərd ilə ölən ana, qəbirdə ağı yandırar.

Qızı alanda yaxşı bax, anası gər xanımdır, al,


Xanım qızı xanım olar, sönən çırağı yandırar.

Alanda dürr al söyün, gəlin dayağıdır öyün,


Əgər olarsa ərköyün, tavada yağı yandırar.

Gəlin ki, bihəya olar, əri saralmamış solar,


İçi-içində od salar, çölü-qırağı yandırar.

Sizə gülüş verən sözüm, qubarıdır bu Pünhanın,


Gözündə yaşlar olmasa, qələm varağı yandırar,

3 aprel 1997. Bakı.



Nəyimə gərəkdir Qarabağ?!

İki bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,


Bura dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.

Qıdı Kirvəm də mənimlə qapı bir qonşu düşüb,


Vururuq gündə araq – nəyimə gərəkdir Qarabağ.

Deyirəm, yaxşı ki, çox qurdalamırlar bu işi,


Dolanır arvad-uşaq – nəyimə gərəkdir Qarabağ.

Yekə dağlar ətəyindən tutan alçaq təpəyəm,


Təpədəndirsə maraq – nəyimə gərəkdir Qarabağ.

Onun hərbində də, sülhündə də sirlər görünür,


Qalanır sirli ocaq – nəyimə gərəkdir Qarabağ.

Demə, yüzlərlə «mataq»lar dolaşırmış Bakıda,


Bakıda varsa «mataq» – nəyimə gərəkdir Qarabağ.

Binədə, Maştağada çox yeri zəbt eyoəmişəm,


Ni dinir dil, nə dodaq – nəyimə gərəkdir Qarabağ.

Kimisi atəşi kəsdi, kimi düşmən qulağın,


Xatası məndən uzaq – nəyimə gərəkdir Qarabağ.

O qədər səbr edirik ki, dığa həll etsin işin,


Sümüyə çatası bıçaq – nəyimə gərəkdir Qarabağ.

Demə, Pünhan, Qarabat bir də gərəkdir nəyimə,


Yaşıla, qırmızıya, göyümə gərəkdir Qarabağ.

20 aprel 1998, Bakı.



Yadımdan çıxıb

Millətimin halı yadımdan çıxıb,


Qəm oxuyan valı yadımdan çıxıb.

Yaxşı güzaranlısı dövrəmdədir,


Fağırı, hambalı yadımdan çıxıb.

Yerlilərim sıx meşə tək köklənib,


Hansıdı çaqqalı yadımdan çıxıb.

Ac-yalavaclar gözünü silməyə,


Bir qoşa dəsmal yadımdan çıxıb.

İsti yatağımda qızırkən canım,


Əsgərin ədyalı yadımdan çıxıb.

İndi xiyardan, banana keçmişəm,


Bağdakı şaftalı yadımdan çıxıb.

Türk, ərəb musiqisin dinlərəm,


Rastımın üzzalı yadımdan çıxıb.

Məhbəsi-zülmətdə günahsızların,


Zənciri, qandalı yadımdan çıxıb.

Nəslim üçün çox qabağı görmüşəm,


Çox qabağın dalı yadımdan çıxıb.

Sən Baba Pünhanı unutsan da gəl,


Bir demə saqqalı yadımdan çıxıb.

23 avqust 1997, Bakı.







Baxmaz yaşa daş

Neçə illərdi yazır ölkədə başdanbaşa daş,


Belə getsə, basacaq başları başdan-başa daş.

Daşı bir yerdən atırlar bölünür daş ikiyə,


Bu daşın sirrin açanda dəyəcək sirdaşa daş.

Yuxarı zümrələrin gizli şüarı belədir:


«Bu avam xalq oyananda yaşa qənbər, yaşa, daş!»

O zamandan ki çəkiblər bizi meydan üzünə,


Bax o gündən də salıblar aşa daş, bozbaşa daş.

Daşı atdın yekəsin at, arama xırdasını,


Yekə daş olsa, çətin ki, yekəbaşdaş aşa daş.

Qarabağ Azərbaycanımızın tək qaşıdır,


Qaşa göz dəydi, o gün ki, yağı atdı qaşa daş.

Yenə aləm, yeni Adəm, yeni Həvva gələcək,


Olacaq Kəbə daşı Kubə daşıynan qoşa daş.

Demə, Pünhan, sənə atmaz daşı, ağsaqqalsan,


Şoru balnan bir olan ölkədə baxmaz yaşa daş.

13 sentyabr 1999. Bakı.



Dəf, dumbula girdi

Azadlığa çıxdıq, hərə bir cür yola girdi,


Quldur mala, puldar pula, muzdur çula girdi.

Mədhiyyəçilər şöhrətə, mənsəblərə çatdı,


Fürsətdə, məqamda hərə bir ustula girdi.

Qanun bizi qorxutmaq üçünmüş, nə bilim mən,


Qorxutdu bizi leyk özü, puldan pula girdi.

Yardımları toylarda şabaş eylədi məlun,


Əllər göyə qalxdıqca,ayaqlar «pola» girdi.

Vaxtında başın kəsmədik, o, meynələrin biz,


Kol-kos bağı basdıqca, uzandı kola girdi.

Nazir qapısı yaltağa daim açıq oldu,


Nazir qolu qoyduqca, o qoldan-qola girdi.

Sərvət yiyəsi səbri bizə tövsiyə etdi,


Ellər çöpə döndü, özü şişdi rula girdi.

Yüz dəf yığıla bir yerə, dumbul səsi verməz,


Dumbul səsi yığdı, sora dəf dumbula girdi.

Tülkü şiri taxtdan elədi, şir belə getdi,


Meymunların icmasına indi tula girdi.

Kim tikdi, kimin boynuna qoydu, nə işim var,


Amma kələfin bir ucu İstanbula girdi.

Göylər yerə endikcə dəyişdi Baba pünhan,


Çaşqın qalan hər kəs dedi Pünhan rola girdi.

10 mart 1998. Bakı.



Heyrət, ey bit!

Heyrət, ey bit, başda çövlanın keçal eylər məni,


Ta ki, sən varsan cəmaət çox sual eylər məni.

Tək mənim başımda gər, dəlləklik etsən dinmərəm,


Millətə dəlləkliyin çox xəstəhal eylər məni.

Bit basıbdır əsgəri, əsgər bitə qulluq edir,


Bitlərin dövranıdır, bitlər zaval eylər məni.

«Bitpərəst» olmuş didərginlər çadırlardan qaçar,


Üz tutarlar şəhrə, qoymazsam, cığal eylər məni.

Şırdanım şordan çıxıb, gordan xəbər yoxdur hələ,


Get-gedə hiss eylərəm, tale motal eylər məni.

Üstü-başım bit, günüm it, səbr ilə ömr eylərəm,


İqtidarım xoş günü sərsəm-misal eyləp məni.

Mən təmiz bir bəndəyəm, zalım fələk bilməm nədən,


Kafir əlnən cırtmalanmış bir qaval eylər məni.

Bir zamanlar qalmaqal etsəm, əgər tən etməyin,


Az.TB-nin məhdi, sovqi-qalmaqal eylər məni.

Pünhanam, mən haqq sözümlə çox nahaqlar sancmışam,


Gün gələr sancdıqlarım, sancıb medal eylər məni.

14 mart 1997. Bakı.



Rita Racından qırılar

Elə bir dövr gələr hamı acından qırılar,


Bəşərin səbri daşar, şah tacından qırılar.

Kasıba tutduğun əldən tutar Allahın əli,


Kasıba tutmadığın əl ağacından qırılar.

Qayıdar Həzrəti İsa ilə Sahib Zamanım,


Bəşər İslama gələr, kilsə xaçından qırılar.

O, Zamandır, o amandır, o gümandır, odur haqq,


Ona Haqq söyləməyən, son əlacından qırılar.

Ürəyi qanə dönər qansıza səcdə edənin.


Bütün inkarı çatar, Rita Racından qırılar.

Neçə  şahlar oturub iynə ucunda, Pünhan,


Gələr inşalla o gün, iynə ucundan qırılar.

15 oktyabr 1999. Bakı.



Erməni arvadı var

Səndə Çaplindən füzun, artistlik istedadı var,


Əsl artist sənsən, o Çaplinin ancaq adı var.

İblis oddan olduğuyçun, düşdü odlar yurduna,


Gördü, nəslindən bu yurdda «N» qədər övladı var.

Ta ki, sandıqlar açıldı, gəldi pambıqlar yerə,


Bildi ellər, pambıq ilə baş kəsən cəlladı var.

Şirin üçün dağ çapan Fərhad acından an verir,


Şirinin, ondan xəcalətdən qaçan Fərhadı var.

Gör neçə illər keçib, zalım unutmur, «Əsli»ni


Eşqə bir bax, indiyəcən erməni «arvadı» var.

Pusdular, pusdurdular, axır tutub susdular,


Örtdülər, basdırdılar, qəbrində hər abadı var.

Tayfabazlar rəqsinə gir, sən də bir beldən yapış,


Söykə, həm söykən, desinlər milli bir «lambadı» var.

Pünhanam, haqq sözlərimlə, haqq ziyasın paylaram,


Ol kəsə düşməz bu paydan kim, onun «həmzadı» var.

10 fevral 1999. Bakı.





Boyunlar darə öyrəndi

Bizə dərd üz verən gündən, hərə bir çarə öyrəndi,


Bakı köç etdi bulvardan, gələn bulvara öyrəndi.

O gündən ki, oğullarımız tutub üz cəbhədən qaçdı,


O gündən də bizim qızlar geyib şalvarə öyrəndi.

Süründü meynətək əvvəl qızıl qumların üstündə,


Susub durduqca bağban dırmaşıb talvarə öyrəndi.

Nişanın əsgər oğlandan alıb taxdı menedjerə,


Menedjer qoxladı atdı, o pis yollarə öyrəndi.

Ayaqqabım cırıq, pencək sökük, palto mənə yaddır,


Vəkil «Passat» sürən gündən bədən astarə öyrəndi.

Bu odlar yurdum axırda, oyunlar yurduna döndü,


Oyunlar dövr etdikcə, boyunlar darə öyrəndi.

Səsim Allah rizasıyla şükür ki, xəlqimə çatdı,


Ürəkdə haqq olanlar, haqq olan əşarə öyrəndi.

21 noyabr 1997. Bakı.



Baba aləm Babadır

Atayam həm də Baba, həm babam Adəm babadır,


Babanı sevdi oba, çün Baba aləm Babadır.

Özünün şərhi ilə abi-şoran əhlidir o,


Sözünün zəhri ilə gürzəyə mərhəm Babadır.

Zarafatnan yoğurub xəmrini Allah Babanın,


Xəmiri kündəyə gəlmir gözü çox nəm Babadır.

Onu zülmətlərə dəvət eləyin Xızr kimi,


Alışıb haqq ilə yansın ki, o bir şəm Babadır.

Babanın ustulu daim qapı ağzında olub,


Qapı ağzında da olsa, yeri möhkəm Babadır.

10 noyabr 1997, Bakı. 





Ac vətənin acı hacı

Hacı Mailə

Şüəra məclisinin nur saçan tacı hacı,


Sənə bəzm əhli olub qardaş, oğul, bacı hacı.

Kim başından yekə söz desə məclisdə əgər,


Bəs edər bir kərə baxsan ona qıyqacı hacı.

Ömrünün sayqacı olsaydı əlində, Babanın,


Döndərərdi geri vallahi o sayqacı hacı.

Sənə var nisbəti əvvarə qalan Məcnunun,


Mənə də nisbəti Hindistanın o Racı Hacı.

Dost edibdir iki hacıya məni çərxi-fələk,


Birinə mail edib, o binirə möhtacı Hacı.

Məni dərd əymədi, torpağa uzandırdı tamam,


Fələyin zülmü keçib adladı Həccaçı Hacı.

Sənə «göy» dolları verdi mənə də göy qutabı,


Otu çöllərdədi, yoxdur nə unu, sacı hacı.

Bürcü – əqrəbdə doğuldum, hacı, mən də səni tək,


Bəs nədən sən «şəkər» oldun mən isə acı hacı.

Deyirəm bürcümü bəlkə dəyişəm, bəxtim ola.


Bu işə sövq eləyim Yusifi – Sərracı hacı.

Bu çətin dövrdə maşalla səni tox görürəm,


Pünhanam, bircə mənəm ac vətənin acı hacı.

21 oktyabr 1997. Bakı.



Xəbərin yoxdu sənin?!

Dağılır cismdə bu can, xəbərin yoxdu sənin,


Sağılır Azərbaycan, xəbərin yoxdu sənin.

Gəmirir kömrüyü kömrükçü, köpüb kömbələnib,


Gənədir, gendən içir qan, xəbərin yoxdu sənin.

Elimiz bir, gölümüz bir, Əlimiz birdi-fəqət,


Tutur əl, «Axberə»ə İran, xəbərin yoxdu sənin.

Neçə rüşvətxoru məzun edir, hər il Bakıya,


Polisin yurdu Mərdəkan, xəbərin yoxdu sənin.

Nə təqaüd, nə maaş,  yetməyir heç duz çörəyə,


Kasıbın göz yaşı ümman, xəbərin yoxdu sənin .

Bu elin çox kədərindən, xəbərin var-bilirəm,


Çatmayır, on dənə «şirvan», xəbərin yoxdu sənin.

Bakıya dolmaq üçün, dava əcəb fürsət imiş,


Bakının torpağı ehsan, xəbərin yoxdu sənin.

Kimi hində, kimi tində oturub, daldalanıb,


Saralıb çində bir insan, xəbərin yoxdu sənin.

Halala qatma haram, kimsə bunu görməsə də,


Qeyd edir dəftərə Pünhan, xəbərin yoxdu sənin.

5 aprel 1998, Bakı.



Heçdən təki, əladı ki...

Ayda üç şirvan idi, artmış iki, əladı ki,


Get-gedə dövlət seçir, tükdən tükü, əladı ki.

Al, bu beş şirvanə ağ, sal boynuna, göm torpağa,


Orda mütləqdir görərsən, gordakı əladı ki.

Gəz, səhərdən axşamacan, bir ucuz ərzaq üçün,


Hər kiloda yüz qram vursun çəki, əladı ki.

Ağlamaqçün bir qoşa yaylıq götür, gəl Baküyə,


Gülmək üçün bü güzərana Şəki əladı ki.

Yerdəkiyçün kimsə göydən əl açıb, rəşm istəmir,


Göydəki zənn eyləyir ki, yerdəki əladı ki.

Qəfil oldun, ey hərif, şeşxanəni mən tutmuşam,


Aldanan qafillərin, əldən yeki əladı ki.

Tək səbirdən hey şikayət eyləyirsən, çox nahaq,


Yox yerindən, ay kasıb, heçdən təki əladı ki.

Çıxma, nə yüksəklərə, Pünhan, nə düş alçaqlara,


Böylə bir dövranda alçaqdan diki, əaldı ki.

23 aprel 1996. Bakı.



Nəyi var «ney»ində

Hər eşilən ip qutarır düyündə,


Kim düyünü açdı, gedir çiyində.

Girmə, qarışma bu düyün işlərə,


Yoxsul adamsan, keç otur öyündə.

Kim gözünü böylə göyərdib sənin,


Qan izi gördüm gözünün göyündə.

Çin qızının söylədiyi növcavan,


Mau-Dze-Dunun sarı köynəyində.

Dəlləyimiz hər cürə qırxır bizi,


Tük dəvədə, pul dəvə dəlləyində.

Ney səsinə gürzə ilan oynayır,


Sirrini bilmir nəyi var neyində,

Bəyquşa Pünhan neçə bel bağlasın?


Gərçi onun bir quşu var bəyində.

8 sentyabr 1997. Bakı.



İmkanına bir qoz

Ey çərxi-fələk, bir belə dövranına bir qoz,


Şeytan oturan çərxi dəyirmanına bir qoz.

Bir qoz ala bilmirsə əgər bir qıza oğlan,


Evlənməyə hazırlaşan oğlanına bir qoz.

Gah eylədi naz-qoz bizə, gah oynadı qoz-qoz,


Qozdandı fəqir üstünə, vicdanına bir qoz.

Vardı birisi, qaçdı, qozundan tozu qaldı.


Vartansifət imiş o da, Vartanına bir qoz.

İmkanın əgər var kasıba, qaçqına əl tut,


Tutmursan əgər bir belə imkanına bir qoz.

Yollarda kəsib qurbanı əl altdan əritdi,


Bir böylə qoyun bəndənin ehsanına bir qoz.

Ey erməni, bir damcı, əgər qeyrətə gəlsək,


Mütləq qoyarıq, şəhri İrəvanına bir qoz.

Pünhan, qəzəli qoz-qoza döndərmə ki, bir gün,


Ellər deməsin, böylə qəzəlxanına bir qoz.

11 mart 1999. Bakı.


1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə