Dövlət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri haqqında azərbaycan respublikasi prezidentiNİn fərmani




Yüklə 13.16 Kb.
tarix01.03.2016
ölçüsü13.16 Kb.
Dövlət zəmanəti ilə alınan kreditlərin qaytarılmasına nəzarətin
gücləndirilməsi tədbirləri haqqında


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Son illər ölkədə bir sıra investisiya layihələri uğurla həyata keçirilir. İqtisadiyyatın inkişafı üçün böyük əhəmiyyət kəsb edən belə layihələrin maliyyələşdirilməsi əsasən Dövlət zəmanəti ilə alınan kreditlər hesabına aparılır. Lakin bəzi hallarda hökumət zəmanəti ilə kredit almış müəssisə və təşkilatların yarıtmaz işi üzündən həmin kreditlərin vaxtında qaytarılması təmin edilir və nəticədə bu kreditlərin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi büdcənin yükünü xeyli ağırlaşdırır.

Dövlət zəmanəti ilə alınmış kreditlərin müəssisə və təşkilatlar tərəfindən vaxtında qaytarılmasına nəzarəti gücləndirmək məqsədi ilə qərara alıram:

1. Müəssisə və təşkilatlar tərəfindən Dövlət zəmanəti ilə alınan kreditlərin vaxtında qaytarılmasına nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın:

(Qüvvədən düşüb)

Dövlət zəmanəti ilə kredit almış müəssisə və təşkilatlarda alınmış vəsaitin istifadə olunması vəziyyətini hərtərəfli araşdırıb öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görsün və bu barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat versin.

3. (Qüvvədən düşüb)

4. Dövlət zəmanəti ilə kredit almış müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın ki, onlar alınmış vəsaitin səmərəli istifadə olunmasına və vaxtında qaytarılmasına görə şəxsi məsuliyyət daşıyırlar.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

(Qüvvədən düşüb)

Dövlət zəmanəti ilə kredit almış müəssisə və təşkilatlarda, kreditin vaxtında qaytarılması üçün müəyyən edilmiş tədbirlər pozulduqda, yol verilmiş nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görsün.

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti



HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 11 iyun 2001-ci il


                  № 496

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


  1. 26 dekabr 2002-ci il tarixli 827 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 722)

  2. 10 dekabr 2008-ci il tarixli 36 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1065)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

10 dekabr 2008-ci il tarixli 36 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1065) ilə adında, preambulasında, 1-ci bəndində, 2-ci bəndinin ikinci abzasında, 4-cü bəndində və 5-ci bəndinin ikinci abzasında "Hökumət" sözü "Dövlət" sözü ilə əvəz edilmişdir.

 

 



26 dekabr 2002-ci il tarixli 827 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 722) ilə 2-ci bəndin 2-ci abzası qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

hökumət zəmanəti ilə kredit almış dövlət müəssisə və təşkilatlarında nazirliyin nümayəndəsini təyin etsin;

 

26 dekabr 2002-ci il tarixli 827 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 722) ilə 3-cü bənd qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:



3. Müəyyən edilsin ki, hökumət zəmanəti ilə kredit almış müəssisə və təşkilatlarda alınmış kreditin vaxtında qaytarılması təmin olunanədək bu müəssisə və təşkilatların hesablarına onların təsərrüfat fəaliyyətindən daxil olan vəsaitin əmək haqqı, vergilər və qanunvericiliklə nəzərdə tutulmuş digər məcburi ödənişlər istisna olmaqla, başqa məqsədlər üçün istifadəsinə yalnız Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla yol verilir.

 

26 dekabr 2002-ci il tarixli 827 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 722) ilə 5-ci bəndin 2-ci abzası qüvvədən düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:



hökumət zəmanəti ilə kredit almış dövlət müəssisə və təşkilatlarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin səlahiyyətlərini müəyyən etsin;

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə