Dərs saatlarının bölüşdürülməsi Mövzu-ların




Yüklə 1.77 Mb.
səhifə10/16
tarix14.04.2016
ölçüsü1.77 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Milli valyuta bazarları dedikdə, verilən ölkənin ərazisində yerləşən banklar tərəfindən milli valyutaya münasibətdə rezident və qeyri rezidenlərə valyuta xidməti üzrə həyata keçerilən əməliyyatların cəmi başa düşülür. Bundan əlavə daxili milli valyuta bazarına fəaliyyət göstərən şirkətlərin öz aralarında apardıqları valyuta əməliyyatları da aid edilir. Daxili valyuta qanunvericiliyinin liberallaşma səviyyəsindən asılı olaraq milli valyuta bazarı aşağıdakı formalarda mövcud ola bilər:

-rəsmi; yarırəsmi; “qara bazar”.

Beləliklə, hər bir milli valyuta bazarının özünəməxsus xüsusiyyətləri vardır və bu da onu digərlərindən fərqləndirir. Dünya iqtisadiyyatının beynəlmiləlləşməsinin, beynəlxalq borc kapitalı bazarının inkişafının, kommunikasiya vasitələrinin təkmilləşməsinin təsiri nəticəsində beynəlxalq (reqional və dünya) valyuta bazarları formalaşır. Bu bazarlarda valyuta məhdudiyyəti yoxdur, əhəmiyyətli məbləğlərə çoxsaylı sövdələşmələr həyata keçirilir, dünya təsərrüfatının, bütün ölkələrin subyektləri iştirak edirlər.

Təşkilatlanmış valyuta bazarlarında bütün valyuta sövdələşmələrinin ½ -i valyuta birjalarında həyata keçerilir.

Təşkilatlanmamış valyuta bazarı özündə əsasən bilavasitə banklar arasında həyata keçirilən bütün birjadankənar valyuta sövdələşmələrini birləşdirir və ona görə də banklararası bazar adlanır. İnkişaf etmiş sənaye ölkələrində valyuta sövdələşmələrinin 90%-ə qədəri bu valyuta bazarında həyata keçirilir.

Məşğələ üçün suallar.


1Kapitalın beynəlxalq hərəkətinin səbəbləri nədir?

2.Kapitalın beynəlxalq miqrasiyası formalarını, miqrasiya edən kapitala mülkiyyət, onun verilmə formaları və müddətləri, istifadəsinin məqsədi və xarakteri kimi klassifikasiya əlamətlərinə görə səciyyələndirin.

3. Sahibkarlıq kapitalının beynəlxalq miqrasiyasının mahiyyəti və formalarını açıqlayın.

4. Birbaşa xarici investisiyaların (BXİ) digər ölkələrdə yerləşdirilməsinin başlıca motivləri hansılardır və qəbul edən ölkə üçün digər əməkdaşlıq formaları ilə müqayisədə onların üstünlüyü nədədir?

5.BXİ hansı formalarda həyata keçirilir?

6.“İnvestisiya iqlimi” anlayışının mahiyyətin açıqlayın.

7.Borc (ssuda) formasında kapitalın beynəlxalq miqrasiyasının forma və mahiyyətini açıqlayın.

8.Dünya investisiya bazarının inkişafının müasir meyllərini səciyyələndirin.

9.Dünya borc bazarını, onun quruluşunu, müasir xüsusiyyətlərini xarakterizə edin.

10.Dünya pul bazarı dünya kapital bazarından nə ilə fərqlənir?

11.Dünyanın ən iri maliyyə mərkəzlərini sayın.

12. Dünya valyuta sisteminin əsas elementlərini səciyyələndirin.

13.”Valyuta bazarı” anlayışının və onun əsas növlərinin məzmununu açıqlayın.

Mövzu 8. İŞÇİ QÜVVƏSİNİN BEYNƏLXALQ MİQRASİYASI


8.1. Beynəlxalq əmək miqrasiyası: səbəbləri, formaları, müasir meylləri.

8.2. Beynəlxalq əmək miqrasiyası proseslərinin milli səviyyədə tənzimlənməsi.

8.3. Beynəlxalq əmək miqrasiyası proseslərinin beynəlxalq səviyyədə tənzimlənməsi.

8.4.Azərbaycanda əmək miqrasiyasının müasir meylləri.


8.1.İşçi qüvvəsinin beynəlxalq miqrasiyası bir çox yüzilliklər bundan əvvəl başlamış və keçən dövrlər ərzində ciddi dəyişikliklərə uğramışdır. Işçi qüvvəsinin ilk kütləvi yerdəyişməsi Afrikadan qulların məqsədyönlü şəkildə Amerika qitəsinə gətirilməsi olmuşdur. ABŞ-də quldarlığın qadağan edilməsindən sonra bu ölkəyə ikinci ən iri emiqrasiya dalğası Avropa ölkələrindən başlamışdi.

XIX əsrin ortalarında əhalinin müasir miqrasiyası tarixində ən əhəmiyyətli təzahür qeydə alınmışdır: İrlandiyadan əhali kütləvi şəkildə ABŞ-a emiqrasiyası baş vermişdi. XIX əsrin 80-ci illərində İtaliyadan və Şərqi Avropa ölkələrindən ABŞ-a işçi qüvvəsi axını başladı.

İşçi qüvvəsinin geniş miqyaslı miqrasiyasının əsas səbəbləri bir sıra Avropa ölkələrində aqrar sahədə əhalinin çoxluğu, işsizlik, ABŞ-da daha əlverişli iş şəraitinin olması, həyat səviyyəsinin yüksəlməsi idi.

Avropadan ABŞ-a yeni emiqrasiya dalğası XX əsrin 20-ci illərinə təsadüf edir. Yuxarıda qeyd edilən səbəblərə Avropada müharibədən sonrakı çətinliklər də əlavə olundu.

İkinci dünya müharibəsindən sonra ABŞ-a işçi qüvvəsinin miqrasiyasında üç yeni axını qeyd etmək olar: birincisi, yüksək ixtisaslı peşəkarların və onların ailə üzvlərinin sabit axını; ikincisi, Macarıstandan (1956), Vyetnamdan (1974-1975), Kubadan (1980) qaçqın axını; üçüncüsü, Meksika və Karib hövzəsindən işçi qüvvəsi axını.

Avropada da ikinci dünya müharibəsindən sonra, xüsusilə 60-cı illərin əvvəllərində kifayət qədər intensiv olan işçi qüvvəsi miqrasiyası qeyd olunmuşdu: İspaniya, Portuqaliya, Türkiyə, Yunanıstan, Yuqoslaviyadan işçi qüvvəsi bu regionun inkişaf etmiş olkələrində fəal istifadə edilirdi.

XX əsrin 90-cı illərində keçmiş sovetlər birliyinin dağılması və bir sıra seperatçı münaqişələr bu məkanda güclü miqrasiya proseslərinə, əhalinin kütləvi axınına səbəb oldu. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibə nəticəsində Azərbaycana təkcə Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən 1 mln.-a yaxın insan axın etdi.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyası – iş qabiliyyətli əhalinin bir ölkədən iş axtarmaq üçün digər ölkəyə yerdəyişməsidir. Bir proses kimi özündə emiqrasiya, immiqrasiya, reemiqrasiyanın birliyini əks etdirir.

Emiqrasiya – ölkədən daimi və ya müvəqqəti (lakin uzun müddətə) yaşamaq üçün digər ölkəyə getməkdir.

İmmiqrasiya - ölkəyə daimi və ya müvəqqəti (lakin uzun müddətə) yaşamaq üçün gəlməkdir.

Reemiqrasiya – emiqrantların öz daimi yaşayış yeri olan ölkələrinə qayıtmasıdır.

Beynəlxalq əmək təşkilatının (BƏT) klassifikasiyasına uyğun olaraq müasir beynəlxalq əmək miqrasiyasının beş tipini fərqləndirirlər:

1) köçkünlər, daimi yaşayış yerinə köçənlər;

2) kontrakt əsasında işləyənlər – kontraktda qəbul edən ölkədə qalma müddəti dəqiq razılaşdırılır;

3) peşəkarlar – yüksək hazırlıq səviyyəsinə, uyğun təhsilə, təcrübəyə malik olanlar, habelə, dunya ali təsil sistemində yerdəyişən müəllimlər və tələbələr;

4) qeyri-leqal immiqrantlar – buraya həmçinin, vaxtı keçmiş və ya turist vizası olan, lakin yenə də əmək fəaliyyəti ilə məşğul olan xaricilər də aid edilir;

5) qaçqınlar – öz ölkələrdən hər hansı təhlükəyə görə emiqrasiya etmək məcburiyyətində qalan şəxslər.

Dünyada miqrantların əməyi ilə bütöv sənaye sahələri fəaliyyət göstərirlər: Fransada tikintidə çalışanların 1/4, avtomobilqayırmada 1/3 ; Belçikada dağ mədənçilərinin 50%-i, İsveçrədə tikintidə işləyən fəhlələrin 40%-i miqrantlardır.

Beynəlxalq əmək miqrasiyası problemləri üzrə ən fəal nəzəri tədqiqatlar “iqtisadi artım modeli” çərçivəsində 60-cı illərin sonlarında başlamışdır. Bu tədqiqatların əsas ideyası odur ki, istehsalın bir amili kimi işçi qüvvəsinin beynəlxalq yerdəyişməsi, iqtisadi artım sürətinə təsir göstərir və onun səbəbi əməyin ödənilməsində ölkələrarası fərqlərdir.

Neoklassik yanaşmanın tərəfdarları belə hesab edirlər ki, hər bir insanın öz əməyi qarşılığında aldığı və istifadə etdiyi son hədd məhsuluna uyğun olaraq, emiqrasiya qəbul edən ölkənin rifah halının artmasına gətirib çıxarır, bununla yanaşı emiqrasiya edilən ölkənin iqtisadi inkişafı əvvəlki kimi qalır, yaxud pisləşmir.

Neokensçilər isə hesab edirdilər ki, işçi qüvvəsini, xüsusilə yüksək ixtisaslı işçiləri ixrac edən ölkənin iqtisadi vəziyyətinin pisləşməsi imkanları vardır. Bununla əlaqədar, “beyin axını”na vergi tətbiq edilməsi və əldə edilən gəlirin inkişaf məqsədləri naminə istifadə edilməsi üçün BMT-nin sərəncamına verilməsi geniş müzakirə olunurdu.

Son zamanlar işçi qüvvəsinin miqrasiyanın təhlilində əsas diqqət ölkələrin iqtisadi artımının endogen* amili kimi insan kapitalının toplanmasının (akkumulyasiyasının) tədqiqinə yönəldilmişdir. Toplanmış insan potensialını iqtisadi inkişafın ən vacib amillərindən biri hesab edərək, nəzəriyyəçilərin bir qrupu ölkələr arasında iqtisadi artım fərqlərini beynəlxalq əmək miqrasiyası ilə izah edirlər.

Bununla yanaşı beynəlxalq əmək miqrasiyasının səbəblərinin, iqtisadi və qeyri-iqtisadi səbəblərə bölünməsi hamı tərəfindən qəbul edilir.

Dünya iqtisadiyyatında işçi qüvvəsi miqrasiyasının iqtisadi səbəblərinə aşağıdakılar aid edilir:



-ölkələrin iqtisadi inkişaf səviyyələri arasında fərqlər və bunun nəticəsində, əmək haqqı, həyat, sosial təminat səviyyələri üzrə ölkələrarası fərqlər;

-ayrı-ayrı ölkələrin əmək resursları ilə təminatı səviyyəsində fərqlər;

-əmək resurslarının kəmiyyət və keyfiyyət xarakteristikalarının milli istehsalın maddi-texniki bazasına uyğun olmaması;

*endo (yun.) – daxilində , qen (yun.) - nəsil



-milli əmək bazarının vəziyyəti.

Qeyri-iqtisadi səbəblərə çox vaxt kortəbii, birdən-birə, hətta kütləvi xarakter

daşıyan miqrasiyaya gətirib çıxaran siyasi, milli, dini, irqi, ailə və və digər şəraitlər

aid edilir.

İnkişaf etmiş sənaye ölkələrində (İSÖ) əmək miqrasiyasının ən əsas motivləri kimi özünüifadə məqsədilə emiqrasiya etdikləri ölkədə konkret əmək fəaliyyəti, “sosial komfort”, ictimai-mədəni və psixoloji həyat şəraiti və s. axtarışı ön plana çıxır. İSÖ çərçivəsində iqtisadi səbəblər də mövcuddur, lakin bu motivlər başqa məna daşıyır: məs. İsveçdə gəlir vergisinin yüksək olması yüksək ixtisaslı işçi qüvvəsinin və əqli əməklə məşğul olanların digər inkişaf etmiş ölkələrə emiqrasiya etmələrinə səbəb olur.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyi bir sıra amillərdən asılıdır. Onlara aid edilir:

-iqtisadi inkişafın qlobal xarakteri və ölkələrin qarşılıqlı asılılıqlarının artması;

-ETT: – onun inkişafı iqtisadiyyatın quruluşunda dəyişikliklər, yeni peşələrin meydana çıxması ilə müşayət olunur;

-TMK-ın inkişafı – işçi qüvvəsinin kapitalla birləşməsinə vasitəçi olur;

-dünya təsərrüfatında iqtisadi inteqrasiya prosesləri – birləşən ölkələr arasında işçi qüvvəsinin beynəlxalq miqrasiyasına stimul yaranır və təcrübədən də göründüyü kimi üçüncü ölkələrdən işçi qüvvəsini cəzb edən yeni mərkəzlərə çevrilirlər və s.

Dünya təcrübəsində işçi qüvəsi miqrasiyasının formaları aşağıdakı kimi sinifləşdirilir:



  1. istiqamətlər üzrə:

-inkişaf etməkdə olan və keçmiş sosialist ölkələrindən inkişaf etmiş olkələrə miqrasiya;

- İSÖ arasında miqrasiya;

-inkişaf etməkdə olan ölkələr arasında miqrasiya;

-İSÖ-dən yüksək ixtisaslı işçi qüvvəsinin inkişaf etməkdə olan ölkələrə miqrasiyası;

-inkişaf etməkdə olan ölkələrdən keçmiş sosialist ölkələrinə miqrasiya.

2) əraziyə görə:

-qitələrarası;

-qitədaxili.

3) müddətə görə:

-daimi;


-müvəqqəti;

-mövsümi.

4) qanuniliyinə görə:

-leqal;


-qeyri-leqal.

İşçi qüvvəsinin beynəlxalq miqrasiyası – mürəkkəb bir təzahürdür və öz nəticələrinə görə həm immiqrasiya, həm də emiqrasiya ölkələri üçün birmənalı deyildir.



Xarici işçi qüvvəsindən istifadə immiqrasiya ölkələrinə əhəmiyyətli xeyir gətirir.

Birincisi, yüksək mobilliyə malik xarici işçi qüvvəsi ölkənin iqtisadiyyatınada quruluş ( sahə və regional) dəyişikliklərini asanlaşdırır.

İkincisi, gələn fəhlələrin və ixtisasçıların öyrədilməsinə qəbul edən ölkələrin qənaəti əhəmiyyətli səviyyədə çoxdur. Məs. ABŞ 1965 – 1990-cı illərdə “ağıl oğurluğu” nəticəsində təkcə elm və təhsil sferasında 15 mlrd.dollardan çox vəsaitə qənaət etmişdir.

Üçüncüsü, ixtisaslı xarici işçi qüvvəsinin əməyinə milli kadrların əməyinə nisbətən daha az haqq ödənilir, nəticədə firmalar xərclərə qənaət edirlər və məhsulun rəqabət bacarığı yüksəlir.

Dördüncü, İSÖ-də qocalmağa meylli olan əmək resurslarının quruluşunun gəncləşməsində immiqrantların rolu böyükdür.

Beşincisi, immiqrantlar gəldikləri ölkələrdə daxili əmtəə bazarlarını genişləndirərək istehsal artımını və əlavə məşğulluğu həvəsləndirirlər, onların banklarda yığılan əmanətləri isə qəbul edən ölkə üçün əlavə yığım mənbəyi kimi istifadə edilə bilər.

Altıncısı, bir çox ölkələrdə immiqrantlar yerli əhalinin işləmək istəmədikləri vakansiyaları tuturlar.

Bütün bunlarla yanaşı immiqrasiya qəbul edən olkələrdə bir sıra problemlər də yaradır:

-milli əmək bazarında vəziyyət gərginləşir;

-əmək bazarında təklifin artması nəticəsində işçi qüvvəsinin ( o cümlədən, milli işçi qüvvəsinin) qiyməti aşağı düşür;

-yerli əhali ilə immiqrantlar arasında konfliktlər yaradılır.

Emiqrasiya ölkələri üçün də miqrasiya proseslərinin nəticəsi birmənalı deyildir. İşçi qüvvəsini verən ölkədə müsbət tərəflər aşağıdakılar hesab edilir:

-emiqrasiya milli bazarda vəziyyəti yüngülləşdirir;

-xaricdə işlədikdən sonra ölkəyə ixtisaslarını daha da yüksəltmiş və bununla ölkənin iqtisadi inkişafına dinamizm gətirən işçilər qayıdır;

- emiqrasiya edilən bir çox ölkələr üçün emiqrantların vətənə göndərdikləri valyuta, xarici valyuta əldə etmək üçün vacib mənbəə hesab edilir. Məs., bəzi illərdə emiqrantların Yəmənə göndərdikləri valyutanın məbləği ölkənin ixracdan əldə etdiyi məbləğdən 30 dəfə çox olmuşdur.

Bununla yanaşı emiqrasiya öz ölkələri üçün həm də iqtisadi itkilərə səbəb olur. Ən əmək qabiliyyətli yaşda resursların itirilməsi əhalinin yaş quruluşunun qocalmasına gətirib çıxarır, emiqrantların ümümtəhsil və ixtisas təhsilinə çəkilən xərclər itirilir. Yüksək ixtisaslı mütəxəssislərin və alimlərin ölkədən getməsi daha mənfi nəticələr yaradır. Lakin ölkənin iqtisadi vəziyyəti yaxşılaşanda bir çox hallarda “beyin axını” dayanır. Beləki, hind alimləri bir neçə il yüksək texnologiyalı amerika korporasiyalarında işlədikdən sonra öz vətənlərinə qayıdaraq, kompüter proqramlarının yaradılması üzrə hind sənayesinin inkişafının yaradıcıları oldular.

Hər bir iqtisadi təzahür öz inkişafında həm kəmiyyət, həmdə keyfiyyət parametrlərinə görə fərqlənən müxtəlif mərhələlərdən keçirlər. İşçi qüvvəsinin beynəlxalq miqrasiyası müasir mərhələdə bir sıra xüsusiyyətlərə malikdir.



    1. Miqrasiya miqyasının genişlənməsi. Hazırda dünyada 35 milyondan çox işləyən miqrantlar vardır, halbuki, 1960-cı ildə onların sayı cəmi 3,2 mln.nəfər idi.

    2. XX əsrin axırına işçi qüvvəsini özünə cəlb edən mərkəzlər əvvəllər olduğu kimi “yeni torpaqlar” və müstəmləkələr deyi, sürətli iqtisadi inkişafa malik olan ölkələr və regionlar oldu.

    3. İnkişaf etmiş sənatye ölkələri işçi qüvvəsini özünə çəkən əsas dünya mərkəzləri olaraq qalırlar.

    4. Müasir mərhələnin xüsusiyyətlərindən biri də qitədaxili miqrasiyanın artmasıdır. Qitədaxili işçi qüvvəsinin miqrasiyası Avropa, Amerika və Afrikada daha güclüdür.

Avropa ittifaqı ölkələri çərçivəsində işçi qüvvəsinin beynəlxalq miqrasiyasını xüsusi qeyd etmək lazımdır. Burada “Aİ-da fəhlələrin əsas sosial hüquqları Xartiyası” qəbul edilmişdir (9.XI.1989 il). “Xartiyanın” I-ci bölməsində qeyd edilir: “Hər bir işçi Aİ ərazisində ictimai qaydalar, ictimai təhlükəsizlik və sağlamlıqla müəyyən olunan qanun və məhdudiyyətlərə tabe olmaqla azad yerdəyişmə hüququna malikdir”; “yerdəyişmə azadlığı hər bir işçiyə Aİ –da bərabər hüquq pinsipi əsasında hər hansı bir məşğuliyyəti və ya sənəti seçməyə hüquq verir”.

    1. Yeni cəlbedici miqrasiya mərkəzlərinin meydana çıxması. Hazırda dünyada işçi qüvvəsini özünə cəlb edən 7 dünya mərkəzi mövcuddur və fəaliyyət göstərir:

-Qərbi Avropa ölkələri: – 13 mln.dan çox miqrant və onların ailə üzvləri vardır. İmmiqrantları qəbul edən əsas ölkələr Almaniya, Fransa , B.Britaniya, İsveçrə, Belçika, İsveç, Hollandiyadır.

-Şimali Amerika: 1995-ci ildən ABŞ-də immiqrantların sayı ildə 650 min nəfər müəyyən edilmişdir, onlardan 2/3 qohumlar, 1/3 ixtisaslı mütəxəssislər və onların ailə üzvləri kateqoriyalarına aid edilir.

-Yaxın Şərqin neft hasil edən ölkələri: BƏƏ-də işçi qüvvəsinin 97%-i, Qətərdə 99,5%-i, Küveytdə 86%-i xaricilərdən ibarətdir. Bu regionda əsas işçi ixrac edən ölkə Misirdir.

-Avstraliya, burada 200 minə qədər xarici fəhlələrdən istifadə edilir.

-Asiya-Sakit Okean regionu ölkələri: əsas işçi qüvvəsi idxal edən ölkələr YSÖ, Yaponiya, Bruneydir.

-Latın Amerikası ölkələri: miqrantların ümumi sayı 3 mln.-a yaxındır. Əsasən mövsümi k/t miqrasiyasıdır. Son zamanlar ən çox tələb olunan ixtisasçılar (neftçilər, kimyaçı-mühəndislər və s.) Mərkəzi və Şərqi Avropadan miqrasiya edirlər.

-Afrika ölkələri: bu region üçün qitədaxili miqrasiya xarakterikdir, əsas qəbul edən ölkələr- Qərbi Afrika ölkələri və CAR-dır.


    1. Öz əmək resurslarını ixrac etmək üzrə “ixtisaslaşmış” ölkələr dairəsi formalaşmışdır: Polşa, İspaniya, Pakistan, Türkiyə, Portuqaliya, keçmiş Yuqoslaviya ölkələri və digər keçid iqtisadiyyatına malik ölkələr.

    2. İşçi-miqrantlar arasında əsasən fəhlə sənətinə malik gənclər (35-yaşa qədər) üstünlük təşkil edirlər.

    3. Qeyri-leqal işçi qüvvəsi immiqrasiyasının səviyyəsi yenə də çox yüksəkdir.

Ümumiyyətlə, miqrasiya proseslərinin bütün çalarlarda gücləndiyini qeyd etmək olar.
8.2. Miqrasiya prosesləri immiqrasiya və emiqrasiya ölkələrinə bir çox aspektlərdə təsir göstərirlər. Təbiidir ki, hər bir ölkə öz iqtisadi siyasətini həyata keçirərkən əmək miqrasiyası proseslərini tənzimləmək məcburiyyətindədir. Bu məqsədlə o, müəyyən miqrasiya siyasətini həyata keçirir.

Dövlət miqrasiya siyasəti – verilən ölkədən və ya ölkəyə işçi qüvvəsinin ixracı/idxalının tənzimlənməsinə yönəldilən dövlət siyasətidir.

Bütün inkişaf etmiş ölkələrdə xarici işçi qüvvəsinin dövlət sərhədlərindən keçməsi ilə bağlı məsələlərini həll etmək tapşırılmış dövlət orqanları yaradılmışdır.

Məsələn, ABŞ-da əmək miqrasiyası məsələləri ilə bir çox federal orqanlar məşğul olurlar. Dövlət departamentində konsul məsələləri üzrə xüsusi Büro vardır və o, giriş vizalarının verilməsi qaydalarını müəyyən edir, onların verilməsinə nəzarət edir və uçotunu aparır. Ədliyyə Nazirliyində immiqrasiya və naturallaşdırma Xidməti mövcuddur. Bu şöbə xarici vətəndaşların amerika ərazisinə girişi və orda qalmalarının hüquqi rejiminin gözlənilməsinə, ABŞ-nın fəaliyyətdə olan qanunvericiliyini pozduqları halda tutularaq ölkədən çıxarılmalarına nəzarət etməlidir. Əmək Nazirliyi immiqrantın amerika iqtisadiyyatına yük olub-olmayacağını, hər-hansı amerikalinın iş yerini tutub-tutmayacağını müəyyən etməlidir. Bütün halları ölçüb-biçərək İmmiqrasiya və naturallaşdırma Xidməti immiqranta ABŞ-da yaşamaq hüququ verə bilər.

Əmək miqrasiyasının təqribən buna oxşar orqanları Almaniya və Norveçdə, Türkiyə və Yunanıstanda, İrlandiya və Zimbabvedə, Polşa və Slovakiyada və s. ölkələrdə mövcuddur.

Əmək miqrasiyasının tənzimlənməsini təmin edən normativ-hüquqi baza özündə ölkə Konstitutsiyasının uyğun maddələrini, milli emiqrasiya qanunvüriciliyini, ikitərəfli və çoxtərəfli razılaşmaları birləşdirir. Buna əlavə olaraq bəzi ölkələr xüsusi emiqrasiya proqramları qəbul edirlər.

Miqrasiya siyasəti emiqrasiya və immiqrasiya siyasətlərinə bölünür.

İqtisadi ədəbiyyatda immiqrasiya siyasətinin üç istiqaməti fərqləndirilir:

1. İmmiqrantların ölkədə qalmalarının məhdudlaşdırılmasına əsaslanan (bu barədə onlara dərhal xəbərdarlıq edilir) siyasət.

Bu siyasət işçi-miqrantların daima təzələnməsi məqsədini daşıyır. Ölkədə qalma müddəti məhdudlaşdırılan halda immiqrantın ailəsinin ölkəyə gəlmək hüququ yoxdur.

2. Müəyyən olunmamış müddətə yaşamağa və ailəsini gətirməyə icazə verən siyasət.

3. İmmiqrantların daimi yaşayışına icazə verən və müəyyən müddətdən sonra vətəndaşlıq almalarına icazə verən siyasət.

Ölkələrin bir çoxu immiqrasiyanın tənzimlənməsi zamanı da selektiv yanaşmadan istifadə edirlər. Yəni, dövlət bu ölkəyə lazım olan işçi kateqoriyalarının gəlməsinə heç maneə yaratmır , lakin digərlərinə qarşı məhdudiyyətlər tətbiq edir. Arzu olunan immiqrantların siyahısı ölkəyə görə dəyişir, lakin onlar adətən aşağıdakı kateqoriyalara aid olurlar:

-minimum əmək haqqı ilə ağır, çirkli və ixtisas lazım olmayan işləri yerinə yetirməyə hazır olan işçilər;

-yeni və perspektivli sahələr üzrə mütəxəssislər – proqrammistlər, dar ixtisaslaşma üzrə mühəndislər, bank qulluqçuları;

-nadir sənət nümayəndələri – restavratorlar, qeyri-ənənəvi müalicə üsullarından istifadə edən həkimlər, almaz cilalayıcıları;

-dünyada ad qazanmış mütəxəssislər –müsuqiçilər, artistlər, alimlər, idmançılar, həkimlər, yazıçılar;

-öz fəaliyyətini qəbul edən ölkəyə köçürən, investisiya yatıran və yeni iş yerləri yaradan iri biznesmenlər.



İmmiqrasiya siyasətinin məhdudlaşdırma alətlərinə aşağıdakılar daxildir:

1) Xarici işçi qüvvəsinin ixtisas səviyyəsinə keyfiyyət tələbləri, o cümlədən, təhsil sertifikatı və ixtisas üzrə iş stajı. Məs., Avstraliyada mütəxəssisləri yalnız 3 il, ABŞ-də 5 il iş stajı olduğu halda qəbul edirlər.

2) Gələnlər üçün yaş həddinin (senz) qəbulu. Əlcəzairə gələn müxtəlif ixtisaslı fəhlələrin yaşı 40-ı aşmamalıdır, İsveç və Norveçdə isə qazmaçı-neftçilərin yaşı 20-40 arasında məhdudlaşır.

3) Potensial immiqrantların sağlamlıq səviyyəsinin yoxlanılması. Məs., bəzi ölkələrin firmaları (İsveç və Norveç) xarici namizədlərin ilkin tibbi və psixoloji testləşdirilməsini həyata keçirirlər.

4) Siyasi xarakterli məhdudiyyətlər. Məs., ABŞ kommunist və ya totalitar tipli digər partiyaların üzvlərinin ölkəyə gəlişini məhdudlaşdırmışdır. İrlandiyada 1 ildən yuxarı cəza almış xarici şəxslərə rədd cavabı verilir.

5) İşçi qüvvəsinin birbaşa kvotalaşdırılması – özünü müəssisələrdə milli və xarici kadrların say nisbətinin qanun yolu ilə müəyyən edilməsində göstərir.

6) Ölkədə iş vaxtı müddətinin məhdudlaşdırılması. Məs., Norveçdə müvəqqəti işlərə 1 ildən artıq olmayan vaxt, Zimbabvedə 5 ildən artıq olmayan zaman verilir.

7) Açıq və ya dolayı şəkildə sənətə qadağalar: xaricilərə qadağan edilən sənətlərin siyahısını əks etdirən qanunların qəbul edilməsi.

8) Milli-coğrafi üstünlüklər- üstünlük verilən immiqrasiya regionlarını əks etdirir. Məs., 1924-cü ildə ABŞ konqresinin müəyyən etdiyi immiqrasiya kvotası Şimali-Qərbi Avropa üçün əlverişli şərait yaradırdı. 1965-ci ildə immiqrasiya qanunvericiliyində islahatlar Asiya və Latın Amerikasından gələn immiqrantları həvəsləndirirdi. 1990-cı ildə qəbul edilən yeni immiqrassiya qanunu Avropa ölkələrindən ixtisaslı mütəxəssislərə daha geniş imkanlar təqdim edirdi.

9) Qeyri-qanuni əməkçi-miqrantlara, habelə qeyri-qanuni işçi qüvvəsinin idxalı ilə məşğul olan şəxslərə və miqrantların əməyindən qeyri-qanuni istifadə edən iş adamlarına qarşı sanksiyalar sistemi.

Emiqrasiyanın iqtisadiyyata və demoqrafiyaya ikili təsiri, əmək resurslarının xaricə axını çox olan ölkələrin emiqrasiya siyasətində əks olunur.

Dövlətlərin emiqrasiya siyasətlərinin aşağıdakı istiqamətlərini ayırmaq olar:

-əmək miqrasiyasının stimullaşdırılması;

-əmək miqrasiyasının məhdudlaşdırılması;

-reemiqrasiya üçün şəraitin yaradılması;

-reemiqrantların öz vətənlərində adaptasiyası üçün şəraitin yaradılması.



Emiqrasiya siyasəti özündə aşağıdakı alətləri birləşdirir:

-işçi qüvvəsinin cəlb edilməsi ilə məşğul olan vasitəçi-firmalara emiqrantlara işə düzəltmədə maliyyə və hüquqi təminatların verilməsi, normal həyat şəraitinin yaradılması üzrə ciddi tələbləri;

-xarici pasportların verilməsinə limit qoyulması; ayrı-ayrı kateqoriyalı işçilərin ölkədən getməsinə qadağa (birbaşa və ya dolayı) və emiqrasiya kvotasının tətbiqi; -dövlət hesabına təhsilini başa vurduqdan sonra ölkədə mütləq işləmə müddətinin müəyyən edilməsi;

-xaricdən valyuta göndərilməsinin həvəsləndirilməsi; valyuta əmanətlərinə güzəştlərin verilməsi (depozitlərə daha yüksək faizlər, onların vergidən azad edilməsi, xarici valyuta göndərilməsinə güzəştli poçta və teleqraf tarifləri); fəhlə-miqrantlara vergi tutulmayan qiymətli kağızların satılması;

-qayıdan işçi-emiqrantlar üçün gömrük güzəştləri nəzərdə tutan gömrük siyasətinin həyata keçirilməsi. Məs., Banqladeş hökuməti miqrantlara güzəştli gömrük tarifləri ilə ölkəyə 40-dan çox adda məmulat gətirməyə icazə verir;

-reemiqrantlar üçün iş yerlərinin açılması proqramlarının işlənib hazırlanması;

-reemiqrantlara ev tikmək və ya ev almaq üçün kreditlərin verilməsi;

-reemiqrantlara öz biznesini yaratmaq üçün kreditlərin verilməsi.

1   ...   6   7   8   9   10   11   12   13   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə