Corc oruell. "Heyvanıstan" İngilis dilindən çevirən: Vilayət quliyev




Yüklə 351.76 Kb.
səhifə1/7
tarix14.04.2016
ölçüsü351.76 Kb.
  1   2   3   4   5   6   7
CORC ORUELL. "Heyvanıstan"
İngilis dilindən çevirən: Vilayət QULIYEV
"Malikanə" fermasının sahibi mister Cons gecə toyuq damının qapısını bağladı. Amma elə sərxoş idi ki, divardakı deşiyə bir şey tıxamaq yadından çıxdı. Arxa qapını təpiyi ilə vurub açdı. Əlində titrəyən fənərin qaranlıqda açdığı işıqlı dairələrlə yıxıla-dura həyətdən keçdi. Mətbəxdə çəlləyin dibində qalmış axırıncı stəkan pivəni birtəhər töküb içdi və missis Consun bayaqdan bəri xoruldadığı yatağına uzandı.

Yataq otağında işıq sönən kimi fermada narahat hərəkət başladı. Bütün günü şaiyə gəzirdi ki, əslən Middluaytdan olan, sərgilərdə bir neçə mükafat qazanmış Mayor ləqəbli qoca donuz dünən gecə qəribə yuxu görüb, bu gecə yuxusunu heyvanlara danışmaq istəyir. Odur ki, mister Cons yatmağa gedən kimi böyük anbara yığışmaq qərara alınmışdı. Qoca Mayor (hamı onu belə çağırırdı, sərgilərdə isə "Uillinqdonun yaraşığı" adı ilə təqdim olunurdu) fermada böyük hörmət sahibi qazandığından onun çağırışı dinməz-söyləməz qəbul edilmişdi.

Mayor həmişəki adəti üzrə anbarın yuxarı tərəfində, səkiyə döşənmiş samanın üstündə yerini rahatlayıb gözləyirdi. Başı üzərindəki dirəkdən fənər asılmışdı. Mayorun artıq on iki yaşı vardı. Son vaxtlar boyundan çox eninə verirdi. Hətta qorxunc dişlərinə baxmayaraq yenə də gözlərində müdriklik və xeyirxahlıq işığı parlayan nəcib görünüşlü donuz idi. Heyvanların hamısı gəlib şakərlərinə uyğun yerləri tutana qədər xeyli vaxt keçdi. Əvvəlcə üç köpək-Blyubell, Cessi və Pinçer içəri girdilər, onların ardınca donuzlar gəlib səkinin qabağında, samanın üstündə özlərinə yer elədilər. Toyuqlar pəncərənin önünə toplandılar, göyərçinlər itələşə-itələşə dam dirəklərinə qondular, qoyunlarla inəklər isə donuzların arxa tərəfində döşəməyə uzanıb həmişəki adətləri üzrə dərhal gövşək vurmağa başladılar. Qoşqu atları Bokserlə Klover bir yerdə içəri girdilər. Onlar enli, tüklü dırnaqlarının mümkün qədər az yer tutmasına və kiçik heyvanların ayaqları altında qalıb əzilməməsinə çalışaraq ehtiyatla hərəkət edirdilər. Klover orta yaşlarında, boylu-buxunlu madyan idi. Dördüncü dayçasını dünyaya gətirəndən sonra əvvəlki zərifliyini itirmişdi. Bokserin görkəmi isə istər-istəməz hörmət doğururdu. Yerdən yalına qədərki hündürlüyü 6 futdan çox olardı. Gücü iki adi atın gücü qədərdi. Burnunun üstündəki qaşqası ona bir az səfeh görkəm verirdi. Elə əslində də Bokser intellekt sarıdan axsayırdı. Lakin həlim xasiyyətinə və fövqəladə əməksevərliyinə görə hamının hörmətini qazanmışdı. Atlardan sonra Müriel, ağ keçi və Bencamin adlı uzunqulaq içəri girdilər. Bencamin fermanın ilk sakinlərindən idi və yaramaz xasiyyəti ilə seçilirdi. Çox az danışırdı. Ağzını açanda isə mütləq nə isə riyakar bir söz deyirdi. Məsələn, bir dəfə demişdi ki, cənab Allah quyruğu ona mığmığadan qorunmaq üçün verib. Lakin nə mığmığa, nə də quyruğu olmasa, daha məmnun qalardı. Fermadakı heyvanlar heç vaxt Bencaminin güldüyünü görməmişdilər. Səbəbi ilə maraqlananlara gülməyə bir əsas görmədiyini deyirdi. Bunu çox nəzərə çarpdırmasa da, Bokserlə möhkəm dost idilər. Bazar günlərini əksər hallarda bostanın arxasındakı hasara alınmış örüş yerində birlikdə keçirir, kəlmə kəsmədən sakitcə otlayırdılar.

Bokserlə Klover təzəcə uzanmışdılar ki, analarını itirmiş bir dəstə ördək balası anbara soxuldu. Onlar qaqqıldaşaraq o tərəf, bu tərəfə qaçışır, təsadü¬fən ayaq altında qalıb əzilməmək üçün təhlükəsiz yer axtarırdılar. Kloverin qabağa uzadılmış ayaqlarının müdafiə səddi kimi əla boşluq yaratdığını görüb ora doluşdular və dərhal da yuxuya getdilər. Sonra mister Consun iki yerlik arabasına qoşduğu Molli-səfeh, lakin yaraşıqlı balaca ağ madyan ağzındakı qəndi xırçıldada-xırçıldada naz-qəmzə ilə anbara girdi. O, qabaq sıralarda özünə yer tapdı və içəridəkilərin diqqətini cəlb etmək ümidi ilə, yalına bağladığı qırmızı lenti oynatmağa başladı. Ən axırda pişik gəldi. Həmişəki adəti üzrə isti yer tapmaq üçün o tərəf-bu tərəfə boylandı, axırda da özünü Bokserlə Kloverin arasına verdi. Mayor danışmağa başlayandan sonra o, yerində aramsız qurdalanır və astadan mırıldanırdı. Odur ki, deyilənlərdən bir kəlmə də eşidə bilmədi.

Arxa qapının yanında, payanın üstündə mürgü döyən əl qarğası Mosesdən başqa bütün heyvanlar yığışmışdı. Mayor hamıya yerini rahatlamağı təklif edəndən və səbrlə sakitlik yaranmasını gözləyəndən sonra boğazını təmizləyib sözə başladı:

-Yoldaşlar, yəqin dünən gecə qəribə yuxu gördüyümü eşitmisiniz. Bu söhbətə sonra qayıdacağam. Lakin əvvəlcə başqa sözüm var. Yoldaşlar, bundan sonra hələ uzun müddət sizinlə birlikdə olacağımı düşünmürəm. Ona görə də ölməmişdən əvvəl həyat təcrübəmi hamınızla bölüşməyi özümə borc sayıram. Mən uzun ömür sürmüşəm. Donuz damında tək-tənha qaldığım gecələrdə fikirləşmək üçün çox vaxtım olub. Sizi əmin edə bilərəm ki, yer üzündə mövcudluğun mənasını indi hər bir heyvandan daha yaxşı anlayıram. Sizinlə də elə bu barədə danışmaq istəyirəm.

Beləliklə, yoldaşlar, mövcudluğumuzun mənası nədədir? Gəlin həqiqətin gözünə dik baxaq: həyatımız qısa və miskindir, ağır zəhmətlə doludur. Doğulduğumuz gündən bizə ancaq nəfəsimizi canımızda tutmağa kifayət edəcək qədər yemək verirlər. Kimin bədənində təpəri, gücü varsa, son nəfəsi ağzından çıxana qədər işləməlidir. Günlərin birində, artıq işə yaramayanda tərəddüdsüz-filansız hamımızı sallaqxana bıçağının altına göndərirlər. Ingiltərədə bir yaşına çatmış elə heyvan yoxdur ki, haqqı çatan istirahətin, yaxud xoşbəxtliyin nə olduğunu bilsin. Ingiltərədə heç bir heyvan azad deyil. Bütün yaşayışımız başdan-başa miskinilik və köləlikdən ibarətdir. Həqiqət belədir.

Bəlkə bu təbiətin adi bir qanunudur? Bəlkə bütün bunlar ona görə belə olur ki, torpaqlarımız məhsuldar deyil, sakinlərinin həyatını təmin edə bilmir? Yox, yoldaşlar, min dəfə yox! Ingiltərənin iqlimi mülayimdir, torpağı barlı-bəhərlidir. Bu ölkə indiki sakinlərindən qat-qat artıq heyvanı yedirib bəsləməyə qadirdir. Təkcə bizim fermada bir düjin at, iyirmi inək, yüzlərlə qoyun saxlamaq olar. Onların həyatlarının rahatlıq içərisində, təsəvvürünüzə gətirmədiyimiz şəxsi ləyaqət, hər kəsin izzəti-nəfsinə hörmət şəraitində keçməsini təmin etmək olar. Bəs elə isə biz niyə bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünki zəhmətimizin bütün bəhrələrini Insan oğurlayır. Budur, yoldaşlar, qarşımıza çıxan bütün sualların cavabı! Bu cavab tək bir sözdən ibarətdir-İnsan! Bizim yeganə düşmənimiz Insandır! Insanı səhnədən uzaqlaşdırın, o zaman aclığı və kölə əməyini döğuran səbəblər də aradan qalxacaq!

Insan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə ağalıq edir. O, süd vermir, yumurtlamır; kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qul kimi qabağında işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir. Qalan nə varsa hamısına özü sahib çıxır. Torpaq bizim zəhmətimizlə becərilir, peyinimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur. Bax siz, qarşımda uzanıb gövşək vuran inəklər, keçən il neçə min qallon süd vermisiniz? Onunla heç olmasa, buzovlarınızı doyunca əmizdirə bilərdiniz. Amma xəbəriniz də yoxdur ki, süd hara getdi, necə oldu? Aydın məsələdir, düşmənlərimiz son damlasına qədər boğazlarına töküblər. Siz, toyuqlar, ötən il nə qədər yumurtlamısınız, vermisiniz, nə qədər cücə çıxarmısınız? Hanı onlar? Hamısı bazara göndərilib. Çünki Consun və adamlarının əlləri daim pulla oynamalıdır. Klover, de görüm əziyyətlə böyütdüyün dörd balan hardadır? Axı qoca vaxtında onlar sənin arxan, təsəllin olmalı idilər. Hamısı bir yaşlarına çatan kimi satılıb. Dayçalarının heç birinin üzünü ömrün boyu görə bilməyəcəksən. Dörd ağır döğuşdan, kotana qoşulub bu qədər yer şumlayandan sonra bir ovuç yulafdan və küncünə qısıldığın uçuq tövlədən başqa nəyin var?

Hətta bu miskin həyatımızın da təbii axarı ilə sona çatmasına imkan vermirlər. Özümlə bağlı şikayətçi deyiləm. Hər halda bəxtim gətirib. On iki il ömür sürmüşəm, dörd yüzdən çox övlad dünyaya gətirmişəm. Normal donuz ömrü yaşamışam. Lakin heç bir heyvan ömrünün axırında canını amansız bıçaqdan qurtara bilmir. Bax siz, qarşımda oturan gənc, məsum donuz balaları, bir il keçməmiş hamınızın həyatı bu hasarın çölündə sona yetəcək. Heç nə görmədən dünyadan köçüb gedəcəksiniz. Bu dəhşətli tale inəkləri, qoyunları, donuzları, toyuqları-bir sözlə, hamımızı gözləyir. Hətta atların və itlərin də bəxti gətirmir. Bax, Bokser, zaman keçəcək, qüvvətli əzələlərin gücdən düşəndə Cons tərəddüd etmədən səni sallaqxanaya satacaq. Orada başını kəsəcəklər, leşindən itlərə yem bişirəcəklər. Amma itlər də sevinməsinlər. Qocalıb dişləri töküləndə, işə yaramayanda Cons onların da boyunlarına kərpic bağlayıb yaxınlıqdakı nohurda batıraçaq.

Bütün bunlardan sonra, yoldaşlar, fəlakətlərimizin insan nəslinin zülmündən qaynaqlandığı sizə gün kimi aydın deyilmi? Biz Insanı devirməliyik, yalnız o zaman zəhmətimizin bəhrəsinə sahib çıxacağıq. Istəsək, hətta bir gecə ərzində zənginliyə və sərbəstliyə qovuşa bilərik. Bunun üçün nə etməliyik? Gecə-gündüz çalışmalıyıq, bədənimizi və ruhumuzu insan nəslinin hakimiyyətini devirməyə hazırlamalıyıq. Yoldaşlar, mən sizi Üsyana səsləyirəm. Bilmirəm, bu Üsyan nə vaxt olacaq- bir həftə, yoxsa yüz il sonra?! Lakin altımdakı samanı gözümlə gördüyümə inandığım kimi ədalətin də tez ya gec zəfər çalacağına o qədər inanıram. Bu fikri əsla fikrinizdən çıxarmayın, yoldaşlar! Həyatınızın son saatına qədər onun gerçəkləşməsi üçün çalışın. Bir də hamınıza vəsiyyət edirəm ki, dediklərimi özünüzdən sonra gələnlərə çatdırın. Qoy gələcək nəsillər qələbə əldə olunana qədər mübarizəni davam etdirsinlər.

Yoldaşlar, onu da bilin ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Qoy heç bir dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin. Insanın və heyvanların ümumi maraqlarının olması, bir tərəfin inkişaf və tərəqqisinin o biri tərəfin də rifahına yol açması haqqında deyilənlərə heç vaxt qulaq asmayın. Bunlar hamısı yalandır. Insanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür. Biz heyvanlar arasında isə bundan sonra qoy sarsılmaz birlik, mübarizədə bərkiyən dostluq ruhu hökm sürsün. Bütün insanlar-düşməndirlər! Bütün heyvanlar-dostdurlar!

Mayor sözünü qurtarmağa macal tapmamış bərk səs-küy qopdu. O, danışan zaman dord iri siçovul deşiklərdən çıxmış, yuvalarının qabağında çöməlib mayorun nitqinə qulaq asmağa başlamışdılar. Ortaya bir anlıq sakitlik çokəndə itlər onları görmüş, üstlərinə atılmışdılar. Yalnız bir an içərisində qaçıb yuvalarına soxulmaları siçovulları gerçək ölümdən qurtarmışdı.

Mayor qabaq ayağını yuxarı qaldırıb hamını sakitliyə çağırdı:

-Yoldaşlar, bir məsələni də həll etməliyik. Gəlin aydınlaşdıraq: siçovullar və adadovşanları kimi vəhşi heyvanlar bizim dostlarımızdır, yoxsa düşmənlərimiz? Məsələni iclasın müzakirəsinə çıxarıram: siçovulları özümüzə yoldaş saya bilərikmi? Gəlin səs verək.

Səsvermə dərhal keçirildi və siçovulların heyvanlara yoldaş sayılması qərarı böyük səs çoxluğu ilə qəbul olundu. Yalnız dörd heyvan – üç itlə bir pişik onların əleyhinə səs vermişdi. Sonradan pişiyin məsələnin həm lehinə, həm də əleyhinə səs verdiyi aşkara çıxmışdı.

Mayor davam etdi:

-Deyiləcək bir neçə sözüm də var. Dönə-dönə təkrar edirəm: Insana, onun bütün istəklərinə qarşı düşmənçiliyin hər birinizin borcu olduğunu heç vaxt unutmayın! Iki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir. Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı-dostumuzdur. Bir şeyi də yadınızda saxlayın: Insana qarşı mübarizə apararkən biz heç vəhclə ona bənzəməməliyik. Hətta mübarizə qələbə ilə başa çatandan sonra da Insanın həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan-döşəkdə yatmaq, paltar geymək, spirtli içki içmək, siqaret çəkmək, pulla oynamaq və ticarətlə məşğul olmaq heç vaxt, heç bir heyvanın ağlına da gəlməməlidir. Insanın vərdişlərinin hamısı pisliklərdən ibarətdir. Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif, yaxud güclü, ağıllı, yaxud səfeh olsaq da, hamımız qardaşıq! Heç bir heyvan digər heyvanı öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir.

Indi isə yoldaşlar, dünən gecə gördüyüm yuxunu sizə danışmaq istəyirəm. Yuxuda qovuşduğum arzunu sözlə təsvir etməkdə acizəm. Bu üzərində Insan yaşamayan torpaqla bağlı arzudur. Yadıma çoxdan unudulmuş saydığım şeylər düşdü. Uzun illər bundan əvvəl, mən hələ balaca çoşka olanda anamla rəfiqələri köhnə bir mahnı oxuyurdular. Ancaq onlar mahnının yalnız melodiyasını və ilk üç sözünü bilirdilər. Balaca vaxtı mən də bu melodiyanı öyrənmişdim. Amma sonra unutdum. Və qəribədir dünən gecə yuxumda həmin melodiyanı xatırladım. Ən təəccüblüsü budur ki, mahnının sözləri də yadıma düşdü. Heyvanların bu mahnını çox-çox illər bundan əvvəl oxuduqlarına, sonra isə nəsillərin yaddaşından silindiyinə inanıram. Yoldaşlar, indi həmin mahnını sizə oxuyacağam. Artıq qocalmışam, səsim xırıltılı çıxır. Ancaq əminəm ki, melodiyanı və sözləri sizə öyrədəndən sonra onu məndən də yaxşı oxuyacaqsınız. Mahnı "Ingiltərənin heyvanları" adlanır.

Qoca Mayor boğazını təmizləyib oxumağa başladı. Səsi həqiqətən də xırıltılı çıxırdı. Lakin yetərincə yaxşı oxuyurdu. "Clementine" və "La Cucaracha"nı xatırladan melodiyanı həyəcansız dinləmək olmurdu. Sözləri də gözəldi:


Ingiltərə, Irlandiya heyvanları,

Ormanların, iqlimlərin canlıları!

Qulaq asın müjdə dolu xəbərimə,

Yaxınlaşır gələcəyin xoş anları!


Əvvəl-axır o xoş günü görəcəyik,

Qəddar Insan taxt-tacından devriləcək!

Bol bəhrəli Ingiltərə torpaqları

Heyvanların özlərinə veriləcək.


Buruntaqlar açılacaq burnumuzdan,

Kürəyimiz ağır yükdən qurtulacaq.

Bizi xofa salmayacaq qırmanc səsi,

Aclıq, əzab həmişəlik yox olacaq!


Göz önündə canlandırın bu səhnəni:

Arpa, buğda, zərif yulaf, yaşıl otlar...

Yonca, paxla, silos, şəkər çuğunduru...

Gün görəcək həm atalar, həm övladlar!


Nur yağacaq Ingiltərə çöllərinə,

Axar sular durulacaq, çağlayacaq!

Biz azadlıq arzusuna qovuşanda,

Sərin yellər ruhumuzu oxşayacaq!


O günlərə qovuşmadan olsək belə,

O günlərin xatirinə çalışaq biz!

Ey inəklər, atlar, qazlar, hinduşkalar,

Azadlığın eşqi ilə alışaq biz!


Ingiltərə, Irlandiya heyvanları,

Ormanların, iqlimlərin canlıları!

Hər tərəfə yayın müjdə xəbərini,

Yaxındadır gələcəyin xoş anları!


Mahnı heyvanların arasında vəhşi bir həyəcan yaratdı. Mayor axırıncı sözü oxuyub qurtarmamış onlar təkrarlamağa başladılar. Ən kütbeyinləri belə artıq melodiyanı tutmuş və bir neçə sözü yadlarında saxlamışdılar. Donuzlarla itlər kimi ağıllı heyvanlar isə artıq bir neçə dəqiqədən sonra həm melodiyanı, həm də sozləri tamam oyrənmişdilər. Bir neçə təkrar cəhddən sonra bütün ferma heyrətamiz yekdilliklə oxunan "Ingiltərə heyvanları"nın sədalarından lərzəyə gəlmişdi. Inəklər ritmə uyğun mouldayır, itlər hürüşür, qoyunlar mələyir, atlar kişnəyir, ördəklər qaqqıldaşırdılar. Mahnı heyvanların o qədər xoşlarına gəlmişdi ki, özləri də fərqinə varmadan artıq onu beş dəfə oxumuşdular. Əgər ortalığa maneə çıxmasaydı, bəlkə də səhərə qədər oxuyardılar.

Lakin bədbəxtçilikdən mister Cons səsə-küyə yuxudan oyandı. Həyətə tülkü girdiyini fikirləşib həmişə yataq otağının bir küncündə saxladığı tüfəngini götürdü, qaranlığa bir neçə dəfə atəş açdı. Güllələr ambarın divarına dəydi. Toplantını dərhal dayandırdılar. Hərə öz yerinə qaçdı. Toyuqlar uçuşub damın altındakı dirəklərdə yerlərini tutdular, heyvanlar samanın üstündə sərələndilər və ferma bir anda sükuta qərq oldu.


II F Ə S İ L
Üç gün sonra qoca Mayor yatdığı yerdə sakitcə canını tapşırdı. Cəsədini bostanın aşağısında dəfn etdilər.

Bu martın əvvəllərində olmuşdu. Sonrakı üç ay ərzində gizli fəaliyyət xeyli genişləndi. Mayorun nitqi fermanın ağlı başında olan sakinlərinin əksəriyyətini həyata yeni nəzərlərlə baxmağa vadar etmişdi. Onlar Mayorun müjdə verdiyi Üsyanın nə zaman başlayacağını bilmirdilər. Heç biri bu hadisənin sağlıqlarında baş verəcəyini düşünmək üçün ciddi əsas görmürdü. Lakin Üsyanı onların hazırlamalı olduqlarını yaxşı başa düşürdülər. Ferma sakinləri arasında təşkilatçılıq və maarifçilik işlərinin aparılması əqli qabiliyyətləri bütün heyvanlar tərəfindən yekdilliklə qəbul olunan donuzların üzərinə düşmüşdü. Onların arasında iki cavan donuz - mister Consun ətliyə vermək üçün bəslədiyi Snouboll və Napoleon xüsusilə fərqlənirdilər. Napoleon ətli-canlı, ilk baxışdan hətta bir qədər qəddar görünüşlü Berkşir donuzu idi. O, fermada yeganə berkşirli sayılırdı. Çox danışmaqla arası yoxdu, ancaq ağlı başında olan və işini bilən donuz nüfuzu qazanmışdı. Snouboll isə xarakterinin canlılığı, alovlu natiqliyi və çətin vəziyyətlərdən çıxış yolu tapması ilə seçilirdi. Lakin Napoleonla müqayisədə xarakterində dərinlik çatışmırdı. Fermadakı qalan erkək donuzlar hələ azyaşlı idilər. Onların arasında Çığırğan adlı balaca, gombul çoşka daha çox tanınırdı. Çığırğan yupyumru yanaqları, daim qaynayan kiçik gözləri, cəld hərəkətləri və zil səsi ilə tay-tuşlarından fərqlənirdi. O, gözəl natiq idi. Hər hansı çətin məsələnin müzakirəsi zamanı sürətlə bir küncdən o biri küncə addımlayır, aramsız titrəyən quyruğunun hərəkəti ilə sözlərinə xüsusi inandırıcılıq verirdi. Deyirdilər ki, Çığırğanın əlində qaranı ağa çevirmək heç nədir.

Bu üç nəfər qoca Mayorun fikirlərini animalizm adlandırdıqları ardıcıl baxışlar sisteminə çevirdilər. Həftədə bir neçə dəfə gecə mister Cons yatandan sonra onlar anbarda gizli toplantılar keçirir və heyvanlara animalizm prinsiplərini izah edirdilər. Doğrudur, ilk vaxtlar ferma sakinlərinin kütlüyü və laqeydliyi ilə qarşılaşırdılar. Bəziləri hələ də "sahibimiz" dedikləri mister Consa loyal münasibətin zəruriliyindən danışır və bu zaman "Mister Cons bizi saxlayır. O olmasa acından ölərik"- kimi səfeh sözlər söyləyirdilər. Digərləri soruşurdular ki, "Niyə biz oləndən sonra baş verəcək dəyişikliklərə görə indidən əziyyət çəkməliyik?", yaxud "Əgər Üsyan mütləq olacaqsa, onda çalışıb-çılaşmamağımızın nə fərqi var?" Bu düşüncələrin animalizm ruhu ilə bir araya sığmadığını izah etmək üçün donuzlar xeyli əziyyət çəkməli olurdular. Heyvanların içərisindən ən axmaq sualı isə ağ madyan-Molli verdi. "Üsyandan sonra qənd olacaqmı?"-onun Snoubolla verdiyi ilk sual bu idi.

-Yox!-deyə Snouboll qətiyyətlə dilləndi. -Biz fermada şəkər istehsal etmək fikrində deyilik. Bir də, şəkərsiz də keçinə bilərsən. Ürəyin istəyən qədər ot və yulaf olacaq.

-Bəs, mənə yalıma lent bağlayıb gəzməyə icazə veriləcək? - deyə sakitləşmək bilməyən Molli ikinci sualını verdi.

-Yoldaş, - Snouboll üzünü ona çevirdi, - ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğrudanmı, sən azadlığın belə alabəzək lentlərdən qat-qat qiymətli olduğunun fərqində deyilsən?

Molli onun fikri ilə razılaşdığını bildirdi. Lakin səsi o qədər də inandırıcı çıxmadı.

Əhliləşdirilmiş qarğanın-Mosesin yaydığı yalanların təkzibi donuzlara daha böyük əziyyət bahasına başa gəlirdi. Mister Consun sevimlisi Moses boşboğaz və qeybət düşkünü kimi tanınınrdı. Amma ağıllı danışmağı bacarırdı. O, Noğul dağı adlı möcüzəli olkənin yerini bildiyini iddia edirdi. Guya öləndən sonra bütün heyvanlar həmin dünyaya yollanacaqlar. Bu ölkə səmanın yüksək qatında, buludlardan çox-çox yuxarı yerləşirmiş. Mosesin dediyiniə görə Noğul dağında həftənin yeddi günü də Bazar günü imiş, bütün mövsümlərdə hər yerdə xoş ətirli yonca bitirmiş, kollardan isə kəllə qənd və jmıx kökələri sallanırmış. Heyvanlar əlini ağdan-qaraya vurmayan, gününü nağıl danışmaqla keçirən Mosesi sevmirdilər. Ancaq Noğul dağı haqqında deyilənləri həqiqət kimi qəbul edənlər də tapılırdı. Belələrini Noğul dağı adlı yerin olmadığına inandırmaq üçün donuzlar xeyli əziyyət çəkməli olurdular.

Iki qoşqu atı- Bokserlə Klover donuzların ən sədaqətli davamçıları idilər. Düzdür, özləri hansısa məsələ haqqında sərbəst fikir söyləməyə çətinlik çəkirdilər. Lakin donuzları ilk gündən rəhbər kimi qəbul edən Kloverlə Bokser onların dediklərini sinələrinə yığır, sonra isə tələsmədən sadə, anlaşıqlı tərzdə digər heyvanlara başa salırdılar. Onlar anbardakı gizli toplantıların birini də buraxmır, həmişə belə görüşlərin sonunda ifa olunan "Ingiltərə heyvanları" mahnısını hamıdan uca səslə oxuyurdular.

Üsyan hər kəsin güman etdiyindən daha tez və asanlıqla baş verdi. Xasiyyəti ağır olsa da, mister Cons bir vaxtlar pis fermer sayılmırdı. Sonra işləri günü-gündən pozulmağa başladı. Məhkəmə çəkişmələrində xeyli pul uduzandan sonra fermaya marağını itirdi. Içkiyə qurşandı. Bütün gününü mətbəxdə Vindzor kreslosunda şellənməklə keçirirdi. Qəzet oxuyur, içir, hərdənbir də Mosesə pivəyə batırılmış çörək qırıntıları yedirirdi. Işçiləri tənbəl və oğru idilər. Tarlaları alaq basmışdı. Binaların damı uçulub-dağılırdı. Hasarların təmirə ehtiyacı vardı. Heyvanlar çox vaxt yemlənməmiş qalırdılar.

Iyun ayı gəldi. Ot biçməyin vaxtı idi. Iyunun ortalarında bir şənbə günü mister Cons Uilliqdona yollandı və "Qırmızı Şir" meyxanasında o qədər içdi ki, bazar günü günortaya qədər evə qayıda bilmədi. Işçilər səhər inəkləri sağıb dovşan tutmağa getmişdilər. Heyvanları yemləmək heç kəsin yadına düşməmişdi. Evə qayıdan kimi mister Cons salondakı divana sərələndi, üzünü "Dünya yenilikləri" qəzeti ilə örtdü və o dəqiqə də yuxuya getdi. Heyvanlara hələ də yem verən olmamışdı. Nəhayət, onların səbir kasası daşdı. Inəklərdən biri buynuzu ilə yem anbarının qapısını sındırdı. Dərhal bütün heyvanlar içəri doluşdular. Elə bu zaman mister Cons yuxudan oyandı. Bir neçə dəqiqədən sonra o dörd işçisi ilə özünü yem anbarına çatdırdı. Əllərindəki qırmanclar hər tərəfə şaqqıltı salmışdı. Lakin ac heyvanları daha belə şeylərlə qorxutmaq mümkün deyildi. Əvvəlcədən hər hansı bir plan qurmasalar da bir nəfər kimi zülmkarların üzərinə atıldılar. Qəfildən Consla işçiləri hər tərəfdən təpikləndiklərinin və buynuzlandıqlarının fərqinə vardılar. Artıq gec idi- vəziyyət nəzarətdən çıxmışdı. Əvvəllər heç vaxt heyvanların belə qudurğan davranışın görməmişdilər. Həmişə istədikləri kimi doyüb alçaltdıqları heyvanların qəfil qəzəbi onları elə qorxutmuşdu ki, ağılları başlarından çıxmışdı. Vəziyyəti belə görəndə özlərini müdafiə etmək fikrindən əl çəkib dabanlarına tüpürdülər. Bir neçə dəqiqədən sonra beşi də nəfəslərini güclə dərərək malikanənin ortasından içərisindən keçib böyük yola aparan cığıra çıxdılar. Qələbələrindən ruhlanan heyvanlar onları təqib edirdilər.

Yataq otağının pəncərəsindən bütün bunları görən missis Cons əlinə düşənləri yol çantasına doldurub arxa qapıdan fermanı tərk etdi. Moses də qanadlarını çırparaq qonduğu budaqdan havaya qalxdı, var səsi ilə qarıldaya-qarıldaya onun ardınca uçdu. Bu arada heyvanlar artıq mister Consla adamlarını qovub yola çıxarmış, malikanənin beş laylı ağır qapılarını onların arxasınca bağlamışdılar. Beləcə, heyvanlar hələ axıra qədər nə baş verdiyinin fərqinə varmadan Üsyan qələbə ilə başa çatdırılmışdı. Artıq Cons qovulmuş, "Malikanə" ferması tamamilə özlərinin ixtiyarına keçmişdi.

Əvvəlcə heyvanlar taleyin bu qəribə töhfəsinə inana bilmirdilər. Ilk işləri insanlardan kiminsə ətrafda gizlənmədiyini yoxlamaq üçün fermanın sərhədləri boyunca dörd bir tərəfə lohrəm yerişlə dövrə vurmaq oldu.. Sonra Consun nifrətəlayiq hakimiyyətinin son nişanələrini məhv etmək məqsədi ilə çaparaq ferma binasına qayıtdılar. Tovlənin yanındakı qoşqu alətləri saxlanan anbarın qapısı sındırıldı, cilovlar, yüyənlər, boyunduruqlar, Consun donuzları və qoçları axtaladığı dəhşətli bıçaqlar çıxarılıb quyuya atıldı. Tapqırlar, üzəngilər, buruntaqlar, yəhərlər – insanın heyvan üzərində rahatca ağalıq etmək üçün düşünüb tapdığı bütün bu alçaldıcı əşyalar həyətdə alovlanmaqda olan tonqala toküldü. Qırmancların da aqibəti eyni oldu. Onların çatırtı ilə yandığını gorən heyvanlar sevincdən atılıb-düşürdülər. Snouboll yarmarka günlərində atların yal- quyruğuna bağlanan rəngli lentləri də tonqala atdı.

-Lentlər insan adlanan məxluqlara aid geyim ünsürü sayılır,-deyə o, izahat verdi. -Bütün heyvanlar lüt gəzməlidirlər.

Bu sözləri eşidən Bokser adətən yayda milçəklərdən və mığmığalardan qorunmaq üçün başına qoyduğu həsir şlyapanı çıxarıb tonqala atdı.

Qısa vaxtda fermada mister Consu xatırladan nə vardısa hamısı məhv edildi. Sonra Napoleon heyvanları həyətin arxasındakı ərzaq anbarına aparıb hərəsinə ikiqat yem payı verdi. Itlərin hər birinə isə gündəlik normadan əlavə iki biskvit verildi. Birlikdə "Ingiltərə heyvanları" mahnısını yeddi dəfə əvvəldən axıra kimi oxudular və yatmaq üçün yerlərini rahatlamağa getdilər. Həmin gecə həyatlarında ilk dəfə rahat və səksəkəsiz yatdılar.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə