Çirkab suların əmələ gəlmə mənbələrinə görə təsnifatı




Yüklə 19.3 Kb.
tarix22.04.2016
ölçüsü19.3 Kb.
Çirkab suların əmələ gəlmə mənbələrinə görə təsnifatı
Bizi əhatə edən aləmdə suyun yayılmadığı bir sahə tapmaq çətindir. Bununla belə yayılmasına görə su başlıca olaraq iki qrupa bölünür:

  1. yerüstü sular (bu suya səth suları da deyilir);

  2. yeraltı sular.

Su həyatın əsasını təşkil edir. O insan həyatında böyük rol oynayır. Yalnız onu demək kifayətdir ki, insan qidasız 45-50 gün yaüaya bildiyi halda, susuz 4-5 gün yaşaya bilir. Su təkcə qida maddəsi deyildir. O tükənməz enerji mənbəyidir. Böyük çaylar üzərində tikilən su-elektrik stansiyaları ölkəni elektrik enerjisi ilə təmin edr, zavod və fabrikləri işə salır, dəzgahları hərəkətə gətirir. Atmosferdə olan su buxarı günəş şüalarının çox hissəsini yer səthinə ötürməklə orada temperatur rejimini tənzimləyir. Bununla bərabər su buxarı yer səthini istilik şüalanmalarının təsirindən xilas edir.

Su hidrosferdə buxar halında olduğu üçün yayda çoxlu istilik udur və onu akkumulyasiya edərək qışda yer səthinə paylayır. Beləliklədə o yer səthində əlverişli həyat yaratmış olur.

Sənayenin sürətlə inkişaf etdiyi bir dövrdə suya olan tələbat da artır. Suyun əss hissəsini məhsuldar torpaqların suvarılmasına sərf olunmasına baxmayaraq, sənaye müəssisələri, böyük zavod və fabriklər də su ehtiyatının böyük bir qismini sərf edir. Məsələn, 1t ammonyak almaq üçün 1000 m3 , 1t nikel almaq üçün 4000 m3 su tələb olunur. Gücü 300 min kVt olan elektrik satansiyası bir ildə 300 mln. m3 su işlədir. Suyun tətbiq edildiyi sahələr çox və müxtəlif olduğu kimi onu çirkləndirən mənbələr də çox və müxtəlifdir. Yerüstü suların çirklənməsinə səbəb olan əsas mənbələr müxtəlif sənaye və məişət müəssisələri, iri kənd təsərrüfatı obyektləri, müxtəlif istilik və elektrik stansiyalarıdır. Bu müəssisələrdən ayrılan və demək olar ki, təmizlənməyən çirkab suları böyük su hövzələrini, çayları və digər sututarlarını da çirkləndirir, onların ekologiyasına böyük zərər vurur. Çirkab sular müxtəlif profilli müəssisələrdən ayrıldığına görə onları çirkləndirən maddələrin konkret bir təsnifatını vermək çətindir. Lakin çirkləndiricinin müxtəlif əlamətlərinə və tərkibinə əsaslanaraq onları müəyyən qruplara ayırmaq mümkündür.

İstehsalat sularında olan qatışıqların illik və daha tam təsnifatını L. A. Kulski vermişdir. Həmin təsnifat maddənin məhluldakı faza halına əsaslanır. Bu da qatışıqların fiziki və kimyəvi xassələrini nəzərə alan təsnifatın yaranmasına imkan verir. L. A. Kulskinin təsnifatına görə suyu çirkləndirən qatışıqlar dörd qrupa bölünür:



  1. Suspenziya və emulsiya tipli asılqanlar;

  2. Kolloidlər və yüksək molekullu birləşmələr;

  3. Suda həll olmuş qazlar və üzvi maddələr;

  4. Duzlar, turşular və əsaslar.

Birinci qrup maddələrdən suyu təmizləmək üçün ən effektli metod qravitasiya və adgeziya qüvvələrində istifadə etməyə əsaslanir.

İkinci qrup maddələr suda davamlı kolloid sistemlər əmələ gətirmək qabiliyyətinə malikdir. Ona gorə də suyu belə maddələrdən azad etmək üçün koaqulyasiya metodlarından istifadə edilir. Bu metod təmizlənəcək suya elektrolitlərin əlavə edilməsi ilə dispers fazanın tərkib və qatılığının dəyişməsinə əsaslanır.

Koaqulyasiya metodunda suya elektromaqnit və ultrasəs vasitəsilə təsir etməklə də onu təmizləmək olar.



Üçüncü qrup maddələr sudan oksidləşmə, adsorbsiya və aerasiya prosesləri ilə daha effektli ayrılır. Bu qrupun bir çox maddələri aktiv kömür tətbiq etməklə adsorbsiya olunur.

Dördüncü qrupa daxil olan maddələri sudan ayırmaq üçün suya müxtəlif reagentlər əlavə edilir və onlar az həll olan və zəyif dissosiasiya edən maddələrə, başqa sözlə, suyu çrkləndirən qatışıqlar (duz,əsas və turşu) ion halından həll olmayan neytral maddələrə çevrilir.

Tətbiq olunan metodların növündən asılı olmayaraq təmizlənəcək suyun tərkibində onu çirkləndirən qatışığın miqdarı maksimal yol verilən qatiliqdan (MYQ) çox olmamalıdır.

Maksimal yoverilən qatılıq (MYQ) və maksimal yolverilən tullantı (MYT) təyin edilən zaman ortaya çıxan problemləri həll etmək üçün İ.D. Rodzillerin elmi tədqiqatları böyük əhəmiyyət kəsb edir. Onun elmi əsərlərində sututarlarına daxiil olan maddələrin tərkibi və təmizlənmə metodları elmi cəhətdən əsaslandırılır, hidrodinamik, kimyəvi, fiziki-kimyəvi və biokimyəvi faktorları nəzərə almaqla nəzərdən keçirilir.

Digər əlamətlərinə görə də çirkab suları müxtəlif qruplara bölünür. Tərkibindəki maddələrin təbiətinə və ətraf mühitə (bitki, heyvan və insan orqanizminə) göstərdiyi təsirə görə çirkab sularını aşağıdakı qruplara bölmək olar:



  1. Spesifik zəhərləyici xassəli qeyri-üzvi qatışıqları olan sular.

  2. Spesifik zəhərləyici xassəli qeyri-üzvi qatışıqları olmayan sular.

  3. Spesifik zəhərləyici üzvi qatışıqları olmayan sular.

  4. Spesifik zəhərləyici üzvi qatışıqları olan sular.

Birinci qrup suların əsas mənbələri sulfat, nitrat, fosfat turşuları, soda, azotlu gübrələr istehsal edən kimya zavodları, qara metallurgiya və maşınqayırma müəssisələri, filiz zənginləşdirən kombinatlar (qurğuşun, sink,civə, mis və başqa ağır metal filizləri) və s. hesab edilir. Belə sularda həll olan və həll olmayan mineral maddələr-qələvilər , turşular, arsen birləşmələri , hidrogen sulfid, sulfitlər və s. olur. Bu birləşmələr su ilə birlikdə sututarlarına , çənlərə və s. düşdükdə suyun rəngini , dadını, iyini dəyişir. Sututarlardakı su şəffaflığını itirir. Suda olan asılı hissəciklər balıqların üzgəclərini yaralayır, çöküntülər isə həmin faunanın inkişafını çətinləşdirir. Çox hallarda suyun fiziki-kimyəvi xassələri-qələviliyi və codluğu da dəyişir. Hidrogen-sulfid və arsen birləşmələri sututarında olan canlı orqanizmləri və onların yem bazalarını zəhərləyir.

İkinci qrup sular kömür və filiz zənginləşdirən fabriklərdən, manqan, dəmir və kvars filizləri emal edən zavodlar və müəssisələrdən gələn sulardır. Belə sularda zəhərləyici maddələr əsasən suda asılı halda olan mineral hissəciklər və boş süxurların kiçik hissəcikləridir. Ikinci qrup sular birinci qrup sulara nisbətən az zəhərlidir.

Üçüncü qrup sularda qıcqırtma və piv bişirmə zavodlarından, nişasta və digər şəkər istehsal edən müəssisələrdən gələn axar sular aid edilir. Bu sularda olan üzvi birləşmələr suda həll olan oksigeni udur və canlı orqanizmlər üçün oksigen aclığı yaradır. Bundan başqa üzvi çirkləndiricilər bakteriya və mikroorqanizmlərin təsiri ilə bioloji çevrilmələrə məruz qalır. Nəticədə parçalanma məhsulu kimi H2S , NH3, CH4 və salınır ki, onlar da oksidləşərək sututarlarında oksigen aclığını daimiləşdirir. Belə axar suların təsiri ilə sututumunda oksidləşmə sürətləndiyindən oksigenə tələb artır, suyun pH-i, rəngi, şəffaflığı və tutumun hidrokimyəvi rejimi dəyişir. Üzvi çirkləndiricilərin suya düşməsi orada göy –yaşıl yosunların inkişaf etməsinə şərait yaradır.

Dördüncü qrup sular kimyəvi , koks-kimyəvi, neft emalı və qaz-şist zavodlarından çıxan axar sulardır. Belə sularda fenollar, aldehidlər, spirtlər, neft məhsulları, kükürdlü üzvi birləşmələr, hidrogen-sulfid və s. kimi zəhərli maddələr olur. Dördüncü qrup sular əvvəlki üç qrup sulardan daha zəhərli sulardır və sututarlarına daha pis təsir göstərir.

Suyu çirkləndirən maddələr öz fiziki halına və təbiətinə görə də bir neçə növ olur. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar.



  1. Çirkləndiricinin fiziki halına görə:

  1. həll olan çirkləndiricilər;

  2. həll olmayan çirkləndiricilər;

  3. kolloid çirkləndiricilər.

  1. Çirkləndiricilərin təbiətinə görə:

  1. mineral çirkləndiricilər;

  2. üzvi çirkləndiricilər;

  3. bakterial çirkləndiricilər;

  4. bioloji çirkləndiricilər.


Ədəbiyyat:

S. Ə. Novruzov. Ümumi kimya texnologiyası və sənaye ekologiyası.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə