Babayeva afaqin




Yüklə 65.66 Kb.
tarix25.04.2016
ölçüsü65.66 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

SOSİAL ELMLƏR VƏ PSİXOLOGİYA FAKÜLTƏSİNİN

İQTİSADİ NƏZƏRİYYƏ İXTİSASININ

I KURS MAGİSTRİ

BABAYEVA AFAQIN

ALİ MƏKTƏB PEDAQOGİKASI FƏNNİNDƏN
“ALİ MƏKTƏBDƏ TƏLİM PROSESİNƏ NƏZARƏT VƏ QİYMƏTLƏNDİRMƏ”

MÖVSUZUNDA


Ç I X I Ş I
BAKI – 2007
P L A N:


  1. Pedaqoji nəzarət prosesinin mahiyyəti, funksiyaları, formaları, prinsipləri.

  2. Qiymətləndirmə və qiymət.

  3. 10-ballıq şkala ilə qiymətləndirmə, üstün cəhətləri, tətbiqi

Pedaqoji nəzarət tədris prosesinin çox mühüm hissəsi olmaq etibarilə, əldə olunan nəticənin məqsədlə tutuşdurulmasıdır. Nəzarət, yoxlama, uçot, qiymət sıx bağlı anlayışlardır. Nəzarət əldə olunan nəticənin aşkara çıxarılmasıdır, yoxlama isə nəzarətin vasitəsidir.

Məlumdur ki, nəzarət təlimi stimullaşdırır və tələbələrin davranışına təsir göstərir.Təcrübə göstərdi ki, təlim prosesindən nəzarəti hissə-hissə və ya tamamilə ixtisar etmək təlimin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Hal-hazırda tətbiq edilən intensiv təlim metodları pedaqoji nəzarətin keyfiyyət və effektivliyinin artırılması, onun yeni formalarının yaradılması sahəsində yeni axtarışlara gətirib çıxarır.

Nəzarət sahəsində beş qarşılıqlı əlaqədə olan funksiya ayırd etmək olar:



  • diaqnostik funksiya;

  • proqnoztik funksiya;

  • yoxlama funksiyası;

  • inkişafetdirici funksiya;

  • tərbiyəedici funksiya.

Diaqnostik funksiya: nəzarət – bilik, qabiliyyət, bacarıqların səviyyəsinin üzə çıxarılması, tələbələrin real davranışının qiymətləndirilməsi prosesidir.

Proqnoztik funksiya gələcəkdə təlim işini yaxşılaşdırmaq üçün proqnoz vermə işini yerinə yetirir.

Nəzarətin yoxlama funksiyası tədris materialının mənimsənilməsi üzrə işin aktivləşdirilməsində əks olunur.

Nəzarətin inkişafetdirici funksiyası tələbələrdə yaradıcı qabiliyyəti inkişaf etdirir.

Tərbiyəedici funksiya: nəzarət sisteminin mövcudluğu tələbələrin fəaliyyətini təşkil edir, istiqamətləndirir, biliklərdə olan boşluqları, şəxsiyyətin xüsusiyyətlərini üzə çıxarmağa, bu boşluqları aradan qaldırmağa kömək edir, fənnə yaradıcı münasibəti öz qabiliyyətlərini inkişaf etdirməyə meyli formalaşdırır.

Təlim-tərbiyə prosesində bu funksiyalar sıx qarşılıqlı əlaqədədir, lakin nəzarətin elə formaları vardır ki, bir aparıcı funksiya digərlərindən üstün olur. Belə ki, məşğələlərdə əsasən öyrədici funksiya üstünlük təşkil edir: müxtəlif mülahizələr irəli sürülür, suallar verilir, səhvlər müzakirə olunur, amma bununla bərabər məşğələ diaqnostik və tərbiyəedici funksiyaları yerinə yetirir.

Məqbullar, imtahanlar, kollokviumlar, testlər əsasən nəzarətin diaqnostik funksiyasını yerinə yetirirlər.

Proqramlaşdırılmış nəzarətin tətbiqi zamanı onun yoxlama və nəzarətedici fuksiyası meydana çıxır.

Pedaqoji nəzarətin aşağıdakı prinsipləri vardır:


  1. Sistematiklik prinsipi – nəzarət sistemli şəkildə aparılmalıdır.

  2. Hərtərəflilik prinsipi – təlim nəticələrinin həm kəmiyyət, həm də keyfiyyət tərəfinə nəzarət edilməlidir.

  3. Fərdilik – hər bir yoxlanan adamın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

  4. Differensivlik prinsipi – müəyyən fənnin, mövzunun xüsusiyyətləri nəzərə alınmalıdır.

  5. Obyektivlik prinsipi – həqiqi səviyyə üzə çıxarılmalıdır.

  6. Nəzarət zamanı etik qaydalar gözlənilməlidir.

  7. Aşkarlıq prinsipi – mümkün qədər veriləcək qiymətlər aşkar şəkildə hamıya məlum olmalıdır, hansı meyarlarla verildiyi bilinməlidir.

İmtahanlar, məqbullar, şifahi sorğu, yazılı yoxlamalar, referatlar, kollokviumlar, məşğələlər, kurs işləri, labarator yoxlama işləri, layihə işləri, gündəlik yazılar, müşahidə jurnalları nəzarət sistemini təşkil edirlər. Hər bir formanın özünəməxsus xüsusiyyətləri vardır.

Şifahi sorğu zamanı yalnız biliklərə nəzarət həyata keçirilmir, həm də şifahi danışıq, pedaqoji ünsiyyət inkişaf etdirilir. Yazılı işlər materialı mənimsəmənin səviyyəsini sənədləşdirilmiş şəkildə müəyyənləşdirməyə imkan verir, lakin müəllimdən böyük vaxt sərfini tələb edir. İmtahanlar tələbənin psixikasına əlavə yük yaradır. Kurs və diplom işləri gələcək mütəxəssisin yaradıcı şəxsiyyət kimi formlaşmasına imkan verir. Nəzarətin müxtəlif formalarının uyğunlaşdırılması ali məktəbdə tədris prosesinin təşkili səviyyəsinin göstəricisidir və müəllimin pedaqoji ixtisaslaşmasının vacib göstəricilərindən biridir.

Nəzarətin növləri 2 qrupda cəmləşdirilir:


  1. Nəticəyə görə nəzarət;

  2. Tədrisin gedişinə nəzarət.

Nəticəyə görə nəzarət cari, tematik, dövri, yekun və son nəzarət kimi növlərə ayrılır.

Cari nəzarət tələbələri müvəffəqiyyətlilər və müvəffəqiyyətsizlər kimi diferrensiallaşdırmağa kömək edir, tədrisi motivləşdirir (sorğu, yoxlama işi, tapşırıqlar, özünənəzarətin yoxlanması).

Tematik nəzarət – müəyyən mövzu və ya proqramın bölməsinin nəticələrinin qiymətləndirilməsidir.

Dövri nəzarət – müəllim tədris materialının növbəti hissəsinə keçməzdən əvvəl tələbənin tədris nailiyyətlərinin yoxlanmasıdır.

Yekun nəzarəti – kurs üzrə imtahandır. Bu, keçilmiş materialın öyrənilməsinin yekunudur, bu zaman tələbənin sonrakı dövr üçün təhsil qabiliyyəti üzə çıxarılır. Elmi-tədqiqat təcrübəsinin nəticələrinin qiymətləndirilməsi də yekun nəzarəti ola bilər.

Son nəzarət – dövlət imtahanları, diplom işi və ya diplom layihəsinin müdafiəsi, Dövlət imtahan komissiyası tərəfindən ixtisasın verilməsidir.

Tədrisin gedişinə nəzarət açıq məşğələlər, qarşılıqlı gedişlər (təcrübə mübadiləsi məqsədilə), nəzarət xarakterli dərs dinləmələri, ekspert nəzarəti və anket sorğusu formalarında olur.

Nəzarət və yoxlamanın nəticələri müəyyən səviyyələrdə - kafedra, dekanlıq, rektorluq – müzakirə olunmalıdır.

Ali məktəbdə daxili pedaqoji nəzarət müxtəlif səviyyələrdə və müxtəlif formalarda həyata keçirilir. Daxili pedaqoji nəzarətdə rektorluğun da, dekanlığın da, kafedranın da, həmkarlar təşkilatının da nümayəndələri iştirak edir.

Rektorluğun nümayəndələri: ali məktəbdaxili intizam qaydalarına necə əməl edildiyinə, avadanlıqdan necə istifadə olunduğuna, əmr və sərəncamların necə icra edildiyinə və s. məsələlərə nəzarət edirlər.

Dekanlığın nümayəndələri: müəllimlərin və tələbələrin məşğələlərə davamiyyətini, kütləvi tədbirlərdə tələbələrin iştirakını, fakültə üzrə intizama əməl olunmasını və s. məsələləri diqqət mərkəzində saxlayırlar.

Kafedra üzvləri: mühazirələrin, seminar, laborator və digər növ məşğələlərin necə təşkil edildiyinə, yoxlama, kurs və buraxılış işlərinin yerinə yetirilməsinə və s. məsələlərə nəzarət edirlər.

Bütün səviyyələrdə həyata keçirilən nəzarət pedaqoji səciyyə daşıyır, işin keyfiyyətini yaxşılaşdırmaq məqsədi güdür. Bundan əlavə, ali məktəb Elmi Şurası tərəfindən seçilmiş komissiyalar da fəaliyyət göstərir. Bunlardan biri “Elm və təhsil məsələləri komissiyası”, digəri isə “Sosial və təsərrüfat məsələləri komissiyası” adlanır. Hər iki komissiya öz səlahiyyətləri üzrə məsələlərlə tanış olur, təqdirə layiq olan və nöqsanlı cəhətləri müəyyənləşdirir və Elmi Şuraya əsaslandırılmış təkliflər verir.

Qiymətləndirmə və qiymət keçirilmiş pedaqoji nəzarətin nəticələri hesab olunur. Qiymətləndirmə yoxlamanı tamamlayan pillədir və tədrisdə əks əlaqəni təmin edir. Qiymətləndirmə - tələbənin bilik, bacarıq və vərdişlərinin tədrisin məqsəd və vəzifələrinə uyğunluq və ya uyğunsuzluğunu təsdiq edən üsul və nəticədir. O, müvəffəqiyyətsizliyin səbəblərinin aşkara çıxarılmasına, tədris fəaliyyətinin təşkilinə imkan yaradır. Müəllim cavabda səhvlərin səbəblərini aşkara çıxarır, tələbəyə yenidən öyrəndiyi zaman nəyə diqqət yetirəcəyində köməklik göstərir.

Qiymətvermədə əsas tələblər: obyektivlik, qiymətin şüurluğu, dərk olunması.

Qiymətvermənin əsas göstəriciləri aşağıdakılardır:



  • biliyin tamlığı;

  • biliyin dərk olunması;

  • biliyin şüurluluğu;

  • biliyin tətbiqi;

  • biliyin ifadə olunması.

Qiymət – qiymətləndirmənin ədədi analoqudur. Qiymətin mütləqləşdirilməsi formallığa və təhsilin nəticələrinə münasibətdə məsuliyyətsizliyə aparır.

Biliklərin qiymətləndirilməsi zamanı bu tövsiyələrdən çıxış etmək lazımdır: “əla” verilmiş həcmdə materialın dəqiq və möhkəm öyrənilməsi zamanı qoyulur. Yazılı işdə heç bir səhv olmamalıdır. Şifahi sorğuda tələbənin danışığı məntiqi cəhətdən əsaslandırılmış və qrammatik cəhətdən düzgün olmalıdır.

“Yaxşı” - azəhəmiyyətli səhvlərlə mövzunun möhkəm öyrənilməsi zamanı qoyulur.

“Kafi” – mövzunun öyrənilməsində nəzərəçarpan, lakin sonrakı tədris üçün mane olmayan səhvlər olan zaman qoyulur.

“Qeyri-kafi” – mövzunu bilmədiyi, şifahi cavabda və ya yazılı işdə çox sayda səhvlərin olduğu zaman qoyulur.

Bu qiymətləndirmədə faktiki olaraq 3 bal iştirak edir. Bu şkalanın üstünlüyü onun sadəliyindədi, buradan da onun geniş yayılması aydınlaşır. Şkalanın çatışmazlıqları:



  1. müəllimin tələbənin biliklərinin müvəffəqiyyətliliyinin şəxsi anlaşılması. Müəllimin subyektivizmi, onun tələbənin cari müvəffəqiyyəti, davamiyyəti, davranışı, xarici görünüşü, geyim və danışıq stilinə reaksiyası işə düşür. Axı dərsə gəlməmək, amma öyrənmək olar, konspekt yazmamaq, lakin yaxşı cavab vermək, kobud davranıb, yaxşı bilmək olar;

  2. zəif differensiallaşdırma qabiliyyəti. Beş bal sistemi sadəcə dörd qrupa kobud təsnifat verir. Lakin ali məktəbə qəbul olan zaman dəqiq qiymətləndirmə şkalası nə qədər vacibdir?

Biliklərin qiymətləndirilməsi problemi çox aktualdır. Belə ki, 1975-1995-ci illərdə aparılmış təcrübə işi göstərdi ki, təhsil alanların təlim fəaliyyətinin nəticələrinin düzgün qiymətləndirilməsi və müəllimin müvafiq qiymətləndirmə düşüncəsi istifadə olunan faktiki 3-ballıq şkalada mümkün deyildir, minimum ya bütün 5-ballıq şkala, ya da 10-ballıq şkala vacibdir. Əks halda müəllimlər saxta şkaladan (3-ballıq şkalanın “+” və ya “-“ əlavə edilmiş qiymətləri) istifadə etməyə məcburdurlar və müxtəlif səviyyəli biliyi eyni ballarla qiymətləndirirlər.

“3”, “4” və “5” ballarla qiymətləndirilir: gimnaziya siniflərinin və xüsusi istedadlı uşaqlar sinifinin şagirdləri, orta ümumi təhsil məktəbinin şagirdləri və korreksiya-inkişafetdirici təhsil siniflərinin şagirdləri. Təhsil haqqında sənədlərdə göstərilmiş bu qiymətləri fərqləndirmək, demək olar ki, mümkün deyildir ki, bu da ciddi ziddiyyətdir və onun nəticəsi ümumilikdə insanın bilikliliyinin qiymətinin mötəbər olmamasıdır, ona görə də son illərdə ölkəmizin bir çox təhsil müəssisələri çoxballı şkaladan istifadəyə keçiblər, amma çox təəssüf ki, hər hansı elmi əsas olmadan keçiblər.

Həyata keçirilən yeni konsepsiyada ilk dəfə olaraq, “bal qiymətinin məzmunu”, “bal qiymətinin devalvasiyası”, “bal qiymətinin tələblərinin səviyyəsi”, “müəllimə tələblərin səviyyəsi” kimi anlayışlar daxil edilmiş və xarakterizə edilmişdir.

Daxil edilən modelin əsasını o təşkil edir ki, insanın biliyi 5 ardıcıl artan göstərici ilə xarakterizə olunur:



  1. Fərqləndirmə (tanıya bilmə) – verilən proses, obyekt və ya hadisə ilə tanışlıq səviyyəsi, bu 4 faizə qədər biliyə müvafiqdir.

  2. Yadda saxlama – mənimsənilmiş informasiyanın miqdarının göstəricisi kimi (mətnin, qaydaların, formulların və s. mexaniki, başa düşmədən əks etdirilməsi), bu 5-dən 16 faizə qədər biliyə müvafiqdir.

  3. Anlama – başa düşərək mənimsənilmiş informasiyanın xarakteristikası kimi. “Yadda saxlama” və “anlama” birlikdə “əksetdirmə” termini ilə xarakterizə olunur., başqa sözlə, yadda saxlama – başa düşmədən əksetdirmədir (maqnitofon, popuqay, “əzbərçi” şagird”), anlama isə başa düşərək əksetdirmədir. Bu göstəricidə bilik 17 – 36 faiz arasındadır.

  4. Elementar bacarıq və vərdişlər – elmi biliklərin təcrübədə tətbiqinin reproduktiv səviyyəsi (şablon üzrə, nümunə üzrə, analogiya üzrə və s. təcrübi işlərin yerinə yetirilməsi). Bu halda öyrənənin biliyi 37 – 64 faiz hədlərində olur.

  5. Keçirmə - mənimsənilmiş nəzəri bazanın tərcrübədə reallaşdırılmasının yaradıcı səviyyəsi (proqram tələbləri çərçivəsində istənilən təcrübi işin yerinə yetirilməsi). Bu zaman insanın bilik göstəricisi 65 – 100 faiz arasında olur.

Modelin məqsədləri:

    • ümumi orta təhsil məktəbləri səviyyəsində oxuyanların tədris əməyinin dürüst, etibarlı, sübutlu və ümumi anlaşılan qiymətləndirmə sisteminin yaradılması;

    • gimnaziya, adi və korreksiya-inkişafetdirici tədris proqramlarının şagirdlərinin biliyinin qiymətləndirilməsi zamanı müxtəlif səviyyəli yanaşmanın aradan qaldırılması;

    • 0 – 100 faiz sərhədlərində real biliyin uçot və qeyd olunması əsasında ikinci ildən imtinaetmə.

Tədqiqatın hipotezi bundan ibarətdir ki, 10-ballıq şkalanın təcrübədə tətbiqi imkan verəcək:

  • Bütün siniflərdə biliyin səviyyəsinin qiymətləndirilməsi zamanı tələblərin vahid səviyyəsinə nail olmağa;

  • Mənfi qiymətlər sindromunu aşmağa, çünki bu şkalada onlar yoxdur;

  • Müxtəlif tədris fənnləri üzrə faktiki biliyin dürüst qiymətləndirilməsi yolu ilə ikinci ildən bir sosial və pedaqoji problem kimi imtina etməyə;

  • Zəif və çətin oxuyanalra məktəbdə daha rahat şərait yaratmaq;

  • Tələbələrin və onların valideynlərinin uşaqlarının biliyinin sadə və onlara aydın olan qiymətləndirmə metodikası əsasında qiymətləndirilməsi iddiasını kənarlaşdırmaq.

Müəllimlərlə işdə əsas vəzifələr:

  • Müəllimlər tərəfindən təcrübədə tələbələrin bilik, bacarıq və qabiliyyətlərinin qiymətləndirilməsində saxta şkaladan (saxta şkala – müəllimlər tərəfindən “+” və ya “-“ işarələri əlavə edilmiş 3-ballıq sistemin qiymətləridir) istifadə etməsini aradan qaldırmaq;

  • Hər bir fənn üzrə 10-ballıq şkaladan istifadə edilən zaman oxuyanların bilik səviyyəsini xarakterizə edən dəqiq göstəricilərin işlənməsi;

  • Tələbələrin tədris əməyinin bütün nüanslarının dürüst, ədalətli uçotu əsasında onlarda zəhmətsevərliyin, çalışqanlığın tədris-idrak fəaliyyətinə müsbət motivasiyanın tərbiyə edilməsi.

Tələbələrlə işdə əsas vəzifələr:

  • Qiymətləndirmənin yalnız müsbət şkalasından istifadəetmə əsasında (bu şkalada mənfi qiymətlərdən tamamilə istifadə olunmur) tələbələrin dərketmə yolunda irəliləmə perspektivlərini göstərməklə tədris-idrak fəaliyyətinin stimullaşdırılması;

  • Mənfi qiymətlərin mövcud olmaması nəticəsində onların tələbələrin tədris-idrak fəaliyyəti motivasiyasına neqativ təsirini aradan qaldırmaq;

  • Tələbələrdə yaxşılar arasında ən yaxşı olmaq imkanını göstərmək əsasında rəqabət ruhunun formalaşdırılması və s.

Modelin gözlənilən nəticələri:

  • Tələbələrin biliyinin faktiki səviyyəsinin müəyyən edilməsi prosedurunun dürüstlüyü və etibarlılığının yüksəldilməsi;

  • Nail olunmuş nəticələrin daha dəqiq müəyyən edilməsi əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi;

  • Məktəb müdirləri və təhsil idarətetmə orqanları işçilərinin müəllimlərin əməyini qiymətləndirilməsi zamanı sünilik və saxtakarlıqdan kənarlaşma;

  • Formal olaraq 5-ballıq, əslində isə 3-ballıq sistemin mənfi qiymətlərinin tələbələrin və onların valideynlərinin düşüncəsinə mənfi təsirinin aradan qaldırılması;

  • Vahid elmi əsaslandırılmış səviyyəyə keçid əsasında müxtəlif təhsil məktəblərində tələbələrə müxtəlif tələblərin irəli sürülməsinin qarşısının alınması.

10-ballıq şkalada ballara aşağıdakı bilik səviyyələri uyğun gəlir:

10-ballıq şkala

Tələbələrin bilik səviyyəsinin əsas göstəriciləri

Bilik səviyyəsi, %

Səviyyə

1 bal

Dərsdə iştirak edib, qulaq asıb, baxıb, müəllimin və ya tələbə yoldaşlarının imlası ilə yazıb, lövhədən köçürüb və s.

Təqribən 1%

Fərqləndirmə, tanıma (tanışlıq səviyyəsi)

2 bal

Hazır şəkildə təqdim etdikdə hansısa proses, obyekt və s.-ni onun analoqlarından fərqləndirir.

2–4%




3 bal

Mətn, qayda, anlayış, formul, qanunlar və s.-nin çox hissəsini yadda saxlayıb, amma izah edə bilmir (mexaniki yadda saxlama).

5-9%

Yadda saxlama

4 bal

Öyrənilmiş qayda, qanun, formul və s.-ni tam danışır, amma nəsə izah etməkdə çətinlik çəkir.

10-16%




5 bal

Öyrənilmiş nəzəriyyənin ayrı-ayrı müddəalarını başa salır, hərdən analiz və sintez kimi fikri əməliyyatlar yerinə yetirir.

17-25%

Anlama

6 bal

Nəticə çıxarmaq qabiliyyətini üzə çıxararaq, mənimsənilmiş nəzəri biliklərin anlaşılmasını nümayiş etdirməklə, nəzəriyyənin məzmunu ilə bağlı sualların çoxuna cavab verir.

26-36%




7 bal

Nəzəri materialı dəqiq danışır, anlayışlar və terminologiyadan sərbəst şəkildə istifadə edir, nəzəriyyənin ümumiləşdirilməsini bacarır, nəzəriyyənin təcrübə ilə əlaqəsini yaxşı görür, sadə hallarda tətbiq etməyə qadirdir.

37-49%

Elementar bacarıq və vərdişlər (reproduktiv səviyyə)

8 bal

Öyrənilmiş nəzəriyyənin mahiyyətini tam anlayır və onu təcrübəyə asan və çox düşünmədən tətbiq edir. Demək olar ki, bütün təcrübi məsələləri həll edir, hərdən əhəmiyyətsiz səhvlər buraxır, bəzən özü də onları düzəldir

50-64%




9 bal

Köçürmə səviyyəsində təcrübi məsələləri asanlıqla həll edir, təcrübi fəaliyyətdə mənimsənilmiş nəzəriyyədən sərbəst şəkildə istifadə edir.

65-81%

Köçürmə (yaradıcı səviyyə)

10 bal

Mənimsənilmiş bilikləri təcrübədə orijinal, qeyri-standart şəkildə tətbiq edir, əvvəlcə qazanılmış bacarıqlar əsasında yeni bacarıqları müstəqil formalaşdırır .

82-100%



Hazırda Azərbaycanda orta məktəblərdə 9 ballıq, ali məktəblərdə 100 ballıq sistem eksperiment kimi tətbiq olunur.


Ədəbiyyat:



  1. «Педагогика и психология высшей школы». Учебное пособие – Ростов н/Д: Феникс, 2002. Ответственный редактор М.В.Буланова – Топоркова.

  2. «Педагогика и психология высшего образования: от деятельности к личности» Учебное пособие – Н: Издательский центр «Академия», 2001. Смирнов С.Д.

  3. “Ali məktəb pedaqogikası” Nurəddin Kazımov, Bakı-1999

  4. “Pedaqogikanın əsasları” Məcid İsmixanov, Bakı-2005

  5. “Ali məktəb didaktikası” Bəşir Bəşirov, Bakı-1992.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə