Azərbaycanda bazar münasibətlərinin formalaşdırılması: əsas nəticələr və perspektiv proqnozlar




Yüklə 320.82 Kb.
səhifə1/5
tarix29.02.2016
ölçüsü320.82 Kb.
  1   2   3   4   5
A

    1. Azərbaycanda bazar münasibətlərinin formalaşdırılması: əsas nəticələr və perspektiv proqnozlar.

    2. Azərbaycanın xarici iqtisadi siyasətinin mahiyyəti və əsas prinsipləri.

    3. Azərbaycanın xarici ticarətinin dinamikası, əmtəə və coğrafi strukturu: əsas xüsusiyyətlər və inkişaf perspektivləri.

    4. Azərbaycanda xarici investisiyalar: əlverişli investisiya mühiti xarici investisiyaların cəlbinin əsas amili kimi.

    5. Azərbaycanın beynəlxalq inteqrasiya birliklərində iştirakı: əsas xüsusiyyətlər və perspektivlər.

    6. Azərbaycan beynəlxalq təşkilatlar sistemində.

    7. Azərbaycanın xarici borcu və onun tənzimlənməsi sistemi.



zərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində

21.1. Azərbaycanda bazar münasibətlərinin formalaşdırılması:

əsas nəticələr və perspektiv proqnozlar

Bazar münasibətlərinə keçid müasir ictimai-iqtisadi həyatın əsas fundamental qanunauyğunluqlarından biridir. Onu müəyyən edən amillərdən asılı olaraq bu cür keçid həm beynəlxalq-qlobal, həm regional, həm də milli-dövlət səviyyəsində həyata keçirilir. Bu prosesin obyektiv zəruriliyi və qaçılmazlığı məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının dinamikası və xarakteri ilə şərtlənir.

SSRİ dağıldıqdan sonra postsovet məkanında yaranmış bütün yeni müstəqil dövlətlər kimi Azərbaycan da bazar iqtisadiyyatı sisteminə keçidi bir məqsəd kimi müəyyən etdi. Lakin, bu islahatların ilkin illərində iqtisadi sistemdə həyata keçirilən dəyişikliklər ardıcıl deyildi və əsasən sistemsiz şəkildə həyata keçirilirdi. Reallıq ondan ibarət oldu ki, Azərbaycanda 1990-cı illərin əvvəli təkamül yox dağıdıcılıqla xarakterizə edilə bilər.

Azərbaycan iqtisadiyyatında həyata keçirilən mürəkkəb islahatlar prosesində əsasən üç dövrü fərqləndirmək olar.



Birinci dövr 1991-ci ilin sonundan 1996-cı ilə qədər davam edən dövrdür. Bu dövrün özünü də iki hissəyə bölmək olar: 1991-1993-cü illər və 1994-1995-ci illər.

1990-cı illərin əvvəllərində iqtisadiyytaın idarə edilməsində buraxılmış ciddi səhvlər, ənənəvi ticarət, maliyyə, təchizat, kommunikasiya sisteminin pozulması iqtisadiyyatda tam bir xaos yaratmışdı. Belə bir şəraitdə ÜDM, sənaye istehsalı hər il 20-25% aşağı düşürdü. Ölkədə qiymət miqyasına nəzarət tam itirilmişdi. Qiymətlər hər gün dəyişir, aylıq inflyasiya isə 70-80%-ə çatırdı. Dövlət büdcəsinin kəsiri ÜDM-nin 13%-ni təşkil edirdi və yalnız nağd pulun çap edilməsi yolu ilə maliyyələşdirilirdi. əhalinin əmək haqları, pensiyalar 5-6 ay gecikmə ilə ödənilirdi. Kəskin inflyasiya şəraitində əhalinin real gəlirləri azalır, onun sosial şəraiti isə günbəgün pisləşirdi. Bütün bunlar və ölkədə hərbi-siyasi gərginliyin kulminasiya nöqtəsinə çatması iqtisadiyyatı iflic vəziyyətinə gətirmişdi.

Dünya təcrübəsi göstərir ki, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin ilkin və zəruri şərti möhkm ictimai-siyasi sabitlikdir. Azərbaycanda da məhz ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra əldə edilmiş ictimai-siyasi sabitlik digər sahələrlə yanaşı, iqtisadi islahatlar üçün də münbit şərait yaratdı. Məhz 1993-cü ilin sonlarından başlayaraq sistemli islahatların ilk addımları atılmağa başlandı. Qeyd edək ki, ölkəmizdə iqtisadi islahatların başlanğıc nöqtəsi inflyasiyanın qarşısının alınması və makroiqtisadi sabitliyin təmin edilməsi oldu.

Belə ki, ilk öncə Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərmanına uyğun olaraq, manat ölkə ərazisində yeganə ödəniş vasitəsi elan edildi. Bunun ardınca, Milli Bank müstəqil pul-kredit siyasəti yeritmək imkanı əldə etdi və beləliklə əsassız pul-kredit emissiyasının qarşısı alındı. Eyni zamanda, pul-kredit siyasəti alətlərindən istifadə dövrün tələblərinə uyğunlaşdırıldı.



İkinci dövr isə 1996-cı ildən 2003-cü ilə qədər olan dövrü əhatə edir. Bu dövrün əsas xüsusiyyəti ondan ibarət dir ki, XX əsrin sonunda və XXI əsrin başlanğıcında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla və beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ölkənin sosial-iqtisadi inkişaf strategiyası müəyyən edildi və müvəffəqiyyətlə həyata keçirilməyə başlandı.

Bu strategiyanın əsas məzmunu bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə sabit sosial-iqtisadi inkişafın təmin olunmasından, əhalinın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılmasından ibarətdir. Uğurla həyata keçirilən bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanı ləğv edilmiş, digərlərinin ancaq tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları tamamilə dayandırılmışdır.

1995-ci ildən etibarən ölkədə beynəlxalq maliyyə qurumlarının maliyyə və texniki yardımı ilə makroiqtisadi sabitləşdirmə və struktur islahatları üzrə proqram həyata keçirilməyə başlandı. Proqramın birinci mərhələsində ölkədə artıq yuxarıda qeyd edildiyi kimi, qısa müddət ərzində əldə edilmiş makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və dayanıqlı hala gətirilməsi istiqamətində məqsədtönlü tədbirlər həyata keçirildi.

Sabitləşmə proqramının uğurla yerinə yetirilməsi ölkədə islahatların keyfiyyətcə yeni mərhələsinin – struktur islahatları mərhələsinin başlanması üçün əlverişli şərait yaratdı. Qısa dövr ərzində kiçik özəlləşmə proqramı başa çatdırıldı, radikal aqrar islahatları, torpaqların xüsusi mülkiyyətə verilməsi prosesi başlandı. Torpaq bazarının fəaliyyəti üçün zəruri hüquqi-iqtisadi mühit yaradıldı. Struktur islahatlarının tərkib hissəsi olan bank-maliyyə sektorunun yenidən qurulması, dövlət banklarnın yenidən təşkil edilərək özəlləşdirməyə hazırlanması və özəl bank sisteminin möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görüldü.



Üçüncü dövr isə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkə iqtisadiyyatının inkişafında yeni bir tarixi mərhələnin başlanması ilə start götürmüşdür. Bu mərhələ son on ildə ölkədə görülmüş nəhəng quruculuq işlərinə, təməli ümumimilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursuna əsaslanaraq ölkə iqtisadiyyatının sürətli inkişafı və strukturunun diversifikasiyası, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının davamlı olaraq yüksəldilməsi, bazar iqtisadiyyatına keçidin daha da dərinləşdirilməsi, bazar mexanizminə əsaslanan effektiv iqtisadiyyatın və idarəetmə sisteminin formalaşması kimi yeni strateji vəzifələri irəli sürür.

İkinci mərhələdə toplanmış sıçrayışlı inkişaf potensialının artıq reallaşdırılması yeni inkişaf mərhələsinin əsas vəzifələridir. Bu yeni mərhələ 2 rəqəmli iqtisadi artım tempi, adambaşına düşən ümumi daxili məhsulun və əhalinin gəlirlərinin sürətlə artması, iqtisadi fəallığın artıq regionlara yönəlməsi ilə səciyyəvidir. Yeni mərhələnin birinci ili olan 2004-cü ilin nəticələri bütün bunları əyani sübut edir.

Azərbaycanda özəl sektorun formalaşdırılması birbaşa olaraq özəlləşdirmə prosesi ilə əlaqədardır. Azərbaycanda özəlləşdirmə proseslərinin əsası 1993-cü ildə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanunun qəbul edilməsi ilə qoyulmuşdur. Lakin, bir sıra obyektiv və subyektiv səbəblər baxımından özəlləşdirmənini həyata keçirilməsi çox ləng və ziddiyyətli formalarda gedirdi. Islahatların ilk illərində özəlləşdirmə üzrə vəzifələrin qeyri-məqbul səviyyədə yerinə yetirilməsinə sübut kimi 1 yanvar 2004-cü ilə cəmisi 6 obyektin, 3500 yüngül avtomobilin (“taksi”lərin) və vətəndaşların mənzil sahələrinin yarısının özəlləşdirildiyin göstərmək olar.

Respublikada özəlləşdirmənini həyata keçirilməsində yeni mərhələ 1995-ci ildə “1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”nın yerinə yetirilməsi oldu. 2000-ci ilin sonuna kiçik və orta müəssisələrin özəlləşdirilməsi demək olar ki, başa çatdırıldı. Daha sonra isə, 2001-ci ildə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 2-ci Dövlət Proqramının qəbul edilməsi ilə bir sıra strateji obyektlər özəlləşdirməyə açıq elan edildi və iri müəssisələrin özəlləşdirilməsinə start verildi.

İqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, sahibkarlığın inkişafı, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafına dövlət himayəsinin artırılması, azad rəqabət mühitinin formalaşdırılması fəaliyyətdə olan təsərrüfat subyektlərinin say və tərkibinin dəyişməsinə də öz müsbət təsirini göstərmişdir. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində 2004-cü il ərzində yeni müəssisə və təşkilatların yaranması prosesi davam etmiş, dövlət mülkiyyətində olan müəssisələrin bir hissəsi özəlləşdirilərək xüsusi bölməyə keçmiş, onların strukturlarında dəyişikliklər baş vermişdir. İqtisadiyyatın bəzi bölmələrində uçot vahidlərinin sahibkarlıq formalarının dəyişdirilməsi halları (sahibkarlar tərəfindən fiziki şəxs kimi fəaliyyət göstərilməsinə üstünlük verilməsi) davam etmişdir.


21.2. Azərbaycanın xarici iqtisadi siyasətinin mahiyyəti və əsas prinsipləri

Beynəlxalq əmək bölgüsünün xüsusiyyətlərinə, Azərbaycanın geoiqtisadi vəziyyətinə, mövcud resurs və elmi-texniki potensiala uyğun olaraq, xarici iqtisadi fəaliyyətin formalaşmaqda olan mexanizmi xarici iqtisadi strategiyanın əsas məqsədinin (Azərbaycanın xalq təsərrüfatı kompleksinin dünya və regional təsərrüfat sisteminə inteqrasiyası) reallaşmasını təmin etməlidir. Bu məqsədin əldə edilməsi bir-biri ilə əlaqədə olan üç əsas vəzifənin yerinə yetirilməsini nəzərdə tutur: 1) dünya praktikasında qəbul edilmiş prinsiplər, normalar və iqtisadi mexanizmlərdən çıxış edən inkişaf edən bazar sisteminin formalaşdırılması; 2) milli təsərrüfatın yenidən qurulması üçün dünya iqtisadi sisteminin imkanlarından istifadə edilməsi; 3) xarici iqtisadi sferanın dinamik artım amilinə çevrilməsinin təmin edilməsi.

Xarici iqtisadi siyasətə olan bu tələblər kontekstində belə bir nəticə çıxarmaq olar ki, xarici iqtisadi siyasət dedikdə, digər ölkələrlə iqtisadi münaisbətlər sahəsində dövlətin həyata keçirdiyi razılaşdırılmış tədbirlərin məcmusu nəzərdə tutulur və bu siyasət xarici ticarəti, beynəlxalq elmi-texniki və mədəni əlaqələri, birgə proqramların həyata keçirilməsini, xarici kapitalın cəlbini əhatə edir. Dövlət xarici iqtisadi siyasətinin həyata keçirilməsində istifadə edilən konkret alətlərə misal kimi gömrük tariflərini və rüsumlarını, ixrac-idxal məhdudiyyətlərini, valyuta mübadilə məzənnələrini, valyuta nəzarətini göstərmək olar.

Azərbaycanın xarici iqtisadi siyasəti ölkənini ümumi iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla onun btünü cəhətlərini və əlamətlərinin özündə əks etdirir. Azərbaycanın iqtisadi tərəqqisinə nail olmaq üçün həyata keçirilən xarici iqtisadi siyasər aşağıdakıları əhatə etməlidir: maliyyə sabitliyi və sabit maliyyə sisteminin yaradılması; milli ixracatçıların bir çox növ məhsullar (xüsusilə də yüksək emal dərəcəsinə malik olan məhsullar) üzrə dünya bazarlarında köklü mövqe əldə etmələri üçün aktiv struktur siyasəti; ixracatçılar üçün güclü dövlət dəstəyinin ytəmin edilməsi; xarici kapitalın cəlbinin aktivləşdirilməsi üçün sahibkarlıq mühitinin təkmilləşdirilməsi.

Bazar münasibətlərinə keçid dövlətdaxili səviyyədə bazar mühitinin formalaşdırılması prosesi ilə məhdudlaşmır. O eyni zamanda, bazar transformasiyası prosesini və beynəlxalq iqtisadi münasibətlər sferasını da əhatə edir. Beynəlxalq iqtisadi münasibətlərin əsas tərkib hissəi və subyektləri kimi müxtəlif milli iqtisadiyyatlar çıxış etdiyindən, onların bazar prinsipləri əsasında fəaliyyət göstərməsi və bazar mühitinin yaradılması bu münasibətlərdə islahatlar aparılmasına təkan verən əsas müəyyənedici amildir. Milli iqtisadiyyatda və onun xarici iqtisadi sferasında aparılan bazar islahatları inzibati-amirlik sistemindən bazar sisteminə keçid prosesinin paralel surətdə cərəyan edən iki tərəfidir. Buna görə də Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin bazar dərəcəsi birbaşa olaraq milli iqtisadiyyatların bazar dərəcəsindən asılıdır.

Dövlətdaxili və dövlətlərarası səviyyələrdə əmtəə-bazar münasibətlərinin meydana gəlməsinin və funksiya göstərməsinin əsas ümumi amilləri demək olar ki eynidir:



  • ictimai əmək bölgüsü;

  • iqtisadi fərdi mülkiyyətçilərin (özəl mülkiyyət əsasında) mövcudluğu.

Milli və beynəlxalq bazar münasibətlərinin özünəməxsusluğu onların amillərinin iqtisadiyyati xüsusiyyətlərindəki fərqlərlə izah edilir. Azərbaycanda milli bazar mühitinin formalaşmasının bir sıra xüsusiyyətləri əvvəlki paraqrafda nəzərdən keçirildiyindən, burada beynəlxalq aspektdən danışacayıq.

Xarici təsərrüfat əlaqələri sferasında ictimai əmək bölgüsü kimi ayrı-ayrı ölkələrin qarşılıqlı əlaqələrinin və qarşılıqlı asılılıqlarının, təsərrüfat həyatının beynəlmiləlləşməsinin və qloballaşmasının əsasında dayanan beynəlxalq əmək bölgüsü çıxış edir. Daha əvvəl qeyd edildiyi kimi, beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlər kimi təbii (coğrafi, ətraf mühit, demoqrafik və s.) və əldə edilmiş (istehsal, texnoloji, rəqabət və s.) amillərdən, həmçinin siyasi, sosial və digər şərtlərdən asılı olur.

Beynəlxalq iqtisadi münasibətlərin sonrakı inkişafı perspektivləri, dünya bazarının həcminin artması imkanları beynəlxalq əmək bölgüsünün inkişafı dərəcəsi ilə, onunu daha yüksək tiplərinə keçidlə müəyyən edilir.

Beynəlxalq iqtisadi münasibətlərin islahatı ilk növbədə aşağıdakıları özündə əks etdirməli idi:



  • idarəetmənini həddən artıq mərkəzləşdirilmiş plan-sərəncamverici metodlarından bazar prinsiplərinə keçid;

  • beynəlxalq iqtisadi münasibətlərin dövlətləşdirilməsinin qarşısının alınması;

  • beynəlxalq iqtisadi münasibətlərin köklü surətdə liberallaşdırılması.

Bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin 5 aprel 1994-cü il tarixli “Xarici ticarətin liberallaşdırılması haqqında” fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla xarici ticarət üzərində dövlət inhisarı aradan qaldırılmış və müstəqil xarici iqtisadi fəaliyyət prinsipi tətbiq edilmiş, xarici iqtisadi fəaliyyətin tənzimlənməsi sisteminin transformasiyasına təkan vermişdi (şəkil 21.3.).

Mülkiyyətindən asılı olmayaraq bütün müəssisə və təşkilatlara xarici ticarət əməliyyatları həyata keçirmək hüququ verildi. Dövlətin rolu tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə məhdudlaşırdı. Dövlət müəssisələrin iqtisadi fəaliyyətinə birbaşa müdaxilə etmək hüququna malik deyildi.

Xarici iqtisadi siyasət müəyyən prinsiplərdən irəli gəlməklə formalaşdırılarsa o daha səmərəli olar. Bu müddəanın doğruluğu tarixi praktika ilə təsdiq olunur. Belə ki, keçmiş SSRİ-də xarici iqtisadi fəaliyyət prinsipləri inzibati-amirlik sisteminin reallıqlarını əks etdirirdi. Lakin, həm milli, həm də dünya iqtisadiyyatında bazar münasibətlərinin formalaşdığı bir şəraitdə bu prinsiplər mövcud reallığa cavab vermir. Buna görə də müasir xarici iqtisadi siyasətin formalaşması zamanı aşağıdakı prinsiplər əsas götürülməlidir:

Şəkil 21.3.

Azərbaycanın xarici iqtisadi fəaliyyətinin

tənzimlənməsi sistemi




  • xarici iqtisadi siyasət milli iqtisadi siyasətin bir tərkib hissəsi olmaqla yanaşı, həm də vahid olmalıdır (xüsusilə xarici ticarət siyasəti xarici iqyisadi siyasətin tərkib hissəsi olmalı və onun tələblərinə uyğun formalaşdırılmaqla ziddiyyət əmələ gətirməməlidir);

  • xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sisteminin və onun həyata keçirilməsinə nəzarətin vahidliyi;

  • Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyi.

  • xarici iqtisadi fəaliyyətin tənzimlənməsində iqtisadi tədbirlərə prioritet verilməsi;

  • xarici iqtisadi fəaliyyət iştirakçılarının bərabər hüquqlu olmalarının və onlara qarşı hər hansı bir ayrı-seçkiliyin yol verilməməsinin təmin edilməsi;

  • dövlət tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçılarının hüquqlarının və qanuni maraqlarının qorunması;

  • dövlət və onun orqanlarının xarici iqtisadi fəaliyyətə lazımsız müdaxiləsinin istisna edilməsi;

  • dünya təsərrüfat əlaqələrində suverenitetin təmin edilməsi və ona milli xarici iqtisadi təhlükəsizliklə zəmanət verilməsi;

  • ölkənin milli iqtisadi maraqlarının qorunması;

  • beynəlxalq iqtisadi əməkdaşlıqda maksimal dərəcədə iştirakı üçün iqtisadiyyatın açıqlığının təmin edilməsi;

  • əmtəə və xidmət istehsalçılarının iqtisadi azadlığı;

  • milli bazar iqtisadiyyatının inkişaf dərəcəsinin dünya bazar təsərrüfatında mövcud olan vəziyyətə adekvatlığı;

  • beynəlxalq iqtisadi əməkdaşlığın əsas etibarilə təkrar istehsal tipinin formalaşdırılması.

Xarici ticarət siyasəti Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm hissəsi kimi çıxış edir ki, o da özündə iki yanaşmanı əks etdirir: dövlətin əmtəə mübadiləsi sferasına müdaxiləsi dərəcəsindən asılı olaraq azad ticarət və ya proteksionizm. Azərbaycanın müstəqilliyinin ilk illərində azad ticarət prinsipləri üstünlük təşkil etsə də, hazırda getdikcə hər iki yanaşmanın optimal nisbətindən istifadəyə çalışılır.

Xarici ticarət siyasətinin mühüm istiqamətlərindən biri də ixracın stimullaşdırılması siyasətidir. Azərbaycanda fikrimizcə, ixracın stimullaşdırılmasının bir neçə metdoundan istifadə etmək məqsədəuyğun olardı:



  1. Vergi və gömrük güzəştlərinin tətbiq edilməsi. Qısa müddət ərzində ixracdan maksimum effekt əldə etmək məqsədilə vergi güzəştlərinin həm mənfəətdən vergiyə, həm də dolayı vergilərə (ƏDV və aksizlər) tətbiq etmək olar. İxracın inkişafında prioritet kəsb edən istehsal sahələrinə münasibətdə mənfəətdən vergiyə güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu cür güzəşt növü ixracyönümlü siyasət həyata keçirən ölkələr üçün daha münasibdir.

  2. İnhisarlar və sənayenin prioritet sahələri arasında qarşılqlı münasibətlərin tənzimlənməsi. Bu cür qarşılıqlı münasibətlərə təsir etmək üçün ixracatçılara müəyyən güzəştlər (dəmir yolu daşımaları tariflərində, kommunal xidmətlər tariflərində və s.-də güzəştlər) verilə bilər.

  3. Xarici ticarət ilə əlaqədar olan sahələrdə məqsədli investisiya proqramlarının hazırlanması və həyata keçirilməsi. Bu proqramlar eyni zamanda, həm dövlət büdcəsindən, həm də bankların güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

  4. İxracın stimullaşdırılmasında lizinq mühüm rol oynaya bilər. Dünya təcrübəsi göstərir ki, lizinq ölkə iqtisadiyyatına yeni texnika, texnologiya və s. formasında “real” investisiyaların cəlb edilməsində ən səmərəli üsullardan biridir. Sənayecə inkişaf etmiş ölkələrdə isitismar edilən avadanlıq və texnikaların 60-70%-i lizinq yolu ilə əldə edilib. Azərbaycanın sənaye müəssisələri texniki və texnoloji yenilənməyə kəskin ehtiyac duyurlar. Lizinqdən istifadə bir çox müəssisələrə istehsalın modernləşdirilməsini həyata keçirməyə və rəqabət qabiliyyətli istehsalı qurmağa imkan verəcək və bu zaman investisiyalara ehtiyacda bir elə gərginlik olmayacaq.

  5. Xarici bazarların mənimsənilməsində milli müəssisələrə yardım üçün təşkilati-texniki dəstək mexanizminin tətbiqi və səmərəli istifadəsi. Bu öz növbəsində nəzərdə tutur:

    • ixracyönümlü müəssisələrə xarici sifarişlərin alınmasında və yüksək keyfiyyətli sənaye avadanlığının əldə edilməsində yardım göstərilməsi;

    • müxtəlif növ kommersiya informasiyalarının təqdim edilməsi;

    • ixracatçıların xarici ölkələrdin dövlət və hökumət qurumlarında maraqlarının təmsil edilməsi və s.

  6. İxrac-idxal əməliyyatlarının kreditləşdirilməsinin həyata keçirilməsi üçün güclü kredit təşkilatlarının yaradılması. Bu zaman ixrac kreditlərinin sığortalanması və yalnız Azərbaycan məhsullarının alınması şərti ilə xarici ölkələrin idxalatçılarına dövlət kreditlərinin verilməsi, həmçinin ixrac istehsallarının maliyyələşdirilməsini həyata keçirən iri bank strukturlarının yaradılması nəzərdə tutulur.

  7. Azad iqtisadi zonaların bir növü olan xüsusi ixracyönümlü və elmi-texniki zonaların ayardılması. Bu cür zonalarda investorlar sonradan istehsal ediləcək məhsulun əsas hissəsini ixrac etmək şərtilə xammalın, materialların və avadanlığın rüsumsuz idxalı üşün xüsusi lisenziyalar əldə edə bilərlər.

Beləliklə, cari xarici iqtisadi siyasətin həyata keçirilməsi zamanı ölkənini dünya təsərrüfat sisteminə inteqrasiyasına önəm verilməli, mövcud ictimai əmək bölgüsü, ixtisaslaşma və kooperasiyalaşmadan çıxış edərək bu siyasət yüksək texnoloji səviyyədə həyata keçirilməlidir.
21.3. Azərbaycanın xarici ticarətinin dinamikası, əmtəə və coğrafi strukturu:

əsas xüsusiyyətlər və inkişaf perspektivləri

İqtisadi müstəqillik və suverenitet əldə etdikdən sonra Azərbaycanın qarşısında dünya təsərrüfat sisteminə inteqrasiya olmaq üçün yeni imkanlar açıldı. Hazırda azərbaycan getdikcə xarici dünyaya daha çox açılan bir ölkə olmaqla dünya ictimaiyyəti ilə aktiv iqtisadi, siyasi, elmi-texniki, mədəni və s. əlaqələr qurur ki, bunların da arasında xarici ticarət mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərində də xarici ticarət mühüm yer tutur.



Tədqiqatlar göstərir ki, Azərbaycanın xarici ticarətinin fiziki həcmi, dəyəri, əmtəə və coğrafi strukturu son illərdə kəskin dəyişikliyə məruz qalmışdır. Bu, müstəqilliyə qədərki dövr və müstəqillik əldə edildikdən sonraı period üçün xarici ticarət dövriyyəsinin əsas göstəricilərini müqayisə edən zaman xüsusilə aydın görünür (cədvəl 21.3).

Cədvəl 21.3.

1987-1991-ci illərdə Azərbaycanın xarici ticarəti (milyard rublla)

Göstəricilər

İllər

1991/1987,

%-lə (+;-)

1987

1988

1989

1990

1991

Xarici ticarət dövriyyəsi

14754

10618

12037

10352

20293

137.5

İxrac

8524

6360

6924

6104

11456

134.4

İdxal

6230

4258

5113

4248

8837

141.8

Saldo (+;-)

+2294

+2102

+1811

+1856

+2619

114.2




Yekunda %-lə

Xarici ticarət dövriyyəsi

100

100

100

100

100

-

İxrac

57.8

59.9

57.5

59.0

56.5

-1.3

İdxal

42.2

40.1

42.5

41.0

43.5

+1.2

Saldo (+;-)

15.5

19.8

15.0

17.9

12.9

-2.6
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə