«Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015-ci illər) üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı




Yüklə 167.26 Kb.
tarix11.03.2016
ölçüsü167.26 Kb.
«Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015-ci illər) üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının iqtisadiyyatında və sosial həyatında müstəsna əhəmiyyətə malik olan yanacaq-enerji kompleksinin daha da inkişaf etdirilməsi, əhalinin və iqtisadiyyatın enerji resursları ilə təminatının yaxşılaşdırılması və enerjidaşıyıcılardan istifadənin səmərəsinin artırılması məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015-ci illər) üzrə Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri, digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirləri həyata keçirsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

5. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 14 fevral 2005-ci il

635



«Azərbaycan» qəzetində dərc edilmişdir (15 fevral 2005-ci il, № 35) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2005-ci il, № 2, maddə 104) («VES Consultancy» LLC).

6 avqust 2008-ci il tarixli, 808 nömrəli Fərmana əsasən dəyişikliklərlə («VES Consultancy» LLC).



Azərbaycan Respublikası Prezidentinin
2005-ci il «14» fevral tarixli
Sərəncamı ilə təsdiq edilmişdir


Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə dövlət

Proqramı

Giriş

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisi karbohidrogen ehtiyatları ilə zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan sektorunda iri həcmli neft və qaz yataqları və strukturları mövcuddur.

Onlardan istifadə bütün dövrlərdə aktual olmuş və xüsusilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin təbii ehtiyatlarından xalqın rifahının yaxşılaşdırılması və iqtisadiyyatın yüksəlişi naminə səmərəli istifadə daha böyük əhəmiyyətə malik olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında və ölkəyə xarici investisiyaların gətirilməsində mühüm rol oynamışdır. Onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi altında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanmış «Əsrin müqaviləsi» müasir dövrdə ölkənin neft-qaz sənayesinin inkişafına yeni təkan vermişdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Bu gün ölkənin yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə son on ildə qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. Bu mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə hazırlanmış «Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015-ci illər) üzrə Dövlət Proqramı»nda qarşıdakı on illik dövrdə bu kompleksə daxil olan sahələrin inkişaf istiqamətləri müəyyənləşdirilmiş və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlət Proqramının məqsədi və əsas vəzifələri

Dövlət Proqramının məqsədi qarşıdakı on ildə Azərbaycan Respublikasının yanacaq-enerji kompleksini inkişaf etdirməklə, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə, qaza və digər enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsinə nail olmaqdan ibarətdir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:


    • Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək;

    • yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək;

    • enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlərin həyata keçirilməsini təmin etmək;

    • yanacaq-enerji sektorunda sağlam rəqabət mühitini formalaşdırmaq;

    • yanacaq-enerji kompleksinin inkişafına cəlb edilən sərmayələrin həcmini artırmaq;

    • yanacaq-enerji kompleksində ekoloji təhlükəsizliyi təmin etmək;

    • yanacaq-enerji resurslarının (elektrik enerjisi və təbii qaz) istehlakına görə ödənişlərin daha dolğun yerinə yetirilməsini təmin etmək.

Azərbaycan Respublikasının neft və qaz sektorunun inkişaf istiqamətləri

Azərbaycan Respublikası ərazisində indiyədək 71 neft və qaz yatağı açılmışdır. Onlardan 43 quru sahələrdə, 28 isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Hazırda 54, o cümlədən quruda 36, dənizdə 18 yatağın işlənməsi (istismarı) davam etdirilir, 9 yataq isə kəşfiyyat mərhələsindədir.

Azərbaycanda yataqların istismara (işlənməyə) başlanmasından hazırki dövrədək 1,5 milyard ton neft (kondensatla birlikdə) və 480 milyard kub metrdən çox qaz hasil edilmişdir, o cümlədən dəniz sahəsindəki yataqlardan 0,5 milyard ton neft (kondensatla birlikdə) və 352 milyard kub metr qaz çıxarılmışdır.

Ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı və «Azneftyağ» zavodlarında ildə 6,2 milyon ton neft emal edilir. İstehsal olunan yanacaq ölkənin ehtiyaclarını ödəməklə bərabər qismən də ixrac olunur.

Son illər neft emalı zavodlarının hər ikisində istehsalatın yenidən qurulması istiqamətində əsaslı işlər görülmüşdür: neft məhsullarının saxlanılması üçün yeni çənlər parkı, eləcə də Heydər Əliyev adına Neft Emalı Zavodunda benzinin və dizel yanacağının yüklənməsi üçün müasir terminal istismara verilmişdir. Texnologiyanın təkmilləşdirilməsi və yenidənqurma işlərinin intensivləşdirilməsi nəticəsində neft emalı zavodlarında istehsal olunan məhsulun keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Ölkənin yanacaq-enerji kompleksini daha da inkişaf etdirmək məqsədilə qarşıdakı illərdə neft və qaz hasilatı sahəsində aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur:



    • yeni yataqların axtarışı və kəşfiyyatı;

    • aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;

    • işlənmədə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;

    • işlənmədə olan yataqlar üzrə neftvermə əmsalının artırılması məqsədi ilə yeni texnika və texnologiyaların tətbiqi;

    • neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;

    • elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə edilməsi.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərin hissəsinin işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə müqavilənin bağlanmasından ötən illər ərzində neft və qaz yataqlarının kəşfiyyatına və işlənməsinə dair daha 23 saziş imzalanmış və bu günə kimi ölkənin neft-qaz sənayesinin inkişafına 13 milyard ABŞ dollarından artıq xarici sərmayə qoyulmuşdur.

Hazırda Azərbaycan Respublikasının neft-qaz sektoru üzrə 4 mühüm layihə həyata keçirilir:



    • «Azəri», «Çıraq» və «Günəşli» (AÇG) yatağının dərin hissəsinin tammiqyaslı işlənməsi;

    • «Şahdəniz» qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi;

    • Bakı—Tbilisi—Ceyhan (BTC) Əsas İxrac Boru Kəmərinin tikintisi;

    • Bakı—Tbilisi—Ərzurum (BTƏ) Cənubi Qafqaz Boru Kəmərinin tikintisi.

AÇG üzrə ilkin neft layihəsi çərçivəsində «Çıraq-1» platforması, ümumi uzunluğu 200 km-ə yaxın olan sualtı neft və qaz nəql kəmərləri, Səngəçal terminalı istifadəyə verilmişdir.

Hazırda AÇG yataqlarının tammiqyaslı işlənməsinin «Faza-1» (Mərkəzi Azəri) layihəsi üzrə tikinti işləri aparılır və ilkin neftin çıxarılması 2005-ci ilin birinci rübünə planlaşdırılır. 2006—2008-ci illərdə AÇG-nın «Faza-2» (Qərbi və Şərqi Azəri), 2008—2010-cu illərdə isə «Faza-3» («Günəşli» nin dərin hissəsi) layihələri həyata keçiriləcəkdir. Bu layihələrə ümumi məbləği 10-12 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu gözlənilir.

AÇG yataqlarından çıxarılan neftin əsasən Bakı—Tbilisi—Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə beynəlxalq bazarda satışı nəzərdə tutulur.

Azərbaycan Respublikasında 2005—2008-ci illərdə neft hasilatının gözlənilən həcmi aşağıdakı cədvəldə verilmişdir:






2005

2006

2007

2008

Azərbaycan Respublikasında neft hasilatı, min tonla

20750

30050

30750

46750

o cümlədən:













ARDNŞ

8750

8750

8750

8750

ABƏŞ

12000

21300

22000

38000

«Şahdəniz» qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə tikinti işlərinə 2003-cü ildən başlanılmış və ilkin qazın çıxarılması 2006-cı ilin sentyabrında gözlənilir. Birinci mərhələdə ildə 8,8 milyard kub m qaz və 2 milyon ton kondensat hasilatı planlaşdırılır. Sonrakı mərhələdə isə yataqdan ildə 16 milyard kub m qaz və 4 milyon ton kondensat çıxarılması proqnozlaşdırılır.

Beynəlxalq müqavilələr üzrə 2005—2008-ci illərdə aşağıdakı istiqamətlərdə işlərin davam etdirilməsi nəzərdə tutulur:



    • Bakı—Tbilisi—Ceyhan Əsas İxrac Boru Kəmərinin tikilib istismara verilməsi;

    • Bakı—Tbilisi—Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin tikilib istismara verilməsi;

    • «Mərkəzi Azəri» platformasının tikintisi və neft hasilatına başlanılması;

    • «Çıraq-1» platformasında «Hasilat Tempinin Artırılması Layihəsi»nin həyata keçirilməsi;

    • Səngəçal terminalından qazın Səngəçal Baş Qurğularına çatdırılması üçün qaz kəmərinin tikilib istifadəyə verilməsi;

    • «Azəri» yatağından sahilə qaz və neft kəmərlərinin tikintisi;

    • «Azəri» yatağında kompressor və suvurma platformasının tikintisi;

    • «Azəri» yatağından hasil olunacaq neftin qəbulu üçün Səngəçal terminalında 2 neft çəninin və yardımçı obyektlərin tikintisi;

    • «Qərbi Azəri» platformasının tikintisi və neft hasilatına başlanılması;

    • «Şərqi Azəri» platformasının tikintisi və neft hasilatına başlanılması;

    • «Faza-3» layihəsi daxilində «Günəşli» yatağının dərin hissəsindən neft hasilatına başlanması;

    • «Şahdəniz» yatağından Səngəçal terminalına qaz və kondensat kəmərlərinin tikilib istifadəyə verilməsi;

    • «Şahdəniz» yatağında TPG-500 platformasının tikilib istismara verilməsi;

    • «Şahdəniz» yatağından ilkin qaz və kondensatın Səngəçal terminalına nəqli.

Təbii qaz təchizatı sisteminin inkişaf istiqamətləri

Hazırda Azərbaycanın qaz təchizatı sistemi özündə aşağıdakıları birləşdirir:



    • 4000 km uzunluğunda, diametri 1000-1200 mm-ə qədər, işçi təzyiqi 55 atmosfer, gündəlik qaz nəqletmə qabiliyyəti 70 milyon kub metr, illik qaz nəqletmə qabiliyyəti 25 milyard kub metr olan magistral qaz kəmərləri və onların qolları;

    • 36 min km-dən çox orta və aşağı təzyiqli qaz kəmərləri;

    • ümumi gücü 200 Mvt olan 7 ədəd qaz kompressor stansiyası;

    • 150 qazpaylayıcı stansiya;

    • aktiv həcmi 3,0 milyard kub metrə qədər olan 2 yeraltı qaz anbarı.

Təbii qaz təsərrüfatının hazırkı vəziyyəti aşağıdakı kimidir:

    • nəqletmə sisteminə qəbul edilən təbii qazın orta illik həcmi—8,0 milyard kub metr, o cümlədən yerli qazın həcmi—4,0 milyard kub metr, idxal qazın həcmi—4,0 mlrd.kub metr;

    • bütün iri şəhərləri və 32 rayon mərkəzini qazla təmin edən sistem fəaliyyət göstərir;

    • təbii qazdan istifadə edən əhali abunəçilərinin mənzillərində artıq 67,0 min ədədə qədər sayğac quraşdırılıb və bu iş davam etdirilir;

    • digər istehlakçılarda sayğaclar quraşdırılır və bu iş davam etdirilir.

Ölkədə qaz təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülən işlər əsasən aşağıdakılardan ibarətdir:

    • qaz təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi;

    • qaz təsərrüfatında maliyyə intizamının gücləndirilməsi;

    • sayğacların quraşdırılması işlərinin sürətləndirilməsi;

    • yığım, ödəmələr və qarşılıqlı borcların həlli istiqamətində tədbirlərin davam etdirilməsi, borcların həcminin azaldılması və maliyyə intizamının gücləndirilməsi;

    • investisiya proqramı çərçivəsində «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin inkişafı və texniki təminatı üzrə tədbirlərin həyata keçirilməsi;

    • qazın keyfiyyəti və satış həcminin artırılması, itkilərin azaldılması.

Elektrik və istilik enerjisi istehsalının, ötürülməsinin və paylanmasının əsas inkişaf istiqamətləri

Azərbaycan Respublikasının elektroenergetika sistemində iyirminci əsrin 70-80-ci illərində Azərbaycan DRES-i, Şəmkir SES-i, «Araz» (Naxçıvan), «Tərtər» su elektrik stansiyaları tikilib işə salınmış, Bakıda və Sumqayıtda istilik elektrik mərkəzləri genişləndirilmişdir. Bu işlərin nəticəsində Azərbaycanın elektrik enerjisinin istehsal gücü 2 dəfə artmış və ölkəmizin kənardan enerji asılılığı aradan qaldırılmışdır.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasında elektrik enerjisinə olan tələbatı ödəmək üçün 1994-cü ildən başlayaraq, ölkənin elektroenergetika sistemində əsaslı işlərin aparılmasına başlanılmış və 1996—2003-cü illərdə «Yenikənd» SES-in tikintisi tam başa çatdırılmış, Bakı İEM-1-də müasir qaz-turbin generatorları işə salınmış, Mingəçevir SES-də 4 generator yeniləri ilə əvəz edilmiş, «Azərikimya» DŞ-nin «EP-300» kompleksi üçün buxar-generator qurğusu quraşdırılmış, «Şimal» DRES-də 400 meqavatlıq buxar-qaz tipli müasir elektrik stansiyası tikilmişdir.

Eyni zamanda, əsas elektrik stansiyalarının köhnə olması səbəbindən onların faktiki istehsal gücü aşağı düşmüşdür. Belə ki, mövcud olan istilik elektrik stansiyalarının layihə üzrə ümumi generasiya gücü 4695 Mvt olduğu halda, faktiki istifadə olunan gücü 3498 Mvt, su elektrik stansiyalarının isə layihə üzrə ümumi generasiya gücü 1020 Mvt olduğu halda, faktiki istifadə olunan gücü 771 Mvt təşkil edir.

Ölkədə istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin etmək üçün yüksək gərginlikli 500 kilovoltluq xətlərin uzunluğu 450 km-ə, 330 kilovoltluq xətlərin uzunluğu 1200 km-ə, 220—230 kilovoltluq xətlərin uzunluğu 1260 km-ə çatdırılmışdır. Həmçinin 50 min kilometrdən çox alçaq gərginlikli elektrik ötürücü və paylayıcı xətləri istismara verilmiş, Azərbaycanın bütün inzibati rayonları ikitərəfli 35-110 kilovoltluq elektrik xətləri və transformator yarımstansiyaları ilə təchiz olunmuşdur.

Azərbaycan Respublikasının enerji sistemi Rusiya (330 kv-luq «Dərbənd—Yaşma» xətti), Gürcüstan (500 kv-luq «AzDRES—Muxranis Veli, 330 kv-luq Ağstafa—Qardabani» xətləri), Türkiyə (154/220 kv-luq «İqdır—Babək» xətti) və İran (230 kv-luq «İmişli—Parsabad», 220 kv-luq «Astara», 132 kv-luq «Araz», 132 kv-luq «Culfa» yüksək gərginlikli hava xətləri və 11 kv-luq kabel xətti) enerji sistemləri ilə enerji mübadiləsi aparır.

Ölkənin elektroenergetika sistemində yeni istilik və su elektrik stansiyalarının tikilməsi, mövcud enerji bloklarının modernizasiyası, alternativ enerji mənbələrindən (kiçik SES-lər, külək, günəş, termal sular və s.) istifadə edilməsi hesabına hazırda fəaliyyətdə olan generasiya güclərinin 2015-ci ildə 6500-7000 meqavata çatdırılması nəzərdə tutulur.

Elektrik enerjisi istehlakının strukturunda son dövrlərdə kəskin dəyişikliklər baş vermişdir. Belə ki, əgər əvvəllər istehlak edilmiş enerjinin 48 faizi sənayenin, 8,0 faizi isə əhalinin payına düşürdüsə, hazırda əhali tərəfindən istehlak edilmiş enerjinin həcmi artaraq, 60 faizə çatmış, sənayenin payı isə 16 faizədək azalmışdır. Enerji sistemində yük qrafikinin təhlili göstərir ki, payız-qış aylarında sistemin gündəlik yük qrafikinin pik saatlarında istehlakçılar tərəfindən tələb olunan gücün 30—40 faizi yaşayış və inzibati binaların qızdırılmasına sərf olunur.

Hesablamalara görə 2015-ci ilə qədər olan müddət ərzində elektrik enerjisinə olan tələbatın hər il orta hesabla 4,7 faiz, 2015-ci ildə isə 2004-cü ilə nisbətən 1,7 dəfə artacağı gözlənilir. Gələcəkdə istehsal ediləcək elektrik enerjisinin 15 faizə qədərinin su elektrik stansiyaları və alternativ enerji mənbələri hesabına, qalan hissəsinin (85 faizinin) isə istilik elektrik stansiyalarında istehsal ediləcəyi nəzərdə tutulur.

Energetika sektorunda yeni güclərin yaradılması və köhnə enerji bloklarının xarakteristikalarının yaxşılaşdırılması hesabına istilik elektrik stansiyalarında 1 kvts elektrik enerjisinin istehsalına sərf olunacaq şərti yanacağın 386 qramdan 260 qramadək endirilməsi istiqamətində iş aparılacaqdır.

Qarşıdakı dövr ərzində stansiyaların fəaliyyətini təmin etmək məqsədilə əsas yanacaq kimi təbii qazdan istifadə edilməsi nəzərdə tutulur və buna görə də təbii qaza olan tələbatın ildə 5,4—5,9 milyard kub metr olacağı gözlənilir. Bununla yanaşı, enerji sisteminin «texniki minimum» saatlarında enerji bloklarının («Azərbaycan» DRES-də və Şirvan DRES-də) iş rejimini tənzimləmək, qaz təchizatı sistemində baş verə biləcək qəza hallarında tədbirlər görmək məqsədilə stansiyaların yanacaq təchizatının 15-20 faizinin mazut təşkil edəcəyi proqnozlaşdırılır.

Ölkə əhalisinin və iqtisadiyyatın təbii qaza olan ehtiyacını daxili mənbələr hesabına tam ödəmək zərurətini nəzərə alaraq, elektrik stansiyalarına yuxarıda göstərilən həcmdə (5,4-5,9 milyard kub m) təbii qazın daxili mənbələr hesabına ödənilməsi yalnız 2009-cu ildən etibarən həyata keçirilə bilər. Ona görə də, 2009-cu ilədək stansiyaların qaza olan tələbatının kənar mənbələr hesabına ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, elektrik enerjisinə və təbii qaza olan tələbatın ödənilməsi məqsədilə elektrik və qaz ötürücü xətlərini, rayon və şəhər paylayıcı şəbəkələrin genişləndirilməsi və yenidənqurulması, uçot sisteminin təkmilləşdirilməsi, itkilərin azaldılması, israfçılığın qarşısının alınması məsələləri öz həllini tapacaqdır.

İstehlak olunan enerjinin və təbii qazın dəyərinin tam ödənilməsi, onlardan qənaətlə istifadə edilməsini təmin edən amillərdən biridir. Beynəlxalq təcrübə göstərir ki, elektrik enerjisinin və qazın dəyərinin ödənişi sahəsində görülən sərt tədbirlər nəticəsində onlara olan tələbat 15-20 % azalır. Yanacaq-enerji kompleksinin gələcək inkişafında özəl sektorun rolunun artacağı və sahəyə qoyulacaq investisiyanın böyük bir hissəsinin özəl sektorun hesabına həyata keçiriləcəyi gözlənilir.

«Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015 illər) üzrə Dövlət Proqramı» on il ərzində ölkənin yanacaq enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizini, habelə bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirir.

Dövlət Proqramının əhatə etdiyi illər ərzində neft və qaz sənayesinin inkişafı, emal sənayesinin müasirləşdirilməsi nəzərdə tutulur. Enerji resurslarının dünya bazarlarına çıxarılması ilə yanaşı, ölkə daxilində onlardan daha səmərəli istifadə olunması üçün tədbirlər həyata keçiriləcəkdir.

Enerji sistemində generasiya güclərinin bərpa edilməsi əsasən Azərbaycan DRES-də və Mingəçevir SES-də nəzərdə tutulur. Yeni enerji bloklarının istifadəyə verilməsi nəticəsində enerji sistemində güclərin artım dinamikası tələb olunan enerji istehsalını təmin edəcəkdir. Hazırda nisbətən güc çatışmazlığı ilə üzləşən enerji sistemi yaxın gələcəkdə kifayət qədər əlavə güc mənbəyinə malik olan sistemə çevriləcəkdir. Onun işlək gücü (Şirvan DRES-də fəaliyyət göstərən enerji blokları nəzərə alınmadan) 6000-6500 Mvt təşkil edəcək, ümumi generasiya imkanları 2010-cu ildə 29-30 milyard kvt/saatadək, 2015-ci ildə isə 37-38 milyard kvt-saatadək artırılacaqdır.



Elektroenergetikada sistemtəşkiledici elektrik veriliş xətlərinin yenidən qurulması, müvafiq yarımstansiyaların inşası, ölkə daxilində paylayıcı elektrik şəbəkələri tərəfindən elektrik xətlərinin və yarımstansiyaların tikintisi nəzərdə tutulur. Bütövlükdə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektinin fasiləsiz və etibarlı enerji ilə təmin edilməsi imkanı yaradacaqdır.



Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan
Tədbirlər


Sıra №-si

Tədbirin adı

Əsas icraçı

İcra müddəti




1. Neft və qaz sənayesi üzrə










1.1. Geologiya, geofizika və geoloji kəşfiyyat sahəsində







1.

«Əşrəfi» və «Qarabağ» yataqlarının kəşfiyyatının başa çatdırılması və sənaye işlənməsinə hazırlanması

SEN, ARDNŞ

2006-2008

2.

«Ümid» və «Babək» perspektiv strukturlarında axtarış-kəşfiyyat işlərinin bərpa edilməsi

SEN, ARDNŞ

2008




1.2.Neft və qaz yataqlarının işlənməsi







3.

«Əşrəfi» və «Qarabağ» yataqlarının işlənməyə cəlb edilməsi

SEN, ARDNŞ

2008-2010

4.

«Günəşli» yatağının rasional işlənməsini təmin etmək məqsədi ilə xüsusi tədbirlər proqramının hazırlanması

SEN, ARDNŞ

2005

5.

İşlənmədə olan yataqların ehtiyatlarının dəqiqləşdirilməsi, işlənmə layihələrinin hazırlanması və müəllif nəzarətinin həyata keçirilməsi

SEN, ARDNŞ

2005-2015

6.

Horizontal quyuların qazılması istiqamətində işlərin aparılması

SEN, ARDNŞ

2005-2015

7.

Layların neftveriminin artırılması üçün lay və quyu dibi zonaya mütərəqqi təsir üsullarının tətbiqi

SEN, ARDNŞ

2005-2015




1.3. Neft və qaz hasilatı sahəsində







8.

Dəniz yataqlarından neft-qaz hasilatının təminatı üçün hidrotexniki qurğuların tikintisi, təmiri və yenidən qurulması

SEN, ARDNŞ

2005-2015

9.

«Günəşli» yatağı üzrə qazlift sisteminin modernləşdirilməsi, alçaq təzyiqli qazın yığılması və sahilə nəql edilməsi sisteminin yenidən qurulması, yüksək təzyiqli qazın «Neft Daşları»na nəqli üçün boru kəmərinin tikilməsi, dərin dəniz stasionar özüllərin elektrik enerjisi ilə təchizatı sisteminin modernləşdirilməsi

SEN, ARDNŞ

2005-2007

10.

Neft və qazın yığım-nəql proseslərinə nəzarəti optimallaşdırmaq üçün avtomatlaşdırılmış neft və qaz hesabatı qovşaqlarının qurulması və kompüterləşdirilmiş nəzarət-informasiya şəbəkəsinin təkmilləşdirilməsi

SEN, ARDNŞ

2005-2008

11.

«Bahar» yatağının yeraltı qaz anbarı kimi istifadə olunması istiqamətində işlərin aparılması

SEN, ARDNŞ

2005-2010

12.

Dənizin 200 metrə qədər dərinliklərində dalğıc işləri aparmaq üçün «Mobil dərinlik dalğıc kompleksi»nin yenidən qurulması

SEN, ARDNŞ

2005-2008

13.

Dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə «Xəzərdənizneft-donanma» İdarəsinin gəmilərinin modern-ləşdirilməsi və müasir gəmilərlə təchiz edilməsi

SEN, ARDNŞ

2005-2015

14.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun texniki-texnoloji bazasının mütərəqqi dünya standartları səviyyəsində modernləşdirilməsi

SEN, ARDNŞ

2005-2009




1.4.Neft emalı sahəsində







15.

«Azərneftyağ» Neft Emalı Zavodu üzrə:Avropa standartlarının (EVRO-2005) tələblərinə cavab verən dizel və reaktiv mühərrik yanacağının istehsalı məqsədi ilə hidrogenlə təmizlənmə kompleksinin tikilməsi

SEN, ARDNŞ

2010-2015

16.

Yeni tikiləcək və mövcud qurğuların kimyəvi təmiz su ilə təchiz olunması məqsədi ilə Avropa standartlarına uyğun təmizləmə qurğusunun tikilməsi

SEN, ARDNŞ

2005-2007

17.

Neft və neft məhsulları tutumlarındakı neft şlamlarının emal edilməsi üçün qurğunun tikilməsi

SEN, ARDNŞ

2005

18.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu üzrə:Neftin ilkin emalı üzrə ELOU-AVT-6 qurğusunun istilik mübadiləsi sxeminin təkmilləşdirilməsi, tullantıların zərərsizləşdirilməsi, məhsulların keyfiyyətinin artırılması və itkilərin azaldılması məqsədi ilə modernləşdirilməsi

SEN, ARDNŞ

2005-2007

19.

Propan-propilen qazlarından oksigen tərkibli yüksək oktanlı benzin komponenti diizopropil efirinin alınması qurğusunun tikilməsi

SEN, ARDNŞ

2005-2007

20.

Dünya standartlarının tələblərinə cavab verən yüksək oktanlı benzinlərin istehsalı məqsədi ilə butan-butilen qazlarının alkilləşdirilməsi qurğusunun tikilməsi

SEN, ARDNŞ

2006-2009




1.5. Qaz emalı sahəsində







21.

«Azərbaycan Qaz Emalı Zavodu» («AQEZ») ASC üzrə:Qazın emal dərinliyini artırmaq məqsədilə propanla soyutma sisteminin tətbiq edilməsi

SEN, «AQEZ» ASC

2005-2008

22.

Quru qazın təhvili, ölçü qovşaqlarının və istehsalat sahələrində avtomatik nəzarət-ölçü sisteminin müvafiq olaraq tikilməsi və yenidən qurulması

SEN, «AQEZ» ASC

2005-2008

23.

Qazın emal dərinliyini artırmaq məqsədi ilə emal gücü 2,5 mlrd.kub.m/il olan müasir tipli qaz emalı qurğusunun tikintisi

SEN, «AQEZ» ASC

2008-2010

24.

İstehsalın fasiləsiz və səmərəli iş rejimini təmin etmək məqsədi ilə emal və əmtəə parkı qurğularının, suyun dövretmə və zavodun elektrik təchizatı sistemlərinin modernləşdirilməsi

SEN, «AQEZ» ASC

2005-2015




1.6. Texniki təhlükəsizlik və ekologiya sahəsində







25.

Dənizdə insan həyatının mühafizəsi üzrə treninq (məşq) mərkəzinin yaradılması

SEN, ARDNŞ

2005-2007

26.

İstehsal sahələrində əsas çirkləndirici tullantıların alternativ utilizasiya üsullarının işlənməsi və tətbiqi

SEN, ETSN, ARDNŞ

mütəmadi

27.

Abşeron yarımadasında neft-qaz istehsalı nəticəsində yaranmış gölməçələrin və cirklənmiş ərazilərin bərpası tədbirlərinin həyata keçirilməsi

SEN, ETSN, ARDNŞ

Mütəmadi




2. Qaz təchizatı sahəsində







28.

«Azəri», «Çıraq», «Günəşli» və «Şahdəniz» yataqlarından hasil olunan və «Səngəçal» terminalından sonra yüksək təzyiqli qazın qəbulu, nəqli və paylanması üçün işlərin icrası

SEN, ARDNŞ, «Azəriqaz» QSC

2005-2008




29. Naxçıvan Muxtar Respublikasının qaz təchizatının bərpası, o cümlədən:










Araz çayını keçməklə, 530 mm-lik «Culfa—Naxçıvan» yüksək təzyiqli magistral qaz kəmərinin tikintisi

«Azəriqaz» QSC, Naxçıvan MR-ın Nazirlər Kabineti

2005




Culfada qazın qəbulu məntəqəsində ölçü qovşağının, qazın keyfiyyətinə nəzarət laboratoriyasının, operator binasının tikintisi və rabitə sisteminin qurulması

«Azəriqaz» QSC, Naxçıvan MR-ın Nazirlər Kabineti

2005




Naxçıvan şəhərinin qazpaylayıcı şəbəkəsinin yenidən qurulması

«Azəriqaz» QSC, Naxçıvan MR-ın Nazirlər Kabineti

2005




Naxçıvan MR-ın rayon mərkəzlərinin qazpaylayıcı şəbəkələrinin və qazpaylayıcı sistemlərinin bərpası

«Azəriqaz» QSC, Naxçıvan MR-ın Nazirlər Kabineti

2005




Azərbaycan (Astara)—İran sərhədində İrana qazın təhvili məntəqəsində yeni kompressor stansiyasının, laboratoriyanın, ölçü qovşağının tikintisi, rabitə sisteminin qurulması

«Azəriqaz» QSC

2005

30.

Azərbaycan Respublikasının qazla təmin edilməyən rayon mərkəzlərinin qaz təchizatının bərpası

SEN, «Azəriqaz» QSC, yerli icra hakimiyyətləri

2005-2008

31.

Bakı, Gəncə, Sumqayıt şəhərlərində çoxmərtəbəli binaların şaxtalarından keçən qaz borularının təhlükəsiz yerlərə çıxarılması

«Azəriqaz» QSC, Bakı, Gəncə, Sumqayıt icra hakimiyyətləri

2005-2007

32.

«Astara—Qazıməmməd» qaz kəmərinin bərpası

SEN, «Azəriqaz» QSC

2005-2008

33.

«Qaradağ» və «Qalmaz» qaz anbarlarının aktiv qaz tutumunun 3,0 mlrd.kub.m-ə qədər çatdırılması üçün kompleks işlərin yerinə yetirilməsi

SEN, «Azəriqaz» QSC

2005-2008

34.

Azərbaycan DRES-in və Əli Bayramlı DRES-in yanacaq təchizatının etibarlılığının artırılması məqsədi ilə magistral qaz kəmərlərinin və nəzarət-ölçü qovşaqlarının tikilməsi

SEN, «Azəriqaz» QSC, «Azərenerji» ASC

2005-2006

35.

Sumqayıt İEM-in yenidən qurulması ilə əlaqədar «Digah-Sumqayıt» magistral qaz kəmərinin və nəzarət-ölçü qovşağının tikilməsi

SEN, «Azəriqaz» QSC, «Azərenerji» ASC

2005-2006

36.

Nəzarət-ölçü sistemlərinin və qaz paylayıcılarının xüsusi proqram təminatı, avadanlıqlar və rabitə kanalları vasitəsi ilə vahid, çevik nəzarət sisteminə bağlanması və bunun əsasında ölkədə avtomatlaşdırılmış Mərkəzi Dispetçer İdarəsinin yaradılması

SEN, «Azəriqaz» QSC

2005-2007

37.

Əhali abunəçilərin mənzillərində qaz sayğaclarının quraşdırılması

«Azəriqaz» QSC

2005-2008




3. Elektroenergetika sektoru










3.1. Elektrik stansiyalarının inşası, yenidən qurulması və əsaslı təmiri







38.

Sumqayıtda gücü 400-500 Mvt olan müasir elektrik stansiyasının inşası

SEN, «Azərenerji» ASC

2005-2007

39.

«Şimal» DRES-də gücü 400 Mvt olan 2-ci enerji blokunun tikintisi

SEN, «Azərenerji» ASC

2005-2008

40.

Azərbaycan DRES-in 1-8-ci bloklarının yenidən qurulmasının həyata keçirilməsi

SEN, «Azərenerji» ASC

2005-2008

41.

Mingəçevir SES-in yenidən qurulmasının başa çatdırılması

SEN, «Azərenerji» ASC

2005-2007

42.

Şirvan şəhərində gücü 800-900 Mvt olan elektrik stansiyasının inşası

SEN, «Azərenerji» ASC

1 növbə: 2007-2009

2 növbə:2010-2011



43.

380 Mvt-lıq Tovuz SES-in inşasının səmərəliliyinin öyrənilməsi

SEN, İİN, «Azərenerji» ASC

2007

44.

Sənqəçalda müasir tipli İstilik Elektrik Stansiyasının inşasının səmərəliliyinin öyrənilməsi

SEN, İİN, «Azərenerji» ASC

2007

45.

Şəmkirdə Hidroakkumulyasiya Elektrik Stansiyasının inşasının səmərəliliyinin öyrənilməsi

SEN, İİN, «Azərenerji» ASC

2007

46.

Azərbaycan DRES-də 9-cu blokun inşasının səmərəliliyinin öyrənilməsi

SEN, «Azərenerji» ASC

2005-2007

47.

Naxçıvan MR-də 100 Mvt gücündə İstilik Elektrik Stansiyasının inşasının səmərəliliyinin öyrənilməsi

SEN, «Azərenerji» ASC

2006-2007

48.

Naxçıvan MR-də 36 Mvt-lıq «Ordubad» və 4,5 Mvt-lıq «Vayxır» su elektrik stansiyalarının inşası

SEN, «Azərenerji» ASC, Naxçıvan MR-in Nazirlər Kabineti

2005-2009 2005-2006

49.

Naxçıvan MR-da mövcud İES-nın maye yanacaqdan qaz yanacağına keçirilməklə işə qoşulması

SEN, «Azərenerji» ASC,Naxçıvan MR-nın Nazirlər Kabineti

2005-2006




3.2. Yüksək gərginlikli elektrik şəbəkələrinin inkişaf etdirilməsi










3.2.1. Həmsərhəd ölkələrin enerji sistemləri ilə əlaqələrin genişləndirilməsi







50.

Dərbənd (RF) və Yaşma (AR) arasında 330kv-luq ikinci xəttin və 330/110/10 kv-luq «Xaçmaz» y/s-nın inşa edilməsi

SEN, «Azərenerji» ASC

2005-2007

51.

İran İslam Respublikasının enerji sistemi ilə enerji mübadiləsinin artırılması məqsədi ilə «İmişli» y/s-nın 330 kv hissəsinin yenidən qurulması və 2-ci «İmişli—Parsabad» 330 kv-luq EVX-nın tikintisi

SEN, «Azərenerji» ASC

2005-2006

52.

330 kv-luq «Azərbaycan DRES-İmişli», 330 kv-luq «Əli Bayramlı DRES—İmişli» EVX-lərinin tikintisi

SEN, «Azərenerji» ASC

2005-2007

53.

Əli Bayramlı DRES—Salyan arasında 220 kv-luq EVX-nin inşası və gücü 125 Mvt olan bir transformatorlu «Salyan» y/s-nın inşası və 110 kv-luq EVX-lərlə birləşdirilməsi

SEN, «Azərenerji» ASC

2005-2006

54.

220 kv-luq «Salyan—Masallı», «Masallı—Astara» elektrik verilişi xətlərinin inşası, 220 kv-luq «Masallı» y/s-nın yenidən qurulması

SEN, «Azərenerji» ASC

2005-2006

55.

«Naxçıvan—Cülfa» 110 kv-luq EVX-ya birləşdirməklə «Araz» SES-dən 110 kv-luq EVX hissəsinin tikintisi

SEN, «Azərenerji» ASC

2005




3.2.2. Enerji sisteminin yüksək gərginlikli şəbəkə təsərrüfatının inkişafı







56.

Elektrikötürücü sistemlərin reabilitasiyası və Milli Dispetçer Mərkəzinin yenidən qurulması

SEN, «Azərenerji» ASC

2005-2007

57.

Əli Bayramlı DRES və «Yaşma» y/s arasında IV Əli Bayramlı 330 kv-luq EVX-nin 500/330/220 kv-luq «Abşeron» y/s-na giriş-çıxışının inşası, 330 kv-luq paylayıcı sistemin yenidən qurulması

SEN, «Azərenerji» ASC

2005-2006

58.

220/110/10 kv-luq «Böyükşor» y/s-nın, 220/110/10 kv-luq «Şəki» y/s-nın tikintisi və onun mövcud 110-35 kv-luq EVX-ya birləşdirilməsi

SEN, «Azərenerji» ASC

2005-2008

59.

«Şimal» DRES-dən «Hövsan», «Böyükşor»—«Sənaye qovşağı» y/s arasında ikidövrəli 220 kv-luq EVX-nin tikintisi

SEN, «Azərenerji» ASC

2005-2007

60.

330/110 kv-luq «Gəncə», 220/110/10 kv-luq «Xırdalan» və «Ağsu», 110/35/6 kv-luq «Binəqədi», «Zabrat» və «Əhmədli» y/s-da mövcud transfarmatorların daha güclüləri ilə əvəz edilməsi

SEN, «Azərenerji» ASC

2005-2006




3.3. Naxçıvan MR elektrik enerjisi təchizatının yaxşılaşdırılması







61.

Naxçıvan MR-nın yüksək gərginlikli elektrik şəbəkəsinin yenidən qurulması və tikintisi üzrə tədbirlərin həyata keçirilməsi

SEN, «Azərenerji» ASC

2005-2006




3.4. Bakı regionu üzrə elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması







62.

Bakı şəhərinin mövcud 110, 35, 10, 6, 0,4 kv-luq şəbəkələrinin yenidən qurulması, yeni y/s-ların, EVX-lərin tikintisi, onların yüksək gərginlikli elektrik şəbəkələri ilə əlaqələndirilməsi üzrə zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi

SEN, aidiyyəti təşkilatları cəlb etməklə

2005-2015




3.5. Sumqayıt regionu üzrə elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması







63.

Sumqayıt şəhərinin və Quba, Xaçmaz, Qusar, Dəvəçi, Siyəzən, Qobustan rayonlarının elektrik enerji təchizatının yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsi

SEN, «Azərenerji» ASC və digər aidiyyəti təşkilatları cəlb etməklə

2005-2015




3.6. Gəncə və Şirvan rayonlarının elektrik şəbəkələrində görüləcək yenidən qurma və bərpa işləri







64.

Gəncə şəhəri və ölkənin qərb bölgəsi rayonlarının enerji təchizatının yaxşılaşdırılması məqsədilə yeni y/s-ların, EVX-lərin tikintisi və yenidən qurulması, mövcud transformatorların daha güclüləri ilə əvəz edilməsi üzrə tədbirlərin görülməsi

SEN, «Azərenerji» ASC və digər aidiyyəti təşkilatları cəlb etməklə

2005-2015

65.

Ölkənin cənub bölgəsində rayonların enerji təchizatının yaxşılaşdırılması məqsədilə yeni y/s-ların, EVX-lərin tikintisi və yenidən qurulması, mövcud transformatorların daha güclüləri ilə əvəz edilməsi üzrə tədbirlərin görülməsi

SEN, «Azərenerji» ASC və digər aidiyyəti təşkilatları cəlb etməklə

2005-2015




4. Yanacaq-energetika kompleksinin idarə olunması







66.

Mövcud normativ hüquqi sənədlərin təkmilləşdirilməsi, yenilərinin hazırlanması və tətbiqi

SEN, ARDNŞ, «Azəriqaz» QSC, «Azəreneji» ASC, «AQEZ» ASC

Mütəmadi

67.

Yanacaq-enerji resurslarının dəqiq uçotunun təmin edilməsi məqsədilə ölçü qovşaqlarının təkmilləşdirilməsi və ölçülərin aparılması üzrə tədbirlərin həyata keçirilməsi

SEN, ARDNŞ, «Azəriqaz» QSC, «Azərenerji» ASC, «AQEZ» ASC

Mütəmadi

68.

Yanacaq-energetika kompleksinin korporativ kompüter-informasiya şəbəkəsinin və mərkəzi məlumatlar bankının yaradılması üzrə tədbirlərin həyata keçirilməsi

SEN, ARDNŞ, «Azəriqaz» QSC, «Azərenerji» ASC, «AQEZ» ASC

2005-2010

69.

Avtomatlaşdırılmış İnformasiya və Layihələndirmə Sistemlərinin (ALS-SAPR) və sahələr üzrə informasiya resurslarının yaradılması üzrə tədbirlərin həyata keçirilməsi

SEN, ARDNŞ, «Azəriqaz» QSC, «Azərenerji» ASC, «AQEZ» ASC

2005-2011

Akronimlər:

İİN—Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, SEN—Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, ETSN—Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ—Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.





© VES Consultancy LLC


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə