Azərbaycan Respublikası Təhsil Nazirliyi




Yüklə 111.29 Kb.
tarix09.03.2016
ölçüsü111.29 Kb.


Azərbaycan Respublikası Təhsil Nazirliyi

BDU-nun Hüquq fakültəsinin əyani şöbəsinin azərbaycan bölməsinin 1340-cı qrupun III kurs tələbəsi Abbasov Rəşad Oqtay oğlunun « Cinayət hüququ » fənni üzrə Böhtan mövzusunda


Kurs işi


Elmi rəhbər:

Plan:

Giriş


  1. Böhtan cinayətinin cinayət-hüquqi xarakteristikası

  1. Cinayətin obyekti.

  2. Cinayətin obyektiv cəhəti.

  3. Cinayətin subyekti.

  4. Cinayətin subyektiv cəhəti

  1. Böhtan cinayətinin ağırlaşdırıcı halları.

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma

  1. Böhtanın oxşar tərkiblərlə müqayisəsi.

Nəticə

Giriş
Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli qüvvəyə minən Konstitusiyasının ( bundan sonra Konstitusiyamız ) 50-ci maddəsinin I hissəsində deyilir: Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.Eyni zamanda kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.Unutmaq lazım deyil ki, kütlənin şüuruna sahib olmaqla ideya dağıdıcı təsirə malik olur, belə ki, informasiyanın nəzarətsiz istifadə olunması şəxsin nüfuzuna və dövlətin təhlükəsizliyinə ciddi zərbə vurardı. 16 dekabr 1966-cı il Mülki və siyasi hüquqlar haqda Beynəlxal Paktın 19-cu maddəsinə görə öz fikrini müstəqil ifadə etmək hüququndan istifadə edən şəxs bu hüquqdan istifadə ilə yanaşı üzərinə xüsusi vəzifələr və xüsusi məsuliyyət qoymuş olur. Bununla əlaqədar olaraq beynəlxalq ictimaiyyətin fikrinə görə bu sahədə bəzi məhdudiyyətlərin mövcudluğu qaçılmazdır. Şəxsin böhtandan cinayət-hüquqi mühafizəsi belə məhdudiyyətlərdən biridir və şərəf, ləyaqət və nüfuzun qorunmasının vasitələrindən biridir.

Konstitusiyamız şərəf, ləyaqət, işgüzar nüfuzu şəxsiyyətin şəxsi hüquqlarına şamil edir. Hüquqi dövlətdə şəxsiyyətin şərəf və ləyaqətinin qorunması mühüm əhəmiyyət kəsb edir. Konstitusiyamızın 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Konstitusiyamızın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmuşdur. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Bu sahədə beynəlxalq aktlardan İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını göstərmək olar. Konvensiyanın 10-cu maddəsinə görə hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa ..... məlumat və ideyaları almaq və yaymaq azadlığı da daxildir. Bu maddənin digər bəndində isə bu azadlıqların həyata keçirilməsi bir sıra məqsədlər üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilməsi təsbit olunub.

Vətəndaşın şərəf və ləyaqəti anlayışını formalaşdıran münasibətlərin dairəsi hüquqi şəxsin şərəfə və ləyaqətini formalaşdıran əlamətlərin dairəsindən bir qədər genişdir.Belə ki, şəxsiyyətin insani, milli, peşə, qadın və kişi ləyaqəti vardır.

Bunlar arasında ali ictimai varlıq kimi insan ləyaqəti ideyası mərkəzi yer tutur. Bu ideyanın reallaşdırılması cəmiyyətin humanist əsaslarının və mənəvi sağlamlığının təsdiqidir.İnsan ləyaqətinə hörmət etmək, ona təminat vermək və onu qorumaq əslində insanın əsas həyati hüquqlarına hörmət etmək, onları qorumaq, ona layiqli həyat şəraitini təmin etmək, ona ali varlıq kimi münasibət bəşləməkə deməkdir.

Məhkəmələr tərəfindən ağırlaşdırıcı hallar olmadan böhtan cinayətinə görə məsuliyyət yaradan qanunvericiliyin tətbiqi vətəndaşların konstitusiyon hüquqlarına riayət olunmasına, onların qanun və davranış normalarına hörmət etməsinə, şəxsi zəmində konfliktlərin ləğv olunmasına kömək edir.1

SSRİ-də xalq hakimləri icraata böhtan və təhqirlə bağlı işlər qəbul etmir, zərərçəkmişə yoldaşlıq məhkəmələrinə müraciət etmələrini məsləhət görürdülər.

Böhtan cinayətinin cinayət-hüquqi xarakteristikası.




  1. Cinayətin obyekti

Böhtan cinayəti qüvvədə olan Cinayət Məcəlləsinin VIII bölməsinin (Şəxsiyyət əleyhinə olan cinayətlər ) 19-cu fəslinin (Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər ) 147-ci maddəsində verilmişdir. Müvafiq maddənin dispozisiyasına baxsaq qanun cinayətin 3 obyektini fərqləndirir: başqa şəxsin şərəf, ləyaqət və nüfuzu. Bir sıra alimlər belə hesab edir ki, böhtan cinayətinin obyekti eyni zamanda şəxsin həm şərəf, həm də ləyaqətinə yönəlmişdir.1

A.A.Pointkovskinin fikrinə görə isə böhtan cinayətinin obyekti kimi şəxsiyyətin ləyaqəti çıxış edir. Çünki, böhtan cinayəti bir şəxsin digər şəxsin şəxsi ləyaqətinə qarşı qəsdidir.2

Böhtan cinayətinin obyektinin müəyyən olunması anlaqsız, ruhi xəstə, ölmüş, hüquqi şəxsin bu cinayətdən zərərçəkmiş şəxs qismində çıxış edib-etməməsi məsələsini aydınlaşdırır. Ona görə cinayətin obyektlərini analiz edək.

Şərəf – cəmiyyətin üzvi kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir.3

Şərəf vətəndaşın, yaxud təşkilatın müsbət sosial cəhətdən qiymətləndirilməsidir.4 Şərəf şəxsiyətin müsbət cəhətlətini (vicdanlı, ədalətli, cəsur ) əks etdirir. Korporotiv və peşə şərəfi də var ( zabit şərəfi, hüquqşünas, həkim, rəssam və s. şərəfi ). M.D.Şarqorodskiyə görə böhtan cinayətinin obyekti insanın yox, şəxsiyyətin şərəfidir. Onun fikrincə insan bioloji, şəxsiyyət isə eyni zamanda sosial varlıqdır. Onun fikrinə görə ölmüş adam cinayətin obyekti ola bilməz.1 Bu fikirlə razılaşmaq olmaz çünki, bu cinayətin obyekti insan yox, onun şəxsiyyətidir. Ölmüş insan haqqında xatirələr o, öldükdən sonra da qalır. Bu xatirələr məhz ictimai fikirdir. İnsanın ölümündən sonra da qalan ictimai fikir elə onun şərəfidir. Deməli, şərəf insan öldükdən sonra da mövcud olur və buna görə də cinayət-hüquqi mühafizəyə məruz qalır.

Ləyaqət- şəxsiyyətin özü-özünə verdiyi qiymətdir.2

Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyə özünün verdiyi qiymətdir.3

Ləyaqət insanın özünün abstrakt və konkret- sosial dəyərlərinin, onun daxil olduğu sosial qrupların dəyərlərinin qavranılmasını əhatə edir. Buradan belə nəticə çıxarmaq olar ki, ölmüş şəxs ləyaqətə mailk ola bilməz.Ədəbiyyatda insan birliklərinin (millət, sinif, həmkarlar ittifaqı, partiya və i.a.) şərəf və ləyaqəti anlayışlarına da tez-tez rast gəlmək olur.Lakin hər hansı birliyin şərəf və ləyaqəti o zaman mülki-hüquqi müdafiə olunur ki, həmin birlik hüquqi şəxs hüquqlarına malik olur.BU və ya digər birliyin nümayəndəsi kimi vətəndaş bütün birliyin deyil, öz şərəf və layaqətinin müdafiəsini tələb edə bilər.4 Fikrimizcə, E.A.Suxanovun şərəf və layaqətin mülki-hüquqi müdafiəsi haqqında söylədiyi bu fikir müvafiq hüquqların cinayət-hüquqi müdafiəsi üçün də keçərlidir.

Nüfuz- şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilıən qiymətdir.5

Böhtan şəxsin nüfuzdan salınmasına, onun işgüzar, siyasi və digər keyfiyyətlərinə xələl gəturmək üçün ünvanlan bilər. Burada nüfuz və işgüzar nüfuzu fərqləndirmək lazimdır.İşgüzar nüfuza nəinki təkcə fiziki şəxslər, həm də hüquqi şəxslər malikdirlər.Onu da qeyd edək ki, Azərbaycanda şəxsin (hüquqi) işgüzar nüfuzu cinayət qanunvericiliyi ilə deyil, müliki qanunvericiliklə qorunur. Analoji mövqe Rusiya qanunvericiliyində də mövcuddur. İşgüzar nüfuz dedikdə, fiziki və ya hüquqi şəxsin əmlak dövriyyəsinin digər iştirakçıları tərəfindən vicdanlı ashibkar kimi müsbət qiymətləndirilməsi başa düşülə bilər.Vətəndaşlara münasibətdə işgüzar nüfuz daha geniş məzmun kəsb edib onların bu və ya digər sahənin mütəxəssisi kimi ( məsələn, mühəndislər, vəkillər, və s.) peşə keyfiyyətlərinin ( kommersiya keyfiyyətləri mütləq deyil) qiymətləndirilməsini də əhatə edir.

Beləliklə, şəxsin şərəf və ləyaqətinin mülki-hüquqi müdafiəsi eynidir. Bununla yanaşı fiziki şəxsə qarşı yönəlmiş böhtan cinayət məsuliyyəti də yaratmış olur. Belə bir fikir də mövcuddur ki, cinayət qanunvericiliyinin belə mövqeyi hüquqi şəxsləri işgüzar nüfuzunun cinayət-hüquqi müdafiəsindən əsassız olaraq məhrum edir. Fikrimizcə, müvafiq tərkibi iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslinə daxil etmək daha düzgün olardı.


Ölmüş və fəaliyyət qabiliyyətsizlər barəsində böhtan.
M.D.Şarqorodski belə hesab edir ki, fəaliyyət qabiliyyətsizlər, ölmüş və psixi xəstə şəxslər barəsində böhtan onlara yaxın olan və qohumlarını təhqir edə bilər. Bundan belə nəticə çıxa bilər ki, burada böhtan mövcud deyil, ölmüş şəxsin yaxın adamlarına qarşı ölmüş şəxs barəsində böhtan formasında təhqirdir. Belə nəticə səhv hesab olunur.Ölmüş şəxsin (ruhi xəstə, yatan, azyaşlı şəxsin ) qohumlarının təhqiri onun barəsinə bilə-bilə yalan məlumatlar yayaraq onun şərəf və nüfuzunu ləkələməklə mümkün deyil. Böhtan cinayətinin isə obyekti və obyektiv cəhəti fərqlidir.

Konstitusiyamıza görə də hər bir şəxsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hətta bu hüququ həyata keçirmək, müdafiə etmək ( fəaliyyət qabiliyyətsizlər ) qabiliyyətinə malik olmasa da hər kəs bu hüququ qabiliyyətinə malikdir. Şəxsin fəaliyyət qabiliyyətinin mövcud olmadığı təqdirdə belə onun adından bu hüququ nümayəndələri həyata keçirə bilərlər. Şərəf və ləyaqət hüququnun müdafiəsi hüququna hər bir kəs malikdir və fəaliyyət qabiliyyətsizlərin də bu hüququ müdafiə olunmalıdır. Oyanmış şəxs özü xüsusi ittiham qaydasında cinayət işi qaldıra bilər, ölmüş, ruhi xəstə, azyaşlı şəxslərin şərəf və nüfuzunu isə onların qohumları, yaxınları və ya tanışları qoruya bilərlər. Bu mövqe « Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 Nö Qərarında da öz əksini tapıb.

Böhtan cinayətindən zərərçəkmiş qismində istənilən şəxs həmçinin azyaşlı, psixi xəstəlikdən əziyyət çəkənlər də ola bilər.Fikrimizcə, bu şəxslərin qanuni nümayəndələri əgər onlar müvafiq qaydada cinayət işi qaldırmağı tələb edirlərsə zərəçəkmiş hesab olunmalıdır.1

Qeyd etmək yerinə düşər ki, cinayətdən zərərçəkmişlər bir neçə nəfər də ola bilər. Məsələn, böhtan atan şəxs bilə-bilə yalan məlumat yaya bilər ki, filan unuversitetin cinayət hüququ kafedrası M. adlı birinə kollektiv doktor dissertasiyasını hazırlayırlar. Belə olan halda kafedra məhkəməyə özünün şərəfini müdafiə üçün müraciət edə bilməz, kafedra işçiləri bunun ayrı-ayrılıqda etməlidirlər.E.A.Suxanovun mövqeyi də belədir.(Yuxarıda qeyd olunmuşdur).

Böhtan cinayətinin predmeti. N.N.Afanasyev belə hesab edir ki, baxılan cinayətin predmeti bilə-bilə yalan və ya həqiqətə uyğun olmayan məlumatlar, təqsirkarın özü tərəfindən düşünülən və ya dedi-qoduya əsaslanan məlumatlardır.1

N.F.Kuzneçova isə belə hesab edir ki, cinayətin predmeti təqsirkarın cinayət edərək təsir etdiyi maddi aləmin maddiləşmiş elementidir. Böhtan və təhqir predmeti olmayan cinayətlərdir.2



  1. Cinayətin obyektiv cəhəti.

Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymada ifadə olunur.

Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkilçəkmə, rəsm əsərləri, kinematoqrafiya əsərləri və s.) başa düşülür.

Kütləvi informasiya vasitəsi dedikdə dövrü mətbua nəşrləri, teleradio proqramları və digər yayım formaları başa düşülür.3

Böhtan-yalan olduğunu bilə -bilə başqa şəxsi ləkələyən uydurmalar yaymadır.

Cinayətin obyektiv cəhəti yalan uydurmalar yayan təqsirkarın aktiv hərəkətlərində ifadə olunur.Belə uydurmalarda zərərçəkəni rüsvay edən məlumatlar olur. Yayma dedikdə -zərərçəkəni ləkələyən məzmunda informasiyanəın ikinci bir şəxsə çatdırılmasıdır. Əgər yayılan məlumat yalan olsa da rüsvay edici deyildirsə, böhtana görə cinayət məsuliyyəti yaranmır.

Ləkələyən məlumatlar elə məlumatlardır ki, bunlar qanuna, birgəyaşayış qaydalarına, mövcud əxlaqa zidd olur, zərərçəkənin şərəf və ləyaqətini əhatənin, insanların gözündə alçaldır.

Məlumatların məzmunu konkret faktlarla bağlı olmalıdır. Böhtana görə cinayət məsuliyyəti yaranması üçün yalann məlumatlar konkret olmalıdır, yəni elə faktlar olmalıdır ki, onlar yoxlanıla bilsin. Digər tərəfdən zərərçəkənion şəxsiyyətini ümumi xarakterizə edən zaman deyilən fikirlər böhtan cinayətini istisna edir.1

Zərərçəkəni onun şəxsiyyətini neqativ tərəfdən səciyyələndirən ümumi xarakterli mühakimələr, məsələn, «o zəif tələbədir», «elmdən uzaq adamdır», «natəmiz adamdır», «pis müəllimdir», «insanlıqdan uzaq adamdır» böhtan kimi qiymətləndirilə bilməz.

Bunun əksinə, zərərçəkən saxtakarlıqda təqsirləndirilirsə və qərəzliliklə, başqalarının hüzurunda konkret mənzili özəlləşdirərkən saxta sənədlər təqdim etməsinə dair yalan məlumat verilirsə, yaxud da zərərçəkəndə xəstəlik olmadığı halda onda zöhrəvi xəstəliyin olması haqda məlumat başqalarına çatdırılırsa-belə məlumatlar konkret fakta əsaslanır və təqsirkların böhtana görə məsuliyyəti yaranır.

Hələ vaxtilə K.Marks bu məsələyə toxunaraq qeyd edirdi ki, təqsirkar böhtan atdığı adamı müəyyən fakt əsasında təqsirləndirir.Marks göstərirdi ki, Əgər mən desəm: «Siz gümüş qaşıq oğurlamısınız», belə vəziyyətdə mən sizə böhtan atmış oluram...Əgər mən desəm ki,: «Siz oğrusunuz, sizdə oğrulara mənsub sifətlər vardır»- belə vəziyyətdə mən sizi təhqir etmiş oluram.2

Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarının 3-cü maddəsində deyilir: məhkəmələr şərəf və ləyaqət müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlifir: məlumatın vətəndaşların və təşkilatların şərəfə və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.

Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkənməsi kimi qiymətləndirilə bilməz. Məlumatların doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.

Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. 1

Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuiyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır.Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır.

Böhtan cinayəti hər hansı formada (yazılı,şifahi) törədilə bilər.Bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır.

Bu cinayət formal tərkiblidir yalan və ləkələyici məlumatların yayıldığı andan, hətta bu məlumatlar böhtan atılan şəxsin özünə belə məlum deyilsə bitmiş hesab olunur.1

Bu cinayət qanunda göstərilən üç üsulla törədilə bilər: məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymaqla. Bu o deməkdir ki, başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi əsərdə təsvir edilməklə, qəzetlərdə, jurnallarda, radioda, televiziyada, internetdə, mitinqlərdə, piketlərdə, yürüşlərdə və ya küçəyə çıxıb qışqırmaqla və s. yayıla bilər.

Bu sahədə tətqiqat aparan rus alimi V.A.Sidorov RF-nın CM-nin 129-cu maddəsinin belə şərhinin verilməsini təklif edir: Fikrimizcə, "yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayılması" o halda böhtan sayılır ki, onada obyektiv və subyektiv faktorlar olsun.

Obyektiv faktor - yayılan məlumatların həqiqətə uyğun olmamasının;

Subyektiv faktor- böhtan atan şəxsin özünün yaydığı məlumatların digər şəxsin şərəf və ləyaqətini ləkələyən,onu nüfuzdan salan məlumatlar olmasını dərk etməsi.2


  1. Cinayətin subyekti.

Böhtan cinayıtinin subyekti cinayət törədənədək 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Başqa şəxsi ləkələyən məlumatların müəllifi həm böhtan atan, həm də başqa şəxs ola bilər. Bu cinayətə görə məsuliyyəti yalnız böhtanın məzmununu təşkil edən məlumatları yayan şəxs daşıyır. Bu cinayətin iştirakçılıqla törədilməsi də istisna deyil.

Kütləvi informasiyasında yayılmış şərəfə və ləyaqəti ləkələyən məlumata görə kütləvi informasiya vasitəsinin redaksiyası və yazının müəllifi cavabdeh kimi işə cəlb edilməlidir. Müəllifin və yaxud redaksiyanın üçüncü şəxs kimi işə cəlb edilməsi qanunauyğun hesab edilmir.

Adsız və yaxud təxəllüslə dərc edilən yazılarda şərəf və ləyaqəti ləkələyən məlumatlar olduqda məlumatı dərc edən kütləvi informasiya vasitəsi cavabdehlik daşıyır. Məlumat divar qəzetində və ya çoxtirajlı qəzetlərdə dərc edildikdə cavabdeh kimi məlumatın müəllifi və həmin qəzet orqanı olan hüquqi şəxs işə cəlb edilməlidir.

Kütləvi informasiya vasitəsində yayılmış materiallarda redaksiya və müəllifin mövqelərinini üst-üstə düşməməsi redaksiyanın məsuliyyətini istisna etmir.

Şərəf və ləyaqəti ləkələyən məlumatlar xidməti xasiyyətnaməni imzalayan vəzifəli şəxs və xasiyyətnaməni verən təşkilat birgə cavabdehlik daşıyır.1


  1. Cinayətin subyektiv cəhəti.

Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir.Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını ıdərk edir və bunu arzu edir.Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur.

Bu cinayətin motivi müxtəlif ola bilər: qısqanclıq, həsəd, rəqibini aradan qaldırmaq niyyəti, qisas və s. Motiv əməlin tövsüfünə təsir göstərmir. Qeyd etdiyimiz kimi bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə ifadə olunur.

Cinayətin subyektiv cəhəti yalnız birbaşa qəsdlə ifadə olunur.Cinayətin xarakteristikasını daha da dəqiqləşdirmək üçün motivi müəyyənləşdirmək lazımdır. Ancaq motivin müəyyənləşdirilməməsi böhtana görə cinayət məsuliyyətin yaranması üçün əngəl ola bilməz.1

Cinayətin obyektiv cəhətinə münasibətdə qəsdin birbaşa, nəticəyə münasibətdə isə həm birbaşa, həm də dolayı qəsd formasında ola bilər. Bu halda təqsirkar ictimai təhlükəli nəticəyə etinasız münasibət göstərir və əməli də digər nəticələrə çatmaqdan ötrü edə bilər.Formal tərkiblərdə ictimai təhlükəli nəticə təhlil edilmir.

Buna görə də «Ümumqəbul olunmuşdur ki, hərəkətin edildiyi andan bitən formal tərkibli cinayətlərdə cinayətin subyektiv cəhəti təqsirkarın bu əmələ münasibəti ilə müəyyən olunur»2.

Bu məsələ ilə bağlı RF-nın Ali Məhkəməsi bu mövqedən çıxış edir ki, bu cinayət ancaq birbaşa qəsdlə edilə bilər.3

Hüquq ədəbiyyatında da bu mövqedən çıxış edilir. Bununla bərabər bir sıra hüquqşunaslar belə hesab edirlər ki, böhtan cinayəti dolayı qəsdlə də törədilə bilər. A.A.Piontovskiyə görə bu cinayət həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər: "subyekt ya digər şəxsi ləkələyən məlumatları yaydığını dərk edir və onların yayılmasını arzulayır, ya da ki, şüurlu surətdə onların yayılmasına yol verir.4

Bu məsələni yekunlaşdıraraq qeyd etmək istərdik ki, qəsdin dolayı və birbaşa olması məhz motivdən asılıdır. Əgər təqsirkar yaydığı məlumatların yalan olduğunu, yaydığı məlumatların konkret şəxsin ləkələyəcəyini dərk edirsə və belə ictimai təhlükəli nəticənin baş verməsini arzu etmirsə də lakin şüurlu surətdə buna yol verirsə dolayı qəsd göz qabağında olacaq.Yox əgər təqsirkar bu əməlləri qisas, qərəz, həsəd vəs. motivlərin təsiri altında edibsə deməli, cinayət birbaşa qəsdlə edilib.

Böhtan cinayətinin dolayı qəsdlə edilməsinin tanınmaması əsassız olaraq bu cinayətin sərhədini daraldır. Bu cinayətin ehtiyatsızlıqdan törədilməsi istisnadır.

Qeyd etmək lazımdır ki, böhtan faktının mövcudluğunu məhkəmə özü müəyyən edir. Buna görə də məsələn, DİN-nin general-leytenantı K.-nı əsassız olaraq Prezidentə böhtan atdığına görə işdən çıxarmaq olmaz.



  1. Böhtan cinayətinin ağırlaşdırıcı halları.

Qanuna görə böhtan cinayətinin ağırlaşdırıcı halı şəxsi ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmadır.Qüvvədə olan CM-nin 15-ci maddəsində ağır və xüsusilə ağır cinayətlərin anlayışı verilibdir.

Ağır cinayətlər- qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

Xüsusilə ağır cinayətlər- qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.1

Belə hesab olunur ki, şəxsi ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atılan zamanı onun şərəf və ləyaqəti daha çox ləkələnmiş olur, nüfuzu daha çox düşür. Müvafiq tərkibin tövsöfedici əlamət kimi nəzərdə tutulması bununla bağlıdır.

Rusiya Federasiyasının qüvvədə olan CM-də müvafiq cinayətin ağırlaşdırıcı halı kimi yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma göstərilmişdir. Müvafiq tərkib bizim Cinayət Məcəlləmizdə 147-ci maddənin 1-ci bəndində verilib. RF-sı Cinayət Məcəlləsinə əsasən təhqir və böhtanın bilavasitə zərərçəkənin özünə qarşı edilməsi də cinayət məsuliyyəti yaratmış olur.

Belə hesab edirik ki, RF-sı qanunvericisinin mövqeyi daha düzgündür. CM-nin 147-ci və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələyici və nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyəti yaradır. Qalan bütün hallarda mülki məsuliyyət doğurur (məsələn, nişanlı qıza telefonla zəng edib sevdiyi oğlanın psixonevroloji dispanserdə qeydiyyatda olması barədə ona yalan məlumat vermə və s.).

Fikrimizcə, bu, ən ali dəyərlərdən olan şərəf və ləyaqətin əvvəlki cinayət qanunvericiliyindən fərqli olaraq, daha sayğısız və təsirsiz mühafizə altına alınması kimi qiymətləndirilməlidir.1


  1. Böhtanın oxşar tərkiblərlə müqayisəsi.

  1. Böhtan cinayətinin təhqirdən fərqi.

Göstərilən bu fərq RF-nın CM-də mövcuddur. Böhtandan fərqli olaraq təhqir şəxsiyyətin ləyaqətinə öz xüsusiyyətlərini, cəmiyyətdə mövqeyini qiymətləndirməsinə yönəlir. Böhtan cinayətində məlumatlar üçüncü şəxsə, təhqir cinayətində isə zərərçəkmişə də ünvanlana bilər. Eyni zamanda təhqir nalayiq formada şəxsin şərəf və ləyaqətinin alçaldılmasında ifadə olunur.

Qeyd etdiyimiz kimi qanunverici qüvvədə olan Cinayət Məcəlləsində cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi qeyd etmişdir. CM-nin 147-ci və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələyici və nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyəti yaradır.Qanunverici digər hallarda əməli dekriminallaşdırıb. Digər hallar dedikdə müvafiq əməllərin kütləvilik əlaməti olmadan edilməsidir.

Təhqir və böhtan cinayətlərini fərqləndirən zaman nəzərə almaq lazımdır ki, böhtan cinayətinin mühüm əlaməti bilə-bilə digər şəxsləri zərərçəkənlə bağlı faktların uydurulması ilə yaranan və nüfuzdan salan yalan məlumatların yaymaqda ifadə olunur. Əgər şəxs vicdanlı yanılaraq yalan məlumatları yayarsa və həmin məlumatlar təhqir edici xarakter daşıyarsa onda həmin şəxs böhtana görə yox, təhqir cinayətinə görə cinayət məsuliyyətinə cəlb ediləcəkdir.1


  1. Böhtanın bilə-bilə yalan xəbərçilik etmədən fərqi.

Böhtan cinayəti daha çox bilə-bilə yalan xəbərçilik etmə (maddə 296) cinayəti ilə ümumi əlamətlərə malikdir.Bilə-bilə yalan xəbərçilk etmədə qəsd başqa obyektə-ədalət mühakiməsinin maraqlarına yönəlir və təqsirsiz çəxsin məsuliyyətə cəlb edilməsi məqsədinə malik olur. Bununla əlaqədar müvafiq məlumatlar bir qayda olaraq, cinayət işi başlamaq səlahiyyətinə malik orqanlara ünvanlanır.2

Böhtan əməli və bilə-bilə yalan məlumat vermə cinayətləri obyektlərinə,obyektiv cəhətlərinə və subyektiv cəhətlərinə ( qəsdin məzmununa) görə bir-birindən fərqlənirlər.

Böhtanda zərərçəkənin şərəf və ləyaqəti ilə bağlı münasibətlər ziyan çəkdiyi halda, bilə-bilə yalan xəbər vermədə ədalət mühakiməsi orqanlarının normal fəaliyyəti ziyan çəkir.

Böhtanda başqasını ləkələyən məlumat üçüncü şəxsə çatdırılır; bil-bilə yalan xəbərçilik etmədə isə-məlumat hüquq mühafizə orqanlarına verilir;

Böhtanda məqsəd- başqasının şərəf və ləyaqətini alçaltmaqdır; bilə-bilə yalandan xəbərçilik etmədə isə cinayət törətməyən şəxsi məsuliyyətə aldırmaqdır.3


  1. Mülki deliktlərdən fərqi.

Şərəfə və ləyaqətin cinayət hüququ və mülki hüquq mühafizəsi arasında oxşar və fərqləndirici cəhətlər vardır.

Şərəf və ləyaqətə qəsd edən əməllər mülki xəta kimi və cinayət əməli kimi obyektinə və obyektivə cəhətinə görə bunlar arasında bənzəyiş vardır. Hər iki halda –yəni şərəf və ləyaqətin mülki hüquqi müdafiəsi ilə bağlı mülki işin başlanması, həm də cinayət işinin başlanması məsələsi zərərçəkənin ərizəsinə görə həll edilir.

Bunlar arasında müəyyən fərqlər də vardır. Bu fərq öncə subyektiv cəhətlə bağlıdır. Şərəf və ləyaqətə qəsd edən böhtan və təhqir ancaq təqsirin qəsd forması ilə bağlıdır. Lakin mülki hüquqi mənada şərəf və ləyaqətə ziyan vuran əməl təqsirin heç bir forması ilə bağlı olmaya da bilər.

Şərəf və ləyaqətin cinayətinin hüquqi mühafizəsi təqsirkarın mühakimə edilməsilə, onun barəsində məhkumluq yaradan cəzanın tətbiqi və icraya yönəldilməsilə həyata keçirilir.1

Bu barədə mülki hüquq ədəbiyyatında kifayət qədər məlumat var. Rus sivilist alimi E.A.Suxanov şərəf və ləyaqətin mülki-hüquqi müdafiəsinin cinayət hüquqi müdafiəsindən fərqini belə göstərir:

Vətəndaşlara böhtan atmağa və onları təhqir etməyə görə cinayət qanunvericiliyində də nəzərdə tutulmuşdur.

Böhtan və təhqir qəsdən yol verilən əməldir. Bununsuz cinayət məsuliyyəti yoxdur.Şərəf və ləyaqətin mülki-hüquqi müdafiəsinin imkanı onları ləkələyən məlumatı yayan şəxsin təqsirindən asılı deyildir.

Şərəf və ləyaqətin müdafiəsi üzrə işlər müxtəlif cür qaldırıla bilər.Cinayət məsuliyyətinə cəlb etmə işləri xüsusi ittiham qaydasında, mülki-hüquqi müdafiə işləri isə iddia ərizəsi vermək yolu ilə başlanır.

Cinayət işinin başlanılması yalnız qanuna görə cinayət məsuliyyəti daşıya biləcək vətəndaşlar haqqında mümkündür.Mülki-hüquqi müdafiə vasitələri təşkilatların, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərin şərəf və ləyaqətini qəsdlərdə n qorumaq imkanı verir.

Mülki qanun vətəndaçların və təşkilatların, cinayət qanunu isə yalnız vətəndaşların şərəf və ləyaqətini qoruyur.

Mülki-hüquqi müdafiənin məqsədi pozulmuş qeyri-əmlak maraöının bərpasıdır.Cinayət-hüquqi müdafiənin məqsədi isə hər şeydən əvvəl, başqa şəxslərin şərəf və ləyaqətini alşaldan, onu biabır edən, açıq-aşkar yalan, iftiralarla dolu məlumatları qəsdən yayan şəxsin cəzalandırılmasıdır.Şəxsi təhqiretmə də başqa müddətli eyni cəza ilə cəzalandırılır.Məhkəmə böhtan və təhqir etməkdə təqsirkar olan şəxsin üzərinə vurulmuş mənəvi ziyanı ödəmək vəzifəsi qoya bilər. Bu tədbir şərəf və ləyaqətin müdafiəsinin mülki-hüquqi üsuluna uyğun gəlir.1

Böhtan Cinayəti ilə bağlı işlərin qaldırılması.

Qüvvədə olan Cinayət Prosesual Məcəllənin 37.2-ci maddəsinə əsasən böhtan cinayəti üzrə cinayət təqibi yalnız zərərçəkmiş tərəfindən xüsusi ittiham qaydasında həyata keçirilir. Müvafiq maddədə deyilir: Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.Onu da qeyd edək ki, burada zərər çəkmiş şəxs dedikdə böhtanın ünvanlandığı şəxs yox, onun qohumları, qanuni nümayəndələri və s. şəxslər başa düşülməlidir.

Nəticə.


Beləliklə, böhtan cinayətini təhlil edərək aşağıdakı nəticələrə gələ bilərik:

  1. Fikrimizcə, Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi hüquqi şəxsləri əsassız olaraq öz işgüzar nüfuzunu müdafiə etməkdən məhrum edir. Hesab edirik ki, müvafiq tərkibi iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslinə daxil etmək daha düzgün olardı.

  2. Hər bir insan şərəf və ləyaqət hüququna malikdir, bu hüquqları həyata keçirə bilmək və müdafiə etmək qabiliyyətində olub-olmamasından asılı olmayaraq.Onun fəaliyyət qabiliyyətsiz olması təqdirdə şəxsin bu hüquqlarını onun adından nümayəndələri qoruyurlar. Beləliklə şərəfə və ləyaqət hüququna hər bir şəxs malikdir və hətta fəaliyyət qabiliyyətsiz şəxsdə də qorunmalıdır.

  3. Ölmüş şəxslərə də böhtan atıla bilər. Belə ki, onların şərəfi və nüfuzuna ziyan dəyə bilər.Bu halda, fikrimizcə, ölmüş şəxsin hüququ yox, məhz ictimai qayda mühafizə olunur.

  4. Təklif edirik ki, ölmüş şəxs barəsində böhtan məsələsi böhtan cinayətini formulə edən maddənin tərkibində həll edilsin.

  5. Böhtan cinayətinin predmeti yalan məlumatlar deyil. Şərh olunan cinayət predmeti olmayan cinayətlərə aid edilir. Yayılan məlumatların ictimaiyyətə açıq-aşkar surətdə yalan olması bəllidirsə, məsələn, zarafat onda cinayət istisna edilir.

  6. Fikrimizcə, böhtan cinayəti maddi tərkiblidir və müvafiq olaraq 147-ci maddəyə böhtan cinayətini maddi tərkibli cinayət kimi xarakterizə edən müvafiq dəyişiklik edilməlidir.

  7. Müvafiq olaraq böhtan cinayəti maddi tərkibli kimi qəbul edilsə təqsir həm birbaşa, həm də dolayı qəsdlə ifadə olunacaqdır.

İstifadə olunmuş ədəbiyyat siyahısı.

  1. Постановление Пленума Верховного Суда РФ от 25 сентября 1979 г. N 4 "О практике рассмотрения судами жалоб и дел о преступлениях, предусмотренных ст. 112, ч. 1 ст. 130 и ст. 131 УК РСФСР".

  2. Ной И.С. Охрана чести и достоинства личности в советском уголовном праве. Саратов, 1959. С.5; Комментарий к УК РФ. М., 1998 г. С.284; Уголовное право. Особенная часть. М., 1998 г.

  3. Курс советского уголовного права. М., 1971. Т.5.

  4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası.Bakı-2001,səh. 351

  5. Hüquq ensiklopedik lüğəti.Bakı-1991.

  6. Курс советского уголовного права. Л., 1973. Т.3.

  7. E.A.Suxanov-Mülki Hüquq.Azərbaycan dilində.Bakı.Qanun nəşr.

  8. Российское уголовное право. Особенная часть/Под ред. Р76 B.IJ. Кудрявцева, А.В. Наумова. - М.: Юристь.

  9. Уголовное право. Особенная часть. М., 1998 г.

  10. Курс уголовного права. Общая часть. М., 1999. Т.1.

  11. F.Y.Səməndərov. Şəxsiyyət əleyhinə edilən cinayətlər.Bakı 1997.

  12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları 1962-2007.Qanun 2007.

  13. Комментарий к Уголовному кодексу Российской Федерации: (постатейный)/В.К. Дуюнов и др., отв. ред. Л.Л. Кругликов. - Волтерс Клувер, 2005 г.

  14. В.А. Сидоров. Как добиться эффективной правовой защиты от клеветы. // Гражданин и право, N 2, август 2000 г.

  15. Ткачевский Ю.М. Уголовная ответственность за клевету. // Законодательство, 1999, N 11.

  16. Бюллетень Верховного Суда РФ. 1999. N 2.

  17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.Hüquq ədəbiyyatı nəşriyyatı.B-2007.səh 14 (2007-ci il mayın 1-dək olan dəyişiklik və əlavələrlə).

  18. Сборник постановлений пленумов Верховных Судов СССР и РСФСР (Российской Федерации) по уголовным делам. М., 1995.




1 Постановление Пленума Верховного Суда РФ от 25 сентября 1979 г. N 4 "О практике рассмотрения судами жалоб и дел о преступлениях, предусмотренных ст. 112, ч. 1 ст. 130 и ст. 131 УК РСФСР"

1 См., напр.: Ной И.С. Охрана чести и достоинства личности в советском уголовном праве. Саратов, 1959. С.5; Комментарий к УК РФ. М., 1998 г. С.284; Уголовное право. Особенная часть. М., 1998 г. С.116.

2 Курс советского уголовного права. М., 1971. Т.5. С.197.

3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası.Bakı-2001,səh. 351

4 Hüquq ensiklopedik lüğəti.Bakı-1991,səh. 535

1 Курс советского уголовного права. Л., 1973. Т.3. С.611.

2 Hüquq ensiklopedik lüğəti.Bakı-1991,səh. 535

3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası.Bakı-2001,səh. 351

4 E.A.Suxanov-Mülki Hüquq.Azərbaycan dilində.Bakı.Qanun nəşr.səh 546.

5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası.Bakı-2001,səh. 351

1 Российское уголовное право. Особенная часть/Под ред. Р76 B.IJ. Кудрявцева, А.В. Наумова. - М.: Юристь,C 96

1 Уголовное право. Особенная часть. М., 1998 г. С.116.

2 Курс уголовного права. Общая часть. М., 1999. Т.1. С.210.

3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası.Bakı-2001,səh. 352.

1 РОССИЙСКОЕ УГОЛОВНОЕ ПРАВО- В Н Кудрявцева, А В.Наумова. М.: Юристь, 1997, с89.

2 F.Y.Səməndərov. Şəxsiyyət əleyhinə edilən cinayətlər.Bakı 1997.səh 168

1 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları 1962-2007.Qanun 2007.səh 254

1 Комментарий к Уголовному кодексу Российской Федерации: (постатейный)/В.К. Дуюнов и др., отв. ред. Л.Л. Кругликов. - Волтерс Клувер, 2005 г. Cmp.161

2 В.А. Сидоров. Как добиться эффективной правовой защиты от клеветы. // Гражданин и право, N 2, август 2000 г.

1 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları 1962-2007.Qanun 2007.səh 256

1 Российское уголовное право. Особенная часть/Под ред. Р76 B.IJ. Кудрявцева, А.В. Наумова. - М.: Юристь, 1997. С 96

2 Ткачевский Ю.М. Уголовная ответственность за клевету. // Законодательство, 1999, N 11.

3 Бюллетень Верховного Суда РФ. 1999. N 2. С.12.

4 Курс советского уголовного права. М., 1955. Т.1. С.665; Курс советского уголовного права. М., 1971. Т.5. С.199.

1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.Hüquq ədəbiyyatı nəşriyyatı.B-2007.səh 14 (2007-ci il mayın 1-dək olan dəyişiklik və əlavələrlə)

1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası.Bakı-2001,səh. 353.

1 См.: Сборник постановлений пленумов Верховных Судов СССР и РСФСР (Рос¬сийской Федерации) по уголовным делам. М., 1995. С. 453—454.

2 Комментарий к Уголовному кодексу Российской Федерации: (постатейный)/В.К. Дуюнов и др., отв. ред. Л.Л. Кругликов. - Волтерс Клувер, 2005 г. Cmp.161


3 F.Y.Səməndərov. Şəxsiyyət əleyhinə edilən cinayətlər.Bakı 1997.səh 169

1 F.Y.Səməndərov. Şəxsiyyət əleyhinə edilən cinayətlər.Bakı 1997.səh 171.

1 E.A.Suxanov-Mülki Hüquq.Azərbaycan dilində.Bakı.Qanun nəşr.səh 547.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə