AZƏrbaycan diLİNİn tariXİ haqqinda bəZİ FİKİRLƏr X ü L a s ə




Yüklə 0.95 Mb.
səhifə1/7
tarix23.04.2016
ölçüsü0.95 Mb.
  1   2   3   4   5   6   7
T Ü R K O L O G İ Y A

3–4 2012



QƏZƏNFƏR KAZIMOV

AZƏRBAYCAN DİLİNİN TARİXİ HAQQINDA

BƏZİ FİKİRLƏR

X ü l a s ə. Məqalədə Azərbaycan dilinin inkişaf tarixi barədə ensiklopedik məlumat verilmişdir. Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrü hesab olunur. IX–XI əsrlər yazılı ədəbi dilin təşəkkülü dövrüdür.

Azərbaycan dili 1500 illik inkişafı müddətində iki böyük inkişaf mər­hə­ləsi keçirmişdir: əski dövr – XVI əsrə qədər, yeni dövr – XVI əsrdən sonrakı dövr.


Açar sözlər: dil, əlifba, dilin tarixi, ana dili, Azərbaycan dili

Azərbaycan dili Azərbaycan Respub­lika­sının dövlət dilidir, dünyanın ge­niş yayılmış dillərindən biridir. Bu dil­də 50 mil­­­yon­dan artıq adam da­nı­şır. Azər­baycan Respub­likası ilə ya­naşı, Cə­nu­bi Azərbaycanın da əsas əha­lisinin ünsiyyət vasitəsi Azər­baycan dilidir. Dağıstan, Gürcüstan, Tür­ki­yə və İraq əra­zi­­lə­rin­­də də azərbaycanlılar öz qədim yurdlarında toplu hal­da ya­şa­maqda­dır­lar. Bunlar­dan əlavə, Rusiyada, Qərbi Avro­pa öl­kə­lə­rin­də (Al­maniyada, Fransada, Danimarkada, Norveçdə və s.), ABŞ-da və baş­qa ölkələrdə də azər­­­baycanlılar sə­­­pə­li halda yaşamaqdadırlar.

Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dilləri qru­punun oğuz yarımqrupuna daxildir. Cənub-qərb qrupu türk dil­lərindən Azər­baycan dilinə ən yaxın dillər türk, türkmən, qa­qa­­uz dilləri­dir.
Təşəkkül tarixi. Azərbaycan dili dünyanın ən qədim dillə­rin­dəndir. Azərbaycan dilinin formalaşma tarixi oğuz qrupuna da­xil olan digər dil­lər­dən qədimdir. Türk­lərin ilkin vətəni Ön Asiya əra­ziləri olduğundan hə­lə e. ə. III–II min­illiklərdə Azər­bay­canın əsas əhalisi kuti, kaspi, lullu, su, tu­­rukki kimi güclü türk tayfa­la­rından ibarət idi. Kuti­lər e. ə. XXVIII əsrdə Aratta dövlətini yaratmış, ətraf aləmlə, xüsusən şumerlərlə geniş əlaqələr saxla­mış­lar.

E. ə. I minilliyin başlanğıcında Azərbaycan türk tayfaları güc­lü Manna dövlətini yaratmış, Mannanın sü­qu­tundan sonra mi­nilliyin orta­larında Midiya dövləti güclənərək Mannanı da öz içərisinə almışdır. Man­­na­lılar və midiyalılar qohum tay­fa­lardan ibarət idi­lər. Midi­yalılar ətraf tayfaları da özlərinə tabe etmiş, bö­yük imperiya ya­rat­­mışlar.

E. ə. IV əsrdə respublikamızın indi­ki əra­zi­sində Alba­niya, cə­nubda At­­­ropatena dövləti yaranmışdır. Uzun müddət – yunan iş­ğalı (e. ə. IV əsr), Par­fiya (e. ə. 250 – e. 226) və Sa­sanilər (224–652) sülalələri döv­­­r­lərində şi­ma­lın və cənubun əhalisi daim bir­likdə olmuş, bir ca­nişinlikdə birləşdirilmişdir. Feodalizmin ilkin in­kişaf mərhə­lə­sində Azər­bay­can tayfalarının konsolidasiyası baş vermiş, nəticə­də Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.

Ümum­xalq Azərbaycan dili eramızın V əsrində for­ma­laş­mışdır. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi «Kitabi-Dədə Qor­qud» dastanlarıdır.

Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX–XI əsr­­lə­ri əha­tə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlif­bası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan «Kitabi-Dədə Qorqud»un dili həm də kamil yazı nü­munələridir. «Kitabi-Dədə Qor­qud»dan sonra XIII əsrin dil materi­al­la­rını əldə etmək mümkün olmuşdur. Ara­dakı boşluq hə­min dövr­də yazı materiallarının olmaması demək deyildir. Bunu böyük Azərbaycan şairi Nizaminin qeyd­ləri, qo­hum türk xalq­la­rının əl­də edilmiş yazılı abidələri, M. Kaşğarinin «Divan»ı, az sonra meydana çıxan «Dastani-Əhməd Hərami», «Mehri və Və­fa», «Yusif və Züleyxa» kimi kamil məsnəvilər də təs­diq edir.

«Leyli və Məcnun» əfsanəsi əsasında yeni bir əsər yazılmasını arzulayan Şirvanşahın Nizamiyə məktubunda deyilir:


İstəyirəm ki, Məcnunun eşqi xatirinə

Sədəfdəki inci kimi bir söz deyəsən.

Fars və ərəb dili bəzəyi ilə

Bu təzə gəlini bəzəyəsən.

Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,

Türkəvara deyilmiş söz bizə layiq deyil [1. S. 35].


Şirvanşah Axsitan açıq-aşkar əsəri ərəb-fars sözləri ilə bəzəməyi təklif edir, türk dilində yazmamağı məsləhət görür və hətta «türkcəlik bizə vəfalı olmağın sifəti deyil» deyə türk dilinə həqarətlə baxdığını ifadə edir. Lakin bu təklifdən çox aydın şəkildə başa düşülür ki, deməli, şah bu cür təklif etməsə, Nizami əsəri ana dilində yaza bilərmiş və bu də məntiqi şə­kil­də dərk olunur ki, Nizami ana dilində – türk-azərbaycan dilində əsər­lər ya­zırmış. Artıq bu sahədə başqa türk xalqlarında böyük təcrübə də var idi: 100 il əvvəl «Qudatğu bilig» kimi şöhrətli əsərlər meydana çıx­mış­dı. Hə­­min məktub türk dilinə şahın həqir münasibətini bildirsə də, ta­rixi sə­nəd ki­mi çox qiymətlidir. Bunun özü tutarlı bir fakt kimi, M. Kaş­ğa­­rinin de­di­yi «süni ədəbiyyat»ın Azərbaycanda Azərbaycan dilində X–XII əsr­lər­də ge­­niş yayılmış olduğunu sübut edir. Mümkün faktlara və əqli dəlillərə əsa­­sən çox görkəmli dil tarixçisi Ə. Dəmirçizadə belə bir nə­ti­cə­yə gəl­miş­dir ki, artıq XI–XII əsrlərdə Azərbaycan yazılı ədəbi dili tam təşəkkül tap­mış­­­dı: «...bu dövrdə Azərbaycan yazılı ədəbi dilinin artıq for­ma­laşmış ol­du­­­ğunu, bu dildə o zamankı Azərbaycan şairlərinin şeir yaz­dıq­­­larını təs­diq­­edici faktlar mövcuddur» [2. S. 87]. T. Hacıyev də M. Kaş­­­ğari və Ni­za­­­midən aldığı təəssürat əsasında eyni qənaətə gəlmişdir: «...hələ XI–XII əsr­­­­lərdə, yəni XIII əsrdən iki yüz il əvvəl türk-azərbaycan yazılı ədəbi dili möv­­­cud idi» [3. S. 33].

XIII əsrin abidələri olan Hə­sənoğlunun qəzəlləri, Suli Fə­qihin «Yusif və Züleyxa» poeması, «Das­­­tani-Əhməd Həra­mi» məs­­nəvisi, köçürülmə tarixi bir qədər sonraya aid olan İsanın «Meh­­ri və Vəfa» əsəri yazılı ədə­­bi dili­mizin təşəkkül nümu­nə­lə­ri de­yil, bir neçə əsrlik inkişaf yo­lunda olan bir ədə­bi dilin abi­dələridir. Sonrakı dövrlərdə Qazi Bür­ha­nəddin, Nə­simi, Fü­zuli, Qur­bani, Ş. İ. Xətai, Məsihi, M. P. Vaqif, Q. B. Za­kir, M. F. Axun­­dov, C. Məm­­məd­qu­luzadə, Ə. Haq­­­­verdiyev, M. Ə. Sa­­bir, C. Cab­bar­­lı, S. Vur­ğun, S. Rə­himov, M. İbrahimov ki­mi nə­­həng söz us­ta­ları bu dildə yazıb-ya­ratmış, bu dili cilalamışlar.

Azərbaycanda türk dilinin formalaşması abo­rigen türklərin di­li hesabına olmuş, vaxtaşırı Azərbaycana gələn türk tayfaları on­­­­ları gücləndirmişdir. XI əsrdə səlcuq oğuzları Azər­bay­cana gə­­­ləndə ar­tıq Azərbaycan ədəbi dili uzun inkişaf yolu keçmişdi. Azər­bay­­can dili xeyli müd­dət ədə­bi dil kimi ətraf aləmə və o cümlə­dən səlcuqlara da xidmət et­miş­dir: «Azərbaycan ədəbi dili XIII əs­­­­rin sonlarında və XIV əsr­də Şərqi Anadoluda yetişən bir çox şa­irlərin şeir dili ki­mi iş­lə­nilmiş və bu dildə yazılan şeirlər os­manlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilkin örnək olmuş­dur» [2. S. 88–89].

Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə getmişdir. Azərbaycan dili artıq V əsrdə bütövlükdə ümumxalq dili şəklində formalaşma işini başa çatdırmışdı. Gəlmə türk tayfalarının hamısı yaxın və qohum tayfalar idi, dilləri bir-birindən az fərqlənirdi. Odur ki heç bir tayfanın gəlişi ədəbi ümumxalq Azərbaycan dilinin təşəkkülü yolunda maneə ola bilməmişdir. Əksinə, fars ənənəsi, ərəb asılılığı sadə xalq dilini yazıda ağırlaşdırırdı. Sonrakı əsrlərdə xalq bu təsirdən, bu ağırlıqdan xilas olmağa çalışmış və buna tədricən müvəffəq olmuşdur.

Səlcuq oğuzları Azərbaycanda geniş məskən salmamış, müəyyən müddət yaşasalar da, Kiçik Asiyaya irəliləmişlər. Onların dil-nitq təsiri daha çox Azərbaycanın qərb qrupu şivələrində müşahidə olunur. Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin təşəkkül spesifikası ciddi şəkildə fərqlənir. Azərbaycan başdan-bi­nadan türk yurdu idi. Keçən beş min ilin müd­dətində Azərbay­candan miqrasiyalar da olmuşdur, Azər­bay­­ca­na da gəlmişlər, lakin heç vaxt Azərbaycan əha­lisi içə­risində türk olmayanlar üs­tün­lük təşkil edə bil­mə­miş­dir. Ana­do­lu­da isə vəziyyət başqa cür idi. Çox qədim dövr­lərdə Ana­dolu da türk yur­du olmuşdur. Lakin sonralar bu əra­zilərdə hind-avropalılar üs­tün­lük təşkil etmişlər. XI əsrdən səl­cuqların gə­­lişi ilə vəziyyət tədricən dəyişmiş, Anadolu yenidən türk yur­du­­na çevrilmişdir. Bu cəhəti bir çoxları nəzərə almadığı üçün türk və Azərbaycan dil­lərini mövcud ərazilərdə paralel inkişaf edən dillər kimi düşü-nürlər. Bu cür düşüncə yanlışdır. Səlcuq oğuzları gələndə artıq ədə­biləşmiş Azərbaycan dilinin min ilə ya­xın tarixi vardı və XIV əsrin ortalarına qədər Azərbaycan dili ət­raf xalq­lara, o cümlədən səlcuqlara da xidmət etmişdir: «Türkiyədə və Azərbaycanda etnik proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində həqiqətən tam türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin islamla əvəz olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların etnoge­nezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı rol oynayırdı» [4. S. 209]. Və yenə: «Oğuzların mənbələrdə qeyd edilmiş 24 tayfasından bəzilərinin (əfşar, bayandur, bəydili, qayı, bayat, çəpni, xələc və b.) ad­larını əks etdirən toponimlər Azərbaycanın hər iki hissəsində vardır. Lakin onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili var­dı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həll­edici rol oynamamışdır. Bu rol onlardan qabaqkı yerli türk etnos­larına məxsusdur» [4. S. 205].

Ölkənin əsas əhalisi olan türklərlə yanaşı, Azərbaycanda qə­dim dövrlərdən tatlar, talışlar, ləzgilər də yaşayırlar. Tatlar və talış­lar İran dil qruplarına aid olan xalqlardır. Kürdlərin dili də İran dil qrupuna aiddir. Ləzgilər iber-qafqaz dillərinin şimal-şərq qru­puna aid olan xalqdır. Yalnız bir kənddə – məhdud ərazidə ya­şayan xınalıq, buduq, qrız, udi, inqiloy dilləri də iber-qafqaz dil qrup­larındandır.


Dilin adı. Birinci minilliyin ortalarından başlayaraq dilimiz həm türk dili, həm də azəri dili adlanmışdır.
Türk adını qədim dövrlərdən ya­şadıb gətirən tu­rukki tay­­fası ol­muşdur. Turukkilər çox güclü bir­lik yaratmış və öz za­man­larında güc­lü As­sur dövlətini daim qor­­xu altında saxla­mış­lar. Turukki sözü ‘güc­lü, qüvvətli, do­ğan, törə­yən’ mənala­rın­da tur / tör sö­zündən olub, ­rük // türk sözünü əmə­lə gə­tir­miş­dir [1. S. 191–192].

Türk sözünün tarixi çox qədim olsa da, Azər­bay­can­da V əsrdən – Sasanilər dövründən kütləviləşməyə başlamışdır. Sasanilər Çindən İrana qədər böyük bir ərazidə yerləşmiş türk xaqanlığı ilə əlaqə saxlayır, bəzən qohumluq münasibətlərinə girməli olurdular. Onlar təbii olaraq Azər­baycan türklərini də türk adlandırırdılar. Xaqanlığın dövründə xaqanlıq türklərinin Azərbaycana axını davam etməkdə idi. Ərəblər də gəldikdən sonra şimallı-cənublu bu ölkəni (Azərbaycanı) türk ölkəsi bilir və türk yurdu adlandırırdılar. Türk termini yalnız ‘madalı’ və ‘atropatenalı’ deyil, ‘alban’ adını da əvəz edirdi.

Ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sö­­zünü öz şivələrində Azərbaycan şəklinə saldıqları, azərbaycanlıları qısa şə­­kildə azəri adlandırdıqları üçün türk sözü ilə yanaşı, azəri terminindən də istifadə edirdilər. Bu sözlərin işlənməsi erkən başlamışdı – türk sözü V əsr­­dən, azəri sözü isə VII əsrdən işləkliyini genişləndirmişdi.

Ərəb tələffüzü ilə təşəkkül tapan Azərbaycan sözü Antar­patianu sözündən əmələ gəl­­­miş­dir. An­tarpatianu sözünün birinci hecasındakı An allah adının n samiti düşmüş, söz Atarpatianu, tədricən Atropatena şəklini almışdır. Bir sıra yazılarda Atropatena sözündə irəli çıxan dz qovuşuq səsinin karlaşmış birinci komponenti (t) üstünlük qazanmış, ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci kom­ponentinə üstünlük vermiş, sözü AdzirbicanAzirbicanAzərbaycan şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili əl-əzəriyəazəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir. Bu söz tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır.

Bütün ilkin türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha çox güclənmiş və güclü bir tufan kimi öz dalğalarını bütün qərbə və o cümlədən Cənubi Qafqaza, daha aşağılara yayan bir dövlətin adı kimi geri qayıtmışdır.

Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular dövrlərində oldu­ğu kimi, Səfəvilər dövründə də Azərbaycanda əsas ünsiyyət va­sitəsi Azərbaycan türk dili idi. Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili elan edən Şah İsmayıl, təbii olaraq, türk dili ifadəsinə üstünlük vermişdir. Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, dövlət dilini və onun adını beynəlxalq aləmə xalqın işlətdiyi kimi türk dili şəklində çatdırmışdır.

Səfəvilər dövr­ündə dövlətin dilə xüsusi nəzarəti yaran­mış­dır. 1685–1694-cü illərdə Azərbaycanda olmuş alman alimi E. Kempfer yazmışdır: «Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır» [5. S. 85].

Beləliklə, dilimizin adı kimi, türk dili ifadəsinin böyük ta­ri­xi vardır. 1924-cü ildə Türkiyə Respublikası yaradıldıqdan, türklə­rin di­li türk dili adlandırıldıqdan xeyli sonra da dilimiz türk dili adı ilə tanın­maqda idi və hətta 1936-cı ildə «Türk dili» adlı mək­təb dərsliyi də çap olunmuşdur. 1936-cı ilin SSRİ Konstitusiya­sın­da dilimizin adı «Azər­baycan dili» şəklində təsbit edilmişdir. 1992-ci il sənədlərinə əsa­sən Azər­baycan dili termini bir neçə il ye­ni­dən türk dili termini ilə əvəz edil­miş, 1995-ci il ümumxalq referendumu və respublika kons­­ti­tusiyası ilə «Azərbaycan dili» ifa­dəsi yenidən sa­bitləşdiril­mişdir.

Bu dil ulu babalarımız arattalılardan üzü bəri yaşamış qə­d­im aborigen Azərbaycan türk tayfalarının dil yadigarıdır və uzun bir yol keçdiyindən inkişaf səviyyəsi ilə başqa türk dillərin­dən fərq­­lənir (bax [6. S. 540–580]).


Əlifba. Azərbaycan-alban xalqı qədim yazısı olan xalq­lardandır. VII əs­rin alban tarixçisi Kalankatuklu Moisey yazır: «Ya­zıya malik olan xalqlar bunlardır: yəhudilər, romalılar (bun­ların yazısından bizanslılar da istifadə edirlər), ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar» [7. S. 18]. Hələ eramızın V əs­rin­də – ümumxalq Azərbaycan dilinin forma­laşdığı dövrdə al­ban­­­la­rın mövcud əlifbası həmin əsrdə bir daha təkmilləş­diril­miş­dir: «Mesrobun Albaniya çarı Arsvagenin yanına gəl­məsi, burada əlif­banı təkmil etməsi, məktəbləri yeni­dən aç­ması» [7. S. 36] söz­lə­rindən göründüyü kimi, burada yeni əlifba yara­dıl­­ma­sından, yeni məktəblər açılmasından deyil, əlifbanın yeni­ləş­di­ril­məsin­dən, məktəblərin yenidən açılmasından söhbət ge­dir.

Ərəblər VII əsrin ortalarından başlayaraq Albaniyanı işğal et­məklə onun dini ilə yanaşı, əlifbalarını da tədricən dəyişmiş, öl­kə­də ərəb əlifbasına keçilmiş və alban əlifbası unudulmuşdur.

XIX əsrin ortalarında ilk dəfə M. F. Axundov ərəb əlifbasını dəyişmək ideyasını irəli sürmüşdür. XX əsrin əvvəlində bir sıra ziyalılar bu ideyanı müdafiə etmişdir. 1918-ci ilin mayında Azər­baycanın müstə­qilliyi elan edildikdən sonra yeni əlifba layihəsi hazırlanıb müzakirə olunsa da, vaxt az olduğundan yeni əlifbaya keçmək mümkün olma­mışdır. Yalnız Sovet hakimiyyətinin əv­və­­lində latın qrafikalı yeni əlif­ba­ya keçmək mümkün olmuş, Azər­­baycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qə­rarı ilə 1929-cu ilin yanvarından latın qrafikalı əlifbaya keçil­miş­dir.

Mərkəzi hökumətin göstərişi ilə Azərbaycan SSR Ali So­ve­tinin 1939-cu il 11 iyulunda qəbul etdiyi qərara əsasən 1940-cı ilin yanvarından kirill qrafikalı yeni əlifbadan istifadəyə baş­lan­mışdır. Bu əlif­ba­da bir neçə dəfə islahat aparılmış, tədri­cən Azər­­baycan dili üçün səciyyəvi olmayan bir sıra hərflər (ю, я, ё, e) çıxarılmışdır.

Müstəqilliyin yenidən bərpasının ilk illərində yenidən latın qrafikalı əlifbaya keçmək zərurəti ortaya çıxmış, Milli Məclis 1991-ci il dekabrın 25-də latın qrafikasına keçilməsi barədə qə­rar qəbul etmişdir. Latın qrafikalı bu əlifbaya prezident H. Əliyevin 2001-ci il 18 iyun ta­rix­li fərmanı ilə keçilmişdir. Bu əlifba hərflərin bir qədər nahamar düzülüşünə və di­akritik işarələrin kar samitlərdə qoyulmasına, nöqtələrin çox­luğuna görə əvvəlki latın qrafikalı əlifbadan fərqlənir.
İnkişaf mərhələləri. Qeyd etdiyimiz 1500 illik inkişaf yolunda Azərbaycan dili iki inkişaf mərhələsi keçirmişdir:
Əski dövr – XVI əsrə qədər;

Yeni dövr – XVI əsrdən sonrakı dövr.


Əski dövr. Bu dövrün özünü də iki mərhələyə ayırmaq olar: a) yazılı ədə­­bi dilin təşəkkül mərhələsi – ən qədim dövr­lər­dən XII əsrə qədər; b) ümum­xalq dili əsasında yazılı ədəbi dilin in­ten­siv inkişafı dövrü – XIII–XVI əsr­lər.

Əski dövrün ilkin abidəsi «Kitabi-Də­də Qorqud» das­tan­­larının dilidir. Nizami Gəncəvinin qeydlərindən, qohum türk dil­lərinə dair abidələrdən – Mahmud Kaşğarinin «Di­van»ından, Bala­sa­ğunlu Yusifin «Qutadğu bilig» əsərindən və başqa ortaq türk mən­bələrindən aydın olur ki, XIII əsrdən əli­­mizə gəlib çatan zəngin materiallar – Həsənoğlunun qəzəlləri, «Das­tani-Əhməd Hərami» məsnəvisi, Qul Əlinin «Qisseyi-Yu­sif», Suli Fə­qihin «Yusif və Züleyxa», İsanın «Mehr və Vəfa» əsər­ləri birdən-birə yaran­ma­mış, böyük özül üzərində meydana çıxmışlar.

Bu əsərlərin ən səciyyəvi cəhətləri onların şifahi şeir nü­munələrinə yaxınlığı, xalq dilində yazılması, türk dilinə məxsus ar­xaik elementlərlə zənginliyi, ərəb, fars söz və tərkibləri ilə son­rakı dövrdə (əski dövrün ikinci mərhələsində) olduğu qədər ağırlaşdırılmış olmamasıdır. Bu hal «Kitabi-Dədə Qorqud»un di­lində olduğu kimi, Həsənoğlunun qəzəllə­rində, Qul Əlinin, Suli Fəqihin, İsanın məsnəvilərində, müəllifi naməlum olan «Dastani-Əhməd Hərami»nin dilində özü­nü göstərir. Sonrakı mərhələdə qəzəl adı ilə genişlənən janr əs­ki dövrün əvvəlində xalq şeiri şə­klində – türki adı ilə yayıl­maqda idi.

Lakin tədricən – əski dövrün ikinci mərhələsinə keçildikcə Qa­zi Bürha­nəddinin, Nəsiminin və sonrakı əsrlərdə Kişvəri, Fü­zuli və başqalarının əsərlərində ərəb və fars dillərindən alınmış söz­lər və silsiləli izafət tərkibləri çoxalmaqla klassik şeir üslu­bu­nun dilini xeyli ağırlaş­dırmışdır.

Əski dövrün sonlarında damu (cəhənnəm), onəlmək (yax­şılaşmaq), əsrük (sərxoş) tipli bir sıra sözlər, qədim dövrlərin ya­digarı olan kəndi, şu, şöylə, işbu və s. kimi əvəzliklər arxaik fon­­da keç­miş­dir. İlkin mərhələdə dilin sintaktik quruluşunda mil­li söz birləş­mə­si və cümlə modelləri əsas yer tutur. Bununla yanaşı, ərəb və fars dillərinə məxsus izafət tərkibləri də nəzəri cəlb edir. İsim hallarının müvazi işlənməsi, birinin digərini əvəz edə bil­məsi (məs.: yönlük halın çıxışlıq hal mə­qamında iş­lənməsi: Sor­du Mehri Vəfaya: Halın nədir? Mehri aydır: Çün bəni sor­dun bə­ («Mehri və Vəfa») – bu sahədə sa­bitləşmənin başa çat­maması ilə bağlıdır. İlkin mərhələdə feli tər­kiblər üs­tünlük təşkil edir, la­kin mər­hə­lənin sonuna doğru ana­litik budaq cüm­lələr və tabe­lilik bağla­yıcıları aparıcı mövqe qa­za­nır. İsmin tə­sir­lik halın­da saitlə bitən sözlərdə n bitişdiricisi tədricən y sa­mitini sıxış­dırır: atayı atanı. İnto­nasiya ilə qurulan mürəkkəb cüm­lələr çox işlənir.
Yeni dövr. Ədəbi dilin inkişafının ikinci mərhələsi XVI əsrdən baş­layır. Bu əsrin erkən çağında Şah İsmayılın fə­aliyyəti ilə ölkədə yaranan ərazi birliyi, iqtisadi və mənəvi həyat birliyi milli in­ki­şaf üçün zəmin yaratmışdır. Lakin bu inkişaf XIX əsrə qə­dər zəif getmişdir. Xüsusilə XVIII əsrin ortalarında Azərbaycanın xanlıq­lara parçalanması bu inkişafı ləngitmişdir. XIX əs­rin əvvəllərində Azərbaycanın Rusiya və İran tərə­findən bö­lün­məsi xal­qımızın tarixinin qara səhifələrindən olsa da, Ru­siya ilə əlaqə Şi­mali Azərbaycanda milli inkişafı sürətlən­dirmiş­dir.

Bu dövrü də bir neçə mərhələyə ayırmaq olar: a) milli dil isti­qamətində inkişaf dövrü – XVI–XVIII əsrlər; b) milli dilin təşəkkülü və inkişafı dövrü – XIX əsr və XX əsrin birinci rü­bü; c) milli dilin intensiv inkişafı və yenidən qurulması dövrü – XX əsrin birinci rübündən sonrakı dövr.

Bu dövrün əvvəlindən başlayaraq yeni realist şeir üslu­bu­nun ya­ranması dilimizin xəlqiləşməsinə, milliləşməsinə təkan vermiş, onu milli inkişaf yoluna salmışdır. Yeni realist şeirin ba­nisi M. P. Vaqifdən iki əsr əvvəl yaşamış Qurbanidir. Qur­baninin, Xətainin, Tufarqanlı Ab­bas, Xəstə Qasım və başqa­la­rının əsərləri dilin milli zəmində inkişafına güclü təsir göstərmişdir. XVI əsrdə Füzuli, XVII əsrdə Məsihi birinci dövrün son zir­və-nüma­yən­də­ləri olmuş, onlarla paralel Qurbani və Xətai doğul­maqla yeni dövr əs­ki dövrün içərisində inkişafa başlanmışdır.

Yeni dövrün ikinci mərhələsində Azərbaycan dilinin istifadə və iş­lən­mə dairəsi daha da genişlən­miş­dir. A. Bakıxanov, Q. B. Zakir, S. Ə. Şir­va­ni və başqalarının yara­dıcılığı ilə satirik ədə­biy­yat inkişaf etmiş, M. Ə. Sabir, Ə. Haqver­diyev, C. Məm­məd­qulu­za­də kimi nəhəng satira usta­ları meydana çıxmışdır. M. F. Axundov­dan başlayaraq yeni realist nəsr və dram üslubu böyük vüsət qazanmışdır. Fəlsəfi traktatlar, elmi əsərlər, epistolyar üslub nümu­nə­ləri, mətbuat meydana çıxmış, çoxsaylı qə­­zet və jurnallar nəşr olunmuşdur. Sovet dövründə mənzum dram janrı, iri romanlar yaranmış, XX əsrin əvvəllə­rin­dən başlayaraq dilə nəza­rət güc­lənmiş, dəfələrlə əlifba, orfo­qra­fiya, ter­minologiya məsə­lə­ləri müzakirə edilmiş və nizama salın­mış­dır.

Azərbaycan dilinin müasir elmi tədqiqinə başlanmışdır. Azərbaycan dili haqqında ilk həcmli elmi qrammatikanı Mirzə Kazım bəy yazmışdır (Türk-tatar dilinin qram­ma­tikası, 1839). Az sonra M. Vəzirovun, L. Bu­daqovun, M. Əfşarın, N. Nəri­ma­novun, S. M. Qənizadənin qrammatika kitabları mey­da­na çıx­mışdır. Bunların bir qismi rus dilində olmaqla, həm də bəsit idi, məktəb qrammatikaları həcmində idi. Dilimizin fonetik siste­mi­nin, lüğət tərkibi və qrammatik quruluşunun əsl elmi tədqiqi XX əsrin 50-ci illərindən mümkün olmuşdur. Sovet dövründə görkəmli dilçi alimlər nəsli (B. Ço­banzadə, Ə. Dəmirçizadə, M. Şi­rəliyev, M. Hüseynzadə, Ə.Ab­dul­layev, Z. Bu­daqova, A. Axundov, T. Ha­cıyev, Y. Seyidov və b.) yetişmiş, Azərbaycan dilinin tarixinə, müasir və­­ziy­yətinə, dialekt və şivə­lərimizə həsr olunmuş qiymətli mo­no­­qra­fiyalar, dərs­lik və dissertasiyalar yaranmışdır. Sovet dövrün­də dünyanın ən görkəm­li alim və yazıçılarının əsərləri Azər­baycan dilinə tər­cümə edil­mişdir. Azərbaycan ədəbi dilinin elmi, bədii, publisistik və rəsmi-sənəd üslubları paralel şəkildə inkişaf etmişdir. Rəsmi-sənəd üs­lubu ilə bağlı çətinliklər müstəqilliyin yenidən bərpası dövründə aradan qaldırılmışdır.

Hələ qədim dövrlərdən Azərbaycan dili xarici alim və səy­yahların diqqətini cəlb etmişdir. XIX əsrdə bir sıra xarici alim və yazıçılar (M.Y.Lermontov, A. A. Bestujev-Marlinski, Y. Vey­den­baum və b.) bu dilin asanlığı və sadəliyi haqqında fikir söy­lə­miş­lər, bu dil ilə bütün Ön Asiyanı gəzmək mümkün olduğunu qeyd etmiş, onu fransız dili ilə müqayisə etmişlər.

Hazırda Azərbaycan dilinin mühüm funksiyalarından biri onun döv­lət dili olmasıdır.

Dediyimiz kimi, Albaniyanın dövlət dili türk dili olmuşdur. Vassalı olduqları parfiyalılar da türk idilər. Sasanilər dövründə, yə­qin ki, yazış­malar fars və türk dillərində olmuşdur. Ərəb işğa­lın­dan sonra rəsmi yazılı dil ərəb dili, ümumi ünsiyyət dili Azər­baycan türk dili olmuşdur. Xilafət zəiflədikcə xalqın dili üstünlük qazanmışdır. Cəlairilər, qaraqoyunlular, ağqoyunlular dövründə dövlət idarələrində əsas dil türk dili idi. Səfəvilər döv­ründə Azərbaycan dili rəsmi şəkildə dövlət dilinə çevrilmişdir. Son­rakı dövrlərdə xanlıqlar öz dillərini saxlamışlar. Rus işğalın­dan sonra rəs­mi yazışmalar dili rus dili, ümumi ünsiyyət dili Azər­baycan dili olmuşdur. XIX əsr sona yaxınlaşdıqca Azər­bay­can dilində məktəblər və mətbuat yaranmış, XX əsrin əvvə­lin­də dilin im­kan­ları daha da genişlənmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) hö­kumətin 1918-ci il 27 iyun qərarı ilə türk dili dövlət dili elan edil­­mişdir.

Sovet dövrünün ilk onilliyində Azərbaycan ədəbi dili tam hü­quqlu bir dil kimi fəaliyyət göstərmişdir. Lakin tədricən mər­kəz səviyyəsində mü­şa­virələrdə və rəsmi kargüzarlıq işlərində rus dilindən istifadə edil­mişdir. Azərbaycan dili ali və orta mək­təb­lərdə əsas dil olmuş, el­mi əsərlər əsasən bu dildə yazılmış, ək­sər mətbuat orqanları Azərbaycan dilində çap olunmuşdur.

Azərbaycanın görkəmli ziyalılarını daim dövlət idarələ­rin­də kar­güzarlıq sənədlərinin dili maraqlandırmışdır. 1956-cı il av­qustun 21-də Azərbaycan SSR Ali Sovetinin 4-cü çağırış 3-cü ses­si­yasında Azərbaycan dilinin dövlət idarələrində tətbiqi barə­də xüsusi qərar qəbul edilmişdir. Bu qərarın qəbul edilməsində xalq yazıçısı Mirzə İbrahimovun xüsusi xid­məti olmuşdur. Lakin mərkəzi hö­kumət tərə­fin­dən bu qərar tezliklə dayandırılmışdır.

1978-ci ildə qə­bul edilmiş yeni Azərbaycan Konsti­tusiy­a­sına Azər­baycan dilinin dövlət dili olması barədə ayrıca maddə daxil edilmişdir.

1991-ci ildə SSRİ-nin dağılması və Azərbaycanın ye­ni­dən öz müs­tə­qil­liyini bər­pa etməsi Azərbaycan dili ilə bağlı əngəl­lə­ri aradan qal­dır­ma­ğa im­kan verdi. 8 iyun 2001-ci il tarixli «Döv­lət dilinin tətbiqi işinin tək­mil­ləşdirilməsi haqqında», 9 av­qust 2001-ci il tarixli «Azər­baycan əlif­ba­sı və Azərbaycan dili gü­nü­nün təsis edilməsi haqqında», 30 sentyabr 2002-ci il tarixli «Azər­­­baycan Respublikasında dövlət dili haqqında» adlı qa­nun, qə­­rar və sənədlər Azərbaycan dilinin tam hüquqlu bir dil kimi fə­­aliy­yətini təmin etməyə əsas verən tarixi sənədlərdir. Bu sənəd­lər pre­zi­dent H. Əliyev tərəfindən imzalanmışdır.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə