Almanı dişləyəndə, protezi yenə şıqqıldadı. Elə bil dişinin altında fındıq qabığı sındı. Toğrul da çönüb yenə təəccüblə, bir az da qorxa-qorxa əvvəl onun ağzına, sonra gözünün içinə baxdı. Yəni o nəydi?!




Yüklə 58.25 Kb.
tarix22.04.2016
ölçüsü58.25 Kb.
UYDURMA

(hekayə)


Almanı dişləyəndə, protezi yenə şıqqıldadı. Elə bil dişinin altında fındıq qabığı sındı. Toğrul da çönüb yenə təəccüblə, bir az da qorxa-qorxa əvvəl onun ağzına, sonra gözünün içinə baxdı. Yəni «o nəydi?!..»
Ağzına protez salandan bəri, Toğrul ona bir az ayrı cür baxmağa başlamışdı. Hər dəfə nə isə dişləyəndə, palçığı boşalmış protezi yerindən oynayıb şaqqıldayırdı, hərdən də yerindən çıxıb ağzının içində köntöy-köntöy fırlanırdı, az qalırdı sıçrayıb ağzından yerə düşə. Biabırçılıqdan da çox, qorxurdu ki, Toğrulun başına hava gələr. Çünki düz üç il idi ki, protez laxlayıb ağzının içinə qəribə şaqqıltı salırdısa da, Toğrul bu şaqqıltının dəqiq nədən yarandığını heç cür müəyyənləşdirə bilmirdi.
Fikirləşdi ki, Toğrulun başına hava gəlməsin deyə, protez salan gün gərək hər şeyi olduğu kimi açıb ona deyəydi. Deyəydi ki, ağzının hər iki tərəfindən düşən bircə dənə dişə görə, o biri saf dişlərinin yonulmasına razı olmadığından, daha doğrusu, əti ürpəşdiyindən, belə bir əndirəbadi protez düzəltdirməli oldu. Onda, yadına gəlir, belə fikirləşdirdi ki, ikicə dişə görə bütün damağını örtən bu boyda protezi ağzında aylarla, illərlə gəzdirə-gəzdirə, hamıdan, ələxüsus da Toğruldan gizli saxlamaq – iki dişə görə dörd sağlam dişi yondurmaqdan qat-qat asandı. Amma indi başa düşürdü ki, sən demə, ağzının içində də gizli bir şey saxlamaq - nəinki çox çətin, olduqca qəliz məsələymiş.
Keçən həftə qayınatasıgilin qonşuluğunda da cavan bir gəlini belə bir protez öldürmüşdü. Deyilənə görə, gecələrin birində təxminən belə bir protez yerindən oynayıb qadının nəfəs yoluna keçmişdi, gəlin yuxuda ikən onu boğud öldürmüşdü.
Fikirləşdi ki, əgər protezdən ölən yaşlı bir qadın, ya kişi olsaydı, bəlkə də bu hadisə onu bir o qədər də narahat eləməzdi. Amma ölən - onun kimi cavan gəlin idi. Onun da, onun kimi bir oğlu vardı, əri də Toğrulla bir idarədə işləyirdi. Bu, elə bil nə isə, Allah tərəfindən ona verilən xəbərdarlıq kimi bir şey idi, görünür.
Olsun ki, o gəlin də ağzındakı protezi, ərindən gizli düzəltdiribmiş. – fikirləşdi. Ona görə də onu, bütün ağzıprotezli qocalar kimi, gecələr çıxarıb suyla dolu stəkana qoymurmuş.
Hmin o faciədən sonra, gecələr, işığı keçirəndən sonra ağzındakı protezi, Toğrul hiss elməsin deyə, gizlincə çıxarıb balışının, döşəyinin altına soxurdu. Sonra da səhərə qədər çabalaya-çabalaya qalırdı ki, birdən səhər protezi yerinə taxmaq yadından çıxar, ya protez Toğlrulun əlinə keçər, ya da gülüb-eləyəndə, boş dişlərinin yerləri görünər və üç ildən bəri ağzının içində qəfildən «sınan» naməlum «fındıq qabığının» sirri axır ki, açılar.
Fikiirləşdi ki, «fındıq qabığının» sirrinin açılmağıyla, Toğrulun, üzünü turşutmağı bir olacaqdı. Çox olsun ki, Toğrul ümumiyyətlə ondan inciyəcəkdi. Üç il idi, həmin o iyrənmə prosesinin qabağını min bir müsibətlə saxlamışdı. İndi gərək ömrünün axırınacan - damağı sökülüb açılsa belə, protezi ağzından çıxarmayaydı.
Fikirləşdi ki, olsun ki, hər ucuna bircə diş taxılan bu çəhrayı, sintetik protez o, öləndə də, əti əriyib torpağa qarışanda da çürüməyəcəkdi. Uzun illərdən sonra, qəbri hansısa təsadüf üzündən qazılıb açılanda, qupquru torpağın üstündə, dərisi əriyib yoxa çıxmış kəlləsinin içində görünəcəkdi və onda hamıya hər şey məlum olacaqdı. «İsgəndərin buynuzu» nağılındakı kimi.
Fikirləşdi ki, bəlkə də Toğrul heç iyrənməyəcəkdi?!.. Niyə də iyrənməliydi axı? Protezdə iyrənməli nə vardı ki? Sadəcə, onun qocalmağından duyuq düşəcəkdi. Otuz beş yaş, qadın üçün çox da üzağardan yaş həddi deyildi axı?! Bir də, olsun ki, həmin o protezdən sonra Toğrul onun hər yerinə – saçlarına da, gözlərinə də, döşlərinə də şübhəylə baxacaqdı.
İkinci dişdəmi, almanın ətini bərk sıxmadan, ehtiyatla götürdü, ehmal-ehmal çeynəyə-çeynəyə:
– Hələ çox qalıb?.. – dedi.
- Bu kənddən sonrakıdı. - Toğrul deyib, əsnəyə-əsnəyə güzgüdən arxaya baxdı.
Bakıdan çıxandan bu sualı azı əlli dəfə vermişdi Toğrula.
– İndi mən orda harda oturacağam, evdə?..
– Evdə niyə, hamı kimi, mağarda.
– Bəs demirsən, mağarda kişilər oturur?
– O mağar ayrı. Bir mağar da oynamaqçün olacaq, orda oturarsan. Odu bax, kəndimiz…
İçini çəkib yola baxdı. Kəndin ağacları uzaqdan-uzağa bomboz bozarırdı.
Yol palçıq, hava tutqun idi. Az-maz yağış çiləyirdi. İyirmi dörd saat bu boyda palçığın içində neyləyəcəkdi, ilahi?! İyirmi dörd saat!..
Toğrula nə var? Gedib qohum-əqrəbasıyla bir yanda oturacaq, yeyib-içəcək, danışıb-güləcək, hələ bəlkə maşina minib o biri qohum-əqrəbasına da baş çəkməkdən ötrü qonşu kəndlərə qonaq da gedəcək. Toğrulun bu dünyada, saysız-hesabsız qohum-əqrəbasından savayı nəyi vardı ki?!
Belə deyəndə, Toğrul həmişə pərt-pərt gülürdü. Toğrulun sükanı hərlədən qollarına baxa-baxa fikirləşirdi ki, indi sevindiyindən Allah bilir, uçmaq istəyir. Qohum-əqrabasıyla da rastlaşdı, ağzı yumulmaq bilməyəcək, dişləri Bakıya gələnəcən elə ağara qalacaq. Qohum-əqraba da ki, nə qohum-əqraba. Biri-birindən gözəl. Birinin üzünə sızanaq çıxan kimi, o birilər səs-səsə verib, qarğa-quzğun kimi tökülüşüb gəlirlər, analı-bacılı, oğullu-uşaqlı, gəlinli-nəvəli. Hərəsinin də öz xalauşaqları, bibiuşaqları, dayınəvələri, əmigəlinləri. Hamısı da bir-birinə oxşayır. Rəngləri qara, gözlərindən cin çıxır. İndi Toğrulu görən kimi:«Boy! Boy!» - deyə-deyə qapıb aparacaqlar. Elə də hay həşir salacaqlar, elə bil illərlə üzünə həsrət qalıblar. Özü də, nə həzz alırdılar bir-birinin başına dırmaşmaqdan?!
Onunsa işi Allaha qalıb. Kəndə çatan kimi, onu da qamarlayıb «boy-boy» - deyə-deyə, aparıb qucağıuşaqlı kənd gəlinlərinin arasına basacaqlar. Glinlərin hamıdan da yağ iyi gəlir, hərəsi də bir-bir boynundan asılıb, dişlərini ağarda-ağarda: «Boy, az, bu Toğrulunkudu ey…» - deyə-deyə ağızlarını işə salacaqlar. On öpüş bu yanağından, iyirmisi o biri yanağından. Öpüş də nə öpüş. Pulemyotdan atılan tək, qatar-qatar. Sonra da iyirmi dörd saat, döşləri qucaqlarındakı uşaqlarının ağzızlarında, hərəsi bir tərəfdə oturub gözlərini ona zilləyəcəklər. İndi yaşa görüm, necə yaşyırsan. İndi gül kimi evdə oturub televizora baxırdı. – əsəbilikdən ürəyi sıxıla-sıxıla fikirləşdi. Tərslikdən də axşam «San-Remo»nun son festivalını verəcəklər. Sonra həmin o döşüuşaqlı kənd gəlinlərini İtaliyada - «San-Remo» festivalında təsəvvürünə gətirldi. Elə də pis görünmürdü.
Sonra da fikirləşdi ki, onun yerinə kim olsa, sevinər ki, müvəqqəti də olsa, səs-küylü, havasız şəhərdən, darıxdırıcı, dördkünc evdən qırılıb, bu cür sakit, ocaq iyi verən bapbalaca, yamyaşıl kəndə gəlib. Gərək indi buranın hər bir şeyi – ağacı da, otu da, inəyi də onun üçün maraqlı olsun. Onu isə, çoxdannan bəri belə şeylər maraqlandırmır, içini tərpətmir.
Sonra fikirləşdi ki, ümumiyyətlə çoxdandı içində nəyinsə tərpəndiyini hiss eləmir. Elə bil içi buz bağlayıb. Bəlkə qocalıb, içi də, qarıların əl-ayağı kimi qırış-qırış, büküş-büküş olub, qaxaca dönüb?!..
Maşın kəndə yaxınlaşdıqca, toy qurulan mağarın səsi yavaş-yavaş eşidilməyə başlayırdı. Müğənni səsini əsdirə-əsdirə oxuyurdu:
Gələrsən qadan allam
Gedərsən yola sallam…

Toğrul arxaya çönəndə üzü dəyişmişdi: rəngi çəhrayılaşmışdı, gözləri parıldayırdı. Uzun müddətdən bəri gözləninlən nə isə vacib əhəmiyyətli bir şeyi həll etmiş, kimi qəribə bir qürurla:


– Çatdıq. – deyib qapısını açdı.
Maşının, burulub,Toğrulgilin həyətinə girməyiylə dörd bir yanının adamla dolmağı bir oldu.
– Xoş gəlibsiz, həmişə siz gələsiz!..
Marça-murç mərasimi başlandı. Toğrulu, o dəqiqə dartışdırıb ha yanasa apardılar. Gedə-gedə əl eləməyindən belə başa düşdü ki, bir də sabah – Bakıya qayıdanda görüşəcəklər. Toğrulun, başdan-ayağa güllü pal-paltara, yaylıqlara bürünmüş dayıdostusu onu bağrına basıb var gücüylə sıxandan sonra, göxləri yaşara-yaşara, təngənəfə halda evə tərəf qışqırdı.
– Az-az, tez olun, yeməyi içəri otaqda süfrəyə düzün!.. – deyə qışırdı.
Dayıdostunun cəngindən bir təhər qurtulub:
– Sağ olun, mən yeməyəcəyəm. – dedisə də, arvad əl çəkmədi.
– Heylə şeymi olar? Yoldan gəlibsiz.
– Vallah utanmııram, aclığım yoxdu hələ.
– Çay…
– Çay da istəmirəm, sağ olun.
Mağar yaxındaydı deyə, misiqinin səsindən qulaq tutulurdu. Müğənni havanı dəyişib indi lap oynaq mahnı oxuyurdu, sözlərini başa düşmək olmurdu.
Mağara sarı boylandı.
– Mən elə burda oturaram. – dedi.
Arvad kəlağayının altından bic-bic güldü:
– Neynək?!.. – dedi.
Mağar hələ tamam-kamal dolmamışdı. Sağ tərəfdə cavan gəlin-qız, solda - Toğrulun kişi qoüumları oturmuşdular, bir neçəsi də ayaqlarını dümbək çubuqları kimi çevik-çevik əsdirə-əsdirə, tər-qan içində rəqs edirdilər. Onu görüb rəqsi saxladılar, musiqi də kəsildi. Qız-gəlinin arasından bir neçəsi ayağa qalxıb onun qabağına gəldi, bir seriya da burdakı öpüşlərdən sonra onu gətirib lap yuxarı başda oturtdular, paltosunu da ədəb-ərkanla çiyninə saldılar.
Mağara gərgin sükut çökdü. Bir müddət şəhərdən gələn musiqiçilər də, müğənni də, mağardakılar da döyüküb, pərt-pərt ona baxdılar, sonra bir-biriylə yəqin onun haqqında xısınlaşıb nəyisə ayırd eləməklə məşğul oldular. Masabəyi vaxtı fotə verməyib, özünə bir stəkan çay sifariş elədi və çay gələnəcən, qabağındakı şirniyyatdan ağzına atıb çeynəy-çeynəyə nəyisə gözlədi.
Diqqət mərkəzində olmaq - həmişəki kimi, burda da xoşuna gəldi. Üzbəüzdə oturan bərbəzəkli cavan qızlar da, olsun ki, bunlar kəndin gözəlləriydi, nəfəs dərmədən ona baxırdılar.
Ayağını ayağının üstə aşırıb fikirləşdi ki, o, burda kiminsə xoşuna gəlməyə bilməz. Məsələn, bu üzbəüzdəki qızlar nə qədər cavan olsalar da, nə qədər bəzənib-düzənsələr də, tarlada, tövlədə işləməkdən, elə bil bir taya paltarın içində yuyulub çəngəllənmişdilər, sonra zivəyə pis sərildiklərindən, əyilib yöndəmsiz günə düşmüşdülər. Birinin qıçı əyridi, bu birinin qolları qısaydı, o birinin kürəyi bədəninə görə yekəydi.
Çox keçmədi ki, mağara, Toğrulun bibisi daxil oldu, o da «buy-buy!..» - deyib şellənə-şellənə onun üstünə yeridi, uzun marça-murçdan sonra, musiqiçilərə işarə verib qabağında yastı-yastı süzməyə başladı.
Qətiyyən oynamaq həvəsi yox idi. Müqavimət göstərməyin də mümkünsüz bir iş olduğunu, hələ bir neçə il bundan əvvəl, Toğrula yenicə ərə gedəndən sonra həmin bu kəndə gəldikləri toyda bilmişdi. Odu ki, əlacsız halda paltosunu çiynindən stulun söykənəcəyinə sürüşdürüb ayağa qalxdı, əyninə kip yapışan qara paltarında ortaya çıxanda, bütün mağar elə bil təhqir olundu, hamı yumağa döndü.
Fikirləşdi ki, onu görəndən sonra, mağarın aşağı başındakı uzun skamyada, əriştə kimi bir-birinə sarmaşıb oturan bu kənd gözəlləri, azca da olsa, özlərinə nifrət eləməyə bilməzdi. Onun dərisiylə öz dərilərini, ayaqlarıyla ayaqlarını, ya üz cizgilərini tutuşdurub özləri barədə acı həqiqəti yəqin ki, anlayırdılar. Bəlkə də belə deyildi? Özündən savayı heç kim ona valeh olmurdu, mağarın təhqir olunmağını da, camaatın yumağa dönməyini də o, özündən uydururdu? Amma oynadıqca, mağarın göz qırpımında adamla dolmağını, ayaq üstə dayanıb ona əl çılınların dairəsinin daralmasını, onu əhatəyə alanların gözlərinin böyüdüyünü ki, o, özündən uydurmurdu?!.. Mağarın sağ girişində, hamıdan arxada, əlləri cibində dayanıb əl çalmadan ona baxan alagöz oğlanın isə halı lap dəyişmişdi, gözləri yaşarmışdı… Hə… - oynaya-oynaya, oğlana sarı baxmasa da, gözünün yanıyla ağladığını dəqiq görürdü… Oğlan ona baxa-baxa ağlayırdı…
Ağlamalıydı da. - oynamaqdan bezib, yerinə qayıda-qayıda fikirləşdi - Bir də onu nə vaxt görəcəkdi ki? Bu toy da, bu mağar da, onun bu qara paltarı da – ömrü, kəndin bu palçıqlı bozluğu içində keçən oğlanın yaddaşına əbədi həkk olunacaqdı, o qocalanda da, ölüm yatağında can verəndə də gözünün qabağından getməyəcəkdi və onda da o eynilə beləcə, heç kəsə heç nə demədən, onun üçün səssiz-səmirsiz ağlayacaqdı…
Yerinə əyləşib paltosunu çiyninə sala-sala fikirləşdi ki, bəlkə oğlan ağlamırdı, gözü soyuqdan yaşarırdı? Onun da gözü həmişə soyuq küləkdən yaşarır. Gözünün ucuyla oğlana sarı baxdı. Yox, oğlan həqiqətən ağlayırdı. Ona baxa-baxa ağlayırdı. Gözündən sızıb yanağına ilişiən iri yaş damlası mağarın işığından brilliant kimi bərq vururdu.
Üzünü çevirib ortada oynayanlara baxdı. Müğənni də – orta yaşlı balacaboy kişi də hələ də ona baxa-baxa «Cəmilə» mahnısını oxuyurdu. Görən hardan bilmişdi, adı Cəmilədi?.. Bayaq o, ayağa qalxandan, başını, qaş-gözünü əsdirə-əsdirə «Cəmilə»ni oxuyurdu.
Bir azdan mağar adamla dolub isindi. Deyəsən ona baxmaqdan da doydular, ya da bəlkə gözləri onun ağlığına alışdı?!.. Kənd arvadları, cavan gəlinlər rəqsə girməkdən ötrü növbə tutur, mü.ənniyə pul ötürüb öz havalarını çaldırır, sonra cüt-cüt üzbəüz dayanıb qızara-qızara, utana-utana rəqs edirdilər.
Sonra nə oldusa, məclis lap qızışdı. Müğənni oxuya-oxuya özü də ortaya atılıb rus dənizçiləri kimi oturub qalxa-qalxa oynadı, sonra adamlara hücum çəkib, hamını oynatmağa başladı. Oynayanlar çoxaldı, oturanların da sayı artdı. Arada Toğrulu da, hardansa dartıb ortaya gətirdilər.
Sonra qəfildən mağarın üzbəüz tərəfindən soyuq hava axdı üstünə. Paltosunun yaxalığını dartışdırıb küləyin hardan gəldiyini axtardı. Bayaq mağarın sağ girişəndə dayanıb ona baxa-baxa ağlayan oğlan idi… gəlib burda – onunla üzbəüz cərgədə adamların arasında dayanmışdı, bayaqkı qəzərli gözlərlə ona baxırdı, amma deyəsən daha ağlamırdı. Olsun ki, heç bayaq da ağlamırdı, ona elə gəlmişdi?.. – fikirləşib üzünü yana çevirdi.
Oğlan - ucaboy, şiv bədənli, gözəl bir adam idi, əlləri cibində, gözləri isə hər onun baxışından çaşırdı. Belə həyacanlı üzün yiyəsinin əlləri cibində, laqeyd vəziyyətdə dayanmağı ona qəribə gəldi. Sonra da fikirləşdi ki, belə bir oğlanın xoşuna gələməsində əslində qəribə bir şey yoxdu. Bu oğlan ona aşiq olsaydı belə, bu da çox təbii bir şey olardı. O qədər ona aşiq olan vardı ki. Nolsun ki, otuz beş yaşı vardı? Otuz beş yaş - qadının çiçəklənmə və müdriklik dövrüdü. Bunu hardasa oxumuşdu. Hansısa fransız yazıçısının kitabında. Mopassan idi, ya da Balzak idi, dəqiq yadına sala bilmədi. Yoxsa «Zdorovye» jurnalının axırıncı nömərsində oxumuşdu bunu?!..
Oğlan kənd camaatına qətiyyən oxşamırdı. Nə geyimi, nə duruşu, nə sir-sifəti. Elə bil bu dəqiqə «San-Remo»dan gələn təyyarədən düşmüşdü.
Fikirləşdi ki, bu dəqiqə onun iyirmi yaşı olsaydı və ərdə olmasaydı… onda bu oğlan yəqin ki, onun ardınca Bakıya gələcəkdi, onu, harda olsa, axtarıb tapacaqdı…
Sonra bu mənzərəni gözünün qabağına gətirdi… Gör bir necə yaraşardılar bir-birinə. Fikirləşdi ki, niyə insanın həyatı, cavanlığı belə qısadı? Niyə bu qədər sərhədlər, bu qədər çərçivələr, səddlər var?
Sonra Toğrula ərə getməyi yadına düşdü. Necə olmuşdu ki, qətiyyən xoşuna gəlməyən, ürəyinə yatmayan, danışığı, üzünün ifadələri, yerişi ürəyini bulandıran bir adama ərə getmişdi? Bəlkə Toğrulun atasının dövlətinə, ad-sanına görə? Ya bəlkə ona görə ki, o illər rəfiqələrinin əksəriyyəti, çörək növbəsinə dayanan kimi, bir-birinin ardınca tez-tez ərə gedirdilər?..
Yox, bunların heç biri deyildi. – fikirləşib ayaqqabısının burnuna yapışan palçığa baxa-baxa fikirləşdi. İndiki kimi yadına gəlir, necə günlərin bir günü psixiator-həkim bacısı onun, O dünya, ruhi əlaqələr haqqında əlaqəsiz söhbətlərinə qulaq asandan sonra, bir müddət üzünə – əcayib olan nəyəsə baxan kimi baxaraq, qəribə mülləm təbiriylə anasına:
– Bu qızı ərə vermək lazımdı. Özü də mümkün qədər tez. – demişdi. – Normal qadın həyatı yaşamaqdan ötrü bu, çox vacibdi.
Onda, yadına gəlir, anası dəhşət və təəccüb dolu gözlərlə ona elə baxmışdı, elə bil o, hansı yollarlasa gəlib dərin bir uçurumun kənarıa çıxmışdı və bircə səs, ya söz kifayət idi ki, ordan başıaşağı – sonu, dibi görünməyən uçurumun dərinliyinə yuvarlançın. Ən qəribəsi isə o idi ki, bacısının çoxmənalı təbəssümlə, anlaşılmaz təhlükə və hüzn saçan səslə dediyi o sözlərdən sonra o, özü də özünü həmin o dərin uçurumun kənarında hiss eləməyə başlamışdı. Beyninə yeritmişdi ki, əgər tezliklə ərə getməsə, nə isə böyük bir bədbəxtliyə düçar olacaq… tək tənha qalacaq, çəkdiyi şəkillərə baxa-baxa başına hava gələcək, yeməyə çörək tapmayacaq, dilənə-dilənə küçələri gəzəcək, ərdə olan rəfiqələrinin uşaqları onun ovcuna xırda pullar basıb, ağlaya-ağlaya analarının qucağına qaçacaqlar, rəfiqələri də uşaqlarına qoşulub, bədbəxt rəfiqələrinin ardınca baxa-baxa ağlayacaqlar və sair və ilaxır.
Hə, yadına gəlir, o günlər – rəssamlıq, dahi Van Qoq, «İsa peyğəmbərin çarmıxa çəkilməsi», iyi canına, yaddaşına yeriyən rənglər… canında gəzdirdiyi həyəcanları, titrəmələri, sıxıntıları, heyrətini hərdən bir ifadə eləməyi bacaran fırçaları, hər şey yaddan çıxmışdı. Qollarını taqətdən salan, ürəyini darıxdıran bircə şey idi : Tezcə ərə getmək! Kimə olur-olsun. Təki uçurumun sürüşkən kənarından uzaqlaşıb qurtulmaq. Yoxsa, gec olacaq… yoxsa, məhv olub gedəcək.
Oynayanlara baxa-baxa fikirləşdi ki, bu da bir cür anormallıqdı. Niyə bacısının bircə dəfə dediyi o səfeh fikir o vaxt beyninə elə yerimişdi?!.. Olsun ki, bacısını uzaqgörən ağlına, müdirikliynə bələd idi, ona görə. Ya da bəlkə, özü də, anasının deyən kimi, öz iblis intuisiyasıyla, aylar, illər ötdükcə, ona sarı irəliliyən tənhalıq və üzüntülər dolu yarıqaranlıq həyat yolunun yaxınlaşmaqda olduğunu hiss eləmişdi. Hiss eləmişdi ki, daim hardasa – gündəlik həyatından bir qədər aralıda daldalanan, tez-tez ordan da harasa, daha naməlum ərazilərə qəfil sıçrayışlar edən baş-ayaq ruhunu nizamlayıb müəyyən çərçivələrə salmaqdan ötrü, mütləq öz sistemi, ənənəsi, qanun-qaydası olan ailə həyatı gərəkdi. Elə bir həyat ki, əlində fırça, gözü hansısa naməlum nöqtələrdə, gedib İvanovun yaratdığı «İsa peyğəmbərin hüzuruna» çıxmasın. Bunu görünür ki, o vaxt özü hiss eləmişdi. Özünü yaxşı tanıyırdı, ona görə. – fikirləşdi. Onu bildiyindən döndərmək – mümkün olan iş deyildi. Toğrula da özü ərə getmişdi, psixiator bacısının da burda heç bir günahı yox idi. O birilərin içindən Toğrulu da yəqin ona görə seçmişdi ki, o vaxt qabağına çıxanlardan ən üzüyolası, həlim xasiyyətlisi o idi. Hələ o vaxt hiss eləmişdi ki, Toğrulu istədiyi vaxt, yəni həyatından bezəndə, tanış darısqallıqlara düşüb, havasızlıqdan əl-qol ata-ata çabalayanda, səhər-axşam divardan asıla-asıla ardı-arası kəsilmədən danışan, arada bir mahnı oxuyub musiqi çalan radionu söndürən kimi söndürə bilər və sonra da istəsə, uzun müddət yandırmaz. O vaxt gəlib çatmışdı.
Çönüb oğlanın üzünə baxdı. Oğlan, onun bu qəfil hərəkətindən çaşıb gözünü qaçırtdı, bir müddət harasa yana baxdı, sonra yenə ona baxdı.
Beləcə bir neçə dəqiqə bir-birinə nə isə deyən kimi, bir-birinə baxdılar. Və bütün mağar - içindəki musiqiçiləri, oynayanlarıqarışıq əriyib harasa kənara çəkildi, musiqi də, adam səsləri də zəifləyib harasa aşağı endi…
Oğlanın əlləri yenə cibindəydi. Ən çox da xoşuna gələn, nədənsə elə bu idi. Bunda nə isə soyuqanlılıqla bağlı sirli, cazibəli bir şey vardı.
Oğlanın rəngi, ona baxdıqca ağarırdı, gözlərinə yenə yaş dolurdu… Ya bu, ona elə gəlirdi?..
İçində nə isə burxuldu… Elə bil bətnində uşaq tərpəndi. Gözünü oğlanın üzündən çəkib yerə, oynayanların ayaqlarına baxdı.
Oynayanlar ayaqlarını bərk-bərk yerə vurdular. Təpiklər yerə dəydikcə, mağarın döşəməsi isinirdi, yumşalırdı, əriyirdi…
Olsun ki, bu oğlan xoşuna gəlirdi…- fikirləşdi. Yoxsa gəlmirdi?..
Axır vaxtlar özü öz içiylə elə hesablaşırdı, elə bil içi özünə aid deyildi. Bu, nə idisə, ondan bir addım aralıda, bir xeyli yuxarıda, halını, xasiyyətini həmişə anlamadığı, dərk eləyə bilmədiyi anlaşılmaz bir varlıq idi. Çox vaxt xoşuna gələn nəyinsə, sonradan həmin o mücərrəd varlıq tərəfindən rədd edilməsinin məyusluğunu dönə-dönə öz dərisində hiss eləmişdi deyə, ində nə isə barədə qəti əminliklə qərar çıxarmaqda çətinlik çəkirdi.
Amma indi məsələ ayrı cür idi. – bir əliylə saçlarını sahmana sala-sala fikirləşdi. İndi həmin o «nə isə» xoşuna gəlməsə də, elə eləməliydi ki, gəlsin. Yoxsa, bütün günü bu boyda palçığın içində diri-diri öləcəkdi, palçıq dolu bu həyətin cansığıcı bozluğunu burdan özüylə düz şəhərə aparacaqdı.
Musiqiçilər havanı dəyişdilər və ortaya balacaboy arıq bir kişi girdi, ayaqlarını dümbək ağacları kimi cəld-cəld tərpədə-tərpədə şıdırğı oynamağa başladı. Kişinin ayaqlarından havaya qalxan tozu udmamaq üçün ağız burnunu əliylə bağlaya-bağlaya fikirləşdi ki, niyə belə tərsimayallaq fikirləşir? Axı palçıq bildiyi bu bozluğu da, cansıxıcı darıxdırıcılığı da o ki, özü ordan – həmin o bozarmış şəhərdən, bozluq içində əriyib gedən mənasızlıqlar dolu həyatından gətirib?! Odu ki, bu bozluğu, nəyin bahasına olur-olsun, burda qoyub getməlidi. Bunun ayrı yolu da yoxdu.
Bu oğlanla kəlmə də kəsə bilməyəcəkdi. Əslində buna bir o qədər ehtiyac da yox idi. Elə belcə baxmaq, bu cavan, diri gözlərin onun zahirindən heyrətləndiyini duymaq bəsiydi. Ən mənalısı da elə budu. İçini bürüyən qatı bozluğu da dağıda bilsə, bu kürən oğlanın gözlərinin qəribə, yaşımtıl rəngi dağıda biləcəkdi.
Bayaqkı güllü paltarlı arvada oxşayan ayrı bir arvad adamların arasından çıxıb yanlarını basa-basa üstünə yeridi, qolundan tutub ayağa qaldıra-qaldıra:
– Acından üzüldün tay… – deyib, onu camaatın arasıyla, onu bunu itələyə-itələyə evə sarı apardı.
Toy gecədən geyli keçəndən sonra dağıldı. Axır-axıra qalan yaxın qohum-əqrəba o ki, var oynayıb əldən düşdülər. Onu da bir xeyli oynadıb başından pul yağdırdılar…
Mağar yığılandan sonra həyətdə səs-səmir kəsildi.
Toğrulun dayısı arvadı bu dəfə nə əcəbsə, onu, çəhrayı pərdəli balaca, səliqəli otağa ötürüb:
- Gəlinin otağıdı bala, rahat yat. Onnarı bu gecəliyə qaynımgilə göndərdim. – deyib çıxdı. Sonra pillələri düşə-düşə: - Toğrulu Xallıya apardılar, bibisiuşaqlarıgilə…
«Xallı» olsun ki, qonşu kəndlərdən biriydi. Toğrulun qoyum-əqrəbası, belə getsə, bütün Azərbaycanı bürüyəcək… - fikirləşib ayaqqabılarını soyundu, yerə döşənmiş yuşaq xalının üzəriylə yeridikcə, ayaqlarının rahatlandığını hiss elədi.
İkigözlü yatağın üstünə salınmış ipək örtüyü çəkib dörd qatlaya-qatlaya fikirləşdi ki, şükür Allaha, bu dəfə yerini ayrı salıblar. Yoxsa, ötən dəfə –altı-yeddi il bundan əvvəl bir otaqda yatmalı olduğu kənd arvadlarının xorrultusunu, iniltisini sonra bir müddət şəhərdə də eşidirdi. Yadına gəlir, onda ona, Toğrulun həmin bu dayısı arvadıyla bir otaqda yer salmışdılar. O gecə, yadına gəlir, dayıarvadının xorultusu yadına, Xiçkokun dəhşət-filimlərindən müyyən fraqmentləri salmışdı. Elə bil hardasa ağır qapı çırpıldayırdı, sonra kimsə ayaqlarının ucunda qaçıb gedirdi…
Onda, yadına gəlir, ona elə gəlmişdi ki, gecəni o qatı qaranlığında kimsə otaqlarına girmək istəyir. Amma, sonra, həmin bu «qapı» dönə-dönə cırıldayanda, məsələnin nə yerdə olduğunu anlamışdı, yerinin içində oturub, səhərin gözünü, yatağının böyründə - döşəmədə ağzıaçıq yatan dayıdostunu nifrətlə süzə-süzə açmışdı.
Paltarının düymələrini açıb, üzbəüzdəki güzgüdə özünə baxdı. Doğrudan gözəl idi. Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, vaxt gələcək - bu gözəl, hamar dərisi bürüş-bürüş olub solacaqdı, bozaracaqdı. Sonra əllərini belinə vurub, bir müddət də güzgüdə özünə belə baxdı. Sonra fikirləşdi ki, Toğrul üçün bu bədən, bu dəri, bu saçlar artıq çox adidi. Olsun ki, Toğrul onun dərisnə də, saçlarına da toxunanda, daha heç nə hiss eləmir, onları öz dərisi, saçları kimi tumarlayır. İndi daha saçlarının parıltısı da, gözlərinin işığı da, sürüşkən dərisi də Toğrul üçün min ilin göz döyənəyinə çevrilib. Gözü də, əli də onlara öyrəşib. Fikirləşdi ki, qınanılası deyil. O özü də adi şeylərdən necə tez bezib iyrənir?!..
Olsun ki, onun bu gözəl bədəni də, dərisi də bundan sonra Toğrul üçün beləcə adi olacaqdı. Hələ bəlkə bundan da o yana olacaqdı? Bəlkə bir müddətdən sonra Toğrul onun saçlarına, dərisinə baxanda, hamama qaçıb, orda başını əl-üzyuyana salacaqdı, gücü gəldikcə ögüyüb qusacaqdı.
Güzgünün yanındakı pəncərədən içəri elə bil soyuq hava axdı. Pəncərəyə baxanda dizləri boşaldı…
Oğlan pəncərənin o üzündəydi… gözlərini qırpmadan, dinməz-söyləməz ona baxırdı…
Bir müddət əlləri belində dayanıb çaşqın-çaşqın oğlana baxdı, sonra pişik kimi pəncərənin qabağından kənara sıçradı, küncə qısılıb nəfəsi təngiyə-təngiyə işığı keçirdi, tələm-tələsik paltarının yaxısını düymələdi. Sinəsinin döyüntüsündən az qala qulağı tutuldu. Başını küncə söykəyib gözlədi. Nəyi gözlədiyini özü də bilmirdi. Elə bil yerindən tərpənsəydi, yenə o pəncərəylə üzbəüz gələcəkdi.
Haçandan-haçana divarın dibi ilə sürünə-sürünə yatağına tərəf getdi, oğurlanıb özünü yatağına saldı, adyalı başına çəkib ürəyi əsə-əsə sakitliyə qulaq asdı, sonra adyalın arasından gözucu pəncərəyə sarı baxdı.
Oğlan deyəsən getmişdi. Ya bəlkə getməmişdi, harasa kənara çəkilib gözləyirdi?!.. Nəyi gözləyirdi axı? – ürəyi sıxıla-sıxıla fikirləşdi.
Sonra hardansa çöldən xışıltı səsi gəldi və o, başa düşdü ki, oğlan hələ də ordadı. Sonra o xışıltını daha aydın eşitdi. O idi, ayaqlarının qəsdən xışıldada-xışıldada pəncərənin qabağıyla gəzişirdi. Gəzişə-gəzişə olsun ki, onun haqqında fikirləşir, onu görmək, bircə kəlmə də olsa söz soruşmaq istəyir. Ya bəlkə nə isə demək istəyir ona? Hə, olsun ki, nə isə demək istəyir. Yoxsa gecənin bu vaxtında niyə gəlib durub burda? Sonra ürəyi əsə-əsə fikirləşdi ki, ürəyi niyə belə əsir axı?
Sonra bu haqda uzun-uzun fikirləşdi. Bayırdan eşidilən xıışıltı səsləri kəsildi. Hardasa uzaqda hürüşən it səsləri eşidildi. Olsun ki, səhərə az qalırdı. Uzun yol gəlməkdən idi, ya kəndin havasının təmizliyindən idi, nə idisə, göz qapaqları ağırlaşmışdı. Sonra it hürüşləri də kəsildi və o olsun ki, dərin yuxuya getdi.
Pəncərəni astaca tıqqıldatdılar…
Ürəyi bu taqqıltıdan şiddətlə döyünməyə başladı. Oyanıb sakitliyə qulaq asdı. Səs səmir yox idi. Təzəcə yuxuya gedirdi ki, yenə tıqqıltı səsi gəldi və … pəncərə açıldı…
Qışqırmamaq üçün iki əlini də ağzına basdı. Oğlanın silueti qaranlıqda da gözəl idi. Uzun ayaqlarıyla sakitcə içəri adlayıb pəncərəni səliqəylə bağladı. Sonra kor adamlar kimi qaranlıqda deyəsən onu axtarmağa başladı. Axtara-axtara, əlini divara, stolun üstünə çəkə-çəkə gəlib axır ki, tapdı.
Oğlanın qüvvətli qolları arasında bir xeyli çabaladı…Oğlan nəfəsi təngiyə-təngiyə nə isə dedi ona, başa düşmədi, amma səsi qulağını oxşadı. Oğlan yəqin ki, ona nə isə çox təsirli bir söz dedi… Elə bir söz ki, onu eşitməmişdən qabaq az qaldı ürəyi dayana… Sonra boynu gizildədi, oğlanın cod tüklü çənəsi boynu boyu gəzdi… Sonra oğlan onu elə sıxdı ki, az qaldı nəfəsi kəsilə…
Nəfəsi kəsildi də… oğlanın dəmir qolları arasında təngidi, qışqırmaq istədi…
Yuxudan dik atıldı… Hava təzə-təzə açılırdı. Uzaqdan xoruz banı eşidilirdi. Bir də hardansa yaxanlıqdan mal-qara sürüsü keçirdi deyəsən.
Dikəlib yerinin içində oturdu. Bədəni hələ də bayaqkı yuxusunun təsirindən titrəyirdi. Pəncərə bağlı idi. Ayağa qalxıb barmaqlarının ucunda pəncərəyə yaxınlaşdı.
Həyət bomboş idi. Darvazanın o üzündən, ağır fınxırtıları bir-birinə qarışan mal-qra sürüsü keçirdi. Ürəyi sıxıldı. Uzaqdan da olsa, o oğlanı görmək istədi…
Kaş elə indicə, hamı yuxuda ikən burda - pəncərənin qabağında, həmin o laqeyd duruşuyla dayanıb dünənki kimi ona baxaydı. Baxaydı və ağlayaydı…
Sonra ürəyi döyünə-döyünə fikirləşdi ki, sən demə, həyatı hələ qabaqdaymış… O isə elə bilirdi hər şey qurtarıb, bundan sonra ancaq uşaqlarına lazımdı və sair və ilaxır.
İndi isə… onu nələr gözləyir, onu bir Allah bilir. Yeni həyat, yeni hisslər, yeni sözlər… Cansıxıcı bozluğun axırı varımış sən demə .
Qapı döyüldü:
– Ağrın alım, gəlin, dur, bir tikə çaydan, çörəkdən ye, yola çıxırsız.
Toğrul axır ki, özünü səhər yeməyinə gətirib çıxara bilmişdi. Bir günün içində elə bil kökəlmişdi, bir az da elə bil qocalmışdı.
– Hə, necədi buralar, darıxmadın?..
Dünənki gecəni, oğlanın pəncərəyə həkk olan üzünü yadına salıb gülümsədi:
– Yox.
Yolasalma mərasiminə xeyli adam yığılmışdı. Həmişəki kimi, dayılar, bibilər, xalalar, əmigəlinləri, dayınəvələri… Pay üçün qoyun soyan kim, alma yığan kim…
Maşina əyləşəndə, birdən-birə ürəyi şəhər üçün darıxdı. Maşının salonundan şəhərin iyi gəlirdi.
– Sağ-salamat!.. Allah amanatı!..
Kimsə suyu arxadan elə atdı, maşının arxa şüşəsinə töküldü.
Maşın kəndin əyri-üyrü, palçıqlı yollarıyla kök arvadlar kimi yanlarını əyə-əyə yola düzəldi. Arxa pəncərədən, uzaqlaşdıqca balacalaşan adamlara baxa-baxa gözü yenə Onu axtardı. Ürəyi döyünə-döyünə fikirləşdi ki, görən O hardadı indi?..
Qabaqda üç inək gedirdi. İnəklərin üçü də qəhvəyi rəngdəydi, quyruqlarını yelləyə-yelləyə, özlərini burcuda-burcuda elə gedirdilər, elə bil böyürlərinə dirənib qulaqlarını batıran siqnal verən maşın da onlar kimi, qəhvəyi bir inək idi, aralanıb ona yol verməyə, deyəsən, elə bir ehtiyac duymurdular.
Toğrul əlini siqnaldan çəkmirdi. İnəklər maşını veclərinə almırdılar, burun pərələrini enlədə-enlədə, palçıqdan qaralıb sulanan nazik quyruqlarını böyürlərinə vura-vura, asta-asta yeriməklərindəydilər.
Toğrulun hövsələsi daraldı, başını pəncərədən çıxarıb, inəkləri onların özü kimi sakit-sakit aparan oğlana:
– Ə.. ə, di çək bunları da yoldan!.. – deyib çığırdı.
İnəkləri, əl-üzü his-paslı, əyninə köhnə, yekə ölçülü pencək geymiş başıaşağı bir oğlan aparırdı. Toğrul çığıranda əlindəki uzun qamışı havada oynadıb:
– Ho-ho! Ho! Ho!.. – deyə-deyə sürünü yolun kənarına sürüməyə başladı.
Toğrul qazı əsəbi-əsəbi basıb maşını irəli sürdü. Maşın oğlanın böyründən ötəndə ürəyi qırıldı…
Bu o idi! Laqeyd duruşlu, yaşıl gözlü… Yuxusuna girdiyi həmin o yaşıl gözlər indi, toz-torpaqlı sifətə səhvən düşmüş kimi əcaib görünürdülər.
Əsəbiləkdən idi, ya qorxudan idi, nə oldusa, ürəyi bulandı. Əlini ağzına tutub ögüdü. Toğrul dik atılıb geri çöndü:
– Noldu sənə?.. Soyuqlamısan?.. – dedi.
Başını bulayıb, pəncərədən çölə baxdı.
– Bəlkə yenə o söz?..
Çönüb nifrətlə Toğrula baxdı. Belə baxanda, Toğrulun həmişə üzü əyilirdi. Elə bil Toğrulun üzünə güclü təzyiqlə su buraxırdılar.
Necə də nifrət eləyirdi bu dəqiqə ona!.. Bütün günahlar ondaydı. Onun, payızın bu bozluğunda bu məzmunsuz, yad adamların arasına gəlməyi də, gecəki o ətürpədən yuxusu da, özü üçün uydurduğu o şit məhəbbət macərası da, ağzında gecə-gündüz çaqqıldadıb damağını yara eləyən protez də - hər şey, hər şey onun işi idi.
Çönüb arxaya baxdı. Oğlan, deyəsən, onu sonradan görmüşdü, çünki üzü yenə dünənki kimi işıqlanmışdı, elə bil gözləri də dolmuşdu, əllərini dünən toydakı kimi, ciblərinə salıb həmin o dolu gözlərlə maşının ardınca baxırdı…
Maşın kənddən uzaqlaşdıqca, oğlan da, inəklər də kiçilib gözdən itdikcə, yenə palçıq iyi gəlirdi.
Hardasa uzaqdan toy səsi eşidilirdi. Elə bil oxuyan da həmin müğənni idi, səsini əsdirə-əsdirə, arada bir əttökən xallar vura-vura oxuyurdu:

Gələrsən - qadan allam,


Gedərsən - yola sallam…


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə