Alimin abiddən üstünlüyü bədrli ay gecəsində ayın sair ulduzlara olan üstünlüyü kimidir




Yüklə 24.18 Kb.
tarix26.04.2016
ölçüsü24.18 Kb.


İslamda orta yol sahibləri.

Alimin abiddən üstünlüyü bədrli ay gecəsində ayın sair ulduzlara olan üstünlüyü kimidir.” Biharul ənvar 2-ci cild, səh.18

İslam dininin təşəkkül tapdığı gündən dövrümüzədək Azərbaycanın görkəmli zəka sahibləri İslam elminin inkşaf etməsində müstəsna xidmət göstərmişlər. Tarixi mənbələrdə deyildiyi kimi, uzun illər alimlər fətvalarını Bakıdan, Naxçıvandan, Ərdəbildən, Lənkərandan, Gəncədən, İrəvandan və onlarla bu kimi şəhərlərdən müsəlmanlara çatdırıblar. Belə tanınmış alimlər haqqında ayrı-ayrı kitablarda məlumat verilsə də onların heç də hamısı ilə bağlı geniş elmi araşdırmalar aparılmamışdır. Hazırda İraqın Nəcəf, İranın Qum və Məşhəd şəhərlərində Azərbaycandan olan çoxlu din alimlərinin məzarları vardır. Əfsuslar olsun ki, bu cür böyük alimlərin adları kitablara düşməmişdir. Cəmiyyətə hakim olan siyasət ilə əlaqədar olaraq ruhanilər doğma vətənindən didərgin düşmüş, öz adlarını dəyişərək qürbət ölkələrdə nəzərdən yayınmış və bəziləri isə kommunist hakimiyyətinin istəyi ilə məxfi şəkildə qətlə yetirilmişdir.

Cənub zonası öz növbəsində Azərbaycan ruhaniliyinə daim töhfəsini vermişdir. Həqiqi islami dəyərlərlə yaşayan din xadimlərimiz təkcə islam dəyərlərini xalqa çatdırmamış, təhsil mərkəzlərində dünyəvi elmləri tədris etmiş, elmi əsərlər yazmış əhalini düşmənə qarşı vuruşmada səfərbər etmiş və özləri də ön cərgələrdə düşmənə sinə gərmişlər.

Biz onların bir neçəsinin adlarına nəzər saldıqda Masallının Ərkivan kəndindən Şeyx Bəşir, Seybətin kəndindən Şeyx Əsədullah, Qızılavar kəndindən Şeyx Ələsgər, Boradigahdan Şeyx Məhəmməd, Babaser kəndindən Şeyx Qüdrət, Lerikin Mondigah kəndindən Molla Səməd (XIX əsrin 70-ci illərində Lənkəran qəzasında ilk dini məktəbin yaradıcısı) Şeyx Heydər, Şeyx Vahab, Perzora kəndindən Şeyx Camal, Zenoni kəndindən Şeyx Qələm (Molla Qulamrza), Veri kəndindən Mirkərim Axund, Hoveri kəndindən Molla Hüseyn, Lənkərandan Mirzə Məhəmmədhüseyn axund, Zövlə kəndindən Molla Baba Axund, Cil kəndindən Şeyx Qüdrət, Gərmətük kəndindən Axund Molla Yunus, Astaranın Siyətük kəndindən Şeyx Talış, Şiyəkəran kəndindən Molla Mirhaşım, Yardımlıdan Molla Pişan kimi din xadimlərini görə bilirik.

Adlarını qeyd etdiyimiz bu və ya digər din xadimləri öz dövründə daim İslamda orta yol sahibləri olmuşlar. Cəmiyyətə həqiqi islami dəyərləri təbliğ edərək, onları haqqa-ədalətə səsləmişlər. Bu alimlər sırasında Mirzə Məhəmmədhüseyn Axund, Şeyx Qələm Axund və Molla Hüseyn Axund öz dövrlərində öndə gedən ruhanilər olmaqla xalqın yaddaşında silinməz izlər buraxmışlar. Qısa bir araşdırma nəticəsində adlarını sadaladıqımız şəxslər ötən əsrin ortalarında ilahiyyat elmlərinin biliciləri kimi xalqın yaddaşında qalmış, moizə və nadir əlyazmalarında gələcəkdə baş verən bir sıra hadisələrdən elmə məlum olmayan nüanslara da yer ayırmışlar.

Hazırda Lənkəran ağsaqqallarının “İmam Axund” kimi xatırladığı Axundov (bəzi mənbələrdə Sübhanov) Məhəmmədhüseyn Əbdülhəmid oğlu 1878-ci ildə may ayının 20-də Lənkəran qəzasında dünyaya gəlmişdir. Atası Əbdülhəmidin evindən heç vaxt İslami adət-ənənələr əskik olmamışdır. Belə bir ailədə böyüyən Məhəmmədhüseyn ilk ruhani təhsilini şəhər mədrəsəsində almış və ustadı-əmisi Molla Əliəkbər (1800-1898) olmuşdur. Molla Əliəkbər dövrünün tanınmış din xadimi olmaqla yanaşı Lənkəranda fəaliyyət göstərən “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlı şairlər məclisinin fəal üzvü olmuş və “Aciz” təxəllüsü ilə şeirlər yazmışdır.

Məhəmmədhüseyn Axund uşaq yaşlarından elm öyrənmək üçün daim səy göstərmiş və təhsil almaq arzusunda olmuşdur. Digər tələbələrdən dərin zəkası ilə seçilən Məhəmmədhüseynin arzusunu Lənkəran xeyriyyəçiləri gerçəkləşdirir. Xeyriyyəçilərin təşəbbüsü və köməkliyi ilə təhsil almaq üçün İranın Tehran şəhərində yerləşən “Madərşahe-qədim” mədrəsəsinə yollanır. İrana gedərkən dövrünün tanınmış din xadimi-ustadı Hacı Axund (Molla Məhəmməd Ziya Lənkərani) öz əmmaməsini ona yadigar və təbərrük olaraq vermişdir. Tehranda təhsilini əla qiymətlərlə başa vuran Məhəmmədhüseyn Axund başqa bir elmi-dini mərkəzə İraqın Nəcəfül-Əşrəf şəhərinə üz tutur. İslami biliklərə kamil sürətdə yiyələndikdən sonra 40 yaşında vətəni Azərbaycana qayıtmışdır. Tez bir zamanda elminin kamilliyi ilə seçilərək şəhərin “Böyük bazar” məhəlləsində yerləşən “Cümə” məscidində insanlara imamlıq etmişdir.

Məhəmmədhüseyn axund Mirzəhra adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdən 3 qız, Məhəmmədağa və Həmidağa adında 2 oğlu olmuşdur. Kiçik oğlu Həmidağa uşaq yaşlarında dünyasını dəyişmişdir. Məhəmmədağa isə Tehranda hərbi həkim işləyən əmisi Məhəmmədtəqinin yanına getmiş və qızı ilə ailə həyatı quraraq orada yaşamışdır. Elektrik mühəndisi kimi fəaliyyət göstərərək İranda bir çox uğurlara imza atmışdır. Sonralar ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Məhəmmədhüseyn Axundun bir çox nadir əlyazmaları oğlu Məhəmmədağada olmuşdur.

Axund dini biliklərlə yanaşı tarix, riyaziyyat, astronomiya, ədəbiyyatı da yaxşı bilmiş və tərcüməçiliklə məşğul olmuşdur. İmkansız ailələrə, xəstələrə həmişə kömək etmişdir. Böyük savad sahibinə əvvəlcə “Mirzə”, sonra Axund, daha sonra “İmam Axund” deyilməyə başlanmışdır. Bu ləqəblərdən də göründüyü kimi Məhəmmədhüseyn Axund daim öz xeyirxah əməlləri ilə xalqın rəğbətini qazanmışdır. Yaşadığı dövrdə yazıb-pozmağı bacaran az olmuş Axund həmdə mirzəlik edərək xalqın işinə yaramışdır. Kimsəsiz ailələrə etdiyi təmənnasız köməkliklərə görə isə xalqın öndə gedəni olaraq “imam” adlandırılmışdır.

Məhəmmədhüseyn Axund daim elmi mütaliələr etmiş, dövrü mətbuatı və radio verlişlərini izləmişdir. Bunun məntiqi nəticəsidir ki, 1957-ci ildə ilk dəfə Yerin süni peyki buraxıldığı zaman bu hadisədən heyrətlənirməmiş və bunu “Allahsızlıq” adlandırmamışdı. Elminin dərinliyi, zəkasının uzaqgörənliyi ilə bir vaxt Aya da uçacaqlarını, insan ayaqlarının aya da dəyəcəyini xəbər vermişdi. Ağsaqqallarının dediyinə görə Məhəmmədhüseyn axund 50-ci illərdə məclislərin birində qeyd etmişdir ki, “Zaman gələcək telefonla danışanlar bir-birlərini də görəcəklər.”

1960-cı ilin oktyabr ayının 3-də 88 yaşında Məhəmmədhüseyn Axund axirət evinə köç etmişdir. Vəsiyyətinə uyğun olaraq dəfn məsələlərini Masallıdan olan Şeyx Bəşir icra etmişdir. Dəfninə Respublikanın bir çox bölgələrindən ruhanilərlə yanaşı elm adamları da qatılmış, Təzə Pir məscidində, oğlu Məhəmmədağa tərəfindən isə Tehran şəhərinin mərkəzi məscidinə adına ehsan verilmişdir. 7 gün davam edən hüzr mərasimində Qurani-Kərim 65 dəfə xətm olunmuşdur. Bu günə qədər Məhəmmədhüseyn Axund unudulmamış dövlət tərəfindən yaşadığı evə xatirə löhvəsi vurulmuş, küçələrinə onun adı verilmişdir.

Qasımov Qulamrza Məhəmmədrza oğlu 1883-cü ildə Lerik rayonunun Zenoni kəndində anadan olmuşdur. İlk ruhani təhsilini 10 il Xorasanda alan Qulamrza daha sonra elm şəhəri Nəcəfül-Əşrəfdə 3, peyğəmbər şəhəri Mədinədə isə 4 il İslam elmlərinə dərindən yiyələnmişdir. Ustadları tərəfindən Xorasanda təhsil alarkən gözəl hüsn-xəttə malik olduğu üçün ona “Qələm” ləqəbi verilmiş və Respublikamızda “Şeyx Qələm” kimi tanınmışdır.

Molla Qələm Axund Piruzə adlı xanımla ailə həyatı qurmuş, 3 qız Əhməd və Rzaxan adlı 2 oğul atası olmuşdur. Ailəsini daim İslami dəyərlər işığında tərbiyə etmişdir.

Mərhum Prezident Heydər Əliyev DTK-nın sədri vəzifəsində olarkən Kuveytdən gələn yüksək vəzifəli şəxslərin görüşündə məhz tərcüməçi qismində Şeyx Qələm Axund iştirak etmişdir. Qonaqlarla bir çox söhbət aparan Şeyx Qələm onların rəğbətini qazanmış və onlar “Cənab Əliyev, Sovet hökümətində belə zəkalı İslam bilicisinin olmasını ağlımıza belə gətirməzdik. Bu böyük bir möcüzədir” demişlər.

Xalq arasında daim hörmətlə yad olunan ruhanilərdəndir. Dövrünün öndə gedən din bilicisi olmuşdur. 1984-cü ildə 101 yaşında vəfat etmişdir.

Teymurov Hüseyn Ələsgər oğlu 1880-cı ildə Lənkəran qəzasının Zuvand nahiyyəsinin (indiki Lerik) Hoveri kəndində kasıb bir ailədə dünyaya göz açmışdır. Hoveri kəndi Molla Hüseyndən əvvəl Molla Əhməd, Molla Həbib, Molla Fərəc, Molla Məcid kimi dühaları yetişdirmişdir.

İlk təhsilini Molla Hüseyn doğma kəndində məhəllə məktəbində qazı Molla Məciddən almış, sonra uzaq bir yolu qət edərək Kəlvəz kəndindən olan Mirzə Cəfər Axundun dərslərində iştirak etmişdir. Mirzə Cəfər dünyasını dəyişdikdən sonra qardaşı oğlu Mirzə Əbdül Molla Hüseynə ilahiyyat elmlərinin sirlərini öyrətmişdir. Şonəyçolə kəndindən olan Axund Məhəmməd bir neçə il gələcək alimin püxtələşməsində mühum rol oynamışdır.

Molla Hüseyn Səlmi adlı xanımla ailə həyatı qurmuş Vahab adlı oğlu (dünyasını atasının sağlığında dəyişmişdir) və 3 qızı olmuşdur. Bir yetim qızı isə himayəsinə götürərək onun təlim-tərbiyəsi ilə öz doğma övladları kimi məşğul olmuşdur.

Molla Hüseyn təkcə din elmləri ilə kifayətlənmir, ailəsini dolandırmaq üçün xarrat peşəsinə yiyələnir. Hətta sovetlər dönəmində (1928-30-cü illərdə) din xadimini təqib etmək üçün ona çox böyük bir məbləğdə vergi qoyurlar. Vergini ödəyə bilmədiyinə görə səsvermə hüququndan məhrum edilirək yaşadığı evi də müsadirə olunur.

1952-ci ilin aprel ayında isə 5 il müddətində azadlıqdan məhrum edilərək uzaq İrkutsk vilayətinə sürgün edilir. 1956-cı ildə əməlində cinayət tərkibi olmadığına görə bəraət alan din xadimi həbsdən azad edilir. Uzun təqiblərdən sonra 1964-cü ilin oktyabr ayında dünyasını dəyişərək haqqa qovuşur.

Dövrünün Şeyx Qələm, Şeyx Mirbəşir, Molla Bülbül kimi din xadimləri Molla Hüseyni din fədaisi anlandırmış və çəkdiyi əzab-əziyyətə görə “imam Hüseyn əleyhissəlamdan sonra zillət çəkən Hüseyn” kimi daim xatırlamışlar.

Yekun olaraq qeyd etmək olar ki, İslam düşüncəsinin canlanıb yayılmasında böyük xidmətlər göstərmiş, Azərbaycanın böyük din xadimləri haqqında araşdırılmaların geniş tədqiqata ehtiyacı vardır. Azərbaycanlı din xadimlərimizi tanıtmaq, yaradıcılıqları haqqında yazılmış mənbələri tərcümə və tədqiq etmək hər birimizin vətəndaşlıq borcudur.



Samid Quliyev,

Lənkəran rayonu Ləj kənd məscidinin axundu,

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı

axundsamid@gmail.com






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə