Abdulla Şaiq Sözün qiyməti




Yüklə 23.38 Kb.
tarix27.02.2016
ölçüsü23.38 Kb.
Abdulla Şaiq

Sözün qiyməti

(nağıl)

Varlı bir tacirin üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”

Çox çəkmədi ki, qardaşların narazılığından ata xəbər tutdu. Qardaşları razı salmaq üçün o, öz sevimli kiçik oğlunu bir dəfə də sınamağı qərara aldı.

Tacirin alma boyda çox qiymətli bir cavahiri varmış. Bu cavahir tacirin bütün var-dövlətinin yarısına bərabər imiş. Bir gün tacir hər üç oğlunu hüzuruna çağırtdırır. Oğlanlar atalarının qarşısında əmrə müntəzir dururlar. Tacir əlindəki cavahiri böyük oğluna verib dedi:

- Oğlum, bilirsən ki, bu cavahirin mənim bütün var-dövlətim qədər qiyməti var. Al, bunu yerə çal, qırılsın!

Böyük oğul cavahiri əlinə aldı, bir əlindəki cavahirə baxdı, bir də atasına baxıb dedi:

- Ata, belə qiymətli cavahiri mən yerə vurub qıra bilmərəm, hayıfdır.

Tacir: «Mərhaba, oğlum», – deyib cavahiri ortancıl oğluna verir:

- Al, hünərin varsa, sən bu cavahiri yerə çal!

Tacirin ortancıl oğlu da böyük qardaşı kimi cavahiri qırmağa cəsarəti çatmır.
Axırda tacir cavahiri kiçik oğluna verib onu yerə vurub qırmasını tapşırır.

Tacirin ağzından söz çıxan kim kiçik oğlu cavahiri yerə çalıb parça-parça edir. Böyük və ortancıl qardaş kiçik qardaşlarının bu ağılsız hərəkətlərinə heyrət edirlər. Qardaşları bu vəziyyətdə görüb tacir kiçik oğlundan soruşur:

- Oğlum, sən bu cavahirin qiymətini bilə-bilə, necə oldu ki, onu heç elədin?

Kiçik oğul ehtiramla cavab verir:

- Ata, o cavahir nə qədər qiymətli olsa, sənin sözün mənim üçün daha qiymətlidir.

Dəvə və siçan



Bir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxına gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan öz-özünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”.

Dəvə eşidib dinmədi.

Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:

- Axı, bu çay dərindir, onu keçmək mənim hünərim deyil!

Dəvə siçanı öz quyruğuna mindirib çayı keçirdi. Sonra onu yerə düşürüb istehza ilə dedi:

- Ağa siçan, sən ki, mənim topuğumdan olan bir çayı keçə bilmirsən, mənə ağalıq etmək istəyirsən? Get, öz tayını tap!

 

Tülkü və xoruz




Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.

Bir gün dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:

- Xoruz qardaş, nə gözəl səsin var. Sənin səsin bu çöldə ötən bülbüllərin səsindən də ürəyə yatımlıdır. En aşağı, dost olaq. Mən bir dəf tapıb çalım, sən də oxu, ikilikdə bu yaşıl çəməndə gözəl gün keçirək.

- Yox, tülkü baba,- deyə xoruz ona cavab verdi,- mənim vaxtım yoxdur. Kef məclisini qoyaq sonraya. Bu gün başım çox qarışıqdır.

- İşinin adı nədir?

Xoruz cavab verdi:

- Tülkü baba, bu çöl mənə babamdan qalıb. Burada mən bir kənd salmaq istəyirəm.

- Elə isə en aşağı, bu yerdən mənə də bir parça ver, özümə bir ev tikim. Gecə-gündüz sənə dua edərəm.

Xoruz vüqarını pozmadan cavab verdi:

- Bu işə mənim mühəndisim baxır, get, dərdini ona söylə, o sənə bir parça yer ayırıb verər.

Tülkü elə sandı ki, xoruzun mühəndisi bir toyuq

olacaq. Ona görə də tez soruşdu:

- Sizin o mühəndis haradadır?

- Odur, ağac altında yatır.

Tülkü ağac altını gəzərkən Alabaş it onu gördü. Tez qalxıb tülkünün üstünə cumdu. Tülkü qaçdı, it qaçdı. Qarşıya bir uçurum çıxdı. Tülkü uçurumu görüb tez geriyə döndü. Yenə həmin ağaca tərəf qaçmağa başladı. Ağacın yanından keçərkən xoruz ucadan soruşdu:

- Tülkü baba, ölçdüyün bu qədər yer sənə bəs deyilmi? Dayan!

Tülkü cavab verdi:

- Danışmağa vaxtım yoxdur, ancaq bu mühəndis sənə yaxşı kənd abad edər.

 

İki yoldaş



(hekayə)
Nazimin atası Böyük Vətən müharibəsi günlərində əsgər getmişdi. Əvvəlləri hər ay məktub göndərirdi. Məktublarında cəbhə həyatından, döyüş səhnələrindən, oradakı dostlarından yazır, evdəkilərin halını soruşurdu. Bir məktubunda da yazırdı ki, son döyüşlərdən birində qəhrəmanlıq göstərib, onu «Şərəf nişanı» ordeni ilə təltif ediblər. Hətta o zərfin içində döşündə «Şərəf nişanı» ordeni olan şəklini də göndərmişdi. 

Son məktubundan üç-dörd ay keçdi, ancaq Nazimin atasından nə məktub gəldi, nə də bir xəbər. Nazim və anası hər gün həyəcan içində məktub gözləyirdilər.

Nazim birinci sinifdə oxuyurdu, əlifbanın ilk hərflərini öyrənirdi. Bir gün məktəbdən evə gəldiyi zaman anasını çox pərişan gördü. Onun gözləri də bir qədər şişmişdi. Nazim dərhal anasını qucaqlayıb soruşdu:

- Ana can, atamdan məktub gəldimi?

Bu Nazimin hər gün məktəbdən gələndə anasına verdiyi sual idi.

- Yox, oğlum, bu gün də məktub gəlmədi.

O gündən anası Nazimə daha çox mehribanlıq göstərməyə başladı. Onun başına, ayağına keçir, nəvaziş göstərir, şirin dil ilə dindirirdi. Arabir dərindən səssiz bir ah çəkirdi. Anasının bu halı bəzən Nazimin ürəyində qara fikirlər oyadırdı.

Axşam oldu, şamlar yandı… Anası Nazimin yeməyini verəndən sonra yatağını açıb:

- Oğlum, yat, dincəl, – dedi.

Nazim yatağına uzandı. Başında dolanan qara fikirlər onun gözlərindən yuxusunu qaçırtdı. Çox çalışdı, yata bilmədi. Anası da onunla yan-yana öz yatağında səssiz uzanmışdı. Heç birinin gözünə yuxu getmirdi. Hər ikisi özünü yatmış kimi göstərib yataqda səssiz uzanmışdı. Bir az sonra yavaş-yavaş anasının ağlayan səsi eşidildi. O, həm ağlayır, həm də dodaqları altında nə isə bir söz deyirdi. Nazim çox dinlədi, ancaq nə anasının ağlamağının səbəbini bildi, nə də dediklərini başa düşdü. Qalxıb anasından ağlamağının səbəbini soruşmaq istədi. Ancaq anlaşılmaz bir qüvvət onun boğazını tıxayıb halsız buraxdı. Nazim o gecə səhərə qədər yata bilmədi. Qəlbini sıxan bu ağırlıq köksünü dəlirdi.

Səhər oldu. Nazim qəlyanaltı etdikdən sonra məktəbə getdi. Nazimin məktəbdə bir partada oturduğu çox yaxın bir dostu var idi. Adı Əziz idi. Əziz Nazimi çox qəmli görüb soruşdu:

- Nazim, rəngin qaçıb, nə olub?

Nazim dərdini deməyə bir fürsət axtarırdı. Odur ki, gecəki əhvalatı, öz şübhələrini Əzizə danışdı. Balaca Əziz məsələnin nə yerdə olduğunu dərhal anladı. Ancaq balaca qəlbi duyduğunu, hiss etdiyini gizlətməyə darlıq etdi. Uşaq sadəliyi ilə kövrələ-kövrələ dedi:

- Nazim, məncə bilirsən gecə anan nə üçün ağlayırmış? Görünür, atanın qara xəbəri gəlib, ancaq o, səndən gizlədir.

Hər iki dostun gözü bir-birinə dikildi, matəm dolu gözlərdə yaş damlaları parladı.

****

VN:F [1.8.0_1031]



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə