4 Beynəlxalq ticarət anlayışı, obyektləri və subyektləri, formaları və onun milli iqtisadiyyat üçün əhəmiyyəti




Yüklə 213.01 Kb.
səhifə1/3
tarix22.04.2016
ölçüsü213.01 Kb.
  1   2   3
4.1. Beynəlxalq ticarət anlayışı, obyektləri və subyektləri,

formaları və onun milli iqtisadiyyat üçün əhəmiyyəti


    1. Beynəlxalq ticarət anlayışı, obyektləri və subyektləri, onun milli iqtisadiyyat üçün əhəmiyyəti

    2. Beynəlxalq ticarət nəzəriyyələri və onların təkamülü

4.2.1. Klassik nəzəriyyələrə qədərki konsepsiyalar, onların tənqidi

4.2.2. Beynəlxalq ticarətin klassik nəzəriyyələri

4.2.3. Beynəlxalq ticarətin neoklassik nəzəriyyələri

4.2.4. Beynəlxalq ticarətin müasir nəzəriyyələri

    1. Əmtəələrlə beynəlxalq ticarətin müasir inkişaf səviyyəsi, onun əmtəə və coğrafi strukturlarında müşahidə edilən əsas meyllər

    2. Dünya qiymətlərinin mahiyyəti və əsas növləri, beynəlxalq ticarətdə qiymətəmələgəlmə

    3. Xarici ticarət siyasətinin mahiyyəti, onun əsas formaları və vasitələri

4.5.1. Xarici ticarət siyasətinin tarif vasitələri

4.5.2. Xarici ticarət siyasətinin qeyri-tarif vasitələri

    1. Xidmətlərlə beynəlxalq ticarətin mahiyyəti, xüsusiyyətləri və inkişaf meylləri

    2. Beynəlxalq ticarətin dövlətlərarası və hüquqi tənzimlənməsi: beynəlxalq təşkilatlar və normativ aktlar



BİM-in əsas formalarından biri olan beynəlxalq ticarətin ilk işartıları hələ quldarlıq dövründə müşahidə edilməyə başlanmışdır. Buna görə də o BİM-in tarixən birinci və hazırda ən inkişaf etmiş forması sayılır.



Beynəlxalq ticarət dedikdə bütün dünya ölkələrinin xarici ticarətlərinin məcmusunu əks etdirən əmtəə-pul münasibətləri sferası başa düşülür. Başqa sözlə, beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında əmək məhsulları (əmtəə və xidmətlər) ilə mübadilə sistemidir.

Xarici ticarət isə milli təsərrüfatlar arasında əmtəə və xidmətlərlə mübadilədir. “Xarici ticarət” termini ancaq ayrıca götürülmüş ölkə üçün tətbiq edilə bilər.

Beynəlxalq ticarət prosesində əmtəə axınlarının iki istiqaməti – ixrac idxal meydana gəlir. Əmtəənin mənşəyi və təyinatından asılı olaraq ixrac və idxalın təsnifatı Cədvəl 4.1-də verilmişdir.



İxrac və idxal əməliyyatlarının qiymətləndirilməsi göstəriciləri üçün xarici və beynəlxalq ticarətin aşağıdakı kəmiyyət və keyfiyyət xarakteristikalarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir:

  • dəyər və fiziki həcm (əmtəə dövriyyəsi);

  • dünya ticarətində əmtəə qruplarının nisbətini əks etdirən əmtəə strukturu;

  • ticarət axınlarının ayrı-ayrı ölkələr və onların qrupları arasında bölgüsünü əks etdirən coğrafi strukturu.

Cədvəl 4.1

İxrac və idxal növlərinin təsnifi

İXRAC

İDXAL

1) müəyyən ölkədə hazırlanmış (istehsal və emal edilmiş) əmtəələrin xarici ölkələrə göndərilməsi;

1) daxili bazarda satılmaq üçün xaricdən əmtəə gətirilməsi, həmçinin xaricdən müəyyən haqq müqabilində xidmət alışı;

2) sonradan qaytarılmaq şərti ilə xammal və yarımfabrikatların gömrük nəzarəti altında emalı edilməsi üçün xarici ölkələrə göndərilməsi;

2) sonradan xaricə göndərilmək şərti ilə emal məqsədilə xammal, yarımfabrikat və detalların gətirilməsi;


3) təkrar ixrac – daha əvvəl xaricdən gətirilmiş, o cümlədən beynəlxalq hərraclarda, birjalarda satılmış əmtəələrin xarici ölkələrə göndərilməsi;

3) təkrar idxal – daha əvvəl xaricə göndərilmiş milli əmtəələrin geri qaytarılması;

4) milli əmtəələrin sonradan qaytarılmaq şərti ilə müəyyən müddətə xarici ölkələrə göndərilməsi (sərgilərə, yarmarkalara) və ya daha əvvəl gətirilmiş (hərraclara, sərgilərə, yarmarkalara) xarici əmtəələrin xarici ölkələrə göndərilməsi;

4) əmtəələrin müəyyən müddətə beynəlxalq sərgilərə, yarmarkalara, hərraclara gətirilməsi;

5) birbaşa istehsal əlaqələri qaydasında, həmçinin transmilli şirkətlər çərçivəsində məhsulların xaricə göndərilməsi

5) transmilli şirkətlər çərçivəsində məhsulların gətirilməsi


Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir.

Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır.

Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir.

Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur.

İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır.

İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir.

FOB və CIF “İnkoterms 2000” adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. “İnkoterms 2000” haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir.

Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir. Lakin faktiki olaraq dəyərinə görə dünya idxalı dünya ixracından çoxdur ki, bu da ixrac əməliyyatlarının FOB qiymətləri əsasında, idxal əməliyyatlarının isə CIF qiymətləri əsasında hesablanması ilə əlaqədardır.

Beynəlxalq ticarətin subyektləri kimi aşağıdakılar çıxış edir:

dünya ölkələri; regional inteqrasiya qrupları; transmilli və çoxmilli şirkətlər.

Beynəlxalq ticarətin obyektləti kimi insan əməyinin məhsulları - əmtəə və xidmətlər fərqləndirilir.

Geniş mənada əmtəə mübadilə üçün istehsal edilmiş və hər hansı bir ictimai ehtiyacı ödəmək üçün nəzərdə tutulmuş predmetdir. Bu anlayış çərçivəsində xidmətlər də əmtəə hesab edilə bilərlər.

Dar mənada əmtəə ictimai ehtiyacı ödəyən, mübadilə üçün istehsal edilmiş, görünən və hiss edilən insan əməyi predmetidir.

Xidmət isə ictimai ehtiyacı ödəməyə istiqamətlənmiş, mübadilə üçün istehsal edilmiş, lakin görünməz və hissedilməz insan əməyi predmetidir.

Lakin heç də bütün əmtəələr və xidmətlər beynəlxalq mübadilənin obyekti kimi şıxış etmirlər. Buna görə də ticarət edilə bilən və bilinməyən əmtəələr anlayışları fərqləndirilir.



Ticarət edilə bilən əmtəələr dedikdə müxtəlif ölkələr arasında hərəkət edə bilən əmtəələr nəzərdə tutulur. Onların qiymətləri həm daxili, həm də dünya bazrlarında tələb və təklifin qarşılıqlı təsiri ilə müəyyən edilir.

Ticarət edilə bilinməyən əmtəələr isə istehsal olunduğu ölkədə istehlak edilən və ölkələr arasında hərəkət etməyən əmtəələr başa düşülür. Onların qiyməti milli çərçivədə mövcud olan tələb və təklif nisbəti ilə müəyyən edilir.

Ticarət edilə bilən və bilinməyən əmtəələr qrupları Cədvəl 4.2-də fərqləndirilmişdir.



Cədvəl 4.2 Ticarət edilə bilən və bilinməyən əmtəələr

Əmtəə qrupları

Əmtəə tipləri

  1. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

  2. Hasilat sənayesi

  3. Emaledici sənaye


Ticarət edilə bilən

  1. Kommunal xidmətlər və tikinti

  2. Topdan və pərakəndə satış, restoranlar və mehmanxanalar

  3. Nəqliyyat, rabitə və maliyyə vasitəçiliyi

  4. Müdafiə və məcburi sosial xidmətlər

  5. Təhsil, səhiyyə və ictimai işlər

  6. Digər kommunal, sosial və şəxsi xidmətlər



Ticarət edilə bilinməyən

Beynəlxalq ticarətin obyekti kimi əmtəə və xidmətlərin çıxış etdiyini nəzərə alsaq onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə beynəlxalq ticarəti fərqləndirmək olar.



Əmtəələrlə beynəlxalq ticarət müxtəlif ölkələrin əmtəə istehsalçıları arasında beynəlxalq əmək bölgüsü əsasında meydana gələn əlaqələr formasıdır.

Xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.

Ən ümumi hesablamalara görə dünya təsərrüfat əlaqələrinin məcmu həcminin təxminən 80%-i beynəlxalq ticarətin payına düşür. Bu ilk növbədə onun milli iqtisadiyyatın inkişafı üçün müstəsna əhəmiyyət daşıması ilə, digər tərəfdən isə onun BİM sistemində tutduğu yerlə bağlıdır.



Xarici ticarət ölkələrin iqtisadi artımına əsasən müsbət təsir etdiyi şübhəsizdir. Bir çox ölkələr üçün məhz xarici ticarət iqtisadi artımın “motoru” rolunu oynamışdır. Xarici ticarətin milli iqtisadiyyata müsbət təsirləri isə onun dinamik mənfəətləri adlanır. Xarici ticarətin milli iqtisadiyyat üçün əhəmiyyətini ümumi şəkildə aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. İstehsal və resurs çatışmazlığının aradan qaldırılması. İnkişaf etməkdə olan ölkələr inkişafları üçün zəruri olan, lakin özləri istehsal edə bilmədikləriəmtəə, xidmət və resursları xaricdən idxal edir, bununla da öz ehtiyaclarını ödəyirlər.

  2. Daxili tələbdən daha artıq istehsala nail olunması. Xarici ticarətin olmadığı bir iqtisadiyyatda daxili tələbin az olması səbəbindən ölkə resurslarından tam istifadə edilməyə bilər. Xarici ticarət isə bu resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, bu zaman iri bazar həcminə çıxış kütləvi istehsalın təşkilinə, yeni texnologiyalardan istifadəyə şərait yaradır. Digər tərəfdən daxili bazarın həcmi genişlənir və daxili bazarın dünya bazrı ilə əlaqələri formalaşır.

  3. Rəqabət. Xarici ticarət yerli istehsalçıları xarici istehsalçılarla üz-üzə qoyur və onlar arasında rəqabətə yol açır. Bu da daxili istehsalın səmərəliliyini artırır, texnologiyanı inkişaf etdirir və daha bacarıqlı sahibkarların ortaya çıxmasına şərait yaradır. Rəqabət olmayan halda məhsuldarlıq azalır və artıq resurs xərclərinə yol verilir.

  4. Daxili bazar tələbinin inkişafı. Idxal edilən əmtəələr getdikcə ölkə daxilində həmin əmtəə üzrə bazarı genişləndirir və bununla da, əmtəənin ölkə daxilində istehsalının təşkili üçün müsbət zəmin yaranır, yeni iş yerləri yaranır.

  5. Gəlir əldə edilməsi. Beynəlxalq ticarətdə iştirak istehsal xərclərinin milli və beynəlxalq səviyyələrində olan fərq hesabına əlavə gəlir əldə etməyə imkan verir.

  6. İqtisadi dinamizm. Xarici ticarət nəticəsində ölkələr bir-birləri ilə əlaqədə olur, müxtəlif ölkələrdəki istehlakçılar digərlərinin davranışları, ehtiyacları, yaşayışları haqqında xəbərdar olur, beləliklə də, yeni ehtiyaclar meydana gəlir, daha yaxşı keyfiyyətli əmtəə və xidmətlər tələb edilir və iqtisadi strukturlarda dəyişikliklər baş verir. Bütün bunlar ölkə iqtisadiyyatına müsbət dinamizm verir, resursların daha yaxşı istifadə edilməsinə və istehlakçı rifahının artmasına gətirib çıxarır.

Beynəlxalq ticarətin BİM sistemində yeri aşağıdakılarıla müəyyən edilir:

  1. dünya təsərrüfat əlaqələrinin bütün formalarının (kapital ixracı, istehsal kooperasiyası, elmi-texniki əməkdaşlıq və s.) nəticələri məhz onun vasitəsilə reallaşdırılır;

  2. əmtəələrlə beynəlxalq ticarətin inkişafı son nəticədə xidmətlərlə beynəlxalq mübadilənin dinamikasını müəyyən edir;

  3. beynəlxalq ticarətin inkişafı regional iqtisadi inteqrasiyanın mühüm şərtidir və beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsinə şərait yaradır;

  4. beynəlxalq ticarət xarici investisiya və beynəlxlaq hesablaşmalar prosesini stimullaşdırır.

Beləliklə, beynəlxalq əmək bölgüsünə əsaslanan əmtəə-pul münasibətlərinin sabit sferasını əks etdirən beynəlxalq ticarət BİM-in əsas formalarından biri olmaqla onun digər formalarının inkişafı üçün münbit şərait yaradır.
4.5. Xarici ticarət siyasətinin mahiyyəti, onun əsas formaları və vasitələri
Xarici ticarət siyasəti anlayışı altında dövlətin müxtəlif vasitələrdən istifadə etməklə digər ölkələrlə ticarət münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. Xarici ticarət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin vacib tərkib hissəsidir. Təsərrüfat inkişafının daxili aspektləri ilə sıx əlaqədə olduğundan xarici ticarət siyasətinin əsas vəzifəsi ölkənin daxili istehsalının genişləndirilməsi və milli sərvətin artırılması üçün əlverişli xarici iqtisadi şəraitin formalaşdırılmasıdır.

Ölkənin beynəlxalq ticarətə müdaxilə etməsinin həcmindən asılı olaraq azad ticarət siyasəti və proteksionist ticarət siyasəti fərqləndirilir.



Azad ticarət siyasəti zamanı dövlət xarici ticarətə minimum müdaxilə siyasəti yeridir və xarici ticarət azad bazar qüvvələri, tələb və təklif əsasında inkişaf edir.

Proteksionizm siyasəti zamanı isə ticarət siyasətinin tarif və qeyri-tarif vasitələrindən istifadə etməklə daxili bazarın xarici rəqabətdən müdafiəsi siyasəti həyata keçirilir.

Proteksionizm nəzəriyyəsinin ən ümumiləşdirilmiş təsviri avstraliya alimi Maks Kordenin adı ilə bağlıdır. O özünün “Proteksionizm nəzəriyyəsi” (1971) adlı kitabında göstərirdi ki, xarici ticarətin dövlət tənzimlənməsi birtərəfli, ikitərəfli və çoxtərəfli ola bilər. Birtərəfli tənzimlənmə dedikdə ölkənin dövlət tənzimlənməsi vasitələrindən birtərəfli qaydada, ticarət partnyorları ilə razılaşdırmadan və ya məsləhətləşmələr aparmadan istifadə etməsi başa düşülür. Adətən birtərəfli tədbirlər digər ölkələrin analoji addımlarına qarşı atılır və ticarət partnyorları arasında siyasi gərginliyin yaranmasına səbəb olur. İkitərəfli tənzimlənmə zamanı ticarət siyasəti tədbirləri ticarət partnyorları olan ölkələr arasında razılaşdırılır. Çoxtərfli tənzimlənmə zamanı isə ticarət siyasəti çoxtərəfli sazişlər əsasında razılaşdırılır və tənzimlənir.

Ölkənin bu və ya digər xarici ticarət siyasətlərini seçməkdə müəyyən məqsədləri olur ki, onları da ümumi şəkildə aşağıdakı kimi formalaşdırmaq olar:


  1. Xarici rəqabətdən müdafiə. Ölkələr xarici istehsalçılarla rəqabət qabiliyyətində olmayan yerli sənayeləri müdafiə üçün idxalı məhdudlaşdıra bilərlər.

  2. İqtisadi artımın təmin edilməsi. Ölkələr xarici ticarət siyasətindən iqtisadi artımın bir vasitəsi kimi istifadə etməyə çalışırlar.

  3. Bazar çatışmazlıqlarının aradan qaldırılması. Xarici ticarət daxili bazarın strukturunun təkmilləşdirilməsi üçün geniş şəkildə istifadə edilir.

  4. Daxili iqtisadi sabitliyin təmin edilməsi. Xarici ticarət siyasəti işsizlik və inflyasiya kimi mənfi meyllərin aradan qaldırılması üçün istifadə olunur.

  5. Dövlət büdcəsinin gəlirlə təmin edilməsi. Bəzən idxala və ixraca tətbiq edilən çoxsaylı vergilər dövlət büdcəsinin gəlirlər hissəsində əhəmiyyətli paya malik olur.

  6. Xarici bazarlarda inhisar mövqeyinin təmin edilməsi. Bəzən xarici ticarət siyasətinin məqsədi dünya bazarlarında inhisar mövqe əldə etmək olur.

  7. Sosial və siyasi səbəblər. Xarici ticarət siyasətindən ətraf mühitin qorunması, ölkə əhalisinin sağlamlığının və ümumilkdə genefondun müdafiəsi vasitəsi kimi istifadə edilə bilər.

  8. Xarici siyasət məqsədləri. Xarici ticarət siyasəti ümumilikdə xarici siyasətin tərkib hissəsi olmaqla birbaşa olaraq onun da məqsədlərinə xidmət edə bilər.

Dünya ölkələrinin həyata keçirdikləri xarici ticarət siyasətinin müasir inkişaf mərhələsində bir-birinə zidd olan, eyni zamanda bir-biri ilə qarşılıqlı əlaqədə olan iki meyl – proteksionizm liberallaşdrıma meylləri mövcuddur. Bir tərəfdən beynəlxalq ticarətin liberallaşdırılmasına, ticarət maneələrinin aradan qaldırılmasına çalışılsa da (beynəlxalq əmək bölgüsünün dərinləşməsinin və istehsal qüvvələrinin beynəlmiləlləşməsinin şərtləndirdiyi liberallaşma), digər tərəfdən “əcnəbi” kapital və əmtəələrin “doğma” ölkəyə daxil olması bütün mümkün vasitələrlə əngəllənir (dövlətin milli maraqlarının təmin edilməsi

Proteksionizm meyllərinin inkişafı proteksionizmin bir neçə formasını fərqləndirməyə imkan verir:



  • selektiv proteksionizm – bu zaman siyasət ayrı-ayrı ölkə və ya əmtəələrə qarşı yönəldilir;

  • sahəvi proteksionizm – bu zaman müəyyən sahələr, ilk növbədə də aqrar proteksionizm çərçivəsində kənd təsərrüfatı müdafiə edilir;

  • kollektiv proteksionizm –ölkələr birliyi tərəfindən bu birliyə daxil olmayan digər ölkələrə qarşı həyata keçirilən siyasət başa düşülür;

  • gizli proteksionizm – daxili iqtisadi siyasətin metodları ilə həyata keçirilən siyasət nəzərdə tutulur.

Xarici ticarətin dövlət tənzimlənməsinin vasitələri və ya alətləri öz xarakterinə görə tarif vasitələrinə (gömrük tarifinin istifadə olunmasına əsaslanır) və qeyri-tarif vasitələrinə (bütün digər metodları özündə cəmləşdirir) bölünür. Tənzimlənmənin qeyri-tarif metodları kəmiyyət vasitələrinə, gizli proteksionizm metodlarına və maliyyə alətlərinə bölünür. Ticarət siyasətinin alətləri ya idxalı məhdudlaşdırmaq, ya da ixracı stimullaşdırmaq məqsədi daşıyır (Cədvəl 4.12).
Cədvəl 4.12

Ticarət siyasəti alətlərinin təsnifi1



Metodlar



Ticarət siyasətinin alətləri


Əsasən tənzimləyir


Tarif


Gömrük rüsumları
Tarif kvotası




idxal
idxal

Q e y r


i

t



a r

i

f



Kəmiyyət

Kvotalaşdırma

Lisenziyalaşdırma

“Könüllü məhdudlaşdırma”




ixrac


ixrac

idxal


idxal




Gizli

Dövlət alışları

Yerli komponentlərdən istifadə tələbi
Texniki maneələr

Vergi və yığımlar






idxal
idxal

idxal

idxal




Maliyyə

Subsidiyalar

Kreditləşdirmə

Dempinq


ixrac


ixrac

ixrac






Beynəlxalq ticarət sahəsində dövlətin yerinə yetirməli olduğu əsas vəzifə ixaracatçıların əmtəələrini dünya bazarlarında daha da rəqabət qabiliyyətli etmək yolu ilə onlara xarici bazarlara daha çox məhsul çıxartmaq imkanı yaratmaqdan ibarətdir. Digər mühüm bir məsələ isə xarici əmtəələri daxili bazarda daha az rəqabət qabiliyyətli etməklə idxalı məhdudlaşdırmaqla bağlıdır.

Xarici ticarətin dövlət tənzimlənməsi mexanizminin ölkənin iqtisadi vəziyyətinə təsiri istehlakçı və istehsalçının artıq xərcləri anlayışları vasitəsi ilə təsvir edilə bilər. Istehlakçının artıq xərci dedikdə əmtəənin bazar qiyməti ilə istehlakçının bu əmtəə üçün ödəməyə hazır olduğu maksimum qiymət arasındakı fərq başa düşülür. Istehsalçının artıq xərci isə əmtəənin cari bazar qiyməti ilə istehsalçının bu əmtəəni satmağa hazır olduğu minimum qiymət arasındakı fərqdən ibarətdir.



Dövlətin ticarət siyasətinin xarakteri proteksionist, mülayim və ya açıq (azad ticarət) ola bilər (Cədvəl 4.13). Əlbəttə, bu anlayışlardan hər biri nisbidir, lakin onlar bir ox üzərində və iki ekstremal hal arasında sıralanıblar. Ekstremal hallar dedikdə isə xarici dünya ilə ticarətin kəsilməsinə yönəlmiş qadağa siyasəti və ticarət siyasətinin vasitələrindən tam imtina nəzərdə tutulur. Dövlətin ticarət siyasətinin xarakteri həm mövcud tarif rejimini, həm də kəmiyyət məhdudiyyətləri rejimini nəzərə almaqla müəyyən edilir.

Cədvəl 4.13

Ticarət siyasətinin xarakteri2






Kəmiyyət məhdudiyyətləri rejimi



Açıq



Mülayim



Məhdudlaşdırıcı



Tarif rejimi



Açıq



Azad ticarət



Mülayim



Proteksionizm



Mülayim



Mülayim



Mülayim



Proteksionizm



Məhdudlaşdırıcı



Proteksionizm



Proteksionizm



Proteksionizm


Dövlət ticarət siyasətinin bu və ya digər alətindən istifadə etməyə qərar verərkən onun ölkənin ticarət siyasətinin xarakterinə mümkün məcmu təsirini və ticarət partnyorları tərəfindən mümkün cavab tədbirlərini nəzərə almalıdır. Ticarət siyasəti tədbirlərinin qiymətləndirilməsi üçün hökumətlər öz praktiki fəaliyyətlərində 1985-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanmış sorğu kitabşasından geniş istifadə edirlər. Bu kitabçaya görə, hər hansı bir aləti tətbiq etməzdən əvvəl aşağıdakı suallara cavab verilməlidir:

  • Bu tədbirin həyata keçirilməsindən sahə hansı iqtisadi faydanı qazanacaq və nə qədər sayda iş yeri qorunacaq və ya yaradılacaq?

  • Bu tədbirin həyata keçirilməsindən büdcəyə nə qədər gəlir daxil olacaq və ya büdcədən nə qədər xərc çəkiləcək?

  • Tədbir nəticəsində daxili qiymətlər nə qədər artacaq və istehlak nə qədər azalacaq?

  • Tədbirin müvafiq bazarın strukturuna və onda olan rəqabətə mümkün təsiri necə ola bilər?

  • Bu tədbir uzunmüddətli planda sahənin struktur yenidənqurmasını təmin edəcəkmi və onu rəqabət qabiliyyətli səviyyəyə çıxaracaqmı, yoxsa o, sahənin mövcud geriliyini sadəcə müəyyən müddətə donduracaq?

  • Bu tədbir yaxın sahələrə, xüsusilə də tədbirin yönəldiyi sahənin əmtəələrin alışı və satışı ilə məşğul olan sahələrə təsiri necə ola bilər?

  • Digər ölkələr bu tədbirin tətbiqinə necə reaksiya verə bilərlər və onun ölkələrə hansı potensial təsiri ola bilər?

  • Nəzərdə tutulan tədbir ölkənin iştirak etdiyi ikitərəfli və çoxtərəfli müqavilələrə uyğundurmu?

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə