2010-ci IL aprelin 17-dək edilmiş əlavə və dəyişikliklərlə)




Yüklə 0.81 Mb.
səhifə2/15
tarix10.04.2016
ölçüsü0.81 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Maddə 26. Mübahisələrin İqtisad Məhkəməsinə aidiyyəti

26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında İqtisad Məhkəməsinə aiddir.

26.2. İqtisad Məhkəməsində baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1-ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir:

26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın İqtisad Məhkəməsinin həllinə verilməsi barədə mübahisələr;

26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;

26.2.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və ya digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr;

26.2.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr;

26.2.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) silinmiş pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr;

26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;

26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr;

26.2.8. vergi ödəmələri barədə mübahisələr.

26.3. İqtisad məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər.



Maddə 27 çıxarılıb.

Maddə 28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin iştirak etdiyi işlərin aidiyyəti

Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.



Maddə 29. Mübahisənin münsiflər məhkəməsinə verilməsi

Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər.



Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti

Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə İqtisad Məhkəməsinə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.



Maddə 31. Aidiyyətın dəyişdirilməsinə yol verilməməsi

31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi

32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətının dəyişdirilməsi barədə ərizə verə bilər.

32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyətı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.

32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir.

32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.



Fəsil 4. Ərazi aidiyyətı

Maddə 33. Ərazi aidiyyətı anlayışı

Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur.



Maddə 34. Mülki işlərə birinci instansiya üzrə baxan məhkəmələr

Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri tərəfindən baxılır. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında işlərə isə birinci instansiya üzrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.



Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi

35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

35.3. Qarşılıqlı iddia, aidiyyətından asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.



Maddə 36. İddiaçının seçməsinə görə aidiyyət

36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.

36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

36.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

36.6. Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.

36.7. Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar, həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.

36.8. İnzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.

36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.

36.10. Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər.

36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.

36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur.



Maddə 37. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyətı

Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.



Maddə 38. Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyətı

Müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır.

Maddə 39. Müstəsna aidiyyət

39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.

39.2. Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir.

39.3. Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir.



Maddə 40. Müqavilə aidiyyətı

40.1. Ərazi aidiyyətı qaydalarının pozulmasına yol verilmir.

40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətını dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır.

40.3. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun.

40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz.

Maddə 41. Əmr icraatı qaydasında baxılan iddianın aidiyyətı

Əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir.



Maddə 42. Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət

Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.



Maddə 43. Biri biri ilə əlaqədar olan bir neçə işin aidiyyətı

43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.

43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.

Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi

44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:

44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə;

44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;

44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa;



44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa;

44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə;

44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.

Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası

45.1. Mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər.

45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər.

45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir.

45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətına dair mübahisələrə yol verilmir.

Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.

45.6. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.

Fəsil 5. İşdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları

Maddə 46. İşdə iştirak edən şəxslərin tərkibi

Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər.



Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri

47.1. İşdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

47.3. İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.



Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti

Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.



Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti

49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər.

49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.

49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.

49.5. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, inzibati və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər.



Maddə 50. Tərəflər

50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.

50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.

50.5. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.



Maddə 51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı

51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.

51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər.

51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.



Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi

52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir.

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər.



52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır.

52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.



Maddə 53. İddianın dəyişdirilməsi

İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.



Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi

54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

54.3. çıxarılıb.

54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

Maddə 55. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər

55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

55.2. Onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, iqtisad məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar.

Maddə 56. çıxarılıb.

Maddə 57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər

57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.

Maddə 58. Prosessual hüquq varisliyi

58.1. Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

Maddə 59. Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət etmə

59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.

59.2. Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir.

59.3. Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir.



Maddə 60. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəy vermək üçün prosesdə iştirakı

Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.


1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə