► Xarici ticarət və sahibkarlıq fəailyyəti. ► Sahibkar birlikləri




Yüklə 113.97 Kb.
tarix25.04.2016
ölçüsü113.97 Kb.
P L A N :

► GİRİŞ


► 1. Xarici ticarət və sahibkarlıq fəailyyəti.

► 2. Sahibkar birlikləri.

► 3. Xarici ticarət fəaliyyətində sahibkar birlikləri.

► NƏTİCƏ


► ƏDƏBİYYAT SİYAHISI


GİRİŞ
Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.

Bazar iqtisadi sisteminə əsaslanan iqtisadiyyatın formalaşmasında və inkişafında sahibkarlıq bilavasitə rol oynayır. Bazar iqtisadiyyatını səciyyələndirən əsas cəhətlərdən biri sahibkarlığın inkişafıdır. Elə bazar iqtisadi sistemini digər sistemlərdən fərqləndirən əsas cəhət də azad sahibkarlıq anlayışıdır. Sahibkarlığa belə bir elmi tərifini isə belə vermək olar:Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etəmyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskarlıq fəaliyyətidir.Bu fəaliyyətlə məşğul olanlar isə sahibkar adlanırlar. Görkəmli iqtisadçıların fikri də maraqlıdır.K.Makkonel və S.Bryunun fikrincə bazar iqtisadiyyatının səciyyəvi cəhətləri xüsusi mülkiyyət, sahibkarlıq və seçmə azadlığı, şəxsi maraq, rəqabət, bazar sistemləri və iqtisadiyyatda dövlətin minimum rolundan ibarətdir. Bazar iqtisadiyyatında sahibkarlığın mühüm yerini qeyd edən iqtisadçılar yetərli saydadır.Onlara misal İngilis iqtisadçıları A.Smit, D.Rikardo, macar iqtisadçısı Y.Kornain, amerikan iqtisadçıları K.Makkonel, S.Bryunun, fransız iqtisadçıları A.Marşal, J.B.Sey və s. misal göstərmək olar.

Sahibkarlıq fəaliyyətinə Azərbaycan Respublikası çərçivəsində baxaq. 1991-ci il 18 oktyabr tarixi Azərbaycanın siyasi və iqtisadi həyatında önəmli günlərdən biridir.Həmin gün Azərbaycan Respublikası rəsmi olaraq 70 illik Sovet Sosialist Respublikasının əsarətindən qurtuldu. Aydındır ki, Sovet Sosialist Respublikasının iqtiasdiyyati mərkəzləşdirilmış planlı inzibati-amirlik sisteminə əsaslanırdı.Azərbaycan müstəqillik əldə etdikdən ölkəmizin iqtisadi həyatında böyük dəyişikliklər baş verdi.Belə ki,Azərbaycan Respublikası inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçməyə başlamışdır.Bununla da Azərbaycan Respublikasının hələ də sona çatmayan keçid dövrü başladı.Bazar iqtisadiyyatına keçidlə aparılan geniş islahatlar əhalinin işgüzar fəaliyyəti üçün əlverişli şərait,o cümlədən də sahibkarlar təbəqəsinin formalaşmasına imkan yaratdı.Yuxarıda qeyd etdiyimiz kimi,sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının ən başlıca struktur fəaliyyətlərindən biri və demək olar ki, birincisidir. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsində yazılır:”Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.”

Sahibkarlıq fəaliyyəti haqqında Azerbaycan Respublikasının qanununda yazılmışdır,”Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir”

Bu referat işində Xarici ticarət fəaliyyətində sahibkar birlikləri mövzusu üzərində durulub. Referat üç bölmə və nəticədən ibarətdir. Birinci bölmədə xarici ticarət və sahibkarlıq fəaliyyəti ikinci bölmədə sahibkar birlikləri üçüncü bölmədə də Xarici ticarət fəaliyyətində sahibkar birliklərindən bəhs olunmuşdur. Nəticədə isə Xarici ticarət fəaliyyətində sahibkar birliklərinin mövcud vəziyyəti dəyərləndirilmişdir.

1. Xarici ticarət və sahibkarlıq fəailyyəti
Ticarət insan əməyi ilə bağlı iqtisadi fəaliyyətdir. Xarici ticarət fəaliyyəti əsasən ya müstəqil, ya da iri şirkətlərin tərkibində firma və s. təsərrüfat vahidləri səviyyəsində həyata keçirilir.Beynəlxalq praktikada firmanın istehlakçılarla iqtisadi münasibətləri məhz ticarət fəaliyyəti vasitəsilə reallaşır.Həmin münasibətlər xarici kontragentlər arasında baş verdikdə,bu tip fəaliyyət firmanın xarici iqtisadi fəaliyyəti kimi qiymətləndirilir və firmanın həm ixrac-idxal əməliyyatlarına, həm də istehsal və satış fəaliyyətinə yönəldilir

Xarici ticarət geniş mənada ölkə hökümətinin istehsal amillərinin hərəkəti və istiqamətinə, ticarətin həcmi , strukturu və coğrafi yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi başa düşülür.Bu yanaşmadan göründüyü kimi , bu halda söhbət təkcə gömrük siyasətindən deyil , eyni zamanda pul, valyuta və ümumiyyətlə maliyyə siyasətinin də əhatə olunduğundan gedir.

Dar mənada isə xarici ticarət siyasəti xarici ticarətlə investisiyaların məhdudlaşdırılması, stimullaşdırıcı və tənzimlənməsi istiqamətində dialektik vəhdətə söykənir.

Xarici ticarət əksər dövlətlərin iqtisadi siyasətinin həlledici amillərindən birinə çevrilmişdir. Xarici ticarətsiz iqtisadi böhranlardan çıxmaq, iqtisadi inkişafı təmin etmək, bazar iqtisadiyyatına keçmək, dünya iqtisadiyyatına inteqrasiya etmək mümkün deyildir. Xarici ticarət fəaliyyəti strategiyasında milli maraqların qorunmasında xarici ticarətin əsaslandırılmış istiqamətinin seçilməsi mühüm əhəmiyyətə malikdir.

Xarici iqtisadi fəaliyyətin formaları dünya təsərrüfat sisteminin inkişaf səviyyəsindən və xüsusiyyətlərindən asılıdır. Ona görə də bu formaların tərkibinin yeniləşməsi, onların hər hansının prioritetliyini dəyişə bilir. Təbiidir ki, bu səbəblərin bu formalar üzrə fəaliyyəti dövlət tənzimlənməsinin xüsusiyyətlərini də dəyişir.

Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmalıdır.

Hal-hazırda , dünya ölkələri tərəfindən həyata keçirilən xarici ticarət siyasətinin əsasında başlıca olaraq üç mövqe dayanır:

1)Xarici ticarət siyasətinin üfüqi modeli ;Bu model əsasən inkişaf etmiş ölkələr arsında həyata keçirilən qarşılıqlı ticarəti özündə əks edir.Onu çox vaxt xarici ticarətdə “Şimal-Şimal” istiqaməti də adlandırırlar.qeyd edilən modeldə dövlət ticarət axınlarına məqsədyönlü təsir göstərir.

2)Xarici ticarət siasətinin şaquli modeli; əksər iqtisadi ədəbiyyatlarda “Şimali-Cənub” istiqaməti kimi səciyyələndirilən bu model inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasıda qarşılıqlı ticarəti özündə əks etdirir.Əslində, bütövlükdə beynəlxalq əmək bölgüsünün modeli kimi təzahür edən qarşılıqlı ticari münasibətlər sistemi inkişaf etməkdə olan ölkələr dinamik tərəqqisi yolunda əngələ çevrilmişdir.Belə ki, bu model çərçivəsində inkişaf etməkdə olan ölkələr xammal və yarımfabrikatlar ixrac etməklə hazır sənaye məhsullarının idxalına istinadla xarici ticarət münasibətlərini formalaşdırır.Yəni həmin ölkə qrupunun inkişaf etmiş ölkələrin xammal əlaqəsi statusuna çevrilməsi qaçılmazdır ki, bu da perspektiv planda ümummilli mənafelərin ödənilməsi prosesinə güclü əks təsir göstərəcəkdir.Eyni zamanda , sözü gedən modeldə ölkə qruplarının (əsas inkişaf etmiş ) kollektiv mənafeləri , müxtəlif səpkili inhisarçı biliklərin , maliyyə-ticarət və digər qruplaşmaların marağı ön plana çıxır. Başqa sözlə həmin münasibətlər sistemində uduzan , yalnız inkişaf etməkdə olan ölkələr olurlar.

3) Xarici ticarət siyasətinin konqlomerat modeli; Bu modeli çox vaxt xarici ticarət siyasətində “Cənub-Cənub” istiqaməti adlandırırlar.Əsasən inkişaf etməkdə olan ölkələri təcəssüm etdirən “Cənub-Cənub” istiqamətində həm üfüqi, həm də şaquli modellər , yaxud onların “sintezi” mövcud olur.



Sahibkarlıq şəxsi gəlir və ya mənfəət əldə etmək məqsədi ilə öz riski və əmlak məsuliyyəti ilə həyata keçirilən təşəbbüskar fəaliyyət olsa da, yalnız şəxsi məsələ deyil,demək olar ki,daha çox ictimai məsələdir.Sahibkarlıq fəaliyyəti üç mühüm iqtisadi azdalıqla-sahibkarlıq azadlığı, bazar azadlığı qarşı- lıqlı təsərrüfat azadlığı ilə birbaşa bağlıdır. Bu azadlıqlar (müstəqillik) sahibkarlara iqtisadi resurslara malik olmaq və bu əsasda müəyyən məhsul istehsalını və xidmət göstərilməsini təşkil etmək,kommersiya fəaliyyəti göstərmək,öz məhsulunu və xidmətini reallaşdırmaq üçün bazar seçmək,tərəfdaşlar tapmaq və müqavilələr bağlamaq,maliyyyə, kredit, investisiya əmliyyattları aparmaq,azad rəqabətə girmək imkanı verir.Deməli,sahibkarlıq cəmiyyətdən təcrid olunmuş şəkildə deyil,onun bütün tərəfləri ilə qarşılıqlı əlaqədə və təsirdə fəaliyyət göstərirlər.

İstənilən iqtisadi fəaliyyət dörd əsas tipə ( məhsulun istehsalı,mübadiləsi,paylaşdırılması və istehlak ) aid edilir.Sahibkarlığı müvafiq istehsal tsiklinin birtipli fazalar ilə əlaqələndirməklə sahibkarlığın növlərini-istehsal,kommersiya,maliyyə,innovasiya sahibkarlıqlarını fərqləndirirlər.

İqtisadiyyatın həm dövlət , həm də özəl sektorunda sahibkarlıq fəaliyyəti həyata keçirilə bilər. Bu baxımdan sahibkarlığın iki əsas növünü ayrılırlar:

-dövlət sahibkarlığı

-xüsusi sahibkarlıq.

Dövlət sahibkarlığı dövlət subyektləri tərəfindən təsis edilmiş müəssisələrin iqtisadi fəallığının formasıdır.Həmin müəssisələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar öz öhdəliklərinə görə ancaq ixtiyarında olan mülkiyyətlə cavabdehlik daşıyırlar.

Xüsusi sahibkarlıq sahibkarın ( muzdlu işçilərin cəlb olunmadığı halda) və ya müəssisənin ( dövlət qeydiyyatından keçən və xüsusi və ya kollektiv mülkiyətə əsaslanan ) adından həyata keçirilən iqtisadi fəallığın formasıdır.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda (15 dekabr 1992-ci il) göstərilir: sahibkarlıq fəaliyyəti ( sahibkarlıq) fiziki şəxslərin,onlarin birliklərinin,habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə,yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericilikdə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri ,o cümlədən məhsul istehsalı ,satışı və xidmətlər göstərmesi formasında həyata keçirdikləri müstəqil təşəbb üskarlıq fəaliyyətidir.

“Sahibkarlıq fəaliyyəti” məfhumu məzmununa görə “biznes fəaliyyəti” məfhumunun sinonimidir.Lakin biznes fəaliyyəti məfhumu daha genişdir və insan fəaliyyətinin müxtəlif sahələrini əhatə edir.

Biznes dedikdə,gəlir əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərin,müəssisə və təşkilatların məhsul istehsal etmək,hasil etmək,emal etmək,alqı-satqı,xidmətlər göstərmek və s.üzrə qanunla icazə verilmiş ixtiyari fəaliyyət növü başa düşülür,Biznesin mahiyyətini açmaq üçün əvvəlcə ayrı-ayrı şəxslər və təşkilatlar həyata keçirilən fəaliyyəti araşdıraq.

Şəxsi istehlakı və ya ehtiyacı üçün istifadə edirsə,o biznes adamı (biznesmen) deyil,sadəcə olaraq istehlakçıdır.Hətta əgər hər hansı bir şəxs öz xüsusi mülkiyyətini,məsələn,istifadə etdiyi maşını satırsa,bu da biznes deyil.Əgər hər hansı bir şəxs özünün istehlakı üçün lazım olandan çox məhsul istehsal edir(məhsul əldə edir),əmtəə alır və artıq hissəni digər əmtəə və xidmətlərə və ya pula dəyişdirirsə,satırsa,demək o,biznesmendir,başqa sözlə,bizneslə məşğul olur.

Əgər iki və daha çox şəxs ümumi məqsəd üçün birgə fəaliyyət göstərirsə,onlar birlikdə təşkilat(müəssisə) adlanırlar.Əgər onların məqsədi gəlir əldə etmək üçün məhsul istehsal etmək,xidmət göstərməkdirsə ,onda onlar kommersiya təşkilatı(biznes-təşkilat) adlanırlar.

Bu fəaliyyət növü yerin təkindən,dənizdən xammal hasil etməyə aiddir. Daha doğrusu,hasilat sənayesinin məşğul olduğu sahədir və istehlak üçün hazır olan məhsulların emalında ilkin prosesdir.Kənd təsərrüfatı,balıqçılıq və meşə sənayesi,faydalı qazıntıların,o cümlədən neftin hasil edilməsi ilkin istehsalın-hasilat sənayesinin elementləridir.Hasilat sənayesi də biznesin obyektinə daxildir.

Xammal növlərinin əksəriyyəti istehlaka qədər emal prosesindən keçirlər.Emal dedikdə,xammalın həndəsi formasının və ya fiziki-kimyəvi tərkibinin dəyişdirilməsi başa düşülür.Emalla emaledici sənaye sahələri məşğul olur.Təbiətdə çoxlu adda və miqdarda resurslar mövcuddur ki,hələlik bəşəriyyət onun yalnız cüzi bir hissəsindən istifadə edir.Cəmiyyətin maddi-rifah halı emaledici sənaye sahələrinin inkişaf səviyyəsindən əsaslı surətdə asılıdır.Emaledici sənaye sahələrinin fəaliyyəti,demək olar ki,tamamilə biznesə aiddir.

Müəyyən hallarda biznes,digər təşkilatlar və müəssisələr tərəfindən istehsal olunmuş və istehlak üçün tam hazır olan məhsulları almaq və sonradan satmaq şəklində həyata keçirilir.Alqı və satqı iqtisadi fəaliyyətin üçüncü sahəsinə aiddir.İqtisadi fəaliyyətin ilkin sahəsi hasilat,ikinci sahəsi isə emaledici sənayə sahəsidir.Hər üç fəaliyyət sahəsi son məhsulun istehlakçıya çatdırılmasının müxtəlif mərhələlərini təşkil edir və əmtəənin cəmiyyət üçün yararlılığını əks etdirən qiymətin formalaşdırılmasında iştirak edir.

Alqı və satqı üzrə biznesi “ bölüşdürmə sənayesi” adlandırırlar və xidmət sferasına daxil edirlər.

Məhsullar,fiziki,maddi əşyalar olduğu halda xidmət əşya kimi tam dərk edilən və görünən deyil.Bazar iqtisadiyyatı şəraitində xidmətlərə aiddir: bank işi, siğorta, nəqliyyat, turizm, ictimai iaşə, əyləncə sferası, ideya və məsləhətlər satışı, marketinq tədqiqatlarının aparılması, reklam və s.

Bunlardan başqa xidmətlər əmtəə satışında da ( məsələn, daşınma, qablaşdırma, quraşdırma,satışdan sonra istismar və təmir üzrə xidmət) göstərilə bilər.

Bu biznesdə əsas anlayışlardan biridir. Sahibkarlıq fəaliyyətinin bütün növləri mübadilə vasitəsilə reallaşır,başqa sözlə biznes üzrə ixtiyari fəaliyyətdə mübadilə baş verir. Belə ki,istehsalçı əmtəəni satıçıya verdikdə(satdıqda) əmtəə ilə əmtəənin qiymətinə uyğun olaraq,əmtəələrin dəyərinə müvafiq pul miqdarı mübadilə edilir.Fəhlə öz iş qüvvəsini müəyyən pula mübadilə edir.Mübadilə nəticəsində mübadilə edilənlər öz sahibini,mülkiyyətçisini dəyişir və mübadilədə iştirak edən şəxslərin müəyyən ehtiyacı ödənilir.

Digər əmtəələr,xidmət və pulların mübadilə prosesinin ən geniş yayılmış və ümumi forması əmtəə və xidmətlərin pula dəyişdirilməsi mübadiləsidir.Əgər əmtəə və xidmətlərin əvəzinə başqa əmtəə və xidmətlər ödənirsə,bu cür mübadiləyə barter mübadiləsi deyilir.Bəzi hallarda işçilər öz iş qüvvəsinin dəyəri müqabilində pul deyil,bu və ya digər əmtəə alırlar.

Bazar iqtisadiyyatı şəraitində heç kəs heç kəsi hər hansı bir əmtəəni almağa və ya satmağa məcbur edə bilməz.Alıcılar çox sayda geniş çeşiddə əmtəə və xidmət seçmək imkanına,satıcılar isə öz əmtəələrini harada,nə vaxt,hansı qiymətə satmaq imkanına-hüququna malikdirlər.

Alıcı ilə satıcı arasında həmişə alqı-satqı prosesi zamanı müəyyən proses-danışıq prosesi baş verir.Əgər danışıq prosesinde həm satıcı həm də alıcı razı qalırsa,onda sövdələşmə baş verir və əmtəələr öz sahiblərini dəyişirlər.

J fMüəssisələr qarşısında qoyulan əsas vəzifə-maksimum mənfəət əldə-etmək cəmiyyətin marağı ilə üst-üstə düşməklə yanaşı,aşağıdakı mühüm prosesləri tənzimləyir və təmin edir:

1) müəssisələrin fəaliyyətinə,yaşamasına imkan yaradır.Belə ki,ixtiyari sahibkarlıq fəaliyyətinin ilk açarı kapitaldır;

2) inkişaf üçün maliyyə mənbəyini təmin edir;

3) firmanın rəhbərliyinin müvəffəqiyyətli fəaliyyəti üçün psixoloji stimuldur;

4) potensial investorların müəssisəyə marağı firmanın fəaliyyətini qiymətləndirmək üçün ən mühüm göstəricidir.

5) istehsal amillərinin səmərəli və düzgün istifadə edilməsini əks etdirməyə xidmət edir.

Aparılan tədqiqatlardan belə nəticə hasil etmək olar ki,sahibkarlıq fəaliyyəti özünəməxsus xüsusiyyətləri ilə iqtisadi fəallığın xüsusi forması kimi qəbul oluna bilər.Sahibkarlıq fəaliyyətini biznesin digər növlərindən fərqləndirən cəhətlər aşağıdakılardır:

1) yenilikçilik-yeni əmtəə istehsalı;mövcud əmtəəyə yeni xüsusiyyətlərin verilməsi;yeni istehsal texnologiyası;yeni texnika;idarəetmə və təşkilin yeni metodları;satışın və satışdan sonrakı xidmətin yeni təşkil formaları ;

2) xüsusi motivasiya;

3) sahibkarlıq fəaliyyətinin xarakterindən doğan xüsusi təşkilatı-struktur cəhətlər.

Sahibkarlıq haqqında qanunda Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini,sahibkarlıq fəaliyyəti subyektlərin hüquqlarını və vəzifələrini,onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını,sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.

Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi ,müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəlmişdir.

Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə,yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri,o cümlədən məhsul istehsalı,satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.

1.Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından,fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası,Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında Konstitusiya Qanunu ,Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Mülkiyyət haqqında”Azərbaycan Respublikasının Qanunu,bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimləyir.

2.Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti,həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir.

3.Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qanunvericilik aktları ilə yanaşı “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri ilə də tənzim edilir.

Azərbaycan Respublikasında yeni iqtisadi sistemə keçid istehsal-kommersiya fəaliyyətinin miqyasına görə sahibkarlığın müxtəlif subyektləri(kiçik,orta,iri,(korporativ) müəssisələr) arasında optimal nisbətin yaradılmasını zəruri edir.

Kiçik və orta sahibkarlığın müəyyən edilməsi ilə bağlı kəmiyyət,keyfiyyət və qarışıq(iqtisadi) yanaşmalar bir-birindən fərqlənir.

Kiçik müəssisələri müəyyən etmək üçün əsas etibarilə kəmiyyət göstəriciləri kimi işçilərin sayı,satışın həcmi,aktivlərin balans dəyəri meyarlarından istifadə olunur.Lakin qeyd etmək lazımdır ki,kiçik sahibkarlığın müəyyən olunmasında bunlar,habelə dövriyyə kapitalının kəmiyyəti,satış bazarlarında sahib olduğu pay kifayət qədər sanballı göstəricilər hesab oluna bilməz.Çünki bunlara əsasən haqqında söhbət gedən hadisəyə tam xarakteristika vermək mümkün deyildir.

Sahibkarlığın “ölçüsünün” müəyyən edilməsinə keyfiyyət meyarlarına əsasən yanaşmada aşağıdakılardan istifadə edilir: istehsal olunan məhsulun(texnologiyalar,xidmətlər,nou-hau) az bir hissəsi;məhdud ehtiyatlar və istehsal gücləri;təsərrüfat fəaliyyətinin risk və innovasiya,peşəkar və çevik idarəetmə,tam iqtisadi məsuliyyət əsasında təşkili.Bu yanaşma qaydasında kiçik müəssisə dedikdə,sözün geniş mənasında onun daim inkişaf edən,dəyişikliklərə tez bir zamanda uyğunlaşa bilən,innovasiyalardan istifadə etmək imkanına malik olan subyekt nəzərdə tutulur.

İqtisadi yanaşma firmaya satılan əmtəələrin qiymətləri və həcminə əhəmiyyətli dərəcədə təsir etmək imkanı verməyən və çox da böyük olmayan satış bazarı;hüquqi sərbəstlik(mülkiyyətçi öz biznesinə özü nəzarət edir),biznesin idarə edilməsi və qərarların qəbul olunması prosesində mülkiyyətçinin özünün iştirak etdiyini nəzərdə tutan idarəetmə kimi meyarlara əsaslanır.

Müxtəlif məqsəd və vəzifələrə uyğun olaraq bu yanaşmaların hər hansı hər hansı birindən istifadə olunur.İqtisadi ədəbiyyatda və təcrübədə kiçik sahibkarlıq əsas etibarilə kəmiyyət meyarlarına əsasən müəyyən edilir.

İqtisadi ədəbiyyatda müəssisələrin həcmi adətən üç əsas əlamətlə müəyyən olunur: 1)işçilərin sayı; 2) istehsal olunan məhsulun dəyəri;3) əsas kapitalın(əsas istehsal fondlarının) dəyəri.Azərbaycan Respublikasının müvafiq qanunlarında və digər normativ-hüquqi sənədlərində keyfiyyət əlamətləri,məsələn,mülkiyyətin növündə müəyyən məhdudiyyətlərin qoyulması ilə tamamlanır.Kiçik sahibkarlığın subyektlərinə isə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan nizamnamə kapitalı müəyyən edilmiş normalara uyğun gələn təşkilatlar aiddir.

Iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə kiçik sahibkarlıq çoxsaylı xırda mülkiyyətçilər təbəqəsindən ibarətdir.Bunlar xeyli dərəcədə ölkənin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsini müəyyən edir.Ölkənin daxili bazarının demək olar ki,bütün sahələrini əhatə edən və ona yüksək dərəcədə uyğunlaşan kiçik sahibkarlıq iqtisadiyyatın sabit inkişafını təmin edir,ölkədə siyasi mühitin sabitliyinə təsir göstərir.Kiçik sahibkarlıq işgüzar həyatın ən çevik formasıdır.Orta və iri biznes üçün lazım olan ideyaların əsas hissəsi məhz iqtisadiyyatın bu bölməsində yaradılır və deməli,iri istehsal kiçik sahibkarlığın imkanları ilə tamamlanır.Əmtəə və xidmətlərin həm istehsalsalçısı,həm də istehlakçısı olan kiçik müəssisələr bazarın dəyişən konyekturasına çox həssas və vaxtında reaksiya vermək imkanına malikdir.

Digər tərəfdən ,kiçik sahibkarlıq öz fəaliyyətində xeyli dərəcədə daxili iqtisadi konyekturadan asılıdır.Odur ki,müvafiq tənzimləmə yolu ilə iri və kiçik müəssisələrin obyektiv imkanlarındakı fərqlərin “ bərabərləşdirilməsi”-nin zəruriliyi meydana çıxır.Kiçik müəssisələr bazarlar uğrunda öz ölkəsində olan müəssisələr və xarici kapitalla rəqabət mübarizəsi aparmaq məcburiyyətindədir.Bu,kiçik müəssisələrin dövlət tərəfindən müdafiə olunmasını zəruri edir.Başqa sözlə,dövlət ölkədə sabitliyin təminatçısı olan kiçik sahibkarlığı müdafiə etməkdə maraqlıdır.

Bazar iqtisadiyyatına keçid şəraitində cəmiyyətin yeniləşməsində oynadığı rola görə kiçik sahibkarlığın xüsusi müdafiəyə ehtiyacı vardır.Ölkəmizdə münasibətlərinin formalaşdığı müasir dövrdə kiçik sahibkarlıq bölməsinin yaradılması və inkişaf etdirilməsi cəmiyyətin sosial və iqtisadi yeniləşməsində çox mühüm rol oynaya bilər.Dövlət kiçik sahibkarlığı müdafiə etməklə orta sinfin formalaşması üçün imkan əldə etmiş olur.Bundan başqa,kiçik biznesin fəaliyyət dairəsinin geniş olması büdcə vəsaitinin tamamlanmasının səmərəli formasıdır.

Bununla yanaşı,qeyd etmək lazımdır ki,iqtisadiyyatın yenidən qurulmasının labüdlüyü obyektiv olaraq ona doğru aparır ki,ölkə vətəndaşlarının çox böyük hissəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olur.Belə şəraitdə dövlətin kiçik sahibkarlığı ağıllı və məqsədyönlü surətdə müdafiə etməsi labüddür.Çünki bunlar yenin iş yerlərinin yaradılmasına,işsizlik səviyyəsinin aşağı düşməsinə,sosial gərginliyin aradan qaldırılmasına səbəb olur.

Bütün bunlar nəzərə alınmaqla,ölkəmizdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə çox böyük diqqət yetirilir.Bu məqsədlə iki dəfə 1997-2000-ci və 2002-2005-ci illərəi əhatə edən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının dövlət proqramı” qəbul edilmişdir.Hər iki proqramda nəzərdə tutulan vəzifələr demək olar ki,yerinə yetirilmişdir.Bununla da ölkəmizdə kiçik və orta sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş,sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdur.Kiçik və orta sahibkarlığa təhsil,informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənmiş və onların fəaliyyəti güclənmişdir.Kiçik və orta sahibkarlığa maliyyə köməyi mexanizmlərinin formalaşması,sahibkarlar üçün vergi yükünün azaldılması,vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır.Sahibkarların hüquqlarının,qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması,sahibkarlar üçün vergi yükünün azaldılması,vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır.Sahibkarların hüquqlarının,qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdür.Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə “nəzarət kitabçası”nın tətbiqinə başlanmışdır.



Sahibkarlıq fəaliyyətinin əsas növləri aşağıdakılardır:

-istehsal sahibkarlığı;

-kommersiya sahibkarlığı ;

-maliyyə sahibkarlığı.

Bunlardan başqa son on ildə iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrində sahibkarlığın müstəqil sahələri – innovasiya sahibkarlığı və məsləhətçi sahibkarlığı da inkişaf etməkdədir.

İstehsal sahibkarlığı sahibkarlığın aparıcı sahəsidir.Bu sahədə məhsullar və əmtəələr istehsal edilir,işlər görülür,müxtəlif maddi dəyərlər yaradılır.Ölkəmizdə məhz bu fəaliyyət sferası bazar iqtisadiyyatına keçid zamanı ən mənfi dəyişikliklərə məruz qalmışdır: təsərrüfat əlaqələri dağılmış, maddi –texniki təminatı pozulmuş,məhsul satışı kəskin azalmış, müəssisələrin maliyyə vəziyyəti pisləşmişdir.İstehsal sahibkarlıq fəaliyyəti çox geniş və mürəkkəbdir.


Obyektinə görə istehsal sahibkarlığının iki növü mövcuddur:

1) əsas ;

2) köməkçi.

Nəticəsi istehlaka hazır məhsulun istehsalı olan sahibkarlıq fəaliyyəti əsas istehsal sahibkarlığına aid edilir.Məhsulun keyfiyyət göstəricilərinin yüksəlməsinə imkan verən yeniliklərin istehsalçılara çatdırılması ilə bağlı olan sahibkarlıq fəaliyyəti köməkçi sahibkarlığa aid edilir.

Kommersiya sahibkarlığı Azərbaycanda keçid dövründə ən çox inkişaf edən sahədir.Kommersiya sahibkarlığı alış və satış üzrə sövdələşmələr və əməliyyatlarla xarakterizə olunur.Kommersiya sahəsində çoxlu bacarıqlı sahibkar əmələ gəlmiş,xüsusi və fərdi sahibkarlıq daha çox inkişaf etmişdir.Hal-hazırda istehsal fəaliyyətində müəssisənin rentabelliyi 10-12% təmin olunursa,kommersiya fəaliyyətində rentabellik 20-30% və daha çox təmin edilir.

Kommersiya işləri ilə məşğul olmazdan əvvəl bazarın marketinq təhlilini yerinə yetirmək lazımdır. Əgər bazarın ilkin təhlili və proqnozlar kommersiya işlərinin həyata keçirilməsinin əhəmiyyətli olmasına ümid verirsə,sahibkar biznes-plan hazırlamalıdır.Biznes-planda kommersiya işlərinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı,tələb olunan xərclər və gözlənilən nəticələr əks olunmalıdır.

Sahibkarlıq fəaliyyətinin xüsusi növü maliyyə sahibkarlığıdır.Bu fəaliyyətin əsas sferası dəyərlərin tədavülü və mübadiləsidir.Maliyyə fəaliyyəti istər istehsal,istərsə də kommersiya sahibkarlığının bütün növlərinə daxil olmaqla yanaşı müstəqil bank işlərində, sığorta işlərində və başqa yerlərdə həyata keçirilir.

Maliyyə sövdələşmələri adətən istehsal və kommersiya sahibkarlığında olduğundan az rentabellidir(5-10%).son illərdə respublikamızda məsləhətçi sahibkarlıq da inkişaf etməyə başlamışdır.

Bazar iqtisadiyyatı üçün maliyyə sahibkarlığı iqtisadi orqanizmin “ əsəb mərkəzi “ rolunu oynayır.Müasir maliyyə sahibkarlığı sistemi çox mürəkkəb bir quruluşa malikdir.Maliyyə sahibkarlığı sisteminin iştirakçıları-maliyyə vasitəçələri müxtəlif maliyyə vəsaitlərinə arxalanaraq, iqtisadi problemlərin idarə edilməsi və ona xidmət göstərilməsi üzrə müxtəlif funksiyaları yerinə yrtirirlər.Maliyyə sahibkarlığı fəaliyyətində alıcılar və satıcılar iştirak edirlər: onlar xüsusi əmtəə olan pulu alıb satırlar.Təsərrüfat subyektləri pulu artırmaq üçün onu ehtiyacı olan subyektlərə müəyyən şərtlərlə müəyyən müddətə istifadə üçün verirlər.

Maliyyə əməliyyatlarına hansı nöqteyi-nəzərdən yanaşılmasından asılı olaraq maliyyə bazarının təsnifatının bir neçə üsulu tətbiq edilir.Qaytarılmaq prinsipi üzrə fəaliyyət göstərən maliyyə bazarının aşağıdakı növləri var:

a) borc öhdəlikləri bazarı (istiqraz)

b) mülkiyyət bazarı.

Borc öhdəlikləri bazarında pul müəyyən müddətə borc verilir.Mülkiyyət bazarında isə qoyulmuş pula görə gəlir əldə etmək hüququ alınıb satılır.Bütün hallarda əməliyyatlar müəyyən sənədlərdə rəsmiləşdirilir.Adətən həmin sənədlər qiymətli kağızlar adlanır.

Qiymətli kağızların hərəkət xarakterinə görə maliyyə bazarı ilikn və ikinci bazara bölünür.İlkin bazarda yeni buraxılan qiymətli kağızlar satılır və alınır.İkinci bazarda isə əvvəllər buraxılmış qiymətli kağızlar dövr edir.



2. Sahibkar birlikləri

Firmanın hüquqi mövqeyi öz məmləkətinin ticarət və mülki qanunları ilə müəyyən edilir. Bu da hökmən qeydiyyatdan keçir və “ hüquqi şəxs” statusu alır. Xarici kontragentlə saziş bağlayarkən onun statusu və iqtisadi – təsərrüfat hüquqları öyrənilməlidir. Bütün firmalar hüquqi mövqeyinə görə 2 qrupa ayrılır:



  • təkbaşına idarə olunan firma ( buraya bir nəfərin və yaxud bir ailənin mülkiyyəti daxildir);

  • sahibkarlıq birliyi firması ( bu növ birlik iki və daha çox sahibkardan ibarətdir. Birliyin təşkil olunmasında məqsəd , əvvəla, sahibkarların kapitalını təmərküzləşdirməkdən, ikincisi isə firmanın işinin aparılmasında onların hər birinin iştirakını təmin etməkdən ibarətdir).

Sahibkarlar birliyi firması aşağıdakı növlərə ayrılır:

  • Tam şəriklik əsasında yaradılan firmalar. Bu növ firmalar əsasən geniş yayılmışdır. Kooperativ formasında yaradılır. Əsasən kiçik və orta müəssisələr şəklində iki və daha çox iştirakçıdan ibarətdir.

  • Kommandit yoldaşlığı şərikliyi. Bu da iki, yaxud bir neçə sahibkarı birləşdirir. Bunlardan bir neçəsi şirkətin işinə məsuliyyət daşıyır, qalanları isə ancaq öz “ payı” ilə iştirak edir. Kommanditin bir forması kimi “ məhdud məsuliyyətlilik cəmiyyəti” də olur. Onun iştirakçıları kimi, əsasən yaxın və yaxud qohum adamlar nəzərdə tutulur.

  • Səhmdar birliyi. Təşkilati baxımdan onların bəzi fərqləri vardır. Məsələn,ABŞ- da birliyin ( yoldaşlığın) iki növü olur : yoldaşlıq və korporasiya.

İngiltərədə də birliyin iki növü vardır: “ Məhdud məsuliyyətlilik birliyi”, “ Qeyri- məhdud məsuliyyətlilik birliyi”.

Mülkiyyət xarakterinə görə firmalar aşağıdakılardan ibarətdir:

- Xüsusi firmalar. Bunlar da müstəqil fəaliyyət göstərir , ya da inhisar birliklərinin tərkibinə daxil olurlar. Inhisar birliklərin məqsəd və təsərrüfat münasibətlərinin xarakterinə görə təcrübədə müxtəlif adlar daşıyır. Məsələn, kartel, sindikat, trest, konsern, xoldinq, maliyyə qrupu və s. bunların xarakterik cəhətlərinə nəzər yetirək:

a) Kartel- bir sahənin firmalarını birləşdirir. Firmalar birgə ticarət siyasəti aparırlar. Məsələn, satışın tənzimi. Kartelin təsərrüfat – maliyyə hüquqları genişdir.

b) Sindikat kartel tipli saziş formalarından biri. Özünün, yəni sindikatın iştirakçılarının ( firmalarının ) məhsullarını vahid satış orqanı vasitəsilə həyata keçirir.

c) Trest- əvvəllər müxtəlif sahibkarlara mənsub olan müəssisələr birləşib iri inhisar birliyi yaradırlar. İri istehsal kompleksi təşkil etməklə trestə daxil olan müəssisələr birbaşa əsas şirkətə tabe etdirilir.

d) Konsern- müstəqil müəssisələr birliyidir. Burada müəssisələr iştiraketmə, patent – lisenziya sazişləri, maliyyələşdirmə və bu kimi sıx istehsal münasibətləri ilə bağlıdırlar.

e) Xoldinq – son vaxtlar geniş yayılmışdır. Özləri istehsal ( ticarət) fəaliyyəti ilə məşğul olmurlar. Ancaq ona daxil olan müəssisələrin ( firmaların) fəaliyyətinə nəzarət edirlər.

ə) Maliyyə qrupu – hüquqi və təsərrüfat müstəqilliyi olan bir neçə sahə müəssisələrini birləşdirir. Məsələn, sənaye- maliyyə; ticarət- maliyyə; nəqliyyat- maliyyə.

4. Kapital və nəzarət mənsubiyyətinə görə firmalar aşağıdakı kimi fərqləndirilir:

- milli firmalar;

- xarici firmalar;

- qarışıq firmalar.

5. Fəaliyyət dairəsinə görə firmalar milli, beynəlxalq firmalara ayrılır. Belə firmaların istehsal və ticarət fəaliyyəti bütün xarici ölkələrə yayıla bilər. Öz kapitalına və nəzarət olunmasına görə bu növ firmalar milli olurlar. Onların xaricdəki şəbəkəsi, xüsusən “ qız” müəssisəsi həm istehsal edir, ticarət işi ilə məşğul olur, həm də “ana” müəssisəni xammal və s. materiallarla təchiz edir. “ Qız “ müəssisəsi ( firmaları) hüquqi şəxs olurlar.

Sahibkarlıq ittifaqı ayrı - ayrı qrup biznesmenlərin birliyidir. Sahibkarlıq ittifaqı firmalardan onunla fərqlənir ki, onların məqsədləri bilavasitə mənfəət götürmək deyil, hökumət orqanlarında həmin ittifaqa daxil olan iş adamı qruplarının maraqlarını təmsil etmək və ixracatın genişləndirilməsində xüsusi sahibkarlara yardım göstərməkdir. Bundan əlavə, ittifaqın rəsmi məqsədi müəyyən ümumsahə dairələri fəaliyyətlərini işləyib hazırlamaq və razılaşdırmaqdır( məsələn, məhsulun standartlaşdırlması, məsləhət xidmətlərinin təşkili, kadr hazırlığı, sahəvi statistikanın aparılması və s.)

Sahibkarlar ittifaqı assosiasiyalar, federasiyalar, sovetlər və bu kimi s. formalarda yaradılır. Formal cəhətdən bazara və qiymətlərə təsiretmə məqsədi güdmürlər. Lakin təcrübədə onlar kartel funksiyalarını yerinə yetirirlər, bəzi hallarda isə nəinki təsir sferasını diktə etməklə, yaxud bölüşdürməklə, hətta ittifaqın iştirakçılarına kvotalar qoymaqla onların istehsal və ticarət məsələlərinə müdaxilə edirlər.

Yuxarıda qeyd edildiyi kimi, sahibkarlar birliyinin çoxu beynəlxalq ticarət əməliyyatları keçirmirlər və deməli, xarici bazarlarda kontragent sifətində çıxış etmirlər, bəzi dünya regionlarından, o cümlədən Skandinaviya ölkələrindən, Zaqafqaziyadan və bu digər ölkələrdən başqa. Fəqət, bu qəbildən onlar bir neçə ölkənin sahəvi sahibkarlar ittifaqı, o cümlədən Finlandiyanın, Fransanın, Kanadanın müvafiq ittifaqları inhisar vəziyyətində olduqları məhsullar üzrə geniş miqyaslı ixracatçı kimi kontragent sifətində də fəaliyyətdə bulunurlar. Buraya meşə materialları ixracatçısı Finlandiyanı aid etmək olar. Bunlardan “ Kağız və karton istehsal edən Finlandiya fabrikləri ittifaqı” nı , Finlandiya “ Meşə taxta – şalban zavodları sahibkarlar ittifaqı” nı, “ İsveçrə kağız fabrikləri birliyi” ni və s. göstərmək olar.

Dövlət orqanları ( nazirliklər, idarələr) və təşkilatları dünya bazarında çıxış edən kontragentlərin üçüncü kateqoriyasına aid edilirlər. Dövlət firmalarından fərqli olaraq , onlar bir qayda olaraq, ticarət mnəqsədləri güdürlər. Dünya bazarında ticarət əməliyyatlarında ancaq öz ölkəsinin razılığını alan dövlər orqanları və təşkilatları iştirak edə bilərlər. Xarici bazara çıxış hüququ olan ən çox dövlət təşkilatları inkişaf etmiş ölkələrdədir. Məsələn, Argentinada taxıl- Taxıl Milli Komitəsi, ət- Ət üzrə Milli Komitə vasitəsilə həyata keçirilir. Həmin ölkənin sosial təminatı və ictimai səhiyyə nazirliyi tibbi dərmanların, alətlərin və avadanlığın 80%- ni öz ölkəsinə idxal edir. Xarici bazarda çıxış edən dövlət orqanlarının xeyli hissəsi Misir Ərəb Respublikasından, Əlcazairdən, Şri- Lankadan və bu kimi s. inkişaf etmiş Şərq ölkələrindəndir.

Qeyd etmək lazımdır ki, xarici ölkələrə çıxış hüququ olan məmləkətlər elmi- texniki, icarə və bu kimi digər ticarət əməliyyatlarında iştirak edirlər.

Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir.Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

-istənilən müəssisələr yaratmaq,onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

-başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

-işçiləri işə qəbul etmək və azad etmək;

-işçilərin əməyinin ödənilməsinin forma və sistemini,onların əmlakının məbləğini gəlirinin digər növlərini müəyyənləşdirmək;

-təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək;

-öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək;

-pul vəsaitinin saxlanılması,hesablaşma,kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

-məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;

-xarici iqtisadi münasibətlərdə iştirak etmək;

-valyuta əmliyyatları aparmaq;

-həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.

Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik,inzibati-hüquq,büdcə,vergi və pul-kredit sistemləri vasitəsi ilə tənzimləyir.

Dövlət maddi-texniki,maliyyə,əmək,informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.

Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq güzəştlər sistemini müəyyənləşdirir

Dövlət sahibkarlığa kömək məqsədilə informasiya məsləhət elm və tədris mərkəzləri,maliyyə fondları yaradır,vergi ödənişlərinin,Azərbaycan Respublikası Milli bankı ssudalarının faizlərin,amortizasıya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.

Sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələrini və funksiyalarını Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi həyata keçirir.

Sahibkarlığa kömək tədbirlərini maliyyələşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.

Çoxsahəli və mürəkkəb iqtisadi proseslərlə səciyyələnən kiçik və orta sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi iqtisadiyyatın çox vacib bu bölməsinin fəaliyyət göstərməsi və sosial-iqtisadi səmərəliliyin yüksəldilməsi üçün əlverişli şərait yaradılmasına yönəldilmişdir.Bununla əlaqədar olaraq əvvəlcə kiçik və orta sahibkarlığın inkişaf meyllərini,sonra isə bu sahədə dövlətin tənzimləmə sistemini nəzərdən keçirmək lazımdır.

Sahibkarlıq istehsalın xüsusi innovasiya formasıdır.O,müəyyən tarixi və sosial-iqtisadi şəraitdə həlledici üstünlüyə malik olur və bütün ictimai təkrar istehsalın dinamik inkişafını təmin edir.Biznesin xüsusi növü olan sahibkarlığın məqsədi ümumiyyətlə mənfəət deyil,əlavə mənfəət,başqa sözlə,sahibkar gəliri əldə etməkdir.


3. Xarici ticarət fəaliyyətində sahibkar birlikləri.
Xarici ticarət fəaliyyətində sahibkar birliklərinin xüsusi rolu vardır. Xarici ticarət əlaqələrinin inkişafında sahibkar birliklərinin fəaliyyəti getdikcə artmaqdadır.

Xarici ticarət sahəsində aparılmış islahatlara baxmayaraq, daha çox sahibkarın xarici ticarətdə iştirakının təşviq olunması üçün ixrac və idxal prosedurlarının daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Sorğunun nəticələri gostərdiyi kimi, mürəkkəb və uzun surən idxal-ixrac prosedurları sahibkarlar üçün problem yaradır. Belə ki, hər hansı bir idxal-ixrac əməliyyatını aparmaq üçün sahibkarlar çoxsaylı sənədlərin toplanmasından və muxtəlif dovlət orqanları ilə əlaqə saxlamaqdan ibarət olan mürəkkəb prosesdən kecmək məcburiyyətində qalırlar. Bundan başqa nəzarət orqanlarında inzibati əngəllər mövcuddur ki, bu da sahibkarların idxal-ixrac əməliyyatlarında üzləşdikləri cətinlikləri daha da murəkkəbləşdirir.

Kiçik və orta sahibkarlıq subyektlərinin xarici ticarətdə iştirakının artırılması həm ixrac həm də idxal nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Belə ki, bu, xammalla muqayisədə emal olunmuş malların ixracını artıra, digər tərəfdən isə, Azərbaycan bazarına daxil olması mümkün olmayan, yaxud da məhdud kəmiyyət və keyfiyyətdə daxil olan malların olkəyə gətirilməsi zamanı meydana çıxan cətinlikləri aradan qaldıra bilər.

Fərdi sahibkarların və kiçik və orta sahibkar birliklərinin əksəriyyəti idxal-ixrac əməliyyatları ilə məşğul olmağı zəruri hesab etmirlər. Onların fikrincə daxili bazarda fəaliyyət gostərməklə onlar idxal-ixrac əməliyyatlarından əldə edəcəyi qədər mənfəət goturə bilərlər. Lakin fərdi sahibkarların və kiçik və orta sahibkar birliklərinin kiçik bir qismi murəkkəb idxal-ixrac və gömrük nəzarəti prosedurlarını xarici ticarət əməliyyatları ilə məşğul olmamaqlarının səbəbi kimi gostərmişdir. İdxal-ixrac prosedurlarının murəkkəbliyinin xarici ticarətlə məşğul olan sahibkarların xərclərini artıran əsas amil olduğunu nəzərə alsaq, bunu əksərsahibkarların xarici ticarətdə iştirak etməyi məqsədəmuvafiq hesab etməmələrinin əsas səbəbi kimi qeyd etmək olar.

Bu vəziyyət xarici ticarət bazarının muəyyən iştirakçılarının əlində cəmləşməsinə dəlalət edir ki, bunun da səbəbi iri firmaların daha çeşidli məhsullara malik olduqlarına görə xarici ticarətlə bağlı xərclərini əvəzləşdirə bilmələridir. Bu, həmcinin yalnız məhdud sayda ixracatçıların (kiçik və orta sahibkar birliklərinin) xarici ticarətin uğurla aparılması üçün zəruri olan inzibati prosedurlar barəsində kifayət qədər məlumatının və zəruri nüfuzlu əlaqələrinin olmasını gostərir.

Bununla belə kiçik və orta sahibkar birliklərinin idxal əməliyyatlarında iştirakı ixraca nisbətən bir qədər çoxdur. Bu əsas etibarı ilə idxal olunan mallara tələbatın çox olması və onun məhdud sayda iri idxalçılar tərəfindən tam odənilə bilməməsi ilə bağlıdır. Lakin kiçik və orta sahibkar birliklərinin idxal əməliyyatlarında iştirak səviyyəsi artsa da, rəsmi statistika gostərdiyi kimi xarici ticarət əsasən iri iştirakçılarla məhdudlaşır.

Bir sahibkarın fikri: “İdxal üçün zəruri sənədlərin duzəldilməsi üçün oturub gömrük orqanlarının nə deyəcəyini gozləmək lazım deyil; onlar onsuz da problem tapacaqlar. Prosesin rahat getməsi üçün siz gərək bütün təşkilatlarla əlaqədə olasınız.”

Sahibkar birlikləri idxal və ya ixrac əməliyyatını aparmaq üçün həddən artıq murəkkəb prosedurlardan kecməli, çoxsaylı sənədləri əldə etməli və muxtəlif dovlət orqanlarına baş cəkməli və ya muraciət etməlidir. Məsələn, xarici ticarət haqqında fərmanın VI fəslinə uyğun olaraq gömrük rəsmiləşdirilməsi (ixrac əməliyyatının rəsmiləşdirilməsi) üçün sahibkar aşağıdakı sənədləri gömrük orqanlarına təqdim etməlidir: (1) hüquqi şəxsin Dovlət Statistika Komitəsi tərəfindən muəyyən edilmiş kodu53; (2) xarici şirkətlə bağlanmış ixrac muqaviləsi; (3) ixrac olunan malların mənşəyini təsdiq edən sənəd; (4) ixrac olunan malların haqqının qabaqcadan odənilməsi və ya akkreditiv açılması barədə muvəkkil bankın sənədi; (5) Qaydalarda nəzərdə tutulduğu hallarda Nazirlər Kabinetinin razılığı və ya İİN-in musbət rəyi; (6) gömrük yük bəyannaməsi; və (7) Azərbaycan Respublikasından Avropa İttifaqı olkələrinə ixrac edilən balıq və digər dəniz məhsullarına keyfiyyət sertifikatı.

Bu prosedurun real cətinliyini təsəvvur etmək üçün nəzərə almaq lazımdır ki, bu sənədlərin hər birini almaq üçün sahibkar digər qurumlara əlavə sənədləri təqdim etməlidir ki, bu da vaxt və xərc tələb edir.

Nəticə

Göründüyü kimi sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatında önəmli yer tutur. Sahibkarlıq fəaliyyətsiz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil. Keçid dövrünü yaşayan ölkələr öz iqtisadiyyatını inkişaf etdirmək üçün ilk növbədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirməli, dövlət ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı üçün stimul yaratmalıdır.

Sahibkarlıq fəaliyyətinin məzmununda isə sahibkarlığın subyekti, obyekti, xarici və daxili mühiti, ona təsir edən amillər və s. aspektlər araşdırılır. Sahibkarlıq fəaliyyəti ilə qanunla qadağan edilməyən hər bir şəxs məşğul ola bilər.Sahibkarlıq fəaliyyətinin obyekti isə əmtəələr istehsalı, onların satışı və ya müxtəlif növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iqtisadi fəaliyyətdir. Sahibkarlığın xarici mühiti sahibkardan asılı olmayan, yəni sahibkarın təsir edə bilmədiyi amillər, daxili mühitə isə sahibkarın bilavasitə nəzarəti altında olan, yəni sahibkarın nəzarət edə bildiyi amillər aiddir.

Sahibkarlığın formalarına gəldikdə isə, sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icaza verilir.Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər. Sahibkarlığı bir necə cəhətlərə görə formalara ayırırlar ki, onlar da ikinci sualda göstərilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs qanunvericilikdə olan sənədləri hazırlayıb hüquqi şəxslər Ədliyyə Nazirliyinə, fiziki şəxslər isə Vergilər Nazirliyinə müraciət etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra, yuxarıda qeyd etdiyimiz aidiyyatı orqanlara müraciət etməlidirlər. Sonra isə təşkilatı fəaliyyətlər həyata keçirib, sahibkarlıq fəaliyyətinə başlamaq olar. Səmərəliyi artırmaq üçün isə üçüncü sualda göstərdiyimiz bəzi fəaliyyətləri həyata keçirmək lazımdır.

Azərbaycana gəldikdə isə, Azərbaycanda sahibkarlıq fəaliyyəti özünün inkişaf mərhələsindədir. Regionların kompleks inkişafını reallaşdırmaq üçün sahibkarlıq fəaliyyətinin inkişafına dövlət köməyi və qayğısı geniş vüsət alır. Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq etmiş “Azərbaycan respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı” tətbiq edilməyə başlamışdır.Bu proqramda qeyd edildiyi kimi Azərbaycan Respublikası sahibkarlarına kömək milli fondu, Kiçik və orta sahibkarlığın inkişafı agentliyi və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdır. Azərbaycanda sahibkarlıq mühitinin formalaşması üçün vacib olan “Sahibkarlıq fəaliyyəti haqqında”, ”Müəssisələr haqqında”, ”Səhmdar cəmiyyətləri haqqında”, ”Haqsız rəqabət haqqında”, ”Əmək birjası haqqında”, ”Lizinq kompaniyaları haqqında” və s. qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdur. Bütün görülən işləri və respublikada sahibkarlığın bu günkü inkişafını nəzərə alaraq, gələcəkdə sahibkarlıq fəaliyyətinin iqtisadiyyatın əsas sahəsinə çevriləcəyinə inanmaq olar.


Ədəbiyyat siyahısı


  1. V.B. Musayev, İ.Z Seyfullayev –“Sahibkarlığın əsasları”(Bakı-2002)

  2. İ.H. İbrahimov, E.R. İbtahimov- “Sahibkarlıq fəaliyyətinin iqtisadi-hüquqi mexanizmi” (Bakı-2004)

  3. Bill Nechels, Susan Mc.Hung, Jim Mc.Hung-“Understanding of business”

  4. Q.N. Manafov- “Sahaibaklıq fəaliyyətinin sosial-iqtisadi aspektləri” (İqtisad Elmləri:Nəzəriyyə və praktika jurnalı 2000/1,2)

  5. E.R İbrahimov- “Sahibkarlığın maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi”(Maliyyə və uçot jurnalı2005/2)

  6. Ə.S, Məmmədov- “Sahibkarlar konfederasiyası ölkənin iqtisadi inkişafına dəstək verməyi əsas vəzifə hesab edir.”(Maliyyə və uçot jurnalı2005/4)

  7. “Sahibkarlıq: İnkişaf davamlı şəkil alır”( İqtisadiyyat qəzeti, 21-27 yanvar 2005)

  8. Albert Tağıyev-“İnnovasiya Sahibkarlığı və biznes prosesi”( İqtisadiyyat qəzeti,25-31 mart 2005)

  9. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa kömək Milli Fondu - “Kiçik və orta Sahibkarlıq subyektləri üçün əyani vəsait” (Bakı-2002)

  10. “Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu”

  11. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının qanunu”

  12. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reystri haqqında qanun”

  13. www.azstat.org , www.sahibkar.biz ,www.economy.gov.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə